beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürəyində söyən uşaq
Ürəyində söyən uşaq

Düzənlik sonu olmayacaqmış kimi getdikcə uzanır…
Asfalt yol düzənliyin tam ortasından keçən çayın hər qıvrımına uyğunlaşır. Çay və yol, bir-birinə sarılan iki qara və yaşıl ip kimidi. Maşınımız onların aralarından bir məkik kimi şütüyür. Hərdən çaya lap yaxınlaşır, hərdən də ondan uzaqlaşırıq. Çay, yol və biz dolana-dolana irəliləyirik…
Səssiz, sakit, aydın bir səhər, günün ilk saatları… Günəş sevinclə yüksəlir, alovlanıb yanır. Hava aydın, səma təmiz, mavi, ışım-işım işıldayır. Amma quru bir sazaq var, soyuqdu…
Daxilimdə bir peşimanlıq dənizi dalğalanır. Alışdığım bir şəhərdən ayrılığın hüznü ilə yaşayıram. Uzaq bir kənddə qoyub gəldiyim şagirdlərimi düşünürəm. Bilmirəm niyə, amma müfəttişliyə ürəyim heç cür qızmır. Neçə aydır özümü gözətçi kimi hiss edirəm…
Başımı maşının şüşəsinə söykəyirəm. Qulağıma uğultulu bir külək dolur, təkərlərin səsini dinləyirəm. Alnıma dəyən soyuqluq peysərimə doğru yayılır və canımdan bir üşütmə keçir…
Nəfəsim maşının şüşəsinə yayılır, qarşımdakı mənzərə get-gedə dumanlanır, çay, dağ, yol, ağaclar, yaşıl otlar bir-bir qeyb olur. Bir azdan heç bir şey görünmür. Dəbdəbəli evlərin divarlarından asılan qiymətli tablo kimi gözlərimin qarşısından sürətlə keçən mənzərələri qaçırmaq istəmirəm. Əlimi pencəyin qolundan içəri soxub dumanlanan şüşəni silməyə başlayıram…
Yolun ortasında, qarşımızda bir dəstə çöl göyərçini var. Göyərçinlər maşınımız yaxınlaşan kimi havaya qalxırlar. Maşını mən sürməsəm də göyərçinləri əzməsin deyə sağ ayağımı sıxır, qeyri-ixtiyari əyləci basıram. Maşın sanki yoldan son anda qalxan göyərçinin çaldığı qanadlarına toxunaraq keçir. Havada bir neçə dənə göyərçin tükü uçuşur, üzülürəm. Quşlara deyinir, hirslənirəm…
Çay ilə yolun arasında, çay yatağından daşan suların əmələ gətirdiyi kiçik göldə iki anqut suyu dalğalandırır, sürüşərək üzür. Onların əvəzinə mən üşüyürəm. Tüklərinə günəş şüası düşdükcə iki qızıl külçəsini xatırladan anqutlar qamışlığa doğru üzüb onların arasında gözdən itirlər…
Maşınımız havanı yararaq irəliləyir. Bir ağaclıqdan keçirik. Biz sürətlə gedərkən yolun hər iki tərəfindəki qovaqlar arxada sanki bir-birinin ardınca aşırlar…
Hava tamam açılır, bir az istilənir…
Bahar ətəyində nə qədər zümrüd varsa, bu düzənliyə səpmiş. Qara yol, yolun kənarıynan axıb gedən firuzə rəngli çay və başı buludlara toxunan, göyə yüksələn dağın qarlı yamaclarından başqa hər yan yaşıllıqdı…
Bir müddət sonra çayın sahilindən ayrılıb sola dönürük. Birdən yolun rəngi dəyişir. Torpaq yol düzənlikdən çəkib qoparır bizi. Maili yoxuşu çıxmağa başlayırıq. Heç beş yüz metr getməmiş yaşıllıqlar içində bir qəsəbə görünür. Kirəmit damlı, önü bağçalı evlərin hamısı bir-birinə bənzəyir…
Təftiş edəcəyimiz məktəb qəsəbənin yuxarısında, evlərin qurtardığı yerdən bir az hündürdə, evlərin başının üstündə nəhəng bir div kimi dayanıb. Bu bədheybət qəsəbədə yaşayan hər kəsi udacaq qədər böyükdü…
Məktəbin qarşısında geniş bir düzənlik var. Xırman yerinə oxşayır. Çünki keçən ildən qalan dənlər yaşıllaşaraq böyüyüb. Otlar qılçıq, saman arasından boy verib. Xırman yerində qışdan güc-bəla çıxdığı aydın görünən bir neçə eşşək otlayır. Havalar istiləndiyindən bir dəri, bir sümük qalan heyvanların uzanan tükləri tökülür…
Məktəbə tənəffüs vaxtı çatırıq. Bağça izdihamlıdı. Uşaqlar beçə verən arılar kimidi. Tək ayağı üstündə gəzənlər, xəyali bir sükanı fırladıb maşın sürənlər, ağaclara dırmaşanlar, ip üstündən atlananlar, top-top oynayanlar… Uşaqların hamısı öz aləmlərində, başqa bir dünyadadılar.
Uşaqların arasında bir müəllim hərlənir. Bizi görmür, arxası bizə tərəfdi. Bağçadakı yaşıllıqlar və yüzlərlə mavi önlük içində onun saçları dərhal gözə çarpır. Uzun, dalğalı, sapsarı saçları çiyinlərinə tökülüb, günəş kimi parıldayır…
Maşından düşüb məktəbin qapısına doğru getməyə başlayırıq. Uşaqlar ya əlimizdəki çantalardan, ya da yaddaşlarındakı hansısa oxşarlıqdan bizi tanıyırlar. Görən kimi qışqırmağa başlayırlar:
- Müfəttişlər gəldi!!!
- Müfəttişlər gəldi!!!
Uşaqların səsi məktəbin bağçasından aşıb dalğa-dalğa xırman yerinə doğru yayılır. Səslər xırman yerinə çatanda orada otlayan eşşəklərdən biri iştahla, həvəslə anqırmağa başlayır, sonra o birilər də qoşulur ona…
- Müfəttişlər gəldi!!!
- Aaaaaiiiiiih!!!
- Müfəttişlər gəldi!!!
- Aaaaaiiiiih!!!
Uşaqların səs-küyünü eşidən müəllim saçlarını geri atıb bizə tərəf döndü. Şagirdləri yara-yara gəlib bizi qarşıladı. Gülümsəyərək əlini uzatdı:
-Xoş gəldiniz, hocam, xoş gəldiniz, xoş gəldiniz…
Lap arxadayam. Müəllim mənə yaxınlaşıb əlini uzadır, göz-gözə gəlirik. Mən müəllimi tanıyıram, amma haradan? Onun tanış üzünü illər öncəki yaddaşımda axtarıram. Tapmıram. Müəllimin baxışlarında da çaşqın bir ifadə var. Müəllimlə eyni şeyləri düşünürük, amma ikimiz də əmin deyilik…
- Siz də… Eee, xoş gəldiniz.
- Xoş gördük, sağ olun…
Müəllim məndən nəsə soruşmaq istəyir. Elə mən də ondan. Amma başçımız imkan vermir, sözümüzü ağzımızda qoyur. Hələ məktəbə ayaq basmadan təftişə başlayır. Müəllimi növbətçi olduğuna peşiman eləyir.
- Növbətçisiniz?
- Bəli, hocam.
- Bağça növbətçisi?
- Bəəli.
- Demək, növbətçisiniz?
- Bəli!
- Növbətçiliyi bağçada eləyirsiniz?
- Bəli.
- Növbətçilik dəftərində qeydlər aparırsınızmı?
- Eee, bəli!
- Gözəl, demək, növbətçilik dəftərində qeydlər aparırsınız?

Məktəbin giriş qapısına çatırıq. Müəllimi xatırlayıram, adı dilimin ucundadı, söyləmək istəyirəm. Amma sualı sual dalınca düzən başçımız yenə mənə imkan vermir:
- Məktəbdə növbətçilik işinə çox diqqət yetirmək lazımdı!
- Elədi, çalışırıq…
- Növbətçilik işini, eee, növbəli yerinə yetirmək lazımdı!
- Eee, bəli, yerinə yetiririk, növbəli…
- Müdiriyyət lazımdı, indi sən növbətçilik sahənə, məktəb bağçasına dönməlisən…
-Bəli, dönürəm, hocam.
Məktəbə giririk, bu zaman dönüb arxaya baxıram, müəllimin gözü məndə qalıb, mənim də ağlım onun kim olduğunda…
Müdirin otağındayıq. Çay içirik. Otaqda danışılanları belə eşitmirəm…
Özümlə qovğadayam, yaddaşımı zorlamışam.
İyirmi il əvvələ qayıtmışam. Litseydə oxuyuram. 9/A sinfindəyəm. Taxtada qarışıq düsturlar… Arxada otururam. Lap qabaqda, müəllimin masasına bitişik yerdə saçları uzun, sapsarı, gözləri mavi bir qız oturur. Ayla!
Birdən Ayla böyüyür, müəllim olur. Pəncərədən çölə baxıram. Bəli, odu! Məktəbin bağçasında növbətçi olan Ayladı.
Dərindən bir ah çəkirəm. Çiynimdən dağ götürülmüş kimi rahatlanıram…
Bir azdan Ayla xanım müdirin otağına gəlir və içəri girər-girməz barmağını mənə tuşlayıb soruşur:
- Hocam, siz litseyi harada oxumusunuz?

Ayla xanımın bir xahişi də var:
- Hocam, mən ikinci sinifdə dərs deyirəm. Xahiş etsəm, mənim sinfimə siz gələrsinizmi?
Başçımızın üzünə baxıram, gözlərini yumub başını aşağı salaraq “olar,” işarəsi verir.
- Yaxşı, – deyirəm, – yaxşı, gələrəm. Şagirdlərinizlə də tanış olarıq…
Ayla xanım otaqdan sevinclə çıxır…
Zəng çalınır, şagirdlər ikinci dərsə girmək üçün koridorlarda qaçışırlar. Sonra daha bir zəng səsi… Koridorlarda ayaq səsləri, müəllimlər də siniflərə tələsir.
Ayla xanım müdirin otağının qapısında gözləyir. Koridorda birlikdə addımlayırıq. O, iti-iti danışır. Bir anda şagirdlik illərimizə qayıdır, təkrar məktəbə gedirik və 2/A sinfinin qapısından içəri giririk.
Səssizlik…
Ayla xanım şagirdlərindən daha həyəcanlıdı. Bir tərəfdən özü haqqında danışır, o biri tərəfdən şagirdlərini tərifləyir:
- Bilirsiniz, bura sərhəd bölgəsidi, hocam. Bu qəsəbədə böyük bir əsgəri bölük var. Ərim bu bölüyün komandiridi. Bura ikinci şərq xidməti oldu mənim üçün! Bunlara keçən il də mən dərs demişəm. Hamısı da çox dinc, çox çalışqan, çox sevimlidi. Təbii, bəzən dəcəllik də edirlər, amma mən onları çox sevirəm! Onlara müfəttişlər gələcək, demişdim, gəlməyiniz yaxşı oldu.
Ayla xanım məni şagirdlərinə tanıdır və davam edir:
- Hocam, bir məsələdə çox çətinlik çəkirəm.
- Nədə?
- Bu qəsəbədə yaşayanlar azərbaycanlılardı axı!
- Bəli, bilirəm…
- Uşaqlar yerli şivəylə danışırlar. Çox məşğul oluram, amma istədiyim kimi alınmır.

Sinifdəki sakitlik pozulur. Şagirdlərin gözü məndədi… Səslər ucalır…
Ayla xanımın incə, sərt səsi sinifdə əks-səda verir:
- Haydı baxaq! Həyat bilgisi kitablarınızı çıxardın! Yüz yetmiş üçüncü səhifəni açın! Açdınızmı?
- Bəəəli!
Həyat bilgisi kitabları açılır. Yüz yetmiş üçüncü səhifədəki mövzunun başlığı böyük hərflərlə yazılmışdır: SİNİFDƏ ƏMƏL OLUNMASI LAZIM GƏLƏN QAYDALAR…
Ayla xanım soruşur:
- Dünən bir tapşırıq vermişdim, yerinə yetirdinizmi?
Sanki tapşırığı hamısı yerinə yetirib, bir nəfər kimi cavab verirlər:
- Bəəəli!
Öz şagirdlərimdən bilirəm. Tək-tək yoxlasaq, ən azı yarısı tapşırığını yerinə yetirməyib. Lakin soruşanda böyük bir coşğuyla, “bəəəli”, deyirlər. Bu yaramazlar həmişə belədilər. Lazım olan şeyləri yerinə yetirməz, bir az qulaqardına vurarlar… Lazım olmayan şeyləri soruşsanız, ordan-burdan cavablandırarlar, amma mütləq yerinə yetirərlər…
Şagirdlərlə tanış oluruq. Bir-bir soruşuram:
- Sənin adın nədi?
- Zeynəb.
- Salatın.
- Cəmil…
Arxa sırada oturan şagird digərlərindən daha böyükdü. Gözlərinin içi gülür, növbəsinin çatmasını səbirsizliklə gözləyir. Göz-gözə gələndə hələ soruşmamış bir əsgər ədəb-ərkanıyla bərkdən adını söyləyir:
- Mənim adım Mirəli!
- Nə?
- Mirəli!
Ayla Xanımın qaşları çatılır, qulağıma doğru əyilir.
- Hocam, məktəbə bir il kec gəlib, bir il də sinifdə qalıb. Əslində gərək indi dördüncü sinifdə olaydı. Oxumağı da o qədər yaxşı deyil. Adı Mir Əlidi. Burada Mirəli, deyirlər…
- Yaxşı, Mirəli!! Otur görək.
Mirəli daha nəsə demək, danışmaq istəyir, amma nə söyləyəcəyini unudur, dodağını dişləyib başını qaşıyır, gülür və birdən gözlərində yeni bir işıltı peyda olur.
- Atamın da adı Cəfərdi!
Ayla xanım sanki xəcalət çəkir, yalvarırmış kimi Mirəliyə baxır, susmasını, oturmasını işarə edir. Mirəli başını qaşıyıb yerində oturur…
Uşaqların qarşısına keçirəm, şagirdlərdən birinə mövzunun başlığını göstərirəm.
- Oxu, baxaq…
- Sinifdə əməl olunması lazım gələn qaydalay!
“R” hərfini söyləyə bilməyəndə yoldaşları gülür…
- Demək, sinifdə əməl olunması lazım gələn qaydalar var, eləmi?
- Bəəəli!!
- Baxaq görək sinifdə əməl olunması lazım gələn qaydalar hansılardı? Kim söyləyəcək?
Bir neçə barmaq havaya qalxır. Baxışlarım sinfi gəzir. Qapqara gözləri ışım-işım işıldayan uşağı qaldırıram:
- Sən söylə.
Uşaq yavaş-yavaş, birtəhər söyləyir.
- Sinfin divarlarını çirkləndirməməliyyiiik!
Sinfin divarlarına baxıram. Uşaqların boylarının çatdığı yerəcən ayaq izləri, palçıqdı… Uşaq bir xahiş kimi cavab verir, olsun, saçlarını oxşayıram:
- Afərin sənə, – deyirəm, – daha kim söyləyəcək?
Bu an bütün barmaqlar havaya qalxır. Səhv etdiyimi kec başa düşürəm, amma uşaqlara söz verməsəm olmaz.
- Sən söylə.
- Taxtanı da çirkləndirməməliyik.

- Masanı da…
- Sən söylə.
- Şüşələri qırmamalıyıq!
- Partaları da qırmamalıyıq.
- Şkafı da…
- Kitabları cırmamalıyıq.
- Dəftərimizi də…
Yazı taxtasını qaralamışdılar, taxta çirkliydi, müəllimin stolunun bir ayağı qırıqdı, şüşələrdən ikisi sınıqdı, dəftərlərin, kitabların kənarları cırıqdı…
Mirəlinin barmağı da qalxır. Ona yaxınlaşıram.
- Sən söylə, Mirəli.
Mirəli birdən susur, cavab verə bilmir, yenə nə söyləyəcəyini unudur.
İlk cavab verən şagirdin cavabını doğru kimi qəbul etdiyim üçün cavabların ardı-arası kəsilmir. Barmaqlar hamısı havadadı. Çarə nədi, bu dəfə iş-işdən keçib, hamısını dinləyirəm, ürəkləri istəyən kimi cavab verirlər.
- Etməməliyik, atmamalıyıq, tutmamalıyıq, qırmamalıyıq, tökməməliyik…
Mirəli yenə barmağını qaldırır. Söyləyəcəyini unutmamış qaldırmaq, nə söyləyir-söyləsin, onun verdiyi cavabı da doğru kimi qəbul etmək, sonra saçlarını oxşamaq, “afərin” demək istəyirəm. Arxa partaya qaçaraq çatıram:
- Hə, Mirəli, haydı, söylə görüm.
Mirəli başını qaşıyır, bir gözünü yumub yuxarı baxır. Bütün sinif onun cavabını gözləyir. Ayla xanım büruzə verməsə də mənim Mirəli ilə maraqlanmağımdan narahatdı, sıxılır.
Sükut hökm sürür…
- Hə, Mirəli, haydı söylə…
Mirəlinin birdən gözləri parıldayır. Ayla xanımın şagirdlərinə tərgitmək istədiyi şivə ilə cavab verir:
- Müəllim bizi döyəndə ürəyimizdə onu söyməməliyik!!!


Tarix: 08.06.2015 / 16:47 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: İmdat Avşar