beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 31-50

(6.31) “Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!”

Allahla görüşəcəklərini yalan hesab edən insanlar mütləq böyük zərərə uğrayacaq və hər cür yaxşılıqlardan məhrum ediləcəklər. Kafirlik onları əxlaqsız cinayətlər və ağır günahlar törətməyə vadar edir və buna görə cəza anı onları ən pis vəziyyətdə, ən yaramaz əməllər törətdikləri şəraitdə, qəflətən yaxalayır. Bu zaman kafirlər təəssüflənir və törətdikləri haqqında deyirlər: “Dünyada əlimizdən çıxanlara görə vay bizim halımıza!” Lakin bu barədə peşmançılıq çəkmək artıq çox gecdir və onlar öz murdar yüklərini çiyinlərində daşımalıdırlar. Bu yük onlara ağır gəlsə də, ondan xilas ola bilməyəcəklər. Onlar Cəhənnəmə əbədi qalmaq üçün düşəcək və Qüdrətli Hökmdarın tükənməz qəzəbinə uğrayacaqlar.


(6.32) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”

Dünya həyatı, mahiyyət etibarı ilə, oyun və kefdir: bədən üçün – oyun, qəlb üçün isə kefdir. O, insanları başlarını itirməyə məcbur edir, onların qəlbi kefə-işrətə bəslədikləri məhəbbətdən dolub daşır və onların bütün fikirləri təkcə onun haqqında düşünməklə məşğul olur. Balaca uşaqları oyuncaqlar əyləndirdiyi kimi, insanları da kef çəkmək cəlb edir. Əgər insan təqvalıdırsa, Axirət həyatı onun üçün bu dünya həyatından öz keyfiyyətlərinə və uzunmüddətliliyinə görə daha gözəl olacaqdır. Sonuncuda insanın qəlbinin arzuladığı bütün mümkün nemətlər bir yerə toplanacaqdır ki, insan onları gördükdə heyran olacaq və onlar insana hədsiz sevinc və ləzzət bəxş edəcəkdir. Amma bu nemətlər heç də hamıya nəsib olmayacaqdır – o nemətlər təkcə Allahın hökmlərini yerinə yetirən və Onun haramlarından çəkinən təqvalı möminlərə nəsib olacaqdır. Doğrudanmı insanlar bu iki həyatdan hansına üstünlük vermək lazım olduğu haqqında düşünmək və onu anlamaq qabiliyyətinə malik deyillər?

(6.33) “Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.

Ey Muhəmməd! Bizə məlumdur ki, kafirlərin sənin haqqında dedikləri səni kədərləndirir və incidir. Biz sənə layiqincə səbir etməyi tapşırmışıq və bunu ona görə etmişik ki, sən uca yüksəkliklərə nail olasan və böyük uğur qazanasan. Elə düşünmə ki, imansızlar belə dəhşətli sözləri sənə sənin peyğəmbərliyinin haqq olmasına şübhə etdikləri üçün deyirlər. Onlar səni yalançı saymırlar. Əksinə, onlar sənin haqlı olduğuna inanırlar, sənin əməllərin və rəftarın haqqında bilirlər. Sənə peyğəmbərlik verilənə qədər onlar səni əbəs yerə “əmin” və “etibara layiq olan” adı ilə adlandırmırdılar. Onların sözləri sənin vasitənlə Allahın onlara göstərdiyi ayələrini inkar etmələri izah olunur.

(6.34) “Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı”.

Sənə qədər də kafirlər Allahın elçilərini yalançı adlandırardılar, onlar isə kafirlərin etdikləri haqsızlığa və təhqirlərə səbirlə dözürdülər. Sən də onlar kimi səbirli ol və sən hökmən, onlar kimi, qələbə çalarsan. Sənə elçilərimiz haqqında hekayətlər artıq məlumdur, onlar sənin qəlbini möhkəmlətməli və sənə inam verməlidir.

(6.35) “Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmələrini istədiyini) bilməyənlərdən olma!”

Sən onları düz yola gətirməyə səy göstərir və onları haqq dinə döndərmək istəyirsən, lakin onların dinə qarşı nifrəti səni çətinliyə salmaqda davam edirsə, onda sən bütün imkanlarından istifadə et ki, Allahın düz yola gətirmək istəmədiklərini düz yola gətirəsən. Əgər sən yerdə bir lağım tapıb və ya göyə nərdivanla çıxıb onlara möcüzə gətirə bilsən, gətir, hətta bu da onlara fayda verməz. İnadkarlıq edən allahsızları doğru yola gətirə biləcəyinə ümid bəsləmə. Allah istəsəydi, onları düz cığıra salardı, lakin Allahın hikməti tələb edir ki, onlar azğın halda qalsınlar. Sənə isə, bunun mahiyyətini anlamayan və hər şeyi öz yerində qoymayan cahillər arasında olmaq yaraşmır.


(6.36) “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar”.

Ey Peyğəmbər! Təkcə o şəxslər sənin çağırışına cavab verə, sənin peyğəmbərliyini qəbul edə, hökmlərinə və qadağalarına itaətkarlıq göstərə bilər ki, onlara fayda verən şeylərə bütün qəlbi ilə diqqət yetirə bilsinlər. Belə insanlar dərrakəli və dinləmək qabiliyyətinə malik olanlardır.
Burada dinləmək qabiliyyəti adı altında, möminlərin də, kafirlərin də bacardığı sadəcə qulaqları ilə eşitmək deyil, ürəkdən qulaq asmaq və çağırışa cavab vermək qabiliyyəti nəzərdə tutulur. Fövqəluca Allah həqiqəti, öz işlərinə görə məsuliyyət daşıyan bütün məxluqlarının nəzərinə çatdırmışdır. Onların hamısı Onun ayələrini eşitmişlər və əgər onlar ayələri qəbul etməkdən boyun qaçırmışlarsa, öz hərəkətlərinə bəraət qazandıra bilməyəcəklər.
Sonra Allah bildirir ki, ölülər dirildiləcək və Onun hüzuruna qaytarılacaqlar. Bir şərhə görə, bu sözlərin mənası bundan əvvəlki ifadənin mənası ilə müqayisə edilməlidir, yəni peyğəmbər çağırışına ancaq canlı qəlbə malik olan insanlar cavab verə bilərlər, çünki qəlbi artıq ölmüş kəslər onlara xoşbəxtlik və xilas gətirə bilən şeyləri başa düşmürlər. Onlar peyğəmbər çağırışına diqqət yetirmirlər və onun hökmlərinə itaət etmirlər, Qiyamət günü başlandıqda isə Allah onları dirildəcək və Öz dərgahında toplayacaq.
Ayənin açıq-aydın mənasına istinad edən başqa bir şərhə görə isə Fövqəluca Allah ayədə dirildilmənin gerçəkliyini təsdiq edir və Qiyamət günü ölüləri dirildəcəyini və sonra da onlara etdikləri əməllər barədə xəbər verəcəyini vəd edir. Bu halda, şərh etdiyimiz ayə qulları Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab verməyə ruhlandırır və onları itaətsizlik göstərməkdən çəkindirir.


(6.37) “(Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!”

Ey Muhəmməd! Sənin gətirdiyin dinə iman gətirməkdən inadkarcasına boyun qaçıran kafirlər, öz fərasətsiz ağıllarına və pozğun istəklərinə əsaslanaraq, görmək istədikləri möcüzəni Allahın nazil etməməsindən hiddətlənmişlər.
“(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ey Elçim!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxluqata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)” (İsra, 17/90-93).
Allah insanlara istənilən möcüzə göstərməyə qadirdir, axı Onun qüdrətinin həddi-hüdudu yoxdur. Məgər ola bilər ki, bütün yaradılmışların Onun qarşısında itaət etdikləri və Onun hökmranlığının bütün varlıqlara aid olduğu bir halda, başqa cür mümkündürmü?! Lakin insanların əksəriyyəti biliyə malik deyil. Onlar öz nadanlıqları üzündən, onlara bədbəxtlik gətirə bilən möcüzələr göstərilməsini tələb edirlər. Axı əgər onlar bu möcüzələri gördükdən sonra da iman gətirməkdən boyun qaçırsalar, onlar elə o saat cəzalandırılacaqlar. Allahın müəyyən etdiyi dəyişməz qaydaları belədir!
Əgər onlar haqqı tanımalarına və doğru yolu aydınlaşdıracaqlarına imkan verəcək möcüzələr görmək istəyirlərsə, onda Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) artıq onlara öz təliminin gerçəkliyini təsdiq edən təkzibolunmaz möcüzələr göstərmiş və inandırıcı dəlillər gətirmişdir. Bunun sayəsində Allahın qulları hər hansı bir dini məsələ ilə əlaqədar, onların qəlbində şübhəyə yer qoymayan çoxsaylı məntiqi sübutlar və inandırıcı mətnlər tapa bilərlər.
Şan-şöhrəti mübarək Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) ən gerçək təlim və haqq dinlə göndərmiş və onun həqiqi peyğəmbərliyini aydın ayələrlə təsdiq etmişdir ki, həlak olanlar tam aydınlıq içində həlak olsunlar, həyatda qalanlar da tam aydınlıq içində yaşasınlar! Eşidən və Bilən Rəbbin Şanı Ucadır.

(6.38) “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir”.

Yerdə məskunlaşan və göydə uçan bütün canlı varlıqlar, ev heyvanları, vəhşi heyvanlar və quşlar cəm halındadırlar və insan cəmiyyətinə bənzərlər. Axı Allah onları Öz qüdrəti və Öz yenilməz iradəsi sayəsində onları xəlq etmişdir və bu, həmçinin bütün bəşəriyyətə münasibətdə də qeyd-şərtsiz şamil və icra edilir. O, Öz Kitabında heç nəyi unutmamışdır. O, Qorunan Lövhəsində (Lövhi-Məhfuz. F.S.)bütün mühüm və ya azəhəmiyyətli hadisələri yazmışdır və onların hər biri, Qorunan Lövhədə Qələmin yazdığına tam uyğun olaraq baş verir.
Bu ayə ilk Kitabın Kainatda baş verən hər şey haqqında məlumatı özündə əks etdirdiyinə dəlalət edir. Buna iman isə Allahın qədərinə və taleyə imanın ibarət olduğu dörd tərkib hissədən birini təşkil edir. Allahın bütün varlığı əhatə edən biliyinə iman; Allahın bütün məxluqlara aid yazısı; Onun iradəsinin bütün baş verənlərə qeyd-şərtsiz şamil olması; və Onun bütün məxluqları və onların əməllərini yaratması bu tərkib hissələrə aiddir.
Digər bir şərhə görə isə, bu ayədə Kitab adı altında Müqəddəs Quran nəzərdə tutulur. Belə olduqda, onun mənası aşağıdakı ayənin mənasına oxşayır: “...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl, 16/89).
Sonra Allah xəbər verir ki, bütün xalqlar nəhəng və qorxunc bir meydanda Onun qarşısında toplanacaqlar və o zaman Allah Öz mərhəməti və ədalətinə müvafiq olaraq hər bir insana layiq olduğunun əvəzini verəcək. Onun çıxardığı hökmə görə məxluqların birinci və sonrakı nəsilləri, göylərin və yerin bütün sakinləri Onu tərifləyəcəklər.


(6.39) “Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər”.

Allah Onun ayələrini yalan sayan və Onun elçilərini inkar edən kafirlərin vəziyyətini izah edir. Onlar özləri qarşılarında düz yola aparan qapını bağlamış və onları məhvə aparan qapıları açmışlar. Onlar həqiqəti söyləmək zəruriyyəti yarandıqda, ona qarşı kar və lal olurlar, çünki onların bütün danışıqları yalan və faydasızdır. Onlar cahillik, imansızlıq, zalımlıq, inadkarlıq və itaətsizlik zülmətinə dalmışlar, çünki Allah Özü onları azğınlığa salmaq istəmişdir. O, kimi doğru yola yönəltməyi, kimi də azğınlığa salmağı təkbaşına qərara alır. Bu zaman O, həmişə mərhəməti və müdrikliyinə əsaslanır.


(6.40) “(Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa (deyin görək)!”

Ey Elçi! Öz “tanrıçalarını” Allahla bərabər tutan müşriklərdən soruş ki, Allahın cəzası onları haqlayanda və ya Qiyamət saatı başlayanda onlar öz bütlərinimi çağıracaqlar? Doğrudanmı onlara böyük bir fəlakət düçar olanda və ondan xilas olmaq istəyəndə köməyə bütlərini və heykəllərini çağıracaqlar? Ya da onlar təkcə öz Rəbbinə, Həqiqi və Açıq-aşkar Hökmdar olana pənah aparacaqlar?


(6.41) “Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)”

Siz çətin anlarda öz tanrıçalarınızı unudursunuz, çünki sizə çox gözəl məlumdur ki, onlar fayda vermir, ziyan vurmur və nə də həyatı, ölümü və dirilişi idarə etmirlər. Sizə bir bədbəxtlik üz verdikdə, səmimi olaraq dualarınızla Allaha müraciət edirsiniz, çünki sizə həmçinin məlumdur ki, təkcə O, fayda gətirir, ziyan vurur və ehtiyacı olanların dualarının əvəzini verir. Bəs onda siz əmin-amanlıqda həzz aldığınız zaman niyə Ona şərik qoşursunuz? Siz məntiqi dəlillərə və ya Müqəddəs Kitablara istinad edirsiniz? Siz öz əməllərinizin ədalətli olduğunu əsaslandıra bilərsinizmi? Yainki siz Allahın Özünü aldatmağa cəhd göstərirsiniz?

(6.42) “Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar”.

(6.43) “Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri bəzəkli göstərdi”.

Biz elçilərimizi qədim xalqlara və insanların əvvəlki nəsillərinə göndərdik, lakin onlar elçilərimizi yalançı adlandırıb, ayələrimizi rədd etdilər. Biz onları dilənçiliyə, xəstəliklərə, bəlalara və afətlərə düçar etdik. Amma bütün bu bədbəxtliklər onlara qarşı mərhəmətimizdən irəli gəlirdi, çünki belə çətinliklər onları dözülməz anlarda Qarşımızda itaət etməyə məcbur qoyurdu və onları Himayəmizə sığınmağa vadar edirdi. Buna baxmayaraq, onların qəlbi bu sınaqlardan ancaq sərtləşirdi və onlar haqqa meyl etməkdən qaçırdılar. Şeytan onlara qüsurlu əməllərini bər-bəzəkli göstərir və onlar da inanırdılar ki, həqiqi dinə etiqad edirlər. Şeytan onların ağlı ilə əyləndiyi vaxt ərzində onlar öz yalanlarından çox az müddətdə ləzzət ala bildilər.
(6.44) “(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular”.
Onlara verilən öyüd-nəsihətləri unutduqları zaman, Biz bu dünyanın, onları haqqa etinasız edən nemət və kef qapılarını qarşılarında laybalay açdıq. Lakin onlara bəxş edilmiş nemətlərə sevindikləri anda, Biz onları cəzaya düçar etdik və bu, onları gözləmədikləri halda sarsıtdı və xoşbəxt sonluğa gəldikləri ümidindən məhrum etdi. Həqiqətən, bu, ən əzablı cəzadır. O, günahkarı dərdsiz-qəmsiz əyləndiyi və özünü tam əmin-amanlıq içində hiss etdiyi anda qəfildən yaxalayır. Bu ona görə belədir ki, günahkarın əzabları daha dəhşətli, onun bədbəxtliyi isə daha böyük olsun.


(6.45) “Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!”

Zalımlar amansız cəzaya məruz qoyuldular və bu onların həyat yolunu bağladı. Həmd olsun Allah, aləmlərin Rəbbinə! O, Özünün qədəri ilə kafirləri məhv edir və bununla da Öz ayələrini izah edir. O, Öz dostlarına mərhəmət göstərir, düşmənlərini alçaldır, elçilərinin təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq edir.

(6.46) “(Ey Elçim!)De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər”.

Fövqəluca Allah bildirir ki, O – nəinki Vahid Yaradan və Kainatın Hökmdarıdır, həm də müqəddəsləşdirilməyə və ibadətə layiq olan Tək Allahdır. O, insanları eşitməkdən və görməkdən məhrum etməyə, onların qəlbinə möhür vurmağa qadirdir və onlar eşitməkdən, görməkdən və ağıldan məhrum ediləcəklər. Bəs onda məhrum edildiklərini insanlara kim qaytara bilər? Allahdan başqa, heç kim! Bəs onda onlar niyə Onunla bərabər, Allah istəmədikcə heç bir şeyə qabiliyyətləri çatmayan məxluqlara ibadət edirlər?
Bu dəlil tövhidin gerçəkliyini sübuta yetirir və müşrikliyin əsassızlığını ifşa edir və buna görə də, sonra Allah haqqa işıq saçan və cinayətkarların yollarını aşkara çıxaran müxtəlif ayələr üzərində düşünməyi əmr edir. Lakin yenə də belə mükəmməl izahlara baxmayaraq, insanlar Onun ayələrindən üz döndərməkdə davam edirlər.

(6.47) “De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”

Allahın cəzası insanları qəflətən, onlar onu gözləmədikləri vaxtda yaxalaya bilər. Lakin ola da bilər ki, onlar bundan əvvəl onun əlamətlərini görüb, o cəzanın yaxınlaşdığını anlasınlar. İstənilən halda o cəza təkcə zalımları məhv edəcək, çünki onların zülmkarlığı və inadkarlığı amansız cəzalandırılmaya layiqdir. Qoy insanlar zalımlıq etməkdən çəkinsinlər ki, onlara əbədi fəlakət və sonsuz bədbəxtliklər düçar olmasın.

(6.48) “Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”

(6.49) “Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!”

Fövqəluca Allah xəbər verir ki, bütün peyğəmbərlər (insanlara) müjdə ilə və xəbərdarlıq etmələri üçün göndərilmişlər. Elçilərin hamısına izah edilmişdi ki, kimə müjdə verməli və kimi nə ilə sevindirməlidirlər və müjdəyə layiq olmaq üçün qullar hansı əməlləri yerinə yetirməlidirlər. Onlara həmçinin izah edilmişdi ki, kimi xəbərdar edib çəkindirməli, nədən çəkindirməli idilər və qullar hansı əməlləri törədəndə qorxunc xəbərdarlığa layiq görülürlər.
Lakin insanların heç də hamısı elçilərin (onlara Allahın salamı olsun!) çağırışına cavab vermirdilər və buna görə onlar iki qismə ayrılırdılar. Onlardan bəziləri Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirir, öz baxışlarını, əməllərini və niyyətlərini islah edib düzəldirlər. Belə insanlar onları qarşıda nə gözlədiyindən qorxmayacaq və əvvəllər etdiklərinə görə kədərlənməyəcəklər. Digərləri isə Allahın ayələrini yalan saydılar və özlərini, Ona itaət etməkdən boyun qaçırdıqlarına görə, dadmalı olacaqları cəzaya məhkum etdilər.

(6.50) “De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

Kafirlər Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) tələb edirdilər ki, onlara müəyyən möcüzələr göstərsin və belə hesab edirdilər ki, o (ona Allahın salavatı və salamı olsun!) onlara özünə (ona Allahın salavatı və salamı olsun!) ibadət etməyi təklif edir. Belə olduqda, ona (ona Allahın salavatı və salamı olsun!) əmr edildi ki, onlara desin: “o (ona Allahın salavatı və salamı olsun!), Allahın mülkünün və səxavətinin sərəncam çəkəni deyil və qeybi də bilmir, çünki bu keyfiyyətlərə malik olan yalnız Allahdır.
Fövqəluca Allah buyurur: “Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi də Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Fatir, 35/2);
“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar...” (Cinn, 72/26-27).
Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) həmçinin aşağıdakıları demək buyurulmuşdu: “Mən özümü qüdrət sahibi olan və hər cür tapşırığı yerinə yetirən mələk adlandırmıram. Mən, Allahın məni qoyduğu yerdən daha yüksək bir mövqeyə iddia etmirəm. Mənim vəzifəm mənə nazil edilən Vəhyə əməl etməkdir. Mən ona uyğun olaraq hərəkət edirəm və bütün insanları da buna dəvət edirəm. Əgər siz mənim əsil vəziyyətimi bilirsinizsə, onda bəs siz məndən niyə məndən mənim heç vaxt etməyəcəyim əməli tələb edirsiniz? Məgər insandan aidiyyəti olmayan bir şeyi tələb etmək olarmı? Niyə mən sizi Vəhylə aldığıma dəvət edəndə, niyə siz mənə, mənə xas olmayan vəzifəni öhdəmə götürməyi təklif edirsiniz? Məgər sizin bu hərəkətiniz zalımlığın, inadkarlığın və kobudluğun təzahürü deyilmi? Siz mənim xütbələrimi qəbul edib, mənə Vəhylə nazil olana tabe ola bilərsiniz və ya ondan boyun qaçıra bilərsiniz, lakin bu iki əməl arasında fərq tamamilə aydındır. Məgər korla görəni müqayisə etmək olarmı?! Məgər siz düşünmür və hər şeyi öz yerinə qoya bilmirsiniz? Doğrudanmı siz həqiqətən üstünlük verilməli olan şeyə üstünlük verməyəcəksiniz?”


Tarix: 20.04.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 443 Bölmə: Sureler