beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ər-Rəd surəsinin şərhi 31-43

(13.31) “Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar da, yenə də bütün işlər Allahın əmri ilə olardı. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət ya üz verməkdə davam edəcək, ya da onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz”.

Fövqəluca bu ayədə şərəfli Quranın bütün digər Müqəddəs Kitablardan üstünlüyü haqqında xəbər verir. Əgər Müqəddəs Kitablar arasında elə bir Kitab olsaydı ki, onun sayəsində dağlar yerindən tərpədiləydi, yerin üzü yeni bağlar və çaylarla örtüləydi və ya ölülər dirilərlə danışaydılar, onda bu Kitab mütləq Müqəddəs Quran olardı. Lakin bütün qərarları qəbul edən Allahdır və O, təkcə İlahi Müdrikliyinə uyğun olan belə möcüzələri nazil edir. Kafirlər niyə onların ürəyindən keçən möcüzələrin nazil edilməsini istəyirlər? Məgər onlar və ya hər hansı digər məxluqlar heç olmazsa azacıq da olsa hakimiyyət sahibidirlərmi? Onlar iman gətirməkdən imtina edirlər, lakin qoy möminlər bilsinlər ki, Fövqəluca Allah istəsə, bütün insanları doğru yola gətirə bilər. Lakin Ona lazımdır ki, insanların bir hissəsi düz yolla getsinlər, digərləri isə o yoldan azsınlar. Buna görə, Allahın ayələrindən fayda götürə bilməyən və Onun moizələrini dinləməyən kafirlər həmişə olacaqdır. Onlar inadkarlıqla küfrə etiqad edəcək, Fövqəluca isə onların evlərinə və ya yaşadıqları yerlərin həndəvərlərinə zərər vuran fəlakətlər nazil edəcəkdir. Ancaq Allahın vədi icra edildiyi və kafirlərin canını xilas edə bilməyəcəyi cəza haqladığı zaman bu müsibətlərə son qoyulacaqdır. Allah öz vədini pozmaz. Lakin O, kafirləri kafirliyə, inadkarlığa və zalımlığa görə onlara vəd etdiyi əvəzi verəcəyi barədə xəbərdar edir.

(13.32) “Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Bir görəydin onları cəzalandırmağım necə oldu!”

Ey Muhəmməd! Elə düşünmə ki, sən - ələ salınan və əzaba məruz qoyulan elçilərdən birincisisən. Səndən əvvəl göndərilmiş elçiləri də kafirlər məsxərəyə qoyardılar. Biz onlara möhlət verərdik və onlar elə zənn edərdilər ki, heç vaxt cəzaya məruz qalmayacaqlar və məhz (belə düşündükləri zaman) Allah onları cəzalandırardı. Amma bu cəza necə də sərt və əzabverici olurdu! Qoy səni inkar edən və sənə istehza edən müşriklər müvəqqəti əmin-amanlıqlarına güvənməsinlər, axı qədim xalqların taleyi onlar üçün gözəl nümunədir. Qoy onlar, vaxtı ilə onlardan əvvəlkilərin başına gəlmiş və onların da nəsibi ola biləcək cəzadan çəkinsinlər.

(13.33) “Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onlara ad verin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz”.

Allah hər bir insanı müşahidə edir və məxluqlarına layiq olduqları əvəzi həm bu dünyada, həm də ölümdən sonra verir. Məgər Fövqəluca və Hamıdanxeyirxah Allahı, bu keyfiyyətlərə malik olmayanlarla müqayisə etmək olarmı? Lakin müşriklər şərikə ehtiyacı və Özünə bərabəri və oxşarı olmayan Vahid, Özünəbəs Rəbbə şərik qoşmaqda davam edirlər.
Ey Muhəmməd! Onlara de: “Əgər siz doğru deyirsinizsə, onda Allahın şəriklərini sadalayın. İmkan verin biz də onlarla tanış olaq. Doğrudanmı siz Allaha Onun xəbəri olmadığı bir şeymi deyəcəksiniz? Doğrudanmı aşkarı da, qeybi də bilən Allah bilmir ki, Onun şərikləri var? Həqiqətən də, sizin iddialarınız yalandır. Siz sanki Allahı inandırmağa çalışırsınız ki, Onun barələrində xəbəri olmadığı şərikləri vardır, axı bu ən böyük yalandır. Siz sözdə mövcud olan tanrıçalara ibadət edirsiniz. Əslində isə, Fövqəluca Allah – Yeganə Rəbdir, çünki ibadətə və ya ilahlaşdırılmağa layiq olan bir məxluq yoxdur. Siz küfrə etiqad edirsiniz, məxluqlara təzim edirsiniz və Allahın ayələrini inkar edirsiniz və sizin hiylələriniz sizə gözəl görünür, halbuki əslində siz Allaha və Onun lütfkarlığının təcəssümü olan Diyara doğru aparan düz yoldan azmısınız. Həqiqətən, O, kimi azdırarsa, heç kim onu düz yola çıxara bilməz, çünki Kainatda başqa heç kim işlərə sərəcam çəkmir”.

(13.34) “Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz”.

Kafirlər həm bu maddi dünyada və həm də Axirət həyatında cəza alacaqlar ki, sonuncu əvvəlkilərdən qat-qat daha məşəqqətli olacaqdır. Heç kim onları əzabdan xilas etmək üçün onlara köməyə gəlməyəcək və heç kim onlara sərt əvəz verməsində Allaha mane ola bilməyəcək.

(13.35) “Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur.

Fövqəluca, qadağan olunandan çəkinən və onlara həvalə edilmiş vəzifələri yerinə yetirərkən nöqsana yol verməyən möminlərə vəd etdiyi Cənnəti bu ayədə təsvir edir. Bu təsvir doğru və səhihdir. Cənnətdə baldan, şərabdan, süddən və sudan ibarət çaylar axır və onların məcraya ehtiyacı yoxdur. Onlar bağları və ağacları sulayır və onlarda hər cür bar və meyvələr yetişir. Cənnət təamları və yeməkləri tükənməzdir, Cənnət kölgələri isə sonsuzdur. Təqvalı möminlər üçün hazırlanmış son məkan belədir. Kafirlərin son sığınacağı isə Cəhənnəmdir. Bu məskənlər arasında fərq nə qədər böyük və açıq-aşkardır!!

(13.36) “Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız Ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız Onadır!”

Ey Muhəmməd! Kitab əhli arasında elələri də var ki, Fövqəluca Allah onlara həqiqi bilik əta etmişdir. Onlar sənə nazil edilənə sevinirlər. Onlar Müqəddəs Qurana iman gətirir, onun doğruluğunu təsdiq edir və sevinirlər ki, Müqəddəs Kitablar arasında ziddiyyət yoxdur. Kitab əhli sırasından möminlər məhz belə keyfiyyətlərə malikdirlər. Lakin kafirlərin arasında çoxsaylı qruplaşmalar var ki, haqdan kənara meyl edirlər və Müqəddəs Quranın bir hissəsinə iman gətirməkdən imtina edirlər. Həqiqətən, insan düz yola gəlirsə, o, öz xeyrinə hərəkət edir, əgər o, düz yoldan kənara çıxırsa, öz zərərinə hərəkət edir. Sənə isə insanlara öyüd-nəsihət vermək və onları təkcə Allahın yoluna dəvət etmək əmr olunmuşdur. Buna görə onlara de: “Mənə Allaha ibadət etmək və tək Ona səmimiyyətlə qulluq etmək tapşırılmışdır. Mən sizi Ona iman gətirməyə çağırıram və qayıdışım da yalnız Onun dərgahına olacaq və Onun dinini təbliğ etdiyimə, Onun hökmlərini yerinə yetirdiyimə görə (orada) əvəz ala bilim”.


(13.37) “Beləliklə Biz onu ərəbcə bir Qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni nə Allahdan qoruyan dostun, nə də bir himayə edənin tapılar”.

Biz Müqəddəs Quranı ərəb dilində öyüd-nəsihət kitabı etdik. Bu mükəmməl Kitab dünya dillərindən ən aydın və zəngin dildə nazil edilmişdir ki, heç kim onun doğruluğuna şübhə edə bilməsin. Bu, onu rəhbər tutmağı, onun tələblərini riyakarlıq etmədən yerinə yetirməyi və cahillərin onun prinsiplərinə zidd olan istək və arzularına uymadan onu icra etməyi insanlara həvalə edir. Məhz buna görə sonra Fövqəluca Allah Muhəmməd Peyğəmbəri (s.ə.s.) kafirlərin alçaq istəklərinə uymamaq barədə xəbərdar edir. Lakin bu, Peyğəmbərin (s.ə.s.) günahsız olması prinsipinə zidd deyildir. Allah onu (s.ə.s.) günahlardan qorumuşdu ki, o (s.ə.s.) öz ardıcılları üçün gözəl nümunə ola bilsin. Əgər o (s.ə.s.) qadağan olunmuş əməllərə yol verməmək barədə ona (s.ə.s.) nazil edilmiş vəhyi aldıqdan sonra kafirlərin istəklərinə güzəştə getsəydi, onda heç kim ona (s.ə.s.) arzusuna nail olmaq üçün havadar çıxmazdı və heç kim ona (s.ə.s.) hər çür çirkinlikdən və xoşagəlməz hallardan xilas olmağa kömək etməzdi.

(13.38) “Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var”.

Ey Muhəmməd! Sən Allahın bəşəriyyətə göndərdiyi ilk elçi deyilsən və insanlar sənin peyğəmbərliyinə təəccüblənməməlidirlər. Əvvəlki elçilərin də zövcələri və övladları olmuşdu və sənin əleyhdarlarının buna görə səni qınamağa əsasları yoxdur. Onlar bəzi hallarda səni günahlandırırlar, amma onlara çox yaxşı məlumdur ki, səndən əvvəlkilərə də bu məziyyətlər xas idi. Bəs onda onlar səni niyə təqsirləndirirlər? Doğrudanmı ancaq ona görə ki, öz mənfəət güdən məqsədlərinə nail olsunlar və ya öz pozğun istəklərini təmin etsinlər?
Onlar səndən möcüzələr tələb edəcəklər, lakin sən axı Kainatda gedən proseslər üzərində sərəncam çəkmirsən. Heç bir elçi Rəbbin icazəsi olmadan insanlara möcüzə göstərə bilməzdi. Fövqəluca Rəbb isə möcüzələrin baş verməsinə nunun üçün öncədən təyin olunmuş vaxtda imkan verir. Həqiqətən də, hər hadisənin müvafiq hökmləri var və heç nə öz müddətini nə ötə, nə də ləngidə bilər. Müşriklər onlara möcüzə və ya cəza nazil edilməsini tələb edirlərsə də bu, Allahı qətiyyən bu və ya digər hadisənin baş verməsini sürətləndirməyə məcbur edə bilməz, lakin Fövqəluca Allah istədiyi hər şeyi etmək iqtidarındadır.

(13.39) “Allah istədiyini silər və təsdiq edər. Kitabın əslində Onun yanındadır”.

Allah hökmlərini Öz bildiyi kimi ləğv və ya təsdiq edir. Bu, Kainat yaradılmamışdan öncə qələmlə yazılmış qədərə aid deyildir, çünki bu yazı dəyişilməzdir. Allahın elmində isə nöqsan və qüsurların olması qətiyyən mümkün deyil. Baş verən hadisələr haqqında biliklər Kitabın Əslindədir və Kainatdakı bütün varlıqlar bu yazıdan asılıdır. Kitabın Əsli – Mühafizə olunan Lövhədir. O, bütün digər Kitabların ilkin mənbəyi, onlar isə onun ancaq əlavələridir.
Dəyişdirilmə təkcə ikinci dərəcəli yazılarda, məsələn, gündüz və gecə ərzində baş verməli olan əməllərin yazısında mümkündür. Allah onlarda yazılmış bəzi əməlləri təsdiq edir və onların baş verməsi üçün əsas yaradır. Bu əməllərin bəzisini isə Allah ləğv edərək, onların gerçəkləşməməsi üçün zəmin yaradır. Lakin bu dəyişmələr Mühafizə olunan Lövhədəki yazı ilə ziddiyyət təşkil etmir.
Allah istəyir ki, xeyirxahlıq, qohumluq əlaqələrinin saxlanması və saleh əməllər uzun və ehtiyacsız ömrün rəhni olsun, günahlar və cinayətlər isə insana əta edilmiş var-dövlətdən və ona təyin edilmiş ömürdən faydalanmağa maneçilik törətsin. O, həm də istəmişdir ki, təhlükələrdən çəkinmək rifah içində yaşamanın dəlili, təhlükəli şəraitə düşmək isə məhv olmanın və bədbəxtliklərin səbəbi olsun. O, Kainatın işlərini Öz qüdrətinə və iradəsinə əsaslanaraq idarə edir. Onun qəbul etdiyi qərarlar Onun əzəldən bildiyi və Mühafizə olunan Lövhədə yazdığı ilə ziddiyyət təşkil etmir.

(13.40) “Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya səni öldürsək, bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir”.

Ey Muhəmməd! Kafirlərə vəd edilmiş cəzanın onları yaxalamasını tezliklə görməyi arzulama. Əgər onlar bundan sonra da küfrə etiqad etsələr və zalımlıq göstərsələr, onda onlara vəd edilən mütləq başlarına gələr. Biz sənə şərəfsizlərin bu həyatda məhv edilməsini göstərə bilərik, amma səni buna qədər vəfat etdirə də bilərik. Vəd edilmiş əvəzi görmək sənin işin deyil. Sənə ancaq insanlara vəhyi çatdırmaq və onun mənasını izah etmək əmr olunmuşdur. Bizim işimiz isə, insanları törətdikləri əməllərə görə məsuliyyətə cəlb etməkdir və o zaman öz vəzifəsini yerinə yetirməyə nail olan hər kəs mükafat alacaq, səhlənkarlıq göstərən hər kəs də cəza alacaqdır.

(13.41) “Məgər onlar görmürlər ki, Biz, yeri daima kənarlarından azaldırıq? Hökmü Allah verir. Onun hökmünü ləğv edən olmaz. O, tezliklə haqq-hesab çəkəndir”.

Fövqəluca, Allahın yerin kənarlarını azaltdığını görən və haqqı etira etməyən kafirləri qəzəblə hədələyir. Bir şərhə görə, ayədə söhbət müşriklərin məhv edilməsindən və şərəfsizlərin kökünün kəsilməsindən gedir. Başqa bir şərhə görə isə, burada söhbət müşriklərin ağalıq etdiyi ölkələri müsəlmanların fəth etməsi və var-dövlətlərini və həyatlarını itirməsi haqqınadır. Bu barədə digər rəylər də mövcuddur. Lakin tamamilə aydındır ki, söhbət Allahın kafirləri cəzalandıraraq, onların yaşadıqları məskənlərinin həndəvərlərində fəlakət törətməkdən və heç kimin qarşısını ala bilməyəcəyi cəza barədə xəbərdarlıqdan gedir. Bu barədə ən yaxşı bilən Allahdır!
Rəbb qərarları Özü qəbul edir və heç kim Onun qərarlarını ləğv etmək qüdrətinə malik deyil. Bu İslam dininin bütün qanunlarına, Allahın qədərinə və Qiyamət gününün qanunlarına aiddir. Fövqəluca Allahın qəbul etdiyi qərar və qanunlar hikmət və kamilliklə fərqlənirlər. Onlarda nöqsan və qüsur yoxdur. Əksinə, onlar ən yüksək dərəcədə ədalətli, qərəzsiz və tərifəlayiqdir. Heç kim bu qanunları ləğv etməyə və ya onların nöqsanlı olmasın aşkar etmək iqtidarına malik deyil və məhz bu məziyyətlər onları bütün digər qanunlardan fərqləndirir, çünki uydurulmuş qanunlar haqqa uyğun da ola bilər, uyğun olmaya da bilər.
Sonra, Fövqəluca Allah bildirir ki, Onun hesablaşması çox tez başa gəlir. Bu isə o deməkdir ki, insanlar cəzanın tez gəlməsini istəməməlidirlər, axı onsuz da, nə olacaqsa, yaxın vaxtlarda gerçəkləşəcəkdir.

(13.42) “Onlardan əvvəlkilər də hiylə qururdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər”.

Kafirlərin əvvəlki nəsilləri Allahın elçilərinə və onların təbliğ etdikləri haqqa zərər vurmaq üçün hiyləgərliklərə əl atardılar. Lakin o hiylələr onlara fayda verməzdi. Onlar qarşılarına qoyduqları məqsədə nail ola bilmirdilər, çünki Fövqəlqüdrətli Allahın Özünə qarşı müharibəyə qalxırdılar, halbuki, O, bütün fitnə-fəsadları bilir. Heç kim öz məkrli niyyətini, Allahın icazəsi olmadan və ya Allahın qədərinin əksinə olaraq həyata keçirməyə qabil deyil. Əgər günahkarlar Allahın dininə pislik etmək məqsədilə hiylə işlədirlərsə, onda onların məkrli əməlləri onlar üçün mütləq ümidsizlik və təəssüflə sonuclanacaqdır, Axı qullarının bütün niyyətləri və düşüncələri, əməlləri və qazandıqları Allahın nəzarətindən yayınmır. Pis niyyətli hiylə də insanın əldə etdiklərindəndir və Allahın nəzərindən qaçmır və O, heç vaxt yol verməz ki, kafirlərin hiyləsi haqqa və onun tərəfdarlarına zərər vursun və yaxud mürtədlərə fayda versin. Kafirlər çox tezliklə biləcəklər ki, Cənnət yurdu kimə: onlara və ya Allahın elçilərinə qalacaqdır. Bütün qalanlara yaxşı məlumdur ki, yaxşı sonuc küfrə etiqad edənlər üçün deyil, təqvalı möminlər üçün hazırlanmışdır.


(13.43) “Kafirlər deyirlər: “Sən göndərilmiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsələrin şahid olması yetər”.

Ey Peyğəmbər! Kafirlər səni və təbliq etdiyini qəbul etmirlər. Əgər onlar səndən doğruçuluğunu təsdiq edən şahidlər tələb etsələr, onda onlara de ki, sənə səni sözü, işi və bəyənməsi ilə təsdiq edən Allah bəs edir. O, sənə vəhylərini nazil etməklə sənin doğruçuluğunu sözlə təsdiq edir. O, sənə yardım bəxş edəndə və sənə sənin imkanlarından və səhabələrinin imkanlarından xaric olan qələbə çalmaqda kömək göstərəndə səni işi ilə təsdiq edir. Bu kömək – Allahın əməlidir ki, sənin xeyrinə şəhadət verir. O, həm də sənin düzgünlüyünü Öz bəyənməsi ilə təsdiqləyir, axı sən özünü Onun adından Allahin Elçisi adlandırırsan, insanlara sənə tabe olmağı Onun adından əmr edirsən, öz ardıcıllarına Onun mərhəmətini və lütfkarlığını Onun adından vəd edirsən, itaətsizlik göstərənlərə Onun adından Onun qəzəbini və Cəhənnəm cəzasını Onun adından vəd edirsən, Onun adından kafirlərin həyatına və malınıa qəsd etməyi özünə rəva görürsən və O, sənin hərəkətlərini bəyənir. Əgər sən Allahın adından yalan danışsaydın səndən çox tezliklə intiqam alınardı.
Həmçinin Müqəddəs Kitablar haqqında biliyə malik olan möminlər də sənin şahidlərindir. Bu, bütün yəhudi və xristian din alimlərinə aiddir. Onlardan haqqa iman gətirən və tabe olanlar açıq-aşkar sənin xeyrinə şəhadət verirlər. Şübhəsiz ki, onların çoxu bu şəhadəti gizlədirlər, Fövqəuca Allah xəbər verir ki, Haqq onlara məlumdur və Fövqəluca Allahın sözləri, belə insanların bəyanatlarından daha doğrudur. Əgər onlarda bu şəhadət olmasaydı, onlar Quranın belə ayələrini inkar edərək inandırıcı dəlillərə əsaslanardılar, lakin onlar sükut etməyi daha üstün tuturlar. Bu isə o deməkdir ki, onlar haqq şəhadətin üstündən sükutla keçmək fikrindədirlər.
Allah Kitab əhlinə Muhəmməd Peyğəmbərin (s.ə.s.) doğruçuluğunu təsdiq etməyi buyurmuşdur, çünki onlar müvafiq biliklərə malikdirlər. Hər hansı bir hadisə haqqında onunla heç bir əlaqəsi olmayan kəs deyil, başqalarına nisbətən ən çox bilən şahidlik etməlidir. Elə buna görə də, ərəb müşriklərinə və digər cahil xalqlara Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin doğruluğuna şahidlik etmək əmr olunmamışdı. Onları şəhadəti mənasız olardı, çünki onlar müvafiq biliklərə malik deyildilər. Bu barədə ən yaxşısını bilən Allahdır.


Tarix: 20.04.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Sureler