beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 141-150

(6.141) “Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!”

Allahın halal etdiyi ev heyvanlarına və əkinlərə müşriklərin bəslədiyi münasibəti xatırlatdıqdan sonra, O, bildirir ki, əkinlər və ev heyvanları qullara verilən nemətdir və buna görə insanlar onunla əlaqədar olan maddi vəzifələrini yerinə yetirməlidirlər.
Allah cürbəcür ağaclar və müxtəlif bitkilərlə dolu bağlar yaratmışdır. Onların bəziləri qəfəsəlidir və bunların sayəsində ağacların budaqları onlara sarmaşaraq yerin üstünə ucalır, digərləri qəfəsələrə ehtiyac duymur, çünki o ağacların möhkəm gövdələri bunu gərəksizləşdirir, digərləri isə sürünən bitkilərdir. Bütün bunlar onu göstərir ki, bağlar olduqca böyük faydalar verir və məhz Fövqəluca Allah qullarına qəfəsələrdə ( Nazik tellərdən hörülmüş qəfəsşəkilli çəpər, sipər və s. sarmaşan bitkilər, ağaclar onlara dolaşaraq yerdən qalxır. F.S.) ağac əkməyi öyrətmişdir.
O, bir yerdə bitən və eyni sudan qidalanan xurma ağacları və dənli bitkilər xəlq etmişdir, lakin onlar dad-tamına görə bir-birindən üstün və ləzzətlidir. Bütün bitkilərin arasından Allah xurma ağaclarını və dənli bitkiləri xüsusilə ayırıb fərqləndirmişdir, çünki onlar daha çox xeyir verir və əksər insanlar üçün əsas qida məhsuludur. O, həmçinin zeytun və nar yaratmışdır ki, ağacları bir-birinə çox oxşayırsa da, meyvələri həm formaca və həm də dadına görə fərqlənir.
Allah bu meyvəli bağları nə üçün yaratmışdır? Sanki bu suala cavab olaraq, O, bəyan edir ki, onları qullarının istifadəsi üçün yaratmışdır. İnsanlar xurmanı və taxılı yemək üçün istifadə edə bilər və məhsulu yığdıqları gün verməli olduqları borclarını ödəməlidirlər.
Burada söhbət becərilən bitkilərdən götürülən məhsulun ən az həddinə uyğun olaraq ödənilən zəkatdan gedir. Allah taxıl məhsulunun zəkatını yığım günü ödəmək hökmü vermişdir, çünki bu müddətin gəlib çatması bütöv bir ilin keçməsinə bərabərdir. Bundan başqa, kasıblar və ehtiyac içində olanlar məhz bu günü səbirsizliklə gözləyirlər və həm də bu gündə kəndlilər vacib zəkatı asanlıqla ödəyə bilirlər, çünki onlar məhsuldan verməli olduqları bir hissəni özlərinə qalacaq hissədən çətinlik çəkmədən ayıra bilirlər.
Sonra Allah yeməkdə ifrata varmağı, yediyindən artıq yeməyi, kəndlinin zəkat verəcəyi məhsulun da bir hissəsini yeyəcəyinə qatmasını qadağan edir. Allah zəkat verəndə də ifrata varmağı və onu vacib olduğundan artıq verməyi və bununla özünə, ailəsinə və borc götürdüyü insanların haqqına zərər vurmağı qadağan edir. Sadalanan bu əməllər Allahın qadağan etdiyi israfçılıqdır. O istəmir ki, qulları belə hərəkət etsinlər. Əksinə, belə əməllər Allahın nifrətinə səbəb olur.
Bu ayədən həmçinin aydın olur ki, müsəlmanlar meyvələrdən və taxıl bitkilərindən zəkat verməlidirlər. O zəkatı bir il keçdikdən sonra deyil, məhsulun yığımı günü verilməlidir. Bu növ mülkiyyətin məhsulundan zəkat bir dəfə verilir və hətta bundan sonra həmin məhsul anbarda bir neçə il qalsa da, həmin yığıma görə təkrar zəkat verilmir, çünki Allah hər məhsuldan ancaq yığım günü ödəməyi əmr etmişdir. Bu qaydadan istisna ticarət üçün təyin olunmuş meyvə və taxıla aiddir.
Bu ayədən həmçinin aydın olur ki, əgər təbii fəlakət nəticəsində meyvə və taxıl məhsulları yığım vaxtınadək tələf olduqda məhsulun sahibi (məhsul onun səhlənkarlığı üzündən itirilməmişsə) zəkatın ödənilməməsinə görə məsuliyyət daşımır. Ayədən həm də belə bir nəticə çıxır ki, zəkatın ödənilməsi vaxtı çatanadək xurma və taxıldan yeməyə icazə verilir və özü də, məhsulun yeyilən hissəsi zəkatın ölçüsünün müəyyənləşdirilməsində nəzərə alınmır, çünki o, yığım dövrünə qalan məhsuldan ödənilir. Məhz buna görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhsul yığımı vaxtı onu dəyərləndirmək, ödəniləcək zəkatın ölçüsünü müəyyənləşdirmək və məhsul sahibinin yığımadək yeyə biləcəyi və ya başqalarına paylaya biləcəyi zəkatın üçdə bir və ya dörddə bir hissəsini özlərinə saxlamağa icazə vermək üçün zəkatı müəyyənləşdirən səlahiyyətli şəxslər göndərərdi.


(6.142) “Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir”.

Allah ev heyvanlarını yük daşımaq və minik kimi istifadə etmək və həmçinin bu məqsədlər üçün kiçikliyinə görə yaramayanları yaratmışdır. Sonunculara aid olanlar köşəklər ( Dəvə balası. F.S) və digər heyvanlardır. Bu iki qrup ev heyvanları öz yararlığına görə yük daşıyanlara və minik üçün istifadə olunanlara ayrılırlar. Bu heyvanların ətinin yeyilməsinə və başqa məqsədlər üçün istifadə edilməsinə gəldikdə isə bunlardan ötrü istənilən ev heyvanı istifadə edilə bilər. Əlbəttə, bu zaman insanlar şeytanın yolları ilə getməməlidirlər. Bu yollardan biri də Allahın yeməyə halal etdiyinin bir hissəsini haram saymaqdır. Şeytan bəşəriyyətin açıq düşmənidir; o, insanlara özlərinə zərər vuran işləri görməyə əmr edir və onları əbədi bədbəxtliyə məruz qoyur.


(6.143) “(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”

(6.144) “(Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!”

Allah bu ayələrdə insanlara bəxş etdiyi, təmiz və halal ev heyvanlarını xatırladır. Onlara aid olanlar: qoçlar və qoyunlar və həmçinin keçilər və dişi keçilərdir. Ev heyvanlarının bu qəbildən olan bütün növlərini istisnasız olaraq yeməyə icazə verilmişdir və onların arasında heç bir fərq yoxdur. Lakin müşriklər onlardan bəzilərini haram elan etmiş və bəzilərini də təkcə kişilərin yeməsinə icazə vermişdilər.
Belə olduqda Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, müşrikləri, onların halal saydıqları heyvanlarla haram saydıqları heyvanlar arasında heç bir fərqin olmadığına əmin etsin. Ona (ona Allahın salavatı və salamı olsun!) belə demək hökmü verilmişdi: “Məgər Allah sizə bütün erkək qoyunları və ya erkək keçiləri yeməyi qadağan etmişdi? Yox, siz bunu iddia etmirsiniz. Məgər Allah sizə bütün dişi qoyunları və ya dişi keçiləri yeməyi qadağan etmişdi? Yox, siz bunu da iddia etmirsiniz. Siz bu heyvanların bütün erkəklərinin və ya bütün dişilərinin haram olduğunu hesab etmirsiniz. Onda dişilərin bətnində dişi və ya erkək cinsdən olan balalardan başqa daha nə ola bilər? Doğrudanmı Allah sizə erkək qoyunların və erkək keçilərin qarışıq cinsini haram etmişdir? Yox, siz bunu da demirsiniz. Beləliklə, əgər Allah sadalanan üç haramdan heç birini sizə nazil etməmişsə, bəs onda siz, ümumiyyətlə, nəyə istinad edirsiniz? Əgər sizin iddia və bəyanatlarınız doğrudursa, möhkəm biliklərə əsaslanaraq bu barədə mənə məlumat verin”.
Tamamilə aydındır ki, müşriklər, sadalanan üç iddianın birindən başqa, öz əməllərinə ağlabatan bir izahat verə bilmədilər, lakin o bir iddianı da cavablandırmadılar. Onlar bəzi heyvanlar üçün xüsusi adlar uydurmuş, qadınlara onlardan bəzilərini yeməyi haram etmiş, heyvanlardan bəzilərini müəyyən vaxtlar üçün toxunulmaz elan etmiş və daha bir sıra belə baxışlara tərəfdar çıxmışlar ki, onlardan hər biri, heç şübhəsiz ki, onların tamamilə cahil olmasının nəticəsi və tutqunlaşmış idrakının və yaramaz təxəyyüllərinin məhsulu idi. Allah onların xeyrinə dəlillər nazil etməmişdi və onlar özləri də iddialarını inandırıcı sübutlarla əsaslandıra bilmədilər.
Sonra isə Allah bu qayda ilə erkək və dişi dəvələr arasında, həmçinin, kəllərlə inəklər arasında fərqlərin olmadığını açıqlayır. Müşriklərin baxışlarının yanlışlığı və qüsurluluğu aşkar olduqdan sonra, Allah onları inandırdı ki, vəziyyətdən yeganə çıxış yolu Allahın şəriətinin yerinə yetirilməsidir: “Allah sizə belə etməyi tapşıranda siz iştirak edirdiniz? Sizin öz nəzəriyyələrinizin doğruluğunu əsaslandırmağa bir imkanınız qalmışdır. Siz bəyan etməlisiniz ki, Allah bunu sizə tapşırmışdır və Öz elçilərinə vəhy nazil etdiyi kimi, sizə də vəhy nazil etmişdir. Bundan başqa, siz bəyan etməlisiniz ki, sizə nazil edilən vəhy əvvəlki elçilərin təbliğ etdiklərindən və əvvəlki Kitablardan nazil edilənlərdən fərqlidir”.
Əgər onlar belə bir şey bəyan etsəydilər, onlar dəhşətli bir böhtan atmış olardılar ki, bu da hamıya aydındır. Heç bir biliyi olmadan insanları yoldan çıxartmaq üçün Allaha böhtan atandan da zalım kim ola bilər? Belə bir insan Onu nəinki sadəcə aldadır. O, bunu ona görə edir ki, dəlillərə və sübutlara əsaslanmadan, sağlam mühakiməni və müqəddəs mətnləri əldə rəhbər tutmadan Allahın qullarını Onun yolundan sapdırsın. Həqiqətən, Allah heç vaxt yer üzündə özbaşınalıq etmək niyyətində olan və Ona yalan satan zalımları doğru yola yönəltmir.

(6.145) “(Ey Elçim!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

Onlar halalı haram bəyan etdiklərinə və bunu yalandan Allahın adına çıxdıqlarına görə müşrikləri qınadıqdan sonra, onların müdhiş yalanını ifşa etdikdən sonra, O, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, Onun doğrudan da haram etdiyini onların bilməsi üçün onlara izah etsin ki, insanlar bundan başqa qalanlarının halal olduğunu və hər kim ki, halal olanı haram elan edərsə, onun yalançı olduğunu bilsinlər, çünki gerçək olan, təkcə Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) dili ilə deyilmiş Allahın haramlarıdır.
Bu ayədə Allah Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, təkcə yeyilməsi haram olan şeylərin yeyilməsinin qadağan olunduğunu xəbər versin və bu haram şeylərin başqa məqsədlər üçün istifadə edilə bilməsi məsələsi ilə işi olmasın.
Ölü (heyvanın) ətinin yeyilməsi qadağan edilmişdir. Ölü heyvan əti deyildikdə, şəriətə uyğun olmayaraq kəsilən istənilən heyvanlar nəzərdə tutulur. Uca Alla buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır...” (Maidə, 5/3).
Həmçinin axıdılmış qanı içmək də qadağan edilmişdir. Axıdılmış qan dedikdə, kəsildiyi zaman heyvanların cəmdəyindən çıxan qan nəzərdə tutulur. Bu qan kəsilən heyvanda qalarsa, o, insanlar tərifindən yeyildikdə onlara zərər verə bilər, cəmdəyindən axıb yerə töküldükdə isə, belə ətin istifadə edilməsi zərərli nəticələr təhlükəsi yaratmır. Bu ifadədən belə bir nəticəyə gəlmək olar ki, kəsildikdən sonra heyvanın ətində və damarlarında qalan qan təmiz və halaldır.
Donuz ətinin istifadə edilməsi də haramdır. Donuz əti, bundan əvvəl xatırlanan haram şeylər kimi murdardır, natəmizdir və zərərli məhsuldur. Allah insanlara rəhm edərək, onları yeməyi qadağan etmişdir ki, insanları hər cür murdar və natəmiz şeylərdən uzaqlaşdırsın.
Bundan başqa, Allahın xatiri üçün kəsilməmiş, bütlərə və müşriklərin sair tanrıçalarına qurban edilmiş heyvanların ətindən istifadə etmək də qadağan edilmişdir, çünki belə hərəkətlər günaha batma və Allaha itaətdən boyun qaçırma əməlidir.
Lakin əgər şərait insanı haram məhsulu yeməyə məcbur etdikdə, əgər o, yeməyə başqa bir şey tapmadıqda və həyatı üçün təhlükə olduğunu gördükdə ( Yəni, haram məhsuldan yeməmək, onun həyatını aclıq üzündən təhlükə altında qoyduqda. F.S.), onda Allah ona o ərzaqdan yeməyə bir şərtlə icazə verir ki, həmin şəxs Allaha itaətsizlik göstərməsin və zəruri həddi aşmasın, yəni əgər o, bunu zəruriyyət olmadan etmək istəməsin və ehtiyacı olduğundan çox yeməsin.
Bu ayədə sadalanan məhsulların yemək üçün nəyə görə yeganə haram edilənlər adlandırılması barədə İslam alimləri müxtəlif rəylər söyləmişlər. Axı məlumdur ki, vəhşi heyvanların və vəhşi quşların ətinin yeyilməsi də haram edilmişdir, halbuki bu ayədə onların barəsində bir söz deyilmir.
Bəziləri hesab edirdilər ki, bu ayə Allahın qalan bütün məhsulları haram etdiyindən əvvəl nazil edilmişdir və buna görə, onun məhdud mənası daha sonrakı haramlarla ziddiyyət təşkil etmir, axı onlar, bu ayə nazil edilənə qədər, Vəhylərdə (Quranda. F.S.)öz əksini tapmamışdı. Digər alimlər isə hesab edirdilər ki, bu ayə özündə, bəzilərinin adı açıq verilmiş, bəziləri isə ayənin mənasına və nazil olunan harama görə müəyyənləşdirilən bütün qadağan olunmuş məhsullara aiddir.
Fövqəluca Allah bildirir ki, donuz ətinin yemək üçün istifadə edilməsi ona görə haramdır ki, o – murdardır. Ola bilsin ki, ölü ətinin yeyilməsi və qanın içilməsi də buna görə haram edilmişdir. Murdarlıq – bütün haram edilmiş məhsullara şamil edilir. Allah Öz qullarına bütün pis və iyrənc məhsulları yeməyi haram etmişdir ki, onları belə çirkin şeylərə toxunmaqdan çəkindirsin. Yemək üçün istifadə edilən murdar şeylərin daha təfərrüatlı izahı Quran ayələrini şərh edən və onların mənasını açıqlayan Sünnədə göstərilir.
Əgər Fövqəluca Allah təkcə bu ayədə sadalanan məhsulları yeməyi haram etmişdirsə və qadağan hökmü vermək təkcə Onun haqqıdırsa, onda Onun halal etdiyini qadağan edən müşriklər böhtançı imişlər və onlar öz Rəbbinə qarşı iftira atırmışlar və Ona Onun söyləmədiyini şamil edirmişlər.
Əgər bu ayədə donuz əti xatırlanmasaydı, böyük inamla demək olardı ki, deyilənlər yeyilməsi haram edilmiş ev heyvanlarına aiddir. Bu parçanın mətnindən görünür ki, Allah, Onun halal etdiyini haram sayan və öz hisslərinə qapılaraq boşboğazlıq edən müşriklərin baxışlarını təkzib etməyi qərara almışdır. Deməli, ev heyvanı ancaq gəbərdikdə və ya Allahın adı çəkilmədən kəsildikdə, onun ətini yemək haram edilmişdir. Qalan bütün hallarda isə onun yeyilməsi halaldır. Belə bir şərhi nəzərə alsaq, onda donuz ətinin bu ayədə xatırlanmasını, bəzi cahillərin donuzları ev heyvanlarına aid etməsi ilə izah etmək olar. Məhz cahil xristianlar və onların tayları bunu belə hesab edirlər. Onlar donuzları ev heyvanları kimi bəsləyir, yeməyə icazə verir və donuzla ev heyvanları arasında heç bir fərq qoymurlar.

(6.146) “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanıq!”

Allah müsəlmanlara ancaq murdar olan şeyləri yeməyi haram etmişdir ki, onları hər cür zərərli və napak şeylərdən qorusun. Kitab əhlinə gəldikdə isə, Allah hətta bir sıra təmiz məhsulları da onlara itaətsizliklərinə görə cəza kimi qadağan etmişdir. Yəhudilərə isə dəvə əti və bütün digər ikidırnaqlı olmayan heyvanları və həmçinin inək və qoyunların bəzi hissələrini (bağırsaq piylərini və qoyun quyruqlarını) yemək qadağan edilmişdi. Onlara digər piyləri yemək halal olunmuşdu, çünki Allah təkcə o heyvanların belinə və bağırsaqlarına yapışan piyi və yaxud sümüklərə qarışmış piyi istisna etmişdi.
Allah yəhudilərə bu qadağaları onlar zalımlıq etdiklərinə, Onun və Onun qullarının qarşısında öz vəzifələrini yerinə yetirmədiklərinə görə bir cəza kimi nazil etmişdi. O, həmişə doğru danışır və haqlı olur və ancaq doğru qərarlar qəbul edir. Kimin nitqi Onun sözlərindən doğru ola bilər? Qəti iman sahibi olan insanlar üçün kimin qanunları Onun hökmlərindən daha yaxşı ola bilər?


(6.147) “Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!”

Ey Muhəmməd! Əgər müşriklər səni yalançı saysalar da onları cəlb etməklə və qorxutmaqla aralarında dəvətini davam etdir. Onlara xəbər ver ki, Allah, bütün məxluqlarına aid etdiyi çox geniş mərhəmət sahibidir. Qoy onlar bu nemətə yaxınlaşmağa tələssinlər və müvafiq əməllər yerinə yetirsinlər. Belə əməllərin ən başlıcası sənin peyğəmbərliyini və Təlimini qəbul etmələridir, axı çoxsaylı günahlar və cinayətlər törədən insanlardan Rəbbin verəcəyi cəzanın qarşısını almaq mümkün olmayacaqdır. Qoy onlar Allahın cəzasını insanlara yönəldən günahlardan çəkinsinlər. Bu günahlardan ən böyüyü sənə iman gətirməməkləridir.

(6.148) “Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”

(6.149) “De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.

Allah xəbər verir ki, müşriklər Onun qədərini dəlil gətirməklə bütlərə ibadət etmələrinə və Onun halal qıldığını haram etmələrinə bəraət qazandırmağa çalışacaq və güman edəcəklər ki, əgər O, bütün xeyri və şəri yaratmışsa, onda ilahi qədəri bəraət almağa çalışmaq onları qınanmaqdan xilas edə biləcəkdir. Hər şey həqiqətən Allahın öncədən dediyi kimi oldu və buna görə digər bir vəhydə xəbər verilir ki, müşriklər belə deyiblər: “...Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik...” (Nəhl, 16/35).
Fövqəluca Allah buyurmuşdur ki, bütün zamanlarda kafir xalqlar Allahın elçilərinin dəvətini rədd edərək, özlərinə ilahi qədərlə haqq qazandırmağa cəhd göstərmişlər. Bu onlara heç bir fayda verməmiş, lakin Allah onlara əzabverici cəzanı daddırana qədər özlərini eləcə də aparmışlar. Əgər özlərinə belə bəraət qazandırmaq doğru olsaydı, o, onları cəzadan xilas edərdi və Allah da onları amansız cəzaya məruz qoymazdı. Belə cəzanı ancaq ona layiq olanlar çəkirlər. Lakin o bəraət əsassız və şübhəlidir və bunun bir neçə izahları var.
Birincisi, əgər o doğru olsaydı Allah kafirlərdən qisas almazdı.
İkincisi, istənilən bəraət biliklərə və inandırıcı dəlillərə istinad etməlidir. Əgər bəraət həqiqəti əvəz etməyə qadir olmayan zənnə və uydurma yalanlara söykənirsə, onda o əbəs və faydasızdır. Allah qatı mübahisəçi olan müşriklərə təklif edir ki, öz biliklərini və dəlillərini təqdim etsinlər, lakin onlar bunu etmədilər, çünki onların heç bir biliyi, məlumatı yox idi. Əksinə, onlar ancaq zənnə qapılır və yalanlar uydururdular. Öz münasibətlərini yalan və fərziyyələri üzərində quran insan özü də yalançıdırsa və mütləq zərər çəkəcəksə, onda öz münasibətlərini məhz ədalətsizlik, inadcıllıq, şər və nöqsan üzərində bərqərar edən insanlar barəsində nə deyə bilərik?
Üçüncüsü, Allah həqiqəti ən inandırıcı tərzdə insanların nəzərinə çatdırmış və onları öz itaətsizliklərinə bəraət qazandırmaq imkanından məhrum etmişdir. O (Allah), bütün peyğəmbərlərin və elçilərin yekdilliklə təbliğ etdikləri dəlillər nazil etmişdir. Bu dəlilləri bütün Səmavi Kitablar və peyğəmbərlərin hekayətləri, sağlam ağıl və habelə nöqsansız təhtəlşüur təsdiq edir. Buradan aydın olur ki, bu təkzibolunmaz ayələrlə ziddiyyət təşkil edən nə varsa, hamısı yalandır, çünki təkcə yalan həqiqətin ziddinə ola bilər.
Dördüncüsü, Fövqəluca Allah məxluqlarına iradə və istedad vermişdir ki, onlar bu özəlliklərinin sayəsində öz vəzifələrini yerinə yetirə bilərlər. O, Öz qullarına onların bacara bilməyəcəkləri bir işi görməyi əmr etməmiş və onların qaçına bilməyəcəkləri şeyləri onlara qadağan etməmişdir. Əgər bundan sonra insanlar Onun qədəri və tale ilə özlərinə bəraət qazandırmağa cəhd göstərsələr, onda zalımlıq etmiş və sadəcə inadkarlıq göstərmiş olarlar.
Beşincisi, Fövqəluca Allah insanların törətdikləri əməlləri etmələrinə onları məcbur etmir. Əksinə, qulların əməlləri onların istəkləri ilə müəyyənləşdirilir. Onlar istədikləri zaman bu və ya digər bir işi görə və yaxud onu etməkdən özlərini saxlaya bilərlər. Buna əmin olmaq çox asandır və bunu inkar edənlər ancaq təkəbbürlü adamlardır ki, onlar hətta gördükləri və əllə toxunub hiss etdikləri əşyaları da inkar etməyə hazırdırlar. Hər bir insan könüllü görülən işlərlə, məcburiyyət qarşısında görülən işlərin arasında fərqi görməyə qadirdir, halbuki bütün bunların hamısı Allahın iradəsindən asılıdır və Onun icazəsi ilə baş verir.
Altıncısı, əgər insanlar öz itaətsizliklərinə Allahın qədəri və tale ilə bəraət qazandırırlarsa, onda onların işləri hökmən ziddiyyətli olur. Onlar bu nəticədən qaça bilmirlər. Bir kimsə qədərə və taleyə istinad etməklə özünə bəraət qazandıraraq belə insanları incitdikdə, vurduqda və ya onların malını mənimsədikdə, onlar belə bəraəti qəbul etməz və hətta bundan son dərəcə qəzəblənərlər. Qəribədir ki, onlar Allahın qəzəbinə səbəb olan öz günahları və əməllərinə görə özlərini doğrultmağa cəsarət göstərdikləri dəlillərə istinad etdikləri halda, insanların onları incidərkən özlərinə bəraət qazandırmağa çalışdıqları eyni dəlillərlə heç vaxt razılaşmırlar.
Yeddincisi, Allahın qədəri və tale ilə özlərini doğruldaraq, kafirlər bəraət axtarmırlar, çünki onlar öz dəlillərinin əsassızlığını çox gözəl başa düşürlər. Onların yeganə məqsədi haqq müdafiəçilərini təkzib etmək və onları istənilən mümkün üsullarla məğlub etməkdir ki, bunun üçün onlar doğru və ya əyri saydıqları bütün hər şeydən istifadə edirlər.

(6.150) “De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.

Ey Muhəmməd! Allahın halal buyurduğunu qadağan edənlərə və Ona iftira atanlara əmr et ki, onlar belə qadağaların Allah tərəfindən nazil olunduğunu təsdiq edən şahidlərini çağırsınlar. Onlar belə təklifi eşidərək iki şeydən birini etmək məcburiyyətində qalacaqlar. Əgər onlar bunu təsdiq edən şahidlər gətirməsələr, onda onların iddialarının yalan və təsdiq olunmadığı aşkar olacaqdır. Əgər onlar bu qadağaları təsdiq edən şahidlər tapsalar, onda o şahidlərin ən yalançı və günahkar adamlar olduğu üzə çıxacaq ki, insanlar onların şahidliyini qəbul etməyəcəklər, çünki ədalətli insanlar belə şeyləri heç vaxt təsdiq etməzlər.
Buna görə Fövqəluca Allah Onun ayələrini yalan sayan, Axirət həyatına inanmayan və bütlərini və uydurulmuş tanrıçalarını öz Rəbbi ilə bərabərləşdirənlərə şahidlik etməyi və onların niyyətlərinə göz yummağı Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və onun ardıcıllarına qadağan etmişdir. Onlar Qiyamət gününü inkar edir və tövhidə etiqad göstərmirlər. Onların niyyətləri ancaq Allaha şərik qoşmaqla və haqqı danmaqla bağlıdır, çünki insanların niyyətləri həmişə onların etiqadı ilə müəyyən olunur. Onlar, Allahın, yaratdığı ən yaxşı məxluquna, onların ardınca getməməyə və onların şahidlik etdiklərinə şəhadət verməməyə əmr etdiyinə layiqdirlər. Bütün bunlar onu göstərir ki, onlar Allahın halal qıldığını, yalnız öz yanlış niyyətlərinə istinadla haram edirdilər.


Tarix: 20.04.2013 / 14:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 487 Bölmə: Sureler