beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 16-30 Ayələr

(16) “Aranızda belə yaramaz iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib əməllərini islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir”.

Əgər müsəlman kişi və müsəlman qadın belə bir rəzil əmələ yol verərlərsə, onların hər ikisi cəzalandırılmalıdır. Onları qınamaq, rüsvay etmək və cismani cəzaya məruz qoymaq lazımdır ki, belə cinayəti təkrarlamaqdan əl çəksinlər.
Deyilənlərdən aydın olur ki, əzəldən zinakarlıq edən kişiləri cəzalandırardılar, qadınları isə ev dustağı edərdilər. Ev dustağının müddəti qadın ölənədək davam edirdi, kişini isə cəzalandırmaqda davam edər və onu o tövbə edənə və əməlisaleh insan olana qədər qınayardılar. Əgər hər iki zinakar etdikləri cinayətlə əlaqədar tövbə etsəydilər, etdiklərinin peşmançılığını çəksəydilər, qəti olaraq bu günahı bir daha təkrar etməsəydilər və xeyirxah əməllərlə məşğul olsaydılar, bu, onların tövbəsinin səmimiliyinə dəlil olardı və belə halda müsəlmanlara əmr olunmuşdu ki, daha onlara əziyyət verilməsin, axı Allah günahkarlara onların bir çox günahlarını bağışlayır və O, Böyük Mərhəmət Sahibidir. Onun xeyirxahlıqlarının təzahürlərindən biri də Onun günahkarları tövbə etməyə ruhlandırması, onların tövbəsini qəbul etməsi və törətdikləri günahlarını bağışlamasıdır.
Bu və bundan əvvəlki ayələrdən aydın olur ki, zinakarlıqda günahlandırmaq üçün dörd mömin kişinin şahidlik etməsi tələb olunur. Şübhəsiz ki, onların hamısı ədalətli insanlar olmalıdırlar. Uca Allah bu çirkin əməldə təqsirləndirməni mürəkkəbləşdirmişdir ki, qullarını müdafiə etsin. Bu məqsədlə O, əmr edir ki, əgər kişilərin sayı dörd nəfərdən az olsa da, onlarla bərabər qadınların şahidliyi qəbul edilməsin.
Səhih hədislərdən məlumdur ki, şahid şəhadət verəndə onu aydın tələffüz etməlidir. Ayədə buna bir eyham vardır: “Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın!...” (Nisa, 4/15).
Lakin Allah bununla qane olmayaraq, yenə buyurur: “...Əgər onlar şahidlik etsələr, o qadınları, ... evlərindən bayıra buraxmayın” (Nisa, 4/15). Bu o deməkdir ki, zinakarlıqda ittiham etmək üçün şahidlər gözləri ilə gördüklərinə, ikibaşlı sözlərdən, işarələrdən və obrazlı ifadələrdən istifadə etmədən şəhadət verməlidirlər.
Bu ayələrdən həmçinin aydın olur ki, Allah insanları bəzi cinayətlərdən çəkindirmək üçün sözlə qınanmanı, cismani cəzanı və həbs etməni qanuniləşdirmişdir.


(17) “Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir”.


(18) “. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq”.

Allah tövbə edənləri iki dəfə bağışlayır: onları tövbə etməyə ruhlandıranda və onların tövbələrini qəbul edəndə. Öz səxavəti və mərhəməti sayəsində O, Özünə cahilliyi üzündən cinayət törədən və tez də tövbə edən günahkarların tövbələrini qəbul etmək vəzifəsi götürmüşdür. Belə nadanlar günahlarının bəd nəticələr verəcəyini və insanı Allahın qəzəbinə düçar edəcəyini və onu əzab-əziyyətə məruz qoyacağını unudurlar. Onlar yaddan çıxarırlar ki, O, daima onlara nəzarət edir, cinayətlər imanı zəiflədir və hətta onu tamamilə məhv edir. Hər hansı asi olan şəxs, atdığı addımın qadağan olması ona məlum olsa belə, sözün əsil mənasında cahildir. Əgər insan etdiyi hərəkətin qadağan olunduğunu bilmirsə, onda o, asi sayılmır və cəzalandırılmır.
Belə bir rəy var ki, tezliklə tövbə etmək adı altında insanın ölümlə üz-üzə gəlməsi an gəlib çatmamış tövbə etməsi nəzərdə tutulur, çünki Allah, öz gözləri ilə ölümü və ya cəzanı görməmişdən tövbə edənin tövbəsini qəbul edir. Əgər insan etdiyi günahlardan ötrü ölüm ayağında tövbə edib kafirlikdən əl çəkirsə, Allah onun tövbəsini qəbul etmir. Məhz buna görə ölüm qabağı tövbə, ucadan: “...İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” (Yunis, 10/90) – deyən Firona xeyir vermədi.
Uca Allah buyurur: “Onlar əzabımızı daddıqda: “Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik! Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar” (Ğafir, 40/84-85).
Tövbə kafirlik həddinə çatmayan cinayətləri törədənlərə və törətdikləri günahları can verərkən tövbə edənlərə fayda vermir. Tövbə həmçinin ölməkdə olan kafirlərə də fayda vermir, çünki belə vəziyyətdə o, məcburən edilir və faydasız olur. Tövbə o vaxt faydalı olur ki, insan onu öz arzusu ilə edir.
Digər bir təfsirə görə, tez tövbə dedikdə, günah işlətdikdən dərhal sonra peşmançılıq nəzərdə tutulur ki, bu da insanı tövbə etməyə vadar edir. Buradan aydın olur ki, Allah, günah işlədəndən az müddət keçəndən sonra, etdiklərinə təəssüflənərək, peşman olub tövbə etməyi ləngitməyənləri bağışlayır. Belə insan öz qüsurlarından xilas olmaq istəməyənlərdən və günahlar onların ayrılmaz xislətinə çevrilənədək onları davam etdirənlərdən fərqlənir. Bu baş verdikdə, günahlar onlara layiqincə tövbə etməyə imkan vermir. Belə insanlara Allah, adətən, günahlarına görə tövbə etməkdə kömək göstərmir və tövbəyə doğru onların yolunu asanlaşdırmır. Bu tale, cinayəti şüurlu surətdə törədən günahkarlara, Allahın onlara nəzarət etdiyinə laqeyd yanaşanlara və öz qarşısında Allahın mərhəmət qapısını bağlayanlara nəsib edilir.
Şübhəsiz ki, bəzən Allah şüurlu surətdə və inadla günah işlədən qullarını da tövbə etməyə ruhlandırır. Bu tövbə onlara fayda verir, onların əvvəlki yaramaz əməllərini yuyur və əvvəllər törətdikləri cinayətlərini bağışlayır. Lakin Allahın mərhəməti və yardımına layiq olmaq tövbəsini ləngitməyənlər üçün daha asandır.
Allahın gözəl adları arasında – Bilən və Müdrik adları vardır. Öz biliyi əsasında O, həqiqi tövbə edənləri də, qeyri-səmimi olanları da tanıyır və buna görə hər bir adam layiq olduğu əvəzi alır. Öz müdrikliyi sayəsində O, hikmətlə davranaraq və iltifat göstərərək bəzilərini tövbə etməyə ruhlandırır, bəzilərilə isə müdrikcəsinə və ədalətlə rəftar edərək, onları yardımından məhrum edir. Bu barədə ən yaxşısını bilən Allahın Özüdür.

(19) “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun”.

Cahiliyyə dövründə kişi öldükdən sonra arvadı qalardısa, qardaşları, əmisi oğulları və digər qohumları belə hesab edərdilər ki, onlar mərhumun dul qadınına başqalarından daha çox haqq sahibidirlər. Onlar, onun istəyindən asılı olmayaraq, onu öz himayələrinə götürərdilər. Əgər dul qadın mərhumun qohumunun xoşuna gələrdisə, onunla evlənər və ona mehr verərdi. Qadın onun xoşuna gəlməyəndə, onunla kobud rəftar edər və onun üçün seçdiyi adama onu ərə verərdi. O, qadından mərhum ərinin və ya mehrinin əmlakının bir hissəsini almadıqca, onu ərə verməyə bilərdi. Cahiliyyə dövründə ərlər də arvadları ilə kobudcasına rəftar edərdilər ki, onların mehrinin bir hissəsini əllərindən alsınlar.
Allah belə hərəkət etməyi möminlərə qadağan edir və həmin hallardan ancaq ikisinə yol verilir: birincisi, əgər dul qadın mərhum ərinin qohumuna ərə getməyə razı olarsa, ona onunla evlənməyə icazə verilir, çünki Allah dul qadınlara ancaq onların iradəsi əleyhinə evlənməyi qadağan edir; ikincisi, əgər qadın zina edibsə, əgər o, nalayiq sözlər işlədirsə və ərini incidirsə, onda ərinə onunla, törətdiyi bəd əməllərinə görə cəza kimi kobud davranmağa icazə verilir, amma bu cəza ədalətli olmalıdır.
Sonra Allah ərlərə öz arvadları ilə ləyaqətlə dolanmağı əmr edir və bu hökm bütün yaxşı sözlərə və ləyaqətli əməllərə aid edilir. Buna görə ərlər öz arvadları ilə yaxşı davranmalı, onlara əziyyət verməməli, onlara yaxşılıq etməli, onlarla özünü xoşrəftar aparmalıdır. Bura həm də onlar üçün geyim almaq və digər ehtiyacları üçün maddi vəsait sərf etmək daxildir, özü də hər bir kişi arvadlarını öz vəziyyətinə və arvadlarının vəziyyətinə uyğun, yaşadıqları dövrün və ölkənin adət-ənənələrinə müvafiq olan tərzdə təmin etməlidir. Şübhəsiz ki, bu vəzifələr çoxsaylı şərtlərdən asılıdır.
Daha sonra Allah ərlərə müraciət edərək bildirir ki, ərlər arvadlarını, hətta onlardan xoşları gəlməsə belə, öz yanlarında saxlamalıdırlar, çünki bunda onlar üçün böyük xeyir vardır. Bu xeyir insanın Allaha itaət etməsi və Onun nəsihətlərini qəbul etməsi ilə bağlıdır ki, bu da öz növbəsində, həm bu dünya və həm də ölümdən sonrakı Axirət həyatında xoşbəxtliyin rəhnidir. Bu xeyir həm də onunla bağlıdır ki, insan, arvadını sevməməsinə baxmayaraq, ailəsini saxlamağa çalışdıqda, öz hisslərini cilovladıqda, gözəl əxlaqi keyfiyyətlərə nail olur. Zaman ötüşdükcə onun arvadına qarşı sevgisiz münasibəti aradan qalxa bilər və yerini mehribanlıq və qarşılıqlı anlaşma tuta bilər. Belə hallar nadir deyil. Elə də ola bilər ki, arvad onun üçün mömin bir övlad dünyaya gətirər və o da öz valideynlərinə həm bu dünyada və həm də Axirət həyatında xeyir verər.


(20) “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər verdiyinizi böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız?”

Öncəki ayədə deyilənlərin hamısı kişinin ləyaqətsiz hərəkətlər etmədən öz arvadını saxlaya bilməsi hallarına aiddir. Əgər ər-arvada ayrılmaq zəruridirsə, əgər onların ailəni saxlamaq ehtimalı qalmayıbsa, onda ər arvadını saxlamamalıdır. Bundan başqa, əgər o, arvadı ilə boşanmaq və digər qadınla evlənmək niyyətindədirsə, onda o, belə bir addım atmaqda azaddır və bu zaman günah etmir. Əgər o, əvvəlki və ya yeni arvadına böyük sərvət vermişdirsə, onda ona onun hətta bir hissəsini geri almaq belə qadağan edilir. Əksinə, o, arvadına, ona çatası mehir əmlakını bütövlüklə verməli və bunu ləngitməməlidir.
Bu ayə böyük mehrin təyin olmasının qadağan olmadığına dəlalət edir, amma müsəlmanlar üçün daha yaxşı və layiqli olardı ki, kiçik mehir təyin etmiş Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) nümunə götürəydilər. Allah belə bir şeyin ola biləcəyi haqqında xəbərdarlıq etmişdi və buna görə insanları qınamırdı və, bu isə o deməkdir ki, böyük mehir istəmək qadağan edilməmişdir. Lakin əgər bu cür rəftar edildikdə insanların dininə zərər dəyərsə və dəymiş ziyanı ödəyə biləcək xeyri olmazsa, belə etmək qadağan olunur.
Sonra Allah bildirir ki, mehri arvadından almaq yalan və günah əməldir. Ərlərə belə bir imkan verilməmişdir, əgər onlar bu məqsədlə müxtəlif hiylələrə əl atsalar da, onların günahı açıq-aşkar bilinəcəkdir. Uca Allah bu qadağanın hikmətini aşağıdakı ayədə verir:


(21) “Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar?”

Ayənin mənası ondadır ki, nikaha qədər kişi üçün haram olan qadın, ancaq müəyyən edilmiş mehri aldıqdan sonra onun arvadı olmağa razılıq vermişdir və əgər kişi onun yanına daxil olub, kişi üçün yolverilməz olan və ancaq müvafiq qarşılıq müəyyənləşdirildikdən sonra, qadınla cinsi əlaqəyə giribsə, onda o, istədiyini əldə etmişdir və deməli şərtləşdirilmiş mükafatı verməyə borcludur. Necə ola bilər ki, əvəzini mütləq verməli olduğu şeyi geri alsın və sonra da onu verməkdən boyun qaçırsın? Əgər o belə etsə, ən böyük zalımlıqlardan birini etmiş olar. Onun günahının ağırlığı həm də nikaha daxil olduğu zaman arvadı ilə bağlı öz vəzifəsini layiqincə yerinə yetirəcəyinə Allah qarşısında söz verməsi ilə dərinləşir.


(22) “Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur”.

Atalarınızın, babalarınızın və yüksələn xətlə digər birbaşa əcdadlarınızın evlənmiş olduqları qadınlarla evlənməyin. Belə hərəkət iyrəncdir və o, Allahın və məxluqların insana nifrət etməsinə səbəb olur. Bundan başqa, o, oğulun ataya və atanın oğula ədavət bəsləməsinə əsas olur, halbuki onların hər ikisinə bir-birinə xeyirxahlıq etmələri əmr olunmuşdur. İnsan belə davrandıqda pis yola qədəm qoyur, cahillik dövrünün adətlərinə qayıdır. İslam bizə onlardan əl çəkməyi əmr etmişdir.

(23) “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”.

Bu gözəl ayədə ər və ya onun arvadı ilə qohumluğu olan və onlarla evlənməyin qadağan edildiyi qadınlardan; eyni zamanda evlənməyə yol verilməyən qadınlardan və nikah bağlamağa icazə verilən qadınlardan bəhs edilir.
Qan qohumluğuna görə, onlarla evlənməyə yol verilməyən qadınlar yeddi qrupa bölünür – analar və yüksələn xətlə digər birbaşa valideynlər; qızlar və enən xətlə qalan birbaşa törəmələr; ata tərəfdən və ya ana tərəfdən doğma bacılar və ögey bacılar; atanın, babanın və ya yüksələn xətlə digər valideynlərin bacıları ; ananın, nənənin və yüksələn xətlə digər valideynlərin, əmlaka varis olmalarından asılı olmayaraq, bütün bacıları; qardaşların qızları və bacıların qızları və həmçinin onların enən xətlə birbaşa törəmələri.
Bu yeddi qrupdan ibarət olan qadınlar kişilərin onlarla evlənməsi qadağan olan qan qohumlarıdır. Belə nəticə bu gözəl ayədən hasil olur və alimlər bu məsələ ilə əlaqədar yekdildirlər. Yerdə qalan qadın qan qohumları, o cümlədən, ata və ya ana tərəfdən əmilərin, bibilərin, xalaların, dayıların qızlarına Uca Allahın aşağıdakı sözləri şamil edilir: “...Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi...” (Nisa, 4/24).
Süd qohumluğuna görə evlənmək qadağan olunan qadınlardan Uca Allah təkcə süd analarını və süd bacılarını qeyd edir. Kişi öz süd anası ilə evlənmək haqqına malik deyil, hərçənd süd qadının deyil, ərinin mülkiyyətidir. Buradan aydın olur ki, süd anasının əri, əmizdirilmiş uşağın süd atası olur. Əgər süd anası və süd atası müəyyən edilmişsə, onda süd valideynlərinin qardaşları və bacıları və həmçinin yüksələn və enən xətlər üzrə birbaşa qohumları əmizdirilən uşağın süd qohumları olurlar.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Qan qohumluğu ilə bağlı olan bütün qadağalar həmçinin süd qohumluğuna da şamildir”. Süd qohumluğu ilə bağlı qadağalar, qan qohumluğu ilə bağlı olan qadağalar kimi, süd valideynlərinin qohumlarına da aiddir, amma süd uşaqlarının qohumları arasında onlar təkcə uşaqların törəmələrinə aiddir. Lakin süd qohumluğunun vacib şərti uşağın həyatının ilk iki ili ərzində beş dəfə əmizdirilməsidir ki, Sünnədə bunun aydın dəlili vardır.
Kişinin, arvadı ilə qohumluğuna görə evlənməsi qadağan olunan qadınlar dörd qrupa bölünür: atanın və yüksələn xətt üzrə birbaşa valideynlərin arvadları, oğulların və enən xətt üzrə, onlara mirasın düşməsindən asılı olmayaraq, birbaşa törəmələrin arvadları və həmçinin arvadlarının anası və onların yüksələn xətt üzrə birbaşa valideynləri. Bu üç qrup qadınlar nikah bağlandıqdan dərhal sonra kişilər üçün haram olurlar. Dördüncü qrupa arvadların qızları və həmçinin onların enən xətt üzrə birbaşa törəmələri daxildir; kişilər üçün onlar, arvadları ilə birləşən kimi, haram olurlar, çünki Allah anaları ilə yaxınlıq etmiş kişilərin himayəsində olan qızlıqları ilə evlənməyi ögey atalara qadağan etmişdir.
Əksər alimlər qızlığın ögey atanın himayəsi altında olmasının, onsuz da, hökmün mənasına təsir göstərməyən bir hal hesab edirdilər, çünki ögey atanın ögey qızı ilə evlənməsi qadağandır, hətta o, onun himayəsi altında olmasa da. Lakin bu şərtlərin xatırlanması bizə iki faydalı nəticə çıxarmağa imkan verir.
Birincisi, ögey qızlarla evlənmək ona görə qadağandır ki, onlar doğma qızların yerini tuturlar, onlarla evlənmək isə murdar iş görməkdir. İkincisi, ögey ataya ögey qızı ilə bir yerdə qalmağa icazə verilir, çünki ögey qızlar, doğma qızlar və kişinin himayəsi altında olan bütün başqa qadınlar kimidirlər. Bu barədə ən yaxşısını bilən Allahdır.
Eyni vaxtda bir-neçəsi ilə evlənməyə yol verilməyən qadınlara gəldikdə isə, Uca Allah belələrindən təkcə iki bacını göstərir. Allah eyni zamanda iki bacı ilə evlənməyi qadağan etmişdir, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə eyni zamanda qadınla və onun xalası və ya bibisi ilə evlənməyi qadağan etmişdir. İki qadın arasında mövcud olan yaxın qohumluq əlaqəsi kişiyə və qadına evlənməyə imkan vermədiyi halda, kişiyə onlarla eyni zamanda evlənmək qadağan edilir, çünki belə nikahlar qohumluq əlaqələrinin qırılmasını nəzərdə tutur.

(24) “Sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”.

Kişilərə evli qadınlarla evlənmək qadağan edilmişdir. Heç kimə, hələ evli olan qadınla evlənməyə yol verilməyib və əri onu boşadığını elan etdikdən və boşanma üçün müəyyən edilmiş müddət bitdikdən sonra bu qadağa götürülür. Bu qaydadan istisna təşkil edən müsəlmanlara əsir düşən qadınlardır. Buna görə, əgər evli kafir qadın müsəlmanlara əsir düşərsə, onun sahibinə, qadının hamilə olmamasına əmin olmaq üçün müəyyən olunmuş müddət keçdikdən sonra, onunla cinsi yaxınlıq etməyə icazə verilir. Əgər ərli kölə qadın satılıbsa və ya başqa birisinə hədiyyə edilibsə, onun nikahı pozulmur, çünki onun yeni sahibi onun əvvəlki sahibinin yerini tutur. Bunun dəlili Bariranın əhvalatıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona öz taleyini özünün müstəqil sürətdə müəyyənləşdirməsinə imkan verdi. Allahın hökmü belədir və müsəlmanlar ona riayət etməli və onu rəhbər tutmalıdırlar, çünki o, şəfa və aydınlıq gətirir və halalla haramı izah edir.
“Sifah” (“əxlaqsızlıq”) safaha (axıtmaq) felindən törəmişdir, çünki zinakar öz mayesini icazə verilən yerdə deyil, qadağan olunan yerdə axıdır. Belə addım atdıqda, kişi öz arvadını zinakarlıqdan qorumur, çünki o, öz şəhvətini qadağan olunmuş qaydada təmin edir və icazəsi olduğu qadınına həvəs göstərmir. Bu ayədən aydın olur ki, müsəlmanlar ismətini saxlamayanlarla nikah etməməlidirlər. Uca Allah buyurur: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (Nur, 24/3).
Sonra Allah bildirir ki, ər arvadını, ondan məmnun qaldığına görə, mükafatlandırmalıdır. Arvadına hədiyyələr bağışlayaraq, ər onu ondan əldə etdiyinə görə bəxşişlərlə təmin edir və buna görə də, zövcəsi ilə yaxınlıq etdikdən sonra, mehrin verilməsi tam mənada ərin vəzifəsinə çevrilir.
Allah bu mükafatı müəyyən olunmuş adlandırır, çünki o – fərzdir və insanın öz istəyi ilə verdiyi və verməyə də biləcəyi könüllü ianələrə aid edilmir. Başqa bir şərhə görə, o mükafat müəyyən olunmuş ona görə adlandırılır ki, insanlar onun ölçüsünü özləri təyin edirlər və bundan sonra o, məcburi olur və azaldıla bilməz. Əgər vacib mükafatın ölçüsü təyin edildikdən sonra ər öz xoşu ilə mehrin ölçüsünü artırmaq istəyərsə və ya arvad alicənablıqla mehrinin bir hissəsini ərinə güzəştə gedərsə, onlar günah işlətmiş olmazlar. Quran təfsirçilərinin çoxu bu rəyə tərəfdar olmuşlar.
Bir çoxları elə hesab edirdilər ki, bu ayə İslamın təşəkkül tapmağa başladığı ilk illərdə qısa müddət ərzində icazə verilmiş müvəqqəti nikahla (siğə ilə) əlaqədar nazil edilmişdir və sonra isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onu qadağan etmişdir. Həmin şərhçilərə görə, kişi qadınla müvəqqəti nikah bağlayarkən (siğə edərkən) onun müddətini və mükafatının ölçüsünü müəyyən etməlidir və əgər onun müddəti keçəndən və mükafatı veriləndən sonra, kişi və qadın hər ikisinin razılığı ilə yeni razılıq əldə etsələr (müvəqqəti nikah bağlasalar), onlar günah etməzlər ( Allahın Elçisinin (s.ə.s.), müəllifin mətnində qeyd edildiyi kimi: “qadağan edilmişdir” hökmü qəti şəkildə göstərir ki, İslamda müvəqqəti nikah (siğə) İslam Peyğəmbəri (s.ə.s.) tərəfindən birmənalı olaraq qadağan edilmişdir və bunu təsdiq edən mötəbər dəlillər mövcuddur (Bax: İmam əl-Buxari və İmam Müslim topluları). Müəllifin 24-cü ayənin şərhində verdiyi: “Bir çoxları elə hesab edirlər ki...” ifadəsi Muhəmməd Peyğəmbərin (s.ə.s.) həmin nikahı ləğv etdiyi dövrə qədərki gerçəkliyi əks etdirir.
Siğə (muta) mövzusunun bir sıra məzhəblər üçün aktuallığını nəzərə alaraq, qeyd etmək lazımdır ki, siğə adlandırılan müvəqqəti nikah İslamdan əvvəlki cahillik dövründə ərəblər arasında mövcud idi. İslamın bərqərar olması ilə o ləğv edilmişdir. Son dəfə, istisna hal kimi, Allahın Elçisi (s.ə.s.) siğəyə bir sıra döyüşlər zamanı çox qısa müddətə yol vermiş və sonra da Allahdan iradəsini yerinə yetirərək onu qəti surətdə qadağan etmişdi. Bu barədə səhih hədislər çox etibarlı mənbələrdən rəvayət edilmişdir. Onların arasında Əli ibn Əbu Talibin (Allah ondan razı olsun), İbn Abbasın (Allah ondan razı olsun) və bir çox başqalarının rəvayətləri xüsusilə fərqlənir. Hədisləri əldə etdiyimiz mənbələr: “Sahih-i Muslim ve Tercemesi”, türk dilində, İrfan Yatınları N 7/4, İstanbul, 1972, İV cild, 290-300. s.s. F.S.)
Allah kamil və həddi-hüdudu olmayan biliklərə və qüsursuz müdrikliyə malikdir. Ö, Öz biliyi və müdrikliyi sayəsində insanlar üçün qanunlar yaratmış və halal və haram arasında hədd qoymuşdur.

(25) “Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın. Allah sizin imanınıza daha yaxşı bələddir. Siz bir-birinizdənsiniz. Bu kənizlər namusunu qoruyan, zinakarlıq etməyən və aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə evlənin və mehrlərini şəriətə müvafiq qaydada verin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər. Kənizlərlə evlənmək sıxıntıya düşməkdən və ya zina etməkdən qorxanlarınız üçündür. Amma səbirli olsanız, bu sizin üçün daha yaxşı olar. Allah Bağışlayandır, Rəhmlidir”.

Əgər kişi azad mömin qadına mehir vermək üçün kifayət qədər vəsaitə malik deyilsə və zina edəcəyindən və ya ağır vəziyyətə düşəcəyindən qorxursa, onda ona mömin kənizlə evlənməyə icazə verilir.
İnsanlar bir-birilərinin imanlı olmasını zahiri görünüşünə görə müəyyən edirlər, lakin Allah kimin həqiqi iman sahibi olduğunu, kiminsə dindar olmadığını hamıdan yaxşı bilir. Dünyəvi qərarlar insanların bacardığı həmişə müşahidə aparmaq qabiliyyətinə əsaslanır, amma Axirət həyatında bütün qərarlar insanların baxışlarından gizli qalanlara əsaslanacaqdır.
Kişi, kənizin, əgər o, bir ağaya məxsusdursa, sahibinin icazəsi ilə, əgər o, bir-neçə ağaya məxsusdursa, onların icazəsi ilə onunla evlənə bilər. Bu zaman o, zövcəsinə layiqli mükafat verməlidir, çünki mehir təkcə azad qadına verilmir; kənizlə nikah bağlandıqda da ona mehir verilir. Lakin, bakirə olmayan kənizlə evlənmək qadağan edilir. Mömin olan şəxs məlum olan əxlaqsız və ya gizli aşnası olan qadınla evlənə bilməz.
Bir sözlə, azad müsəlmanın, Allahın buyurduğu dörd şərti yerinə yetirmədikdə, kənizlə evlənməyə haqqı yoxdur: kəniz imanlı olmalı; əməllərində və qəlbində bakirə olmalı; kişinin azad müsəlman qadınla evlənməyə imkanı olmamalı və o, zinakarlıq etməkdən və ya çətin vəziyyətə düşməkdən ehtiyatlanmalıdır. Bütün bu dörd şərt mövcud olduqdan sonra azad müsəlmana kənizlə evlənməyə icazə verilir. Amma, hətta bu şərtlər olduqda belə, yaxşı olardı ki, müsəlman səbir etsin və belə bir addımdan çəkinsin, çünki o, kənizlə evlənərsə, onun uşaqlarını da köləlik gözləyir və həm də nəzərə almaq lazımdır ki, kölə qadınla evlilik – miskin və şərəf gətirməyən bir əməldir. Əgər o, başqa bir yolla günahlardan çəkinməyə gücü çatmırsa, onda kölə qadınla evlənməlidir.
Əgər kölə qadınlar qəyyumlarının himayəsi altına keçdikdən sonra, yəni, ərə getdikdən və ya İslamı qəbul etdikdən sonra, yaramaz bir iş tutarsa, onda onların cəzası azad qadınlar üçün nəzərdə tutulmuş cəzanın yarısı qədərdir. Bu, iki dəfə azaldıla bilən cəza növlərinə aiddir və buna görə kənizləri zinakarlıq etdiklərinə görə əlli şallaq vurmaqla cəzalandırırlar. Daş-qalaq etməyə gəldikdə isə, kənizlərə belə cəza verilmir, çünki bu cəzanı iki dəfə azaltmaq mümkün deyil.
Bir rəyə görə, kölə qadınlar ərdə olmadıqda onlara cismani cəza verilmir, onları sadəcə məzəmmət edirlər ki, bir daha belə çirkin iş tutmasınlar. Başqa bir rəyə görə isə, əgər kənizlər müsəlman deyillərsə, onları zinakarlıq üstündə ancaq töhmətləndirir və məzəmmət edirlər.
Bu ayənin sonunda Allah Özünün gözəl Bağışlayan və Rəhmli adlarını xatırladır, çünki burada nazil edilmiş hökmlər qullara bəslənilən mərhəmət və xeyirxahlığın təcəssümüdür. Onlar insanlar üçün nəinki bir çətinlik yaradır, əksinə, son dərəcə yüngül və sadədir. Aydındır ki, cəza ölçülərini xatırlatdıqdan sonra bağışlamadan bəhs etmək onu bildirir ki, hökmün icra edilməsi günahkar üçün kəffarədir və bu vasitə ilə Allah qullarının günahlarını bağışlayır. Bu barədə səhih hədislərdə xəbər verilir. Bir şey də əlavə etmək lazımdır ki, xatırladılan bütün ehkamlar qullara da aiddir, çünki qullar və qul qadınlar arasında, bu baxımdan, fərq yoxdur.


(26) “Allah sizə şəriət hökmlərini bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir”.

Uca Allah mömin qullarına Özünün böyük mərhəmətini, möhtəşəm xeyirxahlıqlarını və onların dinini yüngülləşdirərkən göstərdiyi ecazkar qayğısını yada salır.
Allah sizə həqiqəti və yalanı, halalı və haramı və həmçinin sizin ehtiyac duyduqlarınızı sizə başa salmaq istəyir. O, sizi peyğəmbərlərin və onların böyük mərhəmət göstərilmiş sadiq səhabələrinin yolu ilə aparmaq istədiyi üçün onların şərəfli yolunu, doğru əməllərini, nöqsansız keyfiyyətlərini və düz yola necə möhkəm etiqad etdiklərini sizə göstərdi. O, istədiyini etdi. O, həqiqi biliklər və saleh əməllər yoluna yönəldilmiş sizdən əvvəlkilərə izah etdiyi kimi, sizə də haqqı ən əlverişli tərzdə açıqladı. O, sizə rəhm edərək sizin üçün pozmamağı bacara biləcəyiniz qanunlar qoydu. Allah sizə icazə verdi ki, Allahın sizə yol verdikləri sayəsində razı qalasınız, çoxlu günahlar etməyəsiniz. Bu, Allahın Öz qullarına bağışladığı nemətinin və göstərdiyi mərhəmətinin nəticəsi idi. Bu münasibət, insan günah əməllər işlədəndə özünü büruzə verir, Uca Allah isə insan üçün Özünün mərhəmət qapılarını açır, onu tövbə etməyə, Onun qarşısında mütilik göstərməyə ruhlandırır və sonra isə Allah Özünün ona təşviq etdiyi tövbəsini ondan qəbul edir. Buna görə həmd yalnız Ona məxsusdur!
O, kamil biliklərə və kamil müdrikliyə malikdir. Öz bilikləri sayəsində O, insanlara əvvəl bilmədiklərini, o cümlədən, dinin hökmlərini və hüdudlarını öyrədir. O Öz müdrikliyinə uyğun olaraq bağışlanmaya layiq olanları bağışlayır və onlara mərhəmət göstərir, bağışlanmaya layiq olmayanları isə Öz yardımından məhrum edir. Bu zaman O, daima hikmət və ədalətlə davranır.


(27) “Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər”.

Allah sizin tövbələrinizi qəbul etməyi, ixtilaflardan xilas olub haqqa yaxınlaşmaqla sizin düz yolda bir yerdə toplanmanızı istəyir. Lakin kafirlər və öz ehtiraslarına qapılaraq onları öz Rəbbinin hökmlərini yerinə yetirməkdən üstün tutan fasiqlər istəyirlər ki, siz düz yoldan çıxıb, Allahın qəzəbinə düçar olmuşların və yolunu azmışların yolunu tutasınız. Onlar istəyirlər ki, siz Rəhmana itaətdən boyun qaçırıb, şeytana tabe olasınız. Onlar istəyirlər ki, sizi Rəbbin hədlərinə riayət etməkdən çəkindirsinlər, o Rəbbin ki, hökmlərinin yerinə yetirilməsi əsil xoşbəxtliyin rəhnidir. Onlar sizi İblisin ardıcıllarına çevirmək həsrətindədirlər, ona itaət isə ən böyük bədbəxtliyin səbəbidir. Onlar öz ehtiraslarının qarşısını almır və sizə əmr edirlər ki, sizi hökmən tam ziyana uğradacaq və bədbəxt edəcək işlər görəsiniz. Buna görə ən layiqli dəvəti üstün tutun və özünüz üçün ən doğru yolu seçin.


(28) “Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır”.

Allah sizə yüngül hökmlər və qadağanlar nazil edir və buna baxmayaraq, əgər bu hökmlərdən bəziləri sizə ağır gəlirsə, O, sizin tələbatınızdan asılı olaraq, onları pozmağa icazə verir. Məsələn, siz aclığınızın qarşısını almağa başqa vasitə tapmadıqda, sizə ölmüş heyvan ətini və qanı qida kimi istifadə etməyə icazə verilir. Yuxarıdakı ayədə sadalanan şərtlər olduqda, hətta siz azad şəxslərdən olsanız da, sizə kölə qadınlarla evlənməyə icazə verilir. Bu ona görə belədir ki, Allah sizə mükəmməl və hər şeyi əhatə edən lütfkarlığını göstərmişdir. O, müdrikdir və bilir ki, insan zəif bədən quruluşuna, zəif iradəyə, zəif əzmə, zəif imana və zəif dözümə malik, hərtərəfli zəif məxluqdur. Məhz buna görə, Allah insanın imanının zəifliyindən, səbrinin və imkanlarının azlığından öhdəsindən gələ bilmədiyi hökmləri onun üçün yüngülləşdirir.

(29) “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”.

Uca Allah Öz mömin qullarına bir-birinin əmlakını qanunsuz yolla yeməyi qadağan etmişdir. Bu qadağa başqasının mülkiyyətini güc tətbiq etməklə, oğurlamaqla, qumarda udmaqla və digər alçaq qazanc vasitələri ilə mənimsəməyə aid edilir. Bundan başqa, qadağa həm də təkəbbürlüyündən öz mülkiyyətini israfçılıqla xərcləyənlərə də şamildir, çünki bu ədalətsiz və günahkar əməldir.
Allah qanunsuz yolla özgəsinin mülkiyyətini əldə etməyə və xərcləməyə qadağa qoyduqdan sonra, öz əmlakını ticarət etmək və digər icazə verilmiş qazanc növləri vasitəsilə çoxaltmağa icazə vermişdir. Bu vasitələr ancaq müəyyən şərtlər çərçivəsində, razılıq verilmiş sayılır; şərtlərdən biri də tərəflərin qarşılıqlı razılığıdır.
Allah müsəlmanlara bir-birini öldürməyi və intihar etməyi qadağan etmişdir. Bu qadağa həm öz həyatı üçün təhlükə yaradılmasına və həm də şikəstlik və ya ölümlə nəticələnən əməllərə yol verilməsinə aid edilmişdir. Allah qullarına qarşı rəhmdildir və Öz lütfü ilə O, onların həyatı və mülkiyyəti haqqında qayğı çəkir, onlara ziyan vura bilən və ya onları həlak edə bilən addımlar atmağı qadağan edir və bir sıra dini məhdudiyyətləri bu müddəa ilə bağlayır.
Öz əmlakınızı öz aranızda qanunsuz yeməyin və özünüzü öldürməyin hökmünün yığcamlığı üzərində düşünün! Allah özgə adamların əmlakını və öz əmlakını puç etməyi və həmçinin başqalarını öldürməyi və öz həyatına qəsd etməyi qadağan edərək elə ifadələrdən istifadə etmişdir ki, onlar hətta: “Bir-birinizin malını yeməyin! Bir-birinizi öldürməyin!” kimi deyimlərdən də qısadır. Bu ifadələr isə özgəsinin malına və başqa insanların həyatına qəsdin qadağan edilməsi ilə məhdudlaşır.
Bununla yanaşı, Allah möminlərin malını və canını ümumiləşdirmişdir ki, onların bir-birinə olan qarşılıqlı məhəbbətini və bir-birinə rəhmli, şəfqətli münasibətini xüsusilə vurğulasın. Möminlər ümumi mənafeyə malikdirlər və bütöv bir orqanizmə bənzərlər – iman onları birləşdirmiş və onların dünyəvi və dini maraqlarını ümumiləşdirmişdir.
Qanunsuz yolla əmlak əldə etmənin, özünə və bu mülkü alan şəxslərə zərər vurulmasının qadağan edilməsindən sonra, Uca Allah insanlara yaşamaq üçün ticarətlə, peşələrlə, günəmuzd işlə və insanlara fayda gətirən digər fəaliyyət növləri ilə məşğul olmaqla qazanc əldə etməyə icazə verir.
Allah ticarət əqdləri bağlamağa ancaq tərəflərin qarşılıqlı razılığı ilə icazə verərək qeyd edir ki, əqd bağlanarkən sələmçiliyə əsaslanılmamalıdır. Sələmçilik və müamilənin ticarətlə əlaqəsi yoxdur, çünki belə əqdlər tamamilə başqa niyyətlərlə bağlanılır.
Allah həmçinin xüsusilə vurğulayır ki, hər iki tərəf ticarət sazişlərini öz iradələri əsasında könüllü bağlamalıdırlar. Lakin qarşılıqlı razılıq o vaxt tam əldə edilir ki, əmtəə müəyyən edilmiş olsun. Əks halda, alıcı əqd bağlayan zaman onunla razı qala bilməz, axı o, aldığı malı götürə bilmir. Belə (malsız) əqdlər qumar oyununa bənzəyir və buna görə, hal-hazırda olmayan mala dair ticarət sazişləri hüquqi mahiyyət daşımırlar. Bu onunla izah olunur ki, belə əqdlərin bağlanması gedişində tərəflərin tam razılığı əldə edilmir.
Beləliklə, əqd o zaman bağlanmış hesab olunur ki, tərəflər müvafiq sözlər desinlər və ya müvafiq əməllər icra etsinlər, çünki Allah əqd bağlanmasının məcburi şərti kimi tərəflərin razılıq bildirməsini bəyan etmişdir. Əgər tərəflər istənilən formada öz razılıqlarını bildirmişlərsə, əqd bağlanmış sayılır.
Bu ayənin sonunda Allah bildirir ki, O, möminlərə qarşı mərhəmətlidir və Onun rəhmi, onların həyatı və mülkiyyəti barədə qayğı çəkməsi ilə özünü büruzə verir və onlara qəsd etməyi insanlara qadağan etmişdir.

(30) “Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır”.

Əgər insan əmlakı qanunsuz yolla yeyirsə və insanların həyatına, avamlığı və unutqanlığına görə deyil, onlara qarşı bəslədiyi düşmənçiliyi və zalımlığı üzündən qəsd edirsə, onda Allah onu Cəhənnəm oduna atacaqdır və bu Onun üçün çətin bir iş deyil. Bu ifadənin qeyri-müəyyən formada işlədilməsi Cəhənnəm odunun olduqca geniş və qorxunc olmasını təsdiq edir.


Tarix: 20.04.2013 / 15:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 810 Bölmə: Sureler