beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HUD SURƏSİNIN ŞƏRHİ 102-123

(11.102) “Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayır. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şıddətlidir!”
(11.103) “Bütün bu deyilənlərdə Axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahidi olacağı bir gündür”.
(11.104) “Biz onu yalnız müəyyən bir müddət üçün təxirə salmışıq”.

Allah kafir xalqları yaxalayaraq onları cəzalandırdıqda və məhv etdikdə, uydurulmuş “ilahlar” onlara heç bir kömək göstərmədilər. Fasiqləri yaxalamış cəza isə Axirətdə cəzalandırılmaqdan qorxanlar üçün ibrət dərsi olmuşdur. Bu dərs ona dəlalət edir ki, zalım cinayətkarlar həm bu dünya həyatında və həm də ölümdən sonra Axirətdə məşəqqətlərə düçar olurlar. Bu barədə xatırlatdıqdan sonra, Fövqəluca Allah bütün insanların əvəz almaları üçün bir yerə toplanılacaqları, onların hamısının Allahın əzəmətinin və kamil ədalətinin şahidləri olacaqları Qiyamət gününü təsvir etməyə başlayır. Məhz bunun sayəsində onlar öz Rəbbini əsil mənada dərk edəcəklər. Bu Gün, Allahın, mələklərin və bütün qalan məxluqların görəcəkləri bir gün olacaqdır. O Gün, Allahın dünya həyatı üçün müəyyən etdiyi müddət sona çatdıqdan və öncədən təyin etdiyi Qədərə aid hər şey gerçəkləşdikdən sonra gələcəkdir və o zaman Fövqəlqüdrətli Allah Öz məxluqlarını, dünya həyatında dini qanunların hökmranlıq etdiyi kimi, ədalətli əvəzalma qanunlarının hökm sürdüyü bir aləmə köçürəcəkdir.

(11.105) “O Gün gəldikdə Onun izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!”

Bütün insanlar bir yerə toplanacaq və Allahın izni olmadan heç kim danışmağa cəsarət etməyəcəkdir. Hətta peyğəmbərlər və alicənab mələklər belə Onun icazəsi olmadan məxluqlara görə şəfaət istəməyə cürət göstərə bilməyəcəklər və bu zaman insanlar xoşbəxtlərə və bədbəxtlərə bölünəcəklər. Allaha iman gətirməyən, Allahın elçilərini inkar edən və itaətsizlik göstərən günahkarlar bədbəxt, təqvalı möminlər isə xoşbəxt olacaqlar.


(11.106) “Bədbəxt olanlar Od içində qalacaqlar. Onları orada ah-fəryad gözləyir”.
(11.107) “Rəbbinin istədikləri istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir”.

Bədbəxt günahkarlar rüsvay ediləcək və biabır olacaqlar. Onlara veriləcək əvəz isə onları ağuşuna çəkib amansızcasına cəzalandıracaq Cəhənnəm olacaqdır. Onların əzabı o dərəcədə dözülməz olacaqdır ki, onlar ancaq Cəhənnəm odu ilə nəfəs alacaq və ən dəhşətli və mənfur səslər çıxaracaqlar. Allahın onlara Cəhənnəmdən çıxmağa icazə verəcəyi vaxt fasiləsindən başqa, onlar orada əbədi qalacaqlar. Quran təfsirçilərinin əksəriyyəti belə hesab edirdilər ki, burada söhbət onların Cəhənnəmə düşənə qədər yaşadıqları həyatdan gedir. Bu isə o deməkdir ki, kafirlər Cəhənnəmdə əbədi qalacaqlar, çünki onların Cəhənnəmdə olmamasına, onlar ora düşənə qədər icazə verilmişdi. Doğrudan da, Fövqəlxeyirxah və Fövqəluca Allah istədiyini edir. Əgər O, Öz İlahi hikmətinə müvafiq olaraq nəyisə etməyi arzulayırsa, heç nə Onun dilədiyini etməsinə mane olmağa qadir deyil.


(11.108) “Xoşbəxt olanlar isə Cənnətdə olacaqlar. Onlar, Rəbbinin dilədiyi istisna olmaqla, tükənməz bir nemət kimi göylər və yer durduqca, orada əbədi qalacaqlar”.

Xoşbəxtlik əldə edən və müvəffəqiyyətə nail olan möminlər Cənnət bağlarına daxil ediləcək və orada əbədi olaraq qalacaqlar. Bu, tükənməz məmnunluq olacaqdır, çünki Allahın möminlərə bəxş edəcəyi nemətlər, həzz və ləzzətlər əbədi və sonsuz olacaqdır. Onlar heç vaxt qurtarmayacaq və tükənməyəcəklər. Biz isə Fövqəlmərhəmətli Allaha yalvarırıq ki, bizə Öz rəhmini göstərsin və bizi o möminlərdən biri etsin!

(11.109) “Elə isə bunların tapındıqlarının (bütlərinin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən tam verəcəyik!”

Ey Muhəmməd! Müşriklərin etiqad etdikləri baxışların yanlışlığına şübhə etmə! Onlar müqəddəs mətnlərlə və məntiqi dəlillərlə əsaslandırılması mümkün olmayan yalana etiqad edirlər. Onların istinad etdikləri yeganə sübutları – “ilahlara” ibadət edən ata-babalarının yoludur ki, onu da onlar davam etdirirlər. Lakin bu sübut nə inandırıcı və nə də şübhəlidir, çünki peyğəmbər olmayan insanların rəyinə, xüsusilə də, onlar özləri yolunu azmış günahkarlar olduqları, çoxsaylı günahlar işlətdikləri və dinin əsas məsələlərində yanlış baxışlara malik olduqları halda, istinad etmək olmaz. Doğrudan da, belə insanların sözləri, hətta onlar bu barədə yekdil olsalar belə, səhv və nöqsanlı olur.
Ey Muhəmməd! Kafirlər layiq olduqları qisməti bütünlüklə alacaqlar. Bəzən bu maddi qismət çox böyük ola bilər, sənə gözəl və füsunkar görünə bilər. Lakin, bil ki, maddi nemətlər insanın dindarlığının göstəricisi deyil, çünki Fövqəluca Allah sevdiklərinə də, nifrət etdiklərinə də maddi nemətlər əta edir. Amma haqq din və möminlik təkcə Onun sevdiklərinin nəsibi olur. Bir sözlə, azğın günahkarların öz azğın əcdadlarının baxışlarına yekdilliklə şərik olmalarına aldanma və Allahın onlara nəsib etdiyi maddi nemətlərə də səni çaşdırmasın.

(11.110) “Biz Musaya Kitab verdik və onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbindən öncə bir söz (vəd) olmasaydı (cəza Qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Quranın) barəsində də şəkk-şübhədədirlər!”
(11.111) “Rəbbin, şübhəsiz ki, onların hamısına əməllərinin cəzasını verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır!”

Fövqəluca xəbər verir ki, Musa peyğəmbərə Müqəddəs Tövrat – İsrail oğullarına Allahın hökm və haramları ətrafında birləşməyi tapşıran bir Kitab bəxş edilmişdi. Lakin özlərini Tövratın pərəstişkarları bəyan edən insanlar ixtilafa düşdülər, öz baxışlarına və mənəvi birliklərinə islah edilməsi mümkün olmayan ziyan vurdular. Əgər Fövqəluca Allah insanlara onları cəzalandıracağını ləngidəcəyini və onları günah işlətdikləri andaca əvəz verməyəcəyini vəd etməsəydi, onların mübahisəsi həll edilər və zalım günahkarlar yerindəcə cəzalandırılardılar. Amma Onun müdrikliyi tələb edirdi ki, bu günahkarlara cəza verilməsi Qiyamət gününədək ləngidilsin və buna görə haqq barədə şübhələr günahkarlara iztirab verməkdə davam edir. Diriliş Günü başladıqda isə Allah mütləq ədalətli hökm çıxaracaqdır və o vaxt hər bir insan layiq olduğu əvəzi alacaqdır. Həqiqətən, Ona insanların bütün yaxşı və pis əməlləri çox gözəl məlumdur. Elə bir böyük və ya kiçik əməl yoxdur ki, Ondan gizli qala bilsin.


(11.112) “(Ey Elçim!) Sənə əmr edildiyi kimi, düz ol. Səninlə birlikdə iman gətirənlər də düz (yolda) olsunlar. Həddi aşmayın, çünki O sizin nə etdiklərinizi Görəndir!”

İsrail oğullarının arasındakı ixtilaf və nifaqın səbəbi olan düz yola qəti tərəfdar olmamalarını xatırlatdıqdan sonra, Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) və onunla birlikdə iman gətirən möminlərə əmr edir ki, düz yolla layiqincə getsinlər, şəriət qanunlarına riayət etsinlər, Allahın etiqad edilməsini buyurduğu düzgün baxışlara etiqad etsinlər, bu yoldan nə sağa, nə də sola meyl etməsinlər, həmişə təkcə bu prinsipləri əsas tutsunlar və yol verilən hədləri aşmasınlar. Doğrudan da, Allah qullarının əməllərini görür və möminləri mütləq savablandıracaqdır. Son sözləri ilə Fövqəluca müsəlmanları düz yolla mətanətlə getməyə ruhlandırır və onları itaətsizlikdən çəkindirir. Buna görə, növbəti ayə düz yoldan sapan tərəf meyl etməyi qadağan edir:


(11.113) “Zülm edənlərə meyl etməyin ki, sizə Od toxunmasın. Sizin Allahdan başqa dostunuz yoxdur. Sonra sizə kömək də olunmaz!”

Ey möminlər! Əgər siz günahkarlara üz imkan versəniz və onların zalım əməllərilə razılaşsanız və yaxud onların etiqad etdikləri azğınlıqdan məmnun qalsanız, onda sizi Cəhənnəm odu qarsalayar və bu halda sizə Allahın cəzasından xilas olmağa və Allahın savabının heç olmazsa cüzi bir hissəciyini əldə etməyə heç kim yardım edə bilməz. Heç kim, amansız cəza sizə toxunduqdan sonra, sizi ondan qoruya bilməz.
Bu ayə möminlərə günahkarlara tərəf meyl etməmək, onlara qoşulmamaq, onların cinayətlərini bəyənməmək və onların zalım baxışları və əməllərilə razılaşmamaq barədə xəbərdarlıqdır. Əgər ağrı-acılı cəza günahkarların tərəfinə meyl edənlərə vəd edilibsə, onda bəs günahkarların taleyi haqqında nə demək olar?!! Ey Allah, bizi ədalətsizlikdən və zalımlıqdan qoru!


(11.114) “Gündüzün iki başında (əvvəlində və axırında), və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır”

Fövqəluca əmr edir ki, günün başlanğıcında və sonunda və həmçinin gecənin bəzi vaxtlarında müntəzəm olaraq namaz qılınsın. Gündüz namazlarına sübh, zöhr və əsr namazları, gecə namazlarına isə məğrib və işa daxildir. Sonunculara isə əlavə gecə namazları ( Təhəccüd və vitr namazları nəzərdə tutulur. F.S.) da aid edilmişdir ki, onların vasiləsilə Allahın qulu öz Fövqəluca Allahına yaxınlaşır. Beş gündəlik vacib namaz və habelə onlarla bağlı olan əlavə namazlar ( Bunlar həm də sünnələr (yəni, Peyğəmbərimizin (s.ə.s.) fərz (vacib) namazlardan başqa daima qıldığı) – əlavə namazlarlardır. Bu namazların sünnə adlandırılmasının səbəbi həmin ərəb mənşəli sözün mənası ilə əlaqədardır. Şamil İslam Ensiklopediyasında (Türkiyə Respublikası nəşridir) “sünnə sözünün aşağıdakı mənaları verilir: yol, gediş, təbiət, şəriət, üz, üzün görünən hissəsi, adət edilmiş yol və s. Bu sözlə İslam Peyğəmbəri Muhəmmədin (s.ə.s.) kəlamları, əməlləri, hərəkət tərzinin və Onun (s.ə.s.) səhabələrində görüb təqdir etdiyi hərəkətlərinin məcmusu ifadə edilir. (Həmin mənbə: ŞİE, “S” hərfinə bax). F.S.
Bu “sünnə” sözü ilə əlaqədər qeyd edilməsi son dərəcə zəruri olan bir özəlliyi möhtərəm oxucuların nəzərinə çatdırmaq burada yerinə düşərdi. Belə ki, Azərbaycanda uzun illər boyu bəzi İslam terminləri İslam dininin əleyhdarlarının qərəzkar səyləri nəticəsində və həm də mükəmməl şəriət savadı olmaması üzündən bir çox insanlar tərəfindən yanlış mənada başa düşülmüş “sünnə” və “Sünnə” istilahları təhrif olunmuş və onlara əslinə xas olmayan mənalar verilmişdir. Bu gözəl sözlərin “İslam Peyğəmbərinin yolu”, “İslam Peyğəmbərinin hədislər toplusu” mənaları nəzərə alınmayaraq, onlara yad olan anlamlar ilhaq edilmişdir. Məişətimizdə bəzən işlədilən həmin təhrif sözləri dilə gətirməyə lüzum görməyərək, bildirmək istəyirəm ki, yuxarıda qeyd etdiyim iki söz və iki məna, artıq özünüz də şəxsən əmin olduğunuz kimi, İslam dünyagörüşünün, Peyğəmbərimizin (s.ə.s.) şəriətində istifadə olunan ən fundamental istilahlardan və anlayışlardandır. Bu qeydlərimin məqsədi – onları insanlarımıza həqiqi mənalarında çatdırmaq, onlara sayğı göstərmək və onları müsəlman bacı-qardaşlara sevdirməkdir. F.S. )
(sünnələr) (Muhəmməd Peyğəmbərin (s.ə.s.) fərz namazlardan əlavə qıldığı namazlar onun (s.ə.s.) sünnələri, başqa adla isə fərz namazların sünnələri adlandırılır. Bu söz (sünnə) İslam terminologiyası sisteminin ən məhsuldar istilahlarındandır. F.S. )
ən gözəl əməllərdəndir. Onlar insanı nəinki Allaha yaxınlaşdırır və onu savabla təmin edir, həm də törətdiyi günahları ondan uzaqlaşdırır. Bu günahlardan bəhs edərkən, səhih hədislərdə rəvayət edilən kiçik günahlar nəzərdə tutulur. Onlardan birində belə deyilir: “Beş namaz, cümə namazı və ramazanda tutulan oruc onların arasında törədilən bütün günahları (böyük günahlardan başqa) təmizləyir”. Bu vəhyi “ən-Nisa” surəsinin aşağıdakı ayəsi sayəsində daha da konkretləşdirmək mümkündür: ““Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik” (Nisa, 4/31).
Xatırlayanlar üçün nəsihət belədir. Yəqin ki, buradakı işarə əvəzliyi yuxarıda sadalanan bütün hökmlərə aiddir. Bu isə o deməkdir ki, düz yolla getmək, yol verilənin həddini aşmamaq, zalımlara tərəf meyl etməmək və namazı qüsursuz qılmaq əmri və həmçinin saleh əməllərin törədilmiş günahları yumasının izah edilməsi, Allahın əmr və qadağalarını dərk edənlər və bu gözəl hökmlərə tabe olanlar üçün nəzərdə tutulmuş təlimatdır və o, böyük faydalar verir və insanı şərdən və günahlardan uzaqlaşdırır. Amma bu hökmlər insandan səy və səbir göstərməsini tələb edir və buna görə Fövqəluca Allah buyurur:

(11.115) “Səbr et! Həqiqətən, Allah yaxşı iş görənlərin savabını yadırğamaz”.

Allahın hökmlərini səbirlə yerinə yetir və səbirlə itaətsizlikdən çəkin. Həmişə ancaq belə davran və heç vaxt qəzəblənmə. Sənin Rəbbin yaxşı iş görənlərin əməllərinin savabını itirmir. O, onların xeyirxahlıqlarını qəbul edərək onlara savab verir ki, bu, onların layiq ola bildiklərindən qat-qat üstün olur.
Allah bu sözləri ilə insanları səbir etməyə, öz zəifliklərini hiss etdikdə Allahın savablandıracağını hər dəfə yada salmağa çağırır.

(11.116) “Barı, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi istisnaydı. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uyub günahkar oldular”.

Elçilərə iman gətirməkdən boyun qaçıran, Müqəddəs Kitablara riayət edən insanlardan üz döndərən və bunun da haqq dinin yox olmasına səbəb olan xalqların məhv edilməsi haqqında xatırlatdıqdan sonra, Fövqəluca Allah bildirir ki, əgər keçmiş nəsillərin arasında saleh insanlar olsaydılar, onlar insanları doğru yola dəvət edər və onları günahlardan və tələf olmaqdan uzaqlaşdırardılar və beləliklə öz xalqlarına çox böyük fayda verə bilərdilər və dini yaşadardılar. Lakin belə insanlar çox az idilər. Onlar Allahın elçilərinin (onlara Allahın salamı olsun!) yolu ilə getmələri və dinin müəyyən hökmlərini yerinə yetirmələri sayəsində ancaq özlərini xilas etməyə nail ola bildilər. Bununla yanaşı onlar haqqı digər insanlara da çatdırdılar ki, qismətinə ölüm payı düşənlər tam aydınlıq içində həlak olsunlar, kimlər isə hələ yaşamalıdırlarsa, tam aydınlıq içində yaşasınlar. Günahkarlara gəldikdə isə, onlar ancaq kef çəkmək dalısıyca düşür və israfçılıqla məşğul olur və başqa heç nə arzu etmirdilər. Dəbdəbəli həyat sürməyə can atmaları onları günahkarlara və cinayətkarlara çevirirdi və nəticədə önlar cəzaya layiq görüldülər və həlak olunaraq yer üzündən silinib yox edildilər. Bütün bu deyilənlər müsəlmanlarda, digər insanlar əxlaqsızlığın bataqlığına batıb qalasalar da belə, əməlisaleh insan olmağa daima səy göstərmək hissi oyatmalı, Allahın dininin hökmlərini yerinə yetirməli, azmışları doğru yola dəvət etməli, onların gözlərinin açılmasına kömək göstərməli və onları nəsib olan əziyyətlərə səbirlə dözməlidirlər. Bu gözəl keyfiyyətlər Allahın qullarının ən ülvi qayəsi olmalıdır və əgər insan belə məziyyətlərə malikdirsə və öz həyatını bir olan Allaha həsr edirsə, onda o, dində ondan nümunə götürülməsi zəruri olan bir örnəyə çevrilir.

(11.117) “Ölkə əhalisi əməlisaleh olduğu bir halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz”.

Allah şəhərlərin və kəndlərin əhalisini, əgər onlar müntəzəm olaraq yaxşı əməllərlə məşğul olurlarsa, onları heç vaxt nahaq yerə ədalətsiz cəzaya məruz qoymur. Həqiqətən, Fövqəluca Allah xalqları o vaxt məhv edir ki, onlar haqqı bildikdən sonra da öz zalımlıqlarını davam etdirmiş olsunlar. Başqa bir şərhə görə isə, bu ayənin mənası ondan ibarətdir ki, Fövqəluca Allah xalqların kökünü onların keçmişdə törətdikləri günahlara görə, əgər onlar tövbə edir və saleh insanlara çevrilirlərsə, yer üzündən kəsmir. Əksinə, Allah onlara bağışlanma əta edir və keçmişdə törətdikləri günahları silir.


(11.118) “Əgər Rəbbin istəsəydi, insanları möminlərdən ibarət vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar”.
(11.119) “Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək”.

Fövqəluca bildirir ki, əgər O istəsəydi, bütün insanlar İslam dininə etiqad edərdilər. Allahın hər hansı istəyi sözsüz icra edilir və Onun üçün mümkün olmayan bir şey yoxdur. Lakin Allahın müdrikliyi tələb edir ki, inabların bəziləri ziddiyyətə düşsünlər, düz yoldan sapıb Cəhənnəmə aparan səmtə çıxsınlar. Belə insanlar ancaq öz baxışlarını haqq sayır və bütün qalan insanları yollarını azmaqda ittiham edirlər. Amma gerçək bilikləri əldə etməyə, saleh əməllər işləməyə və ziddiyyətə düşməməyə təkcə Allahın Öz lütfkarlığı ilə himayə etdiyi və doğru yola yönəltdiyi şəxslər nail ola bilirlər. Bu insanlara xoşbəxt olmaq və Allahın köməyindən istifadə etmək nəsib edilmişdir, amma bütün qalan insanlar Allahın himayəsindən məhrum edilərək özbaşına buraxılmışlar.
Fövqəluca Allah Öz ilahi müdrikliyi əsasında insanları xoşbəxt və bədbəxt xəlq etmişdir. Onların bəziləri Haqla razılaşır, digərləri isə Onunla ziddiyyətə qapılırlar. Bəziləri Allahın rəhbərliyi ilə yönəldilir, digərləri isə azğınlığa məhkum edilir. Allah bunu ona görə belə etmişdir ki, yaratdığı məxluqlar Onun ədalətliliyinə və müdrikliyinə əmin olsunlar, insanların qəlbində gizlədilən yaxşı və pis keyfiyyətlər aşkar olsun, möminlər Allah yolunda mübarizə aparmaq imkanına malik olsunlar və təkcə ağır sınaq dövründə icra edilən ibadət ayinlərini yerinə yetirsinlər. Məhz bunun sayəsində Cəhənnəmi cinlər və insanlarla dolduracağı haqqında Rəbbin vədi yerinə yetiriləcək. Bu isə o deməkdir ki, onları yanar Cəhənnəmə gətirən əməlləri törədən insanlar mütləq olmalıdırlar.
Bu surədə peyğəmbərlər haqqında bir sıra rəvayətlər xatırladıldıqdan sonra, Allah belə vəhylərin nazil edilməsi hikmətindən xəbər verir. Fövqəluca buyurur:

(11.120) “Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin qəlbini sabitləşdirək. Bunda sənə həqiqət, möminlərə isə öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir”.

Ey Muhəmməd! Bu vəhylərin vasitəsilə Biz, digər möhkəm iman sahibi olan elçilər kimi, sənin də inamını artırır və layiqincə səbir etməyinə kömək göstəririk. Təqlid edilməsinə layiq olan örnəklər həmişə insanları fəallıq göstərməyə və başqalarını ötüb keçməyə can atmağa vadar edir, şahidlər və çoxsaylı tərəfdarlar isə haqqı daha da inandırıcı edirlər. Bu ayələrdə şübhə edilməsi qətiyyən mümkün olmayan haqq sənin qarşında aşkar olmuşdur. Bu barədə bilik haqqın bir hissəciyidir ki, o, insan qəlbinin ən böyük məziyyətlərindəndir. Bununla birgə, sənə nazil edilən vəhy möminlər üçün öyüd-nəsihət və xatırlatmadır. Onlar nəsihətlərə qulaq asaraq, günah işlətməkdən əl çəkir, Allahın bəyəndiyi əməlləri xatırlayır və onları həyata keçirirlər.

(11.121) “İman gətirməyənlərə de: “Siz öz bildiyinizi edin, biz də edəcəyik”.
(11.122) “Gözləyin! Biz də gözləyirik”.
(11.123) “Göylərin və yerin qeybi Allaha aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir”.

Ey Muhəmməd! Kafirlər öyüd-nəsihətdən və müxtəlif növ təlimatlardan faydalana bilmirlər. Onlara açıq-aydın ayələri göstər və qoy onlar öz dinlərinə etiqadlarını davam etdirsinlər. Siz isə Allahın dininə etiqad edin! Qoy onlar sizin başınıza nə gələcəyini gözləsinlər! Siz də onların başına nəyin gələcəyini gözləyin!
Fövqəluca Allah Öz qullarının iki qrupu arasında aydın bir xətt çəkmişdir. O, haqq dinə iman gətirənlərə qələbə bəxş etmiş və Öz kafir düşmənlərini isə susdurmuşdur. Göylərin və yerin bütün qeybləri Ona məlumdur və heç bir şey Ondan gizlənməyə qadir deyil. Bütün məxluqların əməlləri Ona qayıdacaqdır və sonra isə O, yaramaz davranışları xeyirxah rəftardan ayırd edəcəkdir. İnsanlar Ona ibadət etməli və imkanları daxilində Onun əmr etdiklərinin hamısını yerinə yetirməlidirlər. Eyni zamanda onlar onların yaxşı və pis əməllərini unutmayan öz Rəbbinə təvəkkül etməlidirlər. Əksinə, O, onların hamısını Öz elmi ilə əhatə edir və onların hamısı qələmlə yazılmışdır. Bu isə o deməkdir ki, O, mütləq Öz hökmünü çıxaracaq və ədalətli əvəz veriləcəkdir.


Tarix: 20.04.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 607 Bölmə: Sureler