beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YUNUS SURƏSİNİN ŞƏRHİ 52-70

(10.52) “Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək”.

Qiyamət günü, insanlar törətdikləri əməllərə görə tam əvəz alacaqlar, zalımlara belə deyiləcək: “Sizin üçün hətta qısa müddətə belə fasiləsi olmayacaq əbədi cəzanı dadın! Məgər sizə verilən təkcə kafirliyinizin və törətdiyiniz günahlarınızın əvəzi deyilmi?”

(10.53) “Səndən: “O əzab doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz”.

Ey Peyğəmbər! Kafirlər səndən soruşacaqlar: “Doğrudanmı insanları həqiqətən bir yerə toplayacaqlar? Doğrudanmı insanlar Qiyamət günü dirildiləcəklər? Doğrudanmı əməlisaleh insanlar savab alacaq, cinayətkarlar isə cəzalandırılacaq?” Onlar səndən özlərindən ötrü haqqı aydınlaşdırmaq və inandırıcı açıqlamalar eşitmək üçün deyil, səni məhz bir daha inkar etmək üçün soruşacaqlar. Buna görə öz doğruçuluğuna and iç və sözlərini etibarlı dəlillərlə təsdiq et və de: “Rəbbimə and olsun! Mən, şübhə edilməsi mümkün olmayan əsil həqiqəti deyirəm. Siz, Allahın sizi diriltməsinə mane olmağa qadir deyilsiniz və əgər O, sizi heçdən yarada bilibsə, sizi, öldükdən sonra, hər birinizin layiq olduğu əvəzi almasından ötrü diriltməsi Ona çətin olmaz”.


(10.54) “Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz)”.

Əgər kafirliyə etiqad etmiş və hər cür günahlar işlətmiş insan yerin bütün qızılına və gümüşünə və digər maddi zənginliklərinə sahib olsaydı, onda o, Qiyamət günü bütün bunları verib Allahın cəzasından qurtulmaq istəyərdi. Lakin bu ona heç bir fayda verməzdi, çünki fayda və zərər, savab və cəza insanın yer üzündə törətdiyi saleh və şər əməllərlə bağlıdır. Qiyamət günü günahkarlar törətdikləri ilə əlaqədar olaraq təəssüflənəcəklər, qaçıb can qurtarmağa artıq vaxt qalmayacaq. O zaman onlar öz tövbələrini gizlədəcəklər. Onlar üçün çıxarılacaq hökm isə mütləq ədalət olacaq və onlar qətiyyən haqsızlığa uğradılmayacaqlar.

(10.55) “Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin (kafirlərin) əksəriyyəti (bunu) bilməz!”

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, Kainatı ilahi qədərinin və Öz dininin qanunlarına müvafiq idarə edir və sonra isə, ədalətli əvəz qanunları əsasında, yaratdığı məxluqlar haqqında hökm çıxaracaqdır. Allahın vədi əsil həqiqətdir, lakin insanların əksəriyyəti bunu bilmir və onlar öz Rəbbi ilə görüşə haırlaşmırlar. Bundan başqa, onlar təkzibolunmaz məntiqi dəlillərə və müqəddəs mətnlərə etinasızlıq göstərərək, Axirət həyatına inanmırlar.

(10.56) “Dirildən də, öldürən də Odur. Məhz Onun hüzuruna qaytarılacaqsınız!”

Həyat və ölüm Allahın sərəncamındadır. O, bütün Kainatda qalan digər məsələləri də Özü təklikdə həll edir və Onunla bərabər heç kim Kainatı idarə etmir. Qiyamət günü başlayanda isə, bütün məxluqlar Ona qayıdacaqlar ki, öz xeyir və şər əməllərinin əvəzini alsınlar.
Sonra Fövqəluca Allah insanları Müqəddəs Qurana müraciət etməyə çağırır və onun, insanların kəskin ehtiyac duyduqları, ecazkar xüsusiyyətlərini sadalıyır. Fövqəluca buyurur:

(10.57) “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!”

Ey insanlar! Quran sizə öyüd-nəsihət verir və sizi Allahın qəzəbinə düçar edəcək və şiddətli cəzaya səbəb olacaq əməllərdən çəkindirir. O, sizi belə əməllərin təhlükəli nəticələrindən qoruyur və onları açıqlayır. Bununla yanaşı o, qəlbə, şəriətin tələblərini yerinə yetirməyə mane olan rəzil duyğulardan və insanı möhkəm əqidədən məhrum edən zərərli şübhələrdən şəfa verib sağaldır. Bu onunla izah olunur ki, Quran möizələri, vədləri və təhdidləri Allahın qulunda həvəs və qorxu oyadır.
İnsan özündə xeyirxahlıq etmək arzusu və şər qarşısında qorxu duyğusu yarandığını hiss etdikdə, Quran ayələrini təkrarlaması bu hissləri gücləndirir və onu öz istəkləri qarşısında Allahın istəklərinə üstünlük verməyə sövq edir. Nəticədə Allahı razı salmaq meyli onun qəlbində öz ehtirasını təmin etmək arzusuna qalib gəlir. Allahın Öz Kitabında ən kamil tərzdə izah etdiyi dəlil və sübutlar isə onu istənilən şübhələrdən xilas edir və ona ən yüksək etiqad sahibi olmağa kömək göstərir. İnsanın qəlbi mərəzlərdən şəfa tapıb əmin-amanlıq libasına büründükdə bədən bütövlükdə onun arınca yönəlir, çünki qəlb xoşbəxt olduqda bədən xoşbəxt olur və qəlb iztirab çəkdikdə isə bədən də əziyyət çəkir.
Müqəddəs Quran – Haqq Təlim və iman sahibləri üçün mərhəmətdir. O, ona görə Haqq Təlimdir ki, onun sayəsində insan haqqı dərk edir və əldə etdiyi bilikləri təcrübədə tətbiq edib həyata keçirə bilir. Ona görə mərhəmətdir ki, onun sayəsində insan xeyirxah olmağı öyrənir, həm du dünyada, həm də ölümündən sonra savab qazanır. Haqq Təlim - ən əlverişli vasitələrdən ən əzəmətlisi, mərhəmət isə ən müqəddəs arzudur. Lakin Müqəddəs Quran təkcə möminlər üçün Haqq Təlim və mərhəmətdir. Onlar Quranı rəhbər tutur və mərhəmətə layiq görülürlər. Mərhəmət isə doğru yola sadiq qalmanın nəticəsidir və bunun sayəsində səadətə və uğura nail olur, mənfəət və fayda əldə edir, sevinc və müvəffəqiyyət qazanırlar. Belə uğura doğrudan da sevinmək olar və buna görə Fövqəluca Allah belə hökm verir:

(10.58) “De: “Bunlar Allahın neməti və rəhməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir”

Allahın neməti adı altında Müqəddəs Quran, Rəbbin Öz qullarına bəxş etdiyi ən əzəmətli nemət nəzərdə tutulur. Rəhməti adı altında isı din və iman, ibadət və Allaha bəslənən məhəbbət və həmçinin Onu tanımaq təsəvvür edilir. Bunlara sevinmək, fani dünya nemətlərinə, keçəri ləzzətlərə sevinməkdən daha yaxşıdır, çünki doğru din insanı hər iki həyatda xoşbəxt edir və bütün tez ötüb keçən və yox olan yer zövqlərindən qat-qat üstündür.
Fövqəluca Allah Onun nemətinə və rəhmətinə sevinməyi əmr etmişdir, çünki sevinc hissi insanı fəallaşdırır və qüvvətli edir və onu Fövqəluca Allaha daha yaxşı şükr etməyə, minnətdarlıq bildirməyə sövq edir, gücünü çoxaldır, onu bilik əldə etməyə və imanını artırmağa yönəldir. Belə sevinc tərifəlayiq haldır və dünyəvi gözəlliklər və nemətlərin doğurduğu şadyanalıqlardan fərqlənir. Belə şənliklər məzəmmət olunmağa layiqdir və buna görə, Qarunun qəbilədaşları ona demişdilər: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!.. Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma...” (Qəsəs, 28/76-77). Elçilərin təliminə zidd olan öz saxta baxışlarına sevinən günahkarlardan bəhs edərək, Fövqəluca Allah buyurur:
“Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına – qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı)” (Mumin, 40/83).

(10.59) “De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”

Fövqəluca Allah insanlara halal edilmiş şeylərin bir hissəsini haram, haram edilmişlərin də bir hissəsini halal hesab etmələri haqqında müşriklərin iddialarını təkzib edir. Allah onlara mərhəmət göstərərək, bir çox heyvanların ətini yeməyi halal etmiş, onlar isə öz istədikləri kimi onları halal və haram edilmişlərə ayırmışlar.
Ey Muhəmməd! Onlar bu yaramaz iddialarına görə qınanmağa layiqdirlər və buna görə də onlardan soruş: “Allahmı bunu sizə icazə vermişdir və ya siz özünüz Onun adından iftira uydurursunuz?” Yaxşı bəllidir ki, Allah onlara belə etməyə icazə verməmişdi. Bu isə o deməkdir ki, onlar yalançıdırlar.

(10.60) “Allaha iftira yaxanların Qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?) Allah insanlara qarşı mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın nemətlərinə və mərhəmətinə) şükür etməz!”

Allahın adından yalan uyduran günahkarlar Qiyamət günü nə fikirləşəcəklər? Onlar məruz qalacaqları işkəncəli cəza haqqında düşünəcəklər və bununla əlaqədar Fövqəluca Allah buyurur: “(Ey Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)” (Zumər, 39/60).
Allah insanlara böyük mərhəmət göstərir və onlara bol-bol hədiyyələr bəxş edir, lakin insanların əksəriyyəti Ona ya layiqincə şükr etmir, ya da Onun nemətlərindən istifadə edərək günah işlər törədir və yaxud da Onun qullarına nazil etdiyi neməti ümumiyyətlə, inkar edirlər. İnsanlar arasında öz Rəbbinin nemətlərini etiraf edən, Ona həmd edən, Onun bəxş etdiyi nemətləri xeyirxah işlər üçün sərf edən minnətdar qullar həqiqətən çox azdır.
Bu ayəyə istinad edən İslam alimləri təsdiq edirlər ki, bütün ərzaq məhsulları, İslam şəriəti ilə haram edilənlərdən başqa, halal hesab olunur, çünki Fövqəluca Allah Özünün səxavətlə nazil etdiyi nemətlərindən bəzilərini əsassız olaraq haram elan edən günahkarları qınamışdır.

(10.61) “Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz şahidiniz oluruq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Kitabda olmasın”.

Fövqəluca bu ayədə bildirir ki, Ona məxluqlarının bütün hərəkətləri olduğu kimi məlumdur. Ona onların işlədikləri və istirahət etdikləri vaxt da bəllidir. Bu isə o deməkdir ki, insan Allahın onu daima müşahidə etdiyini yadda saxlamalıdır. İnsan öz dünyəvi və ya mənəvi həyatı üçün nə edirsə, Müqəddəs Qurandan nə oxuyursa, hansı böyük və ya kiçik bir işi görürsə, Fövqəluca Allah onun bu təşəbbüslərini əvvəldən axıra qədər müşahidə edir. Qoy insanlar bir işə başladıqları zaman Allahı xatırlasınlar və hər hansı işi səmimi və səylə yerinə yetirsinlər. Qoy onlar onları müşahidə edən, onların zahiri davranışı və daxili aləmini bilən Fövqəluca Allahın qəzəbindən çəkinsinlər. Onun elmi və baxışı göylərdə və yerdə olan bütün varlıqları əhatə edir. O, hətta ən kiçik zərrəcikləri belə müşahidə edir və bütün bunlar Qorunan Lövhədə qələmlə yazılmışdır.
Bu ayədə, Allahın tez-tez birlikdə xatırlatdığı İlahi qədərin iki tərkib hissəsi yada salınır. Bunlar – Allahın bütün baş verənlər haqqında hərşeyiəhatəedən elmi və bütün baş verənlərin Qorunan Lövhədə hərtərəfli və bütün təfərrüatı ilə yazılmasıdır ( Son əsrlərdə elmin və texnikanın inkişafı ilə əlaqədar olaraq bir sıra qabaqcıl elm adamlarının təxəyyülündə belə bir fərziyyə yaranmışdır ki, baş verən hər şey, hərəkətlər, hadisələr, bəşər fəaliyyəti istisnasız olaraq müəyyən bir fövqəladi məkanda öz əksini tapmaqdadır. Şərh edilən ayədən isə açıq-aydın göründüyü kimi, bu müasir fərziyyə, əslində, lokallaşdırılmasa da, bir həqiqətdir. Hər şeyi qapsayan Fövqəluca Allahın bildirdiyi kimi, O, xəlq etdiyi dünyalardakı, o cümlədən yer səyyarəsində gedən posesləri Kosmik Məkan Lövhəsində (ifadə və kursiv- F.S.) istisnasız əks etdirir. F.S.) Digər oxşar bir ayədə deyilir: “(Ey Elçim!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu (Lövhi-məhfuz deyilən), bir Kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır!” (Həcc, 22/70).

(10.62) “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.
(10.63) “O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər –“
(10.64) “onlara dünyada da, Axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük uğurdur!”

Fövqəluca Özünün dostları və sevimli qulları, onların təqdirəlayiq əməlləri, sifətləri və həmçinin şərəfli savabları haqqında xəbər verir. Onlar irəlidə baş verə biləcək dəhşətlərdən və qorxunc hadisələrdən ehtiyat etməli olmayacaq və keçmişdə etdikləri əməllərə görə peşmançılıq çəkməyəcəklər, çünki onların bütün əməlləri xeyirxah əməllər olmuşdur. Əgər onlar nə qorxu, nə də qəm-qüssə bilməslər, onda özlərini təhlükəsizlikdə hiss edəcək, əsil səadətə qovuşacaq və həcmi ancaq Fövqəluca Hökmdara məlum olan nemətlərdən əbədi zövq alacaqlar.
Allah onların xüsusiyyətlərini sadalayaraq bildirir ki, onlar Allaha, Onun mələklərinə, Onun Kitablarına, Onun elçilərinə, Qiyamət gününə, xeyir və şərlə virgə olan Qədərinə iman gətirmişdilər. Bununla yanaşı isə onlar öz dininin doğruluğunu təqvalılığa etiqad etməklə, onun hökmlərini yerinə yetirməklə və bütün haramlardan çəkinməklə təsdiq etmişlər. Buradan aydın olur ki, hər bir təqvalı iman sahibi Fövqəluca Allahın dostu və sevimlisidir. Məhz belə dindarlar həm bu dünyada, həm də ölümdən sonra müjdəyə layiq görülürlər.
Möminlər üçün bu dünyada yaşadıqları müddət ərzində müjdə ad-san sahibi olmaq, möminlərin səmimi məhəbbətini qazanmaq, əməlisaleh yuxular görmək, xeyirxah işlər görəndə Allahın mərhəməti və yardımına layiq olmaq, mömin əxlaqı normalarına riayət etmək və pis xasiyyətdən xilas olmaq deməkdir. Ölümdən sonrakı müjdə isə, saleh insanlar həyatla vidalaşdıqları anda ilk dəfə eşidəcəkləri olacaqdır. Bu barədə Fövqəluca Allah belə buyurub: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünyada da, Axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır. Bağışlayandan, Rəhmedəndən (Allahdan) ruzi (ziyafət) olaraq!” (Fussilət, 41/30-32). Sonra müjdəni qəbirdə - onlara Fövqəluca Rəbbin lütfündən və əbədi Cənnət zövqündən xəbər verilən zaman eşidəcəklər. Ən kamil müjdəni isə onlar Qiyamət günü Cənnət bağlarına girdikləri və əzablı cəzadan xilas olduqlarını eşitdikləri zaman alacaqlar.
Allahın vədi – həqiqət və ləğvolunmazdır, çünki Onun sözü ən doğrudur və heç kim Onun yazdığı qədərə və taleyə müqavimət göstərməyə qadir deyil. Möminlərə gəldikdə isə, onlar ən böyük müvəffəqiyyət əldə edəcəklər, çünki onlar hər cür pisliklərdən, xoşagəlməzliklərdən xilas olacaq və ən müqəddəs arzularına çatacaqlar. Bu müvəffəqiyyətdən başqa, digər üsullarla müvəffəqiyyət qazanmaq mümkün olmayacaq, çünki ancaq imana və təqvaya sahib olanlar uğura nail ola biləcəklər.
Qeyd etmək lazımdır ki, həm bu dünya həyatında və həm də ölümdən sonra müşdə almaq haqq din və təqva sahibi olanların hamısına nəsib olacaqdır və buna görə şərh etdiyimiz ayələr geniş mənaya malikdir və təkcə ayrı-ayrı şəxslərə aid deyil.

(10.65) “(Ey Peyğəmbərim!) Onların (kafirlərin) sözləri səni kədərləndirməsin. Yenilməz qüvvət bütövlükdə yalnız Allaha məxsusdur. O, Eşidəndir, Biləndir!”

Ey Muhəmməd! Qoy səni təhqir etməyə və dininə böhtan atmağa cəhd göstərən müşriklərin sözləri kədərləndirməsin, çünki onların sözləri onlara şərəf gətirmir və sənə heç bir zərər vurmur. Həqiqətən, qüdrət və əzəmət bütövlükdə Allaha məxsusdur və O, həmin məziyyətləri istədiklərinə verir və istədiklərini də onlardan məhrum edir.

Fövqəluca həmçinin buyurub: “Hər kəs dünyada izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki,) bütün izzət-qüdrət ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də (Allahın dərgahına) yaxşı əməl qaldırar. Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar” (Fatir, 35/10). Bu ayə xüsusilə qeyd edir ki, əzəmət sahibi olmaq ancaq Allaha itaət sayəsində mümkünsür. Sözsüz ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Allaha itaət edirdi. Bu isə o deməkdir ki, əzəmət və qüdrət ona (ona Allahın salavatı və salamı olsun!) və ardıcıllarına xas olan xüsusiyyətlər idi. Buna görə Fövqəluca Allah buyurmuşdur: “Qüdrət Allaha, Onun Elçisinə və möminlərə xasdır, lakin münafiqlər bunu bilmirlər” (Munafiqun, 63/8).
Ey Muhəmməd! Allah istənilən səsləri eşidir (Fövqəluca Rəbbin eşitmə sifətinin son dərəcə mümühümlüyü, özünü Quranın çoxsaylı ayələrində Özünün hər şeyi eşidən olmasını Allahın dönə-dönə təkrarlanması ilə və Allahın Elçisinin (s.ə.s.) bunu namaza (Səmi Allahu limən həmidəh) ifadəsini daxil etməsilə göstəmişdir. Bu ona görə belə edilmişdir ki, insanlar Fövqəluca Allahın hər şeyi, hər səsi, hər sözü (istər dillə tələffüz edilsin, istərsə də ürəkdən keçirilsin) eşitməyə qadir olduğunu daima yadda saxlasınlar və nəzərdən qaçırmasınlar. F.S.) və hər hansı bir şey Onun nəzərini cəlb etməyə bilməz. ( Yuxarıda (65-ci səhifəaltıda) ilahi özəllik Allahın görmə qüdrətinə də məxsusdur. Bir sözlə desək, Fövqəluca Allahın bütün sifətləri Öz yaratdıqlarıa görə mütləq kamilliyə malikdir.
Bir daha qeyd etməyimiz yerinə düşərdi ki, Quranda və İslam Peyğəmbərinin (s.ə.s.) hədislərində Allahın ad və sifətlərinin dəfələrlə təkrarlanması bəşəriyyətə yönəldilmiş xüsusi mesaj, fövqəladə sadə və, məxluqların diqqətini cəlb etmək perspektivindən, bir o qədər də mühüm xatırlatma vasitəsidir. Bir qədər statistikadan da istifadə etmiş olsaq, görərik ki, müsəlman gün ərzində beş fərz namazın qılınması zamanı 17 fərz və 12 sünnə rükətində (digər nafilə namazlar nəzərə alınmamaqla) 29 dəfə: “Allah Ona həmd edənləri eşidir” ifadəsinin təkrarlanması həm Müqəddəs Allahın və həm də Onun Elçisinin (s.ə.s.) buna necə misilsiz dərəcədə böyük əhəmiyyət verdiklərinin parlaq və ibrətamiz dəlilidir. F.S.
) Onun elmi bütün aşkarda və gizlidə olanları əhatə edir, göylərdə və yerdə heç bir şey, hətta zərrə boyda da olsa, ondan da kiçik və ya böyük də olsa belə, Allahdan gizlənə bilməz. O, sənin danışdıqlarını da, düşmənlərinin danışdıqlarını da eşidir və onların haqqında hər şeyi olduğu kimi bilir. Öz Rəbbinə arxayın ol və Onun elminə inan! Həqiqətən, əgər insan təqvaya etiqad edirsə, ona təkcə Allahın himayəsi bəs edər.

(10.66) “Bilin ki, göylərdə və yerdə olanların hamısı Allaha məxsusdur. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər! Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar”.

Fövqəluca bildirir ki, göylərdə və yerdə olan nə varsa, təkcə Ona məxsusdur. O, Kainatı yaradaraq ona hökmranlıq edir və məxluqlarına istədiyi kimi sərəncam çəkir. Bütün məxluqlar Allahın tamamilə Ondan asılı olan qullarıdır. Onlardan heç kim Onunla bərabər ibadətə layiq deyildir və onlardan heç kim Onun şəriki deyildir. Ona şərik qoşan müşriklər isə, ancaq öz zənləri əsasında hərəkət edirlər, halbuki zənn və ehtimallar həqiqəti əvəz etməyə qətiyyən yaramır. Onlar çox böyük bir yalan uydururlar və əgər onların dediyi doğru olsaydı, onda onların saxta “ilahları” onlara azacıq da olsa ibadət edilməsinə layiq olmaları üçün heç olmazsa zəruri olan keyfiyyətlərin cüzi bir hissəsinə malik olardılar. Lakin onlar bu məziyyətlərə malik deyillər. Məgər onların arasında yaratmağa və ya ruzi bəxş etməyə qadir olanlarmı var? Məgər onların arasında elələri var ki, hökm sahibidir və ya gecəni gündüzlə əvəz edə bilirlər?

(10.67) “Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (ibrətamiz) dəlillər vardır”.

Allah gündüzü insanların işləməsi, gecəni isə onların dincəlməsi üçün yaratmışdır. Gecə qaranlığı yerə enməklə insanların yatıb istirahət etməsinə imkan yaradır. Əgər gecə işıqlı olsaydı insanlar rahat ola və istirahət edə bilməzdilər. Gün işıqıaşanda insanlar ətraf aləmi aydın görmək imkanı əldə edirlər və öz dünya həyatını abadlaşdırmağa və öz dini uğrunda zəhmət çəkməyə başlayırlar. Bütün bunlarda, Allah haqqında hekayətlərə diqqət yetirən, onların mənasını dərk edən, onları qəbul edib, onlara istinad edən insanlar üçün əlamətlər vardır. İnsanlar onlara qulaq asmırlar ki, onları inadkarcasına inkar edə bilsinlər. Bunun sayəsində insanlar başa düşürlər ki, Allah ibadətə və pərəstişə layiq vahid İlahdır və qalan bütün digər “ilahlar” saxta və faydasızdırlar. Onlar həm də anlayırlar ki, Allah – Xeyirxah, Rəhmli, Hərşeyibilən və Müdrik Rəbdir.


(10.68) “(Müşriklər:) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, (övlada) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”

Fövqəluca Allah müşriklərin aləmlərin Rəbbinə atdıqları böhtan haqqında xəbər verir. Onlar Allahın övladı olduğunu uydururlar, halbuki O, belə nakamillikdən və mürtədlərin Ona aid etdikləri istənilən çatışmazlıqdan sonsuzluğa qədər uzaqdır. Sonra isə, Fövqəluca haqlı olduğunu bir neçə dəlillə əsaslandırır.
Birincisi, O zəngindir və heç nəyə möhtac deyil. O, Təklikdə ən kamil və hərtərəfli var-dövlətə malikdir. Əgər Onun qətiyyən heç bir ehtiyacı yoxdursa, onda övlad Onun nəyinə lazımdır? Doğrudanmı Onun uşağa ehtiyacı var? Bu belə olsaydı, onda Onun zənginliyinə və özünəbəsliyinə zidd olardı, çünki uşaqlara ehtiyac yarandıqda, onları dünyaya gətirirlər.
İkincisi, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Göylərdə və yerdə elə bir məxluq yoxdur ki, Allaha məxsus olmasın, çünki onların hamısı Allahın yaratdıqları və qullarıdır. Əgər bu qayda bütün varlığa aiddirsə, onda heç kim Fövqəluca Allahın oğlu ola bilməz, çünki övlad həmişə öz atasına bənzərdir. Əgər Allahın oğlu olsaydı, onda o, nə məxluq və nə də öz atasının qulu olmazdı. Məhz buna görə, Allahın göylər və yer üzərində hərşeyiəhatəedən hökmranlığı Onun uşaqlarının mövcudluğu haqqındakı iddialarla bir araya sığmır.
Üçüncüsü, Allahın övladları olması haqqında müşriklərin əlində dəlil-sübutları yoxdur. Əgər belə sübutları olsaydı, onları, əsassız iddialarına görə günahlandıran zaman, hökmən göstərərdilər.
Sadalanan dəlillər Fövqəluca Allahın övladlarının mövcudluğu haqqında bəyanatların yalançılığını təsdiq edir. Müşriklər Allah haqqında söylədikləri şeyə dair heç bir biliyə malik olmadıqları halda necə cəsarət edib danışırlar?! Həqiqətən, belə hərəkət ən böyük günahlardan biridir.

(10.69) “(Ey Elçim!) De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!”
(10.70) “(Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!”

Öz yalan iftiralarını Allaha aid edən kafirlər, heç vaxt uğur qazana bilməyəcəklər və qarşılarına qoyduqları məqsədə çatmayacaqlar. Onların öz küfrlərindən və allahsızlıqlarından aldıqları ləzzət çox sürməyəcək və sonra Allahın yanına gedəcəklər və O da onlara kafirliyə etiqad etdiklərinə körə sərt cəzanın acısını daddıracaqdır. Allah onlarla zalımcasına davranmayacaqdır – onlar özləri özlərinə zalımlıq etmişdilər.


Tarix: 20.04.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 615 Bölmə: Sureler