beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“YUSUF” surəsnin şərhi 61-79

(12.61) “(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.

Tamamilə aydın idi ki, Yaqub (ə) Beniaminin xatirini hədsiz dərəcədə çox istəyirdi və sevimli oğlu ilə ayrılığa tab gətirə bilmirdi. Yusuf yoxa çıxdıqdan sonra, təkcə Benyamin onun təsəllisi olmuşdu və buna görə qardaşlar qeyd etdilər ki, kiçik qardaşlarını onlarla buraxması üçün atalarına yalvarıb, onun razılığını almalıdırlar.

(12.62) “(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”

Yusuf (ə) xidmətçilərinə tapşırdı ki, onların taxıl əvəzinə verdikləri pulları qaytarıb yüklərinin içinə qoysunlar ki, evlərinə qayıdanda onlar taxıl almaq üçün verdikləri pulların onlara qaytarıldığını görsünlər. Yusuf (ə) istəmirdi ki, qardaşları ödədikləri pulların onlara qaytarıldığını görüb utansınlar. O (ə) onlara yaxşılıq etmək və bununla onları tezliklə Misirə qayıtmağa ruhlandırmaq istəyirdi. O (ə), taxılı qardaşlarına tamamilə ölçüb verdi və pullarını da özlərinə elə qaytardı ki, onlar bunu o saat bilməsinlər və başa düşməsinlər ki, o (ə) bu rəftarı ilə nəyə nail olmaq istəyir. Ona (ə) məlum idi ki, insanlara göstərilən yaxşı münasibət onları xeyirxahlarına tam etibar etməyə yönəldir.

(12.63) “(Yusufun) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə artıq (taxıl) ölçülüb verilməyəcək. Yenidən (tam ölçüdə) taxıl almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

Yaqubun (ə) oğulları dedilər: “Ey atamız! əgər sən qardaşımızı bizimlə buraxmasan, onda daha bizə taxılı tam həcmdə verməyəcəklər. Kiçik qardaşımıza icazə ver bizimlə səfərə çıxsın ki, biz bir daha taxıl ala bilək. Biz onu hər cür hadisələrdən qoruyacağıq”.

(12.64) “(Yaqub) dedi: “Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən Rəhmlisidir!”

Yaqub (ə) onlara belə dedi: “Mən bir dəfə Yusufu sizə etibar etdiyim kimi, kiçik qardaşını da etibar edə bilmərəm. Siz olduqca inandırıcı vəd vermişdiniz ki, Yusufu qoruyacaqsınız, lakin borcunuzu yerinə yetirmədiniz. Bax buna görə mən sizin vədlərinizə etibar etmirəm, əvəzində mən ancaq Fövqəluca Allaha etibar edə bilərəm. Mənim vəziyyətim Ona məlumdur və mən Ondan xahiş edirəm ki, mənə rəhm etsin və oğlumu qorusun”. Bu sözlərdən aydın olur ki, Yaqub (ə) Benyaminin qardaşları ilə səfərə çıxmasına razılıq verməyə meyilli idi.

(12.65) “Onlar yüklərini açdıqda ödədikləri şeylərin da özlərinə qaytarıldığını görüb dedilər: “Atacan! Bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü də artıq alarıq ki, bu dəfə aldığımız (sonra alacağımızdan) çox azdır”

Qardaşlara aydın oldu ki, Yusuf (ə) bilərəkdən onların pullarını özlərinə geri qaytarmış və taxıla görə onlardan haqq almamışdı. Növbəti ticarət səfərinə onlarla birlikdə Benyamini də göndərməsinə atalarını qəti inandırmaq ümidi ilə qardaşlar dedilər: “Atacan! Bizi belə ləyaqətlə qəbul etdikdən sonra daha nə arzu edə bilərik? Misir əyanı bizə tam ölçü ilə ( “Tam ölçü ilə” ifadəsi ilə, ehtimal ki, hər minik sahibinə miniyin daşıya biləcəyi yükün (taxılın) tam həçmi nəzərdə tutulur. Bu bölgü, Yusuf peyğəmbərin (ə) qıtlıq dövründə qonşu ölkələrə satacağı taxılı da ədalətli kvotayla ayırmasının nümunəsidir. F.S. ) taxıl vermiş və səmimi xeyirxahlıq və alicənablıq göstərərək, pullarımızı da bizə hörmətlə qaytarmışdır. Əgər biz Misirə qardaşımızla birgə qayıtsaq, onda bizə yenə taxılı tam həcmdə verərlər və biz də ailələrimizi dolandıra bilərik. Biz onda evə ailə üzvlərimizin ehtiyacı olduğunu gətirə bilərik. Biz qardaşımızı mütləq qoruyarıq və əvəzində daha bir yük taxıl alarıq, çünki hər adama bir minik yükü (Allahın peyğəmbəri olan Yusuf (ə) qıtlıq dövründə belə insanların aclıq çəkməməsi üçün öz ölkəsinin məhsulunu qıtlıq içində olan ölkələrin tacirlərinə satarkən ilahi ədalət prinsipini əsas götürmüş və xarici məmləkətlərdən gələn ticarət karvanlarına taxılı (ərzağı) onların pulunun miqdarına görə deyil, adambaşı hesabına verirmiş. Bunu ancaq Allahın haqq peyğəmbəri etməyə qadir idi. F.S.) taxıl verilir. Bu səfər ağır olmayacaqdır və o, sənə ziyan vurmayacaqdır, çünki çox vaxt aparmayacaq və bizə açıq-aşkar fayda gətirəcəkdir.

(12.66) “O dedi: “Mühasirəyə alınıb çarəsiz qalmanız istisna edilməklə, onu yanıma gətirəcəyinizə Allah qarşısında and içməyincə onu sizinlə göndərməyəcəyəm”. Onlar and içdikdə, Yaqub dedi: “Allah söylədiklərimizə Vəkildir”.

Yaqub dedi: “Siz Allah qarşısında möhkəm and içib, Beniaminlə bərabər geri qayıdacağınız barədə mənə söz verməsəniz, mühasirəyə düşüb çarəsiz qalmanız istisna edilməklə, onu sizinlə getməyə qoymayacağam”. Oğulları atalarının tələb etdiyi kimi and içdikdə Yaqub (ə) dedi: “Allahın buna Şahid olması yetər. Allah sizi saxlasın!”

(12.67) “O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”.

Oğullarını səfərə yola salarkən Yaqub (ə) dedi: “Misirə çatdıqda, şəhərə tək bir dərvazasından deyil, müxtəlif dərvazalarından daxil olun. Siz çoxsunuz və mən də qorxuram ki, adamlar hamınızın bir kişinin oğulları olduğunuzu bilib paxıllıqlarından sizi gözə gətirsinlər. Mən sizə bundan başqa heç nə ilə kömək edə bilmərəm, çünki heç bir şey Allahın qədərinin qarşısını almağa qadir deyil. O, hər şeyi öncədən müəyyənləşdirir və hökm çıxarır və bu hökmlər mütləq yerinə yetirilir. Mən təkcə Ona təvəkkül edirəm və nəsihətimin sizi ziyandan qoruyacağı zənninə qapılmıram. Doğrudan da, təvəkkül sayəsində istənilən xeyrə nail olmaq və xoşagəlməz hadisələrdən uzaqlaşmaq mümkündür”.


(12.68) “Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allahın yanında onlar üçün heç bir faydası olmadı, lakin bu Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir”.

Misirə gəlib çatdıqda oğullar şəhərə atalarının dediyi kimi daxil oldular. Onların bu əməli onları bədbəxtliklərdən uzaqlaşdıra bilmədi. Lakin Yaqub (ə) öz uşaqlarını sevir, onlara görə narahat olur və onların yaxşı davranması ona müəyyən rahatlıq bəxş edirdi. Bu isə heç də onun (ə) biliyinin çatışmazlığına dəlalət etmirdi, çünki o (ə), alicənab elçilərdən biri və ən böyük din alimi idi. Məhz buna görə, Allah xüsusilə qeyd edir ki, o (ə) Allahdan ona nazil edilmiş geniş biliklərə sahib idi. Bu biliklərin onun (ə) istedadının və bacardıqlarının nəticəsi deyildi. Onlar Allahın neməti və Onun verdiyi təliminin nəticəsiydi. Həqiqətən də, insanların əksəriyyəti öz əməllərinin və baş verən hadisələrin incəliklərinin nəticələrindən xəbərdar deyillər. Hətta elmə sahib olanlar belə bəzən bəzi hökmləri nəzərdən qaçırır və müvafiq nəticələr çıxarmırlar.

(12.69) “Onlar Yusufun yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə”.

Onlar Yusufun yanına daxil olduqda, o (ə), Benyamini yanına çağırıb onu qucaqladı. O (ə) ona xüsusi diqqət göstərdi və həqiqəti açıb ona danışdı. O (ə) ona doğma qardaşı olduğunu bildirdi və ona onları xeyirli sonluq gözlədiyinin müjdəsinu verdi. O (ə) ona həm də bu əhvalatın tam sona çatmasına qədər Benyaminin onun (ə) yanında qalması üçün öz qurduğu planını və fəndini xəbər verdi.

(12.70) “(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi”.

Yusuf hər qardaşı üçün, o cümlədən Beniyamin üçün bir dəvə yükü miqdarında taxıl çəkilməsinə sərəncam verdi, sonra isə öz kiçik qardaşının yükünün içinə içki və ya taxıl ölçmək üçün istifadə edilən bir piyalə qoydu. Qardaşlar öz yüklərini bağladılar və getməyə hazırlaşırdılar ki, carçı birdən haray saldı: “Ey karvan sahibləri, siz – oğrusunuz!” Yəqin ki, o, məsələnin nə yerdə olduğunu bilmirdi.

(12.71) “(Yəqubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular”.

Yusufun qardaşları şübhəni özlərindən götürmək üçün misirlilərə tərəf döndülər. Oğru həmiş çalışar ki, oğurlu etdiyi şəxsdən mümkün qədər tez uzaqlaşsın, amma Yusufun qardaşları özləri misirlilərə tərəf gəldilər. Onlar bəraət qazanmaq və onlara verilən ittihamı üstlərindən götürtmək istəyirdilər. Onlar soruşdular: “Siz nə axtarırsınız? Biz sizdən nə oğurlamışıq?”. Onlar qəti əmin idilər ki, tamamilə günahsızdırlar.

(12.72) “72. Onlar dedilər: “Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. Carçı: “Mən buna zaminəm!”– dedi”.

İtmiş piyaləni axtaran adam dedi: “Biz hökmdarın piyaləsini itirmişik və əgər tapan onu bizə qaytararsa, onda biz onu hökmən bir dəvə yükü ilə savablandırarıq. Onun vicdanlı hərəkətinə görə savab belə olacaq və mən öz sözlərimə görə məsuliyyət daşıyıram”.

(12.73) “(Yaqubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

Qardaşlar and içdilər ki, onlar Misir torpağına zalımlıq etmək niyyətində olmayıblar, çünki çünki oğruluq zalımlığın ən böyük təzahürüdür. Onlar öz bildiklərinin əsasında and içdilər. Onlar bilirdilər ki, qardaşlardan heç biri oğru və mürtəd deyildi, çünki onlar əvvəllər onların düzlüyünü və dindarlığını təsdiq edən sınaqlardan keçmişdilər. Bundan başqa, onları oğruluqda günahlandıran adamlar onların vicdanlı olmalarını gözəl bilirdilər. Qardaşların etirazını çox inandırıcı adlandırmaq olardı, axı onlar: “Biz zalımlıq etməmişik və oğurlamamışıq” desəydilər, bu az inandırıcı olardı.

(12.74) “Onlar soruşdular: “Əgər yalan desəniz, onun (piyaləni götürənin) cəzası nədir?”
(12.75) “(Qardaşlar:) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.

Misirlilər soruşdular: “Siz doğru demirsinizsə, bir oğrunu necə cəzalandırmalıyıq?” Qardaşlar belə cavab verdilər: “Əgər siz itən şeyi bizdən birimizin əşyaları arasında tapsanız, onda oğru piyalənin sahibinə köləliyə veriləcək. Biz zalım adamları belə cəzalandırırıq”. Onların dininə müvafiq olaraq oğurluq faktı sübuta yetirildikdə, oğru əşyasını oğurlamağa cəhd etdiyi şəxsin köləsinə çevrilirdi.

(12.76) “O, qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Yoxsa padşahın qanunlarına görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istəyi isə istisnadır. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır”.

Onların əşyalarını axtarmağa böyük qardaşların kisələrindən başladılar ki, heç kim bunun qurulmuş bir iş olduğuna şübhələnməsin. İtmiş piyalə onların kisələrində tapılmadıqda, Benyaminin əşyalarını yoxlamağa başladılar ki, piyalə də məhz onların arasındaydı. Yusuf (ə) demədi ki, o (ə) piyaləni tapdı və ya Benyamin onu oğurlamışdır, çünki bu həqiqətə uyğun deyildi. Bunun sayəsində Yusuf (ə) öz qardaşını yanında saxlamaq imkanı əldə etdi və digər qardaşlar heç nədən şübhələnmədilər. Allah ona (ə) bu fəndi vəhy edib öyrətdi, çünki Misir hökmdarının qanunlarına görə oğrunu başqa üsulla cəzalandırmaq nəzərdə tutulurdu. Əgər o (ə) Benyamini Misir qanunları əsasında mühakimə etsəydi, kiçik qardaşını öz yanında saxlaya bilməzdi. Lakin o (ə), qardaşların özlərinə hökm çıxarmağı təklif etdi ki, niyyətini həyata keçirə bilsin.
Həqiqətən, Fövqəluca Allah xeyir gətirən və arzu edilənə nail olmağa imkan verən biliklərin sayəsində insanların bəzisini digərlərindən üstün edir. Fövqəluca Allah Yusufu (ə) məhz bu minvalla yüksəltmişdi. Lakin hər bir savadlı alimdən daha savadlı alim vardır. Ən kamil bilik sahibi isə aşkarda və qeyvdə olanları bilən Allahdır.


(12.77) “Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz ürəyində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin hansı niyyətdə olduğunuzu çox yaxşı bilir”– dedi”.

Yusufun (ə) qardaşları baş verənləri gördükdə belə dedilər: “Əgər o, doğrudan da oğurlayıbsa, bu heç də təəccüblü deyil, çünki onun qardaşı da oğurluq edərdi. Bizim buna heç bir dəxlimiz yoxdur. Qardaşlarımızın ikisindən çox şey gözləmək olar, lakin onlar bizə doğma deyillər”. Onlar öz sözləri ilə Yusufu (ə) və onun qardaşını alçaltmağa cəhd göstərirdilər, lakin Yusuf (ə) onlara xoşlarına gəlməyəcək sözlər demək istəmədi. Əksinə, o (ə) qəzəbini cilovladı və əsil həqiqəti onlardan gizlətdi. O (ə) özlüyündə isə belə fikirləşdi: “Siz bizi cinayətkarlıqda günahlandırırsınız, amma özünüz daha böyük pislik edirsiniz. Sizin bizə atdığınız və bizə heç bir aidiyyəti olmayan böhtanlar və bizə aid etdiyiniz oğurluq Allaha yaxşı məlumdur”.


(12.78) “Onlar dedilər: “Ey hökmdar! Onun atası çox yaşlı bir qocadır. Onun əvəzində bizdən hər hansı birimizi tutub saxla. Biz görürük ki, sən – xeyirxahlıq edənlərdənsən”.

Yusufun (ə) qardaşları onun qarşısında yaltaqlanmağa başladılar ki, bəlkə o (ə) onların qardaşını bağışladı. Onlar dedilər: “Ey hökmdar! Onun atası – çox yaşlı bir qocadır və oğlu ilə ayrılığa dözməz. Bizim birimizi onun əvəzinə saxla, axı sən mömin adama oxşayırsan. Biz və ahıl yaşlı atamıza lütfkarlığını göstər”.


(12.79) ”O dedi: “Əşyamızı (yükündə) tapdığımız adamın əvəzinə bir başqasını tutub saxlamaqdan Allah bizi uzaq etsin! Biz belə etsək, onda zalımlardan olarıq”.

Yusuf belə cavab verdi: “Allah bizi əşyaları arasında piyaləmizin olmadığı adamı tutub saxlamaqdan uzaq etsin! Əgər biz belə davransaq, ədalətsizlik etmiş olarıq. Biz, piyalənin başqasının yükü içində olduğu halda, günahsız bir adamı cəzalandıra bilmərik. Həqiqətən, cəzaya layiq olmayanı cəzalandırmaq ədalətsizlikdir”. Yusuf (ə) dedi ki, o (ə), piyalənin əşyaları arasında çıxan şəxsi cəzalandırır və demədi ki, o (ə), oğrunu cəzalandırır. Bu üsulla o (ə) yalan danışmaqdan çəkinmək istəyirdi.


Tarix: 20.04.2013 / 13:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Sureler