beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 91-130

(7.91) “Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”.
(7.92) “Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular”.

Güclü bir zəlzələ mürtədləri sarsıtdı və onlar məhv oldular. Fövqəluca Allah onların həlak olması haqqında məxluqlarına xəbərdarlıq edərək buyurur ki, Şüeybin (ə) kafir həmtayfaları sanki öz evlərində heç vaxt yaşamamışdılar, həyətlərində şənlənməmişdilər, ağacların kölgəsində sərinliyə çəkilməmişdilər, çay kənarlarında əylənməmişdilər və ağacların meyvələrindən yeməmişdilər. Cəza onları yaxaladı və onlar əyləncə, şənlik və kef məskənini tərk etdilər. Onlar əbədi qəm-qüssə, bədbəxtçilik və əzab-əziyyət məskəninə yollandılar. Onlar yeganə kəslər idilər ki, ziyana düşdülər və Qiyamət günü onlar nəinki öz ailələrindən və hətta özlərindən də məhrum olacaqlar. Bu, əsil ziyan olacaqdır və əlbəttə ki, Şüeybin (ə) ardıcıllarını zərərə düşmüşlər adlandıranlar haqlı deyildilər.


(7.93) “(Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”

Allahın cəzası mürtədləri yaxaladıqda, peyğəmbər (ə) onlardan üz döndərdi və onlar öldükdən sonra, o (ə) onlara qınaq və məzəmmətlə belə müraciət etdi: “Ey mənim qəbilədaşlarım! Axı mən Rəbbimin vəhyini sizə çatdırıb izah etmişdim. Onlar qəlbinizin dərinliklərinə qədər nüfuz etmişdi, lakin siz bundan ancaq təşvişə düşdünüz. Mən sizə səmimiyyətlə yaxşılıq arzulayırdım, amma siz mənim məsləhətlərimə qulaq asmadınız və onları əsas tutmadınız. Əksinə, siz mənə itaətsizlik göstərdiniz və yol verilənlərin həddini aşdınız. Bundan sonra mən ürəklərinə xeyirxahlığa yer olmayan kafirlərə görə necə kədərlənə bilərəm? Yaxşılıq onların yanına gəldi, lakin onlar onu rədd etdilər və qəbul etməkdən boyun qaçırdılar. Həqiqətən, belə insanlar pis aqibətdən başqa heç nəyə layiq deyillər! Onlar barələrində hüzn saxlanılmasına da layiq deyillər. Əslində, onların ölümünə sevinmək lazımdır!”
Ey Allah, bizi belə rüsvayçılıqdan və şərəfsizlikdən qoru! Sənə hamıdan çox yaxşılıq etmək istəyən adamdan üz döndərməkdən daha böyük bədbəxtlik və cəza nə ola birlər?!!


(7.94) “Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!”
(7.95) “Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq”.

Allah peyğəmbərləri göndərirdi ki, onlar insanları tək Ona ibadət etməyə çağırsınlar və onları etiqad etdikləri bəladan çəkindirsinlər, lakin insanlar onlara tabe olmaqdan boyun qaçırırdılar. Belə olduqda Allah onlara kasıbçılıq, xəstəliklər və digər sınaqlar göndərirdi ki, onların ağrı-acını dadsınlar, Onun qarşısında itaətkar və haqqa tabe olsunlar. Buna bənzər öyüd-nəsihətlər fayda vermədikdə və günahkarlar haqqı təkəbbürlə danmaqda davam etdikdə və öz zalımlıqlarında daha da dərinliyə getdikdə, Qüdrətli Allah onları sınaqlardan xilas edir və onlara saysız-hesabsız nemətlər və sağlamlıq bəxş edirdi. Bu günahkar çoxalıb-artdıqda və onların var-dövləti dəfələrlə çoxaldıqda onlar Onun səxavəti hesabına zövq almağa başlayır və əvvəllər başlarına gələn bədbəxtlikləri yaddan çıxardırdılar. Onlar deyirdilər: “Atalarımızla da belə müsibətlər və fərəhli günlər baş verərdi – bütün əvvəlki və sonrakı insan nəsillərinin taleləri belədir. Bəzən insanlar firavan yaşayır, bəzən də ağır günlər keçirirlər. Bəzən onlar öz uğurlarına sevinir və bəzi hallarda da onları qəm-kədər bürüyür. Vaxt dəyişir, günlər bir-birini əvəz edir”.
Bu nadanlar dərk etmirdilər ki, əmin-amanlıq və müsibətlər – ibrət götürmək və azdırılmaq üçündür. Onlar əldə etdikləri nemətlərdən vəcdə gəldikdə və görünməmiş firavanlıqdan ləzzət aldıqları məqamda Allah onları cəzalandırırdı. O cəza elə qəfildən gəlirdi ki, onun yaxınlaşacağına heç azca da olsa şübhələnmir, qaçılmaz ölüm haqqında heç fikirləşmir və zənn edirdilər ki, onlara əta edilmiş nemətlərdən maneəsiz istifadə edəcəklər və heç vaxt bu nemətlər onları tərk etməyəcək.

(7.96) “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”.

Allahın elçilərini rədd edən kafirlərin başına gələn müsibətlərin ibrət və xəbərdarlıq, onların qismətlərinə düşən fərəhli günlərin isə təkcə azdırılma və Allahın fəndgirliyi olduğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah bildirir ki, əgər bu məskənlərin sakinləri qəlbən iman gətirsəydilər və öz imanlarını xeyirxah əməlləri ilə təsbit etsəydilər, əgər onlar Ondan qəlbində qorxsaydılar və əməllərində günah etməkdən çəkinsəydilər, onda Allah göylərdə və yerdə onların qarşısında firavanlıq qapılarını açardı. Səmalar onlara bol yağışlar bəxş edər, yer isə onlar üçün həm insanların və həm də heyvanların qidalanacağı bitkilər yetişdirərdi. Onlar da ehtiyacsız həyat sürər və özlərini ağır zəhmətə qatmadan bol məhsul əldə edərdilər. Lakin onlar öz Rəbbinə iman gətirməyi və Ondan qorxmağı rədd etdilər və belə olduqda, O, onları cəzalandırdı, onların üstünə bəlalar göndərdi və onları yerin bərəkətindən məhrum etdi.
Bu, onların özlərinin törətdikləri əməllərə görə layiq olduqlarının ancaq bir qismi idi, amma əgər Allah insanları onların törətdikləri bütün günahlara görə cəzalandırsaydı, onda yer üzündə bir canlı məxluq belə qalmazdı. Fövqəluca Allah buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum, 30/41).


(7.97) “Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi?”
(7.98) “Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?”

Bu ayələrin mətnindən aydın olur ki, burada söhbət iman gətirməkdən boyun qaçıranlardan bəhs edilir. Doğrudanmı onlar Allahın sərt cəzasının – intiqamın hətta yaxınlaşdığına belə şübhə etməyərək, istirahət etdikləri zaman gəlməyəcəyinə əmin idilər? Doğrudanmı onlar əyləndikləri anda amansız cəzanın onları yaxalamayacağına əmin idilər? Onları öz əməlləri və hər biri insanı məhvə məhkum edən böyük cinayətləri ilə layiq olduqları cəzadan qorxmamağa sövq edən nə idi?!

(7.99) “Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!

Onlar doğrudanmı Allahın onlara sezdirmədən onları azdıra biləcəyindən ehtiyat etmirdilər? Doğrudanmı onlar düşünmürdülər ki, Allah onlara ancaq möhlət verir? Doğrudanmı onlar bilmirdilər ki, Onun hiyləsi yenilməzdir? Həqiqətən, Allahın fəndgirliyindən təkcə ağır ziyana uğramaları qismətlərinə yazılmış insanlar ehtiyat etməyə bilər, çünki Allahın cəzası qarşısında qorxu hiss etməyənlər törətdikləri əməllərə görə əvəz veriləcəyini qəbul etməyənlər və elçilərə layiqincə iman gətirməyənlərdir.
Bu kəramətli ayə ən böyük xəbərdarlıqlardan ibarətdir və qulları, öz imanına güvənərək, özünü tam təhlükəsizlikdə hiss etməməyə çağırır. Əksinə, qul hər şeydən daha çox yolunu aza bilməsindən və imandan məhrum ola biləcəyindən ehtiyat etməlidir. Qul daima “Ey Allahım, qəlblərə vəlvələ Salan! Qəlbimi dinində möhkəmlət!” Əgər o, sapıqlıqla üz-üzə qalmalı olursa, onda əlindən gələni etməlidir ki, şərdən uzaq olsun, çünki heç kim, əməllərinin xeyirxahlığına baxmayaraq, ömrünün xoşbəxtliklə sonuclanacağına ümid etməməlidir.


(7.100) “Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?

Fövqəluca Allah qədim tayfaların məhv edilməsindən sonra yer üzünü məskunlaşdırmış xalqlara xəbərdarlıq edir. Məgər onlara qədər yaşamış və fitnə-fəsadlarına görə məhv edilmiş günahkarlardan yeri irs almış xalqlara aydın deyil ki, Allah insanları günahlarına görə cəzalandıra bilər? Onda bəs onlar niyə məhv edilmiş xalqların əməllərini təkrarlayırlar? Doğrudanmı onlar Allahın onları itaətsizliyə görə cəzalandıracağını dərk etmirlər? O, bütün günahkarlarla belə davranır!
Allah insanları xəbərdar edir, lakin onlar Onun xəbərdarlıqlarına əhəmiyyət vermirlər. O, məxluqlarına nəsihət verir, lakin onlar öyüd-nəsihətə qulaq asmaqdan boyun qaçırırlar. O, onlara ayələri və ibrətamiz tarixi rəvayətləri vasitəsilə doğru yol göstərir, lakin onlar bu yolla getmək istəmirlər. Belə olduqda, Fövqəluca Allah onları cəzalandırır və qəlblərini möhürləyir. Onlar pərdə ilə örtülür və tamamilə rəzalətə bürünürlər. Bu baş verdiyi zaman haqq və xeyirxahlıq artıq o qəlblərə daxil ola bilmir. Onlar özlərinə xeyir gətirə bilən şeyləri dərk etmək qabiliyyətini itirirlər və əgər faydalı nəsihətlərə qulaq assalar da bu, onları öz nadanlıqlarını əsas gətirərək bəraət qazanmaq imkanından məhrum edir.


(7.101) “(Ey Elçim!) O məmləkətlərin bəzi xəbərlərini (əhvalatlarını) sənə söylədik. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər (möcüzələr) gətirmişdilər. (Həmin məmləkətlərin əhalisi) əvvəlcə yalan hesab etdiklərinə (möcüzələrə, dəlillərə) yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyər”.

Biz bir sıra qədim şəhərlər haqqında hekayətlər danışırıq ki, nəsihətlərimizə qulaq asanlar onlardan ibrət götürsünlər. Biz istəyirik ki, onlar günahkarları zalımlıq etməkdən çəkindirsinlər və təqvalı möminlər üçün öyüd-nəsihət rolunu oynasınlar. Allahın elçiləri (onlara Allahın salamı olsun) kafirlərin yanına açıq-aydın ayələrlə gəlirdilər. Onlar insanları xoşbəxtlik yoluna çağırırdılar və Fövqəluca Allah onların peyğəmbərliyini ecazkar möcüzələrlə və aydın əlamətlərlə təsdiq edirdi və bunlar haqqı ən kamil tərzdə izah edirdi. Lakin bu onlara fayda vermədi. Onlar iman gətirməkdən boyun qaçırdılar və haqqı birinci dəfə o onlara agah olan kimi rədd etdilər. Buna görə Allah onlara sonradan iman gətirmələrinə kömək etmədi. Bu, haqqı rədd etdiklərinə görə cəza idi.
Fövqəluca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq” (Ənam, 6/110). Allah onlara zalımlıq etmir – onlar özləri özlərinə zalımlıq edirlər.


(7.102) “Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə) onların əksəriyyətini (Allahın itaətindən çıxmış, Onun əmrlərini pozmuş) günahkar kəslər gördük”.

Allahın elçiləri göndərilmiş xalqların əksəriyyəti Rəbbin bütün aləmlərin məxluqları ilə kəsdiyi əhdə vəfa qılmadılar. Onlar elçilərin Onun adından bəyan etdikləri hökmləri yerinə yetirmirdilər. Həmin xalqların əksəriyyəti Ona itaət etməkdən boyun qaçırmış, Allahın nəsihətlərini əsas götürməyərək, öz istədikləri kimi hərəkət etmişdilər.
Elçilərin gəlişi və Müqəddəs Kitabların nazil edilməsi, Allahın Öz qullarını sınadığı imtahan idi. Onlara əmr olunmuşdu ki, Onunla bağladıqları əhdə sadiq qalsınlar və Onun təlimatlarına istinad etsinlər, lakin Onun iradəsinə çox az insanlar tabe oldu. Onun iradəsinə, Allahın xoşbəxt qismət təyin etdiyi kəslər itaət etdilər. Məxluqların böyük bir hissəsi isə doğru rəhbərlikdən üz çevirdilər və elçilərin təlimini təkəbbürlə rədd etdilər və elə buna görə də Qüdrətli Allah onlara müxtəlif cəzalar verdi.


(7.103) “Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!”

Bu peyğəmbərlərin (onlara Allahın salamı olsun) ardınca Allah insanlara Musanı (ə) göndərdi. Bu alicənab elçi Rəhmanla söhbət etmişdi və təqlid edilməsi üçün ən möhtəşəm örnək təcəssümü idi. O (ə) zülmkar və lovğa adamların – Fironun və onun əyanlarından ibarət olan ətrafındakılarının yanına göndərmişdi.
Musa (ə) onlara elə böyük möcüzələr göstərdi ki, insanlar hələ beləsini görməmişdilər, lakin mürtədlər ona (ə) qarşı zalımlıq etdilər. Onlar haqqa tabe olmağı rədd etdilər və təkcə zalım günahkarların davrandıqları kimi rəftar etdilər. Onlar haqqı təkəbbürlə dandılar. Bax gör, onların axırı necə oldu! Allah onları məhv etdi və lənət həm bu dünyada və həm də Axirətdə onların nəsibi oldu. Necə də pis sonluqdur! Bu, sonrakı ayələrdə daha geniş təfsilatla şərh ediləcək tarixin qısaca ifadəsidir.

(7.104) “Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”
(7.105) “Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi (kölə etdiyin) İsrail oğullarını mənimlə göndər!”

Musa (ə) Fironun yanına gəldi ki, onu iman gətirməyə dəvət etsin və dedi: “Ey Firon, Böyük Hakim – aləmlərin Rəbbi göndərmişdir. Onun mülki göyləri və yeri əhatə edir. O, bütün məxluqlarını Öz qanunları əsasında qayğıkeşliklə idarə edir. O qanunlardan birinə müvafiq olaraq, Allah Özünün xəlq etdiklərini unutmur, onlara elçilər göndərir və bu elçilər müjdə verir və xəbərdarlıq edirlər. Heç kim cəzasız olaraq Onun adından yalan danışıb, bəyan edə bilməz ki, o, Onun elçisidir, əgər bu, həqiqətdə belə deyilsə. Əgər sənə Allahın sifətləri aydındırsa, onda bil ki, O, məni seçmişdir və məni Öz müraciəti ilə şərəfləndirmişdir. Bu o deməkdir ki, mənə Onun adından yalan danışmaq yaraşmaz. Mən yalnız həqiqəti deməyə borcluyam və əgər mən Onun itaətindən çıxsam, mən ləngidilmədən cəzalandırılaram – Əzəmət və Qüdrət Sahibi olan Allah məni Öz qüdrəti ilə asanlıqla və möhkəm yaxalayar!”
Bu sözlər bütün insanları peyğəmbərə (ə) itaət etməyə və onun (ə) ardınca getməyə məcbur etməliydi. Sözlərinin gerçəkliyinin dəlili olaraq o (ə), orada iştirak edənlərə Allahdan aydın bir möcüzə göstərdi. Firon və onun əyanları onun (ə) müraciətini qəbul etməli idilər. O, iki əsas tələbdən ibarət idi: onlar onun ardınca gedərək Musaya (ə) iman gətirməli idilər və İsrail oğullarını onunla (ə) birlikdə getməyə buraxmalıydılar. Onlar, Allahın aləmlərin qalan əhalisi üzərində ucaltdığı bir xalq idi. İsraillilər peyğəmbərlər və şan-şöhrətli Yaqub (ə) nəslindən törəyənlər idilər. Musa peyğəmbər (ə) də onlardan idi.


(7.106) “(Firon Musaya) dedi: “Əgər möcüzə ilə gəlmişsənsə və doğru deyirsənsə, onu gətir göstər!”
(7.107) “(Firon bunu deyən kimi) Musa əsasını (yerə atdı) və o, dərhal (hamının gözünə) aşkar görünən bir əjdaha oldu”.
(7.108) “(Sonra) əlini (qoltuğunun altından və ya cibindən) çıxartdı və o, bir anda baxanlara nur kəsildi”.
(7.109) “Firon tayfasının əyanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır”.
(7.110) “O sizi yurdunuzdan çıxartmaq istəyir!” (Firon da: ) “Elə isə tədbiriniz nədir?” - (deyə soruşdu)”.
(7.111) “Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki”,
(7.112) “Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”

Firon Musaya (ə) möcüzələrini onlara göstərməyi təklif etdi. O (ə), öz əsasını yerə atdı və əsa adamların gözü qarşısında canlı əjdahaya çevrildi və yerlə sürünməyə başladı. Sonra o (ə), əlini qoltuğundan çıxartdı və o tamamilə ləkəsiz və ağappaq idi. O (ə) orada iştirak edənlərə iki böyük möcüzə göstərdi ki, bunlar onun (ə) bütün təbliğ etdiklərinin doğruluğuna və onun (ə) peyğəmbərliyinin təsdiqinə dəlalət edirdi. Lakin insanlar iman gətirmək istəməyəndə, onlara hansı möcüzəni göstərsən də iman gətirmirlər. Onlar əzabverici cəzanı görmədikcə, iman gətirmirlər.
Misirli əyanlar da iman gətirməkdən boyun qaçırdılar, halbuki gördükləri möcüzələr onları heyrətləndirmişdi. Onlar bu möcüzələrə əsassız izahlar uydurmağa başladılar və peyğəmbəri (ə) mahir sehrbaz adlandırdılar. Axmaqlara və düşüncəsiz adamlara qorxu hissi aşılamaq üçün onlar bəyan etdilər ki, o (ə) onları öz doğma vətənlərindən qovmaq istəyir. Sonra onlar öz aralarında Musa (ə) ilə necə davranmağı, onun (ə) özləri üçün təhlükəli saydıqları təbliğatını necə inkar etməyi məsləhətləşdilər. Onlar başa düşürdülər ki, onun (ə) sözlərini təkzib edə bilməsələr, o (ə) insanları əksəriyyətini öz tərəfinə çəkə bilər. Buna görə, onlar Firona yekdilliklə belə dedilər: “Əmr et ki, o və qardaşı bir qədər gözləsinlər və sən də öz məmləkətinin bütün şəhərlərinə carçılar göndər ki, onlar bütün mahir sehrbazları yanına gətirsinlər. Qoy onlar Musa ilə yarışsınlar!”
Onlar peyğəmbərə (ə) yarış üçün yer və vaxt təyin etməyi təklif etdilər. Yarışda hər iki tərəf iştirak etməli idi. O (ə) dedi: “Qoy bu Bəzəmə günü olsun və adamlar səhər toplaşsınlar”. Firon sehrbazlıqla məşğul olanların hamısını və onlarla birlikdə şərtləşdikləri yerə yollandı.


(7.113) “Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”
(7.114) “(Firon: )”Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi”.

Sehrbazlar Firondan qələbə çaldıqları halda onlar üçün mükafat təyin edilməsini xahiş etdilər və o da onlara çoxlu hədiyyələr verəcəyini və onları özünün yaxın adamları edəcəyini vəd etdi. O istəyirdi ki, sehrbazlar səy göstərsinlər və Musaya qalib gəlmək üçün əllərindən gələni əsirgəməsinlər.


(7.115) “Sehrbazlar dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”
(7.116) “(Musa: ) “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər”.

Böyük bir izdihamın gözü qarşısında Musa (ə) ilə görüşərək sehrbazlar qərara aldılar ki, onun (ə) göstərəcəyi möcüzənin onlar üçün heç bir fərqi olmadığını hamıya göstərsinlər. Onlar dedilər: “Ya sən birinci at, ya da bunu bizə etməyə icazə ver!” Musa (ə) buyurdu: “Birinci siz atın!” O (ə) istəyirdi ki, adamlar əvvəlcə sehrbazların nəyə qabil olduğunu görsünlər və sonra isə onun (ə) möcüzəsini görsünlər.
Sehrbazlar öz kəndirlərini və əsalarını yerə atdıqda, insanları sehrləməklə əşyaları onların gözlərində sürünən qorxunc ilanlar kimi göstərdilər. Sehrbazlar adamların gözlərini sehrləmiş, onlara qorxu hissi təlqin etmiş və o vaxtadək görünməmiş bir sehrbazlıq etmişdilər.


(7.117) “Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur”.
(7.118) “Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu”.
(7.119) “(Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər”.

Musa (ə) da öz əsasını yerə atdı və o canlı ilana çevrilərək sehrbazların sehrlədikləri şeylərin hamısını uddu. Haqq qalib gəldi və cadugərlərin cəhdləri əbəs və faydasız oldu. Böyük bir izdihamın gözləri qarşısında onlar məğlub edildilər və bədnam oldular. Onların uydurduqları yalan izsiz-tozsuz qeyb oldu, hazırladıqları sehr isə darmadağın edildi və onlar istədikləri nəticəyə nail ola bilmədilər. Lakin bu böyük həqiqət ən çox sehrbazların özlərinə aydın oldu. Onlar sehrbazlığın müxtəlif növlərini və onların təfərrüatını bütün başqa adamlardan daha yaxşı bilirdilər və başa düşmüşdülər ki, onlara göstərilən Allahın ən böyük möcüzələrindən biridir və heç kim ona qarşı çıxa bilməz.

(7.120) “Onlar (hamı birlikdə) səcdəyə qapanıb”
(7.121) “Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə -”
(7.122) “Musanın və Harunun Rəbbinə!”

Sehrbazlar bəyan etdilər ki, onlar Musaya (ə) nazil edilən açıq-aşkar möcüzələrə iman gətirdilər. Firon isə onları haqq dinə iman gətirdiklərinə görə sərt intiqam alacağı ilə hədələdi. Mürtəd hökmdar ayrı düşüncə tərzi və ist’nil’n din ilə mübarizə aparırdı. O, adamların onun hökmlərini sözsüz yerinə yetirmələrinə adət etmişdi və onlar onun əmrlərinə heç vaxt itaətsizlik göstərmirdilər. Axı məhz belə hallar xalqları tənəzzülə uğradır, bəşər təfəkkürünün kütləşməsinə səbəb olur və insanlara öz haqlarını müdafiə etməyə maneçilik törədir. Fövqəluca Allah buyurur: “Beləliklə, (Firon) öz xalqını yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir xalq idi”. (Zuxruf, 43/54).


(7.123) “Firon (onlara) dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!”
(7.124) “Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”

Firon sehrbazlara dedi: “Doğrudanmı siz mənim icazəm olmadan iman gətirdiniz? Siz çox kobud rəftar etdiniz və mənə hörmətsizlik göstərdiniz!” Öz xalqını aldatmaq üçün isə o, əlavə etdi: “Musa sizin hamınızdan yaşlıdır. O sizə sehrbazlığı öyrətmişdir və siz onunla məkrli bir əlaqəyə girmişsiniz. Siz onunla əhd bağlamışsınız ki, ona itaət edəsiniz və o da sizə qalib gəlsin. Siz onun ardınca getmək istəyirsiniz və bütün xalqı və ya onun böyük bir hissəsini öz ardınızca aparasınız. Siz istəyirsiniz ki, onları Misirdən çıxarıb aparasınız!”
Firon gözəl bilirdi ki, o, yalan danışır və bu baş verən hadisələrdən xəbərdar olanların hamısına məlum idi. Musa (ə) heç vaxt sehrbazların heç biri ilə görüşməmişdi, axı onların hamısı Fironun əmrini icra edən carçıları tərəfindən gətirilmişdilər. Bundan başqa, sehrbazlar əllərindən gələni etmişdilər ki, Musaya (ə) qalib gəlsinlər, lakin o (ə), insanlara Allahın möcüzəsini göstərdiyi üçün onlar aciz qalmışdılar. Onlar həqiqəti aydınlaşdırdıqdan sonra, peyğəmbərin (ə) ardınca getdilər. Firon isə onların əllərini və ayaqlarını çarpaz kəsdirəcəyi ilə hədələdi.
Zülmkar günah sahibi qərara almışdı ki, iman gətirmiş sehrbazlar yer üzündə fəsad yayırlar və onları fitnə-fəsadçılara verilən cəza ilə cəzalandırmağa – onların sağ əllərini və sol ayaqlarını kəsdirməyə hazırlaşırdı. Bundan sonra o, onları palma ağaclarında çarmıxa çəkdirmək və hər birinin bədənini nizələtdirmək arzusundaydı. O, onların ancaq bir hissəsini edam etməklə qane olmayaraq, bütün iman gətirənlərə divan tutmaq niyyətindəydi.


(7.125) “(Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)”
(7.126) “Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!”

İman gətirmiş sehrbazlar Fironun təhdidlərini dinlədikdən sonra dedilər: “Sənin verəcəyin cəza bizi qorxutmur, çünki Allahın verəcəyi əvəz daha yaxşıdır və daimidir. Bizimlə necə rəftar etmək istəyirsənsə, et. Ancaq de görək, sən niyə bizi qınayırsan və qorxudursan, axı biz heç bir günah etməmişik. Biz bizə göstərilən Rəbbimizin möcüzəsinə iman gətirmişik və əgər bu məzəmmət ediləsi və cəzalandırılası günahdırsa, onda biz doğrudan da günahkarıq”.
Onlar Allaha imanlarını möhkəmlətməsi və onlara böyük səbir bəxş etməsi üçün dua etdilər. Belə şərhin xeyrinə dəlalət edən “səbir” (“dözümlülük”) sözünün burada qeyri-müəyyənlik formasında verilməsidir. Onların doğrudan da böyük səbrə ehtiyacları var idi, çünki onların qismətinə ağır sınaq düşmüşdü. Onlar həyatla vidalaşa bilərdilər və ancaq böyük səbirlilik onlara səbat verə, ürəklərində imanı möhkəmlədə və onları narahatçılıqdan xilas edə bilərdi. Onlar Allahdan xahiş etdilər ki, onları müsəlman kimi – Ona itaətkar və Onun elçisinə (ə) sadiq olanlar kimi öldürsün.
Quran ayələrinin aydın mənalarından məlum olur ki, Firon öz hədəsini icra etmişdi və Fövqəluca Allah iman gətirmiş sehrbazların imanını ürəklərində möhkəmlətmişdi. Firona, varlı əyanlara və onlara tabe olan şəhər camaatına gəldikdə isə onlar Allahın möcüzələrinə təkəbbürlə yanaşdılar, haqları olmadan onları rədd etdilər. Onlar hətta Fironu, Musanın (ə) təbliğatını yalan və yanlış zənn edərək, ona divan tutmağa çağırdılar.


(7.127) “Firon tayfasının əyan-əşrəfi dedi: “Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: “Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”

Fironun əyanları Allahın yoluna, gözəl əxlaqa və saleh əməllərə çağırışı fitnə-fəsadın yayılması adlandırdılar. Əslində isə məhz bu əla keyfiyyətlər sayəsində yer üzündə qayda-qanun yaradıla bilərdi. Kafir əyanları cinayətləri şərəfsizlik və günah toxumları idi, lakin günahkarlar dedikləri sözləri üzərində düşünmürdülər. Onlar Firona belə dedilər: “Doğrudanmı sən Musaya səndən və sənin ilahlarından üz döndərməsinə imkan verəcəksən?! Doğrudanmı sən ona imkan verəcəksən ki, insanları sənə itaət etməməyə çağırsın?”
Firon isə belə cavab verdi: “Biz Musanı və İsrail oğullarını elə bir vəziyyətə salacağıq ki, onlar bir daha öz sıralarını artıra bilməyəcək və bizim xalqımıza zərər vura bilməyəcəklər. Biz onların oğullarını öldürəcək və qadınlarını isə sağ buraxacağıq. Belə etməklə biz onlara çoxalmağa imkan verməyəcək və özümüzün əmin-amanlığımızı təmin edəcəyik. Biz onlardan sağ qalanları istifadə edəcək və istədiyimiz kimi onlara hökm verəcəyik. Biz onların üzərində böyük hakimiyyətə malikik və onlar azadlıq əldə etməyəcəklər”. Həqiqətən də, bu, Fironun hədsiz zalımlığının, təkəbbürünün və amansızlığının dəlillərindən idi.


(7.128) “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” – dedi”.

Musa peyğəmbər (ə) isə xalqına öyüd-nəsihət verərək onlara bildirirdi ki, onlar özləri heç vaxt qismətlərinə yazılmış bu vəziyyətlərini özləri dəyişdirə bilməzlər və ancaq Allahın köməyinə və yardımına ümid bəsləməlidirlər. Musa (ə) dedi: “Təkcə Allahın sizə köməyi nəticəsində xoş günə çıxacağınıza və sizi şərdən qoruyacağına inanın. Ona təvəkkül edin və Onun işinizi uğurla nəticələndirəcəyinə inanın. Qismətinizə düşənlərə səbirlə dözün və halınızın yüngülləşəcəyinin yaxın olduğunu gözləyin. Yer tamamilə Allaha məxsusdur və Fironun və ya onun ətrafındakılarının mülkiyyəti deyil və buna görə də onlar uzun müddət özbaşınalıq edə bilməyəcəklər. Allah yeri Öz qullarından istədiyinə vərəsəliyə verir. Torpaqlar bir xalqdan başqasına Onun iradəsi və müdrikliyinə tam uyğun olaraq keçir, (Kursiv mənimdir. F.S.) lakin gözəl sonluq həmişə müttəqilərə məxsus olur. Onlar hətta çox ciddi və uzunmüddətli sınaqlardan keçirilsələr də, hökmən qalib gələcəklər”.
Bu ayədə qulların bəzi vəzifələri açıqlanır. Əgər onlar zülmdən xilas olmaq üçün kifayət qədər gücə malikdirlərsə, onda bunu etməlidirlər, lakin belə qüvvə sahibi deyillərsə, onda səbir etməli və Allahdan kömək diləyərək, vəziyyətlərinin yüngülləşməsini gözləməlidirlər.


(7.129) “(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”

İsrail oğulları Fironun onları incitməsi ilə əlaqədar narazılıq edirdilər. Onlar peyğəmbərə (ə) dedilər: “Sənin gəlişinə qədər də Fironun xalqı oğullarımızı öldürməklə və qadınlarımızı diri saxlamaqla bizi cəzalandırırdı. İndi sən gəlmişsən, amma onlar buna baxmayaraq bizə yenə də əzab-əziyyət verirlər”.
Musa (ə) buna cavab olaraq tezliklə asanlıq və xilasa ümid etdiyini bildirdi: “Ola bilsin ki, çox tezliklə Rəbbiniz düşmənlərinizi məhv etsin və sizə yer üzündə hakimiyyət versin. Bu baş verən zaman, Rəbbiniz baxacaq görsün ki, siz minnətdarlıq bildirəcəksiniz ya yox”. Vəd edilən müddət çatdıqda, Allah bu vədini həyata keçirdi.


(7.130) “Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!”

Fövqəluca Allah Musa ilə Firon tayfasının qarşıdurmasının son mərhələsində sonuncuların başına gətirdiyi bəla və müsibətlərdən xəbər verir. Allah digər xalqlarla da eynilə rəftar edirdi ki, onlar Ona itaət etsinlər.
Misirlilər üçün quraqlıq illəri başlamışdı – Allah istəyirdi ki, onlar kafirliklərinə görə tövbə etsinlər və başa düşsünlər ki, onlara düçar olmuş bədbəxtçilik Onun qəzəbinin nəticəsidir. Lakin bu onlara heç bir fayda vermədi və onlar günah işlətməkdə və fitnə-fəsad yaymaqda davam edirdilər.


Tarix: 20.04.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 479 Bölmə: Sureler