beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 112-120

(5.113) “(Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.

Həvarilər deyirlər ki, onlar heç bir pis şey nəzərdə tutma-mışdılar və ən təmiz niyyətdə idilər. Onlar sadəcə olaraq yemək istəyirdilər və bu onu göstərir ki, onların buna ehtiyacı vardı. Bununla yanaşı, onlar öz gözləri ilə möcüzə görmək istəyirdilər ki, onların qəlbində inamı artırsın və imanlarını gördükləri ilə təsdiq olunan əminlik dərəcəsinədək qaldırsın. Allahın sevimlisi İbrahim (ə) də eynilə bu tərzdə, ölülərin necə dirildilməsini ona göstərməyi Rəbbindən soruşaraq, öz arzusunu bildirmişdi.
Fövqəluca Allah buyurur: “(Ey Elçim!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah): “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” – buyurmuşdu. (İbrahim:) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)” - deyə cavab vermişdi...” (Bəqərə, 2/260).
Qulların biliklərini, etiqadını və imanını artırmağa həmişə ehtiyacları var və buna görə həvarilər dedilər ki, onlar elçilərinin bütün gətirdiklərinin doğruluğuna bir daha əmin olmaq istəyirdilər. Onlar istəyirdilər ki, onların xələflərinə fayda gətirəcək şeylərin şahidləri olsunlar. Onlar möcüzə həsrətində idilər və onu görüb həqiqəti insanlara çatdırmaq və onun növbəti dəfə təsdiq olunmasını istəyirdilər.

(5.114) “Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”

Məryəm oğlu İsa (ə) həvarilərinin sözlərini eşitdikdə və onların əsil mənasını anladıqda, o, onların xahişini yerinə yetirməyə razılaşdı və Allahdan xahiş etdi ki, onlara süfrə (yemək) nazil etsin və bu bütün iştirak edənlər üçün bayram və ziyafət və böyük bir möcüzə olsun ki, onu uzun illər boyu yaddan çıxarmasınlar.
Beləliklə, Fövqəluca Allah müsəlmanların bayramlarını və dini mərasimlərini Özünün möcüzələrinin və elçilərinin adətlərinin, onların düz yollarının və Allahın onlara göstərdiyi mərhəmətinin xatırlanması kimi müəyyən etdi.


(5.115) “Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!”

Əgər insan ecazkar bir möcüzənin şahidi olursa, zalımlıq edərək və inadcıllıq göstərərək iman gətirməkdən boyun qaçırırsa, onda o, şiddətli əzab verən cəzaya və sərt intiqama layiqdir. Buna görə, Fövqəluca Allah yemək süfrəsi nazil etməyə söz verir və bundan sonra iman gətirməyənləri belə cəza ilə cəzalandıracağı ilə hədələyir. Lakin Allah onu onlara nazil etməsini göstərmir.
Belə bir rəy var ki, o, göndərilməmişdir, çünki həvarilər həmin şərtlərlə razılaşmamışlar. Bu rəy onunla təsdiq olunur ki, xristianların əlində olan İncildə bu hadisə xatırlanmır.
Başqa bir rəyə görə isə, Allahın vədinə müvafiq olaraq yemək süfrəsi nazil edilmişdir, çünki O, Öz vədlərini pozmur. Əgər o, xristianların əlində olan İncillərdə xatırlanmırsa, onda ola bilsin ki, o, Kitabın xristianlar tərəfindən unudulmuş hissəsində qalsın. Bu hadisənin, ümumiyyətlə İncildə xatırlanmaması da mümkündür, lakin insanlar tərəfindən nəsildən nəslə rəvayət edilmişdir və Allah da qərara almışdır ki, bu kifayətdir. Bu nəticəyə, yemək süfrəsinin şahidləri olmaq istəyən həvarilərin sözləri əsasında gəlmək olar. Əslində baş verən hadisə haqqında ən yaxşı bilən Allahdır.


(5.116) “(Ey Elçim!) Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim nəfsimdə olan hər şeyi bilirsən, mən isə Sənin nəfsində olanı bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!”

(5.117) “Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!”

(5.118) “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)”.

Bu, Allahı üç üqnimin üçüncü şəxsiyyəti kimi adlandıran xristianların qınanmasıdır. Allah bunu İsa peyğəmbərə (ə) xəbər verdikdə, o, belə baxışlara heç bir aidiyyəti olmadığını bildirdi. O dedi: “Ey Rəbbim! Sən bu mənfur sözlərdən sonsuzluğa qədər uzaqsan və Sən, Əzəmətinə yaraşmayan hər şeydən ucasan. Mən insanlara mənə yad olan və mənim haqqım çatmayan şeyləri deyə bilməzdim. Nə yaxın mələklər, nə peyğəmbərlər, nə də hər hansı məxluqlar ilahiləşdirilməyə layiq deyillər, çünki onları hamısı – itaətdə olan qullar və aciz varlıqlardır. Əgər mən belə bir şey desəydim, Sənə bu onsuz da agah olacaqdı, çünki Sən mənim nəfsimdə olanları, mənim etdiklərimi incəliklərinə qədər bilirsən. Sən qeybi və gizli olanları Bilənsən!”
Bu sözlərdə Məsihin öz Rəbbi ilə ünsiyyətdə riayət etdiyi kamil davranış qaydaları özünü büruzə verir. O demir ki, heç belə sözlər söyləməmişəm. Lakin onun danışığından aydın idi ki, o (ə), onun yüksək məqamı ilə bir araya sığışmayan heç bir söz söyləməmişdir. Bundan başqa, belə bir şey heç mümkün deyildi. O (ə) ən mükəmməl şəkildə Rəbbin hər cür qüsurdan pak olduğunu vurğulayır və bildirir ki, elm təkcə Ona – qeybi və aşkarda olanları Bilənə məxsusdur.
Sonra o (ə) izah edir ki, məhz o İsrail oğullarına əmr vermişdir. O deyir: “Mən onlara ancaq Sənin mənə buyurduqları demişəm. Mən – Sənin iradənə müti olan qulam və mən Sənə itaətsizlik etmərəm. Mən onlara əmr etmişəm ki, təkcə Sənə ibadət etsinlər və sədaqətlə xidmət göstərsinlər. Bu o deməkdir ki, mən onlara məni və ya anamı ilahlaşdırmağı qadağan etdim və onlara açıqlamışam ki, mən ancaq asılı olan bir qulam. Mən onlara bəyan etmişəm ki, onların Rəbbi həm də mənim Rəbbimdir. Mən onların arasında olduğum müddətdə əməllərinin şahidi idim və onlardan kimin mənim hökmlərimi yerinə yetirdiyinə və kimin bunu etmədiyinə şahidlik edə bilərəm. Sən məni (dünyadan) rahatlığa qovuşdurduqdan sonra, Sən onları, onların məxfi saxladıqları düşüncələrini və gizli niyyətlərini müşahidə edirdin. Sən bütün varlıq haqqında Öz elmin, eşitməyin və görməyinlə şahidlik edirsən. Sən bilmək lazım gələn hər şey haqqında bilirsən, eşitmək lazım gələn hər şeyi eşidirsən və görmək lazım gələn hər şeyi görürsən. Sən təkbaşına Öz qullarına layiq olduqlarının əvəzini verirsən, çünki onlarda gizlədilən xeyir və şər Sənə məlumdur. Sən onları cəzalandırmaq üçün hakimiyyətə maliksən, axı onlar – Sənin qullarındır. Sən onlara onların özlərindən daha çox mərhəmət göstərirsən. Sənə onların əməlləri məlumdur və əgər onlar itaətsizlik edən təkəbbürlü insanlar olmasaydılar Sən onları cəzalandırmazdın. Lakin Sən onları bağışlaya bilərsən, axı Sən – Qüdrətli və Müdriksən. Sənin bağışlaman Sənin mükəmməl qüdrətinin nəticəsidir. Sən, öz zəifliyi və gücsüzlüyü üzündən bağışlayan kəslərə oxşamırsan. Sən Müdriksən və sənin müdrikliyin Səndən öz əməlləri ilə bağışlanmağa layiq olanları bağışlamağını tələb edir”.

(5.119) “Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!”

Qiyamət günü başlayanda Fövqəluca Allah qullarından kimin uğur qazanacağını, kimin məhv olacağını, kimin əbədi bədbəxtliyə məhkum ediləcəyini, kimin isə xoşbəxt olacağını bəyan edəcəkdir. Həmin gün doğruçuluq əməlləri, sözləri və niyyətləri doğru yola və haqq rəhbərliyə uyğun gələn doğruçu insanlara fayda verəcəkdir. Qiyamət günü onlar belə doğruçuluğun bəhrələrini görəcək və Allah onları gerçək bir yerdə Qüdrətli Hökmdarın yanında məskunlaşdıracaqdır Onlar çaylar axan Cənnət bağlarına düşəcəklər və orada əbədi qalacaqlar. Allah onlardan razı olacaq, onlar da Ondan razı qalacaqlar. Bu böyük uğur olacaqdır. O ki qaldı yalançılara, onları başqa qismət gözləyir. Onların yalanı və iftiraları onlara böyük ziyan vuracaq və onlar yaramaz əməllərinin bəhrələrini dadacaqlar.

(5.120) “Göylərin, yerin və onlarda olan hər şeyin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!”

Allah göylərdə və yer üzərində hökmrandır, çünki O, onları yaratmış və Öz Qədər, din və ədalətli əvəz vermə Qanunlarına müvafiq olaraq idarə edir. O, bütün varlıqlar üzərində hakimdir və Ona görə mümkün olmayan bir şey yoxdur. Əksinə, bütün məxluqlar Onun iradəsinə baş əyir və hökmlərinə tabedirlər.


Tarix: 20.04.2013 / 15:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Sureler