beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 181-200 ayələr

(181) ““Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını!”

(182) “Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”.

Uca Allah bu ayələrdə ağızlarından çirkin, qorxulu və mənfur sözlər çıxarmağa cəsarət etmiş qaba cinayətkarlardan bəhs edir. Allah onların sözlərini eşitmiş, onları yazmış və onları bu mürtədlərin yaramaz əməlləri ilə birlikdə hökmən saxlayacaqdır. Onların günahlarından biri, onlara səmimi qəlbdən yaxşılıq istəyən peyğəmbərləri qətlə yetirmələri idi.
Onlar mütləq ən ağır cəza alacaqlar və onların: Allah kasıbdır, onlar isə varlıdırlar demələrinə cavab olaraq, onlara şölələnən Odu dadmağı əmr edəcəklər. Alov onların bədənini yandıracaq, öz dilləri ilə onları dəlib deşəcək və ürəklərinə qədər keçəcək.. Amma Allah tərəfindən verilən hətta belə dəhşətli cəza da ədalətsiz olmayacaqdır, çünki O, heç vaxt Öz qullarına əziyyət vermir və zorakılıqdan sonsuzluğa qədər uzaqdır. Günahkarlar bu qisasa, onların cəzalandırılmasına və mükafatdan məhrum edilməsinə səbəb olan pozğun və biabırçı əməllərinə görə layiq görülmüşlər.
Quran şərhçilərinin sözlərinə görə bu ayə belə dəhşətli sözlər söyləmiş bir qrup yəhudi barədə nazil edilmişdir. Onlardan biri Mədinədən yəhudi ağsaqqalı və alimi Fənxas b. Azura olmuşdur. Allahın: ““Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar...” (Bəqərə, 2/245) və “...Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin...” (Muzzəmmil, 73/20), ayələrini eşidib, o, qürrələnərək, bildirmişdi ki, Allah kasıbdır, onlar isə varlıdırlar.
Allah bu sözləri xəbər verərək, bildirir ki, bu, yəhudilərin ilk yaramaz əməli deyil, onlar əvvəllər də belə dəhşətli cinayətlər edərdilər və hətta Allahın elçilərini zalımcasına qətlə yetirərdilər. Allah peyğəmbərlərin öldürülməsini zalımlıq adlandıraraq, bununla nəzərə çatdırmaq istəyir ki, bu cinayətin əxlaqsız əməl olması yəhudilərə məlum idi. Onların cinayətinin səbəbi cahillik və yanlışlıq deyildi, səbəb – onların əxlaqsızlığı və inadkarlığı idi.

(183) “Onlar dedilər: “Allah bizdən əhd almışdı ki, heç bir elçiyə, odun yandıracağı bir qurban gətirməyincə inanmayaq”. De: “Məndən əvvəl də sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz?”

Uca Allah, Ona çox böyük iftira atmış yalançılar barədə xəbər verir ki, guya Allah onlarla əhd bağlamış və onlara tapşırmışdır ki, heç bir elçiyə, odda yandırılan bir qurban verməyincə, inanmasınlar. Onlar Allaha böhtan ataraq öz müdhiş iftiraları ilə peyğəmbərlik nişanələrinin hüdudlarını daraltdılar. Onlar, odda yandırılan qurbanlıq görmədikcə, elçilərə iman gətirməkdən boyun qaçırırdılar və iddia edirdilər ki, bu qayda ilə öz Rəbbinə itaət və Ona verdikləri əhdə riayət edirlər. Yaxşı məlumdur ki, Allah Özünün bütün elçilərinə dəlillələr və möcüzələr bəxş etmişdir. Onların hər biri kifayət edərdi ki, insanlar onlara inanaraq həqiqi dinə gəlsinlər və bu möcüzələr o mürtədlərin dedikləri ilə heç məhdudlaşmırdı da.
Bununla belə, zalımlar öz uydurduqları yalanla da qane olmurdular və buna görə də Allah Öz Elçisinə (s.ə.s.) buyurur ki, desin: “Mənə qədər də sizə, onların gerçəkliyini təsdiq edən aydın dəlillərlə elçilər gəlirdi. Onların arasında odun yandırdığı qurbanı görmüşdünüz. Əgər siz odun yandırdığı qurbanı göstərən o elçilərə doğrudan da inanan idinizsə, həmin elçiləri niyə öldürürdünüz? Bu ancaq sizin yalanınızı, sizin inadkarlığınızı və sizin məntiqsizliyinizi ifşa edir”.

(184) “Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, müqəddəs yazılar və nur saçan Kitabla gəlmiş elçiləri də yalançı hesab etmişdilər”.

Ey Muhəmməd! Allaha iman gətirməmək və Allahın elçilərini tanımamaq zalım adamlara məxsusdur və onlardan əskik olmayan bir xislətdir. Onlar elçilərə inanmaqdan imtina edirlər, lakin bunu, peyğəmbərlərin təbliğ etdiklərindən xəbərdar olmadıqlarına və ya onların dəlillərinin doğruluğuna şübhələndiklərinə görə belə etmirlər, axı Allahın elçiləri onlara təkzibolunmaz məntiqli dəlillər və müqəddəs mətnlər təqdim edirdilər. Onlar o zalımlara səmadan nazil edilmiş kitabları göstərirdilər ki, bunları ancaq Allahın elçiləri əldə edə bilərdilər. Onlar insanları dini hökmlərin və gerçək əhvalatların vəhy edildiyi və həmçinin gözəl məntiqi dəlillərin izah edildiyi Kitabları oxumağa öyrədirdilər. Əgər zalımlar belə ecazkar xüsusiyyətlərə malik olan elçiləri inkar etməyə alışmışdılarsa, onda onların rəftarı səni kədərləndirməməli və onların taleyi də səni narahat etməməlidir.


(185) “Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”.

Bu gözəl ayə dünya nemətlərinə tamah salmamağa çağırır, çünki onlar fani və keçici, dünya həyatı isə bütövlükdə maddi həzlə aldanmaqdan ibarətdir. Dünya nemətləri öz nəşəsi və ləzzəti ilə insanları tamahlandırmaqla onları azdırır və bundan sonra insanlar onlardan ayrılaraq əbədi məskənə köçürlər. Orada hər kəs dünya həyatında etdiyi yaxşı və yaman əməllərinə görə əvəzini bütünlüklə alır. İnsan Cəhənnəmdən qorunmağa və Cənnət bağlarına girməyə nail olduqda, o, böyük uğur qazanır, müdhiş cəzadan xilas olur və səadət bağlarında məskunlaşır ki, orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi və hətta insanın təsəvvürünə belə gətirmədiyi şeylər cəmləşdirilmişdir. Ayədən aydın olur ki, insan Cəhənnəmdən çıxarılıb Cənnət bağlarına salınmazsa, o, heç vaxt uğur əldə edə bilməz. Belə olduqda, o, əbədi bədbəxtçiliyə və sonu tükənməz cəzaya məhkum olacaqdır.
Bu ayədə Məhşər günü başlanana qədər davam edəcək məmnunluğa və ölümdən sonra cəzalandırılmaya incə bir eyham vardır. İnsanlar törətməyə imkan tapdıqları bir sıra əməllərinə görə bu aralıq dünyada (bərzəxdə) layiq olduqları əvəzi qismən alırlar. Belə bir nəticəyə, insanların ancaq Qiyamət günü tam əvəz alacaqları haqqında rəyə görə, gəlmək mümkündür; bərzəx aləmində isə onlar etdiklərinin əvəzini qismən alacaqlar. Əvəzin bir qismini də insanlar bu dünyada ikən alırlar. Uca Allah buyurur: “Ən böyük əzabdan əvvəl Biz onlara mütləq ən kiçik əzabdan dünya əzabından daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar” (Səcdə, 32/21).

(186) “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, bilin ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir”.

Uca Allah möminlərə bildirir ki, var-dövlət hökmən onlar üçün bir aldanma vasitəsi olacaqdır, çünki onlar onu Allah yolunda vacib və könüllü sədəqələr verməklə sərf etməlidirlər. Onları azdıran səbəblərdən biri də özləri olacaqlar, axı onlar, insanların əksəriyyəti üçün ağır olan vəzifələri yerinə yetirməli idilər. Onlar döyüşdə iştirak etməli, çətinliklərə və məhrumiyyətlərə qatlaşmalı, ölümlə üz-üzə gəlməli, əsir düşməli, yaralanıb xəstələnməli olacaqdılar və bütün bunlara ya onların özləri, ya da əzizləri məruz qalacaqdılar. Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməliydilər – onları, onların dinini, Kitabını və Elçisini (s.ə.s.) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.
Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.
İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (s.ə.s.) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı” (Əhzab, 33/22).
Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar. Bu isə o deməkdir ki, möminlər ancaq Onun xatirinə səmimi qəlbdən səbirli olmalı, bunun vasitəsi ilə Ona yaxınlaşmağa can atmalı və yol verilən əməllərin həddini aşmamalı, Allahın düşmənlərindən intiqam almaq lazım gəldikdə və müsəlmanlara təhqirlərə dözmək qadağan olduğu hallarda lüzumsuz səbirlilik göstərməməlidir.
Möminlər qətiyyət göstərməli və səbirli olmaqda və təqvalılıqda hətta bir-biriləri ilə rəqabət aparmalıdırlar. Lakin bu, ancaq qəti niyyətə və yüksək məqsədə malik olan şəxslərə nəsib olur. Elə buna görə Uca Allah buyurur: “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).

(187) “O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir!”

“Əhd” sözü ilə Uca Allahın Kitab verdiyi və bilik nazil etdiklərindən Onun aldığı mühüm və ciddi vədə ifadə edilmişdir. Bu əhdə görə, onlar insanlara ehtiyacları olduğu və Allahın onlara öyrətdiyi hər şeyi izah etməyi Onun qarşısında söz vermişdilər. Onlar vəd etmişdilər ki, aldıqları biliyi gizlətməyərək, ətrafdakılarla bölüşəcək, xüsusilə də, şərait onları haqqı izah etməyə vadar etdikdə, onlar özləri buna maraq göstərəcəklər. Belə bir vəziyyətdə gerçək biliyə malik olan hər bir kəs, zəruri izahat verməyə və həqiqəti yalandan fərqləndirməyə kömək göstərməyə borcludur.
Möminlər öz vəzifələrini vicdanla yerinə yetirirdilər və Allahın onlara öyrətdiklərini, Onun razılığını qazanmağa can ataraq, ətrafdakılara qayğı göstərərək və həqiqi biliyi, günah olduğu hallarda gizlətməyərək, insanlara öyrədirdilər. Kitab əhlinə - yəhudilərə və xristianlara – və onlara oxşar günahkarlara gəldikdə isə, onlar Allahla bağladıqları əhdi bir kənara ataraq ona heç bir əhəmiyyət vermədilər. Onlar həqiqəti gizlətməyə və yalanı isə yaymağa başladılar, kobud cinayətlər törətməyə cəsarət etdilər, Allah və Onun məxluqları qarşısında öz vəzifələrinə laqeyd yanaşdılar. Onlar gizlətdikləri həqiqi biliyə görə cüzi qazanc – hakimiyyət və nifrətamiz zənginlik əldə etdilər ki, bəziləri bunlara, öz nəfslərinə uyan və həqiqət qarşısında üstünlüyü ehtiraslarına qurban verən əxlaqsız günahkarların əli ilə nail olurlar.
Onların nifrətamiz faydalarla qane olaraq və əbədi xoşbəxtlik və bütün dini və dünyəvi işlərində uğur qazana biləcəkləri həqiqəti izah etməkdən boyun qaçıraraq əldə etdikləri necə də pisdir! Amma əslində məhz bu, insanın ən böyük və ən müqəddəs məqsədi olmalıydı. Onlar heç bir dəyəri olmayan baxışlara üstünlük verərək, özlərinin talesizliklərindən və alçaqlıqlarından və həmçinin, xəlq edildiklərindən başqa bir şeyə layiq olmadıqlarına görə, uca və yüksək əxlaqi dəyərlərə malik dini rədd etdilər.

(188) “Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır”.

İnsanlar arasında elələri var ki, onlar öz qüsurlu əməllərinə və yalançı kəlamlarına sevinirlər. Onlar etmədikləri yaxşı işə görə və demədikləri doğru sözlərə görə təriflənməyi sevirlər. Onlar nəinki pis işlər görür və pis sözlər danışır, həm də buna sevinirlər və yerinə yetirmədikləri xeyirxah işlər üçün təriflənmələrini xoşlayırlar. Buna görə, onların iztirabdan xilas olacaqları haqqında düşünməyə belə dəyməz. Əksinə, onlar cəzalandırılmağa layiqdirlər və ona məruz qoyulacaqlar.
Bu gözəl ayə, əldə etdikləri biliyə sevinən və Allahın Elçisinə (s.ə.s.) tabe olmaq istəməyən və öz əməllərinin və mülahizələrinin doğru olduğunu güman edən Kitab əhlinə aiddir. Eyni şeyi dinə yenilikçilik gətirən və ya bidətçi çıxışları edən hər hansı bidət əhli haqqında da demək olar. Beləsi etdiklərinə sevinərək, başqalarını da eynilə davranmaya çağırır və özünün haqlı olduğunu zənn edir. Bütün bidətçilər, həqiqətən də, belə keyfiyyətlərə malikdirlər.
Bu ayədən belə bir nəticə çıxarmaq olar ki, əgər bir insan, onun, nümayiş etdirmək və şöhrətpərəstlik məqsədilə deyil, səmimiyyətlə Allah xatirinə həyata keçirdiyi yaxşı əməllərinə görə təriflənməyi xoşlayırsa, onda o, qınağa layiq görülmür. Əksinə, müsəlman buna can atmalıdır, çünki Allah, belə xeyirxahlıqlar edənləri və faydalı nəsihətlərlə çıxış edənləri mükafatlandıracağını vəd etmişdir. Allah bu qaydada Öz seçilmiş qullarını mükafatlandırmışdır və onlar özləri Ondan bunu xahiş etmişlər.
İbrahim peyğəmbər (ə.) demişdir: “Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət et!” (Şuəra, 26/84).
Uca Allah buyurur: “aləmlər içində Nuha salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (Saffat, 37/79-80).
Digər bir ayədə xəbər verilir ki, Rəhmanın qulları deyirlər: “...Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!” (Furqan, 25/74). Yaxşı şöhrət – Yaradanın qullarına bəxş etdiyi və onları həmd və şükür etməyə yönəldən nemətidir.

(189) “Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir”.

Allah göylərin, yerin və onlarda olan bütün məxluqların Hökmdarıdır. O, onları Öz kamil qüdrəti və fövqəladə məharəti sayəsində idarə edir və heç kim Ona maneçilik törədə və ya Ondan qaçıb qurtula bilməz.

(190) “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır”.

(191) “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!”

(192) “. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz”.


(193) “Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al!”

(194) “Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!”

Uca Allah bu ayələrdə bildirir ki, göylərin və yerin yaradılmasında və həmçinin gündüzlə gecənin bir-birini əvəz etməsində ağıllı insanlar üçün dəlillər vardır. Allah bu ifadəsi ilə qullarını fərasətli olmağa, Onun dəlilləri və Kainatın yaradılması üstündə düşünməyə çağırır. O, bu dəlillərin çoxsaylı və çoxtərəfliliyini vurğulayaraq onların nəyə işarə etdiklərini bildirmir. Bunun səbəbi ondadır ki, onların arasında baxanları heyrətə salan, düşünənləri inandıran, doğruçu insanların qəlbini özünə cəzb edən və ağıllı insanların diqqətini həqiqi dəyərlərə yönəldən son dərəcə gözəl dəlillər vardır.
Onların hər biri haqqında ayrıca danışmaq mümkün deyil, çünki məxluqlar onları saymağa və ya öz təfəkkürü ilə heç olmazsa onların bir hissəsini dərk etməyə qadir deyillər. Onlardan ümumiyyətlə bəhs etdikdə isə, qeyd etmək lazımdır ki, yaradılmış varlıqların ecazkar və möhtəşəm ölçüləri və həmçinin müəyyən qaydaya uyğun yerdəyişməsi və hərəkəti Yaradanın əzəmətinə, hüdudsuz hakimiyyətinə və mütləq qüdrətinə dəlalət edir. Yaradılmışlara xas olan dəqiqlik, kamillik və zəriflik Onun müdrikliyinə, hər şeyi əhatə edən elminə, Onun hər şeyi öz yerində qoymaq qabiliyyətinə şahidlik edir. Bəzi məxluqların digərlərinə verdiyi çox böyük fayda Onun hüdudsuz mərhəmətinin sübutudur və onları Ona həmd və şükür etməyə borclu edir. Bütün deyilənlər birlikdə ona dəlalət edir ki, yaradılmışlar öz Xaliqi və Yaradanı ilə rabitə axtarmalı, Onun lütfkarlığını qazanmağa səy göstərməli və nə göylərdə, nə də yerdə nə özünə, nə də ətrafındakılara ən kiçicik fayda verməyə belə qabil olmayanları Ona şərik qoşmamalıdır. Lakin bu dəlillər ancaq ağıllı insanlar üçün nəzərdə tutulmuşdur, çünki təkcə onlar dəlillərdən fayda çıxarırlar və onları təkcə gözləri ilə deyil, həm də təfəkkürləri ilə görməyə cəhd göstərirlər.
Sonra Allah buyurur ki, düşüncəli insanlar istənilən vəziyyətdə: ayaq üstə, oturduğu və ya böyür üstə uzandığı halda Onu xatırlayırlar. Bu, Allahı dillə və qəlblə, həmçinin namazda bütün formalarda zikr edilməsinə aiddir. Məlumdur ki, onu ayaq üstdə qılmaq lazımdır, lakin namaz qılan bunu edə bilmədikdə, onda ona oturaraq namaz qılmağa icazə verilir. Əgər o, bunu da edə bilmirsə, onda böyür üstə uzanaraq namaz qılınmasına yol verilir.
Allah bildirir ki, ağıllı insanlar göylərin və yerin yaradılması üzərində düşünürlər və bu vasitə ilə Kainatın nəyin xatirinə xəlq edildiyini müəyyənləşdirirlər. Buradan aydın olur ki, düşüncə ibadət formasıdır və Allahın Özünə yaxın saydığı və hikmətli biliklər əta etdiyi məxluqlarını fərqləndirən əlamətdir. Onlar bu dünyanın yaradılışı üzərində fikirləşir və başa düşürlər ki, Allah onu nahaq yerə yaratmamışdır. Onlar deyirlər: “Ey Rəbb! Sən Sənin əzəmətinə yaraşmayan hər şeydən sonsuzluğa qədər uzaqsan və buna görə də Kainatı haqla haqq xatirinə yaratmısan. Bundan başqa, onu, Haqqın Özü xəlq etmişdir. Bizi günahlardan xilas et və bizi yaxşı əməllər işləməyə ruhlandır ki, biz Cəhənnəm cəzasından qurtulaq”. Onlar əslində, Allahdan onları Cənnət bağlarına daxil etməyi diləyirlər, çünki Cəhənnəm cəzasından xilas olma Cənnətə düşməyi nəzərdə tutur. Eyni zamanda onların qəlbləri qorxu ilə doludur və buna görə onlar, ilk növbədə, ən vacib hesab etdikləri barədə danışırlar.
Onlar deyirlər: “Ey Rəbb! Sən Cəhənnəmə vasil olan hər bir kəsi böyük rüsvayçılığa düçar edirsən, çünki Cəhənnəm sakinləri Sənin qəzəbinə və həmçinin mələklərin və əməlisaleh möminlərin qəzəbinə düçar olurlar. Onların nəsibi, azad və ya xilas olmaq mümkün olmayan şərəfsizlikdir. Bu zalım insanlara cəzadan xilas olmağa heç kim kömək etməyəcəkdir”. Bu o deməkdir ki, günahkarlar Cəhənnəmə öz ədalətsizlikləri və zalımlıqları üzündən düşürlər.
İman sahibləri deyirlər: “Ey Rəbb! Biz Muhəmmədin (s.ə.s.) çağırışını, haqq dini təbliğ etdiyini və insanları dini onun əsas və ikinci dərəcəli müddəaları ilə qəbul etməyə dəvət edən çağırışını eşitdik. Biz ləngimədən ona iman gətirdik. Bizim günahlarımızı bağışla, nöqsanlarımızı təmizlə və bizi möminlərlə bir yerdə rahatla!”
Bu duadan aydın olur ki, Allah əməlisaleh insanlara böyük lütfkarlıq göstərmişdir. Onlar Allahın nemətlərinə sevinir və öz Rəbbinə yaxınlaşmaq, günahlarının və nöqsanlarının bağışlanmasını istəmək üçün o nemətlərdən istifadə edirlər. Xeyirxah əməllər həmişə cinayətləri və günahları yuyur və əgər Allah insanlara haqq din nəsib edərsə, onda O, hökmən onları hər hansı təhlükədən xilas edər. Bu duadan həm də aydın olur ki, əməlisaleh insanlar Allahdan onları yeni faydalı işlər görməyə ruhlandırmasını və günahlardan uzaqlaşdırmasını diləyirlər, çünki ancaq belə insan möminliyə nail ola və ta ölümünə qədər bu yolda sabit qala bilər.
Saleh insanlar imanlarını sabitləşdirməsi və onları bir də heç vaxt bu lütfündən məhrum etməməsi haqqında xahişləri ilə yanaşı, Allahdan onları mükafatlandırması və Öz elçilərinin vasitəsi ilə etdiyi vədini gerçəkləşdirməsi üçün yalvarırlar. Burada söhbət möminlərə bu dünyada qələbə və zəfər veriləcəyi və gələcək həyatda isə mərhəmət və Cənnət bağlarının bəxş ediləcəyi vədindən gedir.

(195) “Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allahın dərgahındadır”.

Allah möminlərin Ona ibadət vasitəsi olan dualarında kömək haqqında yalvarışlarını artıq qəbul etmişdir və vəd etmişdir ki, mömin kişilərin və mömin qadınların mükafatlarını itirməyəcək. Onlar layiq olduqları mükafatı bütünlüklə alacaqlar. Buna görə, mükafatlandırma və cəzalandırma haqqında hökm bütün insanlar üçün qərəzsiz olacaq.
Əgər insan köç etmiş və Allah yolunda məhrumiyyətlərə məruz qalaraq məcburiyyət üzündən öz mənzilini tərk etmişsə, döyüşlərdə iştirak edərək həlak olmuşsa, əgər o, iman ilə hicrətini uyğunlaşdırmağı bacarmışsa, öz Rəbbinin mərhəmətinə təvəkkül edərək doğma torpağından və var-dövlətindən ayrılmışsa və Onun yolunda döyüşlərdə iştirak etmişsə, onda Uca Allah hökmən onun günahlarını bağışlayacaq və onu altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Bu, Allahın mükafatı olacaqdır. O, Öz qullarını hətta ən kiçik yaxşılıqlarına görə də səxavətlə təltif edir. Onun mükafatı - ən yaxşı mükafatdır, çünki O, Özündə gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın heç xəyalına belə gətirmədiyi şeyləri ehtiva edir. Allahın mükafatına nail olmaq istəyən, Ona layiq olan əməllər yerinə yetirərək və imkanı daxilində Ona yaxınlaşaraq, mükafatını qoy Allahdan istəsin.


(196) “Qoy kafirlərin diyarbədiyar gəzib dolaşması səni aldatmasın!”

(197) “Bu, az bir mənfəətdir. Sonra isə onların yeri Cəhənnəmdir. Ora nə pis yataqdır!”

Bu ayələrin mənası ondadır ki, qoy möminlər kafirlərin keçici dünya nemətlərindən zövq almasına və yer üzündə maneəsiz gəzərək qazanclı ticarət etmələrinə, mal-mülk yığmalarına, kef çəkmələrinə, öz gücünə aludə olmalarına və hərdən bir də bütün digər insanlardan üstün olmalarına görə heç kədərlənməsinlər. Bütün bunlar – ancaq uzun sürməyən səfakeşlikdir. Əslində, onlar dünya nemətlərindən çox az bir vaxtda həzz alacaq və sonra uzun sürən və üzücü cəzaya məruz qalacaqlar. Kafirlərə qismət olan ən yaxşı şey – dünya nemətləridir və insanlar onların sonunun nə ilə qurtaracağına artıq əmin ola bilmişlər.


(198) “Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir ki, onlar orada əbədi qalacaqlar. Bu, Allahdan bir ziyafətdir. Allahın dərgahında olan nemətlər möminlər üçün daha xeyirlidir”

Əgər insanlar öz Rəbbindən qorxur və haqq dinə etiqad edirlərsə, onda, bu dünya həyatının əzəməti və yer nemətləri ilə bərabər onlar çaylar axan Cənnət bağlarını da mütləq alacaqlar və oralar müttəqilərin əbədi məskəni olacaqdır. Hətta əgər onlar bu dünyada müəyyən çətinliklərlə, məhrumiyyətlər və bədbəxtliklərlə üzləşsələr də, bütün bu əziyyətlər əbədi səadət, firavan həyat və möhtəşəm sevinc duyğusu ilə müqayisədə çox əhəmiyyətsiz görünür və sınaq simasında lütfkarlığı əks etdirir. Məhz buna görə, Allah bəyan edir ki, dindar bəndələri üçün Onun mükafatı ən yaxşısından olacaqdır. Onların qəlbinin nəcibliyi xeyirxah sözlərində və əməllərində öz inikasını tapmışdır, Rəhmli və Həlim Rəbb onlara böyük mükafat və əbədi uğur bəxş etmişdir.


(199) “Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.

Kitab əhli arasında elələri də var ki, Allah onları yaxşı əməllər etməyə ruhlandırmışdır. Onlar Ona və müsəlmanlara nazil edilənə və o cümlədən onların özünə nazil edilənə iman gətirmişlər. Təkcə belə iman insana fayda verə bilər, çünki əgər insan bəzi elçilərə və bəzi Kitablara iman gətirib, başqa elçiləri və Kitabları inkar edərsə, onda onun imanı tamamilə faydasızdır.
Burada söhbət imanı kamil və həqiqi olan Kitab əhlindən gedir. O iman onlara xeyir verir, onlarda Allah qarşısında qorxu oyadır, onları Onun böyüklüyü qarşısında itaət etməyə məcbur edir və onları Onun hökm və qadağanlarına riayət etməyə və Onun hədlərini aşmamağa yönəldir. Onlar həqiqətən də Kitab əhli və biliklərin mühafizləri adlandırılmağa layiqdirlər, axı Uca Allah buyurur: “...Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar...” (Fatir, 35/28).
Onların Allah qarşısında qorxusu o dərəcədə kamildir ki, onlar Allahın ayələrini ucuz qiymətə satmaq istəmirlər. Onlar şeylərin həqiqi dəyərini başa düşür və dərk edirlər ki, əgər insan əhəmiyyətsiz nemətlərlə qane olursa, öz alçaq ehtiraslarına yol açırsa və həqiqətdən üz döndərirsə, onda onu ən böyük bir itki gözləyir. Onlar anlayırlar ki, haqq - ən böyük sərvət və bu dünyada və ölümdən sonra uğur qazanmanın rəhnidir və buna görə də, onlar ona üstünlük verir, onu ətraflarındakılara izah edir, təbliğ edir və insanları uydurmalardan xəbərdar edirlər.
Allah belə insanlara bol-bol mükafat və gözəl hədiyyələr bəxş edəcəyinə vədə verir və bildirir ki, bu çox yaxın vaxtlarda olacaqdır. Allah tez haqq-hesab çəkəndir və heç kimə elə gəlməsin ki, Onun vədi çox ləng gerçəkləşir. Nə baş verməlidirsə, hökmən baş verəcəkdir və özü də çox tezliklə.

(200) “Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”

Allah möminləri xoşbəxtlik və uğur qazana biləcəkləri yola yönəlməyə çağırır. Bu yol səbirli olmaqdan ibarətdir. Bu sözlə insan qəlbi üçün o qədər də asan olmayan hökmlərin yerinə yetirilməsi nəzərdə tutulur. Bunu yerinə yetirməkdən ötrü isə insan günahlardan qaçmalı, müsibətlər zamanı dözümlülük göstərməli və dinin ağır tələblərini həyata keçirməlidir, axı Allah bütün hallarda səbirli olmağı əmr etmişdir.
O, əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar. Bu ayədən aydın olur ki, insan səbirli olmasa, uğur əldə edə və düşmənlərdən qoruna bilməz. Ancaq bu vəzifələri yerinə yetirənlər uğur qazanarlar. Əgər kimsə onları tam və ya qismən icra etməzsə, o, hökmən uğurdan məhrum olar. Bizə isə, təkcə Allah kömək edə bilər, çünki Ondan güclü və qüdrətli kimsə yoxdur!


Tarix: 20.04.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 670 Bölmə: Sureler