beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 199-206

(7.199) “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!”

Bu ayə müsəlmanlara ünsiyyət zamanı insanlara ehtiramla yanaşmağı əmr edir və onlarla necə davranmağı öyrədir. İnsanlara qarşı münasibətdə yumşaq və mərhəmətli olmaq, ətrafdakıları onlar üçün çətin olmayan əməllərə və əxlaqi keyfiyyətlərə dəvət etmək lazımdır. İnsanlara bacarmadıqları işi həvalə etməyə yol vermək olmaz. Əksinə, xeyirxah əməlləri və sözlərinə görə bəzi cüzi qüsurlarını onlara bağışlamalı və bəzi çatışmazlıqlarına göz ymulmalıdır. Kiçiklər qarşısında onların azyaşlılığına, zəif ağıllılar qarşısında onların ağıllarının çatışmazlığına və həmçinin kasıblar qarşısında onların aztəminatlılığına görə təkəbbür göstərilməməlidir. Əksinə, hər kəsə xeyirxahlıqla – şəraitin tələb etdiyi tərzdə yanaşılmalıdır və in sanlara həmişə sevinc bəxş edilməlidir.
Müsəlman başqalarını gözəl sözlər danışmağa, gözəl işlər görməyə və yaxınlarına və o qədər də yaxın olmayanlara yaxşılıq etməyə öyrətməlidir. Ətrafdakılarla ünisyyətə girdikdə onlara bilik öyrətmək və onları yaxşılıq etməyə ruhlandırmaq lazımdır. İnsanları qohumluq əlaqələrini möhkəmlətməyə, valideynlərə hörmətlə yanaşmağa, insanlar arasında əmin-amanlıq yaratmağa çalışılmalıdır. Onlara faydalı məsləhətlər verməli, düzgün qərarlar təklif etmək, xeyirxahlıqda və təqva məsələlərində yardım göstərmək lazımdır. Bununla yanaşı onları bəd əməllərdən çəkindirməli və həm dində və həm də bu həyatda xeyirxahlığı necə əldə etməyi insanlara öyrətməlidir.
Bu yolda dəvətçi hökmən cahil insanlar tərəfindən məruz qalacağı haqsızlıqlara səbr etməlidir. Buna görə Fövqəluca Allah belələrindən üz döndərməyi və nadanlıqda onlara bənzəməməyi əmr etmişdir. Əgər müsəlmanı söz və ya əməllə incidirlərsə, onda o, belə təhqirlərə təhqirlə cavab verməməlidir. Əgər onu haqqından məhrum edirlərsə, o, onu incidənin özünü onun haqqından məhrum etməməlidir. Əgər onunla qohumluq əlaqələrini kəsirlərsə, yaxşı olardı ki, o, onları bərpa etməyə səy göstərsin. Əgər onunla ədalətsiz davranırlarsa, o, buna baxmayaraq ədalətsizlik etməməli və qərəzkar olmamalıdır. O ki, qaldı cinlərdən olan şeytanlara, bu barədə Fövqəluca Allah belə buyurur:

(7.200) “Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) Eşidəndir, Biləndir!”

Səni yaxşı əməllər etməkdən saxlamağa və ya cinayətə yönəltməyə cəhd göstərmək istəyən şeytanın təhrikini hiss edən kimi, kömək üçün Allaha sığın və Ondan səni qorumasını dilə. Həqiqətən, O, sənin dediklərinin hamısını eşidir, sənin niyyətlərini və zəif yerlərini bilir. O, sənin nə dərəcədə səmimi qəlblə Onun Himayəsinə can atdığını bilir və O, səni şeytanın təhriklərindən və azğınlıqlarından hökmən qoruyacaqdır.
Fövqəluca Allah buyurur:



(7.201) “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar”.

Hər bir adam öyüd-nəsihətləri unudaraq, əl çəkmədən onun ardınca gedən və onu qəfildən yaxalayan şeytanın təhriklərinə uya bilər. Şeytana təqvalı qulu yoldan çıxarmaq müyəssər olduqda, o, o saat Allahı xatırlamağa başlayır. Məhz bu xüsusiyyəti onu azğın günahkarlardan fərqləndirir. Mömin insan günah etdiyini və şeytanın onu haram əməllər törətməyə sövq etdiyini və ya ona vacib bir hökmü yerinə yetirməyə mane ola bildiyini başa düşəndə, o, bunun səbəbləri üzərində düşünməyə başlayır. O, şeytanın ona necə və hansı tərəfdən yaxınlaşması üzərində fikirləşiir. O, Allah qarşısında olan öz vəzifələrini və dinin tələblərini yadına salır və bunun nəticəsində o yoldan çıxarıldığını dərk edir və bağışlanması haqqında Allaha dua etməyə başlayır və buraxdığı nöqsanların üstünü Allaha səmimi tövbə etməklə və çoxsaylı xeyirxah əməllər etməklə örtsün. O, şeytanı məyus edib kədərləndirir və onun bütün əldə etdiklərini dağıdır.

(7.202) “...Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya şeytanların yaxalarından əl çəkməzlər)”.

Şeytanların qardaşları və əlaltıları günah işlətdikdə, şeytanlar onların azğınlığını daha da gücləndirir və onları yeni-yeni günahlar törətməyə təhrik edirlər. Onlar itaətsizlik göstərməkdən əl çəkmirlər, şeytanlar da onları azdırmaqdan əl çəkmirlər. Şeytanların elə istədiyi də budur, onlar isə asanlıqla tabe olurlar və daima cinayətlər törədirlər.


(7.203) “(Ey Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): “Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? – deyə soruşarlar. De: “Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir”.

Ey Muhəmməd! Səni yalançı sayan kafirlər doğru yolu və haqqı göstərən ecazkar ayələri görsələr də öz inadlarından əl çəkməyəcəklər. Sən onlara haqlı olmağını təsdiq edən hər hansı möcüzələr göstərsən belə, onlar sənə itaət etməyəcəklər. Əgər sən onlara istədiklərini göstərməsən, onlar səndən elə narazılıq edəcəklər ki, guya bu möcüzələri sən yaradırsan və məxluqları sən idarə edirsən. Onlar başa düşmürlər ki, sən hakimiyyət sahibi deyilsən və ayələri özün yaratmırsan.
Onlara de: “Mən təkcə Rəbbimin mənə nazil etdiklərinə uyğun hərəkət edirəm. Mən – Rəbbimdən asılı qulam. Möcüzələri, şəraitə uyğun olaraq Öz İlahi müdrikliyi əsasında göstərən və nazil edən təkcə Allahdır. Əgər siz zaman keçdikcə yox olmayan və bütün zamanlar üçün inandırıcı dəlil ola bilən möcüzə görmək istəyirsinizsə, bu Əzəmətli Qurana diqqət yetirin. O – Allahın niyyətinə və bəşəriyyətin ən ümdə arzularına nur saçan müdrik Nəsihətdir”.
Quran bir dəlildir və özü də dəlilini izah edir. Əgər insan onun üzərində düşünərsə, ona aydın olar ki, o, Müdrik və Həmdəlayiq Allah tərəfindən nazil edilmişdir. Yalan ona nə pndən, nə də arxadan yaxınlaşa bilməz. O, həqiqəti onunla rastlaşan hər bir kəsə çatdırır, lakin insanların əksəriyyəti ona inanmaqdan boyun qaçırırlar.
Əgər insan iman gətirirsə, o, Quran ayələrinin sayəsində azğınlıqdan doğru yola çıxır, Alahın mərhəmətini qazanır və bəlalardan xilas olur. Bax elə buna görə, vəhyləri əsas tutan və Quranın hökmlərini yerinə yetirən mömin həm bu dünyada və həm də Axirət həyatında xoşbəxtdir. Kafirlərə gəldikdə isə, onlar hər iki dünyada bədbəxt və azğın insanlardır.


(7.204) “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”

Bu hökm Quranın oxunuşunu eşidən hər bir şəxsə aiddir. Hər bir müsəlman Allahın Kitabını dinləməli və bu zaman sakitliyə riayət etməlidir. Sakitliyə riayət etmək dedikdə, insanı ayələri dinləməkdən yayındıran bütün danışıqlara və işlərə ara verilməsi nəzərdə tutulur. Dinləmək dedikdə isə, vəhylərə diqqətlə qulaq asılması və onların üzərində düşünülməsi nəzərdə tutulur.
Əgər insan, yanında Allahın ayələri oxunduqda bu iki hökmü yerinə yetirirsə, o, çox böyük fayda əldə edir və geniş biliklər qazanır. O, imanını kamilləşdirir, doğru yolda möhkəmlənir və dini məsələlərdə bəsirəti daha da artır. Buna görə, Allah Onun mərhəmətini qazanmağı bu iki hökmlə bağlamışdır. Əgər insan Quran ayələri onun yanında oxunarkən onları dinləmirsə və sakitliyə riayət etmirsə, onda o, ən böyük nemətdən və ən əzəmətli mərhəmətdən məhrum olurlar.
Bilmək lazımdır ki, namaz qılınan zaman səslə oxunan Quran ayələrinə diqqət yetirmək və sakitliyə riayət etmək hökmü daha vacibdir. İmam Quranı səslə oxuduqda, onun arxasında dayananlar onu sakitcəsinə dinləməlidirlər. Bəziləri hətta belə hesab edirdilər ki, bu zaman susmaq “əl-Fatihə” surəsini oxumaqdan üstündür.


(7.205) “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”

Allah Öz qulu və Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və bütün qalan insanlara bildirir ki, Onu səmimiyyətlə xatırlasınlar. Bunu qəlblə və ya dillə etmək olar, amma yaxşı olardı ki, hər iki zikr formasından birlikdə istifadə edilsin. Allahı mütiliklə xatırlamaq – Onun qarşısında müxtəlif duaları itaətkarlıqla təkrarlamaq demək olduğu halda, Onu qorxaraq yad etmək, Onu qəlbdə dərin ehtiramla zikr etməklə bərabər, yaxşı əməllərinin qəbul edilməyə biləcəyi təhlükəsini unutmamaq deməkdir.
İnsanın Allah qarşısında hiss etdiyi qorxunun əlaməti, onun hər bir təşəbbüsündə özünü büruzə verən səmimiyyətə və kamilliyə nail olmaq üzrə göstərdiyi səy və can yandırmasıdır.
Namazları mülayim, mötədil səslə oxumaq lazımdır. Namaz zamanı səsi bərk qaldırmaq və ya səssiz oxumaq lazım deyil. Ən yaxşısı orta mövqe tutmaq və həddi aşmamaqdır. Allahı xatırlamaq (zikr etmək) üçün ən münasib vaxt səhərlər və gün batmazdan qabaqdır, çünki bu – gecə-gündüzün ən yaxşı vaxtıdır.
Allah qullarına Onu unutmağı qadağan etmişdir, çünki bunun əvəzində cəza olaraq O, onları öz-özlərini unutmağa məcbur edəcəkdir. İnsanlar belə rəftar etdikdə özlərini həm bu dünyada və həm də ölümdən sonra hər cür nemətdən məhrum edirlər. Onlar Allahı xatırlamaqdan üz çevirir və onlara xoşbəxtlik və uğur gətirən ibadətdən boyun qaçırırlar. Bununla yanaşı onlar, bədbəxtliyə və ümidsizliyə məhkum edən nə varsa, ona doğru can atırlar.


(7.206) “Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!”

Fövqəluca Allah xəbər verir ki, Onun qulları arasında daima Ona ibadət və xidmət edən mələkləri vardır. İnsanlar bilməlidirlər ki, Allah onlardan ibadət etməyi ona görə tələb etmir ki, ibadət edənlərin sayını artırsın və ya alçaldılmadan və acizlikdən xilas olsun. O, Ona ibadət etməyi ona görə əmr edir ki, ibadət edənlər bundan faydalansınlar və onların yaxşı əməllərinin dəyərini dəfələrlə üstələyən mükafat ala bilsinlər. Buna görə, O, bəyan edir ki, Ona yaxın olan mələklər və Onun Kürsüsünü daşıyanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər, Onun qarşısında müti olarlar və Onun hər hökmünü yerinə yetirirlər. Onlar gecə-gündüz Ona həmd edir, Onun qarşısında səcdə qılır və Ona şərik qoşmurlar. Yerdə qalan digər qullara gəldikdə isə, onlar alicənab mələklərdən nümunə götürməli və Hərşeydənxəbərdar Hökmdara yorulmadan ibadət etməlidirlər.


Tarix: 20.04.2013 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 377 Bölmə: Sureler