beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“YUSUF” surəsnin şərhi 101-111

(12.101) “Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, Axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur”.

Allah Yusufa (ə) böyük biliklər nəsib etmiş, ona (ə) hakimiyyət vermiş, onu (ə) valideynləri və qardaşları ilə qovuşdurmuşdur və saleh peyğəmbər (ə) Rəbbin bu mərhəmətini minnətdarlıqla qəbul etmiş və Allahdan onu İslamın möhkəm və dözümlü tərəfdarı etməsini arzulamışdı. Yusuf (ə) demişdi: “Ey Rəbbim! Sən mənə Misirin xəzinələri üzərində nəzarətçi olmağıma və çox böyük var-dövlətə sərəncam çəkməyimə imkan verdin. Sən məni ən mühüm vəzirlərdən biri etdin, mənə Müqəddəs Kitabları şərh etməyi, yuxuları yozmağı öyrətdin (Fövqəluca Allahın Yusuf peyğəmbərə (ə) digər məsələrlə yanaşı yuxuyozumunu da öyrətməsi haqqında bu vəhy yuxuyozumunun mühüm həyati məsələlərdən biri olasını vurğulayır və bu barədə Allahın Elçisi Muhəmməd Peyğəmbərin (s.ə.s.) çoxsaylı hədisləri də bunu dolayısı ilə təqdir etməkdədir və zaman yaxınlaşdıqca bu islami elmin əhəmiyyətinin daha artacağına baxmayaraq, bir sıra müasir şəriət alimlərinin məsələyə müxalif nəzər nöqtəsindən yanaşması və yuxuyozumunu inkar etməsi sayəsində bu vacib şərh vasitəsinin təhrif edilmiş formalarının saxtakarların və fırıldaqçıların əlinə keçməsi və bundan sui-istifadə edilməsi müsəlmanlara xeyli ziyan vurur. F.S.) və çoxsaylı digər bilikləri mənə əta etdin. Sən göyləri və yeri yaratmısan, bu dünyada məni himayə edir və Axirətdə də Havadarım olacaqsan. Məni İslamın sədaqətli tərəfdarı et, müsəlman olduğum halda bu dünyadan köçürt, saleh peyğəmbərlərə və mömin qullarına qovuşdur”. Yusuf peyğəmbər (ə) Allahdan ona tezliklə ölüm göndərməsini dilə gətirmir, sadəcə xahiş edir ki, ona ölüm anına qədər İslama etiqad etməyə imkan versin.

Allah bu hekayəti bitirdikdən sonra Muhəmməd Peyğəmbərə (s.ə.s.) müraciət edərək buyurur:

(12.102) “Bütün bu hekayətlər – qeybə aid rəvayətlərin bir hissəsidir ki, onları sənə vəhlə nazil edirik. Onlar birlikdə qərar qəbul edib fitnə hazırlayanda sən onlarla deyildin ki, (biləydin).

Ey Muhəmməd! Sənə rəvayət edilən əhvalatın qeybə məxsus tarixin bir hissədir ki, Biz onu sənə vəhyimizlə nazil edirik. Əgər ilahi vəhy olmasaydı, sən bu qəribə əhvalatı bilməyə heç vaxt nail olmazdın, axı onlar birlikdə öz qardaşlarını atasından ayrı salmağa qərar verəndə sən Yusuf və qardaşlarının yanında olmamışdın. O vaxt onların yanında Fövqəluca Allahdan başqa heç kim yox idi və buna görə də bu hadisə haqqında sən təkcə Allahdan öyrənə bilərdin.
Belə bir vəhy Musa (ə) haqqında hekayət rəvayət ediləndən sonra nazil edilmişdi. Fövqəluca xəbər verir ki, insanlar bu tarix haqqında təkcə ilahi vəhyi vasitəsilə məlumat ala bilərdilər və buyurur: “(Ey Elçim!) Biz Musaya vəhy etdiyimiz zaman sən (Tur dağının) qərb tərəfində deyildin. Sən (buna) şahid olanlardan da deyildin! Lakin Biz (Musadan sonra) neçə-neçə nəsillər yaratdıq. Onlar uzun ömür sürdülər. Sən ayələrimizi onlara oxuyarkən Mədyən əhli arasında deyildin. Lakin Biz (bu əhvalatları onlara olduğu kimi xəbər vermək üçün səni) peyğəmbər göndərdik. Biz (Musaya) xitab etdiyimiz zaman da sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə peyğəmbər gəlməmiş bir tayfanı (Allahın əzabı ilə) qorxudasan deyə, Rəbbindən bir mərhəmət olaraq (sənə bunları öyrədib onlara peyğəmbər göndərdik). Bəlkə, öyüd-nəsihət qəbul etsinlər!” (Qəsəs, 28/44-46). Bu ayələr Allahın Elçisinin (s.ə.s.) haqqı və əsil həqiqəti təbliğ etdiyinin ən parlaq dəlilləridir.

(12.103) “Sən nə qədər çox istəsən də insanların əksəriyyəti iman gətirməyəcəklər”.
(12.104) “Sən buna görə onlardan mükafat istəmirsən, axı Bu, – aləmlər üçün ancaq Xatırlatmadır”.

Ey Muhəmməd! Əgər sən onların haqq dinə gəlməri üçün həddən artıq ciddi-cəhdlə səy göstərsən də, insanların böyük bir hissəsi onsuz da kafir qalacaq, çünki onların niyyətləri və dərrakəsi artıq qüsurlulaşmışdır. Onlara səmimiyyətlə xeyirxahlıq arzu edənlərin səyləri, onlara iman gətirməyə heç bir şeyin mane olmadığı halda da, onlara hər hansı bir fayda vermir. Onlar heç bir mükafat və xeyirxahlıqlarının əvəzini tələb etmədən belə insanlara haqqı öyrətsələr də, onları doğru yola dəvət etsələr də, onlara şərdən uzaq olmağı anlatsalar da, möcüzələr və özlərinin doğruçuluğunun dəlillərini göstərsələr də, günahkarlar bunlardan fayda əldə edə bilmirlər. Axı Müqəddəs Quran fayda verən və zərər vuran şeyləri məhz ona görə xatırladır ki, insanlar faydalı işlər görsünlər və zərərverici şeylərdən çəkinsinlər.

(12.105) “Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər”.
(12.106) “Onların çoxu Allaha şərik qoşaraq iman gətirirlər”.

Gör göylərdə və yerdə tövhidin lehinə şəhadət verən neçə-neçə möcüzələr vardır! Kafirlər onlardan üz döndərirlər və hətta iman gətirilməsi zəruri olanın hissəsinə inanmağa razılaşsalar da, onlar yenə də Allaha şərik qoşmaqda davam edirlər. Onlar, hər şeyi xəlq edən, onlara ruzi bəxş edən və Kainatın bütün işlərini aparan Fövqəluca Allahı özlərinin Rəbbi qəbul edirlər. Lakin onlar Ona ibadətdə şərik qoşur və məxluqları ilahlaşdırırlar. Onlar belə keyfiyyətlərə malik olduqlarına görə, cəzadan başqa bir şeyə layiq deyillər və bu cəza onları özlərini tam təhlükəsizlikdə hiss etdikləri bir zamanda yaxalayacaq. Bax buna görə Fövqəluca buyurur:

(12.107) “Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlər?”

Allahın ayələrindən üz çevirən günahkarlar doğrudanmı Allahın onları hər tərəfdən bürüyəcək və kökünü tamamilə kəsəcək əzabından ehtiyat etmirlərmi? Doğrudanmı onlar Qiyamət gününün yaxınlaşdığını hiss edə bilməyəcəkləri tərzdə qəflətən başlayacağından ehtiyat etmirlərmi? Həqiqətən, onlar buna öz əməlləri ilə layiq olmuşlar və onlar Allahın qarşısında tövbə etməli və onları cəzaya məhkum edə biləcək əməllərdən əl çəkməlidirlər.

(12.108) “De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.

Ey Muhəmməd! İnsanlara xəbər ver ki, sənin yolun və sənin dinin elmə və möhkəm etiqada əsaslnır və şübhələr və tərəddüdlərlə bir araya sığmır. Sən və sənin davamçıların insanları qəti etiqadınıza müvafiq olaraq Allahın yoluna dəvət edirsiniz. Allah müqəddəsdir! O, Onun əzəmətinə uyğun olmayan və kamilliyinə zidd gələn hər şeydən üstündür! Sən müşrik deyilsən, çünki səmimi qəlbdən tək olan Allaha ibadət edirsən və təkcə Ona xidmət edirsən.

(12.109) “Biz səndən əvvəl də şəhər əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərirdik. Məgər müşriklər yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, Axirət yurdu Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər anlamırsınız?”

Ey Muhəmməd! Bütün əvvəlki elçilərin hamısı kişilərdən olmuşdur, çünki Biz elçi olaraq nə mələkləri və nə də başqa məxluqları göndərməmişik. Bəs niyə sənin qəbilədaşların sənin peyğəmbərliyinə təəccüblənirlər? Onlar niyə belə hesab edirlər ki, heç kim onlardan üstün ola bilməz? Özündən əvvəlkilərini örnək götür – onlar səhradan olan xalqların yanına göndərilmirdilər, onlar məhz şəhər və kəndlərdən çıxmış insanlardılar. Onlar ən ağıllı və ən sağlam düşüncəliydilər və sənə onların davranışları və əməlləri aydın olmalıdır.
Məgər kafirlər yer üzündə səyahət etmirdilər və görmürdülər ki, onlara qədər yaşayanların aqibəti necə olmuşdu? Əgər onlar sənə inanmırlarsa, qoy onda özləri əmin olsunlar ki, Allah bundan əvvəl haqq dinə gəlməkdən boyun qaçıranları necə məhv etmişdir. Qoy onlar özlərindən əvvəlkilərin səhvlərini təkrarlamaqdan çəkinsinlər ki, əvvəl yaşayanların məruz qaldıqları cəza onları da yaxalamasın. Qoy onlar bilsinlər ki, Cənnət məkanı və əbədi Cənnət zövqü Allahdan qorxanlar, Onun hökmlərinə itaət edənlər və Onun haramlarını pozmaqdan çəkinənlər üçün daha yaxşıdır. Həqiqətən də, dünyəvi zövqlər həyəcanlı, qeyri-kamil və qısamüddətlidir, halbuki Axirət həyatının zövqü kamildir, əbədi və sonsuzdur. Axirət zövqü əbədi davam edir və hər an ancaq artır. Doğrudanmı insanlar, sayəsində ən yaxşıya üstünlük verə biləcəkləri ağıldan məhrumdurlar?


(12.110) “Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və dilədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz”.

Fövqəluca xəbər verir ki, cinayətkar və aciz insanlar bütün zamanlarda Onun elçilərini inkar edərdilər. O, onlara haqq yola qayıtmaq üçün möhlət verərdi və bu, Onun elçilərinin vəziyyəti ən dözülməz vəziyyət yaranan vaxtadək davam edərdi. Elçilərin kamil etiqada malik olmalarına, öz Rəbbinin vədinə və xəbərdarlığına qəti əmin olmalarına baxmayaraq onların da qəlbinə ümidsizlik kölgəsi düşür, bilik və imanlarında bəzi zəifliklər yaranırdı. İş bu yerə çatanda Fövqəluca Allah Öz elçilərinə və onların ardıcıllarına kömək göstərərdi və bundan sonra heç kim Onun əleyhinə çıxmağa cəsarət etmiş cinayətkarlardan amansız cəzanı uzaqlaşdıra bilməzdi. Bu münasibətlə O, belə buyurur: “Bütün sirlərin aşkar olacağı o Qiyamət günü insanın nə bir qüvvəsi və nə də bir köməkçisi olar!” (Tariq, 86/9-10).

(12.111) “Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir”.

Allahın peyğəmbərlərinin və elçilərinin (onlara Allahın salamı olsun) və onların xalqlarının taleləri haqqında hekayətlərdə ağıl sahibi olan və bu hekayətlər üzərində düşünən insanlar üçün çoxlu ibrət və nəsihətlər vardır. Onların sayəsində insanlar möminləri qatı günahkarlardan fərqləndirə bilir və anlayırlar ki, onlardan bir qismi əvvəlkilərin layiq edildiyi mərhəmətə nail olacaq, başqaları isə mütləq alçaldılacaqlar. Onların sayəsində insanlar həm də Allahın böyük hikmət sahibi və digər kamil sifətlərə malik olmasını biləcəklər. Onlar başa düşürlər ki, təkcə O, Ona ibadət edilməsinə layiqdir və heç kimi Ona şərik qoşmurlar.
Bu, qeybə aid tarixlərin yazıldığı Müqəddəs Quran uydurulmuş Kitab deyildir. Əksinə, o, əvvəlki Kitabları təsdiq edir, onlara uyğun gəlir və onların gerçəkliyinə şahidlik edir. Bu Kitabda Allahın qullarının bilməsinə ehtiyacları olan dinin əsas və fərdi məsələləri izah edilir və həmçinin bunların lehinə olaraq inandırıcı dəlillər və sübutlar gətirilir. O, doğru bir Təlimat və mömin insanlar üçün nemətdir. Onlar onun sayəsində doğru yola gəlir, əsil həqiqət haqqında bilik əldə edir, ona üstünlük verir, dünya və Axirət həyatında mükafata layiq olduqlarına görə Allahın mərhəmətini qazanırlar.
Bu şərəfli tarixdən çox faydalı nəticələr çıxartmaq olar. Fövqəlucanın surənin başlanğıcında: “Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq...” (Yusuf, 12/3) buyurduğunu qeyd etmək kifayətdir. Sonra isə O, belə buyurur: “Sözsüz ki, Yusuf və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır” (Yusuf, 12/7). Surənin sonunda isə deyilir: “Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır...” (Yusuf, 12/111). Budur, hazırki şərhin gedişatında qeyd etmədiyimiz bəzi nəticələr və nəsihətlər:

1. Bu hekayət insanın vəziyyətinin necə də çox tez dəyişə bilməsi haqqındadır. Bir sınaq başqa bir sınaqla, çətinliklər – mərhəmət və firavanlıqla, alçaldılma – ucaldılmayla, köləlik – hakimiyyətlə, ayrılıq – birləşməylə, kədər – sevinclə, bəxtiyarlıq – dilənçiliklə, yoxsulluq – rifahla, ehtiyac – var-dövlətlə, inkarçılıq – etiraf etməklə əvəz olunur. Bu əhvalatı bizə bildirən və onu ən gözəl tərzdə izah edən Allah necə də Xeyirxahdır!

2. Yuxunun yozulması şəriətə uyğundur və elmin mühüm sahələrinə aiddir ki, Fövqəluca Allah onu istədiyinə bəxş edir. ( Burada söhbət Fövqəluca Allahın yuxuyozumu qabiliyyətini istədiyi kəsə əta etməsindən gedir. F.S.) O, adların və keyfiyyətlərin uyğunluğu və oxşarlığına əsaslanır. Gəlin Yusufun (ə) gördüyü – günəşin, ayın və on bir olduzun ona (ə) baş əyməsi ilə əlaqədar yuxunu nəzərdən keçirək. Adları çəkilən səma cisimləri göy qübbəsinin bəzəkləridir və məxluqlara böyük fayda verirlər və onların sayəsində insanlar düz yol tapırlar. Peyğəmbərlər və alimlər yer kürəsinin bəzəkləridir və insanlar onların sayəsində nadanlıq zülmətində düz yolu tapırlar. Yusufun anası və atası onlardan törəyən oğullarının kökləri idilər və əgər nəzərə alsaq ki, valideynlər törəmələrinə nisbətən böyük işıq rəmzi və böyük həcmli olmalı olduqları üçün, demək olardı ki, (həmin yuxuda) günəş onun anası, ay – atası, ulduzlar isə qardaşlarıdır. Ərəb sözü olan “şəms” (“günəş”) – qadın cinsindədir, “qəmər” (“ay”) və “kəvakib” sözləri isə kişi cinsindədir və bunlar da yad etdiyimiz yozumun xeyrinə olan dəlillərdir. Əgər nəzərə alsaq ki, günəş, ay və ulduzlar ona baş əymişdilər, onda demək olardı ki, Yusuf qarşıda öz valideynlərinin və qardaşlarının hörmətinə və ehtiramına layiq görüləcəkdir. Həqiqətən, bir adam bir başqasına təzim etdikdə, ona öz ehtiramını və hörmətini bildirir. Bu isə o demək idi ki, Yusuf Allahın seçdiyi və ətrafındakılarının hörmət bəslədiyi bir şəxs olacaqdı və öz biliyi və digər keyfiyyətləri sayəsində başqa insanlardan yüksəyə qaldırılacaqdı. Məhz buna görə onun atası (ə) demişdi: “Rəbbin səni seçəcək, sənə yuxu yozmağı öyrədəcək və... sənə və Yaqub nəslinə də Öz nemətini tamamlayacaqdır” (Yusuf, 12/6).

3. İndi də gəlin zindandakı iki gəncin yuxusunu nəzərdən keçirək. Onlardan biri yuxusunda görmüşdü ki, o, öz ağası üçün şərab süzür. Adətən, şərabı qədəhlərə xidmətçilər doldururlar və buna görə Yusuf (ə) belə bir nəticəyə gəlmişdi ki, bu gənc zindanı tərk edəcək və bir başqa insana xidmət göstərərək, ona şərab verəcək. Digər gənc isə yuxuda başında çörək olduğunu və çörəyi quşların dimdiklədiyini görmüşdü. Yusufun (ə) çıxardığı nəticəyə görə çörək adı altında başın dərisi, əti və habelə insanın beyni nəzərdə tutulur. O, həm də qərara almışdı ki, gəncin bədəni açıq bir yerdə olacaq, çünki ancaq bu halda quşlar insan başının dərisini dimdikləyə bilər. Buna görə də o demişdi ki, gənc edam ediləcək və çarmıxa çəkiləcək, sonra isə onun nəşini açıq bir yerdə nümayiş etdirəcəklər və quşlar da onun başını dimdikləyəcəklər. Həqiqətən, belə bir hal ancaq edam edildikdən sonra çarmıxa çəkilərkən mümkün ola bilər.
(Yusuf peyğəmbərin (ə) onunla birgə zindanda olan gənclərin yuxularını yozmasının onun (ə) öz təxəyyülünə əsasən izah edilməsi onun (ə) bu şərhdə peyğəmbərliyinin nəzərə alınmamasını göstərir. Peyğəmbərlər yuxuları öz dünyəvi biliklərinə uyğun olaraq deyil, Allahın onlara nazil etdiyi vəhy vasitəsilə gerçəkləşdirirdilər. Çünki ancaq vəhy yolu ilə açıqlanan yuxular mütləq gerçəkliyi əks etdirə bilər. Gerçək yuxunun mahiyyətini düzgün başa düşən və şərh edən insan mütləq bir sıra keyfiyyətlərə malik olmalıdır. Bunlardan biri və əsası doğruçuluqdur. İnsanın doğruçu olması ilə yanaşı mütləq mömin olması əsas şərtdir. Yuxunun (röyanın) həqiqiliyi və onun yozulmasının gerçəkliyinin dəlilləri Qurana və Allahın Elçisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) şəriətinə əsaslanır. Müqəddəs Quranın bu Şərhində yuxu və onun yozumu ilə əlaqədar ayələr öz əksini tapmışdır. Mən isə Allahın Elçisinin (s.ə.s.) səhih hədislərindən bir neçə nümunə gətirməklə gerçək dəlilləri möhtərəm oxuculara təqdim edirəm. İmam Buxaridən: “Yuxuyozumu kitabı”: Aişədən (A.o.r.) rəvayət edilmişdir: “Allahın Elçisinin ilk vəhyinin başlanğıcı səhih yuxugörməsi vasitəsilə olmuşdur. Elə bir yuxu görməzdi ki, o, işıqlı səhər kimi aydın olmasın...”. Əbu Katadədən rəvayət edilən bir hədisdə deyilir: “Xoşagələn və doğru yuxu Allah tərəfindəndir (Yəni, Allahın nazil etdiyi nəfsi təlqin və təlimdir.)”. Digər bir hədisdə Allahın Elçisi (s.ə.s.) buyurmuşdur: “Möminin yuxusu peyğəmbərliyin qırxaltı cüzündən bir cüzdür”. Əbu Said əd-Xudridən rəvayət edilən hədisdə buyurulur: “Saleh yuxu (burada mömin adamın gördüyü yuxu nəzərdə tutulur) peyğəmbərliyin qırxaltı cüzündən biridir”. Əbu Hureyrə rəvayət etmişdir: “Peyğəmbərlikdən sonra mübəşşiratdan başqa bir şey qalmayacaqdır”. Səhabələr “mübəşşiratın” nə olduğunu soruşduqda, Allahın Elçisi (s.ə.s.) buyurmuşdur: “Saleh yuxulardır”. Müvafiq və daha çoxsaylı yuxu və onun yozumu ilə bağlı hədislər İmam Buxaridən başqa, İmam Müslimdə və İslamın digər görkəmli alimlərinin əsərlərində öz əksini tapmışdır. Qeyd etdiklərimdən aydın olur ki, İslam Peyğəmbərinin (s.ə.s.) vəfatı ilə Fövqəluca Allah tərəfindən ta qiyamətə qədər yer üzünə başqa peyğəmbərlər yeni din və yeni şəriətlə göndərilməyəcək. Bu, müvafiq ayələrlə təsdiq edilmişdir. Lakin, Allahın Sonuncu Elçisinin (s.ə.s.) hədislərinə görə, mömin insanlar öz gözəl yuxuları vəsiləsilə – peyğəmbərliyin qırxaltı cüzvündən bir cüzv olan mübəşşirat xəbərləri ala biləcəklər. Bu, Mərhəmətli və Rəhmli Allahın peyğəmbərlərindən sonra insanlara göstərəcəyi misilsiz lütfkarlığına dair Allahın Elçisinin (s.ə.s.) vurduğu açıq-aydın bir işarədir. Mən deyərdim ki, möminlərin özlərinin və özgələrinin saleh (yaxşı, gözəl) yuxularına xüsusi diqqət yetirmələri üçün bir bir tövsiyə və ya əmrdir. Çünki o (s.ə.s.) qeyd edir ki, Qiyamət yaxınlaşdıqca, məhz möminlərin yuxuları gerçəkləşəcək, yəni doğru olacaq və haqdan xəbər verəcək. Xatırlatdığımız hədislər və daha bir çox başqaları bütün məşhur və nüfuzlu İslam alimlərinin “Səhih”-lərində və digər toplularında xüsusi bablar (fəsillər) kimi ayrıca verilmişdir. Tərc. F.S. )

4. Ədalətlilik təkcə hökmdarla onun təəbələrinin qarşılıqlı münasibətlərində deyil, bütün hallarda zəruridir. Hətta ata ilə oğulları arasındakı qarşılıqlı münasibətlərdə də ədalətli olmağa riayət edilməlidir. Əgər insan oğullarından birini üstün tutursa və ya onu qalanlarından çox əzizləyirsə, onda ailədə ikitirəlik yaranmağa başlayır və ailə üzvləri arasında münasibətlər korlanır. Yaqub (ə) Yusufu (ə) o biri oğullarından üstün tuturdu və atanın belə münasibəti oğullarını, özlərinə, atalarına və öz qardaşlarına zərər vurmaqla günah işlətməyə yönəltmişdi.

5. İnsan günahdan çəkinməlidir, çünki bir günah öz ardıyca çoxsaylı digər qüsurları çəkib gətirir və bütün bunlar hamısı birlikdə onun dəhşətli cinayətlər törətməyə başlaması ilə nəticələnir. Yusufun qardaşları öz atalarını qardaşlarından ayırmaq fikrindəydilər və öz məqsədlərinə nail olmaq üçün onlar dəfələrlə atalarına kələk gəlmiş və yalan danışmışdılar. Onlar qana bulaşdırılmış köynəyi atalarına gətirəndə yalan danışmışdılar. Onlar gecə evə gec gəlib ağlayanda yalan söyləmişdilər. Aydındır ki, insanlar bu hadisəni uzun müddət təhqiq etmişdilər və bütün bu müddət ərzində onlar dəfələrlə yalan deməyə məcbur olmuşdular. İstisna etmək olmaz ki, Yusufla (ə) görüşənə qədər bu sorğu-sual davam etməkdəymiş. Hər dəfə baş verən hadisə haqqında onlardan bir şey soruşduqda, onlar yalan danışır və saxta şahidlik edirdilər. Bütün bunlar – çoxsaylı xətaları labüd olaraq təqib edən günahların zərərli nəticələri idi.

6. Hər hansı bir insan haqqında mühakimə yürütmək, yolun başlanğıcında ona xas olan törətdiyi qüsurlarla deyil, son əməllərinın nə dərəcədə kamil olması ilə əlaqələndirilməlidir. Yaqubun oğulları əvvəcə ağır cinayətlər törətmişdilər ki, onları qınamaq və mühakimə etmək üçün bunları ən böyük sübutlar adlandırmaq olardı, lakin sonradan onlar törətdikləri əməllərini səmimiyyətlə boyunlarına aldılar, Yusufdan (ə) və öz atalarından bağışlanmalarını dilədilər və Allaha dua edərək, Ondan özlərinə bağışlanma və mərhəmət istədilər. Əgər insanlar onlara edilmiş zalımlığı bağışlayırlarsa, onda rəhimlərdən ən Rəhimlisi olan Allah haqqında nə demək olar? Məhz buna görə, biz hesab edirik ki, Yaqubun (ə) bütün oğulları peyğəmbər idilər. Bu, həmin məsələyə dair ən səhih rəydir. Fövqəluca buyurur: “Həqiqətən, Biz sənə də, Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onların nəsillərinə, İsaya, Əyyuba, Yunusa, Haruna, Süleymana vəhy etdik, Davuda isə Biz Zəbur bəxş etdik” (Nisa, 4/163). Burada nəsillər -Yaqub peyğəmbərin (ə) on iki oğlu və onlardan törəyən nəvə-nəticələrdir.
(Burada Yaqub peyğəmbərin (ə) 12 oğlunun hər birinin ulu babası olduğu 12 qəbilədən bəhs edilir. Həmin qəbilələr ulu babaları olan Yaqubun (ə) oğullarının adları ilə adlandırılırdılar. F.S.)
Yusuf yuxuda görmüşdü ki, onun qardaşları on iki parlaq ulduzdur. Ulduz nura və doğru yola yönəltməyə işarədir, bu keyfiyyətlər isə ancaq Allahın peyğəmbərlərinə (onlara Allahın salamı olsun!) məxsusdur. Əgər onlar hətta peyğəmbər olmasaydılar belə, yenə də axı onlar saleh şəriət biliciləri idilər və insanları doğru yola yönəldirdilər.

7. Allah Yusufa (ə) elm, dözümlülük və nəcib əxlaq bəxş etmişdi. Allah ona (ə) insanları Allahın yoluna dəvət etməyi öyrətmiş, ona (ə) günah işlətmiş qardaşlarını bağışlamasını ləngitməməyi buyurmuş və bütün bunlar Yusufun (ə) qardaşlarını qınamamasında və utandırmamasında özünü büruzə vermişdi. O (ə) öz valideynlərinə ən yüksək səviyyədə ehtiram nümayiş etdirərək, qardaşlarına mərhəmət və bütün məxluqlara xeyirxahlıq göstərirdi.

8. Bir pislik başqa bir pislikdən yüngül ola bilər və yaxşı olardı ki, ən ağır günahdansa, ən yüngül cinayət işlədəsən. Yusufun (ə) qardaşları onu öldürmək və ya evlərindən çox uzaqda azdırmaq istədikdə, onlardan biri demişdi: “...Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” (Yusuf, 12/10). Onun təklifi daha yüngül idi və o, qardaşlarını daha yaramaz günah işlətməkdən çəkindirməyə nail oldu.

9. Alıcının əldən ələ aldığı əşyanın satıcı tərəfindən qanunsuz yola mənimsənilməsindən xəbəri yoxdursa, onda o, satın aldığı, satdığı və ya istifadə etdiyi əmtəəyə görə məsuliyyət daşımır. Yusufun (ə) qardaşları haqları olmadığı halda onu (ə) satmışdılar. Sərbanlar onu (ə) Misirə apardılar və vəzirə satdılar və Yusuf (ə) onun evində, ona hörmət göstərilməsinə baxmayaraq, köləlik edirdi. Fövqəluca Allah isə vəziri Yusufun ağası adlandırdı.

10. Kişi onu yoldan çıxara bilən qadınlarla tənha qalmaqdan çəkinməlidir. Həmçinin insana zərər vuran sevgi aludəliyindən də çəkinməlidir. Vəzirin arvadı özünün son dərəcə pis əməlini Yusufla təklikdə qaldıqda və həm də ona güclü şəhvət hissi bəslədiyinə görə etmişdi. O, Yusufu yoldan çıxarmaq istəyənə qədər bu hiss ona rahatlıq vermirdi. Sonra isə o, Yusufa böhtan atdı və onu bir neçə illiyə zindana saldılar.

11. Yusufun (ə) vəzirin arvadına olan hisslərini Allah xatirinə rədd etməsi, onu Allaha daha da yaxınlaşdırmışdı, çünki belə hisslər insanı pislik etməyə çağıran qəlbində çox vaxt baş qaldırır. Əksər insanların təbiəti belədir. Lakin Yusufun (ə) qəlbində bu hiss onun Allaha olan məhəbbəti və Onun qarşısında qorxu hissi ilə rastlaşdıqda, Yusuf (ə) özünün bütün rəzil istəklərinin ziddinə olaraq, Allaha olan məhəbbətinə və Onun qarşısında qorxu hissinə üstünlük verdi. O (ə), öz Rəbbi qarşısında durmaqdan qorxanlardan və öz nəfsini rəzil istəklərindən qoruyanlardan biri oldu. O (ə), heç yerdə başqa bir kölgənin olmadığı bir Gündə Allahın Öz Kürsüsünün kölgəsində qoruyacağı möminlərdən ibarət yeddi qrupdan birinə daxil oldu. Gözəl və zadəgan bir qadının özünə yaxınlaşmağa çağırdığı, lakin qadına: “Mən Allahdan qorxuram” cavabını verən mömin, məhz bu insanların arasında olacaqdır. Həqiqətən, əgər insanın qəlbində günah işlətmək niyyəti baş qaldırırsa, o, ancaq o zaman qınağa layiq görülür ki, onun bu niyyəti qəlbində təsdiq edilsin və ya günahın yerinə yetirilməsi ilə müşayiət olunsun.

12. Əgər iman insanın qəlbinə nüfuz edibsə və o, Allah xatirinə səmimiyyətlə xeyirxah əməllər həyata keçirməyə başlayırsa, onda bu iman və səmimilik cinayətlərdən, yaramazlıqlardan və Allaha itaətsizliyə aparan hər bir əməldən uzaqlaşmaqda ona kömək göstərir. İmanın və səmimiyyətin əvəzi belədir və buna görə O buyurur: “Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş (və ya səmimi) qullarımızdandır” (Yusuf, 12/24). Ayənin belə tərcüməsi, “muxlas” (“seçilmiş”) və “muxlis” (“səmimi”) sözlərinin müvafiq olaraq istifadə edildiyi iki oxunuş qaydasına uyğundur. Şübhəsiz ki, Fövqəluca Allah tək Ona səmimiyyətlə ibadət edən qullarını seçir. Əgər insan öz əməllərini ancaq Tək Allaha həsr edirsə, onda O, onu seçərək cinayətlərdən və çirkinliklərdən xilas edir.
13. İnsan düşdüyü şəraitin yoldan azmaq və günaha batmağa doğru apardığını görürsə, onda o, əlindən gələni edərək çalışmalıdır ki, belə vəziyyətdən çıxıb uzaqlaşsın və günah etməkdən xilas olsun. Məhz buna görə, vəzirin arvadı öz evində Yusufu yoldan çıxarmağa başladıqda, o (ə) oradan çıxıb qaçmağa cəhd göstərdi. O (ə) qapıya tərəf cumdu ki, qadının ona (ə) toxunduracağı şərdən qaça bilsin.

14. Əgər kişi ilə qadın bir-biriləri ilə çəkişərək öz haqlı olmalarını əsaslı dəlillərlə sübuta yetirə bilmirlərsə, onda onlar ikinci dərəcəli sübutlara istinad edərək qərar çıxartmalıdırlar. Məsələn, əgər kişi qadınla ev əşyaları ilə əlaqədar bir-birilərinə iddialı olduqları halda öz haqlarını sübuta yetirə bilmədikdə, adətən qadına məxsus olan əşya, qadında qalmalı, adətən kişiyə məxsus olan əşya isə kişiyə qalmalıdır. Başqa bir nümunə gətirək. Əgər nəccar və dəmirçi əmək alətinin onlara məxsus olduğunu iddia edirlərsə və bunu sübuta yetirərək, haqlı olduqlarını təsdiq edə bilmirlərsə, onda əmək alətinin zahiri görünüşünə uyğun olaraq qərar çıxarılmalıdır. Yusufa (ə) da həmçinin ikinci dərəcəli sübutlar əsasında bəraət qazandırdılar, çünki onun (ə) doğruçuluğunu və vəzirin arvadının yalançılığını, onun köynəyinin kürəyi tərəfdən cırılması ilə əsaslandırmaq olardı. Bu nəticənin ədalətli olmasını, qardaşının əşyaları arasında piyalənin tapılması zamanı Yusufun (ə) qəbul etdiyi qərarı da təsdiq edir. O (ə) onu oğurluğa görə cəzalandırmışdı, halbuki onun nə şahidi var idi, nə də bunu boynuna alan. Deməli, əgər oğurlanmış əşya hər hansı bir insanda aşkar edilərsə, onu oğurluqda ittiham etmək olar, xüsusilə, əgər o, oğru kimi tanınırsa. Həqiqətən də, belə sübutlar, hər hansı başqa bir adamın şahidliyindən daha inandırıcı olur. Bu, həm də bir adamın şərab qusması və ya ərsiz qadının hamilə olması hallarına da aiddir. Belə hallarda insan şəriətin müəyyənləşdirdiyi cəza ilə (əgər buna yol verməyən səbəblər aşkar edilməzsə), cəzalandırılmalıdır. Məhz buna görə Allah vəzirin arvadının qohumunun qərarını şahidlik adlandırır və buyurur: “Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır” (Yusuf, 12/26-27).
15. Yusuf peyğəmbər (ə) həm zahiri və həm də mənəvi gözəlliyə malik idi. Onun (ə) görkəminin gözəlliyi evində yaşadığı qadını günaha vadar etmiş və qadınlar onu (vəzirin arvadını) gənc köləyə vurulduğuna görə məzəmmət etdikdən sonra onun evində yığışdıqları zaman bıçaqla əllərini kəsərək, ucadan demişdilər: “Allah saxlasın! Bu ki, insan deyil, lap nəcib bir mələkdir!” (Yusuf, 12/31). Onun (ə) mənəvi gözəlliyi isə onun ismətli olmasında və çoxsaylı amillərin və şərtlərin onu məcbur etdiyi şəraitdə belə Allaha itaətsizlik etməkdən çəkinməsində özünü göstərirdi. Hətta vəzirin arvadı da: “...Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi” (Yusuf, 12/32) deməklə, bunu təsdiq etdi. Sonradan qadın belə demişdi: “...“İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır” (Yusuf, 12/51). Zadəgan qadınlar isə belə demişdilər: “... Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik...” (Yusuf, 12/51).

16. Yusuf günah işlətməkdənsə, zindana düşməyi üstün tutdu və Allahın digər qulları da özlərini belə aparmalıdırlar. Əgər onlar günah işlətmək və ya bu dünyada cəzalandırılmaq arasında seçim etmək qarşısında olsalar, onda onlar cəzalandırılmağa üstünlük verməlidirlər, çünki günaha batmaq həm bu dünyada və həm də ölümdən sonra insanı məşəqqətli iztirablara məhkum edir. Məhz buna görə əsil iman sahibində Allah onu kafirlikdən xilas edəndən sonra, yenidən küfrə qayıtmaq, insan Cəhənnəm Oduna atılarkən yaranan nifrət kimi bir mənfur hiss oyanır.

17. İnsan, onu Allaha itaətsizlik etməyə yönəldən şəritə düşdükdə, yardım üçün Allaha dua etməli və öz gücünə güvənməməlidir. Bax elə buna görə, Yusuf (ə) demişdi: “...Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram” (Yusuf, 12/33).

18. Həqiqi biliklər və ağıl insanı xeyirə yönəldir və onu şərdən saxlayır, halbuki Allaha itaətsizlik insana əhəmiyyətli dərəcədə ziyan vursa da, cahillik onu öz alçaq ehtiraslarına təslim olmağa doğru sürükləyir.

19. Allahın qulu Allaha təkcə sevinc içində olduğu anlarda deyil, müsibət içində olduğu zaman da ibadət etməlidir. Bədbəxtlik Yusufa (ə) düçar olduqda, o (ə), Allaha dua etməkdən əl çəkmədi. Onu zindana atdıqda isə, o (ə) iki gənci tövhidə dəvət etməyə və onları bütpərəstlikdən çəkindirməyə başladı. Fərasətli adam olduğu üçün o (ə) tezliklə başa düşdü ki, bu iki gənc onun (ə) çağırışına cavab verməyə meyillidirlər. Onlar onu (ə) mömin və xeyirxah insan adlandırırlar və ondan (ə) xahiş edirlər ki, gördükləri yuxularını onlar üçün yozsun və böyük həvəslə yuxularının şərhini eşitmək istəyirdilər. Yusuf (ə) əlinə düşən imkandan istifadə edərək onları Fövqəluca Allaha ibadət etməyə çağırır. O (ə) bunu onların yuxusunu yozana qədər etmişdi ki, dəvəti daha çox fayda versin. Əvvəlcə o (ə), iki gəncə izah etmişdi ki, onun (ə) nail olduğu biliklər (onlar buna artıq əmin idilər) və kamillik, haqq dinin sayəsində Tək Allaha ibadət və Allaha, Qiyamət gününə iman gətirməyənlərin dinindən əl çəkdiyinə görə mümkün olmuşdu. Bu, mövcud şəraitə uyğun olaraq edilən çağırış idi və bundan sonra pak peyğəmbər (ə) aydın və başa düşülən sözlərlə müşrikliyin zərərli olduğunu və tək Allaha ibadətin ədalətli olduğunu izah edir və bunu açıq-aşkar dəlillərlə əsaslandırırdı.

20. Dini həqiqətləri izah edərkən həmişə ən sadə məsələlərdən başlamaq və tədricən daha mürəkkəblərinə keçmək lazımdır. Buna görə, əgər bir adam moizəçiyə sual verərək, daha bir başqa məsələnin açıqlanmasına kəskin ehtiyac duyursa, onda dəvətçi dinləyicisinə onun ehtiyacı olduğu məsələni aydınlaşdırdıqdan sonra, qoyulmuş sualı izah etməyə başlamalıdır. Belə rəftar dəvətçinin səmimiliyini və müəllimin fərasətliliyini və habelə onun ətrafındakılara düzgün nəsihət vermək və öyrətmək bacarığını təsdiq edir. Məhz buna görə də, iki gənc Yusufdan (ə) onların yuxusunu yozmağı xahiş etdikdə, o (ə) əvvəlcə onları şərik qoşmadan Tək olan Allaha ibadətə dəvət edir və ancaq bundan sonra onların xahişini yerinə yetirir.
21. Ağır və ya çıxılmaz vəziyyətdə olan insanın özünə kömək göstərilməsi məqsədi ilə bir başqasına müraciət etməsində, əgər sonuncunun onu bəladan xilas etməyə gücü çatırsa və ya onun düşdüyü çətinliklə əlaqədar kömək etməyə imkanı olan digər bir kimsəyə bu barədə söyləməsində heç bir qəbahət yoxdur. Belə davranış öz qismətindən məxluqlara üz tutub narazılıq etmək və ya şikayətlənmək kimi hesab olunmur. Bu cür hərəkət etmək qəbul olunmuşdur və buna görə insanlar tez-tez bir-birilərinə yardım göstərilməsi üçün müraciət edirlər. Məhz buna görə Yusuf (ə) zindandan azad ediləcəyini bəyan etdiyi gəncdən xahiş edir ki, onu (ə) öz ağasının yadına salsın.
22. Müəllim həqiqəti Allah xatirinə izah etməlidir və öz moizələrini var-dövlət üçün, yüksək vəzifə almaq üçün və digər faydalar əldə etmək üçün vasitəyə çevirməməlidir. Əgər o, səmimiyyətlə xeyirxahlıq etmək istəyirsə, onlar isə onun etdiyi xahişi yerinə yetirməyiblərsə, onda o, şagirdlərinə köməyini əsirgəməməlidir. Yusuf (ə) gəncdən israrla xahiş etmişdi ki, onun (ə) taleyi haqqında ağasına danışsın, lakin gənc bunu unutmuş və onun (ə) xahişini yerinə yetirməmişdi. Lakin insanlar Yusufun (ə) bildiklərindən istifadə etmək qərarına gəldikdə və gənci onun (ə) yanına göndərərək hökmdarın yuxusunu yozmasını istədikdə, o (ə), gənci məzəmmət etmədi və tapşırığını yerinə yetirmədiyinə görə danlamadı. Əksinə, o (ə) onun suallarına ən mükəmməl cavab verdi.
23. İnsana bir sual veriləndə, o, soruşana faydalı ola bilən və verilən sualla əlaqədar olan nə varsa ona deməlidir. Həmçinin həm bu dünyada və həm də öləndən sonra soruşanın faydalana biləcəyi yolu da ona izah etməlidir. İnsanlara göstərilən belə münasibət müəllimin kamil səmimiyyətinə və bəsarətinə və habelə onun düzgün nəsihət vermək bacarığına dəlalət edir. Elə buna görə, Yusuf (ə) nəinki hökmdarın yuxusunu yozdu, həm də bir neçə il ərzində bol məhsul yığacaqları zaman insanların necə davranmalı olacaqlarını da izah etdi.
24. Özündən ittihamın götürülməsinə can atan və bəraət tələb edən insan qınanmağa layiq deyildir. Əksinə, belə addım atılması tərifə layiqdir və buna görə Yusuf (ə) insanlar onun (ə) günahsızlığına əmin olanadək və qadınların əllərini kəsmələri haqqında həqiqəti bilənədək zindandan çıxmağı rədd etdi.
25. Dini qanunlar və hökmlər haqqında biliklər, yuxuların yozulması bacarığı və işləri idarə etmək səriştəsi ən gözəl keyfiyyətlərdir ki, onlara sahib olmaq gözəl zahiri görünüşə malik olmaqdan olduqca yaxşıdır, çünki Yusuf (ə) öz gözəl siması sayəsində ağır vəziyyətə düşərək zindana atılmışdı, amma öz biliyi ilə qüdrət, əzəmət və yer üzündə hakimiyyət əldə etmişdi. Həqiqətən də, dünya və Axirət həyatında istənilən nemətlər faydalı biliklərin nəticəsi və səbəbləridir.
26. Yuxuların yozulması haqqında elm (Həqiqətən də yuxuyozumu elmi, daha dəqiq desək, islam yuxuyozumu bir sıra görkəmli İslam alimləri tərəfindən fundamental elmlər cərgəsinə daxil edilmişdir. Lakin bu elm sahəsinin geniş intişar tapmamasının bir sıra obyektiv səbəbləri mövcuddur. Onlardan diqqətə layiq olanlardan birini yuxuyozumunun qeyb aləmi ilə bağlı olduğuna işarə vurulması və buna görə də onunla məşğul olmağın Qurana və şəriətə, guya zidd olması kimi yanlış və əsassız fikirlərdir. Elə möhtərəm müəllifimiz, mərhum alim Əbdürrəhman əs-Sədinin yuxuyozumunu dini və şəriət elmi adlandırması özü həmin əsassız fikirlərin nə qədər yanlış olmasına açıq sübutdur.
Fövqəluca Allah “Yunus” surəsində (10/64) belə buyurmuşdur:
“Onlara dünyada da, Axirətdə də müjdə vardır...”. Səhabələri Allahın Elçisindən (s.ə.s.) bu ayə haqqında soruşduqda, belə demişdir: “O (yəni “müjdə”) müsəlmanın özünün gördüyü və yaxud başqasının ona aid gördüyü səhih yuxudur” (Tirmizi, İbn Macə).
Allahın Elçisinin (s.ə.s.) nümunə gətirəcəyimiz hədisləri də yuxuyozumunun ciddi tədqiqat obyekti olmasını əsaslandırır:
-“Peyğəmbərlikdən sonraya təkcə mübəşşirat (müjdə verənlər) qalacaqdır”. Səhabələri: “Mübəşşirat nədir?” – deyə soruşan kimi, Peyğəmbər (s.ə.s.): “Səhih yuxulardır” – demişdir. (Buxari, 6990);
-“Vaxt yaxınlaşdıqca möminin yuxusu, demək olar ki, yalan çıxmayacaq” (Buxari və Müslim);
-“Ey insanlar, bunu da bilin ki, peyğəmbər müjdələrindən sonra müsəlman olan bir şəxsə gerçək yuxulardan başqa heç nə qalmır”;
-"Mömin insanın yuxusu nübüvvətin qırxaltıda bir hissəsidir" və s.
Quran ayəsi və İslam Peyğəmbərinin (s.ə.s.) sitat gətirdiyim bu və digər çoxsaylı hədisləri yuxuyozumunun həqiqətən mühüm bir şəriət elmi olmasına dəlalət etməkdədir. F.S.) dini fənnlərdən biridir və insan bu elmi öyrənməsinə və ya tədris etməsinə görə mükafat alır. Bundan başqa, yuxuların yozulması İslam alimlərinin fitva verə biləcəyi məsələlərə aiddir. Məhz buna görə, Yusuf (ə) zindanda iki gəncə demişdi: “...Haqqında soruşduğunuz işə qabaqcadan fərman verilmişdir” (Yusuf, 12/41). Misir hökmdarı demişdi: “...Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin” (Yusuf, 12/43). Zindandan azad edilmiş gənc isə Yusufa dedi: "...Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər” (Yusuf, 12/46). Bu ayələrdə “fitva” ərəb sözünün törəndiyi feillərdən istifadə edilmişdir. Bu isə o deməkdir ki, müvafiq biliklərə malik olmadan yuxu yozmaq olmaz!

27. İnsanın, zəruiyyət yarandıqda, özünün geniş bilikləri, saleh əməllər sahibi və digər gözəl keyfiyyətlərə malik olması haqqında danışmasında, əgər o, bunu özünün təriflənməsi və başqalarını aldatması üçün etmirsə, qorxulu bir şey yoxdur. Buna görə Yusuf (ə) demişdi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm” (Yusuf, 12/55).

28. Rəhbər vəzifə tutaraq Allah qarşısında və Onun qulları qarşısında öz öhdəliklərini əlindən gəldiyi qədər yerinə yetirməyə çalışan insanı qınamaq olmaz. İnsanın onu rəhbər vəzifəyə təyin etmək haqqında xahiş etməsində, əgər o, bu vəzifəyə başqalarından daha çox layiqdirsə, heç bir qəbahət yoxdur. Lakin rəhbər vəzifə tutmağa layiq olmayan və yaxud elə şəxslər varsa ki, qabiliyyət və bacarığına görə ondan əskik deyillər və ya ondan hətta üstündürlərsə, ya da o, yuksək məqamı tutmağa Allahın qanunlarını həyata keçirmək üçün can atmırsa, onda ona rəhbər vəzifə tutmaq üçün xahiş etməsi qadağandır.

29. Allah Öz qullarına həm bu dünyada və həm də ölümündən sonra nemətlər bəxş edən Səxavətli və Alicənab Rəbdir. Öldükdən sonra Onun lütfkarlığını əldə etmək iki amil sayəsində mümkündür: iman və təqva. Axirət həyatında nemətlər dünya ləzzətlərindən dəfələrlə üstündür və buna görə də Allahın qulu bütün varlığı ilə ölümdən sonra Onun mükafatlandırmasına can atmalı və bu dünyadakı var-dövlət və maddi həzverici nemətləri gördükdə və onlardan zövq almağa imkan tapmadıqda kədərlənməməlidir. Əksinə, o, Axirətdə mükafatlandırılacağı və Rəbbinin böyük lütfkarlıq göstərəcəyi ilə özünə təsəlli verməlidir. Məhz buna görə Allah buyurur: “Həqiqətən, iman gətirmiş müttəqilər üçün Axirət mükafatı daha xeyirlidir” (Yusuf, 12/57).
30. Əhalidən ərzaq vergisi yığılması xalqın xeyrinə toplanırsa və insanlara zərər vurmursa, qadağan edilmir. Buna görə Yusuf (ə) gələcəkdə uzunmüddətli quraqlığa hazırlaşmaq üçün məhsuldar illər ərzində Misir sakinlərindən taxıl və digər ərzaq məhsullarının yığımasına əmr verir. Belə bir əməl Allaha təvəkkül etməyə heç də zidd deyildir, çünki Allahın qulu Allaha təvəkkül etməli və həm də ona xeyir gətirən, həm bu dünyada və həm də Axirətdə firavanlığın rəhni olan əməlləri yerinə yetirməlidir.

31. Yusuf (ə) nəzarətində olan torpaqlardakı anbarlara elə məharətlə sərəncam çəkirdi ki, çox nəhəng ölçülərdə taxıl tədarük etməyi bacardı. Hətta digər ölkələrin əhalisi də Misirə gəlib onlara taxıl verilməsinin xahişini edirdilər, çünki onlara orada nəhəng miqyasda taxıl ehtiyatı tədarük edilməsi məlim idi. Yusufun (ə) bacarığına dəlalət edən bir fakt da, onun (ə) hər bir adama, ona lazım olan qədər və ya bir qədər az taxıl ölçüb verməsi idi, çünki hər bir xahiş edən özü ilə ancaq bir dəvə yükü taxıl apara bilərdi.

32. Şəriət adamları qonaq çağırmağa və qonaqlara ehtiram göstərməyə icazə verir. Bundan başqa, bu, Allahın bütün elçilərinin (onlara Allahın salamı olsun!) adətidir və buna görə Yusuf (ə) öz qardaşlarına deyir: “...Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!” (Yusuf, 12/59).

33. Şəriət, əsas və zəmin olduqda, insanların mənfi xislətləri haqqında fikirləşməyi qadağan etmir. Belə etmək nə qadağandır, nə də qınanlr, çünki Yaqub peyğəmbər (ə) əvvəlcə oğullarına Yusufla birlikdə gəzməyə çıxmağa icazə verməmişdi. Sonra isə onlar Yusufu (ə) özləri ilə gəzintiyə aparmaq üçün ona (ə) yalvardılar və o (ə) da icazə verdi. Onlar qayıdıb canavarın Yusufu (ə) parçaladığını söylədikdə, o (ə) dedi: “...Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə möhkəm səbir gərəkdir...” (Yusuf, 12/18). Oğulları ondan (ə) Benyamini onlarla səfərə getməyə buraxmasını xahiş etdikdə, o (ə) demişdi: “Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən Rəhmlisidir!” (Yusuf, 12/64). Yusufun (ə) kiçik qardaşını tutub saxladığını isə oğullar öz atalarına (ə) söylədikdə, o (ə) dedi: "...“Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə möhkəm səbir gərəkdir...” (Yusuf, 12/83). Hərçənd sonuncu halda oğullar baş vermiş hadisədə günahkar olmasalar da, onların əvvəlki əməlləri atalarını belə deməyə vadar etmişdi. O (ə), bunu deməklə nə günah işlətmiş, nə də qınanılan bir hərəkətə yol verməmişdi.

34. Şəriət insana göz dəyməsinə və ya digər bəlalara maneə yaradan əməllərə müraciət etməyi və həm də göz dəyəndən sonra onun nəticələrini aradan qaldırmağı qadağan etmir. Əksinə, belə etməyə icazə verilir. Dünyada baş verən hər şey Allahın qədərinə tam müvafiq olaraq gerçəkləşir, əmin-amanlığa və firavanlığa səbəb olan əməllər də qədərə müvafiq olur. Bax buna görə Yaqub (ə) öz oğullarına deyir: “...Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin...” (Yusuf, 12/67).

35. Əgər bir insan onu ədalətsizcəsinə məhrum etdikləri haqqını özünə qaytarmağa cəhd göstərirsə, onda ona fənd işlətməyə icazə verilir. Xeyirxah məqsədə nail olmaq üçün gizli vasitələri bilmək ( Bilmək və həm də ondan istifadə etmək. Çünki bilik, ondan istifadə etmək mümkün olduqda faydalı olur. F.S.) tərifəlayiq keyfiyyətdir. Lakin hər hansı bir insanın haqqını tapdamaq və ya haram işlər görmək məqsədi ilə hiyləgərlik etməyi şəriət qadağan edir. (Böyük İslam alimi və mütəfəkkiri Əbdürrəhman bin Nasir əs-Səədinin bu konseptual müddəası nəzərə alınmaqla, təsdiq etmək olar ki, Azərbaycan dövlətinin özünümüdafiə mənafelərinə uyğun olaraq 1999-cu ildə qəbul olunmuş “Əməmliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu” və dövlətimizin xüsusi xidmətlərinin kəşfiyyat və əkskəşfiyyat fəaliyyətləri haqqında digər uyğun qanunvericilik təşəbbüsləri İslam şəriətinə tamamilə uyğundur və belə fəaliyyət İslam dininin bəyəndiyi dövlət funksiyalarındandır, çünki məmləkətin fərdinə verilən haqq, onun müdafiəçisi olan dövlətin də səlahiyyətinə xas olmalıdır. F.S.)

36. Əgər bir adam bir başqasına baş verən hadisə haqqında xəbər vermək istəmirsə, onda belə halda fənd işlətməyə icazə verilir. Bu, insanın yalan danışmaqdan çəkinməsi üçün istifadə edə biləcəyi sözlər və ya əməllər ola bilər. Yusuf da məhz belə hərəkət edərək, piyaləni qardaşının kisəsinə atmış, sonra isə onu oradan çıxartmışdı. O (ə), digər qardaşlarını duyuq salmamaq üçün elə etmişdi ki, guya kiçik qardaşı piyaləni oğurlamışdır. Sonra isə o (ə) demişdi: “...Əşyamızı (yükündə) tapdığımız adamın əvəzinə bir başqasını tutub saxlamaqdan Allah bizi uzaq etsin!...” (Yusuf, 12/79). O (ə) demədi ki, qardaşı bu əşyanı oğurlayıb və demədi ki, onlar onu axtarıblar. O (ə), hər hansı bir şəxsə aid edilə biləcək ümumi ifadələrdən istifadə etdi və belə hərəkəti qətiyyən qınanılan hərəkət adlandırmaq olmaz. O (ə), qoyduğu məqsədə nail olmaq və kiçik qardaşını yanında saxlamaq üçün özünü elə göstərdi ki, sanki o, piyaləni oğurlamışdır. Hər şey aydın olduqdan sonra qardaşından bütün ittihamlar götürülmüşdü.

37. Hər hansı bir insan ona ancaq dəqiq məlum olan, öz gözləri ilə gördüyü və etibarlı şəxsdən öyrəndiyi və doğruluğuna şübhə etmədiyi bir şeyə şəhadət vermək haqqına malikdir. Məhz buna görə, Yaqubun oğulları dedilər: “...Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilən deyilik” (Yusuf, 12/81).

38. Allah Öz peyğəmbəri və sevimlisi Yaqubu (ə) böyük bir sınağa çəkərək, onun (ə) oğullarına imkan verdi ki, bir saat ərzində belə gözündən kənar edə bilmədiyi Yusufu (ə) ondan (ə) ayırsınlar. Bu, Yaqubu bərk kədərləndirdisə də, Fövqəluca Allah bu ayrılığın uzun illər davam etməsinə yol verdi. Otuz ildən az olmayan bir dövr ərzində kədər Yaqubun (ə) qəlbini, O (ə) görmə qabiliyyətini itirənədək, tərk etmədi. Sonra onu (ə) ikinci oğlundan, Yusufun (ə) doğma qardaşından ayırdılar ki, bu, onun (ə) kədərini daha da artırdı. Lakin bu iztirablı şəraitə baxmayaraq, o (ə) Allahın qədərinin ağırlıqlarına səbirlə dözür və Onun onu (ə) mükafatlandıracağına ümid bəsləyirdi. O (ə), layiqincə səbir edəcəyinə söz vermişdi və heç şübhə yoxdur ki, o (ə) vədinə xilaf çıxmamışdır. Buna görə onun (ə) sözləri qətiyyən bir-birinə zidd gəlmir: “...Mən şikayət və kədərimlə təkcə Allaha müraciət edirəm...” (Yusuf, 12/86). Həqiqətən də, əgər insan Allaha şikayət edirsə, bu o demək deyil ki, o layiqincə səbirli deyildir. Lakin səbirlilik Allahın məxluqlarına yönəldilmiş şikayətlə bir araya sığmaz.

39. Qəmdən sonra həmişə sevinc gələr və əzab-əziyyətin ardıyca isə həmişə rahatlıq başlayar. Yaqub (ə) uzun zaman kədərli qalmışdı və onun (ə) qəm-qüssəsi təsvirolunmaz qədər böyük idi. Sonradan şərait ağırlaşdıqda, onun (ə) ailəsi kasıblaşdı. Lakin Fövqəluca Allah onları əzab-əziyyətdən və qəm-qüssədən xilas etdi və onların bir-biri ilə görüşmələrinə imkan verdi. Bu, onların Allahdan gələn rahatlığa ən çox ehtiyacları olduğu bir vaxtda baş verdi və bunu sayəsində onlar ən böyük mükafata layiq görüldülər və xoşbəxtlik əldə etdilər. Buradan aydın olur ki, Allah Öz qullarını müsibətlər və xoşbəxtliklərlə, çətinliklər və əmin-amanlıq vəziyyəti ilə sınaqdan keçirir ki, bunların sayəsində qullarının səbirli və minnətdar olması üzə çıxsın, onların imanı, etiqadı və bilikləri daha da möhkəmlənsin və kamilləşsin.

40. İnsanlara özlərinin xəstəlikləri və zəruri ehtiyacları haqqında, qədərlərindən şikayətlənmədən, danışmağa icazə verilir. Çünki Yusuf (ə), qardaşları ona (ə): “Ey hökmdar! Biz və ailəmiz fəlakətə uğramışıq” (Yusuf, 12/88) – dediklərinə görə, onları qınamadı.

41. Təqvalılıq – gözəl gözəl keyfiyyətdir. Məhz təqvalılığın və səbirliliyin sayəsində insan həm bu dünyada və həm də ölümdən sonra nemətlər qazanır. Əgər insan bu iki keyfiyyətə malikdirsə, onda onun gözəl sonu təmin edilmişdir, çünki Yusuf peyğəmbər (ə) demişdir: “...Allah bizə mərhəmət göstərmişdir. Həqiqətən, Allah təqvalı və səbirli olub yaxşılıq edənlərin savabını itirmir” (Yusuf, 12/90).

42. Əgər Fövqəluca Allah insanı ehtiyacdan, çətinliklərdən və fəlakətli vəziyyətdən xilas edirsə, onda insan Allahın mərhəmətini etiraf etməli, əvvəllər düşdüyü vəziyyətini heç vaxt unutmamalı və hər dəfə bunu xatırladıqda Allaha həmd etməlidir. Məhz buna görə, Yusuf (ə) demişdir: “...O, mənə lütfkarlığını göstərdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra, sizi səhradan yanıma gətirtdi...” (Yusuf, 12/100).

43. Allah Yusufu (ə) ağır sınağa çəkməklə və mərhumiyyətlərə uğratmaqla ona böyük lütfkarlıq göstərmişdir ki, o (ə) ən böyük yüksəkliklərə nail olsun və ən yüksək pillələrə qalxa bilsin.

44. İnsan həmişə Allaha dua etməlidir ki, onun imanını möhkəmlətsin və buna doğru aparan əməllər etməyə onu yönəltsin. Bununla yanaşı o, Allaha dua etməlidir ki, onun ömrünün sununu xeyirli axırla bitirsin və onu ta ölənə qədər mərhəmətindən məhrum etməsin. Məhz buna görə, Yusuf peyğəmbər (ə) demişdir: “Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, Axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman olduğum halda al və məni əməlisalehlərə qovuşdur” (Yusuf, 12/101).
Allah imkan verdi ki, biz Quranın bu ecazkar ayəsindən belə nəticələr çıxardaq və əgər oxucu onun üzərində düşünərsə, onda o, bu ayədə mütləq digər müdrik nəsihətlər də tapa bilər. Biz isə Fövqəlucadan rica edirik ki, bizə fayda verən bilik və Özünün bəyəndiyi əta etsin, axı O Səxavətlidir, Alicənabdır!


Tarix: 20.04.2013 / 13:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1178 Bölmə: Sureler