Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rza Əfqanlı

Teatr və kino aktyoru.

Həyatı

Romantik aktyor məktəbinin nümayəndəsi, ciddi və xeyirxah, saf qəlbli və sadə həyat tərzli obrazların ifasında ən uğurlu nailiyyətlər qazanan aktyorlardan öndə duranların biri də Azərbaycan Respublikasının xalq artisti Rza Əfqanlıdır. İfa etdiyi əsərin orijinal və ya tərcümə olmasından, xüsusən ona tapşırılmış rolun böyük, ya kiçikliyindən asılı olmayaraq, aktyor həmişə ilk növbədə bitkin və xarakterik səhnə obrazı yaratınağa çalışıb. Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb. Rza Əfqanlı müxtəlif illərdə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (Tavad Orbeliani), "Köhnə dudman" (Bədəl), "Baba yurdunda" (İsgəndərzadə), "Pəri cadu" (Qurban), "Dağılan tifaq" (Nəcəf bəy), Cəfər Cabbarlının "Od gəlini" (Rəbi, Aqşin və Elxan), "Oqtay Eloğlu" (Oqtay), "Sevil" (Balaş və Əbdüləli bəy), "1905-ci ildə" (General-qubernator), "Aydın" (Dövlət bəy), Vilyam Şekspirin "Otello" (Yaqo), "Hamlet" (Horatsio), "Kral Lir" (Edmund), Hüseyn Cavidin "Knyaz" (Anton), "Şeyx Sənan" (Platon və Şeyx Sənan), Aleksandr Suxovo-Kobılinin "Kreçinskinin toyu" (Nelfin), Viktor Hüqonun "Gülən adam" (Lord Devid), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Gavə), Konstantin Trenyovun "Düşmənlər" (Vixor Yarovay), Aleksandr Şirvanzadənin "Namus" (Seyran), Səməd Vurğunun "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad və Xosrov), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn), Mehdi Hüseynin "Nizami" (Nizami), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Paratov), Abdulla Şaiqin "Nüşabə" (İsgəndər), Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" (Rüstəm bəy) əsərlərinin tamaşalarında ifa etdiyi rollar janr əlvanlığı, estetik zənginliyi ilə xarakterikdir. Eyni dövrdə yaşadığı sənətkarlar kimi, Rza Əfqanlının da yaradıcılığında kino rolları ayrıca mərhələdir. O, 1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Rza Əfqanlının rollarında realizmdən şirələnən romantik vüsət, poetik cazibədarlıq vardı. Zəhmli baxışları, sərt və ifadəli sifət cizgiləri ürəyəyatımlı idi, aktyor onları obrazın bədii siqlətinə uyğun tərzdə istiqamətləndirirdi. Janrından asılı olmayaraq, bütün tamaşalarda obrazın fərdi xarakterini, konfliktdə daşıdığı yükü bütövlükdə tamaşanın ali məqsədinin məhvərində təcəssüm etdirirdi. Romantik zəmində formalaşan Rza Əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayırdı və bununla da öz üslübuna yeni səpki təravəti verirdi. Həyat yoldaşı tanınmış teatr rəssamı Bədurə xanım Əfqanlı idi. Aktyor 1938-ci il dekabrın 4- də Azərbaycan respublikasının əməkdar, 1943-cü il iyulun 17-də xalq artisti fəxri adları ilə təltif edilib. 1948-ci ildə "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasındakı Fərhad roluna görə Stalin mükafatına layiq görülüb. Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.
Geyim rəssamı Bədurə Əfqanlının həyat yoldaşıdır.
Aktrisa Ofeliya Aslanın atasıdır.

Filmoqrafiya
Bakılılar (film, 1938)
Kəndlilər (film, 1939)
Yeni horizont (film, 1940)
O olmasın, bu olsun (film, 1956)
Aygün (film, 1960)
İyirmialtılar (film, 1966)
Dağlarda döyüş (film, 1967)
Qanun naminə (film, 1968)
Mən ki gözəl deyildim (film, 1968)
Sevil (film, 1970)
Min birinci söz (film, 1997)


Tarix: 04.02.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 515 Bölmə: Aktyorlar
loading...