Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Atabəy Əbu Bəkr dövründə

Azərbaycan atabəyləri dövlətinin Cahan Pəhləvanın oğlanları arasında bölüşdürlüməsi nəticəsində Naxçıvanın Qızıl Arslanın ölümündən [111 - 112] sonrakı tarixində mühüm dəyişikliklər baş verir. Əgər, istər Cahan Pəhləvanın, istərsə də Qızıl Arslanın zamanında Naxçıvan Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründə olan baş paytaxt statusunu Həmədana vermişdisə, 1191-ci ildə atabəy Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə şəhər yenidən ölkənin əsas idarə mərkəzinə çevrildi. Atasının vaxtında Azərbaycan və Arranın idarəçiliyini həyata keçirən Əbu Bəkr əmisi və atabəyi olan Qızıl Arslanın hakimiyyəti illərində qoşun başçısı təyin edilmişdi. Mənbələrin məlumatına görə, Qızıl Arslanın ölümündən sonra anası Quteybə xatunun təhrikilə o, Azərbaycanda və Arranda hakimiyyətə yiyələnmək üçün Naxçıvana gəlir və Əlincə qalasındakı dövlət xəzinəsinin qoruyucusu analığı Zahidə xatunun köməkliyi ilə bu xəzinəyə sahib olur (104). Naxçıvanda bu dövrdə baş verən hadisələrin maraqlı xəbərçisi olan Sədrəddin əl-Hüseyni Zahidə xatunun, adı bizim üçün naməlum qalan şəhər valisinə müraciətlə dediyi sözləri təqdim edir: "Bu (yəni, Əbu Bəkr, N. V. ) ölkənin sahibidir və sən onun tabeliyindəsən" (105). Əlincə qalası valisinə isə Əbu Bəkri təqdim edərkən: "Bu [adam], qalanın sahibidir" - sözlərini deyən Zahidə xatun valini Əbu Bəkrə itaət andı içməyə məcbur edir (106). Beləliklə, Naxçıvanın və Əlincənin valiləri Əbu Bəkrin ali hakimiyyətini tanıyırlar. Lakin bütün Azərbaycan və Arranın yerli əmirlərini itaətə gətirmək üçün Əbu Bəkr "atlanaraq" əvvəl Gəncəyə gəlir, şəhərin ona tabe olmuş yerli əmirini özünün oradakı müavini təyin edir; sonra isə "bir şəhərdən о birinə gedərək", dövrün mənbələrinin təsdiq etdiyi kimi "bütün Azərbaycanı və Arranı tabe edir" (107). Eldənizlər ailəsində hakimiyyət uğrunda gedən çəkiş-mələr Cahan Pəhləvanın İnanc xatundan olan oğlanları [112 - 113] Qutluq İnanc və Əmir Əmiranın Həmədan və ona qonşu vilayətlərdə hakimiyyəti ələ keçirmələrinə gətirib çıxarır. İnanc xatunun özü isə Reydə qalır. Bu qarışıq dövrdə Naxçıvan yaxınlığındakı Qəhrəm qalasından azad ola bilən III Toğrul Qəzvin yanında Qutluq İnancla apardığı uğurlu döyüşdən (1192) sonra yenidən Həmədana daxil olub, sultan taxtına oturur. Beləliklə, atabəy Əbu Bəkr öz sələflərindən fərqli olaraq hakimiyyətinin əksər illərini Naxçıvanda qalaraq, yalnız Azərbaycana və Arrana hakimlik etməklə kifayətlənməli olur. Lakin bu ərazini saxlamaqda ona asanlıqla başa gəlmir. Xarici (xarəzmşahlar, gürcülər) və daxili (qardaşları, əmirlər) qüvvələrlə tez-tez baş verən, qanlı döyüşlər həddinə çatan toqquşmalar Əbu Bəkrin də öz sələfləri kimi Naxçıvanın, ətrafdakı mövcud qala və 41 istehkamların, о cümlədən, dövlət xəzinəsinin yerləşdirildiyi Əlincə qalasının daha da möhkəmləndirilməsi qayğısına qalması zərurətini meydana çıxarmışdı. Əlincəçayın sağ sahilində, eyniadlı dağın zirvəsində yerləşən bu qədim qalanın qalıqları bu gün də özünün qeyri-adi görünüşü və əzəməti ilə nəzəri cəlb edir. Mənbələr siyasi vəziyyətin qəlizliyi ilə bir qədər də ağırlaşmış bu dövrdə Azərbaycanın hər yerində (Abşeron, Təbriz, Xalxal, Gəncə və b. yerlərdə) olduğu kimi Naxçıvan ərazisində də öz alınmazlığı və xüsusi möhkəmliyi ilə ad çıxarmış daha neçə-neçə qala və qəsrin adını qoruyub saxlamışdır. Arxeoloji qazıntılar kiçik şəhərciyi xatırladan belə qalaların daxilində çoxlu yaşayış və ictimai binaların olduğunu təsdiq edir. Məsələn, arxeoloqlar Şahbuz rayonunda eyniadlı kəndin yaxınlığında yerləşən, müdafiə məqsədilə, həm də gözətçi məntəqəsi kimi istifadə olunan Şapurqalanın daxilində dağılmış tikinti qalıqları aşkar etmişlər [113 - 114] (108). Azərbaycanda "qarışıqlıq (fitnə) və müharibələrin ardı-arasının kəsilmədiyi", buna görə də "şəhərlərinin çoxunun xaraba, kəndlərinin isə yerlə-yeksan" olduğu haqqında məlumat verən məşhur alim və səyyah Yaqut əl-Həməvi də ölkənin "çoxlu qalaları" olduğunu bildirir (109). XII yüzilin ilk illərində bu vaxtatək müxtəlif yollarla Gəncəni və Azərbaycanın digər şəhərlərini ələ keçirməyə çalışan gürcü qoşunları Gəncənin 25 günlük uğursuz mühasirəsindən sonra Naxçıvana doğru hərəkət edirlər. İbn əl-Əsir "599-cu ildə (1202/03) gürcülərin yolüstü "bütöv Azərbaycan kimi, əmir Əbu Bəkr ibn Cahan Pəhləvanın mülkü" olan Dvin (Dəbil) şəhərini ələ keçirib, "talan və viran" etmələri, "əhalisinin çoxunu öldürmələri" məlumatını verir (110). Salnamədən məlum olur ki, Dvini qarət edən gürcülər şəhərdə elə dəhşətli qırğın törədirlər ki, bunlar "haqqında eşidəndə adamın tükləri ürpəşir" (111). Bu ağır məqamda gürcü qoşunlarının ölkənin içərilərinə soxulacaqlarından ehtiyat edən, mənbələrin (Sədrəddin əl-Hüseyni, İbn əl-Əsir, Ravəndi və b.) məlumatından göründüyü kimi, xoşagəlməz fakt da olsa, dövlət işlərindən daha çox əyyaşlıqla məşğul olan Əbu Bəkr Naxçıvanı tərk edərək, analığı Zahidə xatunun idarə etdiyi Təbrizə gəlir (112). Naxçıvana hücum edən gürcülər, görünür, Əbu Bəkri təqib edərək, Təbrizə yetişirlər. Təbriz ətrafındakı yerlər qarət edilsə də, Zahidə xatunla bağlanılmış müqaviləyə görə, gürcülər onlara verilən böyük təzminat müqabilində Təbrizə olan hücumu dayandırırlar; lakin bununla belə onların qarətçi yürüşləri davam edir. Sədrəddin əl-Hüseyni bu barədə yazırdı: "Onların əlləri qənimətlə doldu; о qədər adamı əsir apardılar ki, sayını Allahdan başqa-ona [114 - 115] həmd olsun, heç kəs bilmir. Onlar ölkədəki bütün malqaranı sürüb apardılar. Ölkəni tərk edərkən, yolüstü vilayətlərə hücum törədir, qaladan qalaya, şəhərdən şəhərə [hər yeri] ələ keçirib qarət edirdilər. Beləliklə, onlar qalaların əksəriyyətini tutdular, Naxçıvan və Beyləqanın üzərinə xərac qoydular" (113). Gürcü qoşunlarının hücumları sonrakı il də davam edir. Bu hücumların qarşısını nə yolla olursa-olsun almağa çalışan atabəy Əbu Bəkr, nəhayət, "müsəlman dünyasında kəskin etiraza səbəb olan" qərar qəbul edir: gürcü hökmdarının qızı ilə evlənir (114). Bu izdivacdan sonra "gürcülər talandan, qarətdən və qırğından əl çəkdilər" (115). Bundan sonrakı dövrdə də atabəy və onun ailəsi Naxçıvanda yaşamaqda davam edirdi.


Tarix: 29.01.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 162 Bölmə: Atabəylər hökmdarları
loading...