beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uilyam Somerset Moyem. “Mister çoxbilmiş”

Uilyam Somerset Moyem. “Mister çoxbilmiş”
Maks Keladanı tanımazdan əvvəl ondan xoşum gəlməmişdi. Müharibə yenicə
qurtarmışdı deyə, okean laynerləri sərnişinlərlə dolu idi. Kayutlarda yer tapılmırdı.
Tanışlıqla iki nəfərlik kayutdan bir yataq yeri ala bilmişdim. Amma kayut yoldaşımın
adını öyrənəndə əsəbiləşdim. Yaxından tanımasam da, onun adından da, özündən də
zəhləm getdi. Lakin on dörd günü kayutda tək keçirmək də mümkün deyildi (San-
Fransiskodan Yokohamaya gedirdim). Əgər bu yol yoldaşımın adı Smit, yaxud Braun
olsaydı, bəlkə də daha az əsəbiləşərdim. Amma neyləməli?

Kayuta gələndə Mister Keladanın yük çantası artıq orada idi. Hətta çantanın da görünüşü
xoşuma gəlmədi. Onun üstünə çoxlu etiketlər yapışdırılmışdı. Çamadan-şkafı isə
həddindən artıq böyük idi. O hələ öz tualet əşyalarını yerbəyer etməmişdi. Öyrəndim ki,
o, məşhur mister Kotinin fabrikinə rəhbərlik edib. Sonra əlüzyuyanın yanında onun
ətirini, şampununu və saç kremini gördüm. Bütün bu gördüklərim və Mister Kelada mənə
heç xoş təsir bağışlamadı. Yolumu siqaret çəkmək üçün ayrılmış otaqdan saldım. Bir
büküm kart istədim və oynamağa başlayırdım ki, bir nəfər yaxınlaşdı və soruşdu ki,
mənim adımı səhv salmır ki…və s. və i.a.
- Mən Maks Keladayam, – deyə o, sıra ilə düzülmüş inci dişlərini göstərən təbəssümlə
gülümsədi və oturdu.
- Ah, bəli, biz sizinlə bir kayutdayıq.
- Yəqin ki, kiminlə otaq paylaşdığınızı bilmirdiniz. Amma mən eşidəndə ki, siz
ingilissiz, çox sevindim.
- Əlbəttə. Yəqin düşünmürsünüz ki, mən amerikalıya oxşayıram, hə? Britaniyalılar
tündməcaz olur, mən də beləyəm.
- Sübut edə bilərəm.
Mister Kelada portfelini açdı və pasportunu götürüb burnumun altında saymazyana
yelləməyə başladı. Bu adamda qəribə nə isə vardı. Kelada bəstəboy, sağlam bədənli
adamdı. Təmiz qırxılmış üzü qarayanız idi, iri burnu qarmağa oxşayırdı. Parlaq və sulu
gözləri vardı. O səlis danışırdı və tez-tez əl-qol atırdı. Inigilislərdə isə belə xüsusiyyətlər
yoxdur. Hiss etdim ki, bu Britaniya pasportunda saxtalıq var. Mister Kelada İngiltərədən
tamamilə uzaqda, mavi səma altında başqa bir ölkədə doğulub.
- Nə içəcəksiniz? – o soruşdu.
Ona şübhə ilə baxdım. Çünki gəmidə bütün spirtli içkilər qadağan olunmuşdu.
Sözün düzü, mən heç susayanda da bilmirəm ki, nəyi xoşlayıram – zəncəfil pivəsini
yoxsa limon şirəsini. Amma indi Mister Kelada şərqlilərə məxsus parıltılı bir təbəssümlə
mənə baxır və cavab gözləyirdi.
- Viski, sodalı su, spirtsiz Martini? Birini deyə bilərsən.
O, yan ciblərinin birindən kiçik bir şüşə çıxardıb stola qoydu. Mən Martini istədim, o,
ofisiantı çağırıb iki qədəh və bir stəkan da buz sifariş etdi.
- Çox yaxşı içkidir, – dedim.
- Hə, ondan burada boldur. Istədiyin qədər ala bilərsən.
Mister Kelada əsl heyvərə idi. O gah Nyu-Yorkdan, gah da San-Frasiskodan danışırdı. O
oyunları, şəkilləri və siyasəti müzakirə edirdi. Amma hər şeyə rəğmən, öz işinin
öhdəsindən asanlıqla gəlirdi. Mən lovğalanmağı xoşlamıram, amma bu yaraşıqlı, gəlmə
adam adımın qabağındakı “mister” sözünü götürüb məni elə-beləcə çağıranda qəzəb
hisslərimi cilovlaya bilmirdim. Mister Kelada bunun səbəbini açaraq “sadəcə olaraq
formallıqdan qaçdığını” deyirdi. Mən Mister Keladanı heç sevmirdim.
O çox ünsiyyətcil adam idi. Üç gün ərzində gəmidə hamını tanımışdı. O hər şeylə məşğul
olurdu. Gücünü sınayırdı, alış-verişə rəhbərlik edirdi. Gah qolf oyunlarında uduş üçün
pul toplayır, gah da konsertlər, bal-maskaradlar təşkil edirdi. O həmişə və hər yerdə
olurdu. Gəmidə ən çox nifrət edilən edilən adam o idi. Biz onu şax üzünə Mister
Çoxbilmiş çağırırdıq. O isə bunu kompliment kimi qəbul edirdi. O mübahisəni sevən
adam idi. Onunla razılaşmayanda, bunu şöhrətinə təhqir hesab edirdi, çünki o hər şeyi
hamıdan çox bilirdi. Onunla razılaşmayana qədər mövzu mənasız olsa belə, o söhbəti
bitirməzdi. Heç ağlına da gətirmirdi ki, o da səhv edə bilər. Yəqin o gənc olduğundan
belə fikirləşirdi.
Biz təzəcə tanış olduğumuz həkimlə eyni stol arxasında oturduq. Mister Kelada , əlbəttə,
yenə də öz işində idi. Orada oturmuş Ramsey adlı adam, həkim və mən həmişəki kimi
canımızı dişimizə tutub yenə onun sicillləmələrinə qulaq asırdıq.
Ramsey Koledə yerləşən Amerika Xidmət Konsulluğundan gəlmişdi. Xəsis olmasına
baxmayaraq, gəmidə Qərbdən olan ən yaxşı yol yoldaşı idi. O, işi ilə bağlı haradansa
qayıdarkən Nyu-Yorka da səfər etmişdi. Təbii ki, o bunu xanımının xoşuna gəlmək üçün
etmişdi. Çünki Missis Ramsey bir il idi ki, orada yaşayırdı. Missis Ramsey işi boş olan
gözəl əşyaya bənzəyirdi. O həmişə çox orijinal, həm də çox yüngül geyimlər geyinərdi.
Mən ona heç vaxt xüsusi diqqət yetirməmişdim. Onun davranışı hamı tərəfindən müsbət
qarşılanırdı və gəmidə ona ləyaqət simvolu kimi baxırdılar. Mən isə (bilmirəm niyə) tam
əksinə düşünürdüm.
Bir axşam yemək zamanı söhbət qiymətli daş-qaşlardan düşdü. Mirvarilərin yaranması,
mənşəyi haqqında maraqlı söhbət başlandı. Biri dedi ki, guya yaponlar fənd işlədərək
mirvari düzəldirlər. Həkim isə qeyd etdi ki, buna görə də onlar mirvarinin qiymətini aşağı
salırlar. Mirvarinin əsl qiyməti haqqında söhbət gedərkən Mister Kelada da adəti üzrə bu
mövzuda “fəaliyyət” göstərirdi. Kelada dedi ki, o, mirvarilər haqqında hər şeyi bilir.
Mister Ramsey isə onunla razılaşmadı. Cəmi beş dəqiqə sonra mövzu ətrafında söbət
qızışdı. Mən hələ Mister Keladanı indiki kimi belə alovlu nitqlərlə heyvərəlik edən
görməmişdim. Bir az keçmiş Ramsey ona nə isə dedi. O isə tez stolu taqqıldatdı və
qışqırdı:
- Yaxşı, mən nə danışdığımı bilmirəm, hə? Mən elə indi mirvari biznesinin daxilində baş
verənləri öyrənmək üçün Yaponiyaya gedə bilərəm. Mən biznesmenəm və burada elə bir
adam yoxdur ki, mirvarilər haqqında mənim qədər bilsin. Mən dünyadakı ən bahalı, ən
gözəl daş-qaşları tanıyıram. Bir sözlə, mənim mirvarilər haqqında bilmədiyim şey
yoxdur.
Mister Kelada biznesmen olduğunu ağzından qaçırmışdı. Bizim üçün isə bu tamamilə
yeni xəbər idi. Çünki o hələ nə ilə məşğul olduğunu heç kimə deməmişdi. Biz təkcə onu
öyrənə bilmişdik ki, o bir neşə ticarət səfərində Yaponiyada olub. Bu vaxt gözüm
Keladaya sataşdı. O stolun ətrafında dayanıb qalibanə və təntənəli görkəmlə bizə baxırdı.
Ramsey onunla razılaşmamışdı. Kelada dediklərini sübut etmək üçün fikirləşirdi, birdən
o, Missis Ramseyin taxdığı boyunbağını gördü. O boyunbağını göstərərək dedi:
- Siz məni sözlərimi təsdiq edin, Missis Ramsey. Hal-hazırda taxdığınız bu zəncir çox
bahalı və nadir daş-qaşla işlənib.
Missis Ramsey əvvəlki görkəmini qorumaq istəsə də, yanaqları azacıq allandı və astaca
zənciri paltarının altına sürüşdürdü. Ramsey qabağa əyildi, boyunbağıya diqqətlə
baxdıqdan sonra dedi:
- Missis Ramseyin boyunbağısı çox gözəldir, elə deyilmi?
- Mən bunu bir az əvvəl söyləmişdim, – Mister Kelada cavab verdi.
Bu əsl daş-qaşdır.
- Əlbəttə, mən bunu özüm almamışam. Amma mənim üçün maraqlıdır ki, boyunbağının
qiyməti neçəyədir?
- Ah, bilirsiniz, ticarətçilər onu on beş min dollara ala bilərlər. Amma bu boyunbağı Nyu-
Yorkdan alınıbsa, siz ona otuz min dollar ödəmiş olduğunuzu desəniz, heç də
təəccüblənmərəm.
Ramsey istehza ilə gülümsədi:
- Siz indi eşitdiyinizə təəccüblənəcəksiniz, Mister Kelada! Çünki xanımım bu
boyunbağını biz Nyu-Yorku tərk etməzdən bir gün əvvəl mağazadan cəmi-cümlətanı on
səkkiz dollara alıb.
Mister Kelada qəzəbləndi:
- Yalandır. Bu boyunbağı həqiqidir. Bir də ki, mən hələ bu gözəllikdə boyunbağı
görməmişəm.
- Mərc edərsiniz? Mən bu saxta zəncir üçün yüz dollardan mərc edirəm.
- Razıyam.
- Oh, Elmer, əmin olmadığın bir şey üçün mərc eləmə, – deyə Missis Ramseyin
dodaqlarından xəfif bir təbəssüm qopdu. Səsində isə incə bir etiraz duyulurdu.
- Mərcləşməyim? Mən bu azacıq pulu udmaq üçün bu işə milyonlarımı sərf edərəm və
lazım gəlsə boyunbağının həqiqiliyini yoxladaram.
- Axı necə yoxladacaqsan? İndi yalnız Mister Keladanın və mənim sözüm qarşı-
qarşıyadır. Burada başasının sözü keçmir.
- İcazə verin, boyunbağıya yaxından baxım. Əgər saxtadırsa, mən elə indi sizə
deyəcəyəm. Mən yüz dolları itirmək qorxusu ilə risk etməyi bacarıram.
- Çıxar onu, əzizim. Qoy bu centlemen ona istədiyi qədər baxsın.
Missis Ramsey bir anlığa tərəddüd etdi.
- Mən onu aça bilmərəm. Mister Kelada hər halda mənim bu xahişimi qəbul edər.
Elə bu an mən nəsə bir bədbəxtliyin baş verə biləcəyini duydum, amma deməyə söz
tapmadım.
Ramsey cəld yerindən qalxdı.
- Mən onu açaram.
O, boyunbağını Keladaya uzatdı, Kelada cibindən lupa çıxardı və zənciri diqqətlə
yoxlamağa başladı. Onun həyəcandan qaralmış bənizi az sonra qaydasına düşdü. Qələbə
sevincinə az qalmışdı. O, boyunbağını geri qaytardı. Elə danışmağa hazırlaşırdı ki,
qəfildən gözü Missis Ramseyə sataşdı. Missis qorxu dolu bərəlmiş gözlərlə Keladaya
baxdı. Bu baxışlarda ərinə deməməsi üçün yalvarışlar, ümidsiz xahişlər, müraciətlər
vardı. Hər şey Keladaya aydın oldu. Mən tez Mister Ramseyə baxdım. Yaxşı ki, o heç nə
başa düşməmişdi.
Mister Kelada bayaqdan yaranmış sükutu pozdu. Dərindən ah çəkdi. O, bir ticarətçi üçün
təhqir olsa da, məsələni öz xeyrinə həll etmədi. Bununla da o, mənim gözümdə ucaldı. O,
hörmətə və ehtirama layiq idi.
- Mən yanılmışam. Çox yaxşı oxşadıblar. Mən lupa ilə baxanda gördüm ki, həqiqi deyil.
Ümid edirəm ki, on səkkiz dollarlıq əşyanı qiymətli hesab etdiyim üçün sənət yoldaşlarım
məni qınamazlar. O çek kitabçasını açdı və yüz dollarlıq çek yazaraq Ramseyə uzatdı.
Ramsey çeki götürərkən dedi:
- Gənc dostum, bu sizə dərs olsun. Həmişə özünüzə çox güvənməyin!
Hiss etdim ki, qəzəbdən Keladanın əlləri əsir.
Bu gecəyə qədər hər şey çox gözəl və maraqlı keçirdi. Amma bu gecə mənim gördüyüm
ən gülməli mərc oyunu idi. Missis Ramsey isə bu gecə öz kayutuna şiddətli başağrısı ilə
qayıtdı.
Səhərisi gün mən üzümü qırxmaq üçün bir az erkən qalxdım. Kelada yatağında
uzanmışdı, siqaret çəkirdi.
Birdən yüngül taqqıltı səsi gəldi və qapının altından içəri bir konvert itələdilər. Qapnın
aşıb baxdım. Heç kim yox idi. Konverti qaldırdım və Maks Keladaya ünvanlandığını
gördüm. Göndərənin adı yazılmamışdı. Mən konverti ona uzatdım.
- Kimdəndir? – deyib konverti açdı. Ah, ilahi! O, bir kağız çıxardı, lakin bu, məktub
deyil, yüz dollarlıq çek idi! O, mənə baxdı və pörtdü.
- Necə fikirləşirsən qapıdan atılan bu pulla xanım öz borcunu qaytara bildimi?
Mən cavab verməyə macal tapmamış o, gülərək dedi:
- Heç kim keçmişinin üzə çıxmasını istəmir, çünki bu onun həyatını mənfi şəkildə
dəyişdirə bilər.
- Boyunbağı həqiqi idi?
- Əgər mən orada həqiqəti desəydim Ramseyin o gözəl xanımı bu ili əri ilə Nyu-Yorkda
keçirməyəcəkdi.
Bu andan etibarən mən Keladanı sevməyə bilməzdim. O, çek kitabçasını çıxardı və yüz
dollarlıq çeki ehtiyatla oraya qoydu. Bax belə!


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 544 Bölmə: Xarici Əsərlər