Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Markes Qabriel Qarsia Isabel Makondada Yağışa Baxı

Bazar günü, ibadətdən sonra hava birdən-birə dəyişdi. Gecə bürkü idi. Hətta səhər tezdən heç kəsin ağlına gəlməzdi ki, bu gün yağış yağa bilər. Biz - qadınlar kilsədən çıxmağa macal tapmamış, qara yel qopdu və bir anın içində toz-torpağı göyə sovurdu. Yanımda kimsə:

- Yağış yağacaq, - dedi.

Bunu mən artıq bilirdim. Kilsədən çıxhaçıxda içimdə duyduğum qəribə bir soyuqdan bütün bədənim əsdi. Kişilər bir əli sombrerolarında, bir əli üzlərini örtən yaylıqda yaxınlıqdakı evlərə tələsdilər. Sonra selləmə yağış tökdü və bomboz, həlməşik səma lap aşağıda, az qala başımızın üstündə yırğalandı.

Günün qalan hissəsini analığımla eyvanda keçirdik. Neçə ay yayın bürküsündən, toz-torpağından əziyyət çəkmiş dibçək güllərinin yağışdan cana gələcəyini fikirləşib, sevinirdik.

Günortaya yaxm torpağın parıltısı itdi, güllərin və adama gümrahlıq gətirən yağışın qoxusu yumşalmış torpağın, dirçəlmiş bitkilərin ətrinə qarışdı.

Nahar vaxtı atam dedi:

- Yayda yağış yağırsa, quraqlıq olmayacaq.

Analığım ilin yeni fəslinin şüasına oxşayan təbəssümlə dedi:

-Moizə vaxtı elə bunu deyirdilər.

Atam gülümsədi və iştahla yeməyə başladı, hətta bir müddət bizimlə eyvanda oturdu, görünür, kefi kök idi, gözləri yumulu oturmuşdu, amma yatmamışdı.

Yağış bütün günü ara vermədən yağdı, nə gücləndi, nə zəiflədi - elə bir qabda tökdü. Yağışın səsi yeksənəq və sakit idi, elə bil, bütün günü qatarda yol gedirdik, amma yağışın duyğularımıza hopduğunu heç birimiz hiss eləmirdik.

Bazar ertəsi səhər tezdən sümüyə işləyən soyuğu hiss edib, qapıru örtəndə, yağış artıq öz işini görmüşdü, elə bil yağış içimizə yağırdı, bütün duyğularımız ağzmacan yağışla dolmuşdu və aşıb-daşmağa başlamışdı. Analığımla eyvanda oturub, yenə bağa baxırdıq. Bağın boz, bərk torpağı bir gecənin içində paltar sabununa oxşayan qara və yapışqanlı palçığa dönmüşdü, gül dibçəklərinin arasıyla bulanıq iti arxlar axırdı. Analığım:

- Axır ki, doyunca su içdlər, - dedi.

Artıq o, gülümsəmirdi, dünənki gümrahlığını yorğun bir ciddilik əvəz etmişdi.

-Doydular da sözdü, - cavab verdim,

- işçilərə demək lazımdı ki, gülləri dəhlizə yığsınlar, yağış kəsənəcən orda qalsa, yaxşıdı.

Belə də elədilər, yağış isə böyüyürdü, bütün ağaclardan da iri bir ağac kimi böyüyürdü. Atam bazar günü dincəldiyi yerdə oturmuşdu, amma yağış barədə bir kəlmə də kəsmədi, elə bircə bunu dedi:

- Gecəni çox pis yatmışam, sahərə yaxın belimdəki ağrıdan oyandım.

Və beləcə ayaqları stolun üstündə, üzü bağa sarı kirimişcə oturduğu yerdəcə qaldı, yalnız bircə kərə ağzını açıb:

- Deyəsən, bu yağış heç vaxt kəsməyəcək, - dedi.

Mən isti ayları xatırladım, avqust ayını, günortanın sonu görünməyən donuqluğu xatırladım, onda biz çox ləng ötən vaxtın ağırlığı altında can verməkdəydik, paltarımız tərli bədənimizə yapışmışdı, bayırda isə həmin o sonsuz vaxtın boğuq, zəhlətökən uğultusu eşidilirdi. Mən divarlara baxırdım, taxtaların arasındakı deşiklər bir az da böyümüşdü. Kiçik bağımıza, anamdan qalan yasəmən kollarına baxırdım. Yelləncəkdə oturub, yastığa söykənmiş atama, onun yağışın toranında azmış qüssəli gözlərinə baxırdım. Mən təzədən avqust gecələrini, illər boyu paslı, yağlanmamış oxu ətrafında fırlanan planetin uğultudan savayı, heç nə eşidilməyən möcüzələrlə dolu səssizliyini xatirladım. Qəfildən bütün varlığını dözülməz kədər bürüdü.

Bazar ertəsi də yağış ara vermədən yağdı. Sonra mənə elə gəldi ki, yağış nə isə başqa cürdü, dünənki yağışdan büsbütün seçilir. Çünki qəlbimdə anlaşılmaz və çox acı hisslər baş qaldırmışdı. Mən axşam eyvanda oturmuşdum, qəfildən yanımda kimsə:

-Necə də kədərli yağışdı, - dedi.

Mən səs gələn tərəfə baxmasam da, başa düşdüm ki, bu Martindi. O, yanımda oturub, uzaq, tutqun bir dekabr səhərində ərim olduqdan sonra da dəyişməmiş soyuq və laqeyd səslə danışırdı. O vaxtdan xeyli keçmişdi, mən artıq boylu idim və Martin yanımda oturub, həmin o laqeyd səslə yağışın ona qüssə gətirdiyindən gileylənirdi.

-Amma mənim fikrimcə, yağış qüssəli deyil. Adamı sıxan bu boş bağ, bir də bu bədbəxt ağaclardı ki, heç yerə gedə bilmir.

Bunu deyib, Martinə baxmaq istədim, ancaq o, artıq yox idi, yerində güclə eşidiləcək bir səs qalmışdı:

- Görünür, bu yağış ömür-billah bizdən əl çəkməyəcək.

Çərşənbə axşamı, səhər tezdən bağda bir inək gördük. Dizəcən palçığın içində, başını aşağı dikib durmuşdu və bu sərt, inadkar donuqluğu ilə gildən yoğrulmuş kiçik təpəyə oxşayırdı. İşçilər onu daşa basdılar, ağacla döydülər, ancaq inək yerindən tərpənmədi, ayaqları palçıqda, yekə başına yağış döyə-döyə alınmıış qala kimi dayanıb durmuşdu, heç səsini də çıxarmırdı, amma işçilər də onu dinc buraxmırdılar, axırda atamın səbri tükəndi:

- Əl çəkin ondan, - dedi, - özü necə gəlib, elə də çıxıb gedəcək, əl çəkin ondan.
Günortadan sonra nəmişlik artdı, rütubətin çoxluğundan nəfəs almaq olmurdu, ürəyimiz sıxılırdı. Sübh çağının təmiz havası çox tez boğanaq bürküyə çevrildi. Havanın hərarəti nə çox yuxarı, nə çox aşağıydı, əsl qızdırma havasıydı. Ayağımız tərləyirdi. Bilmək olmurdu ki, dəri açıq qalanda pisdi, ya paltara toxunanda. Bütün ev nəfəsini qısıb susmuşdu. Biz eyvanda oturmuşduq, artıq nə yağışa baxırdıq, nə suyun səsini dinləyirdik. Dumanda qaralan ağaclardan savayı heç nə görmürdük. Bu çarəsiz, cansıxıcı axşam yuxuda bir adamı görüb, ayıldıqdan sonra dodaqlarımda duyduğum dad kimiydi, baş açmaq olmurdu ki, nə tamdı belə. Mən bilirdim ki, bu gün çərşənbə axşamıdı, ona görə Müqəddəs Iyeronim yetimxanasındakı kor, əkiz bacıları xatırladım. Onlar hər həftə bizə mahnı oxumağa gəlirdilər. Yağış şırıltısı içindən sanki bacıların bir möcüzə duyulan səslə oxuduqlan kədərli mahnılarını eşidirdim və düşünürdüm ki, indi onlar yetimxanada oturub, səbrsizliklə yağışın kəsilməsini gözləyirlər ki, gəlib öz mahnılarını oxusunlar. Bu gün əkizlər gəlməyəcəklər, deyə düşünürdüm, hər çərşənbə axşamı nanə budağı istəməyə gələn dilənçi qızı da görməyəcəyəm.

Bu gün yeməklərin qaydası da pozulmuşdu. Günorta analığım hərəmizə bir qab şorba ilə bir tikə kiflənmiş çörək verdi. Bazar ertəsindən bəri heç nə yeməmişdik. Yağış bizi elə ovsunlayıb, təbdən çıxarmışdı ki, təbiətin dərinliyinə müticəsinə tabe olduq. İnək yalnız axşamüstü yerindən tərpəndi, qəfildən onun içindən boğuq böyürtü qopdu, ayaqları bir az da zığın içinə batdı. Sonra o təzədən donub, yerində qaldı, deyəsən, artıq ölmüşdü, yalnız diri qalmağa, uzun müddət yağışın altında durmağa vərdiş etdiyi üçün yarım saata qədər beləcə ayaq üstə qaldı, axırda bədəninin ağırlığı bu vərdişi üstələdi, qabaq ayaqları büdrədi, qatlandı (qaramtıl, işıldayan sağrısını son cəhddə yuxarı qaldırmışdı), tüpürcəkli ağzı palçığın içinə quylandı və inək sanki ölüm mərasiminin ləyaqətini başa düşürmüş kimi, bədəninin ağırlığına tabe olaraq, ağır-ağır, səssizcə yerə çökdü.

- Gör bir başımıza nələr gəlir, - deyə kimsə arxadan dilləndi.

Mən geri qanrılıb, astanada durmuş dilənçi qızı gördüm. Yağışa baxmayaraq, o, adəti üzrə nanə budağı istəməyə gəlmişdi.

Qonaq otağına girəndə, üstünə mebel qalanmış körpücüyü görməsəydim, bəlkə də artıq çərşənbə axşamı bu üzücü dəhşətə birtəhər öyrəşərdim. Lakin qarşımda açılmış mənzərə məndə tükürpədən boşluq hissi doğurdu. Bu gecə nə isə baş vermişdi. Ev alt-üst olmuşdu, qurşagacan soyunmuş, şalvarını dizəcən qatlamış ayaqyalın işçilər mebeli yemək otağına daşıyırdılar. Onların sifətində, canfəşanlığında yağışa müti itaət hiss oulnurdu. Mən boş-boşuna otaqları gəzirdim. Mənə elə gəlirdi ki, üstünü mamır, şibyə, yapışqanlı göbələklər basmış sulu-sucaqlı, çox qüssəli bir çəmənəm. Mən qonaq otağında dayanıb, bu ürək sıxan mənzərəyə tamaşa eləyirdim ki, analığımın səsini eşitdim: «Qızım, sətəlcəm olarsan». Baxıb gördüm ki, ayaqlarım suyun içindədi. Bütün otağı su basıb, döşəmə suvaşqanlı, durğun su ilə örtülüb.

Günorta hava təzəcə işıqlanırdı, saat üçə yaxın isə yağışın aram, yeknəsəq və aramsız ritmi altında ətrafa yenidən xəstə və erkən qaranlıq çökdü. Divar boyu düzülmüş stullarda ayaqlarını yığaraq fağır-fağır əyləşmiş işçilərin lal-dinməzliyindən sakit və kədərli alatoranlıq doğdu. Elə bu vaxt küçədən xəbərlər gəlməyə başladı. Onlan evə gətirən yox idi - özləri gəlirdilər. Bir-birinə oxşamayan bu xəbərləri sakit lehmə palçıqlı küçələrdən yığıb-yığışdırıb, evə gətirirdi. Bazar günü baş vermiş hadisələri yalnız cümə axşamı öyrənə bildik, demə, su kilsənin içinə dolubmuş, kilsə təhlükə altındadı və hər an uça bilər. Axşamüstü kimsə:

-İki gündü qatar körpüdən keçə bilmir, - dedi.

- Görünür, çay relsləri yuyub aparıb.

Sonra eşitdim ki, xəstə bir qadın yorğan-döşəyin içindən yoxa çıxıb, yalnız bu gün tapılıb, meyit suyun içində üzürmüş.

Bütün varlığımı bürümüş dəhşət və ara verməyən yağış sanki məni ovsunlamışdı. Ayaqlarını altına yığaraq yelləncək-kresloda oturub, gözlərini qeyri-müəyyən qorxularla dolu, nəm zülmətə dikmişdim. Elə bu vaxt qapının ağzında analığım göründü, başını dimdik tutaraq, əlindəki lampanı qabağa uzatmışdı, elə nəyisə axtarırdı. O, çox tanış bir ruha oxşayırdı, lakin bu ruh məndə heç bir qorxu doğurmurdu, çünki onun bu fövqəl təbiiliyinə mən də şərik idim. Beləcə əlində lampa, başını dik tutaraq, suyu şappıldada-şappıldada mənə yaxınlaşdı:

-Duaelə!-dedi.

Onun quruyub qaxaca dönmüş sifəti çat-çat idi, elə bil, indicə xortlayıb, qəbirdən çıxmışdı. Bir əlində lampa, o biri əlində təsbeh qarşında dayanıb:

- Dua etmək lazımdı, - deyirdi.

- Su qəbirləri yuyub aparıb, biçarə ölülər qəbiristanlıqda üzürlər.

Həmin gecəni səksəkəli yatdım. Gecənin bir aləmində kəskin bir iy məni yuxudan oyatdı -adətən belə iy çürümüş cəsəddən, meyitdən gəlir. Yanımda xoruldayan Martini silkələməyə başladım:

- Hiss eləyirsən?

O, yuxulu-yuxulu soruşdu:

-Nəyi?

-İyi, - dedim, - meyitlər küçələrdə üzürlər.

Bu fikir məni dəhşətə gətirdi, lakin Martin arxasını mənə çevirərək xışıltılı və laqeyd səslə:

- Sənallah, qoy yataq, - dedi.

-Deyəsən, səni qara basır.

Cümə axşamı üfunət iyi çəkilib getdi, onunla birlikdə məsafə duyğusu da itdi, cümə axşamı yox idi, onun yerinə nə isə qismən duyulan, həlməşik, qeyri-müəyyən bir şey vardı ki, gərək onu əllərinlə aralayıb, cümə gününü görəydin. Qadınlar və kişilər arasındakı fərq də itib yoxa çıxdı. Atam, analığım, fəhlələr şişib-şişib tuluğa dönmüşdülər, özü də elə bil, yerimirdilər, bataqlıqda yırğalanırdılar.

Atam dedi:

- Mən qayıdanacan yerindən tərpənmə, gəlib hər şeyi danışaram.

O, yanımda durub danışsa da, səsi elə bil, çox uzaqlardan gəlirdi, səsin özündə də aydınlıq yox idi, sanki bu səsi qulağımla deyil, toxunub-dəyməklə qavrayırdım, çünki bütün duyğular yoxa çıxmışdı, yalnız toxunduğuna inana bilərdin.

Lakin atam qayıtmadı, o, vaxtın içində itib, yoxa çıxdı. Gecə düşəndə, analığımı çağırıb, xahiş elədim ki, məni yataq otağına aparsın. Gecəni yaxşı yatdım. Ertəsi gün hər şey olduğu kimi qalmışdı; rəngsiz, hərarətsiz. Yuxudan oyanan kimi, qalxıb çarpayıda oturdum, yerimdəcə donub qaldım: elə bil, nə isə mənə şüurumun hansı bir hissəsininsə hələ oyaranadığını deyirdi.

Qəfildən mən yağışın əlindən baş götürüb qaçan qatarın uzun və kədərli fitini eşitdim. Düşündüm ki, yəqin hardasa yağış kəsib. Arxamda kimsə fikrimi oxuyurmuş kimi:

-Hardasa...-dedi.

Diksindim: «Kimdi bu?»

Dönüb arxaya baxanda, analığımı gördüm. O, sümükləri çıxmış əli ilə divarın o tayını göstərirdi.

-Eşitdin? - deyə soruşdum.

O, cavab verdi ki, bəli, eşidib, görünür, hardasa yağış kəsib, dəmiryol xəttini təmir ediblər. Sonra səhər yeməyi olan məcməyini mənə uzatdı. Yeməkdən sarımsaq və inək yağının iyi gəlirdi. Şorba idi. Özümü itirərək soruşdum ki, saat neçədi. Analığım sakit, yorğun bir səslə, -üçün yarısı olar, - dedi. İndicə qatar keçdi, yağışa baxmayaraq, yubanmır.

Mən təəccübləndim:

-Necə üçün yarısı olar?

Yəni mən bu qədər yatmışam?
Analığım dedi:

Sən lap az yatmısan, indi saat ancaq üç olar.

-Bəyəm, bu gün cümə deyil?
Analığım sakit, çox sakit bir səslə:

-Bu gün cümə axşamıdı, qızım, - dedi.

- Vur - tut cümə axşamıdı.

Bu yanyuxulu vəziyyətdə nə qədər qaldığımı bilmirəm, çünki bütün duyğular korlaşmışdı, heç nə hiss eləmirdim, yalnız haçandan-haçana qonşu otaqdan səs eşitdim:

-Çarpayını öz yerinə qaytara bilərsən.

Səsdən yorğunluq yağsa da, bu, xəstə deyil, sağalmaqda olan adamın səsi idi. Sonra mən nəyinsə kərpic döşəmənin üzərilə sürüldüyünü eşitdim. Bütün bədənim yay kimi gərilmişdi, yalnız bir müddətdən sonra çarpayıda uzanmış olduğumu başa düşdüm. Yavaş-yavaş özümə gəlirdim: əvvəl sonsuz boşluğu, sonra evin titrək və çılğın sükutunu, ətrafımdakı bütün əşyaların hədsiz donuqluğunu hiss etdim. «Olmüşəm", - deyə düşünürdüm, ilahi, mən ölmüşəm! Yatağımdan sıçrayaraq qışqırdım:

-Ata, Ata!

Yanımdan Martintn laqeyd səsi gəldi:

-Səni eşidən olmay acaq

- evdə heç kəs yoxdu, hamı çıxıb gedib.
Yalnız bundan sonra yağışın artıq kəsdiyini,ətrafa dərin və əsrarəngiz sükut çökdüyünü başa düşdüm. Eyvandan ayaq tappıltısı gəldi, həyat dolu səs eşidildi. Sərin meh astaca qapını itələdi, qıfılı cırmaqladı, sonra bərk bir şey şappıltıyla hovuzun içinə düşdü, görünür, yetişmiş meyvə idi. Hava da nə isə qaranlıqda durub gülümsəyən canlının varlığından xəbər verirdi.

Mən bir-birinə qarışmış günlərin, saatların içində azaraq düşünürdüm: «İlahi, əgər indi məni ötən bazar günü ibadətinə çağırsaydılar, zərrə qədər təəccüblənməzdim».


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 558 Bölmə: Xarici Əsərlər
loading...