beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Volf Messinq

Özü qədər adı da müəmmalı səslənən bu adam 20-ci əsrin ən məşhur ekstrasenslərindən biridir. O, Messinqdir. Bir neçə gün əvvəl 110 yaşı tamam olan telepat, hipnozçu Volf Qriqoryeviç Messinq…
O, 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya İmperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağına ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmriylə ieşibota getməlisən”.
Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun Tanrının əmriylə hərəkət etməli olduğunu bildirir. Bu dəfə atasının yox, “Tanrının əmriylə” ruhani məktəbinə gedən Volf bir neçə il sonra onu ieşibota getmək üçün “dilə tutmuş” Tanrı elçisinin kim olduğunu biləndə, təkcə atasına yox, Tanrıya qarşı belə üsyana qalxır. 13 yaşlı Volf bir gün həmin “Tanrı elçisi”nə rast gəlir və bu adamın əslində, atasının onu inandırmaq üçün parayla kirələdiyi tanışı olduğunu anlayır. Mühafizəkar yəhudilərin dillərinə düşmək ağır işdi, imanımı yandıra bilmərəm, hər halda, sonralar Volf Messinq özü belə yazır. Onun “Özüm haqqında” xatirələrində oxuyuruq: «Deməli, atam məni aldatmaq üçün bu yoldan ötəni dilə tutub, bəlkə pul da verib ki, mənimlə “ilahi” rolu oynasın. Deməli, atam - həmişə ədalətli, düzgün hesab etdiyim atam məni aldadıb. Onda mənim gördüyüm, eşitdiyim hər şey yalandır. Bəlkə Tanrı özü də aldadır? Bəlkə, ümumiyyətlə, o yoxdur?...”

Eynşteynin bığından üç tük
Bax, 13 yaşlı Volf bu hisslərin təsiri altında kənddə Fələstindəki yəhudilər üçün yığılan pulları oğurlayıb, aradan çıxır. Qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf eləyir. 13 yaşlı dələduz bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və sadəcə, çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Baş tutur! Volf ilk dəfə anlayır ki, tutulduğu “Ay xəstəliyi” təkcə gecələr durub gəzməklə yekunlaşmırmış, o, həm də hələ sirrini bilmədiyi qeyri-adi qabiliyyətə malikdir.
Yeniyetmənin Berlin, daha doğrusu, it zülmünə yaxın şəhər həyatı başlayır. Günlərin birində yorğunluq və aclıqdan bayılmış Volfu küçədə tapıb həkim Abelin yanına gətirirlər. Abel onda qeyri-adi qabiliyyətin olduğunu başa düşür və gələcək telepat ilk dərslərini alır. Hələlik Berlinin küçələrində…
Alman dilini pis bilmədiyinə görə yanından keçdiyi adamların düşüncələrini dinləməyə çalışırdı. Bir dəfə özgənin fikirlərini düzgün oxuyub-oxumadığını yoxlamaq üçün fikirli dayanan satıcılardan birinə yaxınlaşıb dedi: “Narahat olmayın, qızınız keçini sağa biləcək”. Qadın heyrətlə onun üzünə baxdı. Satıcı kişiyə isə dedi: “Özünüzü üzməyin, qonşunuz sizin borcunuzu qaytaracaq!”
Beləcə, Volf Berlində səyyar ansamblın tərkibinə daxil oldu, öz “psixoloji təcrübələr”ini göstərməyə başladı. Ona impressario təyin etdilər, yavaş-yavaş populyarlıq qazanmağa başladı.
…Birinci Dünya müharibəsi başlayanda Volf Messinqin 15 yaşı vardı. Memuarında yazır ki, bu illərdə Eynşteyn, Ziqmund Freyd ilə görüşür. Məşhur psixiatr 15 yaşlı gənc telepatı özü sınağa çəkir. O, Freydin fikirlərini oxumalı və buna uyğun hərəkət etməliydi: Messinq birinci dəfə Eynşteyndən üzr istəyərək alimin bığlarından maqqaşla üç tük çəkir, sonra skripkanı ona uzadaraq ifa eləməyini istəyir… Freydin fikirləri oxunmuşdu!
…Bu vaxtdan Volf Messinqin Avropaya, Amerikaya, Asiyanın müxtəlif ölkələrinə turneləri başlayır. Dövrünün məşhur adamlarıyla görüşür. Messinq yüzlərlə insanın yığışdığı salonlarda, meydanlarda ağlagəlməz nömrələrlə çıxış edir, fikirləri oxuyur, gizlənmiş əşyaları tapır, sürücünün fikirlərini oxumaqla gözübağlı şəkildə avtomobili idarə edir.
Onun yanına artıq yaxından-uzaqdan müxtəlif problemli, istəkli və niyyətli insanlar gəlməyə başlayır. Telepatın özünün də yazdığına görə, bu illərdə yüzlərlə insana kömək edir, kiminin itmiş əşyasını tapır, kiminə qürbətdəki doğmasından xəbər verir. Düz lənətə gəlmiş müharibəyə qədər…
Fürerin bir nömrəli düşməni

İkinci Dünya Müharibəsinin başlanması ilə Messinqin qara günləri də başlayır. Telepat 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan etdi ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf, təbii ki, “kommunizmin yuvası” SSRİ-dir. Ancaq əgər Almaniya SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq! Bu bəyanat ölkədə bomba kimi partladı, onu bütün qəzetlər çap elədi. Hitler cin atına minərək “yəhudi bayquşunun” həbs edilməsi üçün külli miqdarda mükafat təyin elədi - onu Reyxin və şəxsən özünün 1 N-li düşməni adlandırıb, Messinqi öz əlilə kütlə qarşısında asacağına söz verdi. Bir nömrəli düşmənin başına 200 min marka qiymət qoyuldu, bütün küçələrə, yollar ayrıcına böyüdülmüş şəkli vuruldu, amansız təqib başlandı. Messinq ilk vaxtlar məharətlə iz azdırır, ustalıqla gizlənə bilirdi, amma günlərin bir günü, axır ki, ələ keçdi. Alman zabiti onu tanıdı:
- Sən kimsən? Düzünü de!
- Mən rəssamam.
- Yalan deyirsən, alçaq. Sən Messinqsən! Fürerin və Almaniyanın düşməni!
Messinq etiraz etmək üçün fikrini toplamağa çalışırdı ki, sifətinə çırpılan yumruq altı dişini qıraraq üz-gözünü qana boyadı. O, yarıhuşsuz halda həbsxanaya aparıldı...
Həbsxanada isə parapsixologiya tarixində ən unikal hadisə baş verir: Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini, hipnoz, təlqinetmə qabiliyyətini səfərbər edərək, mühafizəçiləri növbə ilə kameraya çağırır, axırda özü çölə çıxır, kameranın ağzını bağlayır və heç nə olmamış kimi çıxıb gedir…
Stalinlə üz-üzə

Messinq SSRİ-yə gəlir və Sovetlər Birliyi yoldaş Volf Qriqoryeviç Messinqi yoldaş kimi də qarşılayır. Bu gün onun haqqında ən məşhur söyləmələr Stalinlə görüşü və Kremldəki macəralarıdır. Yoldaş Messinq bu barədə özünün yuxarıda adıçəkilən memuarında geninə-boluna yazıb.
Hadisə belə olur ki, Messinq Stalinə başına gələnləri danışandan sonra Stalin deyir: “Yoldaş Messinq, deyin görüm, sizə buraxılış vərəqəsi verməsəm, Kremldən çıxa bilərsinizmi?”
- Buraxılış vərəqəsi? Lütfən, yadigar kimi onu özünüzdə saxlaya bilərsiniz.
- Bəs əgər əlavə olaraq, mühafizə dəstəsinə xəbərdarlıq etsəm, onda necə?
- Buyurun, etiraz etmirəm.
Stalin katibini çağırıb əmr verir ki, on addım arxada getməklə Messinqə nəzarət etsin. Sonra pəncərənin qarşısına tərəf gedib əlavə edir: “Əgər buraxılış vərəqəsi olmadan burdan çıxa bilsəniz, onda bax o ağacın yanında durarsınız”.
Bir neçə dəqiqə sonra Volf Messinq nişan verilmiş ağacın böyrünü kəsdirib durmuşdu. Stalin əlinin işarəsi ilə onu təzədən yanına çağırır, təəccüblə soruşur: “Buraxılış vərəqəsi olmadan siz necə keçib gedə bildiniz?”
- Çox sadə. Mühafizə dəstəsinə təlqin etdim ki, “General gəlir, onu hərbi qaydada salamlayıb yola salın, keçib getsin”.
Kabinetində var-gəl edə-edə xəyala dalmış Stalin, nəhayət, daha bir eksperiment təklif edir: adi əmanət kassalarından birinə yollanıb, heç bir sənəd-filan təqdim etmədən oradan 100 min manat almaq!
Messinq bu tapşırığın da öhdəsindən asanlıqla gəlir: iki nəfər orqan işçisinin şahidliyilə kassir tamamilə ağ vərəq əsasında sayıb ona 100 min manat pul verir. Hipnozdan ayılanda isə tutduğu işdən dəhşətə gələrək yerindəcə infarkt keçirir…
Ümumiyyətlə, Messinq-Stalin münasibətləri barədə çox şeylər danışılır. Deyilənlərə görə, faşist Erik Qanussen Hitlerə, Messinq isə Stalinə məsləhətlər verirmiş…
Kommunistlərin sevimli telepatı

…Onun “qırmızılar”ın arasında həyatının firavan keçdiyini qətiyyən demək olmaz. Necə deyərlər, bir ilanın əlindən qurtulub o birinin əlinə düşmüşdü. Sovetlərdə ona heç vaxt etibar etmədilər. Elə İkinci Dünya Müharibəsinin ilk günlərində “bü müharibə nəylə bitəcək” sualına “mən 4 illik müharibənin sonunda Berlində qırmızı ulduzlu tanklar görürəm” cavabı az qala başına bəla olmuşdu. Axı, onda SSRİ ilə Almaniya dost idi…
Sonrakı illərdə Messinq əsl vətənpərvər Sovet vətəndaşı kimi arxa cəbhədə var gücüylə çalışdı, zəhmətkeşlər qarşısında konsertlər verdi, müharibə gedə-gedə ilk leqal Sovet milyoneri oldu, şəxsi vəsaiti hesabına cəbhəyə iki təyyarə düzəltdirib verdi, nəcib əməlləriylə insanlara yardım etdi, xeyriyyəçiliklə məşğul oldu. Ancaq bütün bunlara baxmayaraq, bu gün onun həyatı və fəaliyyəti barədə düşünəndə bu qeyri-adi bəsirət sahibinin əslində, necə faciəli bir şəxsiyyət olduğunu görməyə bilmirsən. Bu isə bir neçə amillə bağlı idi…
…Messinq bütün fantastik qabiliyyətinə baxmayaraq, özünü sirr haləsinə bürüyüb, müəmma təcəssümü olmaqdan xeyli uzaq, açıq təbiətli adam idi. O istər mütəxəssislər, istər kütlə qarşısında fenomenal qabiliyyətinin sirlərini böyük həvəslə şərh edir, qabiliyyəti olan digər insanlarda da bir işıq ucu görəndə köməyini, məsləhətlərini, insanpərvərliyini əsirgəmirdi. Ruhi qabiliyyəti ilə qeyb aləmindən çıxaraq, pərdə-pərdə şəhadət aləminə yaxınlaşan insanları Messinq xurafat tozundan silkindirməyə çalışır və ən başlıcası: bu qüdrəti insanın rifahı naminə sərf etmək üçün özünün bütün əfsanəvi nüfuz və şöhrətindən istifadə edirdi. Nə vaxt öləcəyini belə əvvəlcədən bilən ekstrasensin memuarında oxuyuruq: “Mənim heç bir qabiliyyətim, səciyyəvi xüsusiyyətim mənə başqa insanlar qarşısında üstünlük vermir. Bunu dərk etmədən əsl ekstrasens olmaq mümkün deyil, çünki bu, fəzilət məsələsidir. Əgər belə qabiliyyəti olan şəxslər öz fitrətini cinayət, şantaj və digər rəzalətli işlərə sərf etsələr, təbiətlərindəki əks proses əvvəl-axır onları fəlakət girdabına yuvarlayacaq”.
Elə buna görə də, Messinq ömrünün axırınadək vaxtilə adam öldürdüyünü sonsuz iztirabla xatırlayırdı. Bu qətl hadisəsi onun uşaqlıq çağının yadigarı olub. Beş-altı yaşlarında onu yaxınlıqdakı şəhərə, nənəsinin yanına yollayıblarmış. Həddən ziyadə dəcəl, ipə-sapa yatmayan uşaq olduğundan, atası bərk-bərk xəbərdarlıq edibmiş ki, əgər şıltaqlıq edib həddini aşsa, vaqon bələdçisi gəlib onu kisəyə salıb, ağzını bağlayacaq. Volfun tapşırıldığı qarıların ağzı söhbətə qızışdığından vaqonun tamburuna qaçan uşaqdan xəbərləri olmur. Bələdçi fənərlə künc-bucağı işıqlandırır və “sən burda neynirsən, dovşan? Dur get vaqona, durma burda” deyib qapının ağzında dayanır. Volf bərk sevindi ki, onu kisəyə salıb ağzını bağlamadılar, elə sevincək halda da düşünür: “Nə kef olardı, bu əmi açarla qapını açıb, vaqondan çölə tullansa!”
Bələdçi səssiz komanda eşidibmiş kimi qapını açıb çölə tullanır və həlak olur…
Zındıq Messinq?

…Bu gün dünyanın məşhur telapatlarından və ektrasenslərindən ən çox onun barəsində müzakirələr aparılır, məhz Messinqin qeyri-adi qabiliyyətləri mübahisə doğurur, əsasən məşhur “Özüm haqqında” memuarının hər məqamı araşdırılmaya məruz qalır. Məsələn, təsəvvür edin ki, indiyə kimi onun barəsində elə yalnız bu yazıda oxuduqlarınızın hamısı birbəbir təftiş olunur və Messinqin öz adı ətrafında sadəcə, bir mif yaratdığı iddia edilir. Ona görə də iyirminci əsrin bu məşhur telepatı və hipnozçusu barədə tam dolğunluğu ilə məlumat almaq üçün Messinqi zındıq hesab edənləri də dinləməkdən imtina etməyək. İnkarçıların bəzi fikriylə tanış olaq.

1. Araşdırmaçı Şenfeld yazır ki, Messinqin memuarı özü yox, 60-cı illərin jurnalist-populyarizatoru “Mixvas” ləqəbli Mixail Vasilyeviç Xvastunov tərəfindən yazılıb. Çünki Messinq tam savadlı deyildi və rus dilində də səlis yaza bilmirdi.
2. Memuarda Volf Messinqin Eynşteynlə, Freydlə Vyanada görüşməyi barədə yazılanlar yalandır. Çünki Vyanada Eynşteynin heç vaxt evi olmayıb və 1913-25-ci illər arasında dahi fizik, ümumiyyətlə, Vyanaya gəlməyib.
3. Almaniya, Polşa və digər ölkələrin mətbuatında Messinqin memuarda iddia etdiyi tarixlərdə (məşhur telepat olmağı, konsertlər təşkil etməyi, turnelərə çıxmağı, axtarışa verilməyi və s.) onun barəsində materiala rast gəlinməyib.
4. Həmçinin, eyni qaydada, nə SSRİ təhlükəsizlik orqanlarının dosyelərində, nə də Kremlin qeydiyyat jurnallarında Volf Qriqoryeviçin barəsində hansısa məlumat, Kremlə gəlişi və çıxışı, yoldaş Stalinlə görüşləri barədə qeydlər yoxdur.
5. Hansısa əmanət bankından pul almağa gəlincə, o dövrün bank mütəxəssisləri, elə indikilər də birmənalı şəkildə bildirirlər ki, bankdan pul almaq üçün qəbzi xəzinədara yox, mühasibə verməlisən. Alınacaq məbləğ böyük olduqda isə instansiyaların sayı artır…
Həmişə tənha Volf…

Qısası, inkarçıların gətirdikləri sübutlardan belə məlum olur ki, bu adam özünü Xlestakov, yaxud Münhauzen yerinə qoymuş fırıldaqçı, uzağı, psixologiyadan da hamıya tanış olan ideomotorika (əzələlərin impulsu ilə fikirləri oxumaq) prosesi ilə izah olunan qabiliyyətə malik olan adi bir telepatdır…
…Şəxsən mənim üçün Messinqin memuarında yazılanların yalan, yoxsa doğru olmasının heç bir əhəmiyyəti yoxdur. Hesab edirəm ki, bu adam neçə illərdi araşdırmaçıların başının bəlasına çevrilə bilibsə, deməli, artıq qeyri-adiliyini sübuta yetirib. Bəlkə də Messinq bizimlə atasının onunla oynadığı “ilahi” oyunun davamını oynayıb? Ona görə də, məni daha çox onun şəxsiyyəti və bir insan kimi faciəli taleyi maraqlandırır. Çünki Messinq nə qədər mehriban, ünsiyyətcil insan olsa da, ömrünün sonuna qədər tənha bir həyat yaşamışdı. Əvvəldən anadan yetim qalan Volfun atası, qardaşları, ümumiyyətlə, bütün yaxın qohum-əqrəbası müharibənin ikinci ilində ölüm düşərgəsi Maydanekdə həlak olmuşdular. SSRİ-də isə eksperimentlərdə ona yardım eləyən Aida Mixaylovna Raportla evlənsə də, övladı olmadı, ardından qadın da vəfat elədi. Beləcə, bütün ömrünü Sovetlərin estrada səhnəsində keçirməyə məcbur olan RSFSR-in əməkdar artisti yoldaş Volf Qriqoryeviç Messinq sonuncu dəfə 1974-cü ildə Moskvadakı “Oktyabr” kinoteatrında çıxış elədi və həmin ilin noyabr ayının 8-də axşam saat 11-də ürəyində keçirilən cərrahiyyə əməliyyatından sağ çıxa bilmədi. Sovet hakimiyyəti dostlarına və həmkarlarına onun qəbrinin üstünü mərifətlə götürmələrinə də icazə vermədi…


Tarix: 08.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1483 Bölmə: Alimlər