beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 166-176 Ayələr

(166) “Lakin Allah Onun sənə nazil etdiyinə Özü şahidlik edir. O, bunu Öz elmi əsasında (və ya Öz biliyi ilə) nazil etmişdir. Mələklər də şəhadət verirlər, lakin Allah Şahid kimi kifayətdir!”

Uca Allah Vəhyin Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) onun qardaşlarına – Allahın elçilərinə nazil edildiyi kimi, nazil edildiyini xatırlatdıqdan sonra, onun peyğəmbərliyinin gerçəkliyini və onun bütün təbliğ etdiklərinin doğruluğunu təsdiq edir. Allah bəyan edir ki, O, Kitabı ona Öz elmi ilə nazil etmişdir.
Bir rəyə görə bu o deməkdir ki, nazil edilmiş Vəhy özündə Allahın elmini, dini hökmləri və insanlardan gizli qalan şeyləri ehtiva edir. Bütün bunlar Allahın Öz qullarına öyrətdiyi elminin bir hissəsidir.
Başqa bir şərhə görə isə, bu o deməkdir ki, Allah Öz elminə əsaslanaraq Kitabı nazil etmişdir. Belə izah ayədə yad edilən şahidliyin mənasına işarə edir. Əgər Allaha məlumdursa ki, bu Quran özündə hökmləri və qadağaları ehtiva edir və əgər O, Quranın nazil olduğu şəxsin keyfiyyətləri və əməllərindən xəbərdardırsa, deməli, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), həqiqətən də, insanları Allaha ibadət etməyə dəvət edirdi. Buna görə onun çağırışına cavab verən və ona iman gətirən hər kəs Allaha müti olacaq, lakin kimsə onu rədd edərsə və ona müqavimət göstərərsə, öz Rəbbinin düşməninə çevrilər ki, beləsinin canı da, malı da toxunulmazlığını itirəcəkdir. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun) ona kömək edəcəyinə və onun dualarını qəbul edəcəyinə, düşmənlərini yardımdan məhrum edəcəyinə, onun tərəfdarlarına isə yardımını əsirgəməyəcəyinə söz vermişdir. Bundan da vacib şahidlik ola bilərmi?!! Ona şübhə etmək üçün, ilk növbədə, Allahın Özünü, elmini, qüdrətini və müdrikliyini şübhə altına almaq lazım gələrdi.
Sonra Allah bildirir ki, hətta mələklər də Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nazil edilən Qurana şahidlik edirlər. Bu onların imanının kamilliyini və Müqəddəs Quranın əzəmətini göstərir, çünki mühüm hadisələr və hallarla bağlı şahidlik etməyə ancaq seçilmişləri dəvət edirlər. Bax buna görə də, tövhidin lehinə şahidlikdən bəhs edərkən, Uca Allah buyurur: “Allah, Ondan başqa ilah olmadığına şahidlik edir, həmçinin mələklər və bilik sahibləri də (şahidlik edirlər). O, ədaləti müdafiə edir. Ondan, Qüdrətli və Müdrik olandan başqa, ilah yoxdur!” (Ali İmran, 3/18).
Təkcə Allahın şahidliyi bəsdir! O, Öz elçilərinin peyğəmbərliyi və onların sonuncusunun da peyğəmbərliyi haqqında xəbər verərək, onun həqiqi peyğəmbərliyini təsdiq edir və bildirir ki, mələklər də bunu təsdiq edirlər. Bu isə o deməkdir ki, Allahın elçilərinin həqiqiliyi şübhə doğurmamalıdır və insanlar onlara iman gətirməli və onların izi ilə getməlidirlər.
(167) “Həqiqətən, kafirlər və başqalarını Allahın yolundan sapdıranlar dərin zəlalətə qapılmışlar”.

Allah elçilərinə iman gətirməkdən imtina edənləri və başqalarına Rəbbin yoluna gəlməyə maneçilik törədənləri təhdid edir. Bunlar – kafirlərin başçıları və azğınlığın təbliğatçılarıdır və onlar həqiqətdən həddən artıq kənara çıxmışlar. Yolunu azmış və başqalarını yoldan çıxardan adamdan daha azğın kim ola bilər? O, ikiqat günah işlədir, ikiqat zərərə düşür və həqiqi təlimdən iki dəfə məhrum olur. Bax buna görə də Allah buyurur:

(168) “Həqiqətən, iman gətirməyənləri və zalımcasına davrananları Allah bağışlamayacaq və onları heç bir yolla aparmayacaq,


(169) “Cəhənnəm yolundan başqa və onlar orada əbədi qalacaqlar. Bu, Allah üçün çox asandır”.

Burada zalımlıq adı altında sadəcə kafirlikdən daha böyük bir şey nəzərdə tutulur. Əgər zalımlıq ayrılıqda xatırlansaydı onun mənası ancaq kafirliyə aid olardı, lakin indiki halda bu ad altında ağır cinayətlər düşünülürdü. Belə keyfiyyətlərə malik olan insanlar bağışlanmaqdan uzaqdırlar və onlar düz yola gəlmək imkanından məhrum edilmişlər. Allah onları bağışlamayacaqdır və onları bu yolla aparmayacaqdır, çünki onlar Cəhənnəm yolu ilə gedirlər. Onlar bağışlanmaya və həqiqi rəhbərliyə layiq deyillər, çünki şüurlu surətdə pozğunluq törədirlər və kafirliyə daha möhkəm batırlar. Onların qəlbi möhürlənmiş və onların qarşısındakı düz yola aparan qapılar bağlanmışdır. Bunun səbəbi onların davranışıdır. Bilin ki, Allah Öz qulları ilə zalımcasına rəftar etmir.
Bu Onun üçün heç bir çətinlik yaratmır, çünki O, bu mürtədlərə heç bir əhəmiyyət vermir. Onların taleyi Onu narahat etmir, çünki onlar xeyirxah əməllər üçün yaramırlar və onlar ancaq özlərinin müstəqil surətdə seçdikləri qismətə layiqdirlər.

(170) “Ey insanlar! Elçi Rəbbinizdən sizə haqqı gətirmişdir. İman gətirin və bilin ki, sizin üçün belə daha yaxşıdır. Əgər iman gətirməsəniz, onsuz da yerdə olanlar da, göylərdə olanlar da Allaha məxsusdur. Allah Biləndir və Müdrikdir”.

Uca Allah bütün insanlara Onun qulu və Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) iman gətirmələrini əmr edir və onları bunu etməyə vacib qılan şərtləri və imanın onlara gətirəcəyi faydanı və kafirliyin onlara vuracağı zərəri xatırladır.
İnsanları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) iman gətirməyə sövq edən səbəb onun özü ilə gətirdiyi Həqiqət idi. Onun bir peyğəmbər kimi zühur etməsi həqiqətdi və gətirdiyi qanunlar da həqiqətdi. Hər bir dərrakəli insana məlumdur ki, əgər bütün bəşəriyyət cahillik zülmətində kor-koranə dolaşsaydı və şübhələr içində kafirlik burulğanında qalsaydılar, əgər insanlar göylərdən gələn ilahi vəhylərindən xəbərsiz olsaydılar, onda bu, Allahın müdrikliyinə və mərhəmətliliyinə zidd olardı. O, Elçisini (ona Allahın salavatı və salamı olsun) insanlara göndərməklə, dərin müdriklik və böyük mərhəmət göstərmişdi və Elçisi (ona Allahın salavatı və salamı olsun) onlara doğru yolu azğınlıqdan, həqiqəti isə yalandan fərqləndirməyi öyrətdi.
Onun (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin gerçəkliyinə tam əmin olmaq üçün onun göndərilməsi və ya gətirdiyi şəriət və Quran üzərində sadəcə olaraq düşünmək kifayətdir. O, (ona Allahın salavatı və salamı olsun) insanlara uzaq keçmişdə baş vermiş və gələcəkdə olacaq hadisələr haqqında qüdsi hədislərində əhvalatlar nəql etmişdir. O, (ona Allahın salavatı və salamı olsun) Allah və Qiyamət günü haqqında elə hadisələrdən danışmışdır ki, insan onları ancaq səmavi kitablardan əxz edə bilərdi. O, əmr edirdi ki, saleh əməllər yerinə yetirilsin, doğru və ədalətlə davranılsın, mərhəmət göstərilsin, həqiqət deyilsin, yaxşılıq edilsin, qohumluq əlaqələri saxlanılsın və xoşxasiyyətlik göstərilsin. O (ona Allahın salavatı və salamı olsun) pislik etməyi, şərəfsizliyi yaymağı, yol verilənin həddini aşmağı, zalımcasına davranmağı, yaramaz xasiyyətli olmağı, yalan danışmağı və valideynlərin sözündən çıxmağı qadağan etmişdi və onun Allah tərəfindən göndərilməsi də təkzibedilməz bir dəlil idi. İnsan onu (ona Allahın salavatı və salamı olsun) nə qədər çox tanıyırdısa, imanı və etiqadı da bir o qədər güclü olurdu və buna görə də onun gətirdiyi Həqiqət insanlar üçün İslam dinini qəbul etməyi labüdləşdirən amilə çevrilırdi.
Bu dinin insanlara gətirdiyi faydadan bəhs edərkən, Uca Allah buyurur ki, onlar üçün İslamı qəbul etmək daha yaxşıdır. İman mömin şəxsə yaşılıq bəxş edir ki, bu da özlüyündə hər cür şərin ziddinədir. O onların bədənlərinə, ürəklərinə və ruhlarına xeyir gətirir. O, onlara həm dünya həyatında və həm də Axirət günü kömək edəcəkdir. Bundan başqa, insanın hər iki dünyada aldığı mükafat, mütləq onun imanının bəhrəsidir. Qələbə, doğru rəhbərlik, biliklər, saleh əməllər, sevinc, müvəffəqiyyət, Cənnət bağları və ləzzətlər – bütün bunlara iman sayəsində nail olmaq mümkündür. Əgər insan ondan məhrumdursa və ya zəif imana malikdirsə, deməli o, həm bu dünyada və həm də Son həyatında əziyyətlərə düçar edilmişdir.
Nəhayət, əgər Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) iman gətirməməyin zərəri haqqında danışsaq, görərik ki, o, mükafatlandırmanın tam əksidir. Sonuncuya layiq olmaq ancaq həqiqi iman sayəsində mümkündür. Kafir isə təkcə özünə ziyan vurur, çünki Uca Allahın ona ehtiyacı yoxdur və itaətsizlik göstərənlərin törətdiklərindən əziyyət çəkmir.
Məhz buna görə, Allah daha sonra buyurur ki, göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Bütün mülklər və məxluqlar Onun hakimiyyəti altındadır və Onun iradəsindən asılıdır. O, bütün varlıqlar haqqında hər şeyi bilir, Onun yaratdıqları və hökmləri mütləq hikmətlə doludur. Kimin doğru rəhbərliyə layiq olduğu, kimin isə azğınlıqdan başqa heç nəyə layiq olmadığı Ona məlumdur. O Öz hikməti ilə ancaq layiq olanları ya düz yola, ya da azğınlığa yönəldir.


(171) “Ey Kitab əhli! Dininizdə həddi aşmayın və Allah barədə ancaq həqiqəti danışın. Məryəm oğlu İsa Məsih Allahın elçisi, Onun Məryəmə göndərdiyi Söz və Ondan olan ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Üç üqnim!” deməyin! Daha bəsdirin, bilin ki, bu sizin üçün daha yaxşıdır. Həqiqətən, Allah tək Bir Allahdır. O, pakdır və oğlu olmasından çox uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın Qəyyumluğu və Qoruyan olması bəs edər!”

Uca Allah Kitab əhlinə dində ifratçılıq etməyi, yəni yol verilənlərin həddini aşmağı və qanunsuz hərəkətlər etməyi qadağan etmişdir. Burada söhbət İsa peyğəmbəri (ə) həddən artıq tərifləyib göylərə qaldıran və Rəbbimiz Allahın təkcə Özünə xas olan sifətlərini ona aid edən xristianlardan gedir.
Din nəinki nəzərdən qaçırmaları və laqeydliyi, həmçinin israfçılığı və ifratçılığı da qadağan edir və buna görə Allah əmr edir ki, Onun haqqında ancaq həqiqi olan şeylər danışılsın. Bu müddəa özlüyündə üç hökmdən ibarətdir: iki qadağa və bir hökm. Allah Ona böhtan atmağı və Allahın adlarına, sifətlərinə, qanunlarına və elçilərinə aid hər hansı bir məlumatı olmadan, onların haqqında danışmağı qadağan edir. Bununla yanaşı Allah bu barədə təkcə həqiqəti söyləməyi əmr edir.
Bu qayda, həmin ayələrin İsa peyğəmbərlə (ə) əlaqədar nazil edilməsinə baxmayaraq, ən geniş mənaya malikdir. Allah əmr edir ki, Onun haqqında, yəhudilərdən və xristianlardan nümunə götürmədən, həqiqət olandan danışılsın və bəyan edir ki, İsa (ə) Allahın ancaq elçisi idi. O, kamilliyə çataraq, məxluqun ucala biləcəyi ən yüksək pilləyə qalxmışdı. Ona peyğəmbərlik əta edilmişdi. Bu, həmin o ən yüksək pillə və şərəfli mükafatın özüydü. O, Allahın Məryəmə verdiyi söz idi, axı o, Onun bir hökmü ilə dünyaya gəlmişdi. O, Sözün özü deyildi, amma onun sayəsində dünyaya gəlmişdi. O, Allahdan olan ruh idi, çünki onun canı Allahın yaratdığı və ən üstün sifətlər və kamil əxlaq bəxş etdiyi canlardan biriydi. Allahın Ruhu olan mələk Cəbrail Məryəmin yanına göndərilmiş və yeni bir həyatı onun bətninə üfürdükdən sonra Məryəm Allahın iradəsi ilə hamilə olmuşdu.
İsa peyğəmbərin (ə) malik olduğu əsil keyfiyyətləri açıqladıqdan sonra, Uca Allah Kitab əhlinə ona və bütün digər elçilərə iman gətirməyi əmr edir və “üç üqnimə” ibadət etməyə qadağa qoyur. İsanı (ə) “üç üqnimin” birinci təzahürü (tərəfi), Məryəmi (Allah ondan razı olsun) onun ikinci tərəfi, Allahı isə üçüncü tərəfi hesab edən xristianlar məhz belə edirlər. Allah hökm edir ki, onlar bu nəzər nöqtələrindən əl çəksinlər, çünki belə etsəydilər onlar üçün daha yaxşı olardı. Bu – onların xilasına yeganə yoldur, çünki bütün qalan yollar onları məhvə aparır.
Sonra Allah Onun şəriklərinin və övladlarının varlığını rədd edir. O – Vahid Allahdır və tək O, ilahi sifətlərə malikdir. Onunla bərabər ibadətə layiq heç kim yoxdur. O, istənilən qüsurdan uzaqdır və göylərdə və yerdə olan bütün varlıqlar Onun qullarıdır və Ona möhtacdırlar. Bütün bunlar onu bildirir ki, heç bir məxluq Onun şəriki və ya uşağı ola bilməz. Sonra da O, ən ali və ən ibtidai aləmlərin üzərində hakimiyyətin Ona mənsub olduğunu xatırladaraq, Allah yada salır ki, O, həm bu dünyada və həm də Axirət aləmində Öz qullarının mənafeyinin qayğısına qalır. O, onları qoruyur və onlardan hər birinə layiq olduqları əvəzi verəcəkdir.

(172) “Nə Məsih, nə yaxın mələklər Allahın qulu olmalarını heç vaxt özlərinə həqarət saymırlar. O şəxslər ki, Ona ibadəti özləri üçün alçaldıcı hesab edir və təkəbbürlük göstərirlər, O, onları Öz yanında bir yerə toplayacaqdır”.

Xristianların Allahın qulu və elçisi olan İsa peyğəmbəri (ə) ifrat dərəcədə tərifləyib göyə ucaltmalarını xatırlatdıqdan sonra, Uca Rəbb bəyan edir ki, o (ə), Ona ibadəti özü üçün alçaldıcı saymır. Nə peyğəmbər, nə də yaxın mələklər bunun əleyhinə etiraz etmirlər və etiraz etməyəcəklər də. Onlar bunu təhqiredici bir hərəkət hesab etmirlər, həmçinin buna təkəbbürlə yanaşmırlar.
Nəzərə alınsa ki, bir sıra keyfiyyətlərin inkar edilməsi, onların əkslərinin təsdiq edilməsini bildirir, onda buradan belə aydın olur ki, İsa peyğəmbər (ə) və yaxın mələklər öz Rəbbinə ibadət etməyə can atırlar, bu məşğələni sevirlər və onu layiqincə yerinə yetirirlər. Bunun sayəsində onlar böyük şöhrətə layiq görülmüş və böyük uğura nail olmuşlar. Onlar Allahın qulu olmağı alçaldıcı saymırlar, Onu öz Rəbbi bilirlər və Onun yardımına çox böyük ehtiyac duyduqlarını dərk edirlər.
İsa peyğəmbərin (ə) göyə qalxmasını Allahın onu yerləşdirdiyi pillədən yüksək və Ona ibadətə təkəbbürlə yanaşmanı kamillik səviyyəsi saymaq lazım deyil. Əksinə, bu – açıq-aşkar bir qüsurdur ki, qınanılmaya layiqdir və insanın cəzalandırılmasına səbəb olur. Buna görə, daha sonra Allah buyurur ki, O, bütün insanları Öz yanına toplayacaqdır və Ona ibadət etməyi özlərinə alçaqlıq sayanlar, təkəbbürlük göstərənlər və mömin qullar da onların arasında olacaqlar. Sonra Allah hökm verərək, bəzilərinə ədalətini, digərlərinə isə rəhmliliyini göstərəcək. Növbəti ayədə Allah bu hökmü barədə təfsilatı təsvir edir və buyurur:
(173) “O, iman gətirənlərə və saleh əməllər işləyənlərə mükafatlarını tam verəcək və hətta Öz iltifatı ilə onları çoxaldacaqdır. Özləri üçün alçaqlıq sayanları və təkəbbürlük göstərənləri isə, O, dəhşətli əzablara düçar edəcəkdir. Onlar özlərinə Ondan başqa nə hami, nə də köməkçi tapa bilməyəcəklər”.

Kimlər ki, Allah və Onun qulları qarşısında vəzifələrini yerinə yetirərək, lazımınca iman gətirməklə yanaşı fərz və könüllü saleh əməllər işləmişlərsə, O, onlara əməlləri sayəsində layiq olduqları mükafatı bəxş edəcəkdir. Onlardan hər biri öz imanından və əməllərindən asılı olaraq mükafat alacaqdır. Bununla bərabər Allah onları öz xeyirxah əməlləri ilə qazanmadıqları və hətta ağıllarına belə gətirmədikləri mükafatla şərəfləndirəcəkdir. Bu – Cənnət təamları, içkiləri, zövcələri, mənzərələri, sevinci və habelə mənəvi və cismani ləzzətlərdir. Bundan başqa, bu – möminlərin yerdə yaşadıqları zaman və ölümdən sonra öz imanı və öz yaxşı əməlləri sayəsində aldıqları bütün nemətlərdir.
Uca Allaha ibadət etməyi özləri üçün təhqiramiz hesab edənləri və lovğalananları isə, O, işgəncəli əzaba məruz qoyacaqdır. O, Öz qəzəbini onların üstünə yağdıracaq və onları Cəhənnəm oduna atacaqdır. O od onların ürəklərinə qədər qalxacaq. Məxluqlardan heç kim onlara, istədiklərinə nail olmaq üçün hamilik etməyəcək və bütün dəhşətli və xoşagəlməz şeylərdən xilas olmaları üçün onlara yardım göstərməyəcəkdir. Hətta rəhmlilərdən Rəhmli olan da onlardan üz döndərəcək və onları cəza burulğanına əbədi əzab çəkməyə vasil edəcəkdir. O Öz hökmünü verəcək və heç kim buna mane ola və ya onu dəyişdirə bilməz.

(174) “Ey insanlar! Sizə artıq Rəbbinizdən dəlil gəlmişdir və Biz sizə aydın bir işıq nazil etmişik”.

Uca Allah bütün insanlara göstərdiyi mərhəmətini yad edərək, bildirir ki, O, onlara təkzibolunmaz dəlillər və sönməz nur bəxş etmiş, həqiqəti onlara açmış və onu inandırıcı şəkildə izah etmişdir.
Allah haqqın lehinə şəhadət verən təkzibolunmaz dəlillər gətirərək, onu izah edir və ona zidd olan hər nə varsa, hamısını aydınlaşdırır. Onlara aid olanlar məntiqi dəlillər, müqəddəs mətnlər və ayələrdir ki, bütün dünyaya yayılmışdır və insanların özlərində əks olunmuşdur. Uca Allah buyurur: “Biz əlamətlərimizi bütün dünyada və onların özlərində, onlar başa düşənədək, göstərəcəyik ki, bu – həqiqətdir” (Fussilət, 41/53).
Bunun Allahdan gələn dəlil olmasının xatırladılması onun mühümlüyünü və böyüklüyünü göstərir. Onu nazil edən – Öz qullarının qayğısını çəkən, onları mənəvi və maddi nemətlərlə təmin edən Allahdır. Onun qayğısı, insanlara doğru yolu göstərən və Cənnətin səadət bağlarına düşməyə kömək edən aydın ayələrində özünü büruzə verir. O, insanlara aydın bir nur – Əzəmətli Quranı nazil etmişdir ki, onda ilk və son nəsillərin bilikləri, faydalı və həqiqi hekayətlər, yaxşı işlər görmək və ədalətli olmaq haqqında hökmlər və həmçinin hər hansı qanunsuzluğa və şər əməllərə qadağalar toplanmışdır. Əgər insanlar öz yolunu bu Kitabın ziyası ilə işıqlandırmırlarsa, onda onlar qatı qaranlıq içində qalırlar və əgər onlar onun nemətindən istifadə etmirlərsə, onda özlərini böyük bir bədbəxtliyə məhkum edirlər. Buna baxmayaraq, heç də hər kəs Qurana iman gətirmək və ondan fayda əldə etmək istəmir və elə buna görə də insanlar iki qrupa bölünürlər. Uca Allah buyurur:


(175) “Allaha iman gətirənləri və Ondan möhkəm yapışanları O, Öz mərhəmətinə və səxavətinə qovuşduracaq və Özünə tərəf düz yolla aparacaq”.

Allahın varlığını qəbul edən başa düşmüşdür ki, O, ən kamil sifətlərə malikdir və hər hansı qüsurlardan sonsuzluğa qədər uzaqdır, kim Onun himayəsinə sığınmışsa, kim öz qüvvəsinə və imkanlarına ümid bağlamamışsa və kömək üçün öz Rəbbinə müraciət etmişsə, O, mütləq ona xüsusi lütfkarlıq göstərəcəkdir. O, onları yaxşı əməllər etməyə ruhlandıracaq, onlara bol-bol mükafat verəcək və onları bəlalardan və bədbəxtliklərdən qoruyacaqdır. O, onları düz yolla aparacaq, yəni, onlara doğru biliklər əldə etməyə və saleh əməllər işləməyə kömək göstərəcək, onlara haqqı öyrədəcək və bütün işlərində ona əsaslanmağa kömək edəcəkdir.
Buradan aydın olur ki, əgər insanlar Allaha iman gətirmirlərsə, Ona təvəkkül etmirlərsə və Onun Kitabını rəhbər tutmurlarsa, onda Allah onları Öz mərhəmətindən uzaqlaşdırır, onları Öz nemətindən məhrum edir və onlara özləri haqqında fikirləşməyə mane olur. Belə insanlar döru yolla getmir və dərin azğınlıq içində qalırlar. Bu, onların iman gətirmədiklərinə görə cəzalarıdır. Onların nəsibi – ümidsizlik və məhrumiyyətdir. Biz isə Allahdan bağışlanma, əmin-amanlıq və qurtuluş diləyirik.

(176) “Onlar səndən hökm verməyini xahiş edirlər. De: “Özündən sonra valideynləri və uşaqları qalmayanlar haqqında hökmü sizə Allah verəcəkdir”. Əgər uşağı olmayan kişi öldükdə, bacısı varsa, ondan qalanın yarısı ona çatır. Qardaş da, bacısının uşağı olmadıqda, ona varis olur. Əgər onlar iki bacıdırlarsa, onda onlara kişinin (qardaşın) qoyduğunun üçdə iki hissəsi çatır. Əgər onların biri bacı, biri də qardaşdırsa, onda kişinin payına iki qadının payı qədər düşür. Allah bunu sizə izah edir ki, siz azğınlığa düşməyəsiniz. Allah Hərşeyibiləndir”.

Uca Allah ayədə bildirir ki, adamlar Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun) ölənin atası, babası, doğma övladları, oğulları tərəfindən doğma nəvələri qalmadıqda mirasın bölünməsi haqqında soruşurlar. Buna görə O, buyurur ki, əgər insan öldükdə onun nə doğma oğulları və ya qızları, nə oğullarından doğma oğlan nəvələri və ya qız nəvələri, nə də valideynləri qalmadıqda onun mirasçıları qardaşları və bacıları olur. Alimlər belə bir rəydədirlər ki, ölənin atası sağ olduqda qardaşlar və bacılara miras düşmür. Əgər mərhumun özündən sonra atası və ya uşaqları qalmayıbsa, amma bir doğma bacısı və ya atasının bacısı və yaxud anasının bacısı varsa, onda onun mirasının yarısı, o cümlədən, həm nağd pul, daşınmaz əmlak, mebel və həm də digər mülkiyyət həmin bacıya çatır. Bundan əvvəl qeyd etmişdik ki, mərhumun mirasının bölünməsi, onun borclarının borc sahiblərinə ödənilməsindən və vəsiyyət üzrə ödənişlərdən sonra yerinə yetirilir.
Əgər ölən uşaqları olmayan qadındırsa, onda onun doğma qardaşı və yaxud atası tərəfdən qardaşı onun varisi olur. Bu halda o, kişi xətti ilə qohum olduğu üçün mirasda ona müəyyən pay təyin edilmir, əgər mərhum qadının mirasda payı müəyyən edilmiş digər qohumları (ashab əl-fəraid) və ya kişi xətti üzrə başqa qohumları (əsabə) yoxdursa, onda əmlakın hamısı ona çatır. Əks təqdirdə, miras, mirasda payı müəyyən edilmiş qohumlar arasında bölündükdən sonra, yerdə qalan bütün əmlak həmin qardaşa çatır.
Əgər mərhumun iki və daha çox bacısı qalarsa, onda onlar onun əmlakının üçdə ikisinə mirasçı olurlar. Əgər onun doğma qardaşları və yaxud ata tərəfdən qardaşları və həmçinin bacıları qalırsa, onda hər kişinin payı iki qadının payına bərabər olmalıdır. Bu halda qardaşlar bacıları mirasın bir qismindən məhrum edirlər.
Allah Öz qullarına onların ehtiyac duyduqları hökmləri belə izah edir. O, onları, qullarına iltifat və mərhəmət göstərərək, aydın şəkildə ifadə edir ki, onlar dinin qanunlarını yerinə yetirərək düz yolla getsinlər və öz cahillikləri və məlumatsızlıqları üzündən azğınlığa düçar olmasınlar.
Allah tamamilə hər şeydən agahdır və O, aşkar və gizli olanları bilir. O, keçmişdə nə baş verdiyini və gələcəkdə nə olacağını bilir. O, bilir ki, insanlar Onun izahlarına möhtacdırlar və buna görə də O, bilikləri onlara öyrədir və o biliklər də bütün zamanlarda və dünyanın hər tərəfində onlara fayda verir.

I cildin sonu


Tarix: 20.04.2013 / 15:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 439 Bölmə: Sureler