beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ər-Rəd surəsinin şərhi 1-18

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(13.1) “Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən Həqiqətdir, lakin insanların çoxu buna inanmır”.

Fövqəluca bu ayədə bəyan edir ki, Müqəddəs Quran dinin bütün əsas və fərdi məsələlərini özündə əks etdirən ayələrdən ibarətdir və Allahın qulları onları bilməyə möhtacdırlar. O, həmçinin bildirir ki, Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil edilən vəhy açıq-aşkar bir Həqiqətdir. Onun hekayətləri doğru, hökm və qadağanları isə ədalətlidir və inandırıcı dəlillər, təkzibolunmaz sübutlarla təsdiq edilir. Əgər insan Quranı öyrənir və Quran elmlərini mənimsəyirsə, onda o, onu savadını artırmağı davam etdirməyə və dinin vacib hökmlərini yerinə yetirməyə məcbur edən həqiqi biliklər əldə edir. Lakin insanların əksəriyyəti bu Qurana iman gətirməkdən boyun qaçırırlar. Onların bir qismi cahil adam olduqlarına görə belə davranırlar. Onlar Səmavi Vəhydən üz döndərir və ona əhəmiyyət vermirlər. Digərləri isə inad göstərərək, zalımlıq edib iman gətirmirlər. Bir sözlə, insanların əksəriyyəti Quranın öyüd-nəsihətlərindən faydalanmır, çünki onlar Allahın qullarını bu nəsihətlərə qulaq asmağa həvəsləndirən amildən məhrumdurlar.

(13.2) “Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız”.

Allah tək olan Xaliq və hakimiyyətə, əzəmətə malik Hökmdardır. Bu isə o deməkdir ki, O, ibadətə və ilahlaşdırılmağa layiq olan tək Allahdır. Göylər ucsuz-bucaqsızdır və olduqca nəhəng ölçülərə malikdir, lakin Fövqəluca Allah Öz qüdrəti sayəsində heç bir dayaqdan istifadə etmədən onları ucaltmışdır. Əgər göylər dayaqlara söykədilsəydi, insanlar onları hökmən görərdilər.
Fövqəluca Allah göyləri və yeri yaratdıqdan sonra, Kainatın damı olan əzəmətli Kürsüsünə ucaldı. O, Onun əzəmətinə və kamilliyinə yaraşan bir tərzdə ucalmışdır. O əmr etmişdir ki, günəş və ay Onun qullarının xeyrinə xidmət göstərsinlər və ev heyvanları ilə meyvələr üçün faydalı olsunlar. Günəş və ay Fövqəlqüdrətli və Hərşeyibilən Allaha itaət edərək, öz orbitləri üzrə, onlar üçün Onun müəyyən etdiyi müddət çatanadək hərəkət edəcəkdir. O müddət gəldikdə, Allah yeri bükəcək və məxluqlarını Axirət ( Axirət - axır, son həyat mənasını verir. Bu, əbədi Cənnət və ya Cəhənnəmdir. Belə olduqda, deməli, bu dünya müvəqqəti bir aləm və sınaq meydanırır. F.S.) həyatına, əbədi qalınacaq məskənə keçirəcək. O, göyləri qatlayıb bükəcək, onların simasını dəyişəcək, habelə yerin zahiri görünüşünü də dəyişəcəkdir. Günəş və ay da bükülüb bir yerə yığılacaq və Cəhənnəmə atılacaq ki, onlara ibadət edən hər kəs öz gözü ilə görüb əmin olsun ki, ibadət etdikləri qətiyyən buna layiq deyilmiş. Onda müşrikləri böyük bir kədər bürüyəcək və onlar başa düşəcəklər ki, yalançı imişlər.
Allah bildirir ki, O, bütün işləri idarə edir və ayələrini açıqlayır. Bu xəbər, Onun yaratması və hökmranlıq etməsi haqqında verdiyi xəbərlə eyni güvvəyə malikdir. Əzəmətli Allah Ərşə qalxaraq, oradan yüksək və aşağı aləmləri idarə edir. O, məxluqlar yaradır və onları ruzu ilə təmin edir, kimisini zəngin və varlı edir, kimisini də kasıb və ehtiyac içində qoyur. O, bəzi xalqları möhtəşəm və hökmran edir, digərlərini isə zəif və asılı vəziyyətə salır. O, bir sıra qullarına qüdrət bəxş edir, digərlərini isə alçaldılmaya məhkum edir. O, bəzilərini şan-şöhrətlə şərəfləndirir, digərlərini isə şərəfsizliyə uğradır. O, səhvləri bağışlayır, qəm-qüssədən xilas edir və qədərin dəqiq müəyyən edilmiş vaxtda gerçəkləşməsinə imkan verir. Buna görə Kainatda ancaq Allaha əvvəlcədən məlum olan və maddi aləmin yaradılmasına qədər qələmin yazdığı şeylər baş verir.
Allah nəcib və xeyirxah mələkləri onlara vəzifə olaraq həvalə edilmiş hökmləri yerinə yetirmək üçün göndərir. O, Öz elçilərinə Müqəddəs Kitablar nazil edir və Allahın qullarının möhtac olduqları qanunlarını, hökmlərini və qadağalarını ən mükəmməl və anlaşıqlı tərzdə izah edir. O, bunları ona görə belə edir ki, insanlar Quran ayələri və təbii əlamətlər sayəsində öz Rəbbi olan Allahla görüşəcəklərinə şübhə etməkdən əl çəksinlər. Həqiqətən, çoxsaylı aydın və aşkar əlamətlər elə bir səbəbdir ki, onun sayəsində insan möhkəm etiqada yiyələnir. Bu, bütün dini məsələlərə, xüsusilə də, qəbirdən dirilib qalxmağa iman gətirməyə və digər əsas İslam nəzər nöqtələrinə aiddir.
Digər tərəfdən, heç də Fövqəluca Allahın Müdrik Xaliq olmasını, Onun məxluqları nahaqdan yaratmadığını və onları nəzarətsiz buraxmayacağını anlamaq çətin deyil. O, ona görə elçilər göndərmiş və Kitablar nazil etmişdir ki, qulları Onun Onun hökmlərindən və qadaöalarındən xəbər tutsunlar. Bu isə onu bildirir ki, O, Öz məxluqlarını mütləq elə bir aləmə göçürəcəkdir ki, orada onların hər biri müvafiq əvəz ala bilsın. Məhz onda xeyirxah saleh insanlar öz yaxşı əməllərinə görə mükafat alacaq, günahkarlar isə öz bəd əməllərinə görə cəzalandırılacaqlar.

(13.3) “Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır”.

Allah Yer üzünü ucsuz-bucaqsış düzənliklər kimi yaradaraq, onlara saysız-hesabsız nemətlər əta etdi və yerin təkində insanlara olduqca böyük fayda verən çoxlu maddələrin əsasını qoydu. O, yerdə qüdrətli dağlar ucaltdı ki, planet üstündəki məxluqlarla birlikdə yırğalanmasın. Əgər möhkəm dağlar olmasaydı, onda yer qabığı coşqun su axınlarının təsiri altında lərzəyə gəlib titrəyərdi. Həqiqətən, quru Allahın yerə paz kimi vurduğu dağların sayəsində ancaq öz sabitliyini saxlaya bilir. Bununla yanaşı Allah yerdə çaylar yaratmışdır ki, onların sayəsində insanlar öz susuzluqlarını söndürür, ev heyvanlarını sulayır və əkinlərinə su verirlər. Su ağacların böyüməsi, taxıl və meyvələrin yetişməsi üçün zəruridir. Bütün bunlar insanlara olduqca böyük fayda verir ki, Allahın qulları buna çox möhtacdırlar.
Allah həmçinin, öz qaranlığı ilə üfüqi örtən gecəni yaratmışdır və canlı varlıqlara çətin günlük əməkdən sonra istirahət etmək üçün mənzillərinə qayıtmağa imkan verir. Onlar kifayət qədər yuxusunu aldıqdan sonra gündüz gecəni əvəz edir və onda Allahın məxluqları öz işlərinin ardınca gedir və gündəlik zəhmətlə məşğul olurlar. Fövqəluca buyurur: “O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən ruzi axtarasınız. Bəlkə, şükür edəsiniz” (Qəsəs, 28/73).
Bu, Allahın niyyətinin dəlili olan çoxsaylı ayələr, onları əhatə edən şeylər üzərində düşünən insanlar üçün təyin edilmişdir. Belə insanlar anlayırlar ki, bu Kainatın Yaradanı və Qurucusu Allah – Vahid Rəbdir və Ondan başqa ilah yoxdur. Onlar həmçinin anlayırlar ki, Fövqəlxeyirxah və Fövqəluca Allah aşkarı da, gizlini də bilir, Mərhəmətli və Rəhmli Hökmdardır, bütün varlıqlar üzərində hökm Sahibidir, ancaq müdrik işlər görür və O, yaratdığı və hökmünü verdiyi hər şeyə görə həmd olunmağa layiqdir.

(13.4) “Yer üzündə bir-birinə yaxın həmsərhəd torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır”.

Yaxın və bitişik olmalarına baxmayaraq bir-birindən fərqlənən həmsərhəd torpaq sahələrinin mövcudluğu Allahın mütləq qüdrətinə və ecazkar imkanlarını təsdiq edən daha bir dəlildir. Bu sahələrdə taxıl, üzüm yetişir, xurma ağacları boy atır və hər cür ağaclar ucalırlar. Xurma ağacları arasında eləsi var ki, öz kökündən artır. Bəzən isə xurmanın bir kökündən bir neçə gövdə ucalır. Onlar eyni torpaqda böyüyür, eyni su ilə suvarılır, amma onların meyvələri rənginə və dadına görə fərqlənirlər. Onlar müxtəlif faydalar verir və fərqli ləzzətə malik olurlar. Bəzi sahələr məhsuldar olur və onlarda çoxsaylı otlar, ağaclar, kolluqlar və taxıl yetişir. Halbuki qonşu sahələrdə, hətta ot bitkiləri belə bitməyə bilər. Bəzi torpaqlar nəmişliyi saxlamır, digər sahələr isə bu xüsusiyyətə malik olur. Bəzi torpaqlarda hətta ot da bitmir, digərlərində isə dənli bitkilər yetişir və meyvə ağacları ucalır. Bəzi sahələrdə meyvələr acı olur, digərlərində isə şirin olur. Yerlər arasında başqa fərqlər də mövcuddur. Bu özəllik torpağa məxsus bir xüsusiyyətdirmi? Yaxud bu, Qüdrətli və Mərhəmətli Allahın qədəri ilədir? Bunu aydınlaşdırmaq ağıl sahibi olan insanlar üçün mümkündür, çünki o (ağıl), onları fayda verən şeyə doğru yönəldir. Onun sayəsində insanlar Allahın hökmlərini, tələblərini və qadağalarını dərk edə bilirlər. Allahın ehkanlarından üz çevirən axmaq adamlar isə azğınlıq və nadanlıq zülməti içində kor-koranə veyillənirlər. Onlar öz Rəbbinə doğru yolu tapa bilmir və onlara deyilənləri başa düşmürlər.

(13.5) “Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarına zəncir vurulanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”

Bir şərhə görə, Muhəmməd Peyğəmbər (s.ə.s.) Fövqəluca Allahın əzəməti və tövhidi təsdiq edən çoxsaylı dəlillərdən heyran qalmışdı. İnsanların imansızlığı, bu baxımdan, daha da qəribə görünür. Onlar bu dəlillərə nəzər salmır, dirilməni inkar edir və deyirlər: “Doğrudanmı bədənlərimizin torpağa qarışdıqdan sonra, biz dirildiləcəyik?” Dirilmə onlara ağlasığmaz görünür. Onlar təsəvvür edə bilmirlər ki, meyitlər çürüyüb yerə qarışdıqdan sonra Allah onları necə dirildəcək. Onlar o dərəcədə nadandırlar ki, Xaliqin imkanlarını məxluqların imkanları ilə müqayisə edirlər. Məxluqların ölüləri diriltməyə qadir olmadığını görərək, onlar cəsarət göstərib zənnə qapılırlar ki, belə bir işi hətta Yaradan da edə bilməz. Lakin onlar unudurlar ki, Allah hələ bundan əvvəl insanları yoxluqdan yaratmışdı.
Başqa bir şərhə görə isə, Muhəmməd Peyğəmbər (s.ə.s.) dirilməyə iman gətirməkdən boyun qaçıran müşriklərin sözlərinə heyrət edərdi və doğrudan da onların sözləri təəccüb doğurur. Həqiqətən, əgər insan dirilmənin lehinə olan inandırıcı dəlilləri və şübhə yeri qoymayan açıq-aşkar möcüzələri (əlamətləri) görürsə, amma yenə həqiqəti inkar etməkdə inad göstərirsə, onda onun əməli olduqca təəccüblüdür. Lakin belə davranan insanların öz Rəbbinə iman gətirməyən və bütün təlimlərdən ən aydın və ən sadə təlim olam tövhidi qəbul etməyənlər olması heç də təəccüb doğurmur. Onların boyunlarına doğru yola gəlməyə mane olan zəncir vurulmuşdur. Buna görə, onları iman gətirməyə dəvət edəndə, onlar haqq dinə gəlmirlər, onlara doğru yolu göstərəndə isə, onlar bu yolla getməkdən boyun qaçırırlar. Onların ürəkləri və ağlı o dərəcədə təhrif olunub ki, onlar ilk dəfə iman gətirməyi rədd etdilər. Onlar mütləq Cəhənnəm Odunun sakinləri olacaqlar və heç vaxt oranı tərk etməyəcəklər.

(13.6) “Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir”.

Fövqəluca bu ayədə Onun Elçisini (s.ə.s.) inkar edən və Ona şərik qoşmağı üstün tutan kafirlərin nadanlığı haqqında xəbər verir. Onlara öyüd-nəsihət verilirdisə də, bundan özləri üçün faydalı nəticələr çıxartmırdılar. Onlara peyğəmbər təliminin doğruluğu sübut edilirdi, lakin onlar yenədə ona itaət etməkdən boyun qaçırırdılar. Bundan başqa, onlar öz kafirliklərini gur səslə bəyan edir və bunu Vahid və Fövqəlqüdrətli Allahın onlara səbirlə yanaşması ilə doğrultmağa başlamışdılar. Onlar belə düşünürdülər ki, əgər Allah onları günah etdiklərinə görə cəzalandırmağa tələsmirsə, deməli onlar haqqa etiqad edirlər və Allahın Elçisindən (s.ə.s.) onlara veriləcək cəzanın tezləşdirilməsi tələbini irəli sürməyə cəsarət etmişdilər. Onlar belə demişdilər: "Ey Allah! Əgər bu Səndən gələn Haqdırsa, onda göydən başımıza daş yağdır və ya bizi məşəqqətli əzaba düçar et!” (Ənfal, 8/32). Axı Fövqəluca Allah onlara qədər yaşamış çoxsaylı xalqları cəzalandırmışdı. Niyə onlar öz nadanlıqları ilə əylənməkdən əl çəkmir və onların taleləri haqqında düşünmürlər?
Həqiqətən də Allah Öz qullarını bağışlayır və onların Ona şərik qoşmalarına və Ona itaətsizlik göstərmələrinə baxmayaraq, onlara nemət bəxş etməkdə və səxavətlilik göstərməkdə davam edir. Onlar Allaha itaət etmir, O isə onları Öz qapılarına çağırmaqda davam edir. Onlar cinayət törədirlər, O isə onları Öz mərhəmətindən məhrum etmir. Əgər onlar tövbə etsələr, O, mütləq onları sevər, çünki tövbəkarlar və təmizlənənlər Ona lazımdır. Əgər onlar tövbə etməkdən imtina edərlərsə, onda O, onları qüsurlardan və nöqsanlardan təmizləmək üçün imtahana çəkər. Fövqəluca buyurur: “Özlərinə zərər vurmaqda ifrata varan qullarıma de: "Allahın mərhəmət göstərəcəyinə ümidinizi kəsməyin. Həqiqətən, Allah günahları tamamilə bağışlayır, çünki O – Bağışlayandır, Rəhmlidir”” (Zumər, 39/53). Lakin insan inadkarcasına günah işlətməkdə davam edirsə və qəti olaraq tövbə etməkdən, bağışlanma istəməkdən və Fövqəlqüdrətli və Hərşeyibağışlayan Rəbbə yardım üçün müraciət etməkdən boyun qaçırırsa, onda o, təkcə qatı cinayətkarların layiq görüləcəyi cəzadan özünü gözləməlidir. Bu cəza, həqiqətən, sərt və əzablıdır.

(13.7) “Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır”.

Kafirlər Muhəmməd Peyğəmbərdən (s.ə.s.) öz istədikləri bir möcüzə göstərməsini tələb edirdilər. Onlar öz kafirliklərinə, tələb etdikləri möcüzənin göstərilməməsi ilə bəraət qazandırmaq istəyirdilər. Lakin axı Muhəmməd Peyğəmbər (s.ə.s.) ancaq nəsihət verib, xəbərdar edən idi və Kainatda gedən proseslərin sərəncamçısı deyildi. Təkcə Allah insanlara hansı möcüzələri nazil etməyi qərara alır. O, Öz Elçisinin (s.ə.s.) doğruçuluğunu, ağıllı insanların görməyə bilmədiyi aydın dəlillərlə təsdiq etmişdir. Bu dəlillərin sayəsində haqq tapmağa can atan insanlar doğru yola gəlmişlər.
Öz cahillikləri və zalımlıqları üzündən Allahdan yeni-yeni möcüzələr tələb edən kafirlərə gəldikdə isə, onların tələbləri saxta, nöqsanlı və əsassız idi. Onlar, hansı möcüzənin nazil edilməsindən asılı olmayaraq, onsuz da iman gətirməkdən və haqqa boyun əyməkdən imtina edəcəkdilər, çünki onlar bu yolun düzgünlüyünə əmin ola bilmədiklərinə görə deyil, ancaq öz alçaq nəfslərinə və pozğun istəklərinə yol verdiklərinə görə haqq dinə gəlmirdilər. Onların müsəlman olmasına maneə törədən başqa bir şey yox idi, çünki hər bir xalqın öz nəsihət verəni var kı, o, xalqını doğru yola gəlməyə dəvət edir. Bunlar – öz doğruçuluğunu çoxsaylı sübut və dəlillərlə təsdiq etmiş elçilər və onların ardıcıllarıdır.

(13.8) “Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun dərgahında hər şeyin müəyyən ölçüsü vardır”.
(13.9) “O, qeybi və aşkarı Biləndir, Böyükdür, Fövqəlucadır”.

Ayələrdə Fövqəluca Özünün hər şeyi əhatə edən və hüdudsuz elmindən bəhs edir. O, Adəmin (ə) qızlarının və heyvanların dişilərinin bətnində nə daşıdıqlarını bilir. O, uşaqlığın nə dərəcədə daralmasını, dölün öldüyü və ya zəifləməyə başladığı vaxtı bilir. Ona həmçinin məlumdur ki, döl inkişafa başladıqda uşaqlıq nə qədər genişlənir. Bütün varlıqlar Allah nəzdində öz müddətinə və ölçüsünə malikdir. Bu müddəti nə yaxınlaşdırmaq, nə də ləngitmək olmaz, Ölçünü də nə artırmaq və nə də azaltmaq olmaz. Əgər belə bir şey baş verirsə, deməli o həmişə ilahi müdrikliyinə və ilahi biliklərinə uyğun olur. Həqiqətən, Allah aşkarı da, qeybi də bilir. O, Böyükdür, çünki Onun ilahi mahiyyəti, gözəl adları və kamil sifətləri əzəmətlidir. O Özünün mövqeyi, qüdrəti və hakimiyyəti ilə bütün məxluqlarından üstündür.

(13.10) “Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da Allah qarşısında eynidirlər”.

Təfsirlərdən birinə görə bu ayəni aşağıdakı kimi tərcümə etmək olar: “Nitqinizi gizləməyinizə və ya onları ucadan söyləməyinizə, gecələr gizlənməyinizə və ya gündüz gizlənməyinizə baxmayaraq – hamınız Allah qarşısında bərabərsiniz”. Ərəb sözü olan “sərab” – örtülmə, gizlətmə mənalarını verir. Bu, mənzillərdə də, mağaralarda da və s. yerlərdə də ola bilər.

(13.11) “Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir camaata pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur”.

Hər bir insana onu gecə-gündüz daima müşayiət edən iki mələk təhkim edilmişdir (Təbəri öz Təfsirində yazır ki, insanı müşayiət edən və quruyan mələklər haqqında başqa bir kərim ayədə deyilir: «Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (mələk) vardır! ” (Qaf, 50/17-18). Daha sonra o, yazır ki, bu barədə Allahın Elçisinin (s.ə.s.) də hədisi vardır: “Ggecə-gündüz sizinlə olan mələklər vardır. Onlar fəcr və əsr namazlarında (növbə dəyişmək üçün) görüşürlər. Gecə sizinlə olanlar yuxarı qalxır. Rəbbiniz daha yaxşı bildiyi halda, onlardan soruşur: “Qullarımı necə tərk etdiniz?” Onlar da: “Biz onları namaz qılarkən tərk etdik. Onların yanına enəndə də namaz qılırdılar”- deyərlər. (Buxarı, K. Mevakıt es-Salah, bab: 16, K. et-Tevhid, bab: 33/Müslim. K. cl-Mesacid bab: 210, Hadis: 632. F..S.). Onlar insanı onun ruhu və cisminə zərər vura biləcək hər şeydən qoruyurlar. Bununla yanaşı onlar insanın etdiyi bütün əməlləri yadda saxlayır və ondan heç vaxt ayrılmırlar. Şübhəsiz ki, Allah insanı heç vaxt Öz elminin əhatəsindən kənara qoymur. Buna baxmayaraq, O, mələkləri ( Təbəri Təfsirində göstərdiyi digər bir hədisdə deyilir: "Lüt dayanmaqdan çəkinin. Çünki sizdən heç ayrılmayan, təkcə tualetdə və kişi ailəsi ilə cinsi əlaqədə olduğu zaman ondan ayrılan mələklər vardır, onlardan utanın və onlarla nəzakətlə dolanın”. (Tirmizî, K. əl-Ədəb, bab: 42, hadis: 2800). F.S.) ona görə insana təhkim etmişdir ki, onun hərəkətləri və əməlləri məxluqlardan gizli qalmasın və unudulmağa məruz qoyulmasın.
İnsanlar küfrü haqq dindən, itaətsizliyi – mütilikdən, təkəbbürü isə şükr etməkdən üstün tutmadıqca, Allah onları Öz mərhəmətindən və maddi rifahdan heç vaxt məhrum etmir. Lakin onlar bunu etdikdə, Allah onları çox şeydən məhrum edir. Əksinə, əgər qullar itaətsizlikdən imtina edirlərsə və öz Rəbbinə tabe olmağa başlayırlarsa, onda Fövqəluca Allah onları bəlalardan xilas edir və əmin-amanlıqla, sevinclə və böyük neməti ilə təmin edir. Əgər Fövqəlqüdrətli Allah insanları cəzalandırmağı, onları bədbəxtliyə düçar etməyi və ya fəlakətə salmağı qərara alırsa, onda Onun bu istəyi mütləq gerçəkləşir. Heç kim Allaha mane olmağa qadir deyil və heç kim Onu qəzəbləndirmiş insanları öz himayəsi altına ala bilməz. Heç kim belə insanların istədiklərini qane edə bilməz və heç kim onları xoşagəlməz hadisələrdən xilas edə bilməz. Qoy Allahın qulları Onun nifrət etdiyi əməllərdən çəkinsinlər ki, cinayətkar xalqdan uzaqlaşdırıması mümkün olmayan cəza onların da başına gəlməsin.

(13.12) “Qorxasınız və ümid bəsləyəsiniz deyə sizə şimşək göstərən və ağır buludları var edən Odur”.

İnsanlar ildırımın çaxmasından, onları məhv etməsindən, mənzillərinə, məhsullarına ziyan vurmasından və ya onlara başqa cür xətər yetirməsindən ehtiyat edirlər. Lakin eyni zamanda onlar ümid bəsləyirlər ki, havanın beləcə korlanması onlara fayda da verə bilər, çünki ağır buludlar yerə yağış yağdırar ki, bu həm məxluqlara və həm də torpağın özünə lazımdır.

(13.13) “Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir”.

Göy gurultusu buludlar ildırım püskürəndə əmələ gələn qulaqbatırıcı bir səsdir (İnsan psixikasını sarsıtmağa qabil olan qorxunc bir səs. F.S.). O, Allahın qullarını dəhşətə salır, lakin o, öz Rəbbinə mütidir və Ona həmd edir. Mələklər də Allahın qarşısında ehtiramla dolu qorxu hissi keçirərək, Ona həmd edirlər. O, ildırımlar çaxdırır və onların vasitəsi ilə istədiklərinə zərbə vurur. O, hər istədiyi şeyi etməyə qadirdir və hakimiyyət sahibidir. Ona görə mümkün olmayan heç bir şey toxdur və heç kim Ondan yayına bilməz. Lakin, buna baxmayaraq, müşriklər Onun barəsində mübahisələrini davam etdirirlər.

(13.14) “Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir”.

Əgər Allah buludlar göndərən, yağış yağdıran və onların sayəsində insanların özlərinə azuqə əldə etdikləri Vahiddirsə, bütün işləri idarə edən, əzəmətli məxluqların Ona itaət etdiyi, digər varlıqlarda qorxu və narahatçılığa səbəb olan sonsuz qüdrətə malik Vahiddirsə, onda Onu haqlı olaraq ibadətə layiq Vahid adlandırmaq olar. Bütün məxluqlar şəriki olmayan Bir Allaha ibadət etməlidirlər, müti olduqlarına şəhadət verərək və mərhəmət göstərməsini diləyərək Ona səmimiyyətlə dua etməlidirlər. Allahdan başqa heç kim ona (Bu işarə əvəzliyi məxluqlara aiddir. F.S.) dua edilməsinə, ondan qorxmağa, onun sevilməsinə, onun arzulanmasına, ona ümid bəslənməsinə, ondan çəkinməyə, ona doğru can atılmasına layiq deyildir, çünki ibadət haqqı Onun müstəsna haqqıdır. Allaha ibadət haqdır, amma məxluqlara ibadət doğru deyil və faydasızdır.
İnsanların Allaha şərik qoşduqları bütlər və digər “tanrılar” yardım üçün onlara dua və ibadət edənlərin müraciətlərinə cavab verə bilmirlər. Onlar pərəstişkarlarının bu dünya və ya Axirət həyatı ilə bağlı nə böyük, nə də kiçik xahişlərini yerinə yetirmək iqtidarına malik deyillər. Buna görə bütpərəstlər və müşriklər dərin bir quyunun kənarında dayanıb, əllərini suya uzadaraq ona əlləri çatmayan insana bənzəyirlər. O, bərk susuz olmasına baxmayaraq, əlləri ilə su götürmək istəyir, amma bunu edə bilmir. Kafirlər də müraciət etdikləri “tanrıların” yardımına ümid bəsləyirlər, lakin sonuncular onların dualarına cavab vermir və hətta onların buna ən çox ehtiyacları olduğu halda belə, onlara fayda gətirmirlər. Bunun belə olması, uydurulmuş “tanrıçaların” eynilə onlara sitayiş edən müşriklər kimi kasıb və köməksiz olmaları ilə izah edilir. Onlar müstəqil olaraq göylərdə və yerdə hətta bir zərrəyə belə sərəncam çəkməyə qadir deyillər. Onlar Kainatın işləri üzrə Allahla birgə göstəriş vermirlər və hətta Onun köməkçiləri belə deyillər.
Bütün deyilənlərdən aydın olur ki, kafirlərin duaları əsil azğınlıqdır, çünki bütlər və Allahla yanaşı ibadət olunan digər "tanrılar" tamamilə köməksizdirlər. Belə “tanrılara” yönəldilən ibadət və dualar qüsurlu və faydasızdır, çünki son məqsədi mənasız olan istənilən addım mənasızdır. Fövqəluca Allah – hakimiyyəti açıq-aşkar və mübahisəsiz olan həqiqi Hökmdardır. Bu isə o deməkdir ki, Ona ibadət etmək haqdır və insana həm bu dünyada və həm də ölümdən sonra fayda gətirə bilər.
Uydurulmuş “tanrıçalara” dua edən kafirlərin yanğısını yatırtmaq üçün əlini ümidsizcəsinə suya uzadan insana bənzədilməsinin əks olunduğu ibrətamiz hekayə ən gözəl Quran müqayisələrindən biridir. Bu hekayədə bir əməl digər ağlasığmaz bir əməllə müqayisə edilərək, birinci əməlin son dərəcə mümkünsüzlüyünü vurğulayır. Həqiqətən də, hər hansı bir şeyin mümkünsüzlüyünün ən yaxşı üsulla nəzərə çapdırılması, onun ağlagəlməz və ya mümkün olmayan bir şeylə müqayisə edilməsidir. Bax elə buna görə Fövqəluca Allah buyurur: “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər...” (Əraf, 7/40).

(13.15) “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir”.

Göylərdə və yerdə olan bütün varlıqlar Rəbbi qarşısında mütidir və Ona ibadət edirlər. Kainatın sakinləri Allah qarşısında, istəklərindən asılı olmayaraq, səcdə edirlər. Məsələn, möminlər Allah qarşısında itaət edir və könüllü olaraq səcdə qılırlar. Öz Rəbbinə baş əyməkdən təkəbbürlə boyun qaçıran günahkarlar isə, olduqları vəziyyəti qəbul etmir və öz fitrətlərinə müqavimət göstərərək, istəklərinin ziddinə olaraq, Allah qarşısında əyilməyə məcbur olacaqlar. Hətta bütün məxluqların kölgələri belə hər sübh çağı və günəş qürub edəndə Ona təzim edirlər. Lakin hər bir məxluq Rəbbi qarşısında özünəməxsus tərzdə, öz imkanlarından asılı olaraq, səcdə qılır. Fövqəluca buyurur: “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!” (İsra, 17/44).
Əgər bütün yaradılmışlar öz istəyi ilə və ya öz istəyinin əleyhinə olaraq Allaha ibadət edirlərsə, onda O, ibadətə və həmdə layiq olan Həqiqi Allahdır. Qalan bütün tanrıçalar yalançı və faydasızdırlar və Fövqəluca bu fikri təsdiq edərək belə buyurur:

(13.16) “De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir və Qalib gələndir”.

Ey Muhəmməd! Bütlərə və digər məxluqlara ibadət edən, onları da Allahı sevdikləri kimi çox sevən, hər cür hədiyyələr və sitayiş ayinləri ilə onlara yaxınlaşmaq istəyən müşriklərə müraciət edərək, de: “Doğrudanmı siz ağıldan məhrum olmusunuz ki, bu da sizi Allahdan başqa himayədarlar axtarmağa məcbur etmişdir? Niyə siz ibadətinizə layiq olmayan və fayda verməyə qadir olmayan və ya özünə belə zərər vura bilməyən məxluqlara sitayiş edirsiniz? Niyə siz ən kamil adlara və qüsursuz sifətlərə malik olan, dirilər və ölülər aləminin hökmdarı olan, Kainatı yaradıb idarə edən, xeyir verən və zərər vuran Rəbbin himayəsindən boyun qaçırırsınız? Doğrudan da, Tək Allaha ibadət heç vaxt bütpərəstliklə və müşrikliklə müqayisə edilə bilməz. Məgər korla görən adam müqayisə edilə bilərmi? Məgər qaranlıq işıqla müqayisə edilə bilərmi?"
Lakin əgər onlar şübhələrində qalmaqda davam edirlərsə və səhvən elə zənn edirlərsə ki, onların “tanrıları” Allah kimi yaratmağa Allaha məxsus əməllər etməyə qadirdirlər, onda sən onları belə şübhələrdən və müdhiş azğınlıqdan xilas et. Onlara sübut et ki, Allah Vahid Rəbdir. De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Fövqəlqüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir. Məxluqlar güc baxımından bir-birilərindın gücdə və qüdrətdə üstün olurlar, lakin onların hamısı bu barədə Vahid və Fövqəlqüdrətli Allahdan geri qalırlar. Fövqəlqüdrət və bənzərsizlik qarşılıqlı əlaqədədir və təkcə Ona məxsusdur. Bu isə o deməkdir ki, təkzibolunmaz məntiqi dəlillər sübut edir ki, Onunla yanaşı ibadət edilən uydurulmuş “tanrıçalar” yaratmaq qabiliyyətinə sahib olmadıqları kimi, yaradılış prosesində heç iştirakçı da deyillər. Beləliklə, onlara ibadət etmək qüsurlu və faydasızdır.

(13.17) “O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!”

Fövqəluca, Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil etdiyi Haqq Təlimi, nəfsin və qəlbin həyatı üçün zəruri olanı, bir çox digər məxluqların yaşaması üçün zəruri olan su ilə müqayisə edir. O, həm də nəhəng və hərtərəfli faydalı olan və Allahın qullarının möhtac olduqları Haqq Təlimi, hərtərəfli fayda gətirən və qulların həmçinin ehtiyac duyduqları yağışla müqayisə edir. Haqq Təlimi müxtəlif cür qavrayan qəlbləri isə Fövqəluca Allah daşqın sularının axdığı vadilərlə müqayisə edir. Böyük qəlbin çoxlu biliklər tutması kimi, böyük vadilər də çoxlu su tutur. Kiçik vadi də, kiçik qəlbin az bilik tutması kimi, az su tutur.
Fövqəluca Allah insanın haqla rastlaşdığı zaman nəfsində baş qaldıran alçaq istəkləri və şübhələri suyun üzünə çıxan köpük və zir-zibillə və həmçinin metallar təmizlənərkən və ya əridilərkən əmələ gələn yanıq təbəqəsi ilə müqayisə edir. Zir-zibil bir müddət suyun üzərində qalır və onu çirkləndirir, lakin sonradan yox olur və yerdə qalan təmiz su insanlara fayda verir. Əridilmiş metalın da yanıq təbəqəsi də təmiz bəzək əşyasının üstündən götürülür. Eyni şeyi şübhələr və alçaq istəklər haqqında da demək mümkündür. Mömin adam onlara nifrət bəsləyir və gerçək dəlillər və qəti niyyət vasitəsilə onlar yox olana qədər onlara qarşı cihadı davam etdirir. Belə olduqda, möminin nəfsi təmizlənir və düzgün biliklərlə, onlara məhəbətlə və onları əldə etmək arzusu ilə dolur. Yalan yoxa çıxır, çünki haqq onun kökünü kəsir. Fövqəluca buyurur: “...Haqq gəldi və batil yox oldu. Həqiqətən, batil yoxluğa məhkumdur” (İsra, 17/81). Allah belə hikmətli hekayətləri ona görə misal çəkir ki, insanlar doğrunu yalandan, Haqq Təlimi isə azğınlıqdan ayıra bilsinlər.

(13.18) “Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!”

Fövqəluca Allah haqqı yalandan fərqləndirmək barədə xatırladıqdan sonra, bildirir ki, bütün insanlar iki qrupa bölünür. Bir qrup Onun çağırışına cavab verir və mükafata layiq görülür, digərləri isə Onun çağırışına cavab verməkdən imtina edir və cəzaya məhkum edilirlər. Birincilər bütün varlıqları ilə biliklərə və imana sığınırlar, dinin hökmlərinə və qadağalarına tabe olurlar, Fövqəluca Allahın onlardan tələb etdiklərini yerinə yetirirlər və gözəl həyata və bol-bol mükafatlara layiq görülürlər. Onlar ən gözəl keyfiyyətlərə və məziyyətlərə malik olurlar. Mükafatlar onları həm bu dünyada və həm də öldükdən sonra Axirət həyatında gözləyir. Onlar, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və hətta insanın ürəyindən belə keçirmədiyi şeylər alacaqlar. İkinci qrupa mənsub olanlar isə, onlara hətta hikmətli hekayətlər gətirildikdə və həqiqət izah edildikdən sonra belə iman gətirməkdən imtina edirlər və buna görə onlar heç vaxt gözəl həyatı dərk etməyəcəklər. Onlar hətta bütöv yerin tuta biləcəyi qədər qızıl-gümüş və üstəlik iki dəfə daha çox əldə edə bilsələr də, Qiyamət günü onları ödəməklə cəzadan canlarını qurtara bilməzlər. Onlar ondan xilas olmaq üçün yer tapmayacaqlar!
Onlarla haqq-hesab çəkilməsi dəhşətli olacaq, çünki onlar törətdikləri bütün cinayətlərə görə cavab verməli olacaqlar və onlar görəcəklər ki, Allahın qullarına etdikləri bütün haqsızlıqlar yazılmışmış. Fövqəluca buyurur: “Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (Kəhf, 18/49). Müdhiş haqq-hesabdan sonra önlar öz məskənlərini ən dəhşətli əzab-əziyyətin toplandığı Cəhənnəmdə tapacaqlar. Şiddətli aclıq, əzabverici susuzluq, yandırıcı alov, iyrənc zəqqum meyvələri, kəsici soyuq, zəhərli tikanlar – bunlar və Allahın xəbər verdiyi digər cəzalar Cəhənnəm əzabkeşlərini gözləməkdədir. Bu məskən necə də dəhşətlidir!


Tarix: 20.04.2013 / 13:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 794 Bölmə: Sureler