beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBRAHİM SURƏSİNİN ŞƏRHİ 16-30

(14.16) “Qarşıda onu Cəhənnəm gözləyir. Orada ona irinli su içirdiləcək”.

Cəhənnəm, inadcıl zalımları, sanki pusquda dayanaraq gözləyir və onlar mütləq oraya düşəcəklər. Bax onda onlar əsil sərt cəzanın dadını biləcək və iyrənc rəngi, murdar dadı və üfunət iyli qaynar irinli içkidən içməli olacaqlar.

(14.17) “O bunu qurtum-qurtum içəcək, amma uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da böyük bir əzab gələcəkdir”.

Cəhənnəm əzabkeşləri güclü susuzluq hissi keçirərək irinli içkini qurtum-qurtum içəcəklər, amma çətin ki içdiklərini uda bilsinlər. Onlar onu ağızlarına yaxınlaşdıran kimi, o onların üzünü yandıracaq, sonra bir təhər onu udmaq istədikdə, o, onların mədə və bağırsaqlarını qarsalayıb dağıdacaqdır. Amansız cəza onlara hər tərəfdən yaxınlaşacaqdır. Onlar misli görünməmiş işgəncələrə və əzablara uğradılacaq ki, bunların hər biri bir insanın həyatına son qoymaq üçün bəs edərdi. Lakin bu baş verməyəcəkdir, çünki Allah onların da ölümsüzlüyünə hökm vermişdir. Fövqəluca buyurmuşdur: "Kafir olanları Cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsınlar, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!“ (Fatir, 35/36). İnadcıl zalımlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar və onları orada təkcə dəhşətli cəza gözləyəcəkdir. Bu cəzanın ağırlığı təkcə Fövqəluca Allaha məlumdur.

(14.18) “Rəbbini inkar edənlərin əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur”.

Fövqəluca bu ayədə kafirlərin törətdikləri əməllərdən bəhs edir. Ola da bilsin ki, burada söhbət onların Allah xatirinə səmimiyyətlə yerinə yetirdikləri əməllərdən gedir, çünki onlar da əbəs və küləyin hər tərəfə dağıtdığı kül kimi yox olacaqlar. Həqiqətən, kül məxluqların ən yüngülüdür və əgər qasırğa onun üzərindən keçsə, onu hər tərəfə yayar. İnsan onu saxlaya bilməz – o izsiz-tozsuz yox olar. Kafirlər də eyni ilə öz əməllərindən, onların ən kiçiyindən belə istifadə edə bilməzlər, çünki onların hamısı küfrə və haqqı danmağa əsaslanırdı. Belə adamlar əsil azmışlardır, çünki onları bütün səyləri əbəs və faydasız olacaq, əməlləri isə izsiz-tozsuz yoxa çıxacaqdır.
Bir başqa şərhə görə, burada kafirlərin haqqa qarşı mübarizə aparmaq üçün qurduqları fitnə-fəsadlarından bəhs edilir. Yaxşı məlumdur ki, kafirlər bütün imkanlarından istifadə edərək haqqa müqavimət göstərməyə çalışırlar, lakin onların fəsadları həmişə özlərinə qarşı çevrilir. Onlar heç vəzhlə Allaha, Onun elçisinə, Onun qoşunlarına və onların etiqad etdikləri haqqa heç nə ilə zərər vura bilməzlər.

(14.19) “Məgər sən görmürsən ki, Allah göyləri və yeri haqq xatirinə xəlq etmişdir? Əgər O, istəsə sizi yox edib yeni bir xalq yaradar”.

Fövqəluca bu ayədə Öz qullarını, Onun göyləri və yeri məxluqlarının Onu dərk etməsi və Ona ibadət etməsi, Onun əmrlərini yerinə yetirməsi və Onun sərhədlərini pozmaması xatirinə yaratması üzərində düşünməyə dəvət edir. O istəmişdir ki, göylər və yer onların məskunları ilə birlikdə Onun kamil sifətləri barədə şahidlik etsinlər. Bunun sayəsində, əzəmətli və əhatəolunmaz göyləri və yeri xəlq etmiş Rəbbin insanlara öldükdən sonra etdikləri yaxşı və pis əməllərinə görə əvəzini vermək üçün onları diriltmə qüdrətinə malik olmasını anlamaq çətin deyildir. Onun qüdrəti və iradəsi bunların qarşısında dayanmaz və əgər O istəyərsə, insanları məhv edə və yeni məxluqlar yarada bilər.
Bir şərhə görə, əgər Allah istəyərsə, bəzi insanların yerinə Onun hökmlərini daha yaxşı icra edən digər insanları xəlq edə bilər. Başqa bir şərhə görə isə, əgər Allah istəyərsə, insanları öldürər ki, sonradan onları yeni simada diriltsin. Son şərh bunun ardıyca gələn və Giyamət günü baş verəcək hadisələrdən bəhs edən ayələrlə də təsdiq olunur.

(14.20) “Bu, Allah üçün əhəmiyyətli bir şey deyildir”.

Bundan da başqa, Allah üçün bu asandır. Fövqəluca buyurur: “Sizi yaratmaq və diriltmək bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah – Eşidəndir, Görəndir” (Loğman, 31/28);
“Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir” (Rum, 30/27).

(14.21) “Axirət günü hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. İndi qəm çəksək də, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”.

Mələk Suruna üfürəndə bütün məxluqlar qəbirlərindən çıxmağa başlayacaqlar ki, Rəbbin hüzuruna gəlsinlər. Onlar tamamilə düz və hamar bir meydanda toplanacaqlar ki, onda nə yüksəkliklər və nə də çökəkliklər olmayacaq. Onlar yaxşı görünəcəklər və heç kim Fövqəlqüdrətli Allahdan gizlənə bilməyəcək. Bu vaxt insanlar bir-biriləri ilə mübahisə edərək, özləri özlərini müdafiə etməyə və təmizə çıxartmaya cəhd göstərəcəklər. Lakin onlar özlərini doğrulda biləcəklərmi?!
Kafir liderlərinə kor-koranə tabe olan zəif insanlar, onları düz yoldan azdıran başçılarına müraciət edəcəklər: “Dünya həyatında biz sizin ardınızca gedirdik. Siz bizə azğınlığa etiqad etməyi əmr edirdiniz və onu gözümüzün qarşısında bəzəyirdiniz. Siz bizə düz yoldan çıxmağa səbəb oldunuz. Cəzamızın kiçicik bir hissəsini də öz üstünüzə götürməzsinizmi?” Belə olduqda kafirlərin ağsaqqalları və başçıları deyəcəklər: “Biz sizi azğınlığa ona görə salmışıq ki, özümüz də azmış idik. Əgər Allah bizi doğru yola yönəltsəydi, onda biz də sizi doğru yolla aparardıq. Bu gün insanlar bir-birinə kömək etməyə qadir deyillər. İndi bizim üçün fərq yoxdur: qəmli çəkəcəyik və ya əziyyətlərə səbir edəcəyik – bizdən heç birimiz Allahın cəzasından nə sığınacaq tapacaq və nə də xilas ola biləcəkdir!”

(14.22) “İş bitdikdə İblis deyəcək: “Həqiqətən də, Allahın sizə vədi gerçəkdi. Mən də sizə vəd vermişdim, lakin mən sözümün üstündə durmadım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi dəvət etdim, siz də qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır”.

Cənnət sakinləri Cənnət bağlarına daxil edildikdən, Cəhənnəm sakinləri isə Cəhənnəm Oduna atıldıqdan sonra, Kainatda baş verən bütün şər işlərin səbəbkarı olan şeytan artıq Cəhənnəm əhlinə müraciət edərək, onlarla heç bir əlaqəsinin olmadığını bildirib, belə deyəcək: “Elçilərin Allahdan sizə gətirdikləri vədi haqq idi. Lakin siz öz Rəbbinizə itaət etmədiniz. Əgər siz Ona müti olsaydınız, onda indi böyük mükafat əldə edərdiniz. Mən isə sizə çoxlu nemətlər bəxş edəcəyimə söz vermişdim, lakin bu belə olmadı. Mənim vədlərimin yerinə yetiriləcəyi ümumiyyətlə mümkün deyildi, çünki onlər əzəldən yalan idi. Mən sizin üzərinizdə heç bir hakimiyyətə malik deyildim, çünki mənim sözlərim inandırıcı dəlillərə qətiyyən əsaslanmırdı. Mən sizə ardımca gəlməyi təklif etdim, yalanı bəzədim, lakin başqa heç bir şey edə bilmədim. Siz mənə qulaq asdınız, çünki mənim ehtiraslarıma və alçaq istəklərimə özünüz imkan verirdiniz. Buna görə siz məni qınamamalısınız. Siz özünüz özünüzü qınamalısınız, çünki özünüz öz bədbəxtliyinizin səbəbkarı idiniz və özünüz özünüzü cəzaya məhkum etdiniz. Mən sizin bu müsibətinizdə sizə heç nə ilə kömək edə bilmərəm və siz də mənim köməyimə gələ bilməzsiniz. Sizin hər biriniz cəzanın özünə aid payını alacaqdır. Mənim, sizin məni Allaha şərik qoşmağınıza heç bir aidiyyətim yoxdur. Mən belə deyildim və heç kim mənə itaət etməməliydi. Lakin siz mənə qarşı müti idiniz və bununla da özünüzə ziyan vurdunuz. Siz Cəhənnəmdə əbədi əzaba özünüz layiq olmusunuz”.
Fövqəluca qullarını şeytana tabe olmaqdan xəbərdar etmiş, şeytanın insanın ürəyinə girəcəyi qapılar, onun güddüyü məqsədi haqqında onlara bildirmişdi. Bütün bunlar Allahın Öz yaratdığı məxluqlara bəslədiyi rəhmliliyinə dəlalət edir. Fövqəluca xəbər verir ki, şeytan insanın Cəhənnəmə atılmasına can atır və O, izah edir ki, Cəhənnəm odunda şeytan öz tərəfdarlarından və onların ona ibadət etməsindən üz döndərəcək. Kim bu barədə Hərşeyibilən Allahdan başqa daha yaxşı xəbər verə bilər?!
Qeyd etmək lazımdır ki, Fövqəluca bu ayədə buyurur ki, şeytan öz tərəfdarları üzərində hakimiyyətə malik deyildir.
(Ayənin şərhinin bu hissəsində qeyd etmək yerinə düşərdi ki, bəzi “baxıcılarla” müsahibədə onlardan şüurlu surətdə cinlərdən olan şeytanla niyə könüllü surətdə əlaqə saxladıqlarını soruşduqda, onlar cinlərin “baxıcını” incitməsini səbəb göstərirlər. Ayədə isə Allah açıq bildirir ki, “onlar insan üzərində hakimiyyətə malik deyillər”. Deməli, “baxıcıların” dəlili əsassızdır. Daha yaxşısını bilən Allahdır! F.S.)
Lakin digər bir ayədə belə buyurulur: “Şübhəsiz ki, şeytan, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hakimiyyətə malik deyil. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir” (Nəhl, 16/99-100). Şeytanın malik olmadığı hakimiyyət dedikdə, sübut və dəlillər nəzərdə tutulur. Şeytan təbliğ etdiyinin xeyrinə olaraq heç bir dəlilə əsaslanmır. Lakin o, insanların qəlbinə şübhə salır və onları o dərəcədə məharətlə yoldan çıxarır ki, onlar Allaha itaətsizlik göstərməyə cəsarət edirlər. Allahın şeytana verdiyi hakimiyyət dedikdə isə, iblislərin öz agenturasını (əlaltılarını) yoldan çıxartmaqla onları günah işlətməyə yönəltmək üçün zəruri istedadı nəzərdə tutulur. Belə günahkarların özləri şeytanların onların üzərində hökmranlıq etmələrinə imkan yaradaraq, onları özlərinə havadar seçir və onların məzhəblərinə qoşulurlar. Məhz buna görə, şeytan Rəbbinə iman gətirmiş və təvəkkül edənlər üzərində hakimiyyətə qətiyyən malik deyil.

(14.23) “İman gətirib xeyirxah işlər görənlər isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil ediləcəklər. Onların orada qarşılaşarkən deyəcəkləri söz: “Salam!” olacaqdır”.

Fövqəluca Allah günahkarlar üçün hazırlanmış cəzanı xatırlatdıqdan sonra, müti qullarını gözləyən mükafatlardan bəhs edir. Onlar bütün qəlbi ilə iman gətirmişdilər və dinin tələblərini həm sözdə və həm də əməllərində yerinə yetirirdilər. Buna görə də, onlar mümkün olan hər növ gözəlliklərin və hər zövqü-səfanın zəmləşdirildiyi Cənnət bağlarına girəcəklər. Onlar orada gözlərin görmədiyi, könüllərin eşitmədiyi, hətta insan qəlbinin təsəvvürünə belə gətirmədiyi şeylər tapacaqlar. Onlar orada əbədi qalacaqlar, lakin bu, onların gücü və qüdrəti sayəsində deyil, Allahın gücü və qüdrəti sayəsində baş verəcəkdir. Onlar orada bir-birini “Salam!” və digər ən füsunkar sözlərlə qarşılayacaqlar.

(14.24) “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir”.
(14.25) “O, Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət aldılar”.

“Gözəl söz” adı altında Allahdan başqa ilah yoxdur şəhadəti və bu ifadədən irəli gələn hər şey nəzərdə tutulur. Onlar, kökü yerin dərinliyinə gedən, gövdəsi isə göyə sarı ucalan xurma ağacına bənzəyir. Bu ağac daima insanlara çox böyük verir və Allahın iradəsi ilə insanlar il boyu onun meyvələrindən ləzzət ala bilirlər. Eyni şeyi haqq iman ağacı haqqında da demək olar. Onun kökləri isə biliklər və qəti etiqad sayəsində insan qəlbində rişə atıb möhkəmlənir. O ağacın qol-budaqları gözəl sözlər, xeyirxah əməllər, Allahın bəyəndiyi əxlaq və gözəl rəftardır. Bu sözlər və əməllər daima səmaya qalxır və Allaha doğru yüksəlir. Onlar haqq din ağacının bəhrələridir və nəinki möminin özünə, həm də onun ətrafındakılara da fayda verirlər. Allah bu hikmətli məsəlləri insanlar üçün ona görə çəkir ki, onlar öz Rəbbinin hökm və qadağaları üzərində düşünsünlər. Hikmətli məsəllər, insana, onun hissiyyat orqanları vasitəsilə qavraya bildiyi əşyaları müqayisə etmək yolu ilə mücərrəd anlayışların mənasını aydınlaşdırmağa imkan verir. Onlar, Fövqəluca Allahın məhz nə demək istədiyinin mənasını insana ən mükəmməl tərzdə çatdırmağa qabildir. Bu isə, öz növbəsində, Allahın rəhmliliyinə və Onun Öz qullarını necə gözəl üsulla öyrətməsinə dəlalət edir. Həqiqətən, O, ən mükəmməl və ən əzəmətli həmdə layiqdir!

(14.26) “Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən faydasız bir ağaca bənzəyir”.

Tövhid şəhadəti və onun mömin müsəlmanın ürəyində kök salması haqqında xatırlatdıqdan sonra, Fövqəluca Allah kafirlik və onunmüxtəlif təzahürlərini əks etdirən sözlər haqqında xəbər verir. Onlar acı balqabağa
(Rus mətnində - ????????? (bu balqabağabənzər bitki Avropa ölkələrində acı xiyar, acı alma və s. adlarla da adlandırılır). F.S.) və ya digər oxşar bitkilərə bənzərdir. Bu bitki onu saxlaya biləcək dərin köklərə malik deyil və normal meyvəsi də olmur. Onun meyvələri yetişdikdə isə, onlar onsuz da pis dad verir. Eyni şeyi kafirlik və itaətsizlik haqqında da demək olar. Kafirliyin onu sarsılmaz edə biləcək kökləri yoxdur, amma onun meyvələri isə təkcə yaramaz sözlər və səfeh əməllərdir ki, insanlara həmişə ziyan vurur. Kafirlik, Allaha yüksələn və insanın özünə və ətrafındakılara fayda verən xeyirxah əməllər gətirmir.

(14.27) “Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Zalımları isə Allah sapdırar. Allah istədiyini edər”.

Fövqəluca xəbər verir ki, O, bütün varlığı ilə haqq dinə bağlanan və bunu xeyirxah əməlləri ilə təsdiq edən qullarını qullarını həm bu dünyada və həm də ölümdən sonra müdafiə edir. Onlar şübhələrlə rastlaşdıqda, Fövqəluca Allah o saat onlara qəti etiqad bəxş edir. Onlar alçaq ehtiraslarla rastlaşdıqda isə, Allah onları Özünün razı qaldığı şeylərə üstünlük vermələri və öz istəklərindən əl çəkmələri üçün sarsılmaz niyyət əta edir. Allahın dünya həyatında köməyi belədir. Axirətdə isə Allah möminlər ölümlə görüşəndə onlara yardım göstərir. Allah onlara İslam dini çərçivəsindən kənara çıxmamağa və ölümü ləyaqətlə qarşılamağa kömək edir. Onlar artıq qəbirdə olanda Allah onlara mələklərin suallarına düzgün cavab vermələrinə kömək edir. Onlar belə soruşurlar: “Rəbbin kimdir? Hansı dindənsən? Peyğəmbərin kimdir?” Bu köməyin sayəsində möminlər verilən sualları cavablandırır və deyirlər: “Rəbbim – Allahdır! Dinim – İslamdır! Peyğəmbərim isə Muhəmməddir!”
Zalım günahkarları isə Allah həm bu dünyada və həm də ölümdən sonra düz yoldan azdırır. Allah onlarla ədalətsizcəsinə davranmır, çünki onlar özləri özlərinə qarşı ədalətsizlik edirdilər. Bu ayə qəbirdə imtahana çəkilməyin və həmçinin insanları qəbirlərdə gözləyən cəza və səfanın doğruluğunu təsdiq edir. Bunu həmçinin Muhəmməd Peyğəmbərin (s.ə.s.) ölümdən sonra ta Qiyamət gününədək qəbirdə imtahan keçiriləcəyi, cəza və səfanın necə olacağı barədə çoxsaylı hədisləri də təsdiq edir.

(14.28) “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyənləri görmürsənmi?”
(14.29) “Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis məskəndir”.

Fövqəluca açıq-aydın bildirir ki, Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməkdən imtina edən qureyşliləri hansı tale gözləyir. Allah onlara, mərhəmət göstərərək, Öz elçisini göndərmişdi. O (s.ə.s.) onlara bu dünyada ikən və ölümdən sonra necə fayda əldə etmək, hər iki dünyada istənilən şərdən xilas olmaq yolunu göstərmişdi, lakin onlar bu mərhəməti rədd etmiş, ona iman gətirməkdən boyun qaçırmış və ondan zövq almağı özlərinə rəva görməmişdilər. Bundan başqa, onlar bu mərhəmətdən bütün başqalarını da çəkindirmiş və öz xalqını Cəhənnəmdə əzaba məhkum etmişdilər. Onlar bir çox başqa insanların da azğınlığa düşməsinə səbəb olmuş və öz xalqının lənət mücəssəməsinə çevrilmişdilər, çünki insanlar onlardan xeyirdan başqa bir şey gözləmirdilər. Bunun nümunəsi kimi Bədr döyüşünü göstərmək olar. Kafir ağsaqqallar qəbilədaşlarını Allahla və Onun Elçisi (s.ə.s.) ilə döyüşə ruhlandırırdılar və nə baş verməliydisə, o da baş verdi. Bu döyüşdə qureyşlilərin çoxsaylı pəhlivanları və rəhbərləri məhv oldu. Onların yurdu alovpüskürən Cəhənnəm oldu və o alov onları hər tərəfdən əhatə edəcəkdir. Bu məskən necə də dəhşətlidir!

(14.30) “Onlar insanları Allah yolundan sapdırmaq üçün bütləri Ona tay tutdular. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”.

Onlar Allahla yanaşı bütlərə də ibadət edirdilər, insanları da belə etməyə çağırırdılar və bu minvalla onları Allahın yolundan azdırırdılar. Onlar öz kafirliyi və azğınlıqlarından çox da zövq ala bilməyəcəklər! Onların dini onlara heç bir fayda gətirməyəcək, çünki onların yolu Cəhənnəmə aparır. Bu sonluq necə də mənfurdur!


Tarix: 18.04.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 467 Bölmə: Sureler