beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 7-13 ayələr

(5.7.) “Yadınıza salın Allahın sizə göstərdiyi lütfünü və: “Eşidirik və itaət edirik” dediyiniz vaxt sizlə bağladığı əhdini! Qorxun Allahdan! Bilin ki, Allah köksünüzdəkilərdən agahdır”.

Fövqəluca Allah qullarına əmr edir ki, Onun onlara bəxş etdiyi mənəvi və dünyəvi nemətləri qəlbən və dillə xatırlasınlar. Əgər insan bu nemətləri daima xatırlayırsa, bu onu Fövqəluca Allaha həmd etməyə və Onu sevməyə sövq edir və onun qəlbi Allahın yaxşılıqlarını dərk etməklə vəcdə gəlir. Bunun sayəsində insan mənəvi zənginlik əldə edir, özündənrazılıq hissindən qurtulur və Rəbbin daha çox lütfkarlığına nail olur.
Fövqəluca Allah həmçinin möminlərlə bağladığı əhdi, yəni Ona verdikləri vədi yadlarına salmalarını əmr edir. Bu, onların həmin vədi dillə verdiklərini bildirmir. Vədin mahiyyəti ondadır ki, onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməklə öz üzərlərinə hər ikisinə itaət edəcəkləri öhdəliyini götürmüşlər. Onlar demişdilər: “Ey Rəbbimiz! Biz Sənin bizə yönəltdiyin dəvətini eşitdik. Biz Quran ayələrini dinlədik və Öz möcüzələrini bütün Kainata yaydığını dərk etdik. Biz onlara o dərəcədə diqqətlə yanaşdıq ki, mənalarını başa düşüb itaət etdik. Biz Sənin əmrlərinə tabe oluruq və Sənin qoyduğun haramları pozmuruq. Biz dinin bütün hökmlərini qəlbimiz və canımızla yerinə yetiririk”.
Möminlər Allaha verdikləri vədi həmişə xatırlayırlar və həmişə Allahın hökmlərini ən mükəmməl tərzdə, heç nəyi unutmadan yerinə yetirməyə can atırlar. Onlara Allahdan qorxmaq tapşırılmışdır, çünki Ona, insanların qəlbində yerləşən bütün fikirləri, sirləri və niyyətləri haqqında hər şey məlumdur. Qoy onlar Allahın onların qəlbində aşkar edəcəklərindən çəkinsinlər, qoy onlar Onu qəzəbləndirən əməllərdən çəkinsinlər. Onlar Allahı dərk etmələri, Ona məhəbbət və Onun qullarına xeyirxah münasibət bəsləmək sayəsində öz qəlblərini yenidən qurmalıdırlar, çünki əgər onlar buna nail olsalar, onda Allah mütləq biləcək ki, onların qəlbi artıq möminlik mənbəyinə çevrilmişdir. Belə olduqda, O, onların günahlarını bağışlayar və saleh əməllərini artıracaqdır.

(5.8.) «Ey iman gətirmişlər! Allah xatirinə qərəzsiz şahidlik edərək dözümlülük göstərin və insanların nifrəti sizi zalımlığa sövq etdirməsin! Ədalətli olun, çünki bu, təqvalılığa daha yaxındır. Allahdan ehtiyat edin, bilin ki, Allah etdiklərinizdən agahdır”.

Ey Allahın iman gətirilməsini əmr etdiyi hər şeyə iman gətirənlər! Dininizin tələblərini yerinə yetirin və ədalətliliyi müdafiə edərkən həm qəlbən və həm də bədəncə dözümlü olun! Allah xatirinə səmimiyyətlə davranın və tamahkar dünyəvi məqsədlər güdməyin! Ədalətli və qərəzsiz olun! Sözlərinizdə və əməllərinizdə ifrata varmayın və səhlənkarlıq göstərməyin! Bu rəftarı həm yaxınlarınıza və kənar insanlara, həm də dostlara və düşmənlərə eynilə göstərin!
(İmam əl-Kurtubi (Allah ona rəhmət etsin) bu ayənin şərhində yazır: “Bu ayə onu göstərir ki, imansızın kafirliyi ona qarşı ədalətli yanaşmaya maneə yaratmır”. (Bax: “Təfsir əl-Kurtubi”, 5/85). F.S. )
Qoy insanların nifrəti sizin ədalətsizlik etməyinizə səbəb olmasın, çünki ancaq zalımlar belə davranırlar (Şeyx əs-Səədinin bu müddəası ilə əlaqədar Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bir ifadəsi yerinə düşür: “Hər bir insan üçün (zəruri olan) – hər şeyə və hər kimə qarşı ədalətli olmasıdır. Həmçinin hər bir insan üçün ədalətsizlik özünün bütün formalarında və hər bir kəsə qarşı, istər müsəlman olsun, istər kafir və yaxud zülmkar olsun, qadağandır”. Macmuul-fətava. F.S.)
Əgər siz yaxınlarınızın və dostlarınızın lehinə qərəzsiz şahidlik etməyə hazırsınızsa, onda onların əleyhinə şəhadət verməyə məcbur olduğunuz zaman da eynilə qərəzsiz olmağa çalışın. Əgər siz öz düşmənlərinizə qarşı qərəzsiz şəhadət verməyə hazırsınızsa, onda siz onların lehinə də qərəzsiz olaraq şahidlik edin. Əgər onlar hətta kafir və ya bidət əhli olsalar belə, siz onlara ədalətlə yanaşmalı, onların söylədiyi həqiqəti qəbul etməlisiniz və bilin ki, siz onu, düşmənlərinizin xatirinə deyil, həqiqət olduğuna görə qəbul edirsiniz. Sizin, o həqiqəti, ancaq düşməninizin söylədiyinə görə, rədd etmək haqqınız yoxdur, çünki belə bir hərəkət həqiqətə qarşı haqsızlıq olardı.
Ədalətli olun, çünki bu rəftar təqvalılığa yaxındır. Əgər siz belə davranmağa səy göstərsəniz və bu yöndə qeyrətlə çalışsanız, təqvalılığa yaxınlaşmağa nail olarsınız və əgər bütün əməllərinizdə insaflı olsanız, onda Allahdan qorxu hissiniz kamilləşər. Allaha sizin əməlləriniz məlumdur və siz mütləq öz xeyirxah və şər, böyük və kiçik əməllərinizə görə əvəz alacaqsınız. Siz əvəzi həm bu dünyada və həm də ölümünüzdən sonra alacaqsınız.


(5.9.) “Allah iman sahiblərinə saleh əməllərinə görə əfv olunma və böyük mükafat vəd etmişdir”.

Allah vədini heç vaxt pozmur və Onun sözləri ən doğrudur. O, Ona, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirmiş və dinin fərz və nafilə hökmlərini yerinə yetirən möminlərə onların günahlarını bağışlamağı, günahlarının pis nəticələrindən onları xilas edəcəyini və onlara, ölçüsü təkcə Ona məlum olan böyük ənam verəcəyini vəd etmişdir. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Etdikləri əməllərin mükafatı kimi onların gözlərinə sevinc gətirəcək nələrin saxlandığını heç kəs bilmir” (Səcdə, 32/17).

(5.10.) “Məhz iman gətirməyib ayələrimizi yalan sayanlar Cəhənnəm sakinləridir”.

Haqqı təsdiq edən açıq-aydın ayələrimiz onlara bəyan edildikdən sonra, iman gətirməkdən boyun qaçıraraq, onları yalan hesab edən kəslər mütləq Cəhənnəm sakinləri arasında olacaqlar. İnsan öz yoldaşı və dostundan ayrılmadığı kimi, onlar da Cəhənnəmdən ayrılmayacaqlar.


(5.11) «Ey iman gətirmişlər! Adamlar sizə əl qaldırmaq istədikdə, Allahın, sizi onların əlindən qurtarmaqla, sizə göstərdiyi mərhəmətini xatırlayın. Allahdan qorxun və qoy iman gətirənlər Allaha təvəkkül etsinlər”.

Fövqəluca Allah mömin bəndələrinə bəxş etdiyi böyük nemətlərini yadlarına salır və insanları onları ürəklərində və dilləri ilə xatırlamağa çağırır. Onlar düşmənləri darmadağın etməyə, onların əmlakını və torpaqlarını ələ keçirməyə və bəzilərini əsir götürməyə nail olsalar, bunu Allahın mərhəməti sayarlar. Qoy onlar bilsinlər ki, Allah onları düşmənlərdən qoruyanda da möminlərə mərhəmətini göstərir və onların düşmənlərinin məkrli hiylələrini özlərinə qarşı yönəldir.
Düşmənlər həmişə plan çəkir və zənn edirlər ki, onları həyata keçirə biləcəklər. Onlar möminlər üzərində istədikləri qələbəni qazana bilmədikdə isə, bunu Allahın köməyi ilə möminlərin qələbəsi adlandırmaq olar. İman sahibləri Allaha bu köməyinə görə minnətdarlıq bildirməli, ibadət etməli və Onu xatırlamalıdırlar.
Bu ayə mömin müsəlmanlara pislik etmək niyyətində olan, lakin, Allahın müsəlmanlara yardım etməsi sayəsində, məqsədlərinə çata bilməyən bütün kafirlərə, müşriklərə və zülmkarlara şamil edilir. Həmin ayə onların hər birinə aiddir.
Sonra Allah möminlərə əmr edir ki, bütün qalan məsələlərdə, düşmənlə mübarizədə köməklə əlaqədar ancaq Ona yalvarmalıdırlar. Onlar Allaha təvəkkül etməli, yəni Ona ümid bəsləməlidirlər ki, dini və dünyəvi işlərdə xeyir əldə etməkdə O, onlara kömək etsin. Onlar öz qüvvə və bacarıqlarına bel bağlamamalı və qəti inanmalıdırlar ki, sevdiyi şeyləri əldə etmək üçün onlara təkcə Fövqəluca Allah yardım göstərəcəkdir.
Qulun Allaha təvəkkül etməsi onun imanından asılıdır və bu, insanın qəlbində gerçəkləşdirməli olduğu vacib əməllərdən biridir.

(5.12) “Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onların arasında on iki başçı müəyyənləşdirdik. Allah buyurdu: “Mən sizinləyəm. Siz namaz qılsanız və zəkat versəniz, Mənim elçilərimə iman gətirsəniz, onlara kömək etsəniz və Allaha gözəl borc versəniz, Mən sizin günahlarınızı bağışlayaram və sizi altından çaylar axan Cənnətə daxil edərəm. Bundan sonra sizlərdən kimsə kafir olarsa, o, doğru yoldan çıxar”.

Fövqəluca Allah bildirir ki, İsrail oğulları Onunla mühüm və məsuliyyətli bir əhd bağlamışdılar. O, ayədə onlarla bağladığı əhdin və mükafatın mahiyyətindən bəhs edir. Həmin mükafat onlara vədlərinə sadiq qaldıqları halda veriləcəkdi. Allah həmçinin onların, verdikləri vədi pozarlarsa, batacaqları günahın ağırlığından da xəbər verir. Elə oldu ki, onlar bu əhdlərini də pozdular və buna görə, daha sonra Allah onların məruz qoyulduqları cəzadan bəhs edir.
Allah İsrail oğullarından mühüm bir vəd almış və onların içindən on iki nəfər başçı ucaltmışdı. Onlar tabeliklərində olan insanların üzərində hakimiyyətə malik idilər, onlara nəzarət edir və onları öz vəzifələrini yerinə yetirməyə dəvət edirdilər. Bu başçıların çiyninə ağır yük qoyulmuşdu və buna görə, Allah onlara söz vermişdi ki, onlarla olacaq, yəni onlara kömək edəcək və yardım göstərəcək. Şübhəsiz ki, ediləcək köməyin ölçüsü onların vəzifələri ilə müəyyənləşdirilirdi.
Sonra Allah İsrail oğullarından aldığı söz haqqında xəbər verir. Onlara əmr olunmuşdu ki, bütün həyatları boyu, tələb olunan bütün zəruri ehkamları yerinə yetirərək canla-başla namaz qılmalı və zəkatı sədəqə almaq haqqı olanlara verməli idilər. Bununla yanaşı onlar Allahın bütün elçilərinə və onların arasında ən yaxşısı və ləyaqətlisi olan Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməliydilər. Onlara əmr olunmuşdu ki, elçilərə kömək etsinlər, yəni, ehtiramla yanaşsınlar, lazımi hörmət göstərsinlər və layiqincə onlara itaətkarlıq etsinlər. İsrail övladlarına həm də əmr edilmişdi ki, Allaha gözəl borc versinlər, yəni yaxşılıq etsinlər və halal yolla qazandıqları gəlirlərindən xoş niyyətlə sədəqə paylasınlar.
Onlara vəd edilmişdi ki, öhdələrinə götürdükləri vəzifələrini yerinə yetirsələr, Allah onların günahlarını hökmən bağışlayar və onları çaylar axan Cənnət bağlarına daxil edər. Allah onları görmədikləri hər cür nemətlərin cəmləşdirildiyi Cənnətə daxil edərək, onlara bütün arzu etdiklərini verəcəyini və günahlarını bağışlayaraq və günahlara görə onları gözləyən cəzadan qoruyaraq, istənilən xoşagəlməz şeylərdən xilas edəcəyini vəd etmişdi.
Onlara bəyan edilmişdi ki, içdikləri and və üzərilərinə götürdükləri öhdəliklərlə və onlara əlavə olaraq vəd edilmiş mükafatla təsdiq edilən əhd bağlandıqdan sonra iman gətirməkdən boyun qaçırsalar, açıq-aydın azğınlıq içində qalacaqlar. Onlar bunu artıq şüurlu surətdə edəcəklər və ona görə də azğınların məruz qalacağı nə varsa, onlara düçar olacaq. Onlar mükafatdan məhrum ediləcək və məşəqqətlərə məhkum olunacaqlar.
İsrail oğullarının özlərini sonradan necə apardıqlarını bilmək yaxşı olardı. Onlar öhdəliklərini yerinə yetirdilərmi? Verdikləri vədi pozdularmı? Sanki bu suallara cavab verərək, sonra Allah açıqlayır ki, onlar öz Rəbbi qarşısında əhdi pozdular.

(5.13) “Əhdi pozduqlarına görə Biz onları lənətlədik və ürəklərini codlaşdırdıq. Onlar sözlərin yerini dəyişərək onları təhrif edir və onlara öyrədilənin bir qismini yaddan çıxartmışlar. Sən hər dəfə, bəziləri istisna olmaqla, onların xəyanəti ilə rastlaşacaqsan. Onları bağışla və alicənablıq göstər, çünki Allah xeyirxahlıq edənləri sevir”.

İsrail oğulları əhdi pozdular və buna görə də Allah onları eyni vaxtda bir neçə cəzaya məhkum etdi.
Birincisi, O, onları lənətləyərək Öz mərhəmətindən uzaqlaşdırdı. Onlar Allaha verdikləri vədi yerinə yetirmədikdə öz qarşılarında olan mərhəmət qapısını bağladılar, çünki onun yerinə yetirilməsi Allahın mərhəmətinə layiq olmağa imkan verən ən böyük amil idi.
İkincisi, O, onların ürəklərini o qədər codlaşdırdı (Codlaşdırmaq (məcazi mənada) – sərtləşdirmək, bərkləşdirmək, daşa döndərmək. F.S.) ki, heç bir dəvət və öyüd-nəsihət artıq onlara kar etmir, fayda vermirdi. Allahın ayələri və nəsihətləri onlara təsir etmirdi, odlu çağırışlar onlarda heç bir həvəs doğurmurdu, qorxuducu xəbərdarlıqlar isə onları dəhşətə gətirmirdi. Bu, qulun məruz qoyula biləcəyi ən ağır cəzalardan biri idi, çünki onun qəlbi elə bir vəziyyətə gətirilmişdi ki, belə hallarda, hətta ən doğru təlimatlar və xeyirxah nəsihətlər də onda yaramazlıqlardan başqa bir şey doğurmur.
Üçüncüsü, onlar tovlanmışdılar və Allahın kəlamlarını və Onun və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) həmin sözlərə verdikləri mənaları təhrif etməyə başlamışdılar.
Dördüncüsü, onlar onlara xəbər verilənlərin böyük bir hissəsini yaddan çıxarmışdılar. Bu o deməkdir ki, onlar Tövratda nazil edilənlərdən və Musa peyğəmbərə (s) vəhy olunanlardan çox şeyləri unutmuş və itirmişdilər. Allah bunlardan əksəriyyətini, törətdikləri azğınlıqlara görə, cəza olaraq, onlara unutdurmuşdur. Beləliklə, əgər Kitab əhli onların Kitablarında nazil edilmiş bəzi vəhyləri və ya o zamanlar baş vermiş bəzi hadisələri inkar edirlərsə, onda həmin məlumatlar onların unutduqlarına aid edilməlidir.
Beşincisi, onlar həmişəlik satqınlıq və xəyanətkar əməllər törətməyə məhkum edilmişdilər. Buna görə də onlar Allaha və Onun iman sahibləri olan qullarına xəyanətkarlıq edirdilər. Onların satqınlığının və xəyanətkarlığının ən dəhşətli təzahürlərindən biri də onlara inanan şəxslərdən həqiqəti gizlətmələri idi. Onlar istəyirdilər ki, insanlar kafir olaraq qalsınlar, bu isə onların tərəfindən ən böyük xainlikdi.
Bu pozğunluq sifətləri özünü İsrail oğullarına oxşadan hər kəsə xas olan keyfiyyətlərdir. Əgər insan Allahın ona yerinə yetirməyi buyurduğunu etmirsə və öz öhdəsinə götürdüyü vəzifələri icra etmirsə, o, özü özünü lənətlənməyə məhkum etmiş olur və qəlbi isə daşa çevrilir. O, aldanmağa meyl edir və Rəbbinin sözlərini təhrif etməyə başlayır. Allah ona düz yol tapmağa kömək etmir və o, ona vaxtilə verilmiş öyüd-nəsihətlərin çoxunu yaddan çıxarır. Bununla yanaşı, belə bir insan hökmən satqına və xəyanətkara çevrilir. Biz isə Allahdan bizi bundan qorumasını diləyirik!
Fövqəluca Allah dini nəsihətləri qismət adlandırır, çünki onlar insanın payına düşən taleyidir. Bütün yerdə qalan nemətlər isə insana bu dünyada nəsib olanlardır. Fövqəluca Allah buyurur: “Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir” (Qəsəs, 28/79).
İnsana fayda verən qismətdən bəhs edərək, Fövqəluca Allah buyurur: “Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur” (Fussilət, 41/35).
O, sonra buyurur ki, yəhudilərdən ancaq bəziləri əhdə sadiq qaldılar. Rəbb onlara yardım etdi və onları düz yolla apardı. Daha sonra Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onların ona (ona Allahın salavatı və salamı olsun!) qarşı törətdikləri haqsızlığı və təhqirləri bağışlamaq olarsa, onlara bağışlasın, çünki alicənablıq – xeyirxahlıqdır, Allah isə yaxşılıq edənləri sevir.
Allaha münasibətdə xeyirxahlıq dedikdə, Ona edilən elə bir ibadət nəzərdə tutulur ki, bu zaman insan sanki Onu görür, əgər o, Onu görmürsə də, Allah onsuz da onu görür. Məxluqlarla bağlı münasibətdə isə xeyirxahlıq adı altında onlara mənəvi və dünyəvi işlərdə fayda verməyə can atmaq başa düşülür.


Tarix: 20.04.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Sureler