beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 121-130 Ayələr

(121) “Onların sığınacaqları Cəhənnəm olacaqdır və onlar oradan çıxmağa xilas yolu tapa bilməyəcəklər”.

Öz Rəbbindən üz döndərən və şeytan firqəsinə girib onun ardıcıllarından biri olan şəxs Cəhənnəmdə əbədi məşəqqət içində əziyyət çəkəcək və oradan xilas ola bilməyəcəkdir. O, orada əbədi qalacaqdır.

(122) “İman gətirib yaxşı işlər görənləri isə Biz çaylar axan Cənnət bağlarına daxil edəcəyik. Onlar Allahın haqq vədinə uyğun olaraq orada əbədi qalacaqlar. Allahın sözündən başqa daha kimin sözü doğru ola bilər?”

Şeytanın bədbəxt əlaltılarını hansı aqibətin gözlədiyini izah etdikdən sonra, Uca Allah Ona, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə, Qiyamət gününə və xeyri və şəri ilə qədərə iman gətirmiş saleh əməl sahibləri haqqında xəbər verir. Onlar bu saydıqlarımıza, onlara əmr olunduğu kimi, zəruri biliklər əldə edərək və onların doğruluğunu qəbul edərək iman gətirmişdilər. Onlar imanlarının nəticəsi olaraq saleh əməllər yerinə yetirirdilər. Onlar, insanın qəlbinə, dilinə və bədəninin qalan hissələrinə həvalə edilmiş bütün fərz və nafilə hökmləri yerinə yetirərdilər və onların hər biri, əməlləri ilə müəyyən edilən, imanının və möminliyinin dərəcəsinə, əməllərinin bəhrəsinə uyğun və həmçinin imanının və əməllərinin qüsurları nəzərə alınmaqla mükafata layiq görülmüşlər. Şübhəsiz ki, bütün bunlar onun Allahın müdrikliyini və mərhəmətini və həmçinin Onun haqq vədini nə dərəcədə yaxşı anlamasından asılıdır və bunu isə ancaq Qurana və Sünnəyə riayət edilməsi sayəsində dərk etmək mümkündür.
Allah bildirir ki, bu yaxşı əməllərə görə mükafat kimi möminlər gözlərin görmədiyi, qulaqların eşitmədiyi, barəsində hətta insan qəlbinin təsəvvür belə etmədiyi çaylar axan Cənnət bağlarına daxil olacaqlar. Orada hər cür ləziz yeməklər, iştahaçan içkilər, ecazkar mənzərələr, gözəl zövcələr, möhtəşəm imarətlər və bəzəkli otaqlar, qol-budaqları yerə sallanan ağaclar və əla meyvələr vardır. Orada adama riqqətli səslər eşitmək və bol nemətlərdən ləzzət almaq, qardaşları yoluxmaq və keçmişdə olanları yada salmaq olar. Amma daha şərafətli mükafat Allahın lütfü və Onun yaxında olmasından, Onu öz gözlərinlə görmək və Onun ilahi nitqini eşitməkdən duyulan məmnunluq imkanıdır. Təkcə bu, möminləri qalan bütün sevinc və xoşbəxtlik duyğularını və ləzzətləri unutmağa məcbur edəcəkdir və əgər Allah onlara yardın göstərəcəyinə söz verməsəydi və belə bir sevincdən onların ruhu bədənindən pərvazlanar və özləri isə ölü kimi yerə yıxılardılar.
Cənnət səadəti necə də gözəldir! Lütfkar Rəbbin möminlərə bəxş edəcəyi mükafat necə də əzəmətlidir! Bu nemətləri və bu sevinci təsvir etmək və ya sözlə çatdırmaq mümkünsüzdür və bütün bunlara əlavə olaraq, onlar öz yüksək imarətlərində əbədi olaraq qalacaqlar. Allahın gerçək vədi belədir. Böyük Rəbb həqiqəti demişdir və Onun sözü ən doğrudur! Onun sözlərinin və hekayətlərinin həqiqiliyini nəzərə alsaq, onda onların müvafiqliyi, məzmunu və ya zəruriyyəti əsasında çıxarılan bütün nəticələr də doğru olar. Onlar Onun buyurduqlarının əsil mənasını əks etdirir. Eyni şey Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) sözlərinə də aiddir, o, ancaq Onun icazəsi ilə danışar və Onun vəhylərini rəhbər tutardı.


(123) “Buna sizin xülyalarınız və ya Kitab əhlinin xülyaları vasitəsilə nail olmaq mümkün deyil. Kim pislik edərsə, əvəzini alacaq və özü üçün Allahın yerinə nə başqa bir havadar, nə də köməkçi tapacaq”.

Müvafiq əməllərlə təsdiq olunmamış boş xəyallar və ümidlər vasitəsilə nə xilasa və nə də gözəl əxlaqa nail olmaq mümkün deyil. Əsassız iddiaların, əgər söhbət sadə işlərdən gedirsə, heç bir əhəmiyyəti olmaz. Bəs əgər söhbət imandan və əbədi səadətdən gedirsə, onda buna nə demək olar?!
Allah Kitab əhlinin məmnun qaldıqları ümidlərindən xəbər verir. Onlar deyirlər: “Yəhudilərdən və xristianlardan başqa heç kim Cənnətə girməyəcək” (Bəqərə, 2/111). Əgər Kitab əhlinin ümidləri yalandırsa, onda bu, özlərini Müqəddəs Kitabın tərəfdarı və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) məsləkdaşı saymayanlara daha çox aiddir.
Allahın ədaləti və qərəzsizliyi kamil olduğuna görə, bu, həm də özlərini müsəlmanlara aid edənlərə də şamildir. Dinin tərəfdarı adlanmaq haqqına əsassız iddialar, insana, özünün haqlı olmasını sübut edən dəlillər gətirincəyə qədər, heç bir fayda verməyəcəkdir. Əməllər onun doğruluğunu müəyyənləşdirən meyarlardır və buna görə də, Allah buyurur ki, pislik edən mütləq cəzalandırılacaqdır. Bu, bütün məxluqlara aiddir, çünki həm böyük və həm də kiçik günahlar şər əməl adlanır. Bu həmçinin həm bu dünyada və həm də Axirət həyatında hər hansı böyük və kiçik əvəzini vermə formalarına şamil edilir.
Yaradılmışlar bu meyar əsasında təkcə Allaha məlum olan müxtəlif dərəcələri tutacaqlar. Onların arasında elələri olacaq ki, çoxsaylı cinayət törətmişlər, elələri də olacaq ki, onu çox az törətmişlər. Əgər insan təkcə cinayətlər törətmişsə, belələri ancaq kafirlər ola bilər, sonra da günahlarını tövbə etmədən ölmüşsə, onda onun alacağı əvəz əbədi davam edəcəyi məşəqqətli cəza olacaq. Əgər insan həyatının çox hissəsini saleh əməllər və yaxşılıqlar etmişdirsə, amma hərdən kiçik günahlara yol vermişsə, onda onu narahat edən qayğılar, qəmginliklər, xoşagəlməz, fiziki və mənəvi əzablar, maddi çətinliklər, habelə sevdiyi insanların qismətinə düşmüş xoşagəlməz hallar və s. və i. a. onun yol verdiyi günahları yuyur, axı Allah Öz qullarına rəhmli və mərhəmətlidir. Bu iki ifrat qütb arasında həddən çox ara pillələr mövcuddur.
Bu ayədə şər əməlin əvəzi geniş mənada xatırlanır, lakin o, təkcə tövbə etməyənlərə aiddir, çünki əgər insan törətdiyi günahlara görə tövbə edibsə, onda o, heç günah etməyənə bərabərdir ki, bu da açıq-aydın ayə və hədislərlə təsdiq olunur.
Sonra Allah bildirir ki, pis əməl törədənlər özünə nə hami və nə də köməkçi tapa bilməyəcəklər. Bu hökm onu göstərir ki, qoy heç kim səhvən zənn etməsin ki, öz törətdiyi əməllərə görə cəzaya layiq olan günahkarın hamiləri, qoruyucuları və ya onları layiq olduqları qisasdan müdafiə edə biləcək şəfaətçiləri olacaq. Uca Allah belə gümanları rədd etmişdir, çünki insanları, onların Rəbbi və Hökmdarından başqa, istədiklərinə nail olmağa kömək edən himayədarları və onları xoşagəlməz şeylərdən qoruya bilən köməkçiləri olmayacaqdır.


(124) “İman gətirmişlərdən bəzi saleh əməllər işləyən kişilər və qadınlar Cənnətə girəcəklər və hətta xurma çəyirdəyinin çuxuru qədər belə incidilməyəcəklər”.

Burada saleh əməllər adı altında səmimi qəlblə və hər kəsin özünün yerinə yetirdiyi bütün xeyirxah əməllər nəzərdə tutulur. Buna görə, bu ayə iman sahibi olan bütün insanlara və cinlərə, yaşlılara və uşaqlara, kişilərə və qadınlara aiddir. Bu şərt olmadan əməllər saleh əməl ola bilməz, qəbul edilməz, mükafat gətirməz və cəzadan xilas etməz! İmansız əməllər gövdəsi doğranmış ağacın budaqlarına və yaxud su üzərində ucaldılmış tikiliyə bənzər. İman – hər şeyin istinad etdiyi gövdə, təməl və özüldür. Bu şərt üzərində düşünmək lazımdır, çünki o, bütün hallarda zəruridir.
Əgər insanlar özlərində iman və yaxşı əməlləri birləşdirirlərsə, onda onlar hökmən ürəklərin ləzzət aldığı və baxışların ayrıla bilmədiyi, hər şeyin bir yerə toplandığı Cənnətə düşərlər. Onlarla hətta xurma çərdəyinin oyuğu qədər ədalətsiz davranılmaz, çünki onların yaxşı əməlləri bir qətrə belə əskildilməyəcək. Əksinə, onlar öz mükafatlarını bütünlüklə alacaqlar. Bundan başqa, o mükafat dəfələrlə artırılacaq.

(125) “Kimin dini, yaxşılıqlar göstərərək özünü Allaha təslim edən və İbrahimin hənif dininə tabe olan şəxsin dinindən gözəl ola bilər? Axı Allah İbrahimi Özünün sevimlisi etmişdir”.

Heç kimin dini, bu ayədə xatırlanan keyfiyyətləri özündə cəmləşdirən şəxsin dinindən gözəl ola bilməz. Belə insan öz Allahına səmimiyyətlə ibadət edir və öz mənliyi ilə Ona təslim olur, yəni, bütün varlığı ilə Ona itaət edir, tək Ona xidmət göstərir, Ona üzbəüz və bütün vücudu ilə müraciət edir. Bununla yanaşı, o, yaxşı işlər görür, yəni, elçilərin göndərildiyi və Kitabların nazil edildiyi Allahın şəriətini əlində rəhbər tutur. Bu şəriət seçilmiş məxluqların və onların sadiq davamçılarının yoludur. O, İbrahimin (ə) dini və qanunlarına riayət edir və həniflər kimi davranır, yəni, Allaha şərik qoşmaqdan çəkinir, tövhidə can atır, məxluqlara müraciət etməkdən boyun qaçırır və təkcə Yaradana müraciət edir.
Allah İbrahimi (ə) Özünün sevimlisi etmişdir. “Xilla” sözü məhəbbətin ən yüksək formasını bildirir. Allahın ancaq iki sevimlisi bu dərəcəyə nail olmuşlar – Muhəmməd və İbrahim peyğəmbərlər (onlara Allahın salavatı və salamı olsun). Allahın məhəbbətinə (hubb) gəldikdə isə, o, bütün möminlərə aiddir. Allah İbrahimi Özünün sevimlisi ona görə seçmişdir ki, o, ona əmr olunan hər şeyi qüsursuz yerinə yetirərdi və bütün sınaqlardan keçmişdi. Allah onu təqlid olunmalı nümunə etmiş, onu Özünün sevimlisi seçmiş və aləmlər arasında onun adını şan-şöhrətini ucaltmışdır.

(126) “Göylərdə də, yerdə də nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir”.

Bu gözəl ayə Uca Allahın bütün varlığı əhatə etdiyini izah edir. Göylərdə və yerdə olan bütün yaradılmışlar təkcə Ona məxsusdur və Onun qullarıdır. Onlar Onun hakimiyyəti altındadırlar və O, onların tək Hakimi və Hökmdarıdır. O, bilmək lazım olan hər şeydən xəbərdardır və eşitmək lazım olan hər şeyi eşidir. Bütün varlıqlar Onun qüdrətinə tabedir, Onun mərhəməti isə yerin və göylərin bütün sakinlərini qapsayır. Bütün məxluqlar Onun qarşısında mütidirlər və bütün varlıqlar Ona tabedirlər.


(127) “Onlar səndən qadınlarla əlaqədar hökm verməni xahiş edirlər. De ki: “Allah onlar və onlarla evlənməyinizi düşünərək, təyin olunmuş şeylərini vermədiyiniz yetim qalmış qadınlar və zəif uşaqlar barədə Kitabdan sizə oxunan hökm verəcəkdir. Bundan başqa, siz yetimlərə ədalətli münasibət bəsləməlisiniz və hansı xeyirxahlığı göstərsəniz də, Allaha o barədə məlumdur””.

Qərar çıxarmaq xahişi dedikdə, şərh edilən məsələnin dini hökmü barədə izahat vermək nəzərdə tutulur. Allah bildirir ki, möminlər Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) onlarla qadınlar arasında qarşılıqlı münasibətlərin necə olması haqqında soruşurlar. Allah bu barədə hökmü Özü verməyi qərara alır və ona (ona Allahın salavatı və salamı olsun) əmr edir ki, desin: “Qadınlar barə hökmü sizə Allah Özü verəcəkdir. Qadınlarla qarşılıqlı münasibətlərinizin bütün məsələlərində Onun hökmlərinə uyğun olaraq rəftar edin. Onların qarşısında vəzifələrinizi yerinə yetirin və onlarla ədalətsiz davranmayın”.
Bu geniş mənalı hökm öz arvadları və istənilən yaşdan olan digər qadınlar barəsində kişilərin vəzifələrinə dair bütün hökm və qadağaları əhatə edir. Bunun ardıyca Allah müdafiəsiz yetimlərə və uşaqlara xüsusi diqqət yetirmişdir. Bununla O, onlara qayğı göstərmiş və insanları onların haqlarına təcavüz etməkdən çəkindirmişdir.
Allah həmçinin Kitabda deyilmiş yetim qalmış qızlara çatası şeylərin verilməməsi barəsində hökm çıxarmışdır. Uca Allah bildirir ki, belə hallar ayə nazil olan vaxt baş vermişdi. Öhdələrində yetim qalmış qızlar olan bəzi kişilər onların haqqını tapdayır və onlarla zalımcasına davranırlar. Onlar həmin yetimlərin əmlakını bütövlükdə və ya qismən mənimsəyir və onları ərə getməkdən məhrum edirdilər ki, öz mülkiyyətindən istifadə edə bilməsinlər. Onlar qız ərə gedəndən sonra onun malının əllərindən çıxacağından qorxurdular və ya o, ərə gedən zaman əqdlər bağlamaq və yaxud başqa üsullardan istifadə etmək vasitəsi ilə onun əmlakını əllərinə keçirirdilər. Onlar həmin qızla evlənmək istəmədikləri halda belə rəftara yol verirdilər. Onlar qızın gözəlliyinə və ya zənginliyinə görə onunla evlənmək istədikdə isə, ona məxsus olan mehri ona vermir və ya dəyərini azaldırdılar.
Bu ayə yetim qalmış qızlara bəslənən ədalətsiz münasibətin bütün sadalanan formalarına toxunur. Allah buyurur ki, kişilər onlarla evlənmək haqqında düşünərək belə addımı atırdılar. Bu o deməkdir ki, onlar ya həmin qadınlarla evlənmək niyyətində olurdular, ya da bunu etməyi arzulamırdılar. Biz bunu artıq yığcam nümunələrdə müzakirə etmişik.
Allah həmçinin köməksiz uşaqlara dair hökm çıxarmışdır və irsin onlara düşən hissəsini onlara verməyi və onların qarşısında digər vəzifələri yerinə yetirməyi əmr etmişdir. Allah onların əmlakını ədalətsizcəsinə və zülmkarcasına davranaraq mənimsəməyi qadağan etmişdir.
O, yetimlərə ədalətlə yanaşmayı, yəni, onlara qayğı göstərməyi, onları Allahın hökmlərini və Onun hüzurunda öz vəzifələrini yerinə yetirməyi tapşırmışdır. Bu o deməkdir ki, yetimlərin qəyyumları onlara görə məsuliyyət daşıyırlar və bu, onlarda dinin vacib hökmlərini yerinə yetirməyə həvəs oyatmalıdır. Yetimlərə dünyəvi məsələlərdə qayğı göstərmək onların əmlakını artırmaqdan, onu uşağın mənafeyi üçün ən sərfəli şəkildə və xeyirxah niyyətlə istifadə etməkdən ibarətdir. Dostlarını və başqa adamları razı salmaq məqsədilə onların taleyinə sərəncam çəkərək, yetim qalmış qızları ərə vermək (qızların haqqı tapdalandığı halda) qadağan edilir. Uca Allah ən inandırıcı tərzdə, zəif olması və ya atasını itirməsinə görə özünə müstəqil qayğı çəkə bilməyən şəxslərə qayğı göstərməyə çağırır. Bununla Allah Öz qullarına bir daha mərhəmətini göstərir.
Allah sözün ən geniş mənasında xeyirxahlıq etməyə çağırır. İnsanlar yetimlərə və bütün başqa məxluqlara hansı yaxşılığı etsələr də, onların özlərinə və ya ətraflarındakılara fayda verən saleh əməl işlətsələr də, Allah bu barədə mütləq biləcəkdir. O, kimin çoxlu yaxşı işlər gördüyünü, kiminsə hərdən bir xeyirli işlər yerinə yetirdiyini, kimin isə, tamamilə əksinə, hərəkət etdiyini bilir və hər kəs hökmən öz əməllərinə müvafiq əvəzini alacaqdır.



(128) “Əgər qadın ərinin ona kin bəsləyə və ya ondan üz döndərə biləcəyindən ehtiyat edərsə, onların öz aralarında dinc yanaşı yaşamaq qərarına gəlmələri günah sayılmaz, çünki məsələnin sülh yolu ilə həlli daha yaxşıdır. Simiclik nəfsə xas olan şeydir, lakin əgər siz xeyirxah və təqvalı olsanız, əmin olun ki, Allah əməllərinizdən xəbərdardır”.

Əgər qadın ərinin onunla ötkəm davranacağından, ondan soyuyacağından və üz döndərəcəyindən qorxarsa, yaxşı olar ki, əgər nikahı saxlamaq şərti ilə arvad ərinə onun bəzi vəzifələrini yerinə yetirməməyi bağışlayarsa, onda ər-arvad arasında barışıq sazişi bağlansın. Bundan ötrü, arvad ərinə onu saxlamaq üçün nəzərdə tutulduğundan daha az vəsait sərf etməsinə imkan verməli, az dəyərli geyimlə və mənzillə qane olmalı, öz növbəsini ərin başqa arvadına güzəştə getməli və ya ərinə onunla keçirməli olduğu gecəni, başqa arvadı ilə keçirməyə icazə verməlidir. Əgər ər-arvad öz aralarında bu şərtlərlə razılaşarlarsa, onların heç biri günah etməz. Ərə arvadından ayrılmaqdansa, onunla bu şərtlərlə yaşamasına icazə verilir, çünki hətta belə birgəyaşayış ayrılmaqdan yaxşıdır. Məhz buna görə, Allah buyurur ki, dinc razılaşma qərarı – daha yaxşıdır.
Bu ifadənin ümumi mənasından aydın olur ki, bir-birinin qarşısında qarşılıqlı vəzifələri olan insanların arasında baş verən istənilən mübahisələrin dinc yolla həlli, hər iki tərəfin bir-birinin qarşılarında olan bütün vəzifələrdən boyun qaçırmalarından daha yaxşıdır. Mübahisələrin dinc yolla həlli tərəflərə barışmağa, əlaqələrini qoruyub saxlamağa və alicənablıq göstərməyə imkan verir. Bütün məsələlər üzrə belə hərəkət etməyə o vaxt icazə verilir ki, bu saziş Allahın qadağan etdiyinə yol verməsin və ya halalı qadağan etməsin. Belə saziş dinc həll yolu deyil, ədalətsizlik və özbaşınalıq adlanır.
Bilmək lazımdır ki, istənilən hökm o vaxt qüvvəyə minir ki, bunun üçün zəruri olan müvafiq şərtlər mövcud olsun və maneçilik törədən amillər olmasın. Bu, ən mühüm qərarlardan biri olan sülh sazişinə də aiddir. Uca Allah sülh müqaviləsi bağlanılması şərtlərini xatırladaraq buyurur ki, belə qərar – yaxşı qərardır, çünki hər bir insan yaxşı iş görmək istəyir. Əgər belə rəftarı əmr edən Allahdırsa, onda möminin bu yaxşılığı etməyə həvəsi daha da artır.
Sonra Allah sülh müqaviləsi bağlamağa maneçilik törədən şərtləri xatırladır. İş orasındadır ki, insan nəfsinə xəsislik kimi bir keyfiyyət xasdır. İnsan öz vəzifələrini könülsüz yerinə yetirir, lakin böyük həvəslə istəyir ki, özünə lazım olan hər şeyi əldə etsin. Bu təbii keyfiyyət hər bir insana verilmişdir və adamlar bu keyfiyyətdən xilas olmağa və onu alicənablıqla əvəz etməyə səy göstərməlidirlər. Alicənablıq – öz vəzifələrinin qüsursuz yerinə yetirməsi və insanın haqqı olan şeyin hətta bir hissəsi ilə razı qalmasıdır.
Əgər o, bu gözəl keyfiyyəti mənimsəyirsə, onda o, mübahisə etdiyi və ya ünsiyyətdə olduğu insanlarla heç bir çətinlik çəkmədən barışığa və razılığa gələ və arzuedilən məqsədə nail ola bilir. Lakin xəsislikdən qurtula bilməyən buna nail ola bilmir, çünki o, barışığa və sülhə çətinliklə gəlir. Bunun səbəbi, onun ona çatacaq əmlakın hamısını əlinə almadıqca rahatlaşa bilməməsində və öz öhdəliklərini yerinə yetirmək istəməməsindədir. Əgər onun tərəf müqabili də onun xasiyyətindədirsə, onda vəziyyət daha da mürəkkəbləşmiş olur.
Daha sonra, Allah buyurur ki, əgər insanlar öz Yaradanına ibadət etməkdə xeyirxah olsalar, əgər onlar Ona Onu görürmüşlər kimi, hətta onlar Onu görməsələr belə, çünki O, onsuz da onları görür, ibadət etsələr, əgər onlar öz var-dövlətindən, öz biliklərindən, öz mövqeyindən və digər imkanlarından istifadə edərək, məxluqlara yaxşılıq etsələr, onlara yardım göstərsələr, əgər onlar öz vəzifələrini icra edərkən bütün qadağan olunmuş əməllərdən çəkinərək Allahdan qorxsalar, bir sözlə, əgər onlar saleh əməlləri nöqsansız yerinə yetirsələr və günahlardan çəkinsələr, onların heç bir əməli Allahın nəzərindən qaçmaz. O, insanların qəlbinin və vücudunun etdiyi hər bir şeydən xəbərdardır və onların əməllərini yadda saxlayır ki, hər birinə layiq olduqları əvəzi bütövlüklə versin.


(129) “Siz hətta çox istəsəniz də, zövcələrinizə eyni ədalətliliklə yanaşa bilməyəcəksiniz. Tamamilə ancaq birinə meyl edərək, digərlərini havadan asılı vəziyyətdə qoymayın. Yox, əgər vəziyyəti düzəltsəniz və təqvalı olsanız, bilin ki, Allah Bağışlayan və Rəhmlidir”.

Uca Allah bu ayədə bildirir ki, ərlər öz zövcələrinə eyni dərəcədə ədalətlə və qərəzsiz münasibət bəsləməyə qadir deyillər. Ədalətli münasibət o zaman mümkündür ki, kişi fərq qoymadan özünün bütün zövcələrini eyni dərəcədə möhkəm sevsin, onlara eyni dərəcədə meyl etsin, qəlbində onların hər birinə eyni dərəcədə həvəs salsın və bunlara uyğun olaraq rəftar etsin. Lakin bu mümkün olmayan və inanılmazdır və buna görə də Allah Öz qullarını buna qadir olmadıqlarına görə, bağışlayır və onlara təkcə gücləri çatan şeyləri qadağan edir.
Allah arvadlarından yalnız birinə yaxşı münasibət bəsləyərək və onun qarşısında bütün vəzifələrini yerinə yetirərək digər arvadı tamamilə diqqətindən kənarda saxlamağı kişiyə qadağan edir. Ərlərin borcudur ki, onlara eyni dərəcədə ədalətlə yanaşsınlar. Onlar arvadlarını eyni dərəcədə təmin etməli, eyni dərəcədə geyindirməli, onların yanlarına növbə ilə getməli və bütün bu işlərdə insaflılığa riayət etməlidirlər, lakin onlar məhəbbət, cinsi əlaqə və s.-lə bağlı olan məsələlərdə eyni münasibət göstərməyə borclu deyillər. Əgər ər arvadı qarşısında öz vəzifələrini yerinə yetirmirsə, onda arvad sanki havadan asılı vəziyyətdə qalmış olur. Belə qadın artıq hələ ərə getməmiş, öz istirahəti ilə məşğuı olan və ərə getməyə hazırlaşan, lakin onun qayğısını çəkən əri hələ əldə etməmiş ərsiz qadın deyil.
Sonra Allah buyurur ki, əgər ərlər öz arvadları ilə qarşılıqlı münasibətlərini qaydaya salsalar, özlərini öz istəklərinin əleyhinə məcbur edərək, Allahın mükafatını qazanmaq üçün arvadları qarşısında vəzifələrini yerinə yetirsələr, əgər onlar öz münasibətlərini insanlarla yaxşılaşdırsalar və onlara mübahisələrini dinc yolla həll etməyə kömək göstərsələr, əgər onlar, biz artıq öncə dediyimiz kimi, insanlar arasında barışıq və razılıq yaradılması üçün istənilən imkanlarından istifadə etsələr və Allahdan qorxaraq Onun hökmlərini yerinə yetirsələr, günahlardan çəkinsələr və taleyin çətinliklərinə mətanətlə sinə gərsələr, onda Allah mütləq onların günahlarını və unutduqlarını bağışlayar. Bununla bərabər onlar öz zövcələrinə qarşı mərhəmət göstərdiklərinə və onlarla yumşaq rəftar etdiklərinə görə Allah da onlara rəhm edər.

(130) “Əgər onlar ayrılsalar, onda Allah onların hər birini Öz neməti ilə zənginləşdirər. Allah Hərşeyiəhatəedən və Müdrikdir”.

Bu, zövcələr arasında baş verə biləcək üçüncü haldır. Əgər onlar öz aralarında razılığa gələ bilməsələr, onda onlara ayrılmağa icazə verilir. Bu boşanma, nikahın pozulması, arvadın tələbi ilə, ərə maddi əvəz verməklə və ya cehizləri ərə qaytarmaqla boşanma və s. ola bilər.
Əgər ər-arvad belə etsələr Allah onların hər birini hər şeyi əhatə edən mərhəməti ilə zənginləşdirər. O, kişiyə arvad hədiyyə edər və o, kişi üçün əvvəlkindən yaxşı olar, qadını isə səxavəti ilə var-dövlət sahibi edər. Hərçənd qadın onu bütün zəruri olan şeylərlə təmin edən ərdən məhrum olsa da, onun azuqəsini təmin etmək məsuliyyətini Allah Öz öhdəsinə götürər. O, bütün varlıqları yedizdirir və onların maraqlarının qayğısını çəkir. Elə də ola bilər ki, O, qadına əvvəlkindən daha yaxşı ər nəsib edər.
Allah Hərşeyiəhatəedən Rəbdir. Onun mərhəməti böyükdür və bütün varlıqları əhatə edir, Onun yaxşılıqları Onun elminin nail olduğu hüdudlara çatır. Lakin bununla yanaşı, Allah hikmət sahibidir. Öz hikmətinə əsaslanaraq O, bəzilərini təltif edir, bəzilərini isə ondan məhrum edir. Əgər Onun müdrikliyi Ondan bəzi qullarını onların layiq olmadıqları Öz iltifatından məhrum etməyi tələb edirsə, onda O, onları iltifatından məhrum edərək, bunu müdrikcəsinə və ədalətlə həyata keçirir.


Tarix: 20.04.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 605 Bölmə: Sureler