beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anamın saatları
Anamın saatları

Zavallı anam hardan biləydi Saatlı Maarif Təqvimi nədi?..
Şəmsi tarixi ilə illər neçə gündü, Qəməri tarixi ilə aylar neçə gecə?..

İmdad Avşar adı Sultandı, özü qurub-qoşduğu təqvimdən istifadə edərdi, evin də, çölün də hər işini adı kimi bilərdi, vaxtı, saatı bilməzdi. Bəxtinin ələ gələn ipliyini əzab-əziyyət yumağına dolayıb yaşayardı…

Qarçiçəkləri xırman yerində şam yandırıb baş qaldıranda təqvimi sıfırdan başlanar, fəsillər dövr edərdi…
Onun miladı ilk bahardan başlanardı…

Qarçiçəkləri, novruzgülləri açanda çölə gedər, qovaqlar yarpağını tökəndə, ya da durnalar köç edəndə evə dönərdi…
Hicri min üç yüz altmış beşmi? Miladi min doqquz yüz qırx doqquzmu? Nəyinə gərəkdi, zamanın fərqində deyildi. İllər kürəyində şələ, çiyinində yük, saçında ağdı…

İstər mart, aprel, may əsrləri arşınlayıb getsin, istərsə dekabr, yanvar, fevral nəfəsi dondursun… Keçən zamana nə möhnət? Əziyyətdə keçən hər an, hər gün, gələn həftəyə, aya, ilə qovuşur, anamın ömrünü yeyə-yeyə axıb gedirdi…
Bahar çiçəklərlə, novruzgülləri ilə gələrdi… Budaqlarda yarpaq-yarpaq əylənər, xəzəllərlə çıxıb gedər, qarşıdan qara qış gələr, anamın ilk baharını qarda basdırardı. Günləri qar-çovğuna tutulanda qanadları islanmış bir xınalı kəklik kimi çarəsiz, qərib, təkbaşına qalardı…

Anamın təqvimində illər, aylar olmazdı. Həftələr, günlər, saatlar da yoxdu. Vaxtı naməlum, işıqsız, kölgəli, kimsəsizdi. Anamın təqviminə görə, uşaqlar çiçəklər açılarkən, ya da toxumlar cücərərkən doğulardı. Sürgün dövrünün sonası (nənəmiz) yayın axırında, arpa orağa gəlməzdən əvvəl ölərdi həmişə. Və Avşar gözəlləri xırman sovulanda, qışın əvvəlində gəlin köçərdi. Atalarımız qar yağanda qürbətdən qayıdardılar…

Damlara çorak (torpaq) atılanda, qurdlar qoyuna soxulanda, durnalar çayıra-çəmənə gələndə… Hər hadisə müəyyən bir tarixə işarəydi. Ancaq o tarixlər anamın yaddaşında əlçatmaz, ünyetməz bir yerdəydi. Hadisələrin hansı ildə, hansı ayda olduğunu onun yaddaşının dərinliklərindən, yaşadığı məhrumiyyətlər arasından üzə çıxartmaq, hətta təxmin etmək mümkün deyildi. Bəzən ocağın başında közü eşə-eşə hansısa hadisəni xatırlayardı. Dalınca neçə hadisəni sadalayar, ailəmizin tarixçəsini danışardı. Amma filan hadisə nə vaxt olub, soruşsaq da, öyrənə bilməzdik…

- …O il də çox qar yağmışdı. Qar-çovğundan çölə çıxa bilmədik. Dam boyu qar yığıldı. Bahar gələndə də bu qar əriməmiş yağışlar yağdı, dərələr doldu-daşdı, Ziyamı sel apardı o il, evlərdən iraq…
- Böyük qardaşımı nə vaxt sel apardı, ana?
- Bəkir yanan il!
- O nə vaxt yandı?
- Meralı quduz it dalayanda!
- Bacımı quduz it daladımı? Nə vaxt?
- Hakanım doğulanda…
- Hakan nə vaxt doğuldu?
- Böyük qardaşını sel aparanda!!!

Anamın təqvimi üç mövsümlü, doqquz aylı, çoxhadisəli idi və anamın ayları qırx gündən artıq çəkərdi. Payızın xəzəl çağını yayın axırına keçirər, payızın son ayını dekabra əlavə edər, qışın fevral ayını da ilk bahardan sayardı…

Xəbərləri gündüz günəşdən, gecələr də ay və ulduzlardan alardı. Kənddə beş dəfə azan oxunardı. Azançı beş dəfə namaza çağırardı, üç öynə yemək yeyilərdi, iki dəfə suya gedilərdi… Amma anamın bir gündə qırx dönəmi vardı. Onun vaxtının çoxu görünməz bir iplə göydəki günəşə bağlı idi. Gün dağın başını qızartmamış oyanar, ocağı yandırar, gün doğarkən inəyi sağar, səhər erkən tarlaya gedər, günortaya qədər bir yekə həyətlik yerin arpasını biçər, günorta evə gəlib qoyunları sağar, gün günortanı ötəndə bulağa gedər, gün əyiləndə xəmir yoğurar, qürub çağı təndiri qalayar, gün batarkən dovğa bişirər, axşamtərəfi süfrəni bəzəyərdi… Axşamlar da ay doğanda kilim toxuyar, kilim toxuyarkən ağı deyər, ulduzlar göydə sayrışarkən qara bəxtini qarğayar, gecəyarısı, el-oba yatıb ilbizlər batdıqdan sonra yuxulu gözlərini yumar, quş yuxusuna gedərdi…. Və hər səhər dan ulduzu doğmamışdan, xoruzlar bir-birinin ardınca ötərkən oyanar, yatağından qalxardı…
Qışda çöllərin, dağların nitqi tutular, donar, baharda dili açılar, yenidən çiçəklənərdi, yamaclar, ağ, lümlüt bədənlərindən utanar, novruzla birlikdə yamyaşıl bir şal bürünər, yaylalar sarı qarçiçəyi dövrünü sovub bənövşəyi dağ çiçəyinə bürünər, ağaclar gah yarpaqlayar, gah da xəzəlini tökərdi… Və zaman bir çay kimi qıvrıla-qıvrıla axıb getdikcə çöldəki hər şey boy atar, bir az da böyüyərdi… Quzular qoç olar, çəmənlikdə doxlaşar, dəli daylar madyan olub qan-tər içində yarışar, ərgən qızlar gəlin olub oğul-uşağa qarışar, iməkləyən uşaqlar ayaq tutar, yeriyərdi… Ay dolanar, gün dolanar, fəsillər bir-birini əvəz edər, amma anamın günləri, saatları, hər fəsil eyni qalardı, onun taleyi heç dəyişməzdi. Əziyyət içində, kərpic evdə üç fəsillik bir vaxt keçirər, qar əriyincə, əlinə kürəyi alıb həmişə eyni yerdən başlayardı həyata. İlk baharda ağaclar yenidən boy atar, yayda bar verər, hər payız solardı yenidən… Və hər qış daha bir az qar yağardı başına… O, bizim evin durnası idi ilk baharda, əhəng üzlü kərpic evin çardağından havalanar, qışdan əvvəl, yayda çöldən əl-ayaq çəkilər-çəkilməz süzə-süzə gələr, damın üstünə qonardı.

Quşlar gələr, quşlar gedər, anam tarlaya gedər, yenidən evə dönərdi, amma atam gəlməzdi… Atam yersiz-yurdsuzdu, sürgündə idi, xəbəri həmişə Fizandan gəlirdi… Anam atamın nə vaxt getdiyini, nə vaxt gələcəyini də bilməzdi. Anamın əri yoxdu, Fizandakı uşaqlarının atası idi… Uşaqları atalarının nə vaxt getdiyini soruşanda öz təqvimindən bir zaman kəsimini dilə gətirirdi. Di gəl bunu anla, anlaya bilsən…

- Ana, atam nə vaxt getdi?
- Ərik ağacları çiçəkləyəndə…
- Martmı? Aprelmi?
- Nə bilim, narın bir yağış yağırdı…

O ərik ağacları hansı ilin baharında çiçəkləmişdi, anamla atamın arasına yağan o yağış hansı ildə yağmışdı, hansı baharın yağışı idi, məlum deyildi…

Zalım aylar, şər illər, çətin günlər hamısı anamın çiyinlərində keçərdi. Həftəni, günü izləməsinə gərək yoxdu, günləri bir-birindən yamandı. Saata, dəqiqəyə darılmazdı heç. Saat əqrəbi, dəqiqə əqrəbi, siferblat, dəqiqə, saniyə? Ədədləri bilməzdi ki…

Atam kənarlarında qırmızı və mavi naxışları olan, naxışları bir-birinə dolanmış qırmızı, mavi iplərə bənzəyən zərflərlə məktublar göndərərdi. Əvvəldən axıracan böyük hərflərlə yazılmış, duyğulu, ümidli, sevincli, kədərli məktublar… Bəzən uzaq bir çöldə yazılmış o məktubların sətirləri arasından sərt bir külək əsər, sözə çevrilən hərflər bir qum fırtınası qoparardı. Nə hüznünü yaşaya bilirdi, nə də sevincini… O məktubları anam özü oxuya bilməz, dilini başa düşməzdi…
Çölün yazdığı qədim kitabı, hər fəsil dəyişən əlifbasını əzbərdən oxuyardı. Neynəsə də sovxaya qalmış hərfləri bir-birinə calaya, ərinin ürək sözlərini heç cür səsləndirə bilməzdi… Məktəbdə bir gün, molla məktəbində on beş gün oxumuş, molladan öyrəndiklərini hələ də unutmamışdı.

- Elə gözəl oxuyardıq ki… – deyər, zülfləri dolaşık bir kiçik qız olar, düz kəndinə gələr, hocasının rəhili önündə diz çökərək oxumağa başlardı: – Əlifim çubuq kimi, Be, çanaq kimi, Te, ona bənzər, Se, ona bənzər… Cim, qarnında bir nöqtə, Ha, ona bənzər, Hı, ona bənzər. Kaf, qoyun başlı, Kef, quzu başlı. Tı, dovşan qulaqlı, Zı, ona bənzər. Sin, dəvə dodaqlı, Şın, ona bənzər…

Atamın məktublarını təzəsi gəlincə oxudurdu. Mənim qiraətimi çox bəyənirdi, bacım məktubu hıqqana-hıqqana höccələyərək oxuyana qədər barmaqları ilə qızcığazın başını dimdikləyər, məktubu ondan alıb mənim əlimə dürtərdi:
- Bu qız mənə çəkmiş, çəkməz olaydı, mənim kimi korafəhmdi… Al bu məktubu, gözəl-gözəl oxu, quzum…
Atam məktubunu “Sarı Sultanım” (sarı – sarıyanız, əzizləmə, oxşama, Sultan – adı), deyə başlayınca, anam bizi eşidirlərmiş kimi həyəcanlanır, narahat olur, yanaqları xəfifcə qızarır, tez qalxıb qapını-bacanı yoxlayırdı. Kimsənin eşitmədiyinə əmin olandan sonar mənim şəxsimdə atama qızırdı:

- Sarı Sultanım nəymiş! El-obadan ayıbdı! Sus! Elə oxuma!
- Bəs necə oxuyum, ana! Elə yazır!..
- Olsun, orasını oxuma! Korsanmı?
- Hə, koram! Onda atam da belə yazmasın! Mən nə bilim?
- Allah atanın canını alsın! Əvvəldən qədrimi-qiymətimi bilsəydi, nə vardı? Belə yazmasa kim küsər!
- Oxuyummu, ana?
- Əvvəlini oxuma! Keç, aşağısını oxu…

Mən məktubun sətirlərini bir-bir sözə çevirib anamın könlünü aldıqca dodaqları yaşmağının altında xəfifcə titrəyirdi. Gülümsəyirdimi? Bilmirəm. Oxuya-oxuya əzbərlədiyim məktubun satılan tarlanın geri alınacağını deyən hissəsinə çatanda nəfəsini çəkmədən dinləyər, sonra yaylığının ucuyla yanaqlarına düşən yaşı silərdi…

Anamın təqviminə görə neçə il, neçə ay, neçə əsr keçmişdi, bilmirəm, amma atam çoxdan getmişdi və illərdi geri dönmürdü. Atamı ilk dəfə nə vaxt görmüşdüm? Xatırlamıram. Amma atasız dil açıb atasız ayaq tutub yeriyən kiçik qardaşımın divardakı şəklə baxıb-baxıb anama suallar yağdırdığı yadımdadı. O soruşduqca anam da bir-bir öz təqvimini vərəqləyərdi.

- Ana, atam gələcəkmi?
- Ölməyə getmədi ki! Gələcək, əlbət…
- Nə vaxt gələcək?
“Nə vaxt” sualı çətin sualdı, anam o anda bir az düşünər və Sultan təqvimini (yəni öz təqvimini) işə salaraq tarixi bir hadisənin adını çəkərdi:
- Dağlara qırov düşəndə.
- Qırov nə vaxt düşəcək?
- Qovaqlar xəzəlini tökəndə.
- Qovaqlar xəzəlini niyə tökmür?
- Yarpaqlar beləcə dayanıb-durası deyil ki, guzum, vaxtı çatanda töküləcək. Durnalar köçəndə yarpaqlar da töküləcək.
- Durnalar nə vaxt köçəcək?
- Bostanlar sovulanda.
- Bostanlar sovuldumu?
- Yox.
- Nə vaxt sovulacaq?
- Qoç qatımından əvvəl…
- Qoçlar hara qatılacaq?
- Qoyunların içinə.
- Niyə?
- Onlardan quzular doğulacaq.
- Quzular nə vaxt doğulacaq?
- Qarçiçəyi çıxanda.
- Qarçiçəyi nə vaxt çıxacaq?
- Atan gələndə!!!
- Atam nə vaxt gələcək?..


Sultanın təqviminə görə, dağlara qırov düşəndən az sonra düzənliyə qar yağar, qaraqış qapını alardı. Qarayel adamı buz kimi, köz kimi kəsəndə isə qar dağın ətəklərindən yuxarı dırmaşar, havaya, suya, torpağa və anamın içinə od düşərdi. Qarçiçəkləri şam kimi yanaraq çəmənə çıxanda, ilk bahar gələrdi, ardınca da döl tökümü… Mart – doqquzu, aprel – beşi, Leylək – qışı, Xıdırilyas… sonra gilas ağacları çiçəkləyir, tutlar yetişir və çölə-düzə yay gəlirdi. Yay gəlincə də arpa, buğda orağa, öküzlər xırman yerinə, saman bir tərəfə, dən bir tərəfə… Durnalar ikiyə bölərdi anamın illərini, durnaların köçü yay ilə qışı bir-birindən ayırırdı… Xəzəl dəmini, qoç qatımını yaydan, avarayı (fevralı – xalq deyimi) da qaraqışdan sayardı anam və durnalar gedərkən dağlara qırov düşərdi…

Evin ən kiçik oğlu Hakan atasının nə vaxt getdiyini, nə vaxt gələcəyini bilmədən məktəbə getdi, mən isə nə vaxt doğulduğumu… Bürcüm oğlaqdımı? Quzumu? Qoyunmu? Qoçmu? Xoş bir xəyalla qəzetdən bu falı oxuya bilmədim…
Anam ocağın başında dovğanı bulayarkən qatıq çürüməsin deyə qazan qaynayana qədər yanında gözləyər, uzun saplı çömçəsiylə çoxlu qarışdırardı. Mən də bürcümü öyrənmək üçün anamın qarşısına keçib əbəs yerə ili, ayı, günü axtarırdım…

- Ana, mən haçan doğuldum?
- Sənmi? Eee, vergiyığanlar xırmanı müsadirəyə gəldiyi il!
- Xırman zamanımı doğuldum?
- Yox, o ilki xırman zamanı sənin hələ iyin-tozun da yoxdu…
- Bəs vergiyığanlar xırmanı müsadirəyə nə vaxt gelmişdi, ana?
- Atan tutulan il.
- Atam nə vaxt tutuldu?
- Öküzlərimizin ikisi birdən öldüyü il.
- Öküzümüz nə vaxt öldü, ana?
- Bağlar sovulanda.
- Mən bağlar sovulandamı doğuldum?
- Yox!
- Soruşuram, bəs nə vaxt, ana?
- Bağlar sovulandan çox sonraydı, çöldən əl-ayaq çəkilmişdi. Çox soyuq idi, qar yağırdı…
- Yaxşı də, ana, qar hər il yağır! Sən yadına sal bir…. Payız idimi? Qışdımı? Qar vardısa, qış idi, yaxşı, qışın hansı ayında doğuldum?
- Qar yağırdı!!!
- Tamam, qış idi, qar nə vaxt yağırdı?
- Hə, sən doğulanda kənddə bir dava oldu!
- Dava nə vaxt oldu?
- Atanın kəndxudalığa namizəd olduğu il.
- Atam nə vaxt namizəd oldu?
- Kənd mollasının öldüyü il.
- Molla nə vaxt öldü?
- Kənddəki davada, ara yerdə güllə dəydi.
- Molla öləndə qış idimi?
- Molla atanın tutulduğu il öldü!
- Ana, deyirsən, qışda, mən qışdamı doğuldum?
- Qaraqışmı, deyim, yanvarmı, fevralmı? Allahım, nə bilim, qaraqışın içindəydik.
- Qaraqışmı? Qaraqışın hansı ayı? Dekabrmı?
- Mən nə bilim, o dekabrdı, dekabr hələ yoxdu…
- Dekabr, yanvar ayı deyilmi? Yanvar ayının əvvəli idimi? Sonu idimi?
- Ocağa bir qazan dovğa qoymuşdum. Oxlovla onu qarışdırarkən belimdən bir sancı tutdu. Böyük qardaşına, qaç, dedim, qaç, Naciyə bibini çağır…
- Ay ana, məni necə doğduğunu soruşmuram! Nə vaxt anadan olmuşam! Haçan?
- Sən doğulmamışdan bir gün əvvəl ala inəyimiz buzovlamışdı, axşama yaxın bir sərnic ağzınacan süd sağıb gəldim. İndiki kimi yadımdadı! Özü kimi ala bir buzovu vardı, sən o buzovla yaşıdsan!
- Yaxşı də, ana, indi ala inəyin buzovunu haradan tapıb soruşaq, kim bilir hansı ilin qurban bayramında boğazına bıçaq çəkilib. Sən yenə bir düşün, xatırla…
- Nə bilim? Mənim ayım, günüm bəlliydimi? Bəxtiqaranın biriydim. Böyük bacın doğulanda, dedilər, qış yarıdı…
- Bəs mən?..
- Aman, guzum, məni yorma, ayı, günü, vaxtı, saatı hardan bilim…
- Ay anaa!
- Dərdim atandı! Sus! Keşkə doğulmayaydınız! Sizə görə atanızın qəhrini çəkdim… Doğulmasaydınız mən də bu uçuq divar dibində oturmazdım heç olmasa. Qalx, mənə bir tas su gətir, ürəyim yandı…


Gəlinciklər nazlanaraq yaşmağını sıyırıb azca üzünü göstərəndə anam əvvəl biz uşaqlarını rahatlayar, sonra köçəri quşlar kimi əhənglənmiş kərpic evimizin çardağından uçardı. Leyləklər yuvaya dönəndə o, çölə gedərdi. Anam çölün ən qərib quşu idi, torpaqsız, arxasız, kölgəsiz, kimsəsiz…

Belə kişi kimi güc vurar, kürəyi əlinə götürdümü torpağı küləyin qarı sovurduğu kimi sovurardı. Gah başının üstündə, gah da şitillərin dibində ahənglə qalxıb-enən kətməni əllərinə necə də yaraşardı. Oraqla işləyəndə başağı əlinə dəstə-dəstə yığar, dəryaz çalanda başaqlar dərz-dərz olardı…

Çöldəki otların, çiçəklərin, quşların, ağacların diliylə danışardı. Qar düzənlikdən çəkilib dağların döşünə doğru gedincə, çölün bahar fəsli yetişər, yaşıl çəmənlərə rəngarəng çiçəklər səpilərdi. Anam yol boyunca gördüyü çiçəklərin adlarını bir-bir sadalayar, qarçiçəyi sümbüllü türkülər zümzümə edərdi. Mən anamın dalınca tarlaya gedərkən, onun dilində min bir rəngə bürünən bu çöl qızlarının bir neçə günlük zərif rənglərini və incə, xəfif, kövrək adlarını öyrənər, yaddaşımın ağ vərəqinə yazardım…

Anamın əzablı, əziyyətli Sultani illəri ilə bizim hazırkı təqvimimizin kədərli illəri bir-birinin ardınca keçib getdi. Sürgün kimi ayrıldığımız o kənd, bağımız-bağçamız, ala inək, boğazı yoluq toyuq, qarabaş, muncuq… hamısı çox uzaqda qaldı. Beş uşaqlı, əhəngli kərpic evi isə yağışlar əritdi, sellər yuyub apardı…

Şəhərdə yaşayırdıq…

Süfrədə hərənin bir qaşığı vardı və səhərlər düyü aşı əvəzinə çay içər, nazik yuxa əvəzinə sobadan təzə çıxmış baton çörək yeyərdik… Salonda, vitrinli şkafın içində ağ-qara bir televizor, mətbəxdə soyuducu, yerdə fabrik xalçaları, pəncərələrdə tül pərdə və divarda böyük bir ayna ilə atamın Fizandan gələrkən gətirdiyi batareyalı bir saat vardı…
Anamın saçları günbəgün ağarırdı, bacımı köçürdü, böyük qardaşlarımı da yan-yön elədi. Atam yenə uzaq bir ölkəyə getdi, bu dəfə anamın çox istədiyi zəngli saatlardan gətirəcəkdi. Kiçik qardaşımla mən artıq anamın can yoldaşlarıydıq…
O il litseyə birinci sinfə getdim, Hakan da beşinci sinifdə oxuyurdu. İkimiz də səhər öynəydik. Məktəb uzaq idi, bir səhər fizika dərsinə gecikdim. Üstəlik tələsikdə fizika kitabımı da unutmuşdum, fizika müəllimi zalım adamdı, bir də musiqi müəllimindən qorxardım…

O axşam evdə anama divardakı tık-tak, tık-tak işləyən saatı göstərib bərk-bərk tapşırdım:
- Ana, səhər saat yeddinin yarısında məni oyat, bu dəfə də geciksəm, qayıb yazacaqlar…
- Yaxşı, quzum, yaxşı, – dedi, – ananın gözünə yuxumu gedər, sən narahat olma, mən yeməyini hazırlayar, səni tezdən oyadaram…
Elə o gündən sonra yuxu mənə haram oldu. O gündən sonra anam isti yatağımdakı rəngli yuxularıma qənim kəsildi. Həftənin beş günü bəs eləmirdi, şənbə, bazar günləri də başımın üstünü kəsdirirdi. Hər gün, hər səhər dan yeri ağarmamış alıcı quşlar kimi yorğanımı qapır, məni silkələyirdi:
- Qalx, guzum! Qalx bir! Məhəllənin uşaqları məktəbə getmiş, küçədə ins-cins yoxdu, qalx! Məktəbə gecikərsən, yenə sənə qayıb yazarlar…

- Ana, bu gün istirahət günüdü! Məktəb yoxdu…
İstirahət günü məni oyatdığına görə min dəfə peşiman olub deyinərdi.
- Əvvəl malın, davarın dərdindən yata bilmədi quzularım, indi də məktəb… Mən başıbatmış ayı, günü, saatı bilsəydim nə vardı!

Şənbə, bazar günləri anamın əlindən qurtarmaq üçün fikirləşib bir çarə tapdım. Yatağımın baş tərəfinə süpürgəni və xəkəndazı qoyurdum. Anam bunları görəndə məni durquzmaqdan vaz keçirdi. Şənbə, bazar günlərini beləcə öyrəndi. Amma qış səhərlərində saatın neçə olduğunu nə bilsin. Kənddəki kimi günəş doğulmadan qalxırdı, küçədə kimsənin olmadığını görən kimi təlaşla məni oyadır, məktəbə özü gedəcəkmiş kimi tələsdirirdi:

-Qalx, guzum, qalx! Xalxın uşaqları çoxdan getmiş, məhlədə məktəb uşağı qalmamış, sən yenə gecikdin, qalx!
Köz basılmış abdal kimi yatağımdan atılır, gözlərimi ovaraq divardakı saata baxıb donquldanırdım:
- Ana, hələ səhər açılmayıb! Allahı sevərsn, burax, xoruzlar oyanmamış sən oyanırsan! Bu saatda təbii ki, küçədə kimsə olmaz! Bir saat sonra oyat, yaxşımı?
- Yarım saatmı? Yaxşı, guzum, yat, yaxşı.
On dəqiqə sonra anam yenə gəlirdi:
- Yarım saat oldumu, guzum, qalx, saata bir də bax, amandı gecikmə…
- Ay Allah, ana! Hələ çox tezdi, qurban olum, qaranlıqda durquzma məni, yeddinin yarısında oyat, yeddinin yarısında…
Qadın çarəsizdi:
- Mən saatı bilmirəm, quzum, oyanıb qalxıram, küçəyə baxıram, kimsə yoxdu, camaatın uşağının məktəbə getdiyini düşünürəm…

Bir gün məni lap səhər azanında oyatdı. Yataqdan qalxdıqda məhəllənin imamı azana başladı. O gün qərar verdim: anama sovxaya qalmış saatı öyrətmək lazımdı, amma necə…

Anama bir dəftər aldım, əvvəl ədədlərdən başladım… Anam artıq kiçik bir qız idi, mən onun müəllimi…
- Ana, əvvəl ədədləri öyrənməyin lazımdı. İndi on ikiyə qədər say baxaq…
- Sayaram, canım, burda nə var. Bir, iki, üç … on bir, on iki..
- Yetər, on ikiyə qədər saydınmı, yetər. İndi bunların necə yazıldığını öyrənəcəyik. Bax, indi, bu neçədi?
- Saymağa sayıram, yazmağı bilmirəm, oğulum.
- Bax, bu “bir”, ana, söylə görüm, “bir” nəyə bənzəyir?
- Birmi? Oxlova bənzəyir…
- Yaxşı, bunu unutma, “bir” oxlova bənzəyir. Bu neçədi? Birdən sonra hansı ədəd gəlirdi?
- İki…
- Yaxşı, “iki” neyə bənzəyir, ana?
- Bu sovxanı heç nəyə bənzədə bilmirəm, guzum.
- Sağ qolunu göstər, hansıdı?
- Bax, budu.
- Saata bax, bir hansıydı?
- Bax, budu, oxlova bənzəyən.
- Bəs oxlovun yanındakı? Bax, bu da “iki”. Birin yanından sağ qoluna doğru get, “iki”di. Yaxşımı? Necə oldu?
- Birin yanından sağ qoluma doğru gedəndə ikidi.
- İkidən sonra sağa doğru get. Bu da “üç”dü. Say görüm.
- Bir, iki, üç…
- Birdən başlayıb hansı tərəfə doğru sayacaqsan?
- Sağ tərəfə doğru.

- Oxlovun yanında bir də bir yuvarlaq xəmir kündəsi olsa, “on” olar. Elə deyilmi, guzum? Cüt oxlov olsa, on bir, yanındakı da on iki… On ikidən sonra, yenə bir gəlir…
- Bəli, ana, indi oxlovdan başla, say baxaq, sağ tərəfə doğru…
- Bir, iki, üç, dörd… on bir, on iki?
- Bax, öyrəndin ana, gördünmü?
- Atam başı batmış o il müəllimlə dalaşmasaydı, öyrənərdim, oğlum. Əlif xalan üç il getdi məktəbə, hər şeyi öyrəndi, saatı da bilir, pulu da… Denən, atan boynu sınmış, gavur kimi hər şeyi bilsə də otuz ildə mənə bir şey öyrətdimi…

Bir oxlov kimi, iki heç bir şeyə bənzəməz! Üç qəssab çəngəli… Yeddi oraq kimi, səkkiz gözlüyə bənzər… ədədlər qurtarmışdı, daha nə qalmışdı ki… yalnız bir dəfə göstərdim, əzbərlədi, su kimi içdi anam…

- Bax, ana, bu saat əqrəbi, bu dəqiqə əqrəbi, bu da saniyə…
- Tamam, oğulum, – dedi və dərhal da öz dilinə çevirdi: kiçik, iri başlı olanı saat əqrəbi, uzun, qara olanı dəqiqə əqrəbi, dəli kimi fırlananı da saniyə…
Saatı əlimə aldım, burmacını burub-burub soruşurdum:
- Saat əqrəbi birin üstündə, dəqiqə əqrəbi də on ikidə, saat neçədi, ana?
- Saat bir!
Hər dəfə dəqiqə əqrəbini bir dövrə artırıb soruşurdum:
- Dəqiqə əqrəbi daha bir dəfə fırlandı, indi neçədi?
- İki.
- …Neçədi?
- …Üç

Hərdənbir karıxsa da bütöv saatları öyrəndi. Bir-iki gün ara verdik. Bazar axşamı saatı divardan çıxardıb burmacını burdum. Saat yeddi idi. Möhkəm-möhkəm tapşırdım:
- Məni saat yeddidə durquz…
Bir az tərəddüd etdi:
- Olar, yaxşı, saat əqrəbi yeddiyə, dəqiqə əqrəbi də on ikinin üstünə gəlincə durquzaram.
Səhər anam çiynimdən tutub silkələdi:
- Qalx, oğulum, qalx, fikrim qarışıb, hələ bir saata bax!
Saata baxdım, yeddiyə iyirmi dəqiqə vardı.
- Bax ana, – dedim, – bax, o dəqiqə əqrəbi var ha, on ikinin üstündə olanda durquz məni…
Aradan bir neçə dəqiqə keçmişdi, təlaşla məni silkələdi.
- Anan qurban, oğlum, bu sovxa saniyə var ha?..
- Bəli, ana!
- Oğlum, saniyə məni çaşdırır. Dəqiqədə bir on ikinin üstündən keçir!
- Ana, sən saniyəyə fikir vermə! Qoy gəlib keçsin, sən dəqiqə əqrəbinə bax!
Bu dəfə anam hər dəqiqə başı gəlirdi:
- Oğlum, saniyə sovxa məni çaşdırdı, bax gör yeddi oldumu? Saniyə əqrəbi gəlib keçir, gəlib keçir, dəqiqə əqrəbi isə yerindən tərpənmir. Bu sovxa sürətlə fırlanan kimi çaşıram, bu olmasa daha yaxşı öyrənərdim…

Saatın saniyəölçəni gözümdən düşdü. Səhərisi saatı da qoltuğuma vurub saatsazın yanına getdim. İçəri girən kimi soruşdum:
- Usta, bu saniyəölçəni çıxartsaq, saat yenə işləyərmi?
- İşləyər, işləyər… – dedi, – niyə çıxardım?
- Sən çıxart, usta, çıxart, çıxart! – Dedim.

Deyə bilmədim ki, bu sovxa anamın fikrini qarışdırır. Usta başını bulayaraq saatın içini açdı, saniyəölçəni ehmallıca tutub çıxartdı. Batareyasını təzədən taxdı, qulaq verdi. Saat işləyirdi, yenə həmin səs gəlirdi: Tıq-tıq, tıq-tıq…

Saniyəölçəni çıxardandan sonra anamın fikrini qarışdıran olmadı. Hər saatbaşı soruşurdum, həmişə də doğru cavab verirdi. Növbə yarımları öyrətməyə çatdı. Bir yarım! İki yarım! Yox, alışa, yadında saxlaya bilmədi. Qarşısına aşılmaz bir dağ itələmiş, özünü də bərk qısnamışdım…

- Ana, çətin deyil, yarımları da öyrənəcəksən.
- Amaan! Yarımı yerə batsın! Yarım olmasa, kim küsəcək…
- Bax, belə olsa, bir yarım… – dedim, anam gileyləndi:
- Yarımı icad edənin evi başına uçsun, yaxşıca öyrənmişdim saatı…

Saatın içində saat əqrəbi ilə dəqiqə əqrəbi qalanda anam təzədən həvəsləndi. Saat, saat yarım… dəqiqə əqrəbi 6-nın üstündə, saat əqrəbi 1 ilə 2-nin arasında, əqrəb 8 ilə 9-un arasında, dəqiqə əqrəbi 6-nın üstündə… Sovxa yarımlar heç cür ağlına batmırdı. Xeyli təkrarladım, amma yarımları tam öyrənə bilmədi. Hərdənbir yarımı icad edənlərə hirslənsə də, neçə aydan sonra öyrənməyə başladı. Saatı göstərib deyirdi: bir, bir yarım, iki, iki yarım…

Bir gün güldü.

- Məsələ dəqiqə əqrəbindəymiş, – dedi. – Dəqiqə əqrəbi fırlanıb 12-nin üstünə gələndə, saat əqrəbi də başqalarının üstünə gəlir. Dəqiqə əqrəbi fırlanıb 6-nın üstünə gedəndə saat əqrəbi də iki ədədin arasına gəlir. O zaman yarım olur…
Anam artıq saatı öyrənmişdi, dəqiqə əqrəbi necə olsa fırlanıb-fırlanıb gəlir, saat da ya üç, ya üç yarım, ya dörd, ya da dörd yarım olurdu. Dörddəbir, dörddəbirdən keçdi, iyirmi var, iyirmi beşi keçir… deyə öyrətməyə başlasam, fikri yenə qarışacaqdı. Məni hər səhər yeddi yarımda durquzurdu və ikimiz də xoşbəxt idik…
Bir axşam dərsimi hazırlayarkən anamı sınamaq istədim. Saata baxdım. Nə saat tamdı, nə yarım, səkkizdən on keçmişdi.
- Ana, – dedim, – de görüm, saat neçədi?
Anam saata baxdı… Saat əqrəbi ilə dəqiqə əqrəbi onun öyrəndiyi vəziyyətdə deyildi. Deyinməyə başladı:
- Səkkiz desəm, səkkiz deyil, səkkiz yarım desəm, o da deyil…
- Söyləsənə, ana, – dedim, – öyrəndin də, de görüm…
Uzun-uzadı saata bir də baxdı, dodağının altında nəsə mızıldandı və boynunu büküb gözlərimə baxdı:
- Saat indi çox dağınıqdı, oğlum, – dedi, – dəqiqə əqrəbi bir az özünü toplasın, ondan sonra deyərəm…


Tarix: 08.06.2015 / 16:47 Müəllif: Aziza Baxılıb: 288 Bölmə: İmdat Avşar