beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Ət-Tin” surəsinin təfsiri

Məkkə surələrindəndir.

Malik və Şubə Adiy ibn Sabitdən Bərra ibn Azibin belə dediyini nəql etmişlər: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) səfərdə olarkən namazın iki rükətinin birində “ət-Tin” surəsini oxuyardı. Ondan gözəl səsli və on daha yaxşı oxuyan görmədim. Bunu hədis alimləri öz kitablarında qeyd etmişlər.

Malik və Şubə Adiy ibn Sabitdən Bərra ibn Azibin belə dediyini nəql etmişlər: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) səfərdə olarkən namazın iki rükətinin birində “ət-Tin” surəsini oxuyardı. Ondan gözəl səsli və on daha yaxşı oxuyan görmədim. Bunu hədis alimləri öz kitablarında qeyd etmişlər.

1) And olsun əncirə və zeytuna;
2) And olsun Sinay dağına;
3) Və and olsun bu təhlükəsiz şəhərə ki,
4) Biz insanı ən gözəl biçimdə yaratdıq!
5) Sonra da onu qaytarıb aşağıların ən aşağısına atdıq!
6) Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onlar üçün təkünməz mükafatlar var.
7) Elə isə sonra dini yalan saymağa səni nə vadar edir?!
8) Məgər Allah hakimlərin hakimi deyilmi?!

Təfsir alimləri əncir (ərəbcəsi “tin”) sözü haqda müxtəlif fikirlər səsləndirmişlər. Bəziləri iddia edirlər ki, bu söz ilə Şam məscidi nəzərdə tutulmuşdur. Bəzilərinin sözlərinə görə isə ayədə məqsəd Şamın özünü nəzərə çatdırmaqdır. Dəməşq ətrafında olan dağ olduğunu da deyənlər var. Qurtubi deyir ki, bu, Əshabu-Kəhfin məscididir. Ovfi İbn Abbasın belə dediyini nəql etmişdir: “Bu, Nuhun Cudi dağında inşa etdirdiyi məsciddir”. Mucahid isə deyir ki, “bu, sizin də bildiyiniz adi əncirdir”. “Zeytun” sözünə gəlincə, Kəb əl-Əhbər, Qatədə, İbn Zeyd və başqaları bu sözlə Qüdsdəki məscidin nəzərdə tutulduğunu söyləmişlər. Mucahid və İkrimənin isə belə dedikləri nəql olunmuşdur: “Bu, sizin sıxıb suyunu çıxartdığınız zeytundur”. “And olsun Sinay dağına!” Kəb əl-Əhbər və başqaları deyirlər ki, bu, Allah təalanın Musa əleyhissəlamla danışdığı dağdır. “Və and olsun bu təhlükəsiz şəhərə!” Yəni Məkkəyə... Bu fikri İbn Abbas, Mucahid, İkrimə, Həsən, İbrahim ən-Nəxi, İbn Zeyd və Kəb əl-Əhbər söyləmişlər. Bu haqda ixtilaf yoxdur.
Bəzi alimlərin sözlərinə görə, burada Allahın göndərdiyi əzm sahibi peyğəmbərlərə işarə edilir. Onların öz şəriətləri və Allah dərgahında mühüm yerləri vardır. Burada üç nöqtəyə diqqət yetirmək yerinə düşərdi:
Birincisi, əncir və zeytunun qeyd edilməsidir ki, bu da İsa əleyhissəlamın göndərildiyi Qüdsə işarədir. İkincisi, Sinay dağıdır ki, Allah təala orada Musa ibn İmranla danışmışdı. Üçüncüsü isə Məkkədir. Məkkə, sakinləri əmin-amanlıqda və təhlükəsizlikdə olan bir şəhərdir. Məhəmməd peyğəmbər də (Ona Allahın salavatı və salamı olsun!) məhz bu şəhərdə peyğəmbərlik verilmişdir. Deyilənə görə Tövratın sonunda da bu üç məkan haqda söhbət açılmışdır. Orada qeyd olunur ki, “Allah Sinay dağı tərəfdən gəldi”. (Allahın Musa ibn İmranla danışdığı dağ). “Sairdə parıldadı”. Sair Allah təalanın İsa ibn Məryəmi göndərdiyi Qüds ətrafındakı dağıdır. “Fəran dağında aşkara çıxartdı”. Bu, Allah təalanın Öz peyğəmbəri Məhəmmədi (Ona Allahın salavatı və salamı olsun!) göndərdiyi Məkkə dağlarıdır. Burada zaman etibarilə tərtibat olduğu kimi varlıq baxımından da sıralama mövcuddur. Ona görə də Uca Allah əvvəlcə şərəfliyə, daha sonra ondan daha şərəfliyə, axırda isə hər iksisindən də şərəfli olana and içir.
Daha sonra Allah təala buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” And içilməsinin səbəbləri isə bu ayədən başlayır. Uca Allah insanları ən gözəl şəkildə, boy-qaməti düz, bədən üzvləri yerində, normal və mükəmməl yaradıb. “Sonra da onu qaytarıb aşağıların ən aşağısına atdıq”. Mucahid, Əbul Aliyə, Həsən, İbn Zeyd və digərlərinin sözlərinə görə, yəni onu Cəhənnəmə atdıq. Əgər o, bu gözəllikdən sonra Allaha itaət etməz və peyğəmbərlərə tabe olmazsa, onun qayıdış yeri Cəhənnəm olar. Ona görə də Allah təala növbəti ayədə buyurur ki, “Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa!” Bəziləri “Sonra da onu qaytarıb aşağıların ən aşağısına atdıq” ayəsini təfsir edərək deyirlər ki, yəni insan sonralar ömrünün ən rəzil düçar olur”. Bu fikri İbn Abbasın və İkrimənin dedikləri rəvayət olunur. Hətta İbn İkrimə deyir ki, “Qurana riayət edən kimsə, ən rəzil həyata düçar olmaz”. İbn Cərir bu fikri əsas götürmüşdür. Əgər ayədə məqsəd bu olsaydı, bəs onda növbəti ayədə niyə məhz iman gətirib yaxşı işlər görənlərin istisna olmaları nəzərə çatdırılır. Qeyd etməliyik ki, möminlər də qocalıb, ahıl yaşlarına çatırlar. Deməli, əsl məqsəd Allah təalanın “Əl-Əsr” surəsində buyurduğu kimidir: “And olsun axşam çağına ki, insan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” Ayənin sonunda Allah təala möminlər üçün hazırlanmış nemətlər haqda xəbər verərək buyurur: “Onlar üçün təkünməz mükafatlar var”. Bu mükafatlar heç vaxt qurtarmayacaq, tükənməyəcək.
“Elə isə sonra dini yalan saymağa səni nə vadar edir?!” Yəni “ey Adəm övladı, axı qayıdış günündə mükafat və ya cəzanın olması xəbərini təkzib etməyə səni nə məcbur edir?! Axı sən öz başlanğıcını bilirsən. Və onu da bilrsən ki, başlanğıcı yaratmağa qadir olan kəs yenidən qaytarmağa da qadirdir. Elə isə səni qayıdışı yalan saymağa vardar edən nədir? Bunlar ki sənə məlumdur.
İbn Əbu Hatim deyir: Bizə Əhməd ibn Sinan Mənsurun belə dediyini nəql etdi: Mən Mucahiddən “Elə isə sonra dini yalan saymağa səni nə vadar edir?!” ayəsi haqda soruşdum: “Bu ayədə Peyğəmbərmi (Ona Allahın salavatı və salamı olsun!) nəzərdə tutulub?” O dedi: “Allah qorusun! Burada insandan söhbət gedir”. İkrimə və digərləri də bu cür qeyd etmişlər.
“Məgər Allah hakimlərin hakimi deyilmi?!” Yəni Allah heç kəsə zülm etməyən, haqsız davranmayan hakimlər hakimidir. Qiyamət günü zalımı və məzlumu dirildib zalımdan məzlumun haqqını alması da Onun ədalət göstəricisir. Əbu Hureyrənin mərfu olaraq rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur ki, “Sizlərdən kimsə “ət-Tin” surəsini oxuyar və axırına – “Məgər Allah hakimlərin hakimi deyilmi?!” ayəsinə çatarsa, belə desin: “Əlbətdə! Mən buna şahid edənlərdən biriyəm”.
“Ət-Tin” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 18:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 425 Bölmə: Sureler