beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 1-10 ayələr

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(1) Əlif. Ləm. Mim.

Biz artıq “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözlərinin şərhi haqqında yuxarıda bildirmişik. Quran surələrinin böyük bir hissəsinin başlanğıc götürdüyü “ayrı-ayrı hərflərə” gəldikdə isə, yaxşı olardı ki, onlara şərh verməkdən çəkinək, çünki bütün mövcud şərhlərdən heç biri müqəddəs mətnlərə istinad etmir. Lakin iman sahibi olan hər bir şəxs qəti bilməlidir ki, bu hərflər əyləncə xatirinə deyil, bizim dərk edə bilmədiyimiz müdrik niyyətlə bağlı nazil edilmişdir.


(2)“Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır”.

Bu elə bir əzəmətli Kitabdır ki, haqlı olaraq müqəddəs adlanır və özündə aydın həqiqəti, habelə, hətta əvvəlki Səmavi Kitablarda olmayan geniş bilikləri təcəssüm etdirir. Onun gerçəkliyi şübhə doğurmur və, nəzərə alsaq ki, əminlik şəkk gətirmənin əksidir, onda hər bir kəs onun həqiqiliyinə inana, hər hansı şübhəni darmadağın etmək üçün ondan kamil biliklər mənimsəyə bilər. Bu inamı elə bir faydalı qayda təsdiq edir ki, ona görə, əgər qüsurun inkarı tərif bildirirsə, bu inkar kamilliyin əksinin olmasını nəzərdə tutur. Bu qayda ədalətlidir, çünki sadəcə qüsurun inkarı hələ tərifləmək demək deyildir, ancaq hər hansı keyfiyyətin ortada olmamasına işarə edir.
Bütün deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Müqəddəs Quran insanlarda elə bir inam yaradır ki, onsuz heç kim doğru yolla gedə bilməz və məhz buna görə Uca Allah onu müttəqilər üçün doğru yolun yönəldicisi adlandırmışdır. Etibarlı yönəldici insanlara haqqı yanlışlıqlardan, şübhələrdən ayırmaqda kömək edir, onları, qullara xeyir verən yollarla getməyə çağırır. Allah Quranı ən geniş mənada rəhbərlik adlandırır və yönəldici sözü işlətmir. O, onu, müəyyən məqsədə nail olmaq üçün rəhbərlik və ya müəyyən şeyə rəhbərlik adlandırmamışdır. Bu isə o deməkdir ki, Müqəddəs Quran həm bu dünya həyatında və həm də ölümdən sonra, xeyir gətirən hər şeyin yolunu insanlara göstərir. O, bütün əsas və ikinci dərəcəli məsələlərdə etibarlı rəhbərlik kimi, həqiqəti yalandan, sağlam düşüncələri isə yanlış baxışlardan fərqləndirməyə kömək edir. O, bu dünyada və Axirət aləmində öz həyatını qurmağın qayğısını çəkərək doğru yolla necə getmək lazım olduğunu izah edir.
Digər bir ayəsində Uca Allah buyurur:“İnsanlara doğru yolu göstərən, haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir...”(Bəqərə, 2/185)
Çox maraqlıdır ki, burada Quran bütün insanlar üçün etibarlı rəhbərlik adlandırılmışdır, halbuki həm şərh etdiyimiz ayədə və həm də bir çox başqa yerlərdə o, ancaq təqva sahibləri üçün rəhbərlik adlandırılır. Bunun bir sıra izahları var.
Birincisi, Müqəddəs Quran, əslində, bütün bəşəriyyət üçün misli görünməmiş doğru rəhbərlikdir, lakin bədbəxt kafirlər ona diqqət yetirmirlər və Allahdan bu Kitabını qəbul etmirlər. Onlar həqiqəti bilir, amma ondan faydalanmırlar, çünki bədbəxt məxluqdurlar. Əməlisaleh möminlər isə, doğru yola qayıtmağa kömək edən böyük bir əsasdan artıq bərk-bərk yapışmışlar. Bu əsas – onların, Allahdan qorxmaqdan ibarət olan təqvasıdır. Allah qorxusu dedikdə, Allahın qəzəbindən qorunmağa imkan verən əməllərin yerinə yetirilməsi, Onun hökmlərinə riayət edilməsi və Onun qoyduğu qadağalara hörmətlə yanaşılması nəzərdə tutulur. Onlar öz təqvaları sayəsində doğru yola çıxdılar və böyük nemətə nail oldular. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir”(Ənfal, 8/29) Bax buna görə, məhz təqva sahibi olan qullar Quran ayələrindən və səmavi əlamətlərdən faydalana bilirlər.
İkincisi, doğru rəhbərlik və öyüd-nəsihət iki növ olur. Bəziləri doğru yola yönəldilir, digərləri isə doğru yolla getməyə ruhlandırılır. Təqva sahibi olan möminlər hər iki növ öyüd-nəsihətə nail edilirlər, yerdə qalan insanlara isə ikinci növ nəsihət verilmir. Onlara ancaq doğru yol göstərilir. Lakin Allah onları xeyirxah əməllər etməyə ruhlandırmır və buna görə belə öyüd-nəsihət və rəhbərlik kamil və tam hesab olunmur.
Sonra Uca Allah təqvalı iman sahiblərinin qəlbən etiqad etdikləri əqidədən və bədən hərəkətləri ilə yerinə yetirdikləri əməllərindən bəhs edir:

(3) “O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər”.

Həqiqi iman o imandır ki, Allahın elçilərinin verdikləri bütün xəbərlərin doğruluğunu, mütilik ifadə edən davranışınla tamamilə qəbul edəsən. İnsan ancaq gördüyünə və hiss etdiyinə inanmaqla kifayətlənməməlidir, çünki bu halda müsəlman kafirlərdən fərqlənmir. O, Allahın nazil etdiyi və Onun Elçisinin (s.ə.s.) xəbər verdiyi, öz gözü ilə görüb əmin olması mümkün olmayan qeybə iman gətirməlidir. Məhz belə iman müsəlmanı kafirdən ayırmağa imkan verir. Mömin, Allah və Onun Elçisinin (s.ə.s.) bildirdiyi bütün xəbərlərin həqiqiliyinə, onları öz gözü ilə görüb görməməsindən asılı olmayaraq, inanır. O, başa düşəcəyi və öz ağlı ilə dərk edə biləcəyi xəbərlərlə, başa düşə bilmədiyi qeyb arasında heç bir fərq qoymur. Məhz bu keyfiyyəti onu, dərk edə bilmədiklərinə iman gətirməyən kafirlərdən ayırır. Onlar öz dayaz ağılları ilə ilahi vəhyləri anlamayaraq, başa düşməyə qabil olmadıqları qeybə aid nə varsa inkar edirlər. Onların təfəkkürü xəstə və pozulmuş olduğu halda, vəhyin gerçəkliyini qəbul edən və Allahın öyüd-nəsihətinə əməl edən möminlərin düşüncəsi sağlam və pakdır.
Qeybə iman gətirmək – Uca Allahın keçmişdə olmuş və gələcəkdə olacaq hadisələr haqqında verdiyi bütün xəbərlərə inanmaq deməkdir. Bu xəbərlərə, yəni Axirət günü baş verəcək hadisələr haqqında rəvayətlərə, Allahın ilahi sifətlərinə dair və habelə bunlarla əlaqədar Allahın elçilərinin verdikləri bütün xəbərlərə iman gətirmək də daxildir. Elə buna görə möminlər Allahın sifətlərinə iman gətirir və onların, keyfiyyətini qavramaq qabiliyyətinə malik olmasalar da, gerçəkliyinə əmindirlər.
Möminlərin daha bir xüsusiyyəti – onların namazı lazımınca qılmasıdır. Təqva sahibi olan möminlər namazı, sadəcə, müəyyən ayinləri yerinə yetirmək üçün qılmırlar. Namaz qılmaq dedikdə, namazın şərtləri və rüknlərinin və həmçinin vacib tələblərinin müvafiq qaydada yerinə yetirilməsi və özü də onların qəlbin və bədən üzvlərinin iştirakı ilə icra edilməsi və bu zaman tələffüz edilən kəlmələrin, yerinə yetirilən hərəkətlərin dərk edilməsi nəzərdə tutulur. Belə namaz haqqında Uca Allah buyurur: “...Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir...”(Ənkəbut, 29/45) Məhz belə namaz qula savab gətirir. Allahın qulu düşünərək qıldığı namaza görə savab qazanır. Bizim şərh etdiyimiz ayəyə gəldikdə isə, namaz dedikdə ayədə fərz və nafilə namazlar nəzərdə tutulur.
Məhz belə namaz qula savab gətirir. Allahın qulu düşünərək qıldığı namaza görə savab qazanır. Bizim şərh etdiyimiz ayəyə gəldikdə isə, namaz dedikdə ayədə fərz və nafilə namazlar nəzərdə tutulur.
Namaz qılmaqla bərabər təqvalı dindarlar ianə paylayırlar. İanə zəkatdan, zövcələr, qohumlar, qullar üçün nəzərdə tutulan təminat xərcliyindən və digər vacib sədəqələrdən və həmçinin xeyriyyəçilik məqsədilə verilən könüllü yardımlardan ibarətdir. Uca Allah bu ayəsində məhz kimə ianə vermək lazım olduğu barədə xəbər verməmişdir, çünki belə xeyriyyəçilik məqsədləri və sədəqəyə ehtiyacı olanlar olduqca çoxdur və həm də nəzərə almaq lazımdır ki, öz Rəbbinə yaxınlaşmaq üçün yerinə yetirilən hər bir əməli sədəqə adlandırmaq olar.
Uca Allah göstərir ki, sədəqə kimi əmlakın ancaq kiçik bir hissəsini ianə vermək olar. Belə ehsan insanlara ziyan vurmur və onlara ağır gəlmir. Əksinə, onlar bundan fayda əldə edir və öz qardaşlarına xeyir verirlər. Uca Allah xüsusilə vurğulayır ki, insanlar var-dövləti öz qabiliyyətlərinə görə əldə etmirlər. Mal-mülkü onlara Allah nəsib etmişdir və Qüdrətli Allah bu maddi nemətləri bəxş etməklə onları çoxsaylı digər məxluqları üzərində yüksəltdiyinə görə, insanlar Ona həmd etməyə, onlara bağışlanmış var-dövlətdən öz imkansız qardaşlarına kömək məqsədilə paylamağa borcludurlar.
Quran ayələrinin çoxunda namaz zəkatla yanaşı xatırlanır, çünki namaz Allaha səmimi ibadətin rəmzidir, zəkat və sədəqə isə məxluqlara bəslənən gözəl münasibətdir. Həqiqətən, məhz Allaha səmimi ibadət və yaradılmışlara yardım edilməsinə yönəldilən səylər xoşbəxtliyin rəhnidir, bu keyfiyyətlər olmadıqda isə, bədbəxtçiliyin rəhnidir.

(4) “O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, Axirətə də yəqinliklə inanırlar”.

Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) vəhy yolu ilə nazil edilən Quran və Sünnədir. Uca Allah belə buyurur: “...Allah sənə Kitabı və Hikməti (Quranı və Sünnəni) nazil etdi...”(Nisa, 4/113) Təqva sahibi olan dindarlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gətirdiyi nə varsa, hamısına inanırlar və vəhylər arasında fərq qoymurlar. Onlar, nazil edilmiş Kitabın ancaq bir hissəsinə inanıb, digər hissəsini rədd edən, onu inkar edərək və yaxud Allahın və Elçisinin (ona Allahın salavatı və salamı olsun) şərhlərinin əksinə olaraq yanlış izah etməyə cəhd göstərən bidətçilərə aid deyillər. Ancaq bunlar özlərini bu tərzdə aparır və onların yanlış baxışlarını rədd edən müqəddəs mətnlərin mənasını təhrif edirlər. Əslində, onlar vəhylərin həqiqi mənasını etiraf etməyi və onlara lazımınca iman gətirməyi rədd edirlər.
Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) gəlməsinə qədər nazil edilmiş Kitablara gəldikdə isə, nəzərdə tutulan – səmavi Kitablardır. Bu Kitablara iman – Allahın elçilərinə və o Kitablarda yazılmış xəbərlərə imandan ibarətdir. Onların Tövrat, İncil (Əhdi-cədid) və Zəburdan ibarətdir. Bütün səmavi Kitablara və Allahın bütün elçilərinə iman – Allahın elçiləri arasında fərq qoymayan həqiqi möminlərin xüsusiyyətidir. Bununla yanaşı onlar Axirət həyatının varlığına da əmindirlər.
Ölümündən sonra insanın başına gələn bütün hadisələr Axirət həyatı adlandırılır. Allah qeyb aləminə iman gətirməyi xatırlatdıqdan sonra Axirət həyatını da xüsusilə qeyd etmişdir, çünki o, imanın əsas rüknlərindən və insanda qorxu, ümid və xeyirxah əməllər arzusu doğuran ən böyük amillərdən biridir. Etiqad məsələsinə gəldikdə isə, bu ad altında, özündə qətiyyən şübhə yeri qoymayan mükəmməl bilik nəzərdə tutulur ki, o, insanı daima fəaliyyət göstərməyə yönəldir.

(5) “Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır”

Yuxarıda sadalanan tərifəlayiq keyfiyyətlərə malik olan möminlər öz Rəbbindən gələn müdrik rəhbərliyə riayət edirlər. “Hüda” (“doğru rəhbərlik”) sözü müəyyən artiklsiz işlədilmişdir ki, bu da onların seçdikləri yolun möhtəşəmliyini vurğulayır. İnsanın sağlam baxışlara malik olması və düzgün əməllər etməsi üçün hansı rəhbərlik əzəmətli ola bilər? Ancaq belə bir rəhbərliyi haqlı olaraq gerçək adlandırmaq olduğu halda, bütün yerdə qalanlar yanlışlıqlardan başqa bir şey deyildir.
Qeyd etmək lazımdır ki, doğru rəhbərlik xatırlanarkən Uca Allah “alə” ön şəkilçisindən istifadə etmişdir ki, o, yüksək mövqeyə işarə edir, halbuki yanlışlığı ifadə edərkən “fi” ön şəkilçisi işlədilmişdir ki, bu hazırkı vəziyyətdə zəlalətə batmağa işarə vurur. Uca Allah buyurur: “...Elə isə biz və ya siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”(Səba, 34/24) Bu onunla izah edilir ki, doğru rəhbərlik onun tərəfini saxlayanı ucaldır, yanlışlıq isə onda batıb qalanı alçaldır.
Sonra Uca Allah bildirir ki, təqvalı möminlər hökmən uğur qazanacaqlar. Bu o deməkdir ki, onlar istədiklərinə və onlara vəd edilənlərə nail olacaqlar və dəhşətli və xoşagəlməz nə varsa, hamısından xilas ediləcəklər. Allah xüsusilə qeyd edir ki, onlar yeganə uğur qazananlardır, çünki onların yolu, böyük müvəffəqiyyətə aparan yeganə yoldur, halbuki qalan bütün yollar insanı bədbəxtliyə, məhvə və ziyana uğradır. Məhz buna görə, Uca Allah həqiqi iman gətirmiş şəxslərin sifətlərini xatırladandan sonra, öz imansızlıqlarını inadkarcasına müdafiə edən və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) müqavimət göstərən kafirlərin sifətləri haqqında xəbər verir.
(6) “Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər”.

Uca Allah kafirlik onların ayrılmaz sifətlərinə çevrilmiş imansızlar haqqında xəbər verir. Belə insanları kafirlikdən uzaqlaşdırmaq mümkün deyil, çünki onlar heç bir təbliğata, öyüd-nəsihətə baxmayaraq, kafirliyə etiqadlarında davam edəcəklər. Onlara cəza veriləcəyi haqqında xəbərdarlıq etsən də, etməsən də, əsil imana tərəf üz döndərməyi rədd edəcəklər. Bilmək lazımdır ki, əslində, kafirlik, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) təbliğ etdiyi dini tamamilə və ya qismən inkar etməkdir. Kafirlər bu təbliğatdan xeyir götürmək istəmirlər, lakin həqiqəti bilərək, öz cahillikləri üzündən sonradan Allah qarşısında tövbə etmək imkanını əldən buraxırlar.
Uca Allah bu ayə ilə kafirlərin İslamı qəbul edəcəklərinə ümid bəsləməsini və onların iman gətirməkdən boyun qaçırmalarına məyus olmasını Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) sanki qadağan etmişdir. Sonra Uca Allah onlara iman gətirməyə səbəb olan maneələr haqqında bildirərək buyurur:

(7) “Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır”.

Onların qəlbinə və eşitmə qabiliyyətinə vurulmuş möhür imanın kafirlərin qəlbinə daxil olmasına yol vermir və buna görə də onlar özlərinə xeyirli olan şeylərə əhəmiyyət vermir və qulaq asmırlar. Gözlərində olan örtük onların nədən xeyir əldə edə biləcəklərini görməyə mane olur. Elmə və xeyirxahlığa aparan bütün yollar onların qarşısında bağlanmışdır və onların nemət qazanacaqlarına ümid etmələri mənasızdır. Onlar bu imkandan məhrum edilmiş, qarşılarında haqq dinə aparan bütün yollar qapanmışdır, çünki onlar özləri iman gətirməkdən boyun qaçırmış və əsil həqiqət onlara aydın olduqdan sonra ona müqavimət göstərmişlər. Bununla əlaqədar Uca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirərik...”(Ənam, 6/110) Bu dünyada kafirlərin cəzası budur, Axirət həyatında isə onları böyük cəza, əbədi Cəhənnəm əzabı və Qüdrətli Hökmdarın hədsiz qəzəbi gözləyir.


(8) “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq” – deyirlər”.

Uca Allah özlərini üzdə müsəlman kimi aparan, qəlbən isə kafir olan ikiüzlü münafiqlər haqqında xəbər verir. Bilmək lazımdır ki, burada ikiüzlü adı altında nümayişkaranə dindarlıq nəzərdə tutulur ki, onun arxasında gizlənən şər və şərəfsizlikdir. Bu tərif təkcə etiqadında münafiqlik olana deyil, davranışında münafiqlik olana da aiddir. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bu barədə demişdir: “Münafiqi onun üç keyfiyyəti büruzə verir: o bir şey haqqında danışanda, yalan deyir; söz verəndə yerinə yetirmir; ona etibar edildikdə, etibarı doğrultmur”. Hədisin başqa bir variantında deyilir: “Əsil münafiq aşağıdakı dörd xüsusiyyəti özündə cəmləşdirən kəsdir: ona etibar edildikdə, etibarı doğrultmur; bir şey danışdıqda, yalan söyləyir; kimlə müqavilə bağlayırsa, onu pozur; biri ilə mübahisə etdikdə, özünü ləyaqətsiz aparır”. Etiqadda münafiqliyə gəldikdə isə, o, insanı İslamdan çıxarır. Quranın bu və digər surələrində, Uca Allah münafiqləri təsvir edərkən, məhz münafiqliyin bu sonuncu formasından bəhs edir.
İslam tərəfdarları arasında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət etməsinədək və hicrət etdikdən sonra Bədr döyüşü baş verənə qədər münafiqlər yox idi. Həmin döyüşdə Allah müsəlmanlara qələbə bəxş etdi, möminləri ucaltdı və Mədinədə yaşayan kafirləri rəzil etdi. Öz canlarından ötrü keçirdikləri qorxu hissi və müsəlmanları aldatmaq istəyi onlardan bəzilərini özlərini gözə soxmaq üçün İslama girməyə vadar etdi. Onlar bu yolla öz canlarını və var-dövlətini qoruyub saxlamağa ümid edirdilər. Zahiri görünüş etibarı ilə, onlar müsəlman görkəmində olsalar da, ancaq qəlbən kafir qalmışdılar. Belə olduqda, Allah möminlərə rəhm edərək, münafiqlərin xüsusiyyətlərini onlar üçün təsvir etdi ki, möminlər onları tanısın, onların sözlərinə və əməllərinə aldanmasınlar və onların yaramazlıqlarından qoruna bilsinlər.
Uca Allah buyurur: “Münafiqlər, özlərinin qəlbində olanı xəbər verən bir surənin möminlərə nazil olmasından çəkinirlər...” . Allah belə bir surəni nazil etdi və onda həmin mürtədlərin əsas xüsusiyyətlərini təsvir etdi. Onlar bəyan edirlər ki, Allaha və Qiyamət gününə iman gətiriblər. Amma əsil həqiqətdə onlar qəlblərində olmayanları deyirlər. Onlar – yalançıdırlar, çünki haqq dinə ibadət edənlərin sözləri baxışları ilə ziddiyyət təşkil etmir. İkiüzlü münafiqlərə gəldikdə isə, onlar öz sözləri ilə Allahı və Onun iman gətirmiş qullarını aldatmaq istəyirlər.


(9) “Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar”.

Burada aldatmaq dedikdə, əsil münasibətini gizlətmək məqsədilə öz niyyətinə nail olmaq üçün süni bir münasibət göstərmək nəzərdə tutulur. Bunun əsasında münafiqlər Allahla və Onun qulları ilə öz münasibətlərini qururlar. Lakin onlar ancaq özlərini aldadırlar və bu da çox qəribədir. Adətən, bir nəfər bir başqasını aldatdıqda, ya istədiyinə nail olur, ya da heç nə əldə edə bilməsə də, heç nəyi də itirmir. Amma münafiqlər özlərinə ziyan vururlar. Onlar sanki fitnə-fəsadı ona görə törədirlər ki, özlərini məhv etsinlər və özlərini aldatsınlar, çünki onlar Uca Allaha zərər vura bilməzlər və möminlərə də xətər yetirmək qüvvəsində deyillər. Onlar malını və canını xilas etmək üçün özlərini mömin kimi göstərərkən dindarlara az da olsa zərər vurmurlar. Onların fitnəkarlıqları ancaq özlərinə qarşı çevrilərək, onları biabırçılığa və dünyəvi həyatda şərəfsizliyə qərq edir. Hər dəfə, onlar müsəlmanların gücünü və qüdrətini görəndə hədsiz matəmə batırlar. Axirət günü isə onlar layiq olduqları əzablı, ağrıdıcı və dəhşətli cəzaya düçar ediləcəklər. Çünki onlar haqqı yalan saydılar, iman gətirməkdən boyun qaçırdılar və günaha qurşandılar. Lakin onlar o dərəcədə cahil və axmaqdırlar ki, bunu dərk etmək iqtidarında deyillər.
(10) “Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər”.

Bu ayədə xəstəlik adı altında şəkk-şübhə, inamsızlıq və münafiqlik nəzərdə tutulur. Bilmək lazımdır ki, qəlb iki xəstəliyin: saxta şübhələrin və alçaq ehtirasların təsiri altında pozula bilər. İmansızlıq, münafiqlik və bidət qəlbi korlayan şübhələr olduğu halda, zina, əxlaqsızlığa meyl və itaətsizlik alçaq həvəslərə aludəliyə aiddir. Uca Allah bununla əlaqədar buyurur: “...Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər...”(Əhzab, 33/32) Ayədə zinakarlığa alçaq meyldən bəhs edilir. Qəlb, bu iki xəstəlikdən xilas olduqdan sonra, sağlam adlandırıla bilər. Ancaq bu halda insan möhkəm iman və əqidə sahibi ola, itaətsizlikdən çəkinə və pis əməllərdən qoruna bilər.
Bu ayə fasiqi günah etməyə sövq edən Allahın müdrikliyinin dəlilidir. Günahkarlar etdikləri cinayətləri üzündən özlərini cəzaya məhkum edən yeni-yeni günah əməllər törədirlər. Bu barədə Uca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirərik...”(Ənam, 6/110) “
...Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sap¬dırdı. Allah fasiqləri doğru yola yönəltməz”(Saff, 61/5)
“Qəlbində xəstəlik olanlara gəlincə, o surə onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər”(Tövbə, 9/125 )
Bütün bu deyilənlərdən belə bir nəticə çıxır ki, törədilmiş günaha görə cəza – növbəti günahların işlədilməsidir və bununla yanaşı, yerinə yetirilmiş xeyirxah əmələ görə əcr almaq – növbəti xeyirxahlıqdır. Uca Allah buyurur: “Allah doğru yolda olanların doğruluğunu artırar...”(Məryəm, 19/76_


Tarix: 20.04.2013 / 15:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 693 Bölmə: Sureler