beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 1-6 ayələr

(5.1) “Ey iman gətirənlər! Öhdəliklərinizə sadiq qalın! Ehramda olduğunuz zaman heyvanları ovlamayın, haram olmasını nəzərə alaraq sizə bəyan ediləcəklərindən başqa, qalan heyvanları ovlamağınıza icazə verilir. Bilin ki, Allah İstədiyinedəndir”.

Fövqəluca Allah mömin qullarına dinin tələblərinə uyğun davranmağı və öz öhdəliklərini pozmadan və səhvlərə yol vermədən qüsursuz yerinə yetirməyi əmr etmişdir. Bu o deməkdir ki, qul öz Rəbbinə layiqincə ibadət etməli, Onun qarşısında vəzifələrini pozmadan yerinə yetirməlidir. O, öz vəzifələrini Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) qarşısında da, ona itaət edərək, onun yolu ilə gedərək yerinə yetirməli, həmçinin onları öz valideynləri və qohumları qarşısında yerinə yetirməli, onlara yaxşılıq etməli və qohumluq əlaqələrini kəsməməlidir.
O, öz vəzifələrini dostları qarşısında, varına və kasıblığına, firavan və çətinlik içində yaşamasına baxmayaraq, yerinə yetirməlidir. O, insanlarla bağladığı müqavilələrin, istər ticarət əqdləri, icarə haqqında müqavilə olsun və ya ianə və yaxud hədiyyə etmək barədə saziş olsun, şərtlərinə riayət etməlidir. O, Allahın Özünün müəyyən etdiyi qardaşlıq telləri ilə bağlandığı müsəlmanlar qarşısında bütün vəzifələrini yerinə yetirməlidir. Fövqəluca Allah buyurur: “Möminlər, həqiqətən, qardaşdırlar...” (Hucurat, 49/10). Bu o deməkdir ki, onlar bir-birilərinə kömək etməli, yaxşı işlərdə bir-birini müdafiə etməli, bir yerdə olmalı və ayrı düşməməlidirlər.
Bu hökm dinin bütün əsas və ikinci dərəcəli müddəalarına şamildir, çünki dini hökmlər Allahın qullarına həvalə etdiyi vəzifələrdir.
Sonra Allah qullarına, onlara ev heyvanlarının (dəvə, inək və qoyunların) yeyilməsi ilə bağlı göstərdiyi mərhəmətini xatırladır. Hərçənd heyvanlar sırasına vəhşi heyvanlar, o cümlədən, antilop və ya zebr də daxildir ki, onları ovlamağa icazə verilir. Qeyd etmək lazımdır ki, bu ayənin əsasında bir sıra səhabələr kəsilmiş heyvanların bətnindən çıxan balaların yeyilməsinə də icazə verirdilər.
Lakin bəzi heyvanları yemək haram edilmişdir. Fövqəluca Allah buyurur: “Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, döyülüb öldürülmüş, yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvanlar tərəfindən parçalanıb yeyilmiş, ölməmiş kəsdikləriniz istisnadır, dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar... sizə haram edildi...” (Maidə, 5/3).
Mal-qaranın qida məhsulu kimi istifadə edilməsinin geniş mənada istənilən şəraitə və vaxta aid edilməsinə baxmayaraq, Fövqəluca Allah bu ümumi qaydadan istisnalar edir və zəvvarlara ehramda ikən cəsarət göstərib ovladığı quş ətini yeməyi haram buyurmuşdur. Ehramda olan zəvvarlara ovunda iştirak etdiyi heyvanın ətini yemək də qadağandır. Ovla əldə etmək deyildikdə, əti yeyilən çöl heyvanlarının, məsələn, antilopun ovlanması nəzərdə tutulur.
Allah istədiyi hökmü verir. Bu o deməkdir ki, dini hökmlər Allahın istədiyi mənanı daşıyır. O, belə qanunları ilahi müdrikliyi əsasında yaradır və sizə vəzifələrinizi yerinə yetirməyi əmr edir ki, siz bundan faydalanasınız və ziyandan çəkinəsiniz. O, sizə ev heyvanlarının ətini yeməyə icazə verməklə mərhəmət göstərmiş, rəhm etmişdir və ölmüş heyvanların və digər haram edilmiş heyvanların ətini yeməyi qadağan etməklə isə sizi onların zərərindən xilas etmişdir. Bundan başqa, O, ehramda ov etməyi qadağan etməklə bu mərasimin xüsusilə böyük əhəmiyyət daşıdığını insanların nəzərinə çatdırmağa nail olmuşdur.


(5.2) «Ey iman gətirənlər! Allahın mərasim nişanələrinə, qadağan aya hörmətsizlik göstərməyin. Qurbanlara və ya boyunbağılı heyvanlara (və ya insanlara) və yaxud öz Rəbbinin mərhəmətini və razılığını əldə etmək üçün Beytülharamı ziyarət etməyə gələnlərə qəsd edilməsinə yol verilmədiyini bilin. Siz ehramdan azad olan kimi ov edə bilərsiniz. Məscıdülharama getməyinizə maneçilik edən insanların nifrəti sizi cinayətə sövq etməsin. Möminlikdə və təqvalılıqda bir-birinizə kömək edin, amma günah işlərdə və zalımlıqda bir-birinizə kömək etməyin. Allahdan qorxun, bilin ki, Allahın cəzası sərtdir”.

Burada mərasim nişanələri adı altında Allahın müsəlmanlara ehtiram göstərmələrini və pozmamalarını əmr etdiyi hədlər nəzərdə tutulur. O, bu hədləri aşmamağı və onlara yol verildiyini hesab etməyi qadağan etmişdir. Buraya həm də ziyarət zamanı ehramda ikən qadağan olunmuş və haram ərazidə qadağan edilmiş hərəkətlər və həmçinin, Allahın aydın buyurduğu, haram aylar zamanı qadağan edilmiş əməllər də daxil edilir.
Müsəlmanlar haram ayların paklığını, bu aylar ərzində döyüşməklə və ya digər ədalətsiz əməllər törətməklə pozmamalıdırlar. Fövqəluca Allah buyurur: “Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylarıdır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin...” (Tövbə, 9/36).
İslam alimlərinin əksəriyyəti haram aylarda döyüşün qadağan edilməsi ilə əlaqədar hesab edirdilər ki, Fövqəluca Allah: “Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun...” (Tövbə, 9/5) ayəsi ilə onu ləğv etmişdir. Kafirlərə qarşı istənilən şəraitdə döyüşmək və cihaddan boyun qaçıranların ünvanına sərt təhdid hökmündən ibarət digər mətnlər də mövcuddur ki, o həmçinin geniş mənaya malikdir. Bu rəyi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məhz haram olan zül-qədə ayında Taif əhalisi ilə döyüş aparması da təsdiq edir.
Bir sıra alimlər hesab edirdilər ki, bu aylarda döyüşməyin haram olması ləğv edilməmişdi. Onlar şərh etdiyimiz ayəyə və məhz həmin aylarda döyüşün qadağan edilməsinin əks olunduğu digər vəhylərə istinad edirdilər. Onların fikrincə, bu vəhylər kafirlərə qarşı döyüşmək hökmünün ümumi mənasını konkretləşdirir, çünki ümumi mənalı müqəddəs mətnləri konkret mənalı mətnlərin əsasında anlamaq lazımdır.
Bəzi alimlər də hesab edirdilər ki, qadağanın özünün izah edilməsinə əlavə ehtiyac var. Onlar güman edirdilər ki, haram aylarda döyüşə başlamaq qadağan olduğu halda, əgər o, başqa aylarda başladılıbsa, onu davam etdirməyə və ya sona çatdırmağa icazə verilir. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Taif əhalisinə qarşı apardığı döyüşləri bu qaydaya uyğun olaraq izah edirdilər. Məsələ orasındaydı ki, bu qarşıdurma şəvval ayında Hüneyn döyüşləri zamanı başlamışdı.
Yuxarıda bütün deyilənlərin müdafiə döyüşlərinə dəxli yoxdur, çünki kafirlər birinci olaraq müsəlmanlara qarşı döyüşə başladıqları üçün müsəlmanlara müdafiə olunmaq məqsədilə hətta haram aylarda belə onlara qarşı vuruşmağa icazə verilir. Özü də alimlər bu barədə yekdildirlər.
Müsəlmanlar, həcc və ya ümrə zamanı boyunlarına boyunbağı taxılaraq Allahın Evinə gətirilən qurbanlıqlara və heyvanlara da qəsd etməməlidirlər. Onlar heyvanları qurban kəsiləcək yerlərə gətirən insanlara maneçilik törətməməli, heyvanları oğurlamamalı və ya güc tətbiq etməklə almamalı, onlara zərər vurmamalı, onları, kəsiləcək yerə çatanadək gəbərdə biləcək həddə yükləməməlidirlər. Əksinə, onlar qurbanlıq heyvanlara mərhəmət göstərməli və onları gətirənlərə hörmətlə yanaşmalıdırlar. Boyunbağı taxılmış heyvanlar deyildikdə, boyunlarına həmail və ya ilgək taxılan qurbanlıq heyvanların xüsusi bir növü nəzərdə tutulur. Boyunbağını heyvanların boynuna keçirməklə onların qurbanlıq olduğunu bildirirdilər. Bunu ona görə edirdilər ki, başqa insanlar da bu xeyirxah əməldən nümunə götürsünlər, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsini öyrənərək, bilsinlər ki, bu heyvanlar qurban kəsilməsi üçün təyin olunublar. Məhz buna görə qurbanlıq heyvanlara taxılan boyunbağılar (Azərbaycanda, məlum olduğu kimi, qurbanlıq (adətən, kiçik buynuzlu) heyvanlara, həmin məqsədlə qırmızı rəng çəkilir və ya qırmızı zolaq parça bağlanır. F.S.)Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsidir və qanuniləşdirilmiş dini ayindir.
Allah Onun mərhəmətini və lütfkarlığını qazanmaq üçün Beytülharama yola düşən insanlara qəsd edilməsini haram etmişdir. Bu, Məscidülharama ticarət etmək və ya başqa yol verilən üsullarla pul qazanmaq məqsədi ilə və yaxud da Allahın iltifatına layiq olmaq ümidi ilə həccə və ya ümrəyə, Kəbəni təvaf etməyə, məsciddə namaz qılmağa və ya başqa ayinləri yerinə yetirməyə gələn şəxslərə də şamildir. Müsəlmanlar belə insanları incitməməli və ya onları təhqir etməməlidirlər. Əksinə, onlar belə insanlara hörmətlə yanaşmalı və öz Rəbbinin məbədini ziyarət edənlərə qayğı göstərməlidirlər.
Bu tələbdə zəvvarların rahatlığının və əmin-amanlığının, şəxsi təhlükəsizliyinə inamın, onların öz həyatı və əmlakından ötrü qorxu keçirməmələri, qətl olunma təhlükəsinə, soyğunçuluğa, rüşvət və vergi alınmasına məruz qalmamaları və Allahın Evinə aparan yollarda təhlükəsizliyin təmin edilməsi hökmü əks olunmuşdur.
Bu şərəfli ayə Fövqəluca Allahın aşağıdakı kəlamı ilə daha da dəqiqləşdirilmişdir: «Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidülharama yaxınlaşmasınlar... (Tövbə, 9/28). Buna görə müşriklərə Məscidülharama ayaq basmağa icazə verilmir.
Şərh olunan ayədə xatırlanan şərtlərə görə Allahın mərhəmətini və lütfünü qazanmaq məqsədilə Məscidülharamı ziyarət etməyə can atanlara maneçilik törətmək olmaz. Beləliklə, əgər oraya gələn şəxs orada günah işlətmək istəyərsə, haram torpağa ehtiram göstərilməsinin ciddiliyinin qorunması məqsədi ilə, ona Allahın Evi yaxınlığında şuluqluq salmağa yol verilməməlidir. Fövqəluca Allah buyurur: “... Məscidülharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə üzücü bir əzab daddıracağıq” (Həcc, 22/25).
Bundan əvvəlki ayədə Allah, ehramda ikən heyvan ovlamağı qadağan etdiyinə görə, həcc və ümrə zamanı ehramdan çıxdıqdan sonra zəvvarlara ov etməyə icazə verir. Onlar ehramdan çıxan kimi o qadağa da götürülür. Qadağan edildikdən sonra əmr formasından istifadə edilməsi onu göstərir ki, şəriət müddəası, qadağana qədər olan vəziyyətə qayıdır . (Bu o deməkdir ki, qadağa qoyulmasına qədər olan şərait bərpa olunur ki, bu da şəriət qaydasına çevrilir. F.S.)
Sonra Allah buyurur ki, müsəlmanların haqqına qəsd edən və onları Məscidülharama getməyə imkan verməyən insanların kinliliyinə və düşmənçilik münasibətinə qarşı, onlardan qisas almaq məqsədi güdən düşmənçilik hərəkəti ilə cavab verilməməlidir. Qul Allahın əmrlərinə sadiq qalmalı və əgər insanlar ona qarşı günah işlədib, ədalətsizlik etsələr, onun haqqını tapdasalar da, o, ədalətli olmalıdır. O, ona böhtan atana, böhtan atmamalı və yaxud ona xəyanət edənə, o da xəyanət etməməlidir.
Allah qullarına əmr edir ki, dindarlıqda və müttəqilikdə bir-birilərinə kömək etsinlər. Dindarlıq dedikdə, insanın Allah qarşısında və insanlar qarşısında vəzifələrini qəlbən və cismən yerinə yetirdiyi və Allahın da sevdiyi və Onun razı qaldığı bütün əməllər məcmusu nəzərdə tutulur. Müttəqilik adı altında isə, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) nifrətini doğuran və qulun qəlbən və cismən törətdiyi bütün əməllərdən əl çəkməsi nəzərdə tutulur. Bir sözlə, müsəlman Allahın mənimsənilməsini əmr etdiyi bütün keyfiyyətlərə can atmalı və Onun tərk edilməsini buyurduğu bütün sifətlərdən azad olmalıdır. O, özü bu əmrləri yerinə yetirməli və bu məsələlərdə iman sahibi olan qardaşlarına, onları xeyirxahlıq və istənilən müvafiq əməllər etməyə ruhlandıran zəruri sözlər işlətməklə köməklik göstərməlidir.
Bununla yanaşı Allah günah işləməkdə və zalımlıq etməkdə bir-birinə kömək göstərməyi qadağan edir. Burada günah adı altında başa düşülən itaətsizlikdir ki, o, insanın özünə zərər vurur, zalımlıq isə, insanın başqa adamların həyatına, əmlakına və ya namusuna qəsd etməsi kimi başa düşülür. Bu o deməkdir ki, Allahın qulu bütün günahlardan və ədalətsiz əməllərdən çəkinməli və başqalarına da belə etməyə kömək göstərməlidir.
Qoy insanlar Allahdan qorxsunlar və bilsinlər ki, O, Onun haramlarını pozaraq Ona itaətsizlik göstərənləri sərtliklə cəzalandırır. Qoy onlar haram edilmiş əməllərdən qorxub çəkinsinlər ki, onlardan nə bu dünyada və nə də Axirətdə dəhşətli intiqam alınmasın.


(5.3) “Sizə ölmüş heyvan əti, qan, donuz əti və (kəsilərkən) Allahın adı çəkilməyən və ya boğulmuş və yaxud vurulub öldürülmüş, bir yerdən yıxılıb canı çıxmış və ya vəhşi heyvanlar tərəfindən buynuzlanmış və ya parçalanmış (ölməmiş kəsməyə macal tapdığınız istisna edilməklə), bütlər üçün kəsilmiş heyvanlar və oxlarla falabaxma qadağan edilmişdir. Bütün bunlar günahdır. Kafirlər bu gün artıq sizi dininizdən çəkindirməkdən ümidlərini kəsdilər. Artıq onlardan deyil, Məndən qorxun! Bu gün Mən sizə görə dininizi kamilləşdirdim və sizə olan nemətimi tamamladım və din kimi İslamı seçməyə razılaşdım. Əgər kimsə, günah etmək məqsədi güdmədən, aclıq üzündən məcbur qalaraq bunlardan yeyərsə, bilsin ki, Allah Bağışlayandır və Rəhmlidir”.

Bu ayədə Allahın surənin əvvəlində bəyan etdiyi qadağaları xatırlanır. Bilmək lazımdır ki, Hərnövxeyirxahlıq Sahibi olan Fövqəluca Allah qida məhsullarını yeməyə icazə verilən və ya qadağan olunan ona görə elan edir ki, qullarını onlara zərər vura biləcək haram məhsullardan qorusun. Bəzi hallarda O, bu qadağaların hikmətini izah etsə də, başqa hallarda bunu etmir.
Allah bildirir ki, ölü heyvan əti müsəlmanlara haramdır. Bu ad altında şəriətin nəzərdə tutduğu tərzdə kəsilmədən tələf olan heyvanların əti başa düşülür. Onların ətini yemək üçün istifadə etmək olmaz, çünki belə ət zərərli olur. Bu, qanın belə heyvanların ətində və daxili orqanlarında laxtalanması və onu yeyən insanın sağlamlığına zərər vurması ilə izah olunur. Bəzi heyvanlar xəstəliklərdən gəbərirlər ki, bu xəstəliklər insan orqanizminə də zərər vurur. Bu qaydadan yeganə istisna – ölmüş çəyirtkə və ölü balıqdır – şəriət onları yeməyə icazə verir.
Allah həmçinin qidalanmaq məqsədilə axıdılmış qanı içməyi qadağan edir. Bu hökmün mənası Fövqəluca Allahın bu sözləri ilə dəqiqləşdirilmişdir: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmib murdarlanmış heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...” (Ənam, 6/145).
Allah donuz ətini yeməyi də haram etmişdir. Bu qadağa həmin heyvanın cəmdəyinin bütün hissələrinə aiddir. Allah onu digər murdar heyvanlardan fərqləndirmişdir, çünki bəzi xristianlar belə güman edirlər ki, O, onlara onu yeməyə icazə vermişdir. Möminlər buna aldanmamalıdırlar, çünki donuz əti haram və natəmiz məhsuldur.
Müsəlmanlar Allahın adı ilə deyil, bütlərin, “müqəddəslərin”, ulduzların və ya digər məxluqların adı ilə kəsilən heyvan ətini də yeməməlidirlər. Heyvan kəsilərkən Allahın adının xatırlanması onun ətini halal edir, lakin məxluqların adlarının çəkilməsi isə onları ruhi mənada murdarlayır, çünki belə əməl Fövqəluca Allaha şərik qoşmaqdır.
Əllə və ya kəndirlə boğulmuş heyvanların yeyilməsi də haramdır. Buraya, başı dar bir yerə keçmiş və onu oradan çıxara bilmədən gəbərmiş heyvanlar da daxildir. Həmçinin əsa, daş zərbəsindən və ağacla döyülməkdən və ya qəsdən törədilmiş və yaxud təsadüfi uçqun altında qalmaqdan gəbərmiş heyvanların yeyilməsi haramdır. Yüksəklikdən – dağdan, divardan, damdan düşərək murdar olmuş heyvanların əti də haramdır. Başqa heyvan tərəfindən buynuzlanaraq gəbərmiş heyvanı yemək də haramdır. Canavar, şir və ya pələng kimi vəhşi heyvanlar və ya vəhşi quşlar tərəfindən parçalanıb-dağıdılmış heyvanlar da haramdır. Əgər heyvan vəhşi heyvanların hücumuna məruz qalaraq gəbərmişsə onun ətini yemək olmaz.
Lakin əgər heyvan boğulduğu , (Ehtimal etmək olar ki, burada “boğulmuş” deyildikdə, suda batdıqdan sonra xilas edilmiş heyvan nəzərdə tutulur. Çünki heyvan boğulmuş o vaxt sayılır ki, o, suda batdıqdan sonra ölmüş olsun. Yoxsa, azca da olsa diri qalanı heyvanı “boğulmuş” adlandırmırlar. F.S.)ağacla vurulduğu, hündürlükdən düşdüyü, buynuzlandığı, vəhşi heyvan tərəfindən parçalandığı halda canı çıxmamışdan öncə şəriət qaydalarına uyğun olaraq kəsilmişsə, onda onun ətini yemək olar. Bu zaman o heyvanı kəsərkən şəriət qaydalarının bütün tələblərinə riayət edilməlidir və buna görə bəzi alimlər qeyd etmişlər ki, əgər vəhşi heyvanın basqını nəticəsində heyvanın içalatı görünərsə və ya boğazı kəsilmişsə, onu yemək olmaz, hətta o, hələ ölməmiş belə olsa, çünki bu halda heyvanın kəsilməsi tamamilə mənasızdır.
Başqa şəriət alimləri heyvanın canı çıxmadığı halda buna diqqət yetirməmiş və belə heyvanın ətini, o, tam ölməmişdən qabaq kəsilmişsə, içalatı görünsə də, onu yeməyə icazə vermişlər. Bu rəy şərəfli ayənin aydın mənasına da uyğun gəlir.
Allah oxlarla fala baxmağı da haram etmişdir. Belə falabaxmanın mahiyyəti onun vasitəsi ilə hər bir insan üçün müəyyən edilmiş taleyin müəyyənləşdirilməsinə cəhd etməkdir. Cahillik dövründə ərəblər fala baxmaq üçün üç oxdan istifadə edərdilər. Onlardan birinin üstündə “et”, digərində “etmə” yazar, üçüncünü isə yazısız qoyardılar. Əgər bir nəfər səfərə çıxmaq, evlənmək və ya hər hansı mühüm bir addım atmaq istəsəydi, onda o, eyni ölçüdə olan belə oxlardan götürüb, birini çəkərdi. Əgər “et” yazılmış oxu çıxarsaydı, niyyət etdiyini yerinə yetirərdi. Əgər çıxartdığı ox “etmə” yazısıyla olsaydı, onu yerinə yetirməzdi. Çəkdiyi ox yazısız olsaydı, o, yazılı oxlardan birini çıxarana qədər bu əməliyyatı aparardı. Allah bu və ya hər hansı başqa bir tərzdə fala baxmağı qəti olaraq qadağan etdi və bunun əvəzində Öz qullarına bütün hallarda ancaq Onun razılığını almağı əmr etdi.
Allah bəyan edir ki, Öz qullarının xilası üçün nazil etdiyi sadalanan haramların pozulması günahdır, yəni bu, Allaha itaətdən boyun qaçırmaq və şeytana tabe olmaqdır. Bundan sonra, O, qullarının yadına salır ki, O, onlara böyük iltifat göstərməklə, kafirlərin onları dindən çıxaracaqlarına olan ümidlərini kəsmişdir.
Ayədə Allahın Öz dinini tamamladığından, qulu və Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qəti qələbə bəxş etdiyi Ərəfə günündən bəhs edilir. Həmin gün müşriklər sarsıdıcı məğlubiyyətə uğradılar və öz gücsüzlüklərini anladılar. Əvvəllər onlar bütün imkanlarından istifadə edərək möminləri dinlərindən döndərməyə çalışırdılar. Həmin gün onlar İslamın zəfər çalmasının və qüdrətinin şahidi oldular və möminləri öz dinlərinə çəkə biləcəklərinə dair ümidlərini tamamilə itirdilər. Onlar artıq müsəlmanlardan qorxmağa başlamışdılar və həmən il bir nəfər də olsun müşrik Kəbənin ziyarətinə lüt gəlməyə və beləcə də onu təvaf etməyə cürət göstərə bilmədi. O zaman hicrətdən sonrakı on birinci il idi və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) vida həccini yerinə yetirirdi.
Məhz buna görə Allah sonra müsəlmanlara müşriklərdən qorxmağı haram sayır və təkcə Ondan qorxmalarını əmr edir. O, iman sahiblərinə düşmənləri üzərində qələbə bəxş edir, onların düşmənlərini isə Öz köməyindən məhrum edir və onların bəd niyyətlərini özlərinə qarşı çevirir. Allah möminlərin dinini kamilləşdirir, yəni, onlara qəti qələbə verir, İslam şəriətinin bütün aydın və qaranlıq tərəflərini təkmilləşdirir və həmçinin onun əsas və fərdi müddəalarını qəti şəkildə təsdiq edir. Bu o demək idi ki, Quran və Sünnə bütün qanunları və habelə dinin əsas və fərdi ehkamlarını başa düşmək üçün artıq kifayət idi.
Əgər insan özünə əlavə vəzifələr yükləyərək düzgün baxışlara və qanunlara nail olmaq üçün Qurandan və Sünnədən başqa dini fəlsəfə və digər fənləri bilməyin vacib olduğunu iddia edirsə, onda o, cahildir və yolunu azmışdır. Onun bu yanlış bəyanatları göstərir ki, o, dinin tamlığını və kamilliyini ancaq öz təbliğatı və dəvəti sayəsində ola biləcəyini düşünür. Bu tərzdə davranan insan ən böyük zalımlıq edir, Allahın Özünü və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) nadanlıqda günahlandırır.
Allah Özünün insanlara açıq və gizli göstərdiyi lütfünü sona qədər tamamlayır və onlar üçün din olaraq İslamı bəyənir. O, İslamı Öz dini edir və onun davamçılarını müəyyənləşdirir. Qoy insanlar İslama etiqad bəsləsinlər və öz Rəbbinə minnətdarlıq bildirsinlər. Qoy onlara ən gözəl, ən şərəfli və ən kamil din Əta Edənə həmd etsinlər!
Sonra Allah qeyd edir ki, əgər insan bu ayənin əvvəlində sadalanan haram edilmiş məhsullardan yeyərək, onlara qarşı həvəs göstərməzsə və əgər o bunu böyük ehtiyac üzündən edərsə və zəruri olduğundan artıq yeməzsə, onda Allah ona bu haramı yeməyə icazə verir, çünki O, Bağışlayandır və Rəhmlidir. O, belə adama onun niyyətinə görə iltifat göstərir və onun əməlini dinində qüsur saymır.


(5.4.) “Onlar üçün nəyin halal edildiyini səndən soruşurlar. De: “Təmiz olan bütün şeylər sizə halal edilmişdir. Allahın sizi öyrətdiyi kimi, sizin də təlim keçdiyiniz vəhşi heyvanların tutub gətirdiyi ovdan, “Bismillah” deyərək, yeyin. Allahdan çəkinin. Bilin ki, Allah Tezhesabçəkəndir”.

Fövqəluca Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yadına salır ki, adamlar ondan yeyilməli halal məhsullar haqqında soruşurlar və ona (ona Allahın salavatı və salamı olsun!) əmr edir desin ki, onlara təmiz olan bütün yeyiləcək məhsullar halal edilmişdir. Bunlar, faydalı və ya ləzzətli olan və insan orqanizminə və ağlına zərər verməyən istənilən ərzaq məhsullarıdır. Onlara insanların yaşadığı və ya məskunlaşmadığı ərazidə bitən hər cür taxıl məhsulları və meyvələr aiddir. Onlara həm də quruda yaşayan, Qanun Sahibinin yeyilməsini qadağan etdiyi yırtıcı və murdar heyvanlar istisna edilməklə, bütün digər heyvanlar daxildir. Natəmiz məhsulların yeyilməsinin haram edilməsi bu ayənin mahiyyətindən irəli gəlir və Fövqəluca Allahın bu kəlamında aydın xatırlanır: “...O, onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər...” (Əraf, 7/157).
Sonra Allah, Özünün insanlara öyrətdiklərindən onların təlim verdikləri ov itləri və ya quşları tərəfindən tutulmuş heyvanların yeyilməsinə icazə verir. Lakin insanlar tutulmuş heyvanlar üzərində öncədən “Bismillah” deməlidirlər.
Buradan bir neçə faydalı nəticələr çıxarmaq olar. Birincisi, Allah qullarına mərhəmət göstərib rəhm etməklə halal qapısını onların qarşısında geniş açmış və onlara hətta şəriət qaydaları ilə kəsilməyən heyvanların da, onlar ov heyvanları tərəfindən ovlandıqda belə, yeyilməsinə icazə vermişdir. Bu heyvanlara itlər, bəbirlər, şahinlər, qırğılar və köpək dişləri və dimdiyi vasitəsi ilə ovu tutan əhliləşdirilmiş digər vəhşi heyvanlar və quşlar da şamil edilir.
İkincisi, ov heyvanları ilə hökmən təlim keçilməlidir. Bu isə o deməkdir ki, onlar hazırlaşdırılmalıdır. Adətən, ov heyvanları ilə belə hazırlıq keçirilir. Ov heyvanlarını ovun ardınca göndərdikdə, ona basqın etməli və onları ovdan kənarlaşdırmaq istəyəndə isə kənara çəkilməli və ovu tutandan sonra onu yeməməlidir. Məhz buna görə, Allah ov heyvanının insan üçün ovladığı heyvanı yeməyə icazə verir. Əgər heyvan ovladığını özü yeməyə başlayarsa, biz onun ovu öz sahibi üçün tutduğuna inana bilmərik və tam ehtimalla güman etmək olar ki, ov heyvanı yediyi ovu özü üçün tutubmuş.
Üçüncüsü, ov iti və quşu ovladığı qurbanını yaralamalıdır, “cərih” (“yırtıcı”) sözü “cərəhə” (“yaralamaq”) felindən törəmişdir. Öncə biz qeyd etmişdik ki, boğulmuş heyvanları yemək haramdır və əgər ov iti və ya başqa yırtıcısı tutduğu ovu boğmuş və ya öz ağırlığı altında qoyub öldürmüş olsa, onda onu yemək olmaz. Bu rəyə görə ərəb dilində, öz köpək dişləri ilə və ya dimdiyi ilə ovu yaralayan heyvanları yırtıcı adlandırırlar. Lakin daha geniş yayılan rəy – heyvanı qovub ona çata bilən və onu tuta bilən heyvanlar yırtıcı adlandırılır. Bu şərh bizim çıxartdığımız nəticənin xeyrinə deyildir. Bu barədə ən yaxşısını bilən Allahdır.
Dördüncüsü, şəriətin ov iti saxlamağa icazə verməsi səhih hədislə təsdiq edildiyi halda, adi itlərin saxlanması qadağan edilmişdir. Bu onunla izah olunur ki, itlərlə ov etməyə və onlara təlim verməyə icazə verilməsi onların saxlanmasını da nəzərdə tutur.
Beşincisi, ov itinin ağzının toxunduğu ovun hissəsi təmiz hesab olunur, çünki Allah onu yeməyə icazə vermiş və it toxunandan sonra o hissəni yumaq əmri verməmişdir. Bu o deməkdir ki, ov bundan sonra da təmiz qalır.
Altıncısı, şərh etdiyimiz ayə biliyin üstünlüyünü xüsusilə vurğulayır, çünki təlim görmüş yırtıcı heyvanın tutduğu ovun yeyilməsinə icazə verildiyi halda, təlim görməmiş yırtıcının tutduğu ov haram sayılır.
Yeddincisi, ov itlərinin, quşlarının və digər heyvanların təlimləndirilməsinə qınaq yoxdur və bu faydasız vaxt itirməyə aid edilmir. Əksinə, bu məşğələ tərifəlayiqdir, çünki onun sayəsində insanlar ovladıqları heyvanı yeyə və ya onları başqa məqsədlər üçün istifadə edə bilirlər.
Səkkizincisi, şərh etdiyimiz ayə ov itlərinin satılmasına icazə verilməsinin lehinə olan bir dəlildir, çünki bəzən bu yol ov itlərinin əldə edilməsinin yeganə vasitəsi olur.
Doqquzuncusu, ovçu ov itini və ya quşunu ovun dalınca göndərərkən, “Bismillah” deməlidir. Əgər o, bunu bilərəkdən etmirsə, onda həmin ovun yeyilməsi haramdır.
Onuncusu, ov heyvanının tutub gətirdiyi ovun ölməsinin, onu tutan yırtıcının basqınının nəticəsi olub olmamağından asılı olmayaraq, yeyilməsinə icazə verilir. Lakin ovçu tutulmuş heyvanın canı çıxanadək ona çatdıqda, həmin ov şəriətə müvafiq kəsilərsə, halal olar. Allah bunu xatırlatdıqdan sonra qullarına təqvalılığa etiqad göstərmək hökmü verərək, xəbərdar edir ki, Qiyamət günü onların hamısı cavab verməli olacaqlar. Allah xatırladır ki, həmən Gün artıq yaxınlaşmışdır və çox tez gəlib çatacaqdır.

(5.5.) “Bu gün sizə təmiz və yaxşı yeməklər halal olundu. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz də onlara halal olundu və həmçinin iman gətirmiş iffətli qadınlar və sizə qədər Kitab verilmişlərdən olan iffətli qadınlar da, əgər siz onlara, ismətinizi qorumağı diləyərək, mehrlərini versəniz, pozğunluq etməsəniz, onları özünüzə aşna kimi götürməsəniz, sizə halal edilmişlər. Dindən üz çevirənin əməlləri əbəsdir, çünki Qiyamət günü o, zərərə uğramışların arasında olacaq”.

Fövqəluca Allah insanlara göstərdiyi nemətini izah etmək üçün bir daha bildirir ki, təmiz və pak məhsullar halaldır. Onlar isə, öz növbəsində, minnətdar qullar olmalı və öz Rəbbini tez-tez xatırlamalıdırlar. Axı O, onlara, kəskin ehtiyac duyduqları və onlara fayda verə bilən nemətlərdən istifadə etməyə icazə vermişdir.
Allah müsəlmanlara Kitab əhlinin kəsdiyi heyvanları yeməyi də halal etmişdir. Bu, digər kafirlər tərəfindən kəsilmiş heyvanlara aid edilmir və müsəlmanların onların kəsdiyi heyvanların ətini yeməyə ixtiyarı yoxdur. Bunun səbəbi ondadır ki, Kitab əhli özlərini peyğəmbərlərin ardıcılları və Müqəddəs Kitabların tərəfdarları hesab edirlər, ancaq məlum olduğu kimi, Allahın elçiləri Allahdan başqa kiminsə adı ilə qurban kəsməyi qadağan edirdilər, çünki bu əməl müşrikliyin təzahürü idi. Yəhudilər və xristianlar etiraf edirlər ki, Allahdan başqa kiməsə qurban kəsmək qəti qadağandır və bu səbəbə görə müsəlmanlara onların kəsdiyi əti yeməyə icazə verilmişdir. Bununla onlar qalan bütün başqa kafirlərdən fərqlənirlər.
“Kitab əhlinin yeməyi” adı altında nəzərdə tutulan onların kəsdikləri heyvanların yeyilməsinin dəlili, Kitab əhlinin taxıl və meyvələrinin digər kafirlərin taxıl və meyvələrindən fərqlənməməyindədir. Buna görə, müsəlmanların, istənilən dini inanc nümayəndələrinin istehsal etdikləri taxıl və meyvələri yeməsinə icazə verilir. Bundan başqa, bu ayədə söhbət Kitab əhli ilə bağlı olan yeməkdən gedir. Bu isə o deməkdir ki, yemək sözü ilə onların kəsdikləri heyvan nəzərdə tutulur.
Biz deyə bilmərik ki, burada söhbət Kitab əhlinə məxsus istənilən bütün yeməklərdən gedir, çünki müsəlmanlara onların yeməyini güclə əllərindən almağa icazə verilməmişdir. Sonra Allah bildirir ki, müsəlmanların yeməklərini yeməyə də Kitab əhlinə icazə verilmişdir. Bu o deməkdir ki, müsəlmanlara yeməklərini onlarla bölüşməyə icazə verilir.
Bundan sonra, Allah müsəlmanlara azad və ismətli mömin qadınlarla və həmçinin Kitab əhlindən olan azad və ismətli qadınlarla, yəni yəhudi və xristian qadınlarla evlənməyə icazə vermişdir. Bu ayə Fövqəluca Allahın: ““Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin...” (Bəqərə, 2/221) kəlamını daha da dəqiqləşdirir.
Şərh olunan ayənin mənasından aydın olur ki, azad müsəlman kişilərin mömin kölə qdınlarla evlənmək haqqı yoxdur və çıxarılmış bu nəticə doğrudur. Kölə qadın Kitab əhlinə mənsub olduqda, azad müsəlman kişi heç bir şəraitdə onunla evlənmək hüququna malik olmur, çünki Fövqəluca Allah buyurmuşdur: ““Sizlərdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın...” (Nisa, 4/25). Əgər kölə qadın müsəlmandırsa, müsəlman kişiyə onunla evlənməyə ancaq iki şərtlə icazə verilir: kifayət qədər maddi imkanı olmadıqda və subay qalmasının ona zərər vuracağından və yaxud onu zinakarlığa sövq edəcəyindən ehtiyat etdikdə.
Əgər qadın əxlaq sahibi deyilsə və zinakarlıq edirsə, onun müsəlman və ya Kitab əhlinə mənsubiyyətindən asılı olmayaraq, müsəlmana onunla evlənmək qadağandır, çünki Fövqəluca Allah buyurur: “Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir”.
Sonra Allah xəbər verir ki, qadınlarla evlənməyə, onlara mehr verdikdən sonra, icazə verilir və əgər kişi mehr vermək niyyətində olmazsa, ona nikah bağlamağa icazə verilmir. Allah mehri həddi-buluğa çatmış qadının özünə verməyi əmr etmişdir. Əks halda, ər onu gəlinin qəyyumuna verməlidir.
Mehrin zövcələrin mükafatı olduğunun xatırlanması, cehizin bütövlükdə arvadın şəxsi mülkiyyətinə məxsusluğunu göstərir. Qadın öz razılığı ilə onu öz ərinə, qəyyumuna və ya hər hansı başqa bir adama verməsə, heç kim onu mənimsəmək haqqına malik deyil.
Sonra Allah ərlərə əmr edir ki, öz zövcələrinin əxlaqı haqqında qayğı çəksinlər və digər qadınlarla cinsi yaxınlıqdan uzaq olsunlar. Bunlarla yanaşı, Allah hər hansı qadınla zinakarlıq etməklə pozğun həyat sürməyi, aşnalarla nikahsız yaşamağı qadağan edir. Bu onunla izah edilir ki, cahillər arasında elə əxlaqsızlar da var ki, istənilən qadınla zina etməyə və elələri də var ki, öz rəfiqələri və ya sevgililəri ilə zina etməyə hazırdırlar. Fövqəluca Allah bildirir ki, bütün buna bənzər əməllər ismət və namusla bir araya sığmır və evlənən kişi zinakar olmamalıdır.
Daha sonra, Allah xəbər verir ki, hər bir insan, iman gətirməyə borclu olduğu Allaha, Müqəddəs Kitablara və ya elçilərə iman gətirməkdən boyun qaçırırsa və əgər o, dini qanunların hər hansı birini şüurlu surətdə rədd edirsə, onda onun bütün əməlləri əbəs və faydasız olacaqdır. Bu, o, kafir kimi ölərsə, belə olacaqdır. Oxşar bir ayədə Fövqəluca Allah buyurur: “...Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və Axirətdə puça çıxar. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar...” (Bəqərə, 2/217). Axirət həyatında belə insanlar ziyana uğramışların arasında olacaqlar. Qiyamət gününün başlaması ilə onlar özlərini itirəcək, var-dövlətlərindən və öz ailələrindən məhrum olacaq və əbədi olaraq bədbəxtliyə düçar ediləcəklər.

(5.6.) «Ey iman gətirənlər! Namaz qılmağa qalxarkən, üzünüzü və əllərinizi dirsəyədək yuyun, başınıza məsh çəkin və ayaqlarınızı topuğadək yuyun. Cinsi əlaqədən sonra qüsl edin. Xəstə və ya səfərdəsinizsə, ayaq yolundan gəlmişsinizsə və ya qadınlarla yaxınlıqdan sonra su tapa bilmirsinizsə, əllərinizi təmiz torpağa vurub, əvvəlcə üzünüzə, sonra da əllərinizi bir-birinə sürtün. Allah sizə çətinlik yaratmaq fikrində deyil, sizi pak etmək və sizə Öz nemətini axıradək çatdırmaq istəyir ki, bəlkə təşəkkür edəsiniz”.

Bu əzəmətli ayə özlüyündə çoxlu hökmlərdən ibarətdir ki, onlardan Allahın bizim üçün asanlaşdıracağının bir neçəsini nəzərdən keçirməyə çalışacağıq.
1. Ayədə sadalanan bütün hökmlərin yerinə yetirilməsi imanın vacib tələblərindəndir, çünki o, möminlərə müraciətlə başlayır. Bu isə o deməkdir ki, möminlər hər hansı bir əməli imanın tələblərinə uyğun olaraq, onlara əmr edilən tərzdə yerinə yetirməlidirlər.
2. Allahın “namaz qılmağa qalxarkən” ifadəsi, əslində namazın müsəlman üçün vacibliyini bəyan edir.
3. Namaz qılmaq üçün niyyət etmək lazımdır, çünki onu şüurlu surətdə və qəti niyyətlə yerinə yetirmək lazımdır.
4. Namazın qəbul olunması üçün dəstəmaz alınması vacib şərtidir. Allah namazdan qabaq təmizlənməyi əmr edir. Məlumdur ki, hər hansı əmr, onun əksi sübuta yetirilməyibsə, vacib hökm hesab olunur.
5. Dəstəmaz almaq üçün fərz namazın vaxtının girməsi vacib deyil, sadəcə, namaz qılmağa niyyətin olması kifayətdir.
6. Dəstəmaz, fərz və ya könüllü olmasına, əsasən camaat üçün vacibliyinə və ya cənazə üzərində yerinə yetirilməsindən asılı olmayaraq, namaz adlandırıla bilən hər hansı bir ibadət ayininin vacib şərtidir. İslam alimlərinin bir çoxu belə hesab edir ki, hətta Quran oxunarkən edilən səcdələri və şükür səcdəsini ancaq dəstəmazlı olarkən yerinə yetirmək olar.
7. Dəstəmaz alınan zaman üzün, yəni başın ön hissəsinin tük bitən nahiyədən çənə kənarı və buxaq altının uzununa və bir qulaqdan digərinə qədər eninə olan bütün səthinin yuyulması vacibdir. Üzün yuyulmasına ağzın yaxalanması, buruna su çəkilməsi və saqqalın yuyulması da daxildir ki, bunlar Sünnə ilə təsdiq edilir. Saqqal seyrək olduqda, su üzün dərisinə toxunmalıdır. Saqqal gur olduqda, onun ön hissəsini yumaq kifayətdir.
8. Müsəlmanlara əllərini dirsəklərinə qədər yumaq əmr olunmuşdur. Quranın əksər şərhçiləri hesab edirlər ki, “ilə” (“qədər”, “...dək”) şəkilçisi burada “...ilə birlikdə” mənasını bildirir. Bu mənada həmin şəkilçi: “...Onların mallarını öz mallarınızla birlikdə yeməyin...” (Nisa, 4/2) ayəsində istifadə edilmişdir. Həm də dəstəmaz alan hər iki dirsəyini tam yumadıqca, onun dəstəmazı qəbul olunmur.
9. Müsəlman başına məsh çəkməlidir.
10. Baş bütövlüklə məsh edilməlidir, çünki burada “bi” ön şəkilçisi başın ancaq bir hissəsinin məsh edilməsi ilə özünü məhdudlaşdırma mənasını vermir. Məsh edilərkən əllərlə başın bütün səthinin əhatə edilməsi nəzərdə tutulur.
11. Başı istənilən üsulla: iki əllə, bir əllə, əski parçası ilə, taxta parçası ilə və ya digər oxşar əşya ilə məsh etmək olar, çünki Allah məshi ən geniş mənada xatırlatmışdır. Allah başı məsh etmənin müəyyən formasını təyin etməmişdir və buradan belə aydın olur ki, onu istənilən üsulla məsh etmək olar.
12. Çimərkən başa məsh çəkilməlidir və əgər müsəlman başını yuyub ona əli ilə məsh çəkməsə, o, Allahın əmrini yerinə yetirməmiş sayılır.
13. Allah ayaqları topuğa qədər yumağı əmr etmişdir və əllərin yuyulması haqqında deyilənlər ayaqlara da aiddir.
14. Alimlərin yekdil rəyinə görə “ərcul” (ayaqlar) sözü təsirlik halındadır. Bu isə rafizilərin məsələyə baxışlarının əksinə olaraq göstərir ki, yalın ayağa məsh çəkilməsi qəbul edilmir.
15. Bu ayədə dəri məstlərə məsh çəkilməsinin qanuniliyini təsdiq edən göstəriş vardır. Bununla əlaqədar “ərcul” (“ayaqlar”) sözünün yiyəlik halında olan oxunuşu mövcuddur. Bu iki oxunuşun hər birini öz mənasına görə təfsir etmək lazımdır. Əgər ayaqlar yalındırsa, təsirlik halında olan sözün oxunuşuna uyğun olaraq onları yumaq zəruridir. Əgər ayaqlar dəri məstlərdədirsə, həmin sözün yiyəlik halında olan oxunuşuna uyğun olaraq, onlara məsh çəkmək kifayət edir.
16. Dəstəmaz alınarkən hərəkətlərin ardıcıllığına riayət etmək əmr edilmişdir. Allah onları müəyyən ardıcıllıqla sıralamışdır. Bu ayədə başın məsh edilməsi bədənin digər hissələrinin yuyulması arasında xatırlanır ki, bunun da yeganə izahı göstərilən ardıcıllığa riayət edilməsinin vacibliyidir.
17. Ardıcıllığa riayət edilməsi ayədə xatırlanan təkcə dörd hərəkətə aiddir. Ağzın və burunun yaxalanması ilə üzün yuyulmasından əvvəl ardıcıllığa gəldikdə isə, habelə sağ və sol əl-ayağın yuyulması arasında ardıcıllığa riayət edilməsi vacib deyil. Lakin üzün yuyulmasından öncə ağız və burunun yaxalanması, sağ ətrafların soldan əvvəl yuyulması və başın qulaqlardan əvvəl məsh edilməsi arzu olunandır.
18. Müsəlmanlara Quranın hökmünü dəqiqliklə yerinə yetirmələri üçün hər namazdan əvvəl dəstəmazı təzələmək əmr edilmişdir.
19. Cinsi kirlənmədən sonra müsəlman qüsl etməlidir.
20. Qüsl zamanı hökmən bütün bədən yuyulmalıdır, çünki Allah bədənin tamamilə təmizlənməsini əmr etmiş və bu hökmü onun ayrı-ayrı hissələri ilə əlaqələndirməmişdir.
21. Cinsi kirlənmədən sonra çimərkən nəinki saçın səthini, həm də baş tüklərinin diblərini də yumaq əmr olunmuşdur.
22. Kiçik kirlənmə böyük kirlənməyə daxil olduğu üçün hər iki halda kirlənmədən sonra onları yumalı olan şəxsin niyyət etdikdən sonra bədənini tamamilə yuması kifayətdir. Çünki bu halda Fövqəluca Allah ancaq təmizlənməyi əmr edərək, dəstəmaz almağı yad etmir.
23. Yuxuda və ya oyaq ikən və cinsi əlaqədə olduğu zaman insanın mənisi çıxdıqdan sonra və ya hətta məni çıxmasa da, cinsi kirlənmə baş verir.
24. Əgər insan erotik yuxu gördüyünü xatırlayarsa, lakin məni çıxmadığını görərsə, kirlənmədiyi üçün qüsl etməyə ehtiyac yoxdur.
25. Fövqəluca Allah Öz qullarına təmiz torpaqla təyəmmüm etməyə icazə verməklə onlara böyük mərhəmət göstərmişdir.
26. Xəstəlik zamanı sudan istifadə edilməsinin sağlamlığa zərər vura biləcəyi hallarında, torpaqla təyəmmüm etməyə icazə verilir. Səfərdə olarkən və dəstəmazın kiçik və böyük pozulması zamanı su tapılmadıqda da, buna icazə verilir. Xəstəlik zamanı suyun istifadə edilməsinin sağlamlığa zərər bura biləcəyini nəzərə alaraq, hətta su olduqda belə, təyəmmüm etməyə icazə verilir. Bütün qalan hallarda isə ancaq su olmadıqda təyəmmümə icazə verilir. Bu, daimi yaşayış yerlərində yaşayanlara da aiddir.
27. Sidik kanalından və anus dəliyindən çıxan ifrazatlar dəstəmazı pozur.
28. Bu ayəyə istinad edərək bəzi alimlər iddia edirlər ki, dəstəmaz ancaq sidik və düz bağırsaqdan nəcis çıxanda pozulur, ancaq cinsi orqana toxunanda və bir sıra başqa hallarda isə dəstəmaz pozulmur.
29. Xoşagəlməz və murdar şeylərdən bəhs edildikdə eyhamlardan istifadə edilməlidir, çünki Fövqəluca Allah təbii ehtiyacı təmin etməyi – ayaqyolundan qayıtmaq formasında ifadə etmişdir.
30. Qadına ehtiras və məmnuniyyətlə toxunmaq dəstəmazı pozur.
31. Suyun olmaması təyəmmümün qanuniliyinin vacib şərtidir.
32. İnsan suyun gəlməsi ilə, hətta o, namaz üstündə olsa da, təyəmmüm öz qüvvəsini itirir, çünki Allah ondan su olmadığı zaman istifadə etməyə icazə vermişdir.
33. Namaz vaxtı girdikdən sonra su olmazsa, insan onu yaxınlıqda axtarmağa başlamalıdır, çünki ancaq suyu axtaran şəxs onu tapmaya bilər(Yaxın ətrafda su axtarmadan onun olmaması qərarını qəbul etmək yolverilməzdir. F.S.)
34. Ritual təmizlənməsi üçün su çatmadıqda, olan suyu tam istifadə etdikdən sonra, təyəmmüm edilməlidir.
35. İçinə müxtəlif təmiz şeylərin düşməsi nəticəsində keyfiyyəti dəyişmiş sudan istifadə etmək təyəmmümdən daha üstündür. Belə su dəstəmaz üçün təmiz və yararlı qalır, çünki onun keyfiyyətinin dəyişməsinə baxmayaraq, o, su olaraq qalır, Fövqəluca Allah isə ancaq su olmadıqda təyəmmüm etməyə icazə verir.
36. Təyəmmüm edərkən qəti niyyət tutmaq lazımdır, çünki “təyəmməmə” feli “niyyətli olmaq”, “cəhd göstərmək” deməkdir.
37. Təyəmmüm etmək üçün narın torpaqdan, qumdan və yaxud hər hansı torpaqdan istifadə etməyə icazə verilir. Bu şərhə uyğun olaraq, üzü və əlləri torpaqla təyəmmüm etmək onunla izah edilir ki, yerin üstündə, adətən, narın torpaq və toz olur və onlarla üzə və əllərə məsh çəkmək mümkündür. Bunu həm də onunla izah etmək olar ki, Allah həmişə daha üstün tutulanı göstərir və əgər torpaqla və ya tozla təmizlənmək imkanı varsa, onu yerinə yetirmək daha yaxşıdır.
38. Natəmiz torpaqla təmizlənmək məqbul deyil, çünki təyəmmüm təmiz tozla edilməlidir.
39. Torpaqla təyəmmüm edəndə torpağı ancaq üzə və əllərə sürtmək lazımdır, onu bədənin başqa üzvlərinə çəkmək olmaz.
40. Üz bütövlüklə təyəmmüm edilməlidir, amma torpağı ağıza almağa, buruna çəkməyə, saqqal seyrək olsa da tüklərin dibinə sürtməyə ehtiyac yoxdur.
41. Əllər biləklərə qədər təyəmmüm edilməlidir, çünki əllər haqqında əlavə izahat verilmədən xatırlandıqda əlin ancaq bilək¬lərə qədər hissəsi nəzərdə tutulur. Əlləri dirsəyə qədər məsh etmək lazım gəlsəydi, Allah dəstəmaz alınması qaydasını təsvir etdiyi kimi, bunu da izah edərdi.
42. Torpaqla təyəmmüm insanı kiçik və böyük kirlənmə nəticəsində dəstəmazın pozulmasından və hətta bədəndəki natəmizliklərdən təmizləyir, çünki Allah torpaqla təmizlənməyə ən geniş mənada icazə vermişdir və əlavə izahlara ehtiyac görməmişdir. Buna baxmayaraq, alimlərin əksəriyyəti belə hesab edirdilər ki, torpaqla təyəmmüm etməklə bədəndən natəmizlikləri təmizləmək olmaz, çünki Quran ayəsində söhbət təkcə müxtəlif kirlənmə formalarından gedir.
43. Böyük və kiçik kirlənmə zamanı bədənin eyni sahələri, yəni təkcə əllər və üz torpaqla təyəmmüm edilməlidir.
44. Hər iki kirlənmə formasından təmizlənmək üçün müvafiq niyyətlə ancaq bir dəfə torpaqla təyəmmüm edilməlidir, çünki şərh etdiyimiz ayə ümumi məna daşıyır.
45. Üzü və əlləri təyəmmüm etmək ya əllərlə, ya da hər hansı bir əşya ilə edilə bilər. Allah bədənin bu hissələrini təyəmmüm etməyi əmr edib, amma nə ilə təyəmmüm etməyi bildirməyib. Deməli, onların hər hansı bir üsulla təyəmmüm edilməsinə yol verilir.
46. Dəstəmaz alındığı kimi, torpaqla məsh edilmə zamanı da ardıcıllığa riayət edilməlidir. Allah əldən qabaq üzün məsh edilməsini xatırlatmışdır.
47. Fövqəluca Allah nazil etdiyi qanunları bizim üçün ağır və yorucu etməmişdir. Əksinə, O, Öz qullarına mərhəmət göstərərək, onları təmizləmək və onlara olan lütfkarlığını sona çatdırmaq istəmişdir.
48. Su və torpaq vasitəsilə maddi təmizlənmə, Allahın vahidliyini qəbul etməklə və səmimi tövbə vasitəsi ilə həyata keçirilən mənəvi paklaşmanı tamamlayır.
49. Torpaqla təyəmmüm hiss olunan və ya gözlə görülə bilən təmizliyi gətirmir. Bu təmizlik mənəvi təmizlikdir və onun mahiyyəti – insanın Fövqəluca Allahın əmrini yerinə yetirməsindən ibarətdir.
50. Qul, Allahın təmizlənmə ayini və digər hökmləri ilə bağlı hikməti və qanunlarının sirri üzərində yaxşıca düşünməli və bunun sayəsində o, öz biliyini artırmalı, Allaha daha yaxşı həmd etməyi öyrənməli və qullarına böyük yüksəkliklərə nail olmağa imkan verən qanunlar müəyyənləşdirdiyinə görə Onu daha möhkəm sevməlidir.


Tarix: 20.04.2013 / 15:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 745 Bölmə: Sureler