beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavka Frans Yuxu

Yozef K.yuxu görürdü:

Gözəl bir yay günü idi və K.gəzmək istiyirdi.Ancaq hec ikicə addım atmamış gördü ki, qəbristanlıqdadır. Burda yollar yaman çınqıllı idi. O, aşıb – daşan çayı keçən adamlar kimi səndirləyə - səndirləyə bu cığırların biri ilə irəlilədi. Gözü lap uzaqdan təzəcə qazılmış bir qəbri almışdı. İstəyirdi oraya getsin. Bu qəbir, elə bil onu özünə tərəf çəkirdi. K.–ya elə gəlirdi ki, ayaqlarından daş asılıb, yeyin yeriyə bilmir. Yan – yörədə dalğalanan bayraqlar hərdən qəbri K.-nın gözlərindən oğurlayırdı. Bu bayraqları tutanlar görünmürdü, ancaq adama elə gəlirdi ki, orda böyük izdiham var.

Baxışları yenə uzaqlarda idi. Birdən yolun qırağında bayaqkına oxşayan ayrı bir qəbir gördü. Az qalmışdı, onun yanından keçib getsin. K. kənardakı otluğa tullandı.Ayağının altında nəsə xışıldadı, o səndirlədi, qəbrin lap yanında dizi üstə çökdü. Burada iki kişi də var idi və əllərində başdaşı tutmuşdular. K.-nı görər-görməz onlar daşı torpağa sancdılar. Daş elə durdu ki, deyərdin, lap çoxdan burda imiş. Həmin anda kolluqdan üçüncü bir kişi çıxdı. K. o saat bildi ki, bu rəssamdır. Əynində təkcə bir şalvar və yaxası açıq köynək var idi. Başına məxmər kepka qoymuşdu. Əlində adicə qələm var idi, elə gələ-gələ də bu qələmlə havada nəsə yazırdı.....

Sonra da həmin qələmlə daşı yazmağa başladı. Daş çox uzun idi, əyilmək lazım deyildi. Ancaq o, qəbrin üstündəki təpəciyi ayaqlamamaq üçün əyilməli oldu. Beləliklə, rəssam barmaqlarının ucuna qalxıb sol əli ilə daşdan yapışdı. Əldən iti adama oxşayırdı, bu adicə qələmlə daşa qızıl hərflər həkk eləyirdi: “Burada....” hər hərf yaraşıqlı, oxunaqlı, dərin və bir də xalıs qızıldan idi. O, birinci sözü yazandan sonra çevrilib K.-ya baxdı. Gözləri ilə hərfləri yeyən K. kişiyə fikir vermirdi, elə hey daşa baxırdı. Kişi yenə yazmağa girişdi, ancaq nədənsə yaza bilmədi, sanki nəsə mane olurdu. Qələmi aşağı salıb K.-ya tərəf döndü. Nəhayət, K. da rəssama baxdı və gördü ki, o yaman pərt olub, ancaq açıb-ağarda bilmir. Onun əvvəlki həvəsi ölüb getmişdi. Birdən K. da pərt oldu. Çaşqın baxışlar tuşlaşdı. Araya dəhşətli bir anlaşılmazlıq girmişdi. Heç biri də ondan yaxa qurtara bilmirdi. Bu vaxt orkestrin başlaması da hec yerinə düşmədi və rəssam əlini göyə qaldıran kimi səsini kəsdi. Bir az keçməmiş yenə başladı. Bu dəfə lap alçaqdan, ara verə-verə çalırdı. Sanki alətləri kökləyirdilər. K.-nın rəssama yaman yazığı gəldi və ona görə də ağlamağa başladı, əlləri ilə üzünü örtərək yanıqlı-yanıqlı hıcqırdı. Rəssam, K. sakitləşənə kimi gözlədi, başqa çıxış yolunun olmadığını görüb, yenidən yazmağa başladı. Onun cızdığı ilk xətt K.-nı sakitləşdirdi. Ancaq hiss olunurdu ki, rəssam çox könülsüz yazır. Hərf əvvəlki kimi gözəl deyildi, bu bir yana, hec qızıl da deyildi, güclə oxunurdu, ancaq yaman iri idi. Bu, “Y” hərfi idi, demək olar ki, yazılıb qurtarmışdı. Rəssam birdən hirslənərək bir ayağı ilə qəbrin üstünə çıxdı. Torpaq yarıldı. Axır ki K. onu başa düşdü. Ancaq üzr istəmək gec idi. Rəssam bütün barmaqları ilə torpağı eşirdi və torpaq da buna bənd imiş kimi ovulub gedirdi. Elə bil hər şey əvvəlcədən hazırlanmışdı. Sanki üzdən bircə lay torpaq qoymuşdular. Bu layın altında dərin, maili bir quyu var idi. Elə bil xəfif bir meh K.-nı itələyib bu quyuya saldı. K.aşağıda - onu udmuş ucsuz-bucaqsız dərinlikdə başını qaldıranda, yuxarıda – daşın üstündə iri, bər-bəzəkli hərflərlə onun adı həkk olunurdu...

Bu yuxudan məst olmuş K. oyandı...


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 214 Bölmə: Xarici Əsərlər