beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HUD SURƏSİNIN ŞƏRHİ 84-101

(11.84) “Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir Günün əzabından qorxuram!”

Madyanlılar məşhur xalqdır və Fələsində yerləşən Madyan adlı yerdə yaşayırdılar. Allah onların yanına öz tayflarından olan və çox yaxşı tanıdıqları Şueybi (ə) göndərdi ki, heç bir maneə olmadan ondan (ə) təlim alsınlar. O (ə) onlara belə dedi: “Ey mənim xalqım! Səmimiyyətlə bir olan Allaha ibadət edin və etiqad etdiyiniz müşriklikdən əl çəkin. Bütpərəstliklə yanaşı siz başqa günahlar işlədir, insanları ölçüdə və çəkidə aldadırsınız. Özünüzü bundan saxlayın, ölçərkən və tərəzidə çəkərkən alıcıları aldatmayın, ədalətli və qərəzsiz olun. Mən görürəm ki, zənginlikdən, sağlamlıqdan, rifahınızdan və uşaqlarınızdan zövq alırsınız. Sizə göstərdiyi səxavətinə görə Allaha həmd edin, minnətdarlığınızı bildirin. Allahın lütfkarlığına qarşı naşükürlüklə cavab verməyin, yoxsa bütün nemətlərdən məhrum edilərsiniz. Mən qorxuram ki, sizi elə bir cəzaya düçar olasınız ki, o, sizi hər tərəfdən çulğasın və sizdən heç bir şey qalmasın”.


(11.85) “Ey xalqım! Ölçüdə və çəkidə ədalətli olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin!”
(11.86) “Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən sizə nəzarətçi deyiləm!”

Ölçüdə və çəkidə ədalətli olun, insanlara, özünüzə necə yanaşılmasını istədiyiniz kimi, yanaşın. Başqa insanların mallarının bir hissəsini mənimsəməyin, çünki alıcıların mallarının ölçüsünün və çəkisinin azaldılması oğurluğa bərabərdir. Yer üzündə şərəfsizlik yatmayın, çünki daima Allaha göstərilən itaətsizlik insanların baxışlarını korlayır, onların dindarlığına və dünya həyatına məhvedici təsir göstərir, məhsullarını puç edir və nəsillərinə fəlakət gətirir. Allahın sizə verdiyi nemətlər, öz haqqınız kimi, özünüzə məxsusdur və sizə tamamilə bəs edər. Buna görə qətiyyən ehtiyacınız olmayan və sizə böyük zərər vura bilən şeylərə tərəf getməyin. Əgər siz doğrudan da möminsinizsə, haqq dinin tələblərinə uyğun olaraq hərəkət edin. Mən sizin əməllərinizi müşahidə etmək üçün göndərilməmişəm və mən sizə zamin də deyiləm. Sizin əməllərinizi yadda saxlayan Fövqəluca Allahdır, mən isə sizə ancaq Allahın mənə nazil etdiyi vəhyini çatdırıram.


(11.87) “Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”

Müşriklər alicənab peyğəmbəri (ə) məsxərəyə qoymağı və onun (ə) çağırışına cavab verməyə hazırlaşmadıqlarını qərara aldılar. Onlar dedilər: “Sən bizə, atalarımızın ibadət etdikləri ilahlara sitayiş etməyimizi, özünün yək bir Allaha ibadət etdiyinə və namazı təkcə Allah üçün qıldığına görə qadağan edirsən. Məgər biz öz allahlarımızdan sənin qətiyyən dəllilərə əsaslanmayan sözlərinə görə əl çəkməliyik? Doğrudanmı biz ancaq sənin xoşuna gəlsin deyə belə etməliyik? Məgər biz sənin ardınca gələrik və müdrik ata-babalarımızın yolundan əl çəkərikmi?! Biz heç vaxt belə davranmarıq və öz malımıza sənin bizə əmr etdiyin kimi əncam çəkə bilmərik. Biz satdığımız malları ədalətlə ölçməyəcək və tərəzidə düz çəkəməyəcək və ətrafdakılara haqlarını tam verməyəcəyik. Biz öz istədiyimiz kimi davranacağıq, çünki bu mallar bizə məxsusdur və sənin bizim mülkiyyətimizə cərəncam çəkməyə haqqın yoxdur. Doğrudanmı öz səbirliliyi və təmkinliliyi ilə məşhur olan – sənsən? ( Yəni, səbirliliyi və təmkinliyi ilə tanınan adam – sənsən?! F.S.) Doğrudanmı sənin xislətin alicənablıqdır? Deyirlər ki, sən həmişə doğru hərəkət edirsən və ancaq doğru işlər görməyi əmr edirsən. Bu, heç də belə deyil”. Onlar bu istehzalı ifadələri ilə demək istəyirdilər ki, əslində alicənab peyğəmbər (ə) tamamilə sadalananların əksi olan keyfiyyətlərə malikdir. Onlar onu (ə) axmaqlıqda və yolunu azmaqda ittiham etmək istəyir və belə deyirdilər: “Əgər sən dözümlü və ağıllı adamsansa, onda belə çıxır ki, bizim ata-babalarımız axmaq və azğın insanlarmışlar. Bu necə ola bilər?!”
Onlar Allahın Elçisini (ə) səbirli və ağıllı adam adlandırmaqla onu (ə) məsxərəyə qoymaq istəyirdilər. Onlar göstərmək istəyirdilər ki, əslində hər şey əksinədir. Lakin doğrudan da, hər şey məhz onların söylədikləri kimi idi. Məhz namaz alicənab peyğəmbəri (ə) öz qəbilədaşlarını, onların azmış ata-babalarının sitayiş etdikləri bütlərə ibadəti və bu vaxtadək etdikləri kimi öz malına istədikləri kimi sərəncam çəkməyi qadağan etməyə ruhlandırırdı. Həqiqətən, namaz insanı yaramazlıqlardan və çirkin əməllərdən saxlayır. Saxta ilahlara ibadətdən və Allahın qullarının ölçüdə və çəkidə haqlarını kəsməklə mallarını mənimsəməkdən daha yaramaz və çirkin hansı günahlar var? Şüeyb peyğəmbərə (ə) gəldikdə isə, o (ə), həqiqətən, səbirli, təmkinli və ağıllı insan idi.

(11.88) “Şüeyb dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl ruzi veribsə, onda necə olsun? Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona dua edirəm”.

Şüeyb peyğəmbər (ə) dedi: “Ey mənim qəbilədaşlarım! Mən tamamilə sakitəm və öz təlimimin doğruluğuna əminəm. Allah mənə hər cür zənginlik bəxş etmişdir və mən sizi bu günahlardan çəkindirərək, insanların ölçüdə və çəkidə aldadılmasını istəmirəm. Əks halda siz mənə qarşı ciddi ittihamlar irəli sürə bilərsiniz. Amma mən çalışıram ki, özüm ilk növbədə sizi tövbə etməyə çağırdığım bütün günahlardan çəkinim. Mən aranızda təbliğat aparıram ki, əməlləriniz saleh olsun və sizə fayda versin. Mən bundan mənfəət güdmürəm və öz imkanlarım sayəsində heç bir şeyi təkcə öz xeyrim üçün etmirəm. Elə düşünməyin ki, mən özümü tərifləyirəm. Həqiqətən, mən xeyirxah işlər görməyə və cinayətlərdən çəkinməyə ancaq Fövqəluca Allahın yardımı sayəsində nail oluram. Əlbəttə ki, bu mənim səylərimin və cəhdlərimin nəticəsi deyildir. Bütün işlərimdə mənn təkcə Allaha təvəkkül edirəm və Onun yardımı mənə bəsdir. Mən təkcə Ona dua edir və ibadətimi təkcə Ona həsr edirəm”.
Alicənab peyğəmbər (ə) bu sözləri ilə vurğulamağa çalışır ki, o (ə), müxtəlif xeyirxah əməllərinin köməyi ilə Allaha yaxınlaşmağa cəhd göstərmişdir. Əgər insan yardımı Allahdan istəyirsə və səmimiyyətlə ancaq Ona dua edirsə, onda onun bütün hərəkətləri hökmən düzgün olacaqdır. Məhz buna görə Fövqəluca Allah belə buyurur: “Göylərin və yerin qeybi Allaha aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir” (Hud, 11/123). Digər bir ayədə isə deyir: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (Fatihə, 1/5).

(11.89) “Ey xalqım! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”.
(11.90) “Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir”.

Ey mənim xalqım! Siz mənimlə əlaqəni kəsib, mənə müqavimət göstərirsiniz! Qoy mənimlə etdiyiniz ixtilafınıza görə, Nuh peyğəmbərin (ə) xalqının, Hud peyğəmbərin (ə) xalqının və həm də Saleh peyğəmbərin (ə) xalqının məruz qoyulduğu cəza eyni ilə sizin başınıza da gəlməsin. Lut peyğəmbərin (ə) xalqı da o qədər uzaq bir vaxtda yaşamamışdır və sizdən uzaq deyillər. Allahdan törətdiyiniz günahlarınızın bağışlanmasını diləyin, törədəcəyiniz günahlarınıza görə də səmimi qəlblə tövbə edin. Allahın hökmlərini yerinə yetirməklə və itaətsizlikdən çəkinməklə Ona dua edin. Əgər tövbə etsəniz və öz Rəbbinizə doğru dönməyə çalışsanız, O, mütləq sizi əfv edər, bağışlayar, tövbələrinizi qəbul edər və sizi Öz rəğbəti ilə əhatə edər.
Qeyd etmək lazım gəlir ki, Allahın gözəl adlarından olan əl-Vədud adı (sevən, sevilən) Fövqəluca Allahın Onu sevən mömin qullarını sevdiyinə dəlalət edir. Bu ifadənin belə morfoloji quruluşda tərtib edilməsi onun eyni vaxtda həm feli sifət və həm də qayıdış feli sifəti ( Kursivlə yazılmış feli sifət nümunələri “sevən” (feli sifət) və “sevilən” (qayıdış feli sifət) sözləri Fövqəluca Allahın “əl-Vədud” sifətinə məxsus olan gözəl keyfiyyətlərdir. Tərcümə etdiyim mənbənin mətnindəki ifadələr böyük dəyişikliyə uğradılmadan, hərfi mənaya yaxın tərzdə çevrilmişdir. F.S.() mahiyyətinin təzahürüdür.

(11.91) “Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün böyük (hörmət ediləsi) bir adam deyilsən!”

Müşriklər alicənab peyğəmbərin (ə) təbliğatı və nəsihətlərindən bərk əsəbiləşmişdilər və belə dedilər: “Ey Şüeyb! Biz sənin möizələrini başa düşmürük və dediklərinin də çoxusunu anlamırıq”. Bu iddiaları onların haqqa kin bəslədiklərini və nifrət etdiklərini təsdiq edirdi. Onlar həmçinin belə deyirdilər: “Sən bizim nə ağsaqqalımız, nə də başçımız deyilsən. Sən sadəcə zəif və gücsüz bir adamsan. Sənin dostların və qohum-əqraban olmasaydı, biz hökmən səni daş-qalaq edərdik. Biz səni qətiyyən hesaba almırıq və sənə heç hörmət də etmirik. Lakin biz sənin qohumlarına ehtiram bəsləyirik və buna görə də səni rahat buraxırıq”.


(11.92) “(Şüeyb) dedi: “Ey xalqım! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir!”

Alicənab peyğəmbər (ə) xalqının təəssübünü çəkdiyinə görə belə dedi: “Necə olur ki, siz mənə qohumlarıma görə mərhəmət göstərirsiniz, amma bunu Allah xatirinə etmirsiniz? Siz doğrudanmı Allahdan daha çox mənim tayfama hörmət edirsiniz? Əslində siz Allahın hökmlərinə arxa çevirmisiniz, Ona məhəl qoymursunuz və Ondan qorxmursunuz. Axı mənim Rəbbim Öz elmi ilə sizin bütün əməllərinizi əhatə edir. Səmalarda və yerdə bir zərrə belə Onun nəzərindən yayına bilməz və siz öz əməllərinizə görə tam əvəz alacaqsınız”.

(11.93) “Ey xalqım! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!”

Şüeyb peyğəmbər (ə) möizələrinin fayda vermədiyini gördükdə dedi: “Ey mənim qəbilədaşlarım! Siz öz dininizi rəhbər tutun, mən də öz dinimi. Siz çox yaxın vaxtda biləcəksiniz ki, kim əbədi cəzaya məruz qalacaqdır. Siz həm də biləcəksiniz ki, bizim hansı birimiz yalançı idi. Siz mənim cəzalandırılacağımı gözləyin, mən də sizinlə nə baş verəcəyini gözləyəcəyəm”. Müşriklər, həqiqətən, Allahın elçisinin (ə) onlara öncədən bildirdiyi gerçəkləşdikdə, haqqı gördülər.

(11.94) “Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar”.
(11.95) “Sanki orada heç yaşamamışdılar. Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun!”

Fövqəluca Allah Şüeybin xalqını məhv etmək hökmü verdikdə, təkcə peyğəmbərin özü (ə) və onunla birlikdə iman gətirənlər cəzadan xilas oldular. Günahkarların hamısı qopmuş müdhiş bir fəryad nəticəsində öz evlərində yerə sərələnib hərəkətsiz qaldılar. Səhər artıq onlar nə tərpənir, nə də bir səs çıxara bilirdilər, sanki onların evlərində heç vaxt həyat çağlamamış və onlar heç vaxt dünya nemətlərindən zövq almamışdılar. Məhv olsun Allahın Özü tərəfindən rüsvay edilmiş mədyanlılar! Qoy onlar da səmudilər kimi məhv olsunlar! Həqiqətən, bu iki xalq Allahın lənətini və cəzasını daddılar.
Şüeyb peyğəmbər (ə) isə qəbilədaşları ilə öz gözəl rəftarına görə peyğəmbərlərin möizəçisi adını daşımağa layiq görüldü. Onun haqqındakı hekayətdən çoxlu faydalı nəticələr və hikmətli nəsihətlər çıxarmaq olar.
Onlardan bəzilərini sadalayaq:
Birincisi, kafirlər cəzanı təkcə dinin əsasları haqqında təhrif edilmiş təsəvvürlərə görə deyil, həm də şəriətin fərdi hökmlərini (Dini ədəbiyyatda və Azərbaycan dilinə edilən tərcümələrdə “şəriətin fərdi hökmləri” əvəzinə “şəriətin ikinci dərəcəli hökmləri” ifadəsi işlədilir ki, mən bu söz birləşməsini “fər’i” istilahının qarşılığı kimi verməyi məqsədəuyğun sayıram, çünki ərəb əslində söhbət ikinci dərəcəli hökmlərdən deyil, əsas məna kəsb etməyən və xüsusi hallar üçün təyin edilmiş, nəzərdə tutulmuş (“fər’i”) hökmlərdən bəhs edilir. Beləliklə, belə şəriət hökmlərinin ikinci dərəcəli adlandırılması dilimizdə özünü doğrultmur. Qısaca olaraq bunu da qeyd etməliyəm ki, şəriət hökmləri (Şamil İslam Ensiklopediyasının tərifinə görə) əsli və fər’i olaraq iki hissəyə bölünür.
Əsas (əsli) hökmlər imanın əsaslarına aid olan hökmlərdir. Bu hökmlər yozulmağa, üzərində ictihad etməyə ehtiyac olmayan açıq hökmlərdir. Əsas hökmlərin istinad etdiyi dəlillər Qurana və səhih Sünnəyə əsaslanır.
Fər’i hökmlər isə (mənim təklifimdə isə - “fərdi” kimi verilmişdir), namaza, oruca, həccə, zəkata və bunlara bənzər ibadətlərə, nikah, talaq, süd əmizdirmə, ticarət və onlara bənzər cari məsələlərə dair hökmlərdir ki, onların təfərrüatna aid bir sıra tərəfləri müctəhid imamların ictihadı ilə əlaqədar olur. Lakin onları (xüsusilə, namaza, oruca, həccə, zəkata aid olanları) ikinci dərəcəli adlandırmaq yolverilməzdir və bu hallar lüğəvi xəta hesab oluna bilər. Zamanı gəldikcə, fər’i istilahının dilimizdə daha uyğun bir sözlə əvəz edilməsi dilşünaslarımızın öhdəsinə düşür. F.S.) pozmalarına görə alırlar və buna görə möizələrdə dinin nəinki əsas məsələlərini, hətta onun fərdi hökmlərlə bağlı məsələlərini də xatırlamaq lazımdır. Elə buna görə də Şüeyb peyğəmbər (ə) tək Allaha ibadət etməyə çağırmaqla yanaşı, öz qəbilədaşlarını insanları ölçüdə və çəkidə aldatmamağa çağırır və həmçinin onları xatırlanan hər iki günaha görə cəzalandırılmaqdan çəkindirir.
İkincisi, ölçüdə və çəkidə aldatmaq ağır günahlara aiddir və insan onlara görə hətta bu dünyada belə cəzalandırıla bilər. Bu günahlar oğurluğa bənzərdir və əgər qanunsuz olaraq ölçüdə və çəkidə aldatma üsulu ilə özgəsinin əmlakının mənimsənilməsi insanı əzab-əziyyətə məhkum edirsə, onda cinayətkarın insanı zorla onun mülkiyyətindən məhrum edən soğunçuluğu haqqında nə demək olar?
Üçüncüsü, verilən əvəz həmişə törədilmiş əməllərə uyğun olur və bir adam öz var-dövlətini artırmaq ümidi ilə özgəsinin malının bir hissəsini özündə saxlayırsa, onda Allah onu ağır cəzalandıraraq, var-dövlətindən məhrum edir və onun günahı onun maddi uğursuzluğunun səbəbinə çevrilir. Buna görə də Şüeyb peyğəmbər deyir: “Mən görürəm ki, siz necə firavan yaşayırsınız. Buna görə, sizi bu maddi nemətlərdən məhrum edən əməllər törətməyin”.
Dördüncüsü, Allahın qulu Allahın ona verdiyi ilə qane olmalıdır. O, ona əta edilmiş nemətlərlərdən razı qalmalı və hər cür haramlardan çəkinməlidir. O, öz zəhməti ilə qazandığı əmək haqqı ilə kifayətlənməli və zənginliyini qanunsuz yolla artırmamalıdır. Belə etmək hər bir insan üçün yaxşıdır, çünki Şüeyb peyğəmbər demişdir: “Əgər möminsinizsə, (bilin ki,) Allahın verdiyi mənfəət (dünyada və axirətdə) sizin üçün daha xeyirlidir...” (Hud, 11/86). Əgər insan öz təmiz vicdanı ilə əldə etdiyi zəhməthaqqı ilə qane olursa, o, ona bəxş edilmiş qismətdən faydalana, var-dövlətini artıra bilər, lakin o, mal-mülk əldə etmək üçün haram edilmiş vasitələrdən istifadə edirsə, onda o, özü özünü məhvə məhkum edir və Allahın ona verəcəyi uğurdan məhrum olunur.
Beşincisi, vicdanla əldə edilən maddi nemətlər qazanılmasına can atma haqq dinə mənsubiyyətin nəticəsi və xeyirxah sonucudur, çünki alicənab peyğəmbər (ə) bu meyli imanla bağlamışdır. Bu isə o deməkdir ki, insan xeyirxah əməllər görmədikcə, onun imanı ya zəif olar, ya da heç olmaz.
Altıncısı, namaz qılmaq hökmü hətta qədimdəki peyğəmbərlərə də verilmişdi, çünki bu əməl ən ləyaqətli əməllərdəndir. Hətta kafirlər də bu ibadət ayininin vacibliyini və onun digər əməllərdən üstünlüyünü dərk edirdilər. Məhz namaz insanı yaramazlıqlardan və qəbahətli əməllərdən çəkindirir, imanın və dindarlığın meyarı rolunu oynayır. Əgər insan müntəzəm olaraq layiqincə namaz qılırsa, onda onun bütün əməlləri düz olur. O, bunu etmədikdə isə, onun imanı məhv olur.
Yeddincisi, əgər Allah insana nemətlər verir və ona zənginlik bəxş edirsə, bu qətiyyən heç də o demək deyildir ki, insan var-dövləti ilə istədiyini edə bilər. İnsan ona həvalə edilmiş sərvətə görə məsuliyyət daşıyır və o, Allah qarşısında öz vəzifələrini yerinə yetirməli, insanlar qarşısında maddi öhdəliklərini icra etməli, Allahın və Onun elçisinin haram etdiyi gəlirlərdən uzaq durmalıdır. Kafirlər və onlara oxşayanlar isə, Allahın hökmlərinə uyğun və ya onlara zidd olmasından asılı olmayaraq, öz sərvətlərinə istədikləri kimi sərəncam çəkməyə haqlı olduqlarını zənn edərkən yanılırlar.
Səkkizincisi, dəvətçinin çağırışı o zaman kamil olur ki, o, ətrafındakıları dəvət etdiyi şeyi ilk olaraq özü yerinə yetirsin və əvvəlcə özü qadağan etdiyi şeydən çəkinmiş olsun. Məhz buna görə Şüeyb peyğəmbər (ə) deyirdi: “...Sizə qadağan etdiyim şeyləri özüm etməklə sizin əleyhinizə çıxmaq istəmirəm...” (Hud, 11/88). Fövqəluca Allah isə belə buyurur: “Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bəzi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx möminlərin xoşuna gəlmədi). Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar” (Saff, 61/2-3).

Doqquzuncusu, imkan yarandıqca insanların əməllərini islah etməyə səy göstərmək Allahın bütün elçilərinin vəzifəsi və yolu idi. Onlar ən yaxşı nəticələr əldə etməyi, adamlara xeyir verməyi və ya heç olmazsa gücləri çatdığı şeyləri yerinə yetirməyi arzulayırdılar. Onlar həm də şərin qarşısını almaq və ya heç olmazsa onu azaltmağı arzulayırdılar. Bununla yanaşı onlar ayrı-ayrı insanlara faydalı olmağa çalışırdılar. Əlbəttə ki, əsil faydalı iş bu dünya həyatı və insanların ruhi aləmi ilə bağlı olan əməllərin islah edilməsindən ibarətdir.
Onuncusu, əgər insan mövcud şəraiti düzəltmək üçün əlindən gələn hər şeyi edirsə, onda onu imkanlarını aşan işləri görmədiyinə görə günahlandırmaq olmaz. Buna görə insan öz imkanları çərçivəsində özünün və ətrafındakılarının əməllərini islah etməlidir.
On birincisi, Allahın qulu bir anlığa belə öz gücünə arxalanmamalı və həmişə Allahdan yardım diləməli və Ona təvəkkül etməlidir. Əgər O, ona Öz yardımını əta etsə, o, öz nailiyyətləri ilə öyünməməli və onları öz Himayədarı və Xeyirxahı ilə əlaqələndirməlidir. Məhz buna görə Şüeyb peyğəmbər (ə) demişdir: “...Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona dua edirəm” (Hud, 11/88).
On ikincisi, dəvətçi qədim xalqların başına gətirilmiş müsibətləri əsas tutaraq, insanların cəzalandırıla biləcəkləri ilə qorxutmalı və öz möizələrində günahkaların taleyindən bəhs edən hekayətləri tez-tez misal çəkməlidir. Bununla yanaşı o, insanları möminliyə dəvət etməli və onlara Allahın öz təqvalı qullarını savablandırmasından söhbət açmalıdır.
On üçüncüsü, əgər insan törətdiyi günüha görə tövbə edirsə, onda Fövqəluca Allah nəinki onun günahlarını bağışlayır, həm də ona Öz məhəbbətini əta edir. Elə şəxslər var ki, deyirlər: “İnsan günahlarını tövbə edirsə, ona Allahın onun törətdiklərini bağışlaması kifayətdir. Lakin bu o demək deyil ki, Allah onu yenə sevir”. Belə deyənlər yanılırlar. Bu barədə Şüeyb peyğəmbər demişdir: “Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir” (Hud, 11/90).
On dördüncüsü, Allah möminləri müxtəlif üsullarla müdafiə edir. Onların bəziləri iman sahiblərinə məlumdursa da, digərləri dərk olunmamış qalır. Allah bəzi möminləri öz qohumları və ya kafir qəbilədaşları vasitəsilə qoruyur. Bu, Şüeyb peyğəmbərlə (ə) baş vermişdi. Onun (ə) qəbilədaşları onu (ə) daş-qalaq etmək istədikdə, bunu qohumlarına görə həyata keçirmədilər. Əgər belə hallar İslamı və müsəlmanları mühafizə edə bilirsə, onlardan istifadə etməyə icazə verilir. Bundan başqa, bəzən bu, zəruri olur, çünki dəvətçidən cəmiyyəti islah etmək üçün hər cür imkanlardan istifadə etməsi tələb olunur. Bu isə o deməkdir ki, əgər müsəlmanların yaşadığı ölkəni kafirlər idarə edirlərsə, onda yaxşı olardı ki, onlar ölkədə respublika yaradılmasına səy göstərsinlər, çünki bu quruluş hər bir şəxsiyyətə və bütövlükdə xalqlara dini etiqad və öz dünyəvi həyatını yaxşılaşdırmaq hüququ nəzərdə tutduğu halda, despotik quruluşlarda insanlar dövlətə itaətkar olmağa məcbur edilir, şəxslərin və xalqların dini etiqad azadlığına və dünyəvi rifah haqqında qayğıya maneələr törədilir, insanlar istismar edilir və vətəndaşlıq hüquqlarından məhrum edilirlər. Şübhəsiz ki, müsəlmanların idarət etdiyi müsəlman dövlətinin olması daha yaxşı olardı. Lakin belə bir dövlət olmadığı halda, yaxşı olardı ki, insanların dini və mülki hüquqlarına hörmətlə yanaşan dövlətə daha üstünlük verilsin. Amma bu barədə ən yaxşısını bilən Allahdır.


(11.96) “Biz Musanı da möcüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik -
(11.97) firona və onun əyan-əşrafına. Onlar fironun əmrinə tabe oldular. Halbuki fironun əmri düzgün deyildi”.
(11.98) “(Firon) Giyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; onların düşəcəkləri yer necə də pisdir!”
(11.99) “Onlar burada (dünyada) da, Qiyamətdə də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!”

Allah İmran oğlu Musanı (ə) peyğəmbər göndərdi və ona (ə) onun (ə) möizələrinin doğruluğunu təsdiq edən möcüzələr nazil etdi. O (ə), insanlara əsası və əli ilə əlaqədar olan və bir çox başqa möcüzələr göstərdi. Onun (ə) dəlilləri açıq-aydın və günəş kimi parlaqdı. O (ə), onları bütün xalqı öz dallarıyca aparan firona və Misir zadəganlarına təqdim etdi. Lakin onlar, Allahın “əl-Əraf” surəsində təfsilatı ilə təsvir etdiyi çox qəribə möcüzələrə şahid olmalarına baxmayaraq, Musaya (ə) itaət etməkdən boyun qaçırdılar. Onlar, tamamilə ağılsız qərar qəbul etmiş firona itaət edirdilər. O, hökmləri əsil müsibət gətirən azğın bir adamdı. Təəccüblü deyil ki, o, ardıyca gedən xalqını məhv etdi. Lənət onları bu dünyada izləyirdi və onları Qiyamət günü də təqib edəcək. Allah, mələklər və insanlar onları bu dünyada lənətləyirlər və Axirətdə də lənətləyəcəklər.
Allahın elçilərinin öz xalqları arasında təbliğat aparmaları haqqında xatırlatdıqdan sonra Fövqəuca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müraciət edərək belə buyurur:


(11.100) “Bu, (məhv omuş) məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur”.
(11.101) “Biz onlara zülm etmədik. Onlar özləri özlərinə zülm etdilər. Allahdan qeyri ibadət etdikləri tanrılar Rəbbinin əmri gəldikdə onlara heç bir fayda vermədi (əsla əzabdan xilas edə bilmədi), əksinə, yalnız ziyanlarını artırdı”.

Sən insanlara bu hekayətlər vasitəsilə öyüd-nəsihət verməlisən və onlar sənin peyğəmbərliyinin dəlillərindən olmaqla, həm də möminlər üçün nəsihət və xatırlatmadır. Məhv edilmiş xalqların bəzi məskənlərinin xarabalıqları indiyədək qalmaqdadır və həmin hekayətlərin doğruluğuna şahidlik edir. Bu məskənlərin bəziləri isə özülünə qədər dağıdılmış və yer üzündən silinib süpürülmüşdür. Biz günahkarları məhv edərkən zalımlıq etməmişik, onlar Allaha şərik qoşanda, kafirliyə etiqad edəndə və inadkarlıq göstərəndə özləri özlərinə qarşı zalım olmuşlar. Allah onları cəzaya məruz qoyanda, “ilahları” onlara heç bir fayda vermədilər. Əgər insan Allaha sığınmır, Ona pənah aparmırsa, özünə başqa hamilər seçirsə, onlar çətin anda onun köməyinə gəlməyəcəklər. Onlar ona ziyandan və ölümdən başqa heç nə gətirməyəcəklər. Həqiqətən, heç bir şey müşriklərin gözlədiyi kimi baş verməyəcəkdir.


Tarix: 20.04.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 638 Bölmə: Sureler