beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nizami Gəncəvi Moskvada İran şairi kimi təqdim olunub

Rusiya paytaxtında "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" adlı sərgi keçirilir

Rusiya paytaxtında "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" adlı sərgidə Azərbaycan şairi Nizami Gəncəvi İran şairi kimi təqdim olunub. APA-nın məlumatına görə, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində keçirilən “Mərcani Fondu”nun kolleksiyasından olan “IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənət əsərləri sərgi”sində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “İsgəndərnamə” əsərinə çəkilmiş miniatürlər nümayiş olunub. Bu zaman Nizami Gəncəvi İran şairi kimi təqdim olunub.

Bu, Azərbaycan tarixi və incəsənətinə dair faktların İran tarixi və mədəniyyəti kimi təqdim olunmasına dair sərgidə olan yeganə fakt deyil. Belə ki, sərgidə Səfəvi hökmdarı Şah İsmayılın oğlu I Təhmasib, nəvəsi Şah Abbas da İran hökmdarı kimi göstərilib. Ümumiyyətlə, Səfəvilər dövrünə aid bütün incəsənət nümunələri sərginin İrana aid bölməsində nümayiş olunub.

Qeyd edək ki, "IX-XIX əsrlərdə İslam dünyasının klassik incəsənəti. Allahın 99 adı" sərgisi yüzlərlə əsəri özündə birləşdirən ilk sərgidir. Sərgi üçün müsəlmanların dualarında səsləndirdikləri Allahın 99 gözəl adını əks etdirən dünya əhəmiyyətli 99 şah əsər seçilib. Sərginin üç bölməsi əsas tarixi dövrlərə uyğundur. Bunlar İslamın yaranmasından monqol hücumuna qədərki dövr, Çingizilər dövrü və monqolların hakimiyyətindən sonrakı dövrləridir. İlk bölümdə İslam dünyasının əsas məkanları - Şimali Afrika, Suriya, İraq, İran, Orta və Kiçik Asiyadan olan əsərlər nümayiş olunub.

Sərginin ikinci bölməsi Çingizilər dövrünə həsr olunub və Çindən Şərqi Avropa çöllərinədək İslam incəsənətini əks etdirir. Çingiz xan dövründə monqollar İslamı qəbul etməsələr də, nəhəng imperiyanı öz aralarında bölmüş dörd monqol sülaləsindən üçü İslamı qəbul edib.

Üçüncü bölmə isə monqolların hakimiyyətindən sonra gələn müsəlman hökmdarlarının - Məmlüklər (1250-1517), Osmanlılar (1299-1923), Teymurilər (1370-1507), Şeybanilər (1500-1598), Səfəvilər (1501-1736) və Qacarların (1779-1925) saray ustalarının əsərlərindən təşkil olunub. Burada daha geniş şəkildə əl yazıları, miniatürlər, toxuculuq məhsulları nümayiş olunur.

Sərgidə klassik müsəlman incəsənətinin 99 abidəsi nümayiş etdirilir. Onların arasında erkən İslam dövrünə aid unikal əsərlər də var. Buraya Abbasilər (IX əsrin sonu) dövrünə məxsus qədim Quran vərəqi, erkən orta əsr dövrünə məxsus kasalar və digər unikal sənət əsərləri daxildir. Sərgidə nümayiş olunan əsərlər arasında XVI əsrin ortalarına məxsus, üzərində Allahın 99 adının toxunduğu xalça var. Sərgidə ən maraqlı əsərlərdən biri də üzərində quş rəsmləri olan Çin kağızında yazılan Quran tutur.

Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Ş.Mərcani adına Elmi və mədəni proqramların dəstək və inkişafı Fondunun təşkilatçılığı ilə keçirilən sərgi mayın 26-dək davam edəcək.


Tarix: 21.02.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 288 Bölmə: Tarixdə bu gün