beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 71-95

(6.71) “De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilib”

Ey Elçi! Allaha şərik qoşan müşriklər və Onun yerinə başqa tanrıçalara dua edənlər sizi öz dinlərinə çağırırlar və öz tanrıçalarının keyfiyyətlərini sizə izah edirlər. Axı onların haqqında bir xatırlatma bəs edər ki, ağıllı insan onlara ibadət etməkdən boyun qaçırsın. Dərrakəli insana müşriklərin baxışları ilə sadəcə tanış olmaq kifayətdir ki, hələ təkzibedilməz dəlillər əldə edilənə qədər, onların qüsurluluğuna əmin olsun.
Doğrudanmı onlar güman edirlər ki, siz Allahdan başqa hələ sizə kömək edə və ya zərər vura bilməyən məxluqlara ibadət edəcəksiniz? Bu keyfiyyətlər Allahdan başqa ibadət edilən məxluqların hamısına məxsusdur, çünki yaradılmışlar kiməsə özbaşına xeyir gətirməyə və ya zərər verməyə qadir deyillər. Kainatda baş verənlər onların sərəncamında deyil, çünki hakimiyyət bütövlükdə bir olan Allaha məxsusdur. Doğrudanmı onlar elə fikirləşirlər ki, O, sizi doğru yola yönəltdikdən sonra siz geriyə dönəcəksiniz? Doğrudanmı onlar elə düşünürlər ki, siz azğınlıq xatirinə hidayət yolundan əl çəkəcəksiniz və işgəncəli cəzalara aparan yollar xatirinə Cənnət bağları səadətinə aparan yoldan dönəcəksiniz? Ağlı başında olan adam heç vaxt bu seçimlə razılaşmaz, çünki belə edən şəxs şeytanların yerdə azdırdığı, düz yoldan çıxartdığı, arzu edilən məqsəddən uzaqlaşdırdıqları kəslər ola bilər ki, onlar xeyirlə şərin dəvətçiləri arasında tərəddüd içində qalaraq nə edəcəklərini bilmirlər.
Fövqəluca Allahın qoruduqlarından başqa yerdə qalan bütün insanların vəziyyətini belə səciyyələndirmək olar, çünki adamlar həmişə ziddiyyətli maraqlara malik olur və müxtəlif qüvvələrin təsiri altına düşürlər. Bir tərəfdən, onlar insanları doğru yolla getməyə və böyük yüksəkliklərə qalxmağa çağıran peyğəmbər təliminin, sağlam düşüncənin və qüsursuz təhtəlşüurun təsirini hiss edirlər. Digər tərəfdən isə onlar şeytanın, onun ardıcıllarının və öz nəfslərinin pislik törətmək çağırışının təsirinə məruz qalırlar. Bu amillər insanları azğınlığa itələyir və onları Cəhənnəmin lap dibinə sürükləyirlər. İnsanlar arasında elələri var ki, həmişə və ya əksər hallarda doğru yolu göstərənlərin çağırışlarını dinləyirlər. Onların arasında elələri də var ki, əksinə davranırlar. Elələri də var ki, hər iki çağırışa qulaq asırlar və bir- birinə zidd olan hər iki tərəfin eyni dərəcədə təsiri altındadırlar. Bu meyarı bildikdən sonra və ondan istifadə edərək xoşbəxt möminləri və bədbəxt günahkarları ayırd etmək mümkündür.
Allah qeyd edir ki, yeganə doğru yol, Onun Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) dili ilə qanuniləşdirdiyi yoldur, çünki bütün qalan yollar azğınlığa və məhvə doğru aparır. Müsəlmanlara tövhidə etiqad etmək, dini hökmlərə və qadağalara riayət etmək və öz Rəbbinə ibadət etmək əmr olunmuşdur. Həqiqətən, bu, Allahın qullarına göstərdiyi ən əzəmətli və mükəmməl qayğısının təzahürüdür.

(6.72) “Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.

İnsanlara, şərtlərini yerinə yetirməklə namaz qılmaq, həmçinin fərz və könüllü sünnələri icra etmək, Allahın hökmlərini yerinə yetirərək və Onun qadağalarını pozmadan təqvalılığa etiqad etmək əmr olunmuşdur, çünki Qiyamət günü onlar Onun yanına toplanacaq və özlərinin yaxşı və pis əməllərinə görə əvəz alacaqlar.

(6.73) “Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun Sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, Hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”

Allah göyləri və yeri həqiqət naminə yaratmışdır ki, Öz qullarına hökmlər və qadağalar nazil etsin, kimisini mükafatlandırsın, kimisini də cəzalandırsın. Onun Sözü – şübhə doğurmayandır və onu ikimənalı başa düşmək mümkün deyil ( Deyildiyi kimi anlamaq lazımdır. F.S.) O, əbəs yerə və əylənmək xatirinə heç nə söyləmir. Qiyamət günü hökm vermək təkcə Ona məxsus olacaqdır.
Şübhəsiz ki, Allah bütün zamanlarda bütün varlığın Sahibidir, lakin O, Qiyamət gününü xüsusilə vurğulayır, çünki həmin gün bütün məxluqlar onlara məxsus olan hər cür hakimiyyətdən məhrum ediləcək və Qüdrət və Əzəmət Sahibi Allah Kainatın Vahid Hakimi olaraq qalacaq. O, bütün qeybə və aşkara malikdir, mütləq hikmət, hədsiz mərhəmət, böyük xeyirxahlıq Sahibidir və bütün sirlər, gizli olan şeylər haqqında hərşeyiəhatəedən biliklər Onundur. O, Vahid Allah və Rəbdir.

(6.74) “(Ey Elçim!) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”

Ey Muhəmməd! İbrahim peyğəmbərin (ə) hekayətini xatırla, onu xoş sözlə yad et və tövhidə dəvətinə və insanları bütpərəstlikdən çəkindirdiyinə görə onu təriflə! O, öz atası Azərə belə demişdi: “Doğrudanmı sən sənə fayda verməyi və ya zərər vurmağı bacarmayan və ətrafda baş verən hadisələr üzərində heç bir hakimiyyəti olmayan tanrıçalara ibadət edəcəksən? Mən hesab edirəm ki, sən və sənin qəbilədaşların – açıq-aşkar azğınlıq içindəsiniz, axı siz ibadətə layiq olmayan “tanrılara” ibadət edirsiniz və sizi xəlq edən, sizə ruzi verən və sizi idarə edən Allaha ibadətdən boyun qaçırırsınız”.

(6.75) “Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!”

Biz İbrahimə göylər və yer üzərində hakimiyyətin nə demək olduğunu göstərdik ki, onu tək Allaha ibadətə və insanları tövhidə dəvət etməyə ruhlandıraq. Biz ona təkzibolunmaz dəlilləri və inandırıcı sübutları görməyə imkan verdik ki, o, möhkəm iman sahibi olsun, çünki etiqad və biliklər, insanın tapmağı bacardığı dəlillərdən asılıdır.

(6.76) “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm” - söylədi”.

Gecənin qaranlığı İbrahimi bürüyəndə o, göydə bir səma cismi gördü. Yəqin ki, bu, son dərəcə parlaq işıq saçan planet idi, çünki təkcə bir səma cisminin xatırlanması onun bütün qalan ulduzlardan fərqli və üstün olduğunu sübut edir. Bir sıra müfəssirlər hesab edirdilər ki, o, Venera imiş. Bu barədə ən yaxşı bilən Allahdır.
İbrahim ucadan dedi: “Budur mənim Rəbbim!” O, özünü elə göstərdi ki, sanki bütpərəstlərə inanmışdır və onun sözlərinin mənası beləydi: “Bu göy cismi mənim Rəbbim olacaq! Amma gəlin baxaq, görək, o, ibadət olunmağa layiqdirmi? Bizdə onun ilahlığı haqqında dəlillər varmı? Dərrakəli insana öz ürəyindən keçənləri ilahlaşdırıb, inandırıcı sübut və dəlillərə istinad etmədən onlara tanrı kimi ibadət etmək yaraşmaz”.
Həmin səma cismi yoxa çıxıb gözdən itdikdə, o dedi: “Mən, ibadət edənləri tərk edərək, diyirlənib gedən tanrıları sevmirəm. Əsil ilah Ona ibadət edənlərin daima qayğısını çəkməli və onların ən zəruri işlərini idarə etməlidir. Əgər tanrı insanları uzun müddətə tərk edirsə, məgər belə tanrı ibadətə layiqdirmi?! Məgər ona ibadət etmək böyük axmaqlıq və əcayib bir uydurma deyilmi?!”

(6.77) “(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım” - söylədi”.

Başqa göy cisimlərindən fərqlənən və daha güclü işıq verən doğan ay səmada görünəndə, o, yenə də özünü elə apardı ki, guya bütpərəstlərlə razılaşmışdır. İbrahim (ə) ucadan səsləndi: “Budur mənim Rəbbim! Bu o birilərdən böyükdür”. Ay batanda isə o (ə) belə dedi: “Əgər Rəbbim məni düz yolla aparmasa, mən hökmən yolunu azmışların arasında olaram”. O (ə), Rəbbindən doğru təlimat almağa güclü ehtiyac hiss etdi və başa düşdü ki, əgər O, onu (ə) doğru yola yönəltməsə, bunu başqa heç kim etməyəcəkdir və əgər O, ona (ə) xeyirxah işlər görməkdə kömək etməzsə, onda heç kim ona (ə) belə bir yardım göstərə bilməz.

(6.78) “(Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cisimlərindən) uzağam!”

(6.79) “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”

Doğan günəşi gördükdə isə, İbrahim (ə) dedi: Budur mənim Rəbbim” O, ulduzlardan və Aydan da böyükdür”. Lakin tezliklə günəş də qürub edib batdı və o (ə), doğru yolu azğınlıqdan fərqləndirə bildi. O (ə) belə bəyan etdi: “Ey mənim xalqım! Mən sizin Allahın yerinə ibadət etdiklərinizdən uzağam, çünki sizin əməllərinizin yanlışlığını aydın və inandırıcı dəlillər sübuta yetirdi. Mən qərara aldım ki, təkcə Ona səmimi qəlbdən ibadət edim və bütün başqa tanrılardan üz döndərdim. Mən müşriklərdən deyiləm”. Beləliklə, İbrahim (ə) şirkdən əl çəkdiyini və tövhid dinini qəbul etdiyini bildirmiş və bu qərarını dəlillərlə əsaslandırmışdı.
Bu və əvvəlki ayələrin xatırlatdığımız şərhi ən səhih olanlardandır. Onlarda deyilirdi ki, İbrahim (ə) öz həmtayfaları ilə mübahisə edərək, göy cisimlərinə və başqa məxluqlara sitayiş etməyin yanlışlığını onlara göstərirdi. Hərçənd bəzi şərhçilər belə hesab edirdilər ki, o hekayətlərdə İbrahimin uşaqlıq çağının düşüncələri yad edilmişdir, lakin bu rəy səhih dəlillərlə təsdiq olunmur.

(6.80) “Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?”

(6.81) “Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?”

İbrahimin (ə) tayfadaşları onunla mübahisə etməyə başladıqda o (ə) dedi: “Doğrudanmı, Allah məni düz yola yönəltdikdən sonra siz mənimlə Onun barəsində höcətləşirsiniz? Haqqı başa düşməyən insanlarla mübahisə nə fayda verə bilər? Əgər Allah insanı doğru yola yönəltmişsə və o, ən yüksək dərəcədə iman sahibi olmuşsa, onda o, başqa insanları özünün iman gətirdiyinə dəvət etməlidir. Mən sizin Allahdan başqa sitayiş etdiklərinizdən qorxmuram, çünki sizin “tanrılarınız” mənə zərər vurmağa və məni xeyirdən məhrum etməyə qadir deyillər. Ancaq Rəbbimin istədiyi mənim başıma gələ bilər. O, Öz elmi ilə bütün varlığı əhatə edir. Məgər siz düşünmürsünüz və anlamırsınız ki, Allah – ibadətə layiq olan Vahid bir Rəbdir? Əgər siz haqlı olmanıza dair heç bir sübutunuz olmadan, nəfsinizə uyaraq, Allaha ibadət etmək əvəzinə, bütlərə ibadət etməkdən qorxmursunuzsa, mən sizin köməksiz və faydasız olan “tanrılarınızdan” niyə qorxmalıyam? Sizdən kimin özünü təhlükəsizlikdə hiss etməyə daha çox əsası var? Əgər həqiqəti bilirsinizsə, deyin!”

(6.82) “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”

Fövqəluca Allah möminlərə və kafirlərə dair hökm verir. O bildirir ki, təkcə iman gətirənlər və öz imanını zalımlığa çulğamayanlar doğru yolda və əmin-amanlıq içindədirlər. Belə insanlar qorxudan, cəzadan və bədbəxtliklərdən xilas olmuş və doğru yolla yönəldilirlər. Əgər onlar imanlarını qətiyyən zalımlığa uğratmırlarsa, nəinki şirkdən qaçır, hətta itaətsizlikdən də çıxmırlarsa, onda onlar istənilən bəlalardan qorunur və ən mükəmməl tərzdə yönəldilirlər. Əgər onlar şirkdən uzaq duraraq, günah işlədirlərsə, onların təhlükəsizliyi və doğru yola sadiqliyi kamil deyildir.
Bu kərim ayədən aydın olur ki, əgər insan iman gətirməyibsə və zalımlıq edirsə, onda o, haqq təlimdən məhrum edilmişdir və çox ciddi təhlükə qarşısındadır və belə insanların nəsibi azğınlıq və bədbəxtliklər olacaqdır.

(6.83) “Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir”.

Allah İbrahimə (ə) inandırıcı dəlillər bəxş etdi ki, onların vasitəsilə öz tayfadaşlarının baxışlarını sarsıtdı və onlara qalib gəldi. Allah İbrahimi (ə) dünya həyatında və Axirətdə ucaltdığı kimi, istədiyini dərəcələrlə yüksəldir. Bilik həmişə insanlara başqa qulları ötüb keçməyə kömək edir, xüsusilə, əgər onlar onu nəinki sadəcə əldə edir və həm də işlərində ona əsaslanır və onu ətrafdakılarına da öyrədirlər. Allah belə insanları təqlid üçün nümunə edir və adamlar da onların davranışını müşahidə edir, addım-addım onların ardınca gedir, məsləhətlərinə qulaq asır və onların biliyinə istinad edərək cahillik zülmətindən xilas olmağa cəhd edirlər. Fövqəluca Allah buyurur: “...“Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...” (Mücadələ, 58/11). Allah Müdrik və Hərşeyibilən Rəbb olduğu üçün ancaq layiq olanlara bilik və müdriklik bəxş edir. O, onları kimə bəxş etməsini və kimin daha ləyaqətli olmasını ən yaxşı bilir.

(6.84) “Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq”.

Özünün sevimli qulu İbrahim (ə) haqqında hekayətdən sonra, Allah onun (ə) bilikləri, möizələri və səbirli olmasından – ona bəxş etdiyi gözəl keyfiyyətlərindən xəbər verir. Allah onu (ə) saleh nəsillərlə şərəfləndirir və bütün bəşəriyyətin ən alicənab və ən şərəfli nümayəndəsini onun (ə) nəslindən edir. Bununla da Allah İbrahimə (ə), başqa insanların layiq görülmədiyi böyük iltifat göstərir.
Allah ona (ə) İshaq (ə) adlı oğul və Yəqub (ə) adlı nəvə əta edir ki, onu sonralar İsrail adlandırmışlar. İsrail, Allahın dünyalar üzərində yüksəltdiyi bütöv bir xalqın ulu babası olur. Allah onların hər ikisinə dini biliklər verərək, doğru yola yönəldir və onları xeyirxah əməllərə ruhlandırır. Daha əvvəllər O, Nuhu (ə) düz yola yönəltmişdi. Ona xüsusi təlimat verilmişdi ki, o, ancaq bəzi adamlara – ruhən möhkəm olan elçilərə qismət olmuşdu ki, onlardan biri də o özü idi. Bundan başqa, Allah onun (ə) bir çox nəsillərini də doğru yola yönəltmişdi.
Bir şərhə görə, bu ayədəki əvəzlik Nuha (ə) aiddir, çünki o, (ayədə) sonuncu xatırlanır. Bundan başqa, burada sadalanan peyğəmbərlər arasında Lut (ə) xatırlanır ki, o, Nuhun (ə) nəslindən idi və İbrahimin (ə) nəslindən deyil – onun qardaşının oğluydu.
Bir başqa şərhə görə isə bu ayədəki əvəzlik İbrahimə (ə) aiddir, çünki bu Quran parçasında məhz bu şərəfli peyğəmbərin ünvanına təriflər söylənmişdir. Hərçənd Lut (ə) onun (ə) birbaşa nəslindən olmasa da, o (Lut ə.), onun (İbrahim ə.) möizələri sayəsində iman gətirmişdi və bu, Allahın sevimlisi İbrahimə (ə) daha çox şərəf gətirir, nəinki Lutun (ə) İbrahimin (ə) birbaşa nəslindən olması.
Allah Davudu, onun oğlu Süleymanı, Əyyubu, Yusufu (Yəqubun oğlunu) və həmçinin Musanı və Harunu (İmranın oğullarını) (hamısına Allahın salamı olsun!) doğru yolla aparmışdır. Allah İbrahimin (ə) nəsillərini mömin insanlar etmişdir, axı o (ə) Ona səmimi qəlbdən ibadət etmiş və məxluqlara fayda vermişdir. Allah bütün yaxşılıq edənləri bu minvalla mükafatlandırır və onlardan sonra onların haqqında, onların nəsilləri haqqında gözəl xatirələr qoyur və bu mükafatlar onların möminliyinin və xeyirxahlıqlarının dərəcəsindən asılı olur.


(6.85) “Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi”.

Doğru yolla aparılanlar arasında Zəkəriyyə (ə), onun oğlu Yəhya (ə), (Məryəm oğlu) İsa (ə) və İlyas (ə) da vardı. Onların hamısı mömin insanlardılar, çünki öz keyfiyyətlərinə, əməllərinə və biliklərinə görə fərqlənirdilər. Bundan başqa, onlar möminlərin təqlid edilməyə layiq olan başçıları və rəhbərləri idilər.

(6.86) “Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq”.

Allah İsmaili (ə) də doğru yolla aparmışdı. O (ə), İbrahim peyğəmbərin (ə) oğlu və yerdə yaşayan xalqların ən şərəflisi olan ərəblərin ulu babası idi və onun birbaşa nəslindən olan isə Adəmin bütün oğullarının ağası Muhəmməd Peyğəmbərdir (ona Allahın salavatı və salamı olsun!).
Eləcə də Yunus – Mattanın oğlu və Lut – Haranın oğlu və İbrahim peyğəmbərin (ə) qohumu doğru yolla getdilər. Onlar, Allahın başqa insanların üzərində ucaltdığı peyğəmbərlər və elçilər idilər.
Bilmək lazımdır ki, Fövqəluca Allahın aşağıdakı ayəsində xatırlanan dörd üstünlük dərəcəsi vardır: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (Nisa, 4/69).
Bu ayələrdə adları keçən qullar ən yüksək dərəcəyə mənsubdurlar. Bundan başqa, onlar Allahın elçiləri arasında ən ləyaqətliləridir, çünki Allahın Öz Kitabında xəbər verdiyi elçilər, Onun tarixçələrini danışmadığı elçilərdən üstündürlər və buna heç bir şübhə yoxdur.

(6.87) “Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik”.

(6.88) “Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı”.

Allah yuxarıda xatırlanan peyğəmbərlərin bəzilərinin atalarını, övladlarını və qardaşlarını da doğru yola yönəltmişdir. O, onları seçərək düz yolla aparmışdır. Allah qullarına Öz ilahi təlimatını bəxş edir və bundan başqa doğru təlimat yoxdur. Qoy insanlar Ondan onlara belə bir təlimat əta etməsini diləsinlər, çünki əgər O, onları doğru yolla aparmasa, başqa heç kim bunu edə bilməz.
Əgər yuxarıda yad edilən peyğəmbərlər Allaha şərik qoşsaydılar, onların bütün əməlləri əbəs və faydasız olardı, çünki Ona şərik qoşulması istənilən əməli heçləşdirir və insanı Cəhənnəmdə əbədi iztirablara məhkum edir. Əgər Allaha şərik qoşmaq hətta seçilmiş qulların xeyirxah əməllərini də məhv edirsə, onda bütün qalan insanlar haqqında nə demək olar?

(6.89) “Onlar Bizim Kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).

(6.90) “Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (İslam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir möizədir (öyüd-nəsihətdir)”.

Alicənab Elçiyə (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, digər şərəfli peyğəmbərlərin yolu ilə getsin və o (ona Allahın salavatı və salamı olsun!), bu əmri yerinə yetirdi. O (ona Allahın salavatı və salamı olsun!), özündən əvvəl ən gözəl keyfiyyətlərə malik sələflərinin işini davam etdirdi. O (ona Allahın salavatı və salamı olsun!) özündə onların keyfiyyətlərini və yaxşı cəhətlərini cəmləşdirdi və bunun sayəsində bütün məxluqları ötüb keçdi. O (ona Allahın salavatı və salamı olsun!), elçilərin ağası və təqvalı qulların rəhbəri oldu. Ona Allahın salavatı və salamı olsun və Onun bütün qalan elçilərinə də! Belə mühakimələrə istinad edərək bəzi səhabələr təsdiq edirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allahın elçiləri arasında ən yaxşısı idi.
Sonra Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, onun (ona Allahın salavatı və salamı olsun!) dəvətindən üz çevirənlərə desin: “Mən Vəhyi aranızda yaydığıma və onu nəzərinizə çatdırdığıma görə sizi maddi öhdəliklərlə yükləmirəm və sizdən mükafat istəmirəm. Əgər mən belə etsəydim, mənim ardımca getməməyə haqqınız olardı. Lakin mən mükafatımı Allahdan istəyirəm. Sizə isə mən bir Xatırlatma verirəm ki, ondan sizə fayda verən və zərər vuran şeyləri öyrənəsiniz. Onun sayəsində siz düzgün əməllər edə və günahlardan çəkinə bilərsiniz. Siz öz Rəbbinizi Onun adları və sifətləri vasitəsilə dərk edə bilər, mömin əxlaqını və onu necə əldə etməyi və həmçinin yaramaz məziyyətlər və onlara aparan yollar haqqında öyrənərsiniz. Əgər mənim möizələrim məxluqlar üçün xatırlatmadırsa və Allahın Öz qullarına göstərdiyi böyük mərhəmətdirsə, onda siz onları qəbul etməklə Ona həmd etməlisiniz.

(6.91) “Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ey Elçim!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər)”.

Bu, peyğəmbərə nazil olan vəhyləri inkar edən o yəhudilərin və müşriklərin qınanmasıdır ki, onlar Allahın insanlara heç nə nazil etmədiyini bəyan edirlər. Onlar bunu ona görə deyirlər ki, özləri Allahı layiqincə dəyərləndirmirlər. Onlar Onun əzəmətini və müdrikliyini qiymətləndirə bilmədilər və qərara gəldilər ki, O, qullarını özbaşına buraxacaq və onlara Öz hökm və qadağalarını göndərməyəcək. Onlar Allahın Öz qullarına göstərdiyi ən böyük mərhəməti – peyğəmbərə nazil etdiyi vəhyi təkzib etdilər, halbuki, onlar onsuz xoşbəxtlik, nemət və uğur əldə etmək imkanına malik deyillər. Allahın ünvanına bundan artıq həqarət ola bilərmi?!!
O, onların qəbul və etiqad etdikləri baxışlarına söykənən bəyanatlarının yanlışlığını ifşa etdi. Bundan ötrü Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurdu ki, belə desin: “Bəs öz nuru ilə cahillik zülmətini yaran, insanları azğınlıqdan doğru yola çıxardan və onlara həqiqi bilikləri və xeyirxah əməlləri izah edən Böyük Tövratı Musaya kim nazil etmişdi? Bu Kitab haqqında xəbər bütün dünyaya yayılmış və bütün qəlblərə və qulaqlara çatmışdır. Siz isə onu ayrı-ayrı vərəqlərdə yazmağa və ondan istədiyiniz kimi istifadə etməyə başladınız. Siz insanlara öz maraqlarınıza uyğun olanları göstərir, onun, maraqlarınıza uyğun gəlməyən böyük bir hissəsini isə onlardan gizlədirsiniz. Bu Böyük Kitab sayəsində siz çoxlu biliklər əldə etmisiniz ki, onları əvvəllər nə sizə, nə də ulu babalarınıza heç kim açıb bildirməmişdi”.
Belə gözəl keyfiyyətlərə malik olan Kitabı yəhudilərə kimin nazil etməsini soruşması haqqında verdiyi əmrdən sonra Fövqəluca Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Kitabı Onun nazil etdiyini onlara bildirsin. Qoy onlar vəd olunan Gün gələnə qədər öz cəfəngiyatları ilə əylənsinlər və onlara fayda verməyən şeylərlə başlarını girləsinlər!

(6.92) “Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir Kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar)”.

Bu Quran – Mübarək Kitabdır, axı o özündə böyük mərhəmət və hüdudsuz xeyir daşıyır. O, özündən əvvəlki Kitablarla ziddiyyət təşkil etmir və onların doğruluğunu təsdiq edir. Allah onu ona görə nazil etmişdir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onunla şəhərlərin anası olan müqəddəs Məkkənin sakinlərini və habelə onun ətrafında yaşayan ərəblərə və digər məskənlərin əhalisinə öyüd-nəsihət versin.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) insanları Allahın cəzalandıracağından çəkindirir və hansı əməllərin buna yol açacağından xəbərdar edirdi. Axirət gününə iman gətirənlər bu Qurana da iman gətirdilər və öz namazlarına diqqətlə yanaşmağa başladılar. Ürəklərində olan qorxu onları möhkəmlətdi və bu, Rəbbə dərin ehtiramla can atmalarına, namazları vaxtında qılmalarına, onların şərtlərinə və məhdudiyyətlərinə, fərz və könüllü tələblərinə ciddi riayət etmələrinə səbəb oldu. Qoy Allah bizi də onlardan etsin!

(6.93) “Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!”

Ən böyük zalımlar və cinayətkarlar – Allaha iftira atan yalançılardır. Onlar Ona Onun heç vaxt buyurmadığı sözlər və hökmlər aid edirlər. Onlar – insanlar arasında ən zalım olanlardır, çünki onlar dinin əsas və fərdi müddəaların ( Fərdi müddəalar (ərəbcə, “fəri”) – yəni, fərdi hökmlər. Şəriət hökmləri iki qismə ayrılır: əsas hökmlər və fərdi (fəri) hökmlər. Əsas hökmlər imanın əsasları ilə bağlı olan hökmlərdir. Buraha Allahın varlığı, təkliyi, mələklərə, peyğəmbərlərə, Kitablara, Qiyamət gününə iman və b. daxildir. Bu hökmlər təvil edilə, yozula bilməz. Bunlar alimlərin onlara dair ictihad etməsinə ehtiyacı olmayan aydın hökmlərdir. Onların əsası Quran və Sünnədir. Fərdi (ərəbcə “fəri”) hökmlərə aid olanlar isə namaza, oruca, həccə, zəkata və onlara bənzər müddəalara aid olan hökmlər nəzərdə tutulur. “Fərdi hökm” (“fərdi müddəa”) termini tərəfimizdən “ikinci dərəcəli hökmlər” ifadəsini əvəz etməkdən ötrü işlədilmişdir. Tərc. F.S.) təhrif edir, Allahın adından yalan danışır və başqalarına böyük zərər vururlar.
Belələrinə, onlara vəhy nazil edildiyini iddia edən yalançı “peyğəmbərlər” aiddir. Onlar nəinki Allaha böhtan atmağa cəhd edir, hətta Onun hakimiyyətinə və qüdrətinə qəsd edirlər, çünki insanları özlərinin ardınca getməyə məcbur edir, rəqibləri ilə vuruşur və qan tökməyə və özgə əmlakını mənimsəməyə yol verirlər. Bu ayə yalançı Müseyliməyə, əl-Əsvəd əl-Ənsiyə, əl-Muxtara və başqa yalançı “peyğəmbərlərə” dairdir.
Ən böyük zalımlar – Allahın etdiklərini özlərinin də etməyə qadir olduqlarını bildirən kəslərdır. Onlar Onun şəriət hökmləri vermək haqqına qəsd edir və özlərinin hökm və müddəalarını uydururlar. Onlar həmçinin Müqəddəs Quranı təkzib etməyə və ona bənzər bir şey yazmağa qabil olduqlarını güman edən mürtədlərdir. Köməksiz və çoxsaylı qüsurları olan bir məxluqun Qüdrətli və Zəngin, mütləq kamilliyə və habelə qüsursuz adlar və sifətlərə malik Rəbbin haqlarına qəsd etməkdən də müdhiş zalımlıq ola bilərmi?!!
Allah zalımları qətiyyətlə qınadıqdan sonra, dünya həyatını tərk etdikləri anda və Qiyamət günü başlayarkən onları gözləyən cəzanı xatırladır. Onlar can verərkən mənfur ağrılara və dəhşətli müsibətə qərq olurlar. Həmin məqamda onlarla baş verənlər qorxunc bir səhnəyə çevrilir ki, bunu sözlərlə təsvir etmək mümkün deyil. Mələklər əllərini onlara tərəf uzadaraq (can verənlərə) ağır zərbələr endirir və əziyyət verirlər. Onların ruhu müqavimət göstərməyə cəhd edərək bədəni tərk etməkdən imtina etməyə çalışırlar və belə olduqda məmləklər onlara deyirlər: “Çıxın yanımıza! Bu gün siz sərt cəzaya məruz qalacaqsınız və o, sizin rüsvayçılığınız və alçaldılmanız olacaqdır. Allahın verəcəyi əvəz törətdiyiniz cinayətlərə uyğundur. Siz Allah haqqında yalan danışdığınıza və elçilərin sizə çatdırdıqları haqqı inkar etdiyinizə görə cəzalandırılacaqsınız. Siz özünüzü onun ayələrindən üstün tutur və Onun hökmlərini yerinə yetirməkdən təkəbbürlə imtina edirdiniz”.
Bu ayə bərzəx aləmində cəzanın və məmnunluğun gerçək olacağına dəlalət edir, çünki mələklər mürtədlərə can verdikləri və öldükdən o saat sonrakı anda veriləcək cəza haqqında xəbərdarlıq edirlər. Cəza və məmnuniyyət ölümdən o saat sonra başlayır və Qiyamət günü başlayana qədər davam edir. Bu ayədən həm də aydın olur ki, ruh ( Başqa cür desək, “can”, “nəfs” (rus dilində: «????», «???»). Tərc. F.S.) formaya malikdir və hərəkət etməyə, danışmağa, bədəndə məskunlaşmağa, onu tərk etməyə qadirdir.

(6.94) “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur”.

Bərzəx aləmində zalımların aqibətini xatırladaraq, Fövqəluca Allah xəbər verir ki, Qiyamət günü onlar tamamilə tək-tənha qalacaq və büsbütün var-yoxdan çıxıb səfalətə uğrayacaqlar. Onlar ailələrindən və cah-cəlallarından, uşaqlarından, mühafizəçilərindən və köməkçilərindən məhrum olacaqlar. Onlar ilk dəfə xəlq edildikləri kimi Allahın qarşısında dayanacaqlar. Onlar tamamilə lüt olacaqlar, çünki insan var-dövləti və digər nemətləri, bunun üçün zəruri əməlləri yerinə yetirdikdən sonra doğulduqdan sonra əldə edir. Həmin gün qullar dünyada malik olduqları yaxşı və yaramaz əməllərindən başqa nə varsa itirirlər, çünki Axirət həyatında insanın taleyini müəyyənləşdirən məhz onun əməlləri olacaqdır. Onun əmin-amanlığı və ya bədbəxtliyi, sevinci və ya kədəri, məmnunluğu və ya əzab-əziyyəti o əməllərdən asılı olacaqdır. Həmin əməllər fayda və zərər verəcək, məhzunlaşdıracaq və şadlandıracaqdır. Yerdə qalan nə varsa, o cümlədən, zövcələr, övladlar, əmlak və yoldaşlar insan həyatında təsadüfi anlar və əldə edərək itirdiyi nemətlər olacaqdır.
Allah müşriklərə deyəcək: “Siz Bizim hüzurumuzda tamamilə tək-tənhasınız. Biz sizə nemətlər vermişdik, lakin siz onları arxanızda qoymuşsunuz və indi Biz öz Rəbbinizə şərik qoşduğunuz havadarlarınızı sizin yanınızda görmürük”.
Müşriklər Allaha şərik qoşaraq, Onunla bərabər mələklərə, peyğəmbərlərə, saleh insanlar və başqa məxluqlara ibadət edirlər. Bütün qulların bütövlüklə Ona məxsus olmasına baxmayaraq, müşriklər Ona ibadət etmək əvəzinə onlara sitayiş edirlər. Onlar özlərini zalımcasına aparırlar, çünki onların hamısı – Allahın qullarıdır və ancaq tək Ona ibadət etməliydilər. İbadət ayinlərini yaradılmışlara həsr edərək müşriklər Uca Yaradan və Hökmdarla onları bir pilləyə qoyurlar və buna görə Qiyamət günü onları amansızlıqla qınayacaqlar.
Onlara deyiləcək: “Biz Allaha qoşduğunuz havadarlarınızı sizinlə yanaşı görmürük. Sizinlə şərikləriniz arasındakı əlaqələriniz qırılmışdır və heç kim sizi müdafiə etməyəcək və sizə yardım göstərməyəcək. Ümid bəslədiklərinizin hamısı sizi tərk etmişlər. Siz öz əməllərinizdən xeyir götürəcəyinizə, əmin-amanlıqda olacağınıza, xoşbəxtliyə və xilas olacağınıza inanırdınız, çünki şeytan sizə təmtəraqlı gələcək vəd etmiş və onu qəlbinizdə bər-bəzəkli göstərmişdi. Siz onun vədlərini öz dilinizlə tələffüz edir və bu yalana valeh olurdunuz, halbuki o yalan heç bir əsasa söykənmirdi. Lakin artıq indi siz hər şeyin tərsinə əmin oldunuz və başa düşdünüz ki, siz özünüz özünüzü itirmisiniz, ailənizdən və var-dövlətinizdən məhrum olmusunuz”.

(6.95) “Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?”

Fövqəluca Allah burada Özünün kamilliyidən, hakimiyyətinin əzəmətindən, qüdrətinin hüdudsuzluğundan, rəhminin əhatəedilməzliyindən, alicənablığının hərşeyi ehtiva etməsindən və yaratdığı məxluqlara qayğıkeşliyindən bəhs edir.
Allah toxumu və çəyirdəyi cücərməyə məcbur edir. Bu, insanların əkdiyi və Allahın çöllərə və səhralara səpib yaydığı bütün toxumlara aiddir. O, müxtəlif növlərə aid və müxtəlif görünüşdə olan və hər cür fayda verən taxıl və digər bitkilərin toxumlarını çatladıb cücərdir. O, xurma və digər meyvə ağaclarının çəyirdəyini cücərdir. Bu, toxumdan və çəyirdəkdən çıxan məhsulları yeyərək zövq alan insanlara, ev heyvanlarına və bütün digər heyvanlara böyük fayda verir. Onlar meyvələrdən qidalanmaq üçün istifadə edir və Allahın müəyyən etdiyi qaydada onlardan hər cür fayda əldə edirlər. Bu minvalla O, onları heyrətləndirən və ağıllı insanları məftun edən Öz səxavətinin və yaxşılıqlarının təzahürünü göstərir. O, onlara Özünün ən kamil istedada, nəhayətsiz müdrikliyə malik olduğunu göstərir və bunların sayəsində insanlar Onu dərk etmək və ancaq tək Ona ibadət etmək imkanı qazanırlar. Onlar əmin olurlar ki, O – Həqiqi Allahdır, qalan bütün başqa tanrıçalara ibadət etmək isə yalan və faydasızdır.
Allah canlı məxluqu spermanın bir damcısından yaratmaqla ölünü diriyə çevirir, yumurtadan toyuq çıxarır, toxumdan və çəyirdəkdən isə taxıl və ağaclar yetişdirir. Sonra O, canlını cansıza çevirir – sünbüllərdən və ağaclardan toxum və çəyirdək çıxardır, toyuqları yumurtladır. Burada ölü dedikdə, inkişaf edib böyüməyən və canı olmayan şeylər nəzərdə tutulur. Allah bu məxluqları Özü təkbaşına yaradır və onları idarə edir. O – Rəbdir və bütün yaradılmışlar Ona ibadət etməlidirlər. O, aləmlərin qayğısına qalır, Öz səxavətini onlara bəxş edir və mərhəməti sayəsində onlara ruzi verir. Bu mükəmməl keyfiyyətlərə malik olan Tək Allaha ibadət etməkdən boyun qaçıranlar gör nə qədər aldadılıblar ki, nə fayda verməyən və də nə zərər vurmayan, nə ölümə, nə də dirilişə sahib olmayan kəslərə ibadət edirlər.


Tarix: 20.04.2013 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 554 Bölmə: Sureler