beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“TƏBBƏT” surəsinin təfsiri

Məkkə surələrindəndir.

1) Əbu Ləhəbin əlləri qurusun, qurudu da!
2) Ona nə mal-dövləti fayda verdi, nə də qazandığı
3) O, alovlu atəşə girəcəkdir.
4) Onun odun daşıyan övrəti də həmçinin!
5) Onun boğazında hörülmüş ip olacaqdır!

Buxari deyir: Bizə Məhəmməd ibn Səlam Əbu Muaviyə vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Bathaya çıxdı. Dağa qalxıb səsləndi: “Ya Sabaha!” Qureyşlilər onun ətrafına toplaşdı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Əgər mən sizə düşmənin səhər və ya axşam hücum edəcəyini söyləsəm, mənə inanarsınızmı?” Oradakılar dedilər: “Bəli!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “Elə isə mən sizi şiddətli bir əzabla xəbərdar edirəm”. Əbu Ləhəb dedi: “Bizi buna görə bura topladın? Ayıb olsun! Əllərin qurusun!” Bundan sonra Allah təala “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” surəsini axıra qədər nazil etdi. Başqa bir rəvayətdə bildirilir ki, Əbu Ləhəb əllərini bir-birinə vuraraq dedi: “Ayıb olsun sənə, bu gün! Buna görə bizi bura yığdın?” Sonra Allah təala “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” surəsini nazil etdi.

Birincisi Əbu Ləhəbə edilən bəddua, ikincisi isə nəticəsi və xəbərdir. Əbu Ləhəb Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əmilərindən biridir. Onun əsl adı Əbdülizzə ibn Abdulmuttalib, künyəsi isə Əbu Ütbədir. Onun Əbu Ləhəb (od atası) adlandırılma səbəbi üzünün qırmızı olmasıdır. O, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) olmazın əziyyətlərin vermiş, ona ən çox nifrət edənlərdən olmuşdur. Həmişə onu və dinini alçaltmağa çalışmışdır.
Imam Əhməd deyir: Bizə İbrahim ibn Əbul Abbas Əbdürrəhman ibn Əbu Zənaddan, o da atasından nəql etdi ki, Rəbiə ibn Abbad (Deyl qəbiləsindən idi. O cahiliyyə dövründə müşrik idi. Sonradan islamı qəbul etmişdi.) adlı bir nəfər belə demişdir: “Cahiliyyə dövründə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Zulməcaz bazarında belə dediyini eşitdim: “Ey insanlar! “Lə iləhə illallah” (Allahdan başqa ibadətə layiq ilah yoxdur) deyin ki, nicat tapasınız!” Camaat onun ətrafına toplaşmışdı. Onun arxasında üzü parıldayan qırmızısifət, hiləgər və başında iki hörüyü olan bir nəfər dolanıb deyirdi: “O, yalançıdır”. O, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hara gedirdisə o da arxasına düşüb eyni sözləri deyirdi. O kişinin kim olduğu barəsində soruşduqda, mənə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əmisi olduğunu dedilər. İmam Əhməd bu hədisi Süreyc vasitəsilə Əbu Zənnaddan nəql etmişdir. Əbu Zənnad deyir ki, “mən Rəbiədən soruşdum: “Sən o gün kiçik idin?” Rəbiə dedi: “Yox, Allaha and olsun ki, həmin gün çox yaxşı yadımdadır”. Hədisin bu şəkildə rəvayəti İmam Əhmədə məxsusdur.
Məhəmməd ibn İshaq deyir: Bizə Hüseyn ibn Abdulla ibn Abbasın belə dediyini rəvayət etmişdir: “Mən Rəbiə ibn Abbad əd-Deylinin belə dediyini eşitmişəm: Bir dəfə cavan vaxtı atamla birgə olarkən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) qəbilərləri gəzirdi. Onun arxasınca qırmızısifət və hiyləgər bir nəfər düşmüşdü. Hara gedirdisə, arxasınca o da gedirdi. Onun saçları çiyninə tökülürdü. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) hər qəbilənin məskunlaşdığı ərazidə dayanıb deyirdi: “Ey fılan qəbilə! Mən sizə Allah tərəfindən göndərilmiş bir peyğəmbərəm. Allaha ibadət edin! Ona heç nəyi şərik qoşmayın! Məni təsdiq edin və Allahın mənə buyurduqlarını həyata keçirməyim üçün məni qoruyun!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) sözünü qurtarar-qurtarmaz arxasındakı kişi gəlib deyərdi: “Ey fılan qəbilə! Bu adam sizi Lat, Uzza və cinlərlə əlaqəli olan Malik ibn Uqyaşı uzaqlaşdırmaq və sizin onları tərk etməyinizi istəyir. Bununla da sizi uçuruma və zəlalət aparacaq. Ona qulaq asmayın, ona uymayın!” Mən atama “bu kimdir?” dedikdə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əmisi Əbu Ləhəb olduğunu bildirdi”. Bu hədisi İmam Əhməd və Təbərani də bu ləfzlə rəvayət etmişlər.
“Əbu Ləhəbin əlləri qurusun...” Yəni şikəst olsun, tutmasın! Əməlləri və cəhdləri boşa çıxsın, puç olsun! “...qurudu da!” Yəni artıq onun əlləri qurumuş, əməlləri puça çıxmış, özü də həlak olmuşdur.
“Ona nə mal-dövləti fayda verdi, nə də qazandığı”. İbn Abbas və başqaları deyirlər ki, qazandığı dedikdə, onun övladları nəzərdə tutulmuşdur. Aişə, Mucahid, Atə, Həsən və İbn Sirindən də buna bənzər fikir səslənmişdir.
İbn Məsud nəql edir ki, Rəsulullah (ona Allahın salavatı və salamı olsun!) öz qövmünü dinə dəvət etdiyi zaman Əbu Ləhəb demişdi: “Əgər qardaşım oğlunun dedikləri həqiqətdirsə, Qiyamət günü mən malımı və övladlarımı verərək sizi əzabdan xilas edəcəm”. Ona görə də Allah təala bu ayəni nazil etdi: “Ona nə mal-dövləti fayda verdi, nə də qazandığı”.
“O, alovlu atəşə girəcəkdir”. Yəni o, qızmar, şiddətli yanan və alov püskürən atəşə girəcək”.
“Onun odun daşıyan övrəti də həmçinin!” Əbu Ləhəbin arvadı Qureyşin sayılıb seçilən möhtərəm qadınlarından biri idi. O, Ummu Cəmil künyəsi ilə tanınır. Adı Ərva bint Hərb ibn Ümeyyədir. O, Əbu Süfyanın bacısıdır. O, küfrdə, İslama qarşı düşmənçilikdə öz ərinə dəstək olmuşdur. Ona görə də o, Cəhənnəm əzabınını çəkməkdə də öz ərinə köməkçi olacaqdır. Allah təala buyurur: “Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında hörülmüş ip olacaqdır!” O, ərinin daha çox yanması üçün odun daşıyıb onun üstünə atacaqdır. O, bu məqsədlə onun yanında olacaqdır.
“Onun boğazında hörülmüş ip olacaqdır!” Mucahid və Urvanın sözlərinə görə, bu ip oddan olacaqdır. Mucahid, İkrimə, Həsən, Qatədə, Sövri və Süddinin “odun daşıyan” ifadəsini “ona-buna söz gəzdirən” kimi təfsir etdikləri də rəvayət olunur. İbn Cərir bu rəyi daha məqbul hesab etmişdir. Övfi İbn Abbasın, Atiyyə əl-Cədəlinin, Dahhəkin və İbn Zeydin belə dediklərini nəql etmişdir: “Əbu Ləhəbin arvadı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) getdiyi yola tikan düzərdi”. Bu fikri də İbn Cərir məqbul hesab etmişdir. İbn Cərir deyir ki, “O, Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) kasıb olduğuna görə qınayar və ona-buna söz gəzdirərdi. Ona görə də o da bu vəsflə qınanmışdır”. Səhih olan birinci rəydir. Ancaq yenə də ən doğrusunu Uca Allah bilir.
Səid ibn Museyyib deyir ki, Əbu Ləhəbin arvadının həmişə öyündüyü bir boyunbağısı var idi. O, həmin boyunbağını Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) qarşı düşmənçiliyə sərf edəcəyini inadla bildirmişdi. Allah təala da onun əvəzində ona boynuna oddan hörülmüş bir boyunbağı verdi. İbn Cərir deyir: Bizə Əbu Kureyb Vaki vasitəsilə Şabinin belə dediyini nəql etmişdir: “Bu söz ip mənasını verir”. Urva ibn Zübeyrin sözlərinə görə, bu, qalınlığı yetmiş zira olan bir zəncirdir”. Sövri isə demişdir: “O, oddan hazırlanmış boyunbağıdır. Onun uzunluğu yetmiş ziradır”.
Cövhəri demişdir: Bu söz (məsəd) lif mənasını daşıyır, habelə onu lifdən, xurma və bu kimi şeylərin yarpağından hörülmüş ip də hesab etmək olar. Bu, dəvə dərisindən və yunundan da hazırlanır.
Mucahid “Onun boğazında hörülmüş ip olacaqdır!” ayəsi haqda demişdir: “Bu, boğaza bağlanan dəmir parçasıdır. Ərəblər suyu hərəkətə gətirən çarxı da bu sözlə (məsəd) ifadə edirlər.
İbn Əbu Hatim deyir: Atam və Əbu Zura Əsma bint Əbu Bəkrin belə dediyini nəql edirlər: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” surəsi nazil olanda Hərbin qızı Ummu Cəmil yüksək səslə qışqıra-qışqıra əlində bir balta gəlib dedi: “Biz onu rədd etdik, dinini qəbul etmədik, gətirdiyinə də qarşı çıxdıq”.
Bu ərəfədə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Əbu Bəkrlə birgə məsciddə oturmuşdu. Əbu Bəkr qadını görəndə dedi: “Ey Allahın elçisi, o, gəlir. Səni görəcək deyə narahatam”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “O, məni görə bilməz”. O, Qurandan ayə oxuyaraq Allaha sığındı. Allah təala buyurur ki, “Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik”. (əl-İsra, 45) Ummu Cəmil gəlib Əbu Bəkrin yanında dayandı və Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) görmədi. Dedi: “Ey Əbu Bəkr, dostun məni həcv edib”. Əbu Bəkr dedi: “Allaha and olsun ki, o, səni həcv etməyib”. Ummu Cəmil “qureyşlilər mənim ağalarının qızı olduğumu çox yaxşı bilir” – dedi və çıxıb getdi”. Vəlid və digərlərinin nəql etdikləri rəvayətlərdə qeyd olunur ki, Ummu Cəmil Beytullahı təvaf edərkən ayağı büdrədi və “məzəmmət olunan ölsün!” dedi. Abdulmuttalibin qızı Ummu Həkim dedi: “Mən həyalıyam, danışdırılmıram, dünyagörüşlüyəm, öyrədilmərəm. Biz hamımız əmi uşaqlarıyıq. Qureyş bunu çox yaxşı bilir”.
Hafiz Əbu Bəkr əl-Bəzzar deyir: Bizə İbrahim ibn Səid və Əhməd ibn İshaq Səid ibn Cübyer vasitəsilə İbn Abbasın belə dediyini nəql etmişlər: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” surəsi nazil olduqda Əbu Ləhəbin arvadı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi. O, Əbu Bəkrlə birgə oturmuşdu. Əbu Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) dedi: “Bəlkə gedəsən, o da sənə bir şey edə bilməyə!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Şübhəsiz mənimlə onun arasına bir maneə çəkilər”. Əbu Ləhəbin arvadı gəldi və Əbu Bəkrin qarşısında dayanıb dedi: “Ey Əbu Bəkr, dostun məni həcv etdi”. Əbu Bəkr isə ona belə cavab verdi: “Xeyr! Bu Evin Rəbbinə and olsun ki, o nə şeir deyər, nə də dilinə heç vaxt şeir gətirməz”. Qadın “Sən doğrudanışan birisən” deyərək çıxıb getdi. Qadın getdikdən sonra Əbu Bəkr Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) “o, səni görmədimi?” demiş, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) isə buyurmuşdu: “O, çıxıb gedənə kimi bir mələk mənim qarşımda dayandı”. Əbu Bəkr əl-Bəzzar deyir ki, bu isnadla Əbu Bəkrdən (Allah ondan razı olsun!) daha gözəl hədis rəvayət edildiyini bilmirəm.
Bir qisim elm əhli Allah təalanın “Onun boğazında hörülmüş ip olacaqdır!” ayəsi haqda belə söyləyirlər: Yəni Cəhənnəmdə onun boğazında oddan hörülmüş ip olacaqdır. Bu od bəzən onun hörüklərinə qədər çıxar, sonra aşağı çəkilər.
Əbu Xəttab Ömər ibn Dəhyə “Tənvir” adlı kitabında məsəd sözünün dolçanın ipi mənasına gəldiyini söyləmişdir. O, bu mövzuda bir rəvayət də qeyd etmişdir. Alimlərin sözlərinə görə, bu surədə açıq-aşkar möcüzə və peyğəmbərliyə dəlalət edən sübut vardır. Çünki “O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında hörülmüş ip olacaqdır!” ayələrində xəbər verilir ki, Əbu Ləhəb və onun arvadı iman gətirməyəcək və ölənə kimi küfrlərində qalacaqdır. Onların heç biri nə aşkarda, nə də gizlində islamı qəbul etməyiblər. Bu da peyğəmbərliyə dəlalət edən ən tutarlı dəlillərdən biri hesab olunur.
“Təbbət” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 15:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Sureler