beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İBRAHİM SURƏSİNİN ŞƏRHİ 46-52

(14.46) “Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildi”.

Kafirlər Allahın elçiləri ilə mücadilədə hiyləgərlik edir, arzu və imkanlarına uyğun fitnələr törədirdilər. Lakin onların fitnələri Allaha çox gözəl məlum idi və O, mürtədlərə mane olmaq hakimiyyətinə malikdi. Buna görə kafirlərin fitnəkarlıqları özlərinə qarşı çevrilirdi. Fövqəluca buyurur: “...Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar...” (Fatir, 35/43).
Allahın elçilərini və haqqı inkar edən kafirlərin fitnəkarlıqları o dərəcədə məharətlə qurulurdu ki, onlarla nəhəng daqları yerindən tərpətmək olardı. Bununla əlaqədar Fövqəluca hətta belə buyurur: “Onlar böyük bir hiylə işlətdilər” (Nuh, 71/22). Bu hiyləgərliklərin ağırlığını dəyərləndirmək mümkün deyil, lakin Fövqəlqüdrətli Allah onların hamısını mürtədlərin özlərinə tərəf yönəltdi. Belə aqibət Allahın elçilərinə müqavimət göstərənlərin, yalanı müdafiə edənlərin və haqqa qarşı vuruşanların hamısını gözləyir. Onların məkrli niyyətləri onlara heç bir fayda verməyəcək və Fövqəluca Allah heç vəch ilə ziyan vura bilməyəcək. Amma onlar kafirlərin özlərinə düzəldilməsi mümkün omayan zərər yetirəcəkdir.

(14.47) “Allahın Öz elçilərinə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən, Allah Qüdrətlidir, intiqam almağa qadirdir”.

Fövqəluca Öz elçilərini və onların sadiq ardıcıllarını xilas etməyə və onlara əbədi səadət bəxş edəcəyini və həmçinin onların düşmənlərini məhv edəcəyini, onları bu dünyada yardımından məhrum edəcəyini, Axirətdə isə amansız cəzaya məruz qoyacağını vəd etmişdi. Bütün bunlar mütləq baş verəcəkdir, çünki ən sadiq məxluqlar olan Allah elçilərinin özlərinin ağzından çıxmış haqq danışan Allahın vədi belədir. Bu qəbildən olan xəbərlər, xüsusilə, onlar Allahın hikmətinə, Onun qanunlarına və sağlam düşüncəyə tam uyğun gəldikdə, ən şərəfli rəvayətlərdən sayılır. Həqiqətən, heç bir şey Fövqəlqüdrət Sahibinə və intiqam almağa Qadir olana maneə ola bilməz!

(14.48) “O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar Tək olan, hər şeyə Qalib gələn Allahın hüzurunda duracaqlar”.

Ayədə bəhs olunan gün - Qiyamət günüdür və o Gün yer başqa yerlə, göylər də digər göqlərlə əvəz ediləcək. Bu o deməkdir ki, onların keyfiyyəti dəyişəcək, halbuki, əslində, bu elə bunlar elə həmin göylər və həmin yer olacaqdır. Qiyamət günü başlayanda yer tamamilə düz olacaq, dağları və yüksəklikləri öz üstündən atacaqdır. Heç kim onun üstündə hündürlüklər və dərinliklər görməyəcək. Həmin gün baş verəcək dəhşətli sarsıntılardan göylər ərimiz metala bənzəyəcək və sonra Fövqəluca Allah onları Öz Əli ilə bükəcək. Bütün məxluqlar qəbirlərindən qalxacaq və geniş meydanda toplanacaqlar ki, heç kim Vahid və Qüdrətli Allahın nəzərindən yayına bilməsin. O tək Özü əzəmətli adlara və kamil sifətlərə malikdir. O böyük əməlləri təkbaşına həyata keçirir. Bütün aləmlər tək Ona tabedirlər. Tamamilə bütün məxluqlar Onun hakimiyyəti altındadır və Onun iradəsindən asılıdırlar və heç kim Onun izni olmadan hərəkətə gəlməyə və ya dayanmağa qadir deyildir.

(14.49) “O gün günahkarları zəncirlənmiş görəcəksən”.
(14.50) “Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir”.

Qiyamət günü Allaha tez-tez itaətsizlik göstərən və günahkar adına layiq olanlar odlu zəncirlərlə buxovlanacaqlar. Onları ən alçaldıcı və ən dəhşətli tərzdə Cəhənnəmə tərəf qovacaqlar. Cəhənnəm alovu onlara qarşı amansız olacaq və buna görə onların geyimləri qətrandan olacaq və onlardan iyrənc v murdar iy yayılacaq. Onların üzləri hər tərəfdən alovlanan odla əhatə olunacaq. Əgər nəzərə alsaq ki, üz insanın bədəninin ən görkəmli bir hissəsidir, onda gör Cəhənnəm əzabkeşlərinin bədənlərinin digər hissələrinin vəziyyəti necə olacaqdır? Allah onlarla ədalətsizlik etmir, çünki onlar təkcə öz məllləri ilə layiq olduqları cəzanı alacaqlar. Elə buna görə, sonra Fövqəluca Allah buyurur:

(14.51) “Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir”.

Hər bir insan ədalətli əvəz alacaqdır: yaxşılığa yaxşılıq və pisliyə pislik. Rəbbin bir qərarı belə qərəzli və ya ədalətsiz olmayacaqdır. Həqiqətən, Allah ədalətli intiqamı çox uzatmır. Bu barədə Fövqəluca buyurur: “İnsanların haqq-hesab vaxtı yaxınlaşmışdır, onlar hələ də qəflət içində üz döndərirlər” (Ənbiya, 21/1).
Bir başqa şərhə görə, təfsir etdiyimiz ayənin mənası ondadır ki, Allah hökm çıxaranda ləngiməyəcək. O, bütün insanları, onlara azuqə bəxş etdiyi və onların işlərini idarə etdiyi kimi, eyni zamanda cavabdehliyə çağıracaq. Bir işlə məşğul olması Ona eyni zamanda başqa işlərlə məşğul olmasına mane olmur. Həqiqətən, şan-şöhrət sahibi olan Allah üçün bu heç bir çətinlik yaratmır.
İnsanlara bu Quran həqiqətlərini izah etdikdən sonra Fövqəluca Allah Müqəddəs Quranı tərifləyir və buyurur:

(14.52) “Bu Quran, insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”.

Bu Kitabın sayəsində insanlar haqqı tanıyır və böyük yüksəkliklərə nail olmaq və ecazkar nemətlər əldə etmək üçün zəruri olan hər şeyin ehtiyatını tuturlar. Bu Kitab dinin əsas və fərdi məsələlərini izah edir, Allahın qullarının bilməyə ehtiyac duyduqları müxtəlif elmlərə işıq saçır. Quran ayələrinin köməyi ilə insanlar bir-birilərini Allahın itaətdən çıxan qullar üçün hazırladığı pis əməllərdən və cəzalardan xəbərdar edirlər. Quranın sübut və dəlilləri sayəsində insanlar öyrənirlər ki, Allah Vahid Rəbdir və bununla da bu sarsılmaz həqiqətə şübhə etməkdən vaz keçirlər. Ağıllı insanlar Quran ayələrindən öyrənirlər ki, onlara fayda verən və zərər vuran nə ola bilər. Onlar faydalı işlər görür və zərər vuran şeylərdən uzaq dururlar və buna görə onları haqlı olaraq müdrik və uzaqgörən insanlar adlandırırlar. Məhz Müqəddəs Quran onların biliklərini artırmış və onları parlaq təfəkkürlü şəxsiyyətlər etmişdir, çünki təkcə Quran ayələri yüksək əxlaqa və saleh əməllərə dəvət edir və öz doğruluğunu inkaredilməz sübutlar və anlaşıqlı dəlillərlə təsdiq edir. Əgər insan həmişə bu müdrik prinsiplərə istinad edərsə, onda o, daima ucalacaq və yeni-yeni gözəl keyfiyyətlər əldə edəcəkdir. Buna görə isə həmd təkcə aləmlərin Rəbbi olan bir Allaha məxsusdur!


Tarix: 18.04.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Sureler