beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Əl-Beyyinə” surəsinin təfsiri

İmam Əhməd deyir: Affan Ammar ibn Əbu Ammardan nəql etdi ki, ənsarlardan olan Malik ibn Amr ibn Sabitin belə dediyini eşitmişəm: “Əl-Beyyinə” surəsi axıra kimi nazil olduqda Cəbrayıl dedi: “Ey Allahın rəsulu, sənin Rəbbin bu surəni Ubeyə oxumağını əmr edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Ubeyə dedi: “Ey Ubey, Cəbrayıl bu surəni sənə oxumağımı əmr etdi”. Ubey dedi: “Ey Allahın rəsulu, mən orada xatırlandım?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəli!” Bu sözlərdən sonra Ubeyi ağlamaq tutdu.

Həmçinin İmam Əhməd deyir ki, Şubənin Ənəs ibn Malikdən rəvayət etdiyi hədisdə Pryğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) Ubey ibn Kəbə belə dediyi bildirilir: “Allah mənə əmr etdi ki, sənə “Əl-Beyyinə” surəsini oxuyum”. Ubey soruşdu: “Mənim adımı çəkdi?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Bəli!” Ubey ağlamağa başladı”. Hədisi Buxari, Muslim, Tirmizi və Nəsai də Şubədən rəvayət etmişlər.
Əhməd başqa bir hədis nəql edərək deyir: Müəmmal Ubey ibn Kəbin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) mənə “Sənə bu surəni oxumağım əmr olundu” – dedi. Mən soruşdum: “Ey Allahın elçisi, mən orada xatırlandım?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəli!” Mən ona dedim: “Ey Əbu Munzir, sən ona sevindinmi?” O, “niyə sevinməyim?! Allah buyurur ki, “De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunis, 58) Müəmmal deyir ki, mən Süfyandan qiraətin bu hədisdə olduğu haqqında soruşduqda, o bunu təsdiqlədi. Əhməd ibn Hənbəl hədisin bu cür mətnini müfrəd olaraq nəql etmişdir.
Əhməd digər bir isnadla həmin hədisi belə nəql etmişdir: Məhəmməd ibn Cəfər və Həccac Ubey ibn Kəbin belə dediyini rəvayət edirlər: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) mənə dedi: “Allah mənə əmr etdi ki, sənə Quran oxuyum. Sonra “Kitab əhlindən kafir olanlar...” ayəsini oxudu və bunları dedi: “Əgər Adəm övladı vadi dolu mal-mülk istəsəydi və bu da ona verilsəydi, o, ikincisini də istəyər. Ikincisi də ona verilsə, üçüncüsünü istəyər. Adəm övladının boşluğunu yalnız torpaq doldurar. Allah tövbə edənin tövbəsini qəbul edər. Allah dərgahında din nə müşriklik, nə yahudilik, nə də ki xristianlıqdır. Həqiqətən Allah dərgahında var olan din yalnız Allaha ibadət dini olan hənif dinidir. Hər kim bir xeyir bir əməl edərsə, o heç vaxt zay olmaz”. Hədisi Tirmizi Əbu Davud ət-Təyalisidən, o da Şubədən nəql etmişdir. Tirmizi hədisin həsən-səhih olduğunu bildirmişdir.
Digər bir hədis: Əbul Qasim ət-Təbərani deyir: Əhməd ibn Xalid əl-Həlbi Ubey ibn Kəbin belə dediyini nəql etmişdir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ey Əbu Munzir, sənə Quranı ərz etməyim əmr olundu”. Mən dedim: “Allaha iman gətirdim. Sənin vasitənlə müsəlman oldum və səndən öyrəndim”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) eyni sözləri bir daha təkrarladı. Mən soruşdum: “Ey Allahın elçisi, mən orada xatırlandımmı?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəli! Həm adınla, həm də soyunla əl-Mələuləlada xatırlandın”. Mən dedim: “Elə isə oxu, ey Allahın elçisi!” Hədisin bu şəkildə rəvayəti hədisin qərib hədis olduğunu bildirir. Hədisin sabit və səhih şəkli yuxarıda qeyd olunandır. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) bu surəni Ubey ibn Kəbə onun imanını artırmaq və gücləndirmək üçün oxumuşdu. Əhməd və Nəsai bu hədisi Ənəs ibn Malik vasitəsilə rəvayət etmişlər. Həmçinin, Əhməd və Əbu Davudun Süleyman ibn Sərddan da nəql etmə şəkli də varid olmuşdur. Habelə Əhməd Affandan, o da İbadə ibn Samitdən nəql etmişdir. Hədisi Əhməd, Muslim, Əbu Davud və Nəsai İsmail ibn Əbu Davud vasitəsilə Əbdürrəhman ibn Əbu Leyladan nəql etmişlər. Abdulla ibn Məsud Qurandan bir hissəni Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) oxunuş şəklindən fərqli oxuyaraq ziddiyət yaradan şəxsin qiraətini qəbul etməmişdi. O, bunu Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) xəbər vermiş, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) hər ikisinin də qiraətinə qulaq asdıqdan da demişdi: “İkiniz də doğru oxudunuz”. Ubey ibn Kəb deyir ki, cahiliyyə dövründə belə olmayan bir şübhə bürüdü məni”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) onun sinəsinə vurdu. Kəb deyir ki, tər içində yerimdən tərpəndim. Sanki Allaha baxırdım. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Cəbrayılın gəlişini mənə xəbər verdi. Cəbrayıl deyirdi: “Allah sənə əmr edir ki, Quranı ümmətinə bir hərflə oxuyasan”. Mən dedim: Allahdan bağışlanma və məğfirət diləyirəm. Daha sonra dedi: “İki hərflə!” Çox keçmədi ki, bir daha dedi: “Allah sənə əmr edir ki, Quranı ümmətinə yeddi hərflə oxuyasan.” Biz bu hədisi müxtəlif ləfzlər və isnadlarla təfsirin əvvəlində qeyd etmişdik. İçərisində “Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir” ayəsinin də mövcud olduğu bu surə nazil olduğu vaxt Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) təbliğ, təsbit və xəbərdarlıq üçün həmin surəni ona oxudu. Burada öyrətmə və xatırlatma nəzərdə tutulmur. Ən doğrusunu Allah bilir.
Hüdeybiyyə günü Ömər ibn Xəttab Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) eyni tipli suallar vermişdi. O, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) soruşdu ki, “sən bizə demədinmi ki, biz Beytullaha gedəcəyik və oranı təvaf edəcəyik?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) isə ona dedi: “Bəli! Ancaq mən sizə oranı bu il təvaf edəcəksiniz – dedimmi?!” Ömər ibn Xəttab dedi: “Yox!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Sən ora gedib Beytullahı təvaf edəcəksən”. Müsəlmanlar Hüdeybiyyədən qayıtdıqda Allah təala Öz elçisinə (Ona Allahın salavatı və salamı olsun!) əl-Fəth surəsini nazil etdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Ömər ibn Xəttabı çağırdı və həmin surəni ona oxudu. Həmin surədə Allah təala buyururdu: “And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidülhərama daxil olacaqsınız”. (əl-Fəth, 27)
Hafiz Əbu Nueym “Səhabələrin adları” adlı kitabında Məhəmməd ibn İsmail vasitəsilə Fudeylin belə dediyini nəql etmişdir: Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitdim: “Allah “Kitab əhlindən kafir olanlar...” surəsinin qiraətini eşidir və deyir: Qulumu müjdələyirəm. İzzətimə and olsun ki, razı qalacağın qədər sənə Cənnətdə rahatlıq verəcəm”. Hədis çox qərib hədisdir. Hafiz Əbu Musa əl-Mədəni və İbn əl-Əsir Zuhri vasitəsilə Nəzir əl-Müzənnidən rəvayət etdiklərinə görə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Allah “Kitab əhlindən kafir olanlar...” surəsinin qiraətini eşidir və deyir: “Qulumu müjdəliyirəm. İzzətimə and olsun ki, səni dünya və axirətdə heç bir vəziyyətdə unutmayacam. Sənə Cənnətdə razı qalacağın şəkildə rahatlıq verəcəm”.

Bismilləhir Rahmənir Rahim!

1) Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər.
2) Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir.
3) O səhifələrdə doğru-dürüst yazılar vardır.
4) Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər.
5) Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

Kitab əhli yahudilər və xristianlardır. Müşriklər isə bütlərə və oda ibadət edən ərəb və ya qeyri-ərəblərdir. Mucahid “ayrılan” kəlməsi haqda deyir ki, yəni onlar özlərinə haqq bəyan edilməyincə uzaqlaş deyillər. Qatədə də bu cür qeyd etmişdir. “Açıq-aşkar bir dəlil” dedikdə Quran nəzərdə tutulmuşdur. Ona görə də uca Allah “Kitab əhlindən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər” ayəsini buyurur, arxası ilə də izah edərək “Açıq-aşkar bir dəlil”in nə olduğunu qeyd edir: “Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir”. Yəni Məhəmməd (Ona Allahın salavatı və salamı olsun!) və onun oxuduğu müqəddəs Quran. O Quran ki, uca dərgahda pak səhifələr üzərində yazılmışdır. Allah təala başqa bir ayədə buyurur: “Əzəmətli səhifələrdə; yüksək, tərtəmiz; elçilərin əlləriylə! Çox dəyərli, çox möhtərəmdirlər”. (Əbəsə, 13-16)
Daha sonra uca Allah buyurur: “O səhifələrdə doğru-dürüst yazılar vardır”. İbn Cərir deyir ki, bunlar içərisində doğru-dürüst, ədalətli, qüsursuz və xətasız yazılar olan Allah tərəfindən göndərilmiş pak səhifələrdir. Çünki bu yazılar izzət və cəlal sahibi Allahın dərgahından nazil olmuşdur. Qatədə söyləyir ki, “Pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir” ayəsində Quran ən gözəl şəkli ilə zikr olunmuş və onun şəninə tərif deyilmişdir.
İbn Zeyd “O səhifələrdə doğru-dürüst yazılar vardır” ayəsinə doğru yolda olan və mülayim yazılar mənasını vermişdir.
“Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər” ayəsi Allah təalanın “(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”. (Ali İmran, 105) ayəsi ilə məna oxşarlıqğı təşkil edir. Burada bizdən əvvəl özlərinə kitablar nazil olmuş peyğəmbərlər nəzərdə tutulur. Allah təala həmin qövmlərə açıq aşkar haqqı bəyan edən dəlillər göndərdikdən sonra ayrılığa və ixtilafa düşdülər, Allahın kitabında nəzərdə tutulanların ziddinə gedib zəlalətə uğradılar. Belə ki, müxtəlif isnadlarla rəvayət olunan hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Yahudilər yetmiş bir firqəyə bölündülər. Xristianlar isə yetmiş iki firqəyə ayrıldılar. Bu ümmətə gəlincə, onlar yetmiş üçn firqəyə bölünəcəklər. Birindən başqa hamısı odda olacaqdır”. Soğruşdular: “Onlar kimlərdir, ya rəsulləllah?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Mənim və səhabələrimin yolunda olanlar!”
“Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” Bu ayə Allah təalanın digər bir ayəsi ilə oxşardır. Belə ki, uca Allah buyurur ki, “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək”. (əl-Ənbiya, 25) Ayədə dini yalnız Allaha məxsus edən “həniflər” kəlməsi qeyd edilmişdir. Yəni onlar şirkdən uzaqlaşıb tövhidə üz tutanlardır. Allah təala buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik”. (ən-Nəhl, 36) Hənif kəlməsi barəsində ətraflı məlumat “Əl-Ənam” surəsində verilib. “Namaz qılıb zəkat versinlər”. Namaz fiziki ibadətlərin ən fəzilətlisidir. Zəkat isə kasıblara və ehtiyacı olanlara yardım etməyin ən nümunəvi formasıdır. “Doğru-düzgün din budur!” Yəni nizamlı, doğru-dürüst, hakim və adil ümmət bu ümmətdir. Zuhri və Şafii kimi bir çox fikh alimləri bu ayəni imanın əməlləri də özündə ehtiva etdiyinə dəlil gətirmişlər. Bu səbədən də Allah təala “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!” – deyə buyurmuşdur.

6) Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.
7) İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.
8) Rəbləri yanında onların mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu, Rəbbindən qorxanlar üçündür!

Allah təala kitab əhlindən kafir olub, Allahın nazil etdiyi kitablara və göndərdiyi elçilərə qarşı çıxan müşriklərin Qiyamət günü düşəcəyi vəziyyətdən xəbər verir və onların məskəninin əbədi Cəhənnəm odu olacağını bildirir. “Onlar yaradılmışların ən şərliləridir”. Allahın yaradıb yer üzündə yaydığı yaradılmışların ən şərliləri o kəslərdir. Daha sonra uca Allah qəlbləri ilə iman gətirib əzaları ilə saleh əməllər edənlərin halı barədə xəbər verir, onların yaradılmışların ən xeyirliləri olduğunu bildirir. Əbu Hureyrə və bir çox alimlər bu ayəni dəlil gətirərək əməlisaleh möminlərin mələklərdən stn olduğunu söyləmişlər. Çünki Allah təala ayədə buyurur ki, “Onlar yaradılmışların ən yaxşılarıdır”. Daha sonra Allah təala buyurur ki, “Onların mükafatı Rəbbələrinin dərgahındadır”. Yəni Qiyamət günü”. “Rəbləri yanında onların mükafatı altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar”. Yəni onlar bu diyarda əbədi həyata yaşayacaqlar. Bu həyatın sonu, fasiləsi və tükənişi yoxdur. “Allah onlardan razıdır, onlar da Allahdan”. Allahın onlardan razı qalması onlara bəxş etdiyi əbədi nemətdən də üstün məqamdadır. Onlar da Allahın onlara bəxş etdiyi mərhəmət və lütfdən razıdırlar.
“Bu, Rəbbindən qorxanlar üçündür!” Yəni bu mükafat Allahdan layiqincə qorxanlar, təqvalı olanlara və Onu görmədiyini bilə-bilə Onu görürmüş kimi ibadət edən kimsələrə müyəssər olacaq.
İmam Əhməd deyir: Bizə İshaq ibn İsa Əbu Hureyrədən nəql etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Sizə yaradılmışların ən xeyirliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Atının yüyənindən tutub gedən, ancaq qorxulu səs eşitdiyi an atının tərkinə minən insandır!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bir daha dedi: “Sizə yaradılmışların ən xeyirliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Qoyun-quzusunun arasında olub, ancaq namaz qılıb, zəkatını verən kəsdir!” Daha sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Sizə yaradılmışların ən şərliləri barədə xəbər verimmi?” Dedilər: “Bəli, ver! Ey Allahın elçisi!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Allahdan istəyən, ancaq onun üçün bir şey verməyən kimsədir!”
“Əl-Beyyinə” surəsinin təfsiri sona çatdı. Həmd və səna yalnız Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 15:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 594 Bölmə: Sureler