beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pyörl-Harbora hücum

Pörl-Harbora hücum, yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu.

Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi.

Əməliyyat yapon vitse-admiralı Tuiti Naqumonun rəhbərliyi altında, 6 aviadaşıyıcı gəmidən qalxan 353 təyyarə vasitəsilə iki ayrı dalğa şəklində həyata keçirilmişdir.

Birinci dalğa 50 bombardmançı, 40 torpedodaşıyan bombardmançı, 54 qırıcı-bombardmançı və 45 qırıcı təyyarənin iştirakı ilə həyata keçirildi. Onlar Havay vaxtı ilə saat 07:48-də hücum haqqında əmr aldılar. Saat 07:55-də qırıcı-bombardmançılar Pörl-Harbordakı Uiler aerodromuna, saat 07:57-də torpedodaşıyan bombardmançılar xətt gəmilərinə, saat 08:00-da qırıcılar aerodromlarda dayanan təyyarələrə, saat 08:05-də isə bombardmançılar xətt gəmilərinə ardıcıl zərbələr endirdilər.

İkinci dalğa 54 göyərtə bombardmançısı, 81 qırıcı-bombardmançı və 36 qırıcı təyyarədən ibarət idi. Onlar saat 08:55-də hücum haqqında əmr aldılar. Hücumda həmçinin bir neçə sualtı qayıq iştirak edirdi.

Hücum nəticəsində 4 xətt gəmisi, 2 eskadra minadaşıyanı ("Kassin" və "Dauns") və "Oqlala" minadüzəni batırılmış, daha 4 xətt gəmisi, 3 kreyser və 1 eskadra minadaşıyanı ciddi zədələnmiş, 188 təyyarə məhv edilmiş, 155 təyyarə müxtəlif dərəcədə zərər görmüşdür. 2402 nəfər (o cümlədən 57 mülki şəxs) həlak olmuş, 1282 nəfər (o cümlədən 35 mülki şəxs) yaralanmışdır. Yaponların itkiləri isə minimal idi – 65 nəfər ölü və yaralı, 29 təyyarə və 4 sualtı gəmi.

Növbəti gün, 8 dekabr 1941-ci il tarixində ABŞ Prezidenti Franklin Delano Ruzvelt ABŞ Konqresi və Senatının birgə iclasında çıxış edərək "tarixə rüsvayçılıq günü kimi düşəcək" 7 dekabr tarixindən Yaponiya və onun Avropadakı müttəfiqləri Almaniya və İtaliyaya müharibə elan edilməsini tələb etdi. Konqresin müvafiq qərarı ilə ABŞ İkinci dünya müharibəsinə qoşuldu.

Hücumda iştirak edən yapon qüvvələri
Hava hücum dəstəsi: "Akaqi", "Soryu", "Dzuykaku", "Kaqa", "Xiryu" və "Sökaku" aviadaşıyıcıları.
Mühafizə dəstəsi (komandanı kontr-admiral Omori Sentaro): "Abukuma" yüngül kreyseri, "Urakadze" və "Xamakadze" eskadra minadaşıyıcıları.
Dayaq dəstəsi (kontr-admiral Mikava Quniti): "Kirisima" və "Xiey" xətti gəmiləri, "Tone" və "Tikuma" ağır kreyserləri.
Qarovul dəstəsi (1-ci dərəcəli kapitan İmaudzuni Kidziro): "İ-19", "İ-21" və "İ-23" sualtı qayıqları.
Miduey adasının zərərsizləşdirməsi üzrə dəstə (1-ci dərəcəli kapitan Konisi Kaname): "Akebono" və "Usio" eskadra minadaşıyıcıları.
1-ci təchizat dəstəsi – "Kanyo Maru", "Sinkoku Maru", "Kökuto Maru", "Akebono Maru", "Kokuyo Maru" tankerləri.
2-ci təchizat dəstəsi – "Toxo Maru", "Toey Maru", "Nippon Maru" tankerləri.


Tarix: 26.02.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: ABŞ tarixi