beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İblislə Sövdələşmə-Mark Tven

İblislə sövdələşmə-Mark Tven
Belə bir şəraitdə qəlbimi İblisə satmaq qərarına gəldim – polad səhmlərinin məzənnəsi düşmüş, digər səhmlərin də vəziyyəti ürəkaçan deyildi, etibarlı müəssisələr də iflasa uğrayırdılar. Nə qədər ki, əlimdə bir miqdar sərvətim var, tez bir zamanda onu dövriyyəyə buraxıb kapital toplamaq lazım idi. Çox yubanmadan yerli dəllallardan biri cənab N.-ə təklif edilən məhsulun və onun hansı vəziyyətdə olmasını ətraflı təsvir edən məktub yolladım. İblislə görüş gecikmədən tez bir zamanda təşkil edildi. Müqavilə bağlandığı təqdirdə dəllal 2,5 % komisyon haqqı alacaqdı. Düşüncələrə dalmış vəziyyətdə qaranlıq otaqda əyləşib İblisin yolunu gözləyirdim. Elə sükut hökm sürürdü ki, milçək uçsaydı vızıltısı eşidilərdi. Budur, uzaqdan güclə eşidilən qalın kilsə zənglərinin səsi gecəyarısının düşməsindən xəbər verir: bom-m, bom-m. Ayağa qalxıb daxilən özümü qonağın qulaqbatırıcı gurultu və kükürd iyi ilə müşaiyət edilən gəlişinə hazırlayıram. Lakin nə gurultu qopdu, nə də kükürd iyi gəldi. Bağlı qapının arasından sakitcə içəri keçən müasir görünüşlü İblis səhnədə görməyə adət etdiyimiz görkəmdə idi – hündür, qədd-qamətli, yüngül yerişli, əynində bədəni saran triko, böyründə şpaqa, çiyinlərə atılmış enli qısa plaş, üzərinə başı aşağı əyilmiş lələk sancılan qoçaqcasına şaxı sındırılmış şlyapa, ağıllı üzündə incə mefistofelvari istehzalı təbəssüm. Ancaq nə od tutub yanır, nə də tunc kimi qıpqırmızı rəngdəydi, qətiyyən! Nəsə möhkəm közərdilmiş məşələ, dirəyə, ya da kölgə kimi yaşıl çalara malik bəyaz alov rəngli sütuna bənzəyirdi. O, ayın buludsuz səmada yüksəkdə durduğu zaman tropik dənizinin ləpələrlə örtülmüş səthi kimi gümüşü şölə saçırdı.İblis sol əlini şpaqanın qəbzəsinə qoyub, sağ əli ilə də şlyapasını çıxardı və yüngül hərəkətlə havada yarımdairə cızıb nəzakətlə məni salamladı. Biz əyləşdik. Ah, o, möcüzəvi şöləsi ilə necə də göz oxşayırdı, yeni rəng seçimi ona necə də yaraşırdı! O, deyəsən, işığından aydınlanan üzümdə heyranlığımı oxudu, ancaq tükünü belə tərpətmədi. Görünür, onunla bu sayaq sövdələşmələr aparan xristianlarda qoyduğu təsirlərə çoxdan öyrəşmişdi.…Yarım saat ərzində isti punş qədəhlərinin boşaldılması, hava haqqında söhbətlər, tez-tez tərəfimdən atılan atmacalar və qonağımın: “ Xeyr, bu qiymətə çox güman ki, imkanım çatmayacaq” tipli cavabları utancaqlığımı dəf etməyə yardımçı oldu. Özümü tamamilə ələ aldım, hətta məni dinc qoymayan, maraqlandıran suallara cavab axtarmağa cəsarət etdim. Öncə onun təsəvvürümüzdəki görkəmi ilə uyğunsuzluğunu təəccüblə qeyd edib nədən hazırlandığını soruşdum. İblis sualımdan incimədi, səmimi və sadə bir cavab verdi: — Radiumdan. — Aha, bəs belə de! Onda hər şey aydındır! – ucadan dedim. Həqiqətən də bu cür göz oxşayan işığa heç yerdə rast gəlməmişdim. Cansız, soyuq elektriklə müqayisəyə belə gəlməzdir. — Deməli, əlahəzrət, sizin çəkiniz hardasa… hardasa… — Mənim boyum altı fut bir düymdur, ətdən-qandan təşkil olunsaydım iki yüz on beş funt çəkim olardı. Ancaq radium da digər metallar kimi ağırdır, deməli, bu hesabla doqquz yüz funtdan artıq olaram. Acgözlüklə gözlərimi ona zillədim: var-dövlətə bax! Gör, nə qədər radium ehtiyatı var! Doqquz yüz funt, – deyək, hər funta üç milyon, – bu eləyir… bu eləyir… Və bu an qızışmış beynimdə hiyləgər fikir doğdu.İblis qəhqəhə çəkdi: — Mən sizin fikrinizi oxudum! İblisin özünü oğurlayıb səhmdar cəmiyyət yaratmaq, əsas kapitalın dəyərini üç dəfə aşan – hərəsi on milyard dollar dəyərində səhmlər çıxarıb dünya bazarını doldurmaq. Necə də yaradıcı! Necə də orijinal! Yanaqlarım elə pörtdü ki, ətrafımızı saran gümüşü işıq moruq rəngli dumana çevrildi - o dumana ki, qürub çağı günbəzləri, Florensiyanın qalalarını bürüyür və tamaşası ürəyi məstedici sevinclə doldurur. İblisin mənə rəhmi gəldi, qəlbimə toxtaqlıq verərək tam ciddiyyətlə, səmimi şəkildə danışmağa başladı. Belə ki, azacıq da olsa sakitləşib göstərdiyi alicənablığa görə minnətdarlıq etdim. Cavabında dedi: — Xoş sözləriniz hədər getmədi. Lütfkarlığınıza eyni addım atmaqla qarşılıq verirəm. Bilirsiniz, uzun əsrlər boyu yazıq, bədbəxt insan nəsli içərisində yeganə şəxssiniz ki, necə bir qiymətli xammaldan hazırlandığımı dərk edirsiniz. Təvazökarlıqla gözlərimi aşağı dikdim, ancaq içimdə tərifin verdiyi həzzdən dərimə sığmırdım. — Bəli, siz, ilk olaraq anladınız, – İblis davam edirdi. – Bütün orta əsrlər ərzində mən xristian qəlblərini ağla sığmayan qiymətə alırdım. Bir gecəyə körpülər salır, kilsələr ucaldırdım, demək olar ki, hər dəfəsində ruhani rütbəli şəxslə sövdələşmədə aldadılır, ayağıma papış tikilirdi – bunu tarix təsdiq edir. Ancaq zaman-zaman vicdanlı insanların hesabına uduzduqlarımı geri qaytarırdım – bunu özüm təsdiq edirəm. Lakin heç kəs bu günəcən başa düşmədi ki, həqiqətən nəyin hesabına varlanmaq olar. Siz birincisiniz! Mən yenidən qədəhi doldurub ona bir siqar təklif etdim. O, uzun müddət siqarı nəzərdən keçirib soruşdu: — Buna nə qədər pul xərcləyirsiniz? — Bir ədədinə iki sent. Əgər qutu ilə alırsansa ucuz başa gəlir. O siqarı diqqətlə nəzərdən keçirə-keçirə qeydlərini pıçıldayır, görünür, nəyisə anlamağa çalışırdı. — Tünd rəngli, nahamar, xırçıltılı, qeyri-düzgün formalı, ağac qabığı kimi qırışıq, bəzi yerlərdə quru yarpaq möhkəmcə sarınır, – bir sözlə, bazar günü səhərlər cəhənnəmdə hər bir otağın qapısının önünə qoyulan başmaqların yanmış dərisini xatırladır.İblis ata yurdu yadına düşər-düşməz dərindən ah çəkdi. Bir dəqiqə susqunluqdan sonra ədəblə xahiş etdi: — Zəhmət olmasa, məharətlə düzəldilmiş bu qurğu barədə mənə məlumat verin. — Bu ixtiranın sahibi məşhur italiyalı dövlət xadimi Kamillo Kavurdur. Bir dəfə başı çalışmalara bərk qarışdığı yerdə siqarı yandırıb kənara qoyur və yadından çıxarır. Siqar mürəkkəb qabına düşüb islanır. Bunu görən Kavur qurutmaq üçün onu sobanın yanına qoyur. Yenidən yandırıb çəkəndə, hiss edir ki, siqar xüsusi bir dad qazanıb. Onda o… — Bəs o, məlumat verib ki, siqarın əvvəlki dadı necə olub? — Deyəsən, yox. Hər ehtimala qarşı o, ölkənin baş kimyaçısını çağırıb yeni dadın nə cür yarandığını aydınlaşdırmağı tapşırır. Kimyaçı lazımı araşdırmaları aparıb sonda yekun nəticəyə gəlir – siqar xüsusi dad verən dəmir kuporos və sirkə birləşməsidir, bu da hər bir mürəkkəbin tərkib hissəsini təşkil edir. Kavur ölkə maliyyəsinin artımının qayğıkeşi qismində yeni növ siqarların yaradılmasına əmr verir. O gündən etibarən bu növ siqarlar satışa çıxarılmamışdan öncə mürəkkəb fabrikində emal edilir ki, təsiri qəribə şəkildə həm mürəkkəb, həm də siqarlarda özünü göstərir. Əlahəzrət, “Kavur” növünün yaranma tarixini danışdım, bunlar hamısı həqiqətdir, zərrə qədər də uydurma yoxdur. İblis hədiyyəni qəbul edib şəhadət barmağı ilə siqarın ucuna toxundu. Təmasdan siqarın ucu alışdı və tüstüləməyə başladı. Ancaq çəkmədi, yəqin fikrindən vaz keçdi. Siqarı masanın üzərinə qoyub fövqəladə nəzakətlə müraciət etdi: — İzninizlə, hədiyyənizi Volter üçün saxlayım.Son dərəcə sevinib qürur duydum: eybi yox, qoy, bu cür cüzi, əhəmiyyətsiz şey vasitəsilə böyük insanla aramızda bağlılıq qurulsun. Qoy, adımın qulağına yetişməsi bu cür xırda səbəbdən asılı olsun (xatırlanmağım barədə isə qətiyyən şübhə etmirdim). Tələ*** əlliyə yaxın siqar çıxarıb İblisə təqdim etməyə çalışdım ki, onları digər vəfat etmiş dahilərə paylasın – Höteyə, Homerə, Sokrata, Konfutsiyə, – lakin İblis hədiyyəmdən imtina etdi, izah kimi həmin insanlarla heç bir əlaqəsinin olmadığını vurğuladı. Davamında yenidən keçmiş haqda xatirələrə qapıldı, nəhayət bir qədər sonra dilləndi: — O zaman heç kəs radium barədə eşitməmişdi. Eşitsəydilər belə guya nə edəcəkdilər? Bəşəriyyət iyirmi milyon il ərzində, ta ki, yeni dövrü müjdələyən XIX əsr – maşın və buxar əsri qapını döyənə qədər radiumun mövcudluğundan xəbərsiz yaşayıb. Fəqət yeni əsr bir neçə il öncə meydana daxil olub. XIX əsr möhtəşəm əsr olub, ancaq onun əzəməti XX əsrlə müqayisədə uşaq əyləncəsindən başqa bir şey deyil. Nə üçün belə düşündüyünü soruşdum, məni başa saldı: — İş də ondadır ki, enerji çox bahadır, hər bir şey də enerji vasitəsilə hərəkət edir – paraxodlar, lokomotivlər, istisnasız olaraq hər şey. Kömür – budur yeganə əngəl! Kömürü əldə etmək gərəkir, onsuz nə buxar mövcuddur, nə də elektrik, həmçinin itkilər də böyükdür: kömür yandırıldıqdan sonra qalıq saxlamır. Radium – bax, bu başqa məsələ! Mənim doqquz yüz funt çəkimlə bütün dünyanı qızdıra, işıqla təmin edə, gəmilərə, dəzgahlara, dəmir yollarına enerji verə bilərik, əvəzində beş funt radium da bizə bəs edər. O zaman… — Əzizim, götürün, bu da qəlbim, ləngimədən şirkətin əsasını qoyaq!İblis yaşımı soruşdu. Altmış səkkizinci ilimə qədəm qoyduğumu öyrənib nəzakətlə təklifimdən yayındı, ehtimal ki, özünün aşkar üstünlüyünü gözə çarpdırmamaq qərarına gəldi. Sonra radiumu tərifləməyə davam etdi: onda toplanmış hərarət öz çəkisini iyirmi dörd dəfə aşan buz parçasını sutka ərzində əritməyə qadirdir, nəticədə miqdarı zərrə qədər də azalmır. Cəhd edin, bu otağa iki-üç saniyəlik bir funt radium yerləşdirin –cəhənnəmin nəfəsi dəymiş kimi hər şey otaqda kömürə dönəcək, adamdan isə bir ovuc kül qalacaq… Mən onun sözünü kəsdim: — Amma, əlahəzrət… siz – yəni doqquz yüz funt radium indi otaqdasız, buna baxmayaraq azacıq da olsa isti deyil, əksinə, otaqda mülayim hava hökm sürür. Tamam çaşıb qalmışam. — E-e-e, gördüyünüz kimi, – tərəddüdlə danışmağa başladı, – bu bir sirrdir, lakin bu sirri sizə aça bilərəm, çünki, əvvəl-axır burnunu hər yerə soxan, sırtıq kimyaçılar tapıb öyrənəcəklər. Xəbərdar olmamış deyilsiniz, xanım Küri artıq öz yazısında radiumdan bəhs edib; bilirsiniz, o, radiumun sirrlərini açmaqdan ötrü gecə-gündüz necə çalışır? O, deyir: “Tərkibinə radium daxil olan maddələr özbaşına işıq saçırlar”, – fikir verin, işıq almaq üçün kömürdən söz belə açılmır, o, deyir: “Radium dolu şüşə qab öz-özünə elektriklə yüklənir”, – diqqət edin, elektriki almaq üçün nə bir kömür, nə bir sudan danışır: “Radium özbaşına hədsiz miqdarda istilik ayırma qabiliyyətinə malikdir”, – görürsünüz, dünyadakı bütün maşınları hərəkətə gətirmək üçün heç bir kömürə ehtiyac qalmır. Küri radioaktiv maddələrin axtarışında dağ boyda uran filizini ələyərək üçünü aşkarlayıb onlara ad vermişdir: vismut birləşmələriylə qatılaşmış birinciyə – polonium, bariuma oxşar digərinə – radium, üçüncüsünə aktinium. O, deyir: “İndi poloniumu vismutdan ayırmaq zamanı gəlib, ən çətin çalışmalardan biri də budur. Biz uzun illərdir bunun üzərində çalışırıq”. Fikir verin hələ – uzun illərdir! Bax, hamısı belə çalışır bu dəlilərin, bunlar elm adamlarıdır – arayıb-axtarır, əlləşib vuruşurlar. Təsərrüfatıma bir-iki nəfər belə təşəbbüskarları cəlb edə bilsəydim xeyli qənaət etmiş olardım. Fikir verin – uzun illərdi! Belələri geri addım atmır. Səbrli, inamlı, ümidvar, inadkar – bu zümrə hamısı belədir, əcdadları Kolumb və digərləri kimi. Radiumu almaqla bu qadın planetinizdə yeni dövrün başlanğıcını müəyyən etdi, var-dövlətinizi artırdı, beləliklə Kolumb və onun kimilərin cərgəsinə yazdı adını. Poloniumu vismutdan ayırmaq məqsədi qoydu qabağına. Məqsədinə çatmaqla sizcə nəyə nail olacaq? — Bu haqda təsəvvürüm belə yoxdu. — O, insanın qüdrətini daha da möhkəmləndirəcək, önündə geniş imkanlar açmağa yardımçı olacaqdır. Mən indi fikrimi aydınlaşdıracam, çünki nə siz, nə də xanım Küri öz yaxınlaşan kəşfinin əzəmətini təsəvvür etmək iqtidarında deyil. — Bütün diqqətim sizdədir, ey əlahəzrət! — Vismutdan ayrılan saf polonium radiumu idarə edib onun dağıdıcı təsirlərinin qarşısını alan, ram edən, itaətdə saxlayıb bəşəriyyətə xidmətə sövq edəcək yeganə maddədir. Əlinizi dərimə toxundurun. Nə hiss edirsiniz? — İncə, ipək yumşaqlığı, şəffaf, jelatin lenti kimi nazik, həqiqətən çox gözəldir! — Bu elə haqqında danışdığımız poloniumdur ki var. Bütün əlavə hissələrim radiumdandır. Əgər örtüyümü çıxarsam Yer tüstü və alova bürünüb külə dönər, Ay isə yun kimi didilib kainat boyu səpələnərdi. Qorxudan dilimi udmuş, aramsız titrəyirdim. — Artıq sizə hər şey aydın olmalıdır, – o, davam edirdi. – İçimi atəş qovurur, dözülməz əzablar çəkirəm və əbədiyyən bu əzablara məhkumam. Ancaq sizin və dünyanızın qorxmağa heç bir əsası yoxdur, siz poloniumla qorunursunuz. İstilik gücdür, enerjidir, ancaq düzgün idarə edildiyi zaman xeyli faydası toxuna bilər. Hələ radium üzərində hakimiyyətiniz yoxdur, lakin nə zaman ki, polonium əhliləşdirmə qamçısını əlinizə verdi, onda radium tabeçiliyinizə keçəcək. Mən daxilimdəki enerjini lazım bildiyim – kiçik-böyük miqdarda azad edə bilirəm. İstəsəm qadın saatlarının mexanizmini hərəkətə gətirə, yaxud dünyanı məhv etməyi bacararam. Yadınızdadır, necə bir toxunuşla siqarı alışdırmışdım? — Bəli, yadımdadır. — Təsəvvür edin, o an azad olmuş enerjinin zərrəsi nə qədər kiçik idi! Sizə məlumdur ki, aləmdə hər şey çevik, hərəkətli molekullardan ibarətdir. Tamamilə hər şey – mebel, daşlar, dəmir, atlar, insanlar, – bir sözlə, bütün mövcudat. — Bəli, məlumdur. — Sizə məlumdurmu, molekullar bir-birindən çəki və ölçülərinə görə fərqlənir, fəqət aralarında bir böyüyü yoxdur ki, mikroskop altında görünsün? — Bəli, məlumdur. — Bilirsinizmi, molekullar minə yaxın sərbəst, daim hərəkətdə olan atom adlı xırda hissəciklərdən ibarətdir? — Bəli, bilirəm. — Onu da bilirsinizmi, son günlərə qədər elmə məlum olan ən kiçik atom hidrogen atomu sayılırdı ki, digər maddələrin quruluşuna sərf edilən atomlardan min dəfə az saya malikdir? — Bilirəm. — Deməli belə, müsbət yüklü radium atomu hidrogen atomundan beş min dəfə kiçikdir. Bu təsvirəgəlməz atom elektron adlanır. Sizə və əcdadlarınıza uzun illik bağlılığım o qədər böyükdür ki, indiyə qədər heç bir alimə əyan olmayan sirri açıqlamaq qərarına gəlmişəm – işıldaquşların sirrini! Qulaqlarınızı dörd açın: bu böcəklərdə işıq saçmanı təkcə bir polonium atomundan asılı elektron təmin edir. — Sir, mən mat qalmışam. Dünya alimləri dəyərli məlumatınıza görə sizə hədsiz dərəcədə minnətdar olacaqlar, çünki onlar iki yüz ildir ki, bunun üzərində baş sındırırlar. Bircə təsəvvür edin! Sən demə, yay gecələrini rəngarəng edən əyləncəli işıltılar gözlə görünməyən atomdan beş min dəfə kiçik elektronların işidir! — Bir şeyi də unutmayın, – İblis davam etdi, – bu yeganə haldır ki, radium, həmçinin polonium saf, təmizlənmiş, qatqısız şəkildə təbiətdə mövcud olur. Məhz ikisinin birgə varlığı qəribə olduğu qədər zövqverici təsiri yaradır. Təsəvvür edin, qoruyucu polonium örtüyü yırtılıb, o zaman radiumdan qopan ani qığılcım böcəyi buxara çevirər. Bu köhnə hektoqraf sizə çox lazımdır? — Xeyr, əlahəzrət, heç mənim də deyil. — Elə isə gözünüzün önündə onu məhv edəcəm. Sizin o… adı nə idi? Hə, Kavurunuzu yandırmaq üçün bir elektronun enerjisini sərf etdim. Bu da bir işıldaquşda mövcud olan enerjiyə bərabərdir. İndi iyirmi min elektronun enerjisini buraxacam.Qonağım əli ilə iri hektoqrafa toxunar-toxunmaz cihaz top mərmisi kimi parça-parça oldu, ondan əsər-əlamət də qalmadı. Üç dəqiqə ərzində otağın tavanından qığılcımlardan yayılan qatı çəhrayı duman asıldı. Tüstünün arasında İblisin bədəni aydın görünmürdü. Sonra tüstü-duman çəkildi, yenidən parlaq və zərif ay işığı səpələnməyə başladı. İblis dedi: — Əmin oldunuz? İyirmi min işıldaquşda saxlanılan radium avtomobil motorunu əbədiyyən enerji ilə təmin etməyə qadirdir. Əlavə olaraq, heç bir itkisiz, bu yanacaq tükənməzdir. Sözarası vurğuladı ki: – Bizim tərəflərdə yalnız radiumdan istifadə edirik.Heyrətdən ağzım açıla qaldı, təbii olaraq maraq hissi bürüdü məni, çünki qohum və yaxın insanlardan bir çoxu o tərəflərdə məskunlaşmışdı. Uşaqlıqda mənə təlqin olunmuşdu ki, cəhənnəmdə yanacaq əvəzinə kömür və kükürddən istifadə edilir. İblis fikirmi oxuyub cavab verdi: — Kömür və kükürd – düzdür, rəvayətə görə belədir. Ancaq bu böyük yanılmadır. Ən pis halda kömür və kükürdlə keçinmək olardı, lakin bu növ yanacaqda xeyli çatışmazlıqlar var: çirkliliyi çoxdur, yandırılan zaman o qədər də istilik vemir – bazar günləri ümumiyyətlə tələb olunan istiliyi almaq olmazdı. Həm də haradan tapasan bu miqdarda kömür və kükürdü, bütün dünyanın ehtiyatları əbədiyyətin yarısına belə çatmaz. Radium olmasaydı hal-hazırda mövcud olan cəhənnəmin izi-tozu da qalmazdı. — Niyə? — Ruhları başqa növ dəriylə təmin etməyə ehtiyac yaranardı. Nəticədə bir göz qırpımında alışıb cəhənnəm əzabından azad olardılar. Bir saat belə davam gətirməzdilər. Burada başa düşülməməli nə var? — İzahınızdan sonra başa düşdüm. Əvvəl elə bilirdim cəhənnəm atəşinin yanacağı insanların öz bədənidir, hətta ***stin kapellasının freskalar, kitabdakı şəkillərdə də bu cür təsvir edilib. - Bəli, günahkarlar həyatdakı görkəmlərindən fərqlənmirlər. Ancaq bu öz bədənləri deyil, əgər olsaydı hektoqrafınızın gününə düşərdi: yaylım atəşi, partlayış, qığılcım topası və heç nə yoxdur! Belə təqdirdə insanları cəhənnəmdə əbədi əzaba məhkum etmək məntiqsiz görünərdi. İnanın, radium mükəmməl məmulatdır. — Bəəlii, indi hər şey aydındır, – gələcək narahatlıqların intizarı ilə yerimdə qurdalandım.- Tamamilə haqlısınız. — Əlbəttə, haqlıyam. Mənim arxamda çox böyük təcrübə var. Boş-boşuna çənəmi yormayım, özünüz ora düşəndə hər şeyi gözlərinizlə görəcəksiniz. O, yəqin elə düşünürdü maraqdan alışıb yanıram, ancaq məni yaxşı tanımırdı. Fikrə gedib bir dəqiqədən sonra dilləndi: — Mən sizin varlanmağınıza yardım etmək qərarına gəldim. Bu sözlərdən ürəyimdə sevinc oyandı. Ona minnətdarlıq edib diqqətlə qulaq kəsildim. — Siz, ola bilər, bilirsiniz Yeni Zelandiyada ölmüş moa quşlarının sümükləri harada yerləşir? Orada bu sümüklər yüzlərlə, minlərlədir, qalıqlardan iyirmi fut hündürlüyündə dağ əmələ gəlib. Bilirsinizmi, buz dövründə yer üzündə yaşayan mamontların dişlərini haradan tapırlar? Lena çayı mənsəbinin yaxınlığında bir-iki akr sahədə onların sayı hesaba gəlmir. Oradan artıq beş əsrdir Çin karvanları qiymətli yüklə geri dönür. Ölkənizin cənubundakı fosfat yataqlarından xəbəriniz varmı? Onlar qalın laylar şəklində neçə mil geniş ərazidə yerləşir və dünyada nəsli kəsilmiş nəhəng heyvanların qəbiristanlığından başqa bir şey deyil. Dünyanın hər bir nöqtəsində bu qəbiristanlıqlardan tapmaq olar. Maraqlıdır, bu heyvanları hansı instinkt idarə edirdi ki, ölüm yaxınlaşan zaman hamısı bir yerə yığışıb məhv olmuşdular? Bu təbiətin böyük sirridir, hətta elm də cavab tapmaqda acizdir. Artıq neçə milyon ildir ki, işıldaquşların qəbiristanlıqları mövcuddur.İçimdə sevindirici ümidlərlə ağzıaçıq dinləyirdim. İblis ağzımı bağlamağıma işarə etdi: — Bu qəbiristanlıq Kordilyerin qarlı qollarından birində – oturduğumuz otağın yarısı qədər olan kasaşəkilli dərinlikdə yerləşir və bu kasa ağzınacan nə ilə dolsa yaxşıdır? Saf işıldaquş radiumu – cəhənnəm od-alovuyla! Bax budur, neçə minilliklərdir ki, saysız-hesabsız işıldaquşlar hər gün ölümlərinin arxasınca bu yerə uçub gəlir və hər bir işıldaquş özü ilə qiymətli hədiyyə gətirir – özünün yeganə ölməz hissəciyi, saf radium elektronunu. Burada toplanmış enerji ehtiyatı dünyanı işığa qərq etmək, əsrin sonuna kimi bütün nəqliyyat vasitələrini, mühərrikləri yanacaqla təmin etməyə kifayət edər. Dünyanın bütün pulunu bir yerə yığsan da bu xəzinənin qiymətini ödəməz. Beləliklə, bu gündən siz mənim, radium isə sizindir. Xanım Küri saf poloniumu əldə etdikdən sonra, ondan özünüz üçün örtük hazırlayıb xəzinənin arxasınca yola düşün!Minnətdarlıqla dolu sözlərimi ağzımda qoydu, məni qaranlıq otaqda tək buraxıb qəflətən yoxa çıxdı. Radium dolu quyunu havadakı işıltılara əsasən tapacağam. Qoy, bu dahi qadın poloniumu vismutdan ayırsın, o zaman əvəzedilməz xəzinə mənim idarəm altına keçəcəkdir. Artıq səhmlər satışa çıxarılıb. Mark Tvenə müraciət edin.


Tarix: 19.11.2013 / 03:59 Müəllif: Akhundoff Baxılıb: 555 Bölmə: Xarici Əsərlər