Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soyuq yuxu
Soyuq yuxu

Qaranlıqdı. Gecəni ürpərdən, qara boşluğun qatran pərdələrini cıraraq əks-səda verən bir zəng səsi eşidilir. Axşamdan başlayan külək bir müddət sanki zəng səsini dinləyir, ani olaraq qanadlarını salıb dayanır, süzür…

Pansionatın binasının beton divarlarını aşan o səs yaxınlıqdakı Cincavat çayının uğultusunu da batırır və bu dəli çayın boz-bulanıq sularına qarışaraq qara bir ilan kimi axıb gedir.

Zəng səsinin ardınca koridorlarda bir qaçışma başlayır. Aşağı mərtəbədən beton döşəməni aramsız döyən taxta ayaqqabı, yalın ayaq səsləri və artaraq uşaq pıçıltılarını udan şkafların qapılarının cırıltıları gəlir.

Gündüzlər zamanı dilim-dilim bölən bu səs on dəqiqəlik bir tənəffüs, ya da qırx dəqiqəlik bir dərs, gecələr isə səssizliyə dəvət, “kameralara!” çağırışıdı. Uşaqların hamısı bu çağırışa boyun əyir. Zəng səsi onlara yaxşı tanışdı, nə məna verdiyini əzbərdən bilirlər. Bir azdan çarpayıların soyuq, dəmir tutacaqlarından yapışıb yataqlarına qalxacaqlar. Sükut içində üzən kameralar qəbiristanlığa dönəcək. Yüzlərlə uşaq ədyallara bürünüb ana nəvazişindən uzaq, qəmli bir yuxuya gedəcək.
Sonra bir quş leysanı başlayacaq. Narahat quşlar uçuşacaq havada. Qaya göyərçinləri, göy qumrular, yaşılbaş sonalar, telli durnalar, qızlarquşular…

Uzaq dağ kəndlərindən qadınlar quş donunda qanad çalaraq gələcəklər. Əvvəl pansionat binasının damına qonacaqlar, sonra pəncərələrin taxtalarına… Qaranlıqda quşlar pəncərələrə çırpılacaq. Kimi tapdığı balaca bir boşluqdan səssizcə bir uşağın yuxusuna girəcək, kimi də ürkək baxışlarıyla səhərə qədər donub qalacaq havada.
Dan yeri ağaranda bir zəng səsiylə uşaqlar təzədən yataqlarından sıçrayıb qalxacaq və quşlar bu səsdən hürkəcəklər. Qarlı dağlara doğru uçub gedəcəklər…

Su kranları bir-bir açılır. Alaqaranlıq koridorlar su səslərini udur. Otaqlardan koridora sızan zəif işıqlar da ayazlı gecənin qolları arasında donub ölür.

Pansionatın binası qaranlıq, kimsəsiz, koridorlar boş, səssiz, dilsiz, divarlar çılpaq, soyuqdu… Müəllim otağında təkəm. Külək ağacları yolmaşdıyaraq pəncərələrdən qəzəblə keçir…

İnsanı bir məngənə kimi sıxan bu soyuq, quru, ölü bənizli solğun divarlar arasında haçan növbətçi qalsam, günün son zəngi ilə birlikdə işıqlar sönər-sönməz qoca bir qadın tutur əllərimdən. Anamdımı, nənəmdimi, seçə bilmirəm. Külək o qadının ətəyini oynadır, ətəyi üzümə toxunur. Bir əlim onun əlindədi, əlimi buraxmır. Arxasınca qaçıram. Gedirik, qaranlığı yara-yara gedirik. O qadın məni illər öncəki divarları əhəng suvaqlı, beş uşaqlı kərpic bir evə aparır. O kərpic evin ən böyük oğlu mənə şeirlər oxuyur, nağıllar danışır. Gözlərimi yumub dinləyirəm və otuz il əvvəlki səsləri eşidirəm. Əvvəl qulaqlarıma qırıq-qırıq sətirlər çatır: kişnəyən qara atlar, şappıldayan qırmanc, qıvrılan, açılan, uzanan yollar, o yolların çatdığı viranə bir karvansara və o karvansaranın divarları, küləyin qarşısında quru yarpaqlar kimi əsən bir adam…
…Sonra illərin o üzündən, zülmət qaranlıqlar içindən gözlərimin önünə nağıl qəhrəmanları sıyrılıb gəlir, hamısını görürəm. Əl uzatsam, toxunacağam. Suyun qabağını kəsən, iriaddımlayan, dağyelləyən, yerdinləyən, yerin yeddinci qatındakı divlər, ağlayan pəri, bəxtsiz şahzadə, qan-irin axan Çatalçeşme, ulu ağaclar, dəli sular, kor quyular, nəhəng saraylar və qanadları göyü örtən Anka (nağıl qəhrəmanlarına işarədi)…

Özümə yer tapmıram. Bilmirəm haradayam. Otuz günəş ili uzunluğunda bir ipin ucuna bağlanıram. O ipin digər ucu əlçatmaz, ünyetməz bir yerə bağlıdı. İllər öncəsinə gedib gələn, böyük bir boşluqda hey yellənən bir kəfkirəm…
Birdən gecələri o kərpic evin otaqlarında dinlənilən şeirlər, nağıllar uzaqlaşır, itir. Mən o evin kiçik otağında lap yalqız qalıram. Sonra səhər açılır. Böyük qardaşım sübhdən atamın əlindən tutub gedir. Gedir. Mən hələ də əlimi buraxmayan qoca qadının əlindən xilas olub onların ardınca qaçıram. Mavi, sınıq-salxaq bir mikroavtobus toz dumanı içində uzaqlaşır.
“Böyük qardaşım getdi! Böyük qardaşım getdi!”, deyə yerə uzanıb ağlayıram.

O qoca qadın: “Gələcək, ağlama!”, deyir, məni ovutmağa çalışır. Ona inanmıram. Anamın atama söylədiyi giley dolu sözlər qulaqlarımda cingildəyir: “Barmaq boyda uşağı qürbətə atıb gəldin.” Atam cavab vermir.

Hər gecə “Böyük qardaşım niyə gəlmədi?”, deyə soruşuram. Qoca qadın həmişə eyni cavabı verir: “Pansionata getdi, məktəb bitsin, gələcək. Sən yat, yat!”

…Və qaz lampası sönür. Qoca qadın bir xəyal kimi çıxıb gedir. Kərpic evin bütün otaqlarında qaranlıq hayula gəzir. Dəli külək dayanmadan uğuldayır, pəncərələri titrədir. Qorxaraq yatağıma girib yorğanı başıma qədər çəkirəm. Az sonra ağacları kökündən çıxardan div dişlərini itiləyib gəlir və yatağıma əyilib şüşələri titrədən səsiylə soruşur: “Kim yatmış, kim oyaq?”

Yatsam, səs verməsəm div məni yeyəcək. Sonra iri bir ağacı kökündən çıxardıb dişlərini qurdalayacaq. Divin dişləri arasından bir-bir qanlı qollarım, qıçlarım töküləcək.

Div dişlərini bir-birinə sürtür. Sanki göy guruldayır və təzədən soruşur: “Kim yatmış, kim oyaq?” Qorxudan titrəyərək cavab verirəm: “Nənə! Hamı yatmış, bir mən oyaq…”

Div donquldanaraq gedir. Mən yorğanın altından başımı çıxardıb gözlərimi tavana dikirəm. Otaqdakı əşyalar əyilib bükülür, qəfildən şəklini dəyişir. Divin dişləri tavandan asılan yabaya dönür. Ocaqdakı son közlər divin qanlı ağzıdı…
“İnsan ətinin iyi gəlir! İnsan ətinin iyi gəlir!”, deyə divin uşaqları üstümə qaçır. Böyük qardaşımı axtarıram. Döşəyimin sağ yanı boşdu… Əllərimlə yastığı yoxlayıram, boşa çıxır, ürəyim sıxılır. Qaranlıq gecələrdə məni qorxu-hürküdən azad edən o səs yoxdu. Əllərimi o qızıl saçlı qoca qadının əllərindən qurtarıb yavaşca müəllim otağına dönürəm. Birdən hər yan pansionat olur. Bütün təkliklər, qorxular, həsrətlər… Sislər duman içində, uzaq bir qürbətdə buğlanır, buğlanır və otağıma yağır. Ağlayıram. Qaranlığı parçalayan o zəng səsi hələ qulaqlarımdadı. Kameraların işığı sönəndə masaya qoyduğum kitab orda eləcə durur. Kitaba könülsüz baxıb gözlərimi pəncərəyə, uzaq qaranlıqlara dikirəm. Nə o qoca qadın, nə kərpic ev, nə pansionata gedən böyük qardaşım, nə də ağlayaraq tozlu yollarında qaldığım o kənd… heç biri yoxdu. Hamısı tünd bir qaranlıqda, keçmiş zamanda itib-batıb. Kameralardakı uşaqların qardaşlarını düşünürəm. O an bədənim yüz parçaya bölünür və parça-parça uzaq dağ kəndlərinə səpələnirəm. Göydə bulud narahatdı, yerdə ağaclar… Sərt bir külək əsir. Bütöv Ay buludlu gecəni yüngülcə işıqlandırır. Buludlardan sıyrıldığı zaman Təkəldinin (dağ) zirvəsində, dik qayalıqlarda gümüş bir tac kimi parlayır. Buludlar gündüzlər qardan gəlinliyinin ətəklərini düzənliyə sərən Təkəldinin üzünü qara bir duvaq kimi örtüb. Pansionatın şüşələrinə qədər uzanan akasiyanın zərif budaqlarını bir-bir yerə əyən külək pəncərələrdən muğam üstdə inləyən bir tar kimi keçir. Üşüyürəmmi, qorxurammı, bilmirəm. Bədənimdə buz kimi bir əl gəzir. Dişlərim bir-birinə dəyir, ürpənir, titrəyirəm. Akasiyanın budaqları bir qədər aralıdakı kiçik söyüd ağacına doğru qırılanacan əyilir, söykənir və təkrar dikəlir. Bu dəli külək nə vaxt əssə bu akasiya həmişə kiçik söyüd ağacıyla dərdləşir. Bəlkə də tələsirmiş kimi dördnala çapan və uğuldadıqca ağacların incə, nazik budaqlarını şax-şax qoparıb yerə tökən küləkdən şikayət edir, kim bilir…

Eni-uzunu bir neçə addımlıq otaqda gəzişirəm. Dörd bir tərəf beton, bir masa, bir yataqdı… Gecə arşın-arşın uzanır və ona yoldaşlıq edən bir hüzn durmadan böyüyür. Təklik məni dirhəm-dirhəm xırdalayır. Masaya yönəlirəm və yenidən kitabın səhifələrini çevirirəm.

Atasını gözləyən bir uşaq… Kameralardakı uşaqlara bənzəyir. Dirənə-dirənə kəndin yaxınlığındakı yüksək bir təpəyə dırmaşır. O təpə, zirvəsi qarlı, gümüş taclı Təkəldi olmalıdı. Min bir ümidlə o təpəyə çıxan o uşağa qoşuluram. Onunla birlikdə çölnoxudu bitkisindən, otlardan yapışaraq qan-tər içində zirvəyə çatmaq, əlimi müşahidə borusu kimi gözlərimə tutub uzaq üfüqlərə, sislər içindəki gölə, o göldə üzən ağ gəmiyə baxmaq, atama əl eləmək istəyirəm…
Yox, alınmır. Kameralardakı uşaqlar arxamdan çəkir. Kim bilir onlar hansı təpələrə dırmaşır, hansı yaylaqlara gedirlər. Qalxıram. Çöldə ulayan külək ayaz diliylə içimi yalayıb keçir. İçim sızlayır. Birdən qıçlarımın taqəti kəsilir. Təpəyə çıxa bilmirəm. O uşağı kitabın səhifələri arasında qoyub qayıdıram. Gözüm divardakı saata sataşır. Gecə yarısıdı. Dəqiqələr ağır-ağır sonrakı gündən dəm almağa başlayır.

“Şagirdlərə daha bir dəfə baş çəkmək lazımdı”, deyə söylənib ağır, yorğun addımlarla kameralara doğru gedirəm. Üst mərtəbədən, qızlar kamerasından zəng səsi kimi cır bir qadın səsi eşidilir. Koridorlar ana səsinə heç bənzəməyən bu səslə oyanır, sanki diksinir. Nazan xanımın dişlərinin qıcırtısı belə eşidilir. Bir div kimi donquldanır. Hirslənir, əvvəl bir uşağın sifətinə şillə vurur, sonra səsi boş koridorlarda əks-səda verir: “Sus! Zırıldama! Gecənin bu vaxtı ananı haradan alım? İndi yatağa get! Bir daha gözümə görünmə! Burda bircə qoyun iyi, gübrə iyi çatmır! Təbii, yata bilməzsən!”…

Uşaq bəlkə də nəyisə izah etməyə çalışır. Nazan xanım bir neçə saniyə susub yenidən qışqırır: “Kəəəs! Otağına! Tez!”
Nədənsə Nazan xanımla məni eyni günə salırlar, həmişə birlikdə keşik çəkirik, gecə o, qızların mərtəbəsində qalır, mən də oğlanların. Səbəbini bilmirəm, uşaqlar hələ başını yastığa qoymamış Nazan xanım özünü yatağa atır, yuxu bir qarabasma kimi gözlərinə çökür və işıqlar sönər-sönməz yuxuya gedir. Aydın eşidilən bir uşaq ağlaması yuxusunu qaçırır. Hiddətli, hirsli, qızğındı… Azğın sular kimi guruldayır, köpürür. Uşaqlar bu selin qarşısına çıxmamağı öyrənənə qədər bir neçə dəfə sulara qərq olurlar.

Nazan xanım sanki mənə də qışqırır, bir müddət eləcə donub qalıram. Səslər kəsilincə yenidən addımlayıram. Boş, səssiz koridorda əks-səda verən ayaq səslərim şam işığındakı əşyaların kölgəsi kimi uzanır, böyüyür. “Tak… tak…” ayaq səslərim qaranlıqda çoxalır. Məni vahimə basır, sanki arxamca divlər gəlir. Və birdən dönüb arxama baxıram. Kimsə yoxdu. Qorxum dağılır, düşüncəm dəyişir və daha diri, daha sərt addımlarla irəlləyirəm. O an sanki həbsxanadayam, bir həbsxana gözətçisiyəm…

Bu məktəb, bu pansionat, bu çılpaq, soyuq divarlar və üzünü turşutmuş həbsxana gözətçiləri… Kim bilir, bəlkə də bura yarı azad bir cəza evidi, uşaqlar da məhkumlardı. Səhər erkəndən qulaqlarda mişar kimi işləyən bir zəng səsiylə qaçan yuxular və bir zəng səsiylə başlayan həbs həyatı…

Zəng səsi… Yataqlardan qalxın! Qaç! Əlini-üzünü yu, əyin-başını geyin, beş-beş düzlən, yemək salonuna keç! Çürük zeytun, köhnə pendir, metal stəkanda soyumuş çay və irəliki gündən qalma quru çörəklər… Sonra daha bir zəng səsi… Kitabını, dəftərini götür, beş-beş düzlən! İki ildir tamamlanmayan asma körpünün döşəli əyri, çürük taxtalarına qorxuyla baxa-baxa keç və sıranı pozmadan beş yüz metr aralıdakı məktəbə get!

Zəng səsi… Qırx dəqiqəlik bir hücrə həbsi: üçbucaq, kvadrat, düzbucaqlı, sahə, perimetr, hündürlük… Kədəri böl, hüznü vur, həsrəti topla, qürbəti çıx…

Zəng səsi… Beş dəqiqəlik azadlıq. Lakin azadlıq adına getdiyin hər yerdə: koridorlarda, pillələrdə, bağçada… əli dəyənəkli gözətçilərin qışqırıqları eşidilir: “Burada gözləmə!” “Qaçma!” “Danışma!” “Aşağıya en!” Aşağı enər-enməz daha bir zəng səsi, həyət gözətçilərinin bağırtıları: “Zəng çalındı!” “Oturma!” “Yellənmə!” “Danışma!” “Yuxarı çıx!” “Sinfə keç!”
Və beş günlük bir təlimdən sonra açıq görüş günləri… Səhər erkəndən pansionatın bağçasına doluşan adamlar, qadınlar və beçə verən arılar kimi uzaq dağ kəndlərindən gələnləri gözləri yuxulu dövrəyə alan oğlanlar, qızlar… Yolu bağlı kəndlərdən görüşə gələ bilməyən ana-ataların divar dibində çökmüş boynu bükük uşaqları…

Gedirəm. Nazan xanımın dağıtdığı düşüncələrimi heç cür qaytara bilmirəm. Nədənsə olduğum məkandan kilometrlərlə uzağa düşürəm. Bəlkə bir azdan məhkumlar bu koridorlarda nəfəsliklərdən əllərini, başlarını uzadacaq, nəfəsliklərin qapağını barmaqlıqlara vuraraq qışqıracaqlar, bir üsyan başlayacaq və səslər bir-birinə qarışacaq: “Analarımızı istəyirik!” “Burada oxumaq istəmirik!”

101 nömrəli kameranın ağzında dayanıram. Bütün işıqlar sönüb. Upuzun koridorun ortasında yalnız bir lampa yanır. Koridoru yaxşıca işıqlandıra bilməyən lampanın zəif işığında kameraya daxil oluram. Qapının ağzındakı çarpayılardan biri boşdu! Gözlərim böyüyür, zehnimdə bir-birinin ardınca min bir fikir dolanır. Bu soyuqda?.. Fərarilikmi?.. Ola bilməz, hələ çox balacadılar. Amma…

Əlimin yardımı ilə irəliləyir, çarpayılarda yatan uşaq məhkumları bir-bir yoxlayıram. Bir az aralıdakı çarpayıda, bir yastıqda əlim iki uşaq başına dəyir. Kiçik bir uşaq özündən bir-iki yaş böyük bir uşağın qoynuna sığınmış, yatır. Gülümsəyirəm. Bir anda bütün qorxuları yelə verir, özümdən qovuram. Çarpayısından fərarilik edən bu uşaq bir əliylə yatağına sığındığı uşağın əlindən tutmuşdu. İşıqlar sönəndə qorxur, bilirəm. Yataqda büzüşüb digər uşağa sığınması onun məktəbə hələ təzəcə gəldiyini anladır. “Qoy yatsın!”, deyirəm öz-özümə, “bəlkə böyük qardaşı üçün darıxıb…”
Növbəti kamera… Külək şüşələrdə ulayır… Qanad səsləri… Narahat quşlar pərvaz etməkdə. Bəlkə mən içəri girəndə hürküb havalanacaqlar. Bu kamerada, ikinci qatdakı çarpayıda bir uşaq yatağından əməlli-başlı sallanıb… Adım kimi tanıyıram. Bu uşaq indi yamyaşıl, bənövşəyi çiçəkli bir yaylaqda uçur. Hər yanı çayır, çəmən, çiçəkdi… Yanağında məsum bir təbəssüm var. Hərdənbir arxasına baxaraq qaçır. Onu qovan digər uşaqlar ona yetişə bilmirlər… Birdən üzü gərilir, arxasınca gələn uşaqlar onu tutacaq. O, indi dərə ilə şırıl-şırıl axan çayın qarşıdakı sahilinə keçəcək. Gülür, daha sürətli qaçmağa başlayır, yataqda vurnuxur, indi atlanacaq.

Gözlərimi yumub bu uşağın xülyalarına qapılıram. Qaçaraq dərə yatağına yaxınlaşıb onun əvəzinə qarşı sahilə atlanıram. Bədənim bir quş kimi yüngüldü, uçuram, ayaqlarım boşluqdadı. Yüksəklikdə başım fırlanır, yerə enmək istəyir, enə bilmirəm. Böyür-başımda çayır quşları, qaranquşlar, kəpənəklər… Birdən bütün ağırlığımla yerə düşürəm. Düşdüyüm yer o dərənin sahilindəki yamyaşıl çəmənlik deyil. Sərt, soyuq bir məkandı. O saat xülyalarım çəkilir. Yuxulu gözlərimi böyük bir qaranlıqda açıram. Sarı, qırmızı çiçəklər, yaşıl əkinlər, bənövşəyi sümbüllər, qaranquşlar, kəpənəklər yoxdu. Az əvvəl göydə yanan günəş də… Gicgahımdan ilıq-ilıq qan sızmağa başlayır. Əllərimi alnıma aparıram, əllərim qana boyanır.
İkinci qat çarpayıdan düşmüş kimi gicgahım ağrıyır, sızlayır, döyünür… Uşağın çarpayıdan sallanan başını yavaşca yastığına qoyuram.

Koridorun sağındakı son kamera… Hıçqırıqlarla boğulan bir uşaq səsi… “Ana! Anaa!”

Tez qapının ağzına qaçıram, gözləyirəm. Koridorda küləyin o qorxulu səsindən və hərdənbir kameradan gələn bu səsdən başqa heç bir səs yoxdu. Uşaq təkrar inləyir: “Anaa! Anaa!”

Akasiyanın yarı çılpaq budaqlarının kölgəsi qarşıdakı divara düşür. Divardakı kölgələr birdən bir qadın silueti olur. Qadının arxasında da kiçik bir uşaq görünür. Qadının çiynində bir dəryaz var, dəryazın ucunda azuqə torbası… Qadın bir əliylə çiyninə atdığı dəryazı tutub, digər əlində bir səhəng var. Akasiya əyildikcə kölgələr divarda titrəyir. Qadın gedir, arxasına baxmadan gedir. Bu qadın, bu kamerada ağlayan uşağın anasıdı. Uşaq anasının arxasınca qaçıb qışqırır. Qadın eşitmir. Akasiyanın budaqları titrədikcə onların arasından kiçik təpələri aşırmış kimi əvvəl itib sonra yenidən görünür. Külək uğuldadıqca kiçik budaq əyilir, uşaq büdrəyib yerə yıxılır, sonra qalxıb təkrar anasının ardınca qaçır. Kiçik addımlarıyla ona çata bilmir. Anasının arxasınca ağlayaraq qışqırır: “Anaa! Anaa!” Bəlkə də divarda bu uşağın xəyalını görürəm.

Ayaqlarımın ucunda içəri girirəm, səsin gəldiyi tərəfə yaxınlaşıram. Bir uşaq üzüüstə yastığa qapanıb. Çiynindən tutub yavaşca çevirirəm. Yatmayıb, qorxuyla yataqdan qalxır. Sonra hıçqıraraq ağlamağa başlayır. Səsimi qısaraq astadan soruşuram: “Niyə yatmırsan, oğlum?”

Ağlayaraq cavab verir: “Annaaa! A-naa! Anamı…”

“Yaxşı, yaxşı! Ağlama, sakit ol! Yoldaşlarını oyadarsan. Madam yata bilmirsən, qalx görüm, gödəkçəni geyin, haydı, başmaqlarını da tax, mənimlə gəl!”

Bu uşaqla digər kameraları birlikdə gəzirik, sonra mən qabaqda o arxada müəllim otağına gedirik. Otağa girəndə gözləri işıqdan qıyılır, gözlərimə baxa bilmir, davamlı şəkildə içini çəkib ağlayır. Hıçqırıqdan danışığı boğulur, nə dediyi anlaşılmır. “Ağlama görüm! Ağlama, sakit ol, adın nədi sənin?”

İçini çəkir, kəkələyərək cavab verir: “Uh, uh… Mir Seyid.” “Mir Seyid, hansı kənddən gəlmisən?” “Aşağı Civanlıdan.” “Neçənci sinifdə oxuyursan?” “Üçüncüdə.” “Nazan xanımın sinfindəmi?” “Bəli.” “Bura nə vaxt gəlmisən?” “Dö, dö… dörd gündü.” “Niyə başqa yoldaşların kimi məktəb açılanda gəlmədin? Bax, onlar artıq alışıblar.” “Mən kənddə oxuyurdum.” “Demək, kəndinizdə məktəb var, bəs bura nə üçün gəldin, Mir Seyid?” “Məktəbimiz vardı, ıhıı, ıhıı, ıhııı…”
Ağlamaqdan danışa bilmir, sakitləşdirib bu yuxu fərarisini sorğu-suala çəkirəm: “Ağlama, Mir Seyid! Ağlama! Müəlliminiz yoxdu? Demək, təyinat alıb getdi, müəlliminiz gedincə məktəbiniz də bağlandı.” “Yox, müəllimimiz də vardı. Vardı, ıhıı, ıhıı, ıhhıı…”

Mir Seyid tıxanır, boğulur, kəkələyir, danışa bilmir. Sinəsi enib qalxır, bir stəkan su verirəm, udqunaraq içir. “Ağlama, Mir Seid! Bax, birinci sinifdə oxuyan uşaqlar belə artıq ağlamırlar. Ağlama, haydı anlat görüm, niyə kəndinizdə oxumadın?” “O, o, məktəbimizi yandırdılar! Müəllimimiz öldü! Atam da… Iııhıhıhııı!..” “Kim yandırdı, Mir Seyid? Kim öldür…” “Atamı… Atamı…” “Yaxşı, Mir Seyid, yetər, ağlama!”

Otağa soyuq hava dolur. Bədənim quru budaqlar kimi titrəyir. Külək qulaqlarımda küyüldəyir, fırtına qopur, qasırğaya dönür. Bu an ağaclar yarpaq-yarpaq sovrulur, dağlar daş-daş ovulur. Ulu dağlar, əngin düzənliklər, sərin yaylaqlar, güllə səsləri önümdən keçib gedir. Bütün dərələr qan olub içimə axır. Mir Seyidə tərəf dönürəm: “Mir Seyid, ağlama, haydı, sakit ol artıq! Sən indi yat, yat! Səhər danışarıq, olarmı?” “Xeyr, mən orada yatmayacağam, mən bu məktəbdə oxumayacağam, mən kəndə gedəcəyəm.” “İstəsən burada, bax, mənim yatağımda yat. İşığı da yanılı qoyaram, olarmı?” “Xeyr, mən yatmayacağam, kəndimizə gedəcəyəm.” “Amma indi gecədi, həm də yollar bağlıdı, yollar açılanda səni göndərərəm gedərsən.” “Xeyr, səhər açılanda gedəcəyəm.”

Mir Seyid tez yola gələnə, yıxılıb yatana oxşamır. Tay-tuşlarına baxanda güclü, qüvvətlidi, iri əlləri, ayaqları var, dağ uşağıdı. Onu yatırtmaq üçün aşılmaz, mərhəmətsiz dağlara aparmaq, sarı, bənövşəyi çiçəkli yaylaqlarda başını qatmaq, dik qayalardan, üsyankar dərələrdən keçirib kərpic evli viran kəndlərdə gəzdirmək, yaxşıca yormaq lazımdı…

“Mir Seyid, kəndiniz buradan görünürmü?” “Yox, görünmür, çox uzaqdı…” “Mənim kəndim də çox uzaqdı, Mir Seyid”, öz-özümə deyirəm. “Kəndinizin dağları da görünmür, Mir Seyid?” “Onlar görünür.” “Haydı, gəl! Səninlə üst mərtəbəyə çıxıb pəncərədən baxaq, kəndinizi mənə göstər, görüm ha tərəfdədi” “Yaxşı”.

Dördüncü mərtəbəyə qalxırıq. Sol tərəfdə gövdəsi zülmət qaranlıqda itmiş, qarlı zirvəsi ay işığında parlayan və qaranlığın içində bir buz kütləsi kimi yüksələn Ağrı dağı… Ağrının yan tərəfində ağ saçlarını səmaya doğru uzatmış Zor dağları… Dağların qoynunda tək-tük işıqlar yanır. Küləyin səsinə yaxın kəndlərdən gələn it hürüşləri qarışır. Cincavat çayı bütün səsləri köpüklü sularına qatır, özüynən uzaqlara aparır. Gözlərimi bütün heybətiylə gecənin sinəsini yarıb göyə yüksələn Ağrı dağından ayıra bilmirəm. Heyrətdəyəm. Xəyala dalmışam. Mir Seyid yavaşca səslənib xəbərdarlıq edir: “Müəllim, kənd o tərəfdə deyil, bu tərəfdədi!” “Eləmi?”

Başımı çevirib Mir Seyidin boy verib böyüdüyü dağlara baxıram. Əliylə sağ tərəfdəki dağları göstərir: “Bizim kənd bax, ordadı, müəllimim. Təkəldinin arxasında. Qışda kimsə bizim kəndə gedə bilmir, avtomobillər çıxa bilmir. Kəsə bir yol var, amma gərək atla gedəsən. Atam o yoldan gəlirdi. Yay olsa, mən də ordan gedərəm, mən heç qorxmuram, yolu da tanıyıram.”

“Kədərlənmə, Mir Seyid, bahar gələndə gedərsən. Bax, sizin kəndin avtomobilləri buradan qalxır, səni avtomobilə mindirərik, gedərsən.” “Bizim kəndin avtomobili yoxdu. Hamı kənddən köçüb, dörd-beş dənə ev qalıb.” “Olsun, sizin kəndə yaxın, digər kəndlərin avtomobilinə mindirərik, gedərsən.” “Qazilərəcən avtomobillə getsəm, oradan kəndə gedə bilərəm, yaxındı.” “Amma indi getmək olmaz, Mir Seyid, bahar gələndə…” “Amma bahara hələ çooox var.” “Olsun, sən məktəbə alışarsan, onda tez gələr.” “Yox, tez gəlməz.” “Gələr, gələr, bu qar ərisin, dərhal gələr.” “Atam sağ olsaydı, qışda belə atla gələ bilərdi. Atam ölməsəydi…” Udqunaraq davam edir, sözlərini çətin tamamlayır: “Mənə velosiped alacaqdı…”

Cavab verə bilmirəm. Dilim dolaşır. “Mir Seyid, sizin kənd yayda çox gözəl olur, elə deyilmi?” “Bəli, amma qışda da gözəldi. Bir bizim kəndə gəlin, çox gözəldi…”

Mir Seyid hələ indidən yaylağın qarı-ayazı, qışı-baharı, qurdu-quşu, çiçəyi, böcəyi, otu, tikanı üçün darıxdığını anladır. Altun çiçək, bənövşəyi süsən, qız kirpiyi, gəlincik, göybaş, bənövşəyi çiçək… Çiçəklər dərələrdə, təpələrdə, qarın tutmadığı daldalarda, dağın koğuşlarında boy verib açır. Dəvədabanı, kəklikotu, yovşan, çobanyastığı… Bütün otlarla birlikdə torpağı yarıb üzə çıxır. Qanqal, şəkər tikanı (kökü şirindi), çölnoxudu, dəvətikanı, cürbəcür otlar… Kəndə doğru gedir, tozlu yollarla qaçır, heç bir tikan ayağına batmır… Və quşlar. Dağların, yaylaqların quşları: Mir Seyid yaşılbaş sonalarla, qızıl rəngli anqutlarla, allı durnalarla sulara enir və bir xınalı kəklik sürüsünə qoşulub dağlarda süzür. Artıq ağlamır, amma gözləri hələ nəmlidi, gözləri par-par parıldayır Mir Seyidin. Düşünürəm ki, indi yatmağa razı olar: “Haydı, Mir Seyid, kameraya, yatağına gedək! Bir az da orada danışaq!” “Yaxşı, amma yayda bizim kəndə gələcəksən!” “Olar, gələrəm.”

Pillələri tələsə-tələsə enirəm. Arxamca başmaqlarını şappıldadaraq gəlir. Uşaqlar dərin yuxudadılar. Kameraya giririk. Mir Seyid dəmir tutacaqlardan yapışaraq yatağına çıxır, ədyalını üstünə çəkir. Artıq bir neçə sual da versəm yatacaq. “Demək, sizin kəndin dağlarında çoxlu kəklik olur?” “Bəli, qar çox yağanda atam kəklikləri əllə tuturdu.” “Eləmi?” “Təbii.” “Necə? Kəkliklər uçmur?” “Qar çox yağanda uça bilmirlər.” “Onda de görüm atan kəklikləri necə tuturdu?” “Qar çox yağanda kəkliklər yem tapa bilmirlər, düzdümü?” “Bəli.” “Yem tapa bilməyəndə kəndə gəlirlər. Qanadları da qardan islanır. Qanadları islananda uça bilmirlər. Atam kəklikləri qovub yoraraq tuturdu. Atam sağ olsaydı, mənə velosiped alardı, müəllimim…”

Mir Seyid yayda kəndə getsəm, məni atasının atına mindirəcək. Söz verir. Atasının çox gözəl bir atı var. Mən ata minib dördnala çapacağam, o da velosipedinə minəcək, yarışacağıq.

Səhərə az qalır. Axşamdan bəri hədə-qorxu diliylə danışan külək sakitləşməyə başlayıb. Mir Seyidin səsi az eşidilir, göz qapaqları ağırlaşıb, yorulub. Bədəni soyuq yataqda yatır, ruhu düşür yollara, dağların ətəyindəki o kəndə doğru uçur. Bəlkə də yaylaqlara qar yağır. Mir Seyid təzə qarda bir kəklik kimi batıb qalır. Pəncərənin taxtasına qonub duran bir qumru kameraya girir, Mir Seyidin çarpayısına qonur. Qapını açıq qoyub yavaşca çıxıram.

Mir Seyidin gözləri uzun müddət gözlərəmin qarşısından getmir. Sanki qarşımdadı… Otağıma gedə-gedə Mir Seyitlə danışıram: alışacaq, öyrəşəcəksən Mir Seyid! Əvvəl soyuq yataqlara girəcək, anasız yuxulara dalacaq və qorxulu yuxular görəcəksən. Bəzən altını isladacaqsan, paltarını bədəninin istiliyi ilə qurudacaqsan. Dərsdə turşumuş iy verəcəksən. Nazan müəllim səni sinifdən çıxaracaq, kameraya göndərəcək. Paltarlarını özün yuyacaqsan, yəni soyuq suya salıb çıxaracaq, sıxıb çarpayının dəmirlərinə, ya da qızdırıcının üstünə sərəcəksən. Bəzən sevdiyin bir yeməyin dadı qalacaq damağında, doymayacaqsan. Bir az da yemək istəyəcəksən, yemək qurtarmış olacaq, verməyəcəklər. Bəzən loxmalar boğazında qalacaq, uda bilməyəcəksən. Bir parça quru çörəyi gəvələyərək yeməkxanadan çıxacaqsan. Xəstələnəcəksən. Qapısında tibb məntəqəsi yazılan həkimsiz, tibb bacısız otaqda yatacaqsan. Hansı dərmanı nə vaxt içməyi bilmədən udacaqsan həbləri. Öskürəcəksən, ciyərlərin söküləcək. Zəng səsləri ilə yuxuların qaçacaq, alaqaranlıqda səksənərək oyanacaqsan. Təlaşlı, narahat halda qaçacaqsan. Yolları qar örtəcək, həftə sonu anan görüşünə gələ bilməyəcək, divarların dibində boynu bükük qalacaqsan. Atan sağ olsa, gələrdi. Atan daha heç vaxt gəlməyəcək, Mir Seyid. Yetimliyə alışacaqsan. Mir Seyid, unudacaqsan! Qulaqlarında uğuldayan güllələrin səsini, məktəbinizin divarlarına sıçrayan qanı, səni kənddən qoparan, bu soyuq divarlar arasına atan canavar üzlü adamları unudacaqsan. Bəlkə müəlliminin üzünü də unudacaqsan, amma yaddaşından o bənövşəyi dağlar, çiçəkli yaylaqlar və atanın üzü silinməyəcək. Hər bahar, hər bayram gözləyəcəksən. Gözlə, Mir Seyid, atan sənə velosiped gətirəcək!

Qar yağır, külək sakitləşib. Özümü çarpayıya atıram. Sakitlikdi. Hər saniyə sanki böyük bir zəngə vurulan toxmaqdı: “çık, çık, çık…” Qalxıb divardakı saatın batareyasını çıxarıram. Saat susur. Yataqda o tərəf-bu tərəfə dönürəm. Yuxular uzaq, yuxular qaçaq. Əzik, yıxıq, yorğunam. Gözlərimi yumuram. O qoca qadının əlləri, o kərpic ev, yerdən yataq, Aşağı Civanlı kəndi, Mir Seyidin atası, güllələnən müəllim, divarlarına qan çilənən məktəb, o məktəbdən sürgün olunan uşaqlar və Mir Seyid.

Mir Seyidi o gecədən unutmuram. Növbətçi olduğum gecələr bir bəhanə tapıb otağıma gəlirəm. Danışırıq. Kəsə yolla kəndə gedirik. Quzuları, itləri sevir, dayları, qara batan kəklikləri qovur, çiçək yığıb quşları seyr edirik. Sonra o velosipedinə minir, mən də atasının atına… O, tələsik pedal çevirir, mən atı mahmızlayıram. Aşağı Civanlıdan dərəyə enən bir yol var, o tozlu yolda yarışırıq.

Mart ayının əvvəli. Cümə günü, hava ilıqdı… Növbətçiyəm. Düzənlikdəki badam ağacları, ərik ağacları qırmızı tumurcuqlarını yarıb dümağ çiçəkləmişdir. Əsən yeldə bir bahar qoxusu var. Küləyin istiqaməti dəyişmiş, artıq salxım söyüd akasiyaya doğru əyilir.

Uşaqlar axşam düşəndən bir az sonra zəng səsiylə kameralara çəkilir. Mir Seyid gələr, deyə gözləyirəm, amma o gecə gəlmir. “O da alışdı”, deyə gülümsəyirəm. Şənbə səhəri erkəndən qalxıram. Pansionatın bağçası hər zamankındən daha izdihamlıdı. Hər on dəqiqədən bir pansionatın bağçasının qapısında bir kənd taksisi dayanır. Taksidən enənlər bağçada yüzlərlə uşağın içində öz uşaqlarını axtarır, taksidən enənləri tanıyan uşaqlar isə sevinclə qapıya doğru qaçırlar. Hər qadının, hər adamın ətrafında onlarla uşaq var… “Dağların qarı əriyib, yollar açılıb,” deyə öz-özümə düşünürəm.
Pansionatın yaxınlığında qalan müəllimlərin uşaqları da bağçadadı. Nazan xanımın oğlu Tunç velosiped sürür, səkkiz-on uşaq da velosipedin arxasınca qaçır. Gözlərim Mir Seyidi axtarır. Ordadı, ziyarətçisinin gəlməyəcəyini bilir. Divarın dibinə çökmüş, əlini yanağına söykəmiş, gözünü qırpmadan velosipedi izləyir.

Pansionatdakı uşaqlardan bir hissəsinə icazə verirəm, azadlığa buraxılan məhkum sevinci ilə anaları, atalarıyla bərabər uzaqlaşırlar. Qalan uşaqlar bağçada gəzişirlər. Tunç velosipedini atıb uşaqlarla oynamağa başlayır. Mir Seyid oturduğu yerdən qalxıb velosipedə doğru gəlir, yanında çömbəlib oturur. Velosipedə toxunur, sükanından yapışır, əliylə pərini çevirir, pedalını hərlədir, əzizləyir, oxşayır velosipedi. Birdən mənzilinin pəncərəsində görünən Nazan xanımın səsi yüksəlir: “Eeey! Səydərəm, ordan çəkil! Velosipedi burax! Tuuunç, Tuuunç! Velosipedini də götür, tez evə gəl, tez! Səni bir də o uşaqların arasında görməyim!”

Mir Seyid bayaq oturduğu yerə gedir, Tunç anasına çiyin çəkir, müqavimət göstərir, getmək istəmir, amma anasının təhdid dolu sözlərinə çox dözə bilmir. Velosipedinə minib mənzillərinə sürür. Mir Seyid divarın dibində oturub Tunçun arxasınca uzun-uzadı baxır. Şənbə günü növbətçi olan müəllimlər gəlirlər. Uşaqları sıraya düzüb sayıram, icazə kağızlarını da… Hamısı burdadı, uşaqları təhvil verirəm.

Bazar ertəsi səhərdi… Müəllimlər otağında çaxnaşmadı. Danışılanlardan bir şey öyrənməyə çalışıram. “Eşitdinizmi?” “Nəyi?” “Bazar günü pansionatdan bir şagird qaçıb.” “Uşağı tapa bilməyiblər!” “Jandarma kəndlərinə qədər getmiş, hər tərəfi axtarmış, izini belə tapmayıb.” “Bəlkə tapılar deyə ailəsinə xəbər verməyiblər.” “O uşağı tanıyıram, görüşünə heç kim gəlməzdi.”

Bu sözlərdən sonra içimi bir qorxu bürüyür, pəncərədən Təkəldi dağına tərəf baxıram və dodaqlarımdan həyəcanlı bir sual qopur: “Hansı uşaq qaçıb, kim qaçıb?” “Nazan xanımın sinfindən…” “Kimdi?” “Deyəsən, öz kəndinə getmək istəyib, adı da Mir Seyiddi.” “Mir Seyidmi?”

Pəncərənin ağzında donub qalıram. Dilim tutulur, danışa bilmirəm. Eşitdiklərim ya yalandı, ya da soyuq bir yuxu… Hər ağızdan bir avaz gəlir, amma artıq nə danışdıqlarını eşitmirəm. Məktəbin bağçasındakı yüzlərlə uşağı tək-tək gözdən keçirirəm. Heç biri Mir Seyidə oxşamır. İnanmıram. Sanki o şagirdlərin arasından çıxıb gələcək, sinifdə adı oxunanda “burada!” deyəcək.

Məktəb müdiri gəlir. Bir fəlakət xəbərçisinə bənzəyir…”Mir Seyidi tapıblar”, deyir, “donub.”

Bu an mən də donuram. Heç bir baharın əridə bilməyəcəyi bir buz kütləsinə dönürəm. Sanki müəllimlər otağında minlərlə insan var. Səslər bir-birinə qarışıb. Otaqdan qaçmaq istəyirəm, qaçmaq… Sinfin divarları üstümə gəlir. Nə qara taxta, təbaşir, kitab, dəftər, qələm, nə də uşaqlar… Sinifdə bir tək mənəm, bir də Mir Seyidin xəyalı. Pəncərənin önündə qurumuşam, gözlərimi Təkəldiyə çevirib dağlara ümidsizliklə baxıram… Təkəldinin ağappaq döşündə gözüm bir qaraltıya sataşır. Mir Seyid! Kəsə yolla dağa dırmaşır. Günəş buludların arasından sıyrılıb ölgün işığı ilə gülümsəyir və dərhal yox olur. Yuxarı çıxdıqca, kəndə yaxınlaşdıqca Mir Seyidin ürəyi böyüyür. Addımlarını artırır, daha sürətli getməyə başlayır. Ağ Torpaq, Boğum Dərəsi, Tək Söyüd… Mir Seyid bir-bir onları keçir. Soyuqbulağa çatsa, kənd görünəcək. Soyuqbulaqda Qız Qayasına çıxıb çağırsa, kənddə eşidəcəklər.

Birdən hava qaralır, külək uğuldayır. Qar səpələyir. Mir Seyid bir qarşısındakı dağa, bir də dönüb arxasına baxır. Nə şəhər, nə məktəb, nə kameralar var… Əllərini ağzına aparıb nəfəsiylə isitməyə çalışır, amma Mir Seyidin nəfəsi də üşüyür. Qar dənələri dayanmadan üzünə çırpılır, yanaqları ağrıyır. Qız Qayası qarşıda, bir neçə yüz metrlikdədi. Qara batıb çıxa-çıxa gedir, amma bu zaman dizlərinin taqəti kəsilir. Sanki ayaqlarından tonlarla yük asılır. Çətinliklə Qız Qayasının dibinə çatır, qayanın koğuşuna sığınır. Əllərini, ayaqlarını yoxlayır. Əlləri, ayaqları sanki yoxdu. Hava bulanır, dörd bir tərəf qaralır. Mir Seyid artıq ətrafındakı qayaları, ağacları seçə bilmir. Uzaqlardan it hürüşü gəlir və qorxur, ağlamaya başlayır. Üzünü kəndə doğru döndərib son bir ümidlə qışqırır: “Annaaa! Annaaaaaa!”

Uğuldayan külək Mir Seyidin səsini də udur. Mir Seyidin boğuq səsi çovğunda eşidilməz olur. Qorxaraq qayanın koğuşundan çıxır. Kəndə tez çatmaq üçün özünü qarın içinə atır. Birdən ayağı büdrəyir və sinəsinə qədər qara batır. Qanadları islanmış bir kəklik kimi çırpınmağa, qarın içində vurnuxmağa başlayır. Sonra ayaq barmaqlarına, əllərinə ilıq su tökülür, əlləri, ayaqları istilənir. O istilik bütün bədənini bürüyür, daha üşümür. Bir yay günü dərənin kənarında yalın ayaqlarla qaçır və yorulub yamyaşıl çəmənlikdə uzanır. Gözlərini ağır bir yuxu basır. Mir Seyid birdən uzaqdan atasının ona tərəf gəldiyini görür. Əlində də bir velosiped var. Mir Seyit yerindən qalxıb atasına doğru qaçır, qaçır, qaçır…


Tarix: 08.06.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 466 Bölmə: İmdat Avşar
loading...