beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNFAL(“QƏNİMƏTLƏR”)SURƏSİNİN ŞƏRHİ 31-40

(8.31) “Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik: istəsək, biz də bunun bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” – söyləyərlər”.

Fövqəluca Allah Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) inkar edən kafirlərin inadkarlığı barədə xəbər verir. Onlara Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiklərinin hamısının gerçəkliyini təsdiq edən Quran ayələrini oxuduqda, onlar deyirdilər: “Biz bunların hamısını artıq eşitmişik. Bunlar – qədim xalqların əfsanələridir”. Bu sözlər onların inadkarlığının və zalımlığının nəticəsi idi. Əgər bu belə olmasaydı, onda Quran vəhylərinə bənzəyən heç olmazsa bir surə yazmaq üçün, Ondan başqa, bütün istədiklərini köməyə çağırmaları haqqında Allahın onlara yönəltdiyi təklifi qəbul edərdilər. Onlar bu dəvəti qəbul etmədilər və öz gücsüzlüyünü gizlədə bilmədilər. Onların sözlərinə gəldikdə isə, onlar tamamilə əsassız idi və mövcud gerçəklik onları təkzib edirdi. Onlar çox gözəl bilirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) savadsız insan idi, nə oxumağı və nə də yazmağı bilmirdi. O (ona Allahın salavatı və salamı olsun!) uzaq səfərlərə getməmişdi ki, qədim xalqların hekayətlərini öyrənə bilsin. Bütün bunlara baxmayaraq, o (ona Allahın salavatı və salamı olsun!) bəşəriyyətə elə bir Kitab gətirdi ki, ona yalan nə qarşıdan, nə də arxadan yaxın düşə bilməz. O (ona Allahın salavatı və salamı olsun!), Müdrik və Hərhəmdəlayiq Allah tərəfindən nazil edilmiş Kitab gətirmişdir.


(8.32) “Bir zaman da: “Ya Allah! Əgər bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”.

Kafirlər haqlı olduqlarına inandıqları üçün belə demişdilər və Allaha necə müraciət etməyi bilmirdilər. Haqlı olduqlarını təsdiq edərək, onlar gerçəkliyi təhrif edən şübhəli sübutlar gətirirdilər və onların sayəsində öz baxışlarının düzgünlüyünə inanmışdılar. Onların yanına onlarla müzakirə aparmağa bir nəfər gələrək, məhz özünün haqqa əsaslandığını bəyan etdikdə, onlar belə deməli idilər: “Ey Allah! Əgər bu doğrudan da Səndən nazil olan haqdırsa, onda bizi doğru yola yönəlt”. Belə davransaydılar, onlar öz zalımlıqlarını daha yaxşı gizlədə bilərdilər. Lakin onlar dedilər: “Ey Allah! Əgər Muhəmmədin təlimi Səndən gələn haqdırsa, üstümüzə daş yağdır və ya bizi əzabverici cəzaya düçar et”. Bu sözlər tamamilə kifayət edərdi ki, onların ağılsız axmaq və zalım nadanlar olduqları başa düşülsün, axı əgər Allah onları ləngitmədən cəzalandırsaydı, onların kökü büsbütün kəsilərdi. Lakin Allah onları o saat cəzalandırmadı, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların arasında idi.


(8.33) “Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!”

Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) müşriklərin yanında olması onları cəzalandırılmaqdan qoruyurdu. Onlar öz qorxulu nitqlərini çoxsaylı insanların hüzurunda bəyan edirdilər, amma sözlərinin qüsurluluğunu dərk edirdilər. Onlar Allahın onları cəzalandıracağından ehtiyat edirdilər və bağışlanmaları haqqında Ona yalvarırdılar və buna görə də Allah xəbər verir ki, müşriklər Ondan bağışlanmalarını istədikdə O, onları cəzalandırmaz. Qeyd olunan şərtlər onları Allahın cəzasından qoruyurdu. Lakin onların cəzaya məruz qoyulması üçün olduqca çoxsaylı səbəblər var idi. Buna görə, sonra Fövqəluca Allah buyurur:



(8.34) “Lakin onlar (müşriklər) Məscidülhəramın sahibləri (və ya ona xidmət etməyə layiq) olmadıqları halda, (möminlərə onu təvaf etməyə) mane olduqda Allah nə üçün onlara əzab verməsin! Onun sahibləri (və ya Allahın dostları) yalnız Allahdan qorxub pis əməllərdən (küfrdən, şirkdən, bütpərəstlikdən) çəkinənlərdir. Lakin onların (müşriklərin) əksəriyyəti bunu bilmir!”

Müşrikləri, işgəncələrə məhkum edən cinayətlər törətdiklərinə görə, cəzadan nə qoruya bilər? Onlar insanlara, o cümlədən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələrinə Məscidülharama yaxınlaşmağa imkan vermirlər. Axı Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) səhabələri bu məscidin yanında dayanmağa daha çox haqlıdırlar, çünki müşriklər, ümumiyyətlə, heç Allahın dostları da deyillər.
Bir şərhə görə, bu ayədə əvəzlik(Burada, cümlənin ikinci dərəcəli üzvü olan “əvəzlik” nəzərdə tutulur. F.S.)Allaha şamil edilir və belə olduqda, bu vəhyin mənasından belə çıxır ki, müşriklər Onun dostları deyillər. Digər bir şərhə görə isə bu əvəzlik Məscidülharama aiddir və belə olduqda, bu onu göstərir ki, müşriklər Məscidülharama digər insanlardan üstün haqqa malik deyillər. Allahın dostları – təkcə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmiş, tövhidə etiqad edən, ancaq tək Ona ibadət edən və xidmət göstərən möminlərdir. Lakin insanların əksəriyyəti bundan xəbərsizdir və buna görə onlar, başqalarının daha çox layiq olduğu keyfiyyətləri, özlərinə aid edirlər.


(8.35) “Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!”

Fövqəluca Allah istəyir ki, Məscidülharam elə bir məbəd olsun ki, orada Onun dininə etiqad edilsin və təkcə Ona səmimi ibadət olunsun. Mömin müsəlmanlar bu hökmü yerinə yetirirdilər, müşriklər isə, onlara ona, hətta yaxınlaşmağa belə imkan verməyərək, onun özünə də heç bir əhəmiyyət vermirdilər. Hətta, ibadət ayinlərinin ən əzəmətlisi olan namaz müşriklər üçün fışdırıq və əl çalmaqdan başqa bir şey deyildi. Nadan cahillər özlərini məhz belə aparır, öz Rəbbinə qətiyyən ehtiram göstərmir, şeylərin əsil mahiyyətini bilmir və yer üzündə ən yaxşı və ən şərəfli guşəyə hörmət bəsləmirdilər. Əgər müşriklərin ibadətini belə keyfiyyətlərlə səciyyələndirmək mümkündürsə, bəs onda onların digər ayinləri haqqında nə demək olar?! Niyə onlar elə güman edirdilər ki, onların Məscıdülharama, Allahın Öz Kitabında qeyd etdiyi kimi namazda muti olan, boş-boş danışıqlardan çəkinən, çoxsaylı tərifəlayiq keyfiyyətlərə malik və müxtəlif xeyirxahlıqlar edən mömin müsəlmanlardan daha çox haqları var?!
Təəccüblü deyil ki, Allah Məscidülharamı müsəlmanların(Məhz Öz Kitabında təsvir etdiyi keyfiyyətlərinə görə. F.S.
)öhdəsinə vermişdi və onların hakimiyyətini bu müqəddəs torpaqlarda bərqərar etmişdi. Bu baş verdikdə Fövqəluca Allah buyurmuşdur: “Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna, su başına çıxdıqdan sonra yuyunmadıqlarına, dəstəmaz almadıqlarına və cənabət qüslü etmədiklərinə görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar...” (Tövbə, 9/28).


(8.36) “Küfr edənlər öz mallarını (insanları) Allahın yolundan döndərmək (İslamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki,
(8.37) Allah (orada) murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!”

Fövqəluca Allah bildirir ki, müşriklər Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) qarşı düşmənçilik bəsləyirlər. Onlar fitnə-fəsad qururlar ki, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) üstün gəlsinlər, Onun Nurunu söndürməyə və Onun Sözünün eşidilməməsinə cəhd göstərirlər. Lakin onların tətbiq etdikləri fəndgirliklərin nəticələri onların özlərini məğlubiyyətə uğradacaqdır, çünki uğursuz fitnəkarlıqlar həmişə onları törədənlərə zərbə vurur.
Kafirlər haqqı nahaq qələmə vermək və yalanı müdafiə etmək, Vahid və Mərhəmətli Allaha imanı məhv etmək və insanları bütpərəstliyə tərəf çəkmək üçün öz mallarını xərcləməyə xəsislik etmirlər. Onlar bu yolda var-dövlətlərini xüsusi çətinlik çəkmədən sərf edirlər, çünki öz yanlış baxışlarında qətiyyətlidirlər və haqqa nifrət bəsləyirlər. Əlbəttə, sonradan onlar törətdikləri barədə təəssüflənəcəklər, rüsvay ediləcək və alçaldılacaqlar. Onlar öz var-dövlətlərindən məhrum olacaqlar və ümidləri puça çıxacaq, Qiyamət günü başladıqda isə onlar daha sərt cəzalandırılacaqlar. Onların hamısı Cəhənnəmdə toplanacaq və orada amansız cəzanı dadacaqlar. Cəhənnəm – natəmizlərin və yaramazların məskənidir.
Fövqəluca Allah yaramaz adamları xeyirxah möminlərdən yaxşı ayırd edir və onların hər biri mütləq müvafiq məskəndə olacaqdır. Bütün yaramazlıqlar toplanıb bir yerə atılacaq. Yaramaz əməllər, yaramaz mallar və yaramaz məxluqlar bir-birinin üstünə yığılacaq. Sonra isə Allah onları toplayıb Qaynar Cəhənnəmə vasil edəcək. Oraya düşən mürtədlər əsil zərərə uğrayacaqlar, çünki Qiyamət günü onlar özlərini itirəcək və ailələrindən məhrum olacaqlar. Açıq-aşkar zərər də elə budur!

(8.38) “(Ey Elçim!) Kafir olanlara de: “Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə (yaramaz işlərə, döyüşməyə) qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr”.

Bu vəhy Fövqəluca Allahın Öz qullarına bəslədiyi mərhəmətinin dəlilidir. İnsanların kafirliyinə və inadkarlığına baxmayaraq, Allah onları doğru yola gəlməyə və azğınlığa, məhvə məhkum edən əməllərdən çəkindirməyə dəvət etməkdən usanmır. Məhz buna görə, Allah buyurur ki, əgər kafirlər küfrə etiqad etməkdən əl çəksələr və Ona şərik qoşmadan, itaət etsələr, onda O, onların keçmişdə törətdikləri cinayətlərini bağışlayar. Amma əgər onlar yenidən kafirliyə və haqqı inadla inkar etməyə qayıtsalar, onda onlar məhvə uğradılmış kafir xalqların yolunu təkrarlamış olarlar. Belə olduqda, onlar ancaq inadcıl kafirlərin nəsibi olan aqibəti gözləsinlər və onların məsxərəyə qoyduqları cəza, mütləq onlara yetişəcəkdir.
Bu ayə kafirlərə yönəldilmişdi, sonrakı ayədə isə Allah möminlərə müraciət edir və onları allahsızlara necə yanaşmağı öyrədir. Fövqəluca Allah buyurur:


(8.39) “(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir)”.
(8.40) “Əgər onlar (sizdən) üz döndərsələr (sizinlə ədavətə son qoymasalar, iman gətirməkdən, itaət etməkdən boyun qaçırsalar), bilin ki, Allah sizin havadarınızdır. O, ən gözəl Havadar, ən yaxşı İmdadaçatandır!”

Kafirlərlə onlar Allaha şərik qoşmaqdan və insanları Onun yolundan çıxartmaqdan əl çəkənə qədər, İslamı qəbul etməyincə və bu dinin hökmlərinə tabe olmayınca, insanlar tək Allaha xidmət göstərmədikcə vuruşun. Məhz bu, cihadın – dinin düşmənlərinə qarşı mübarizənin ali məqsədidir. Cihad sayəsində müsəlmanlar öz dinini kafirlərin onu salmaq istədiyi şərdən qoruyur. Onlar, Allahın bəşəriyyəti yaratmasının məqsədi olan dinini müdafiə edir və onun bütün qalan dinlər üzərində ucaldılmasına can atırlar.
Kafirlər zalımlıq etməkdən əl çəksələr, onda onların əməllərini Allah nəzərdən qaçırmaz, axı Ondan hətta ən cüzi hərəkətləri belə gizlətmək mümkün deyildir. Amma onlar Ona itaət etməkdən vaz keçsələr, qoy bilsinlər ki, O mömin qullarını himayə edir, onlara faydalı şeyləri əta edir, dini və dünyəvi işlərini sahmana salmağa kömək göstərir və onları cinayətkarların kinli kələkbazlıqlarından və şiddətli hücumlarından qoruyur. Allah insanı himayə edirsə, onda o, heç nədən qorxmaya bilər. Lakin əgər Allah insana müharibə elan edirsə, o, hökmən gücündən məhrum olunacaq və özü üçün istinadgah tapa bilməyəcək.


Tarix: 20.04.2013 / 13:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Sureler