beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gencliyin Sirri

Bir vaxtlar yaşı 90-a çatan, ancaq 90-dan (bəlkə də, 60-
dan) gənc görünən bir adam yaşayırdı. Ətrafındakılar
onu çox sevir və tez-tez: “Bu gəncliyin sirri nədir?” –
deyə soruşurdular. Qoca isə hər dəfə bu sualı eşidəndə
gülürdü. Ancaq bu suallar get-gedə çoxaldı və qoca bu
suallara cavab verməyi qərara aldı. Ancaq bu suallara
ən asan necə cavab verə bilərdi? Əlbəttə ki, ən yaxşısı
onları evinə yeməyə dəvət etmək idi. Nəhayət, bir gün
qoca onların hamısını evinə yeməyə dəvət etdi. Üstəlik,
hamısına: “Bu yeməkdə sizə sirrimi açacağam,” – dedi.
Nəhayət, o gün çatdı. Yeməklər yeyildi, çaylar içildi,
söhbətlər edildi. Artıq vaxt da xeyli gec idi. Ancaq qoca
hələ də gəncliyinin sirri barədə bir kəlmə də deməmişdi.
Hamı, “Görəsən, bu sirr nə vaxt açılacaq”, – deyə
maraqla gözləyirdi. Bu vaxt qoca üzünü xanımına tutdu
və:
- Xanım, get anbardan bizə bir qarpız gətir, – dedi.
Xanım dərhal ayağa qalxdı və “qaşla göz arasında” bir
qarpız gətirdi. Qoca əli ilə qarpızı yoxladı və sonra da:
- Xanım, deyəsən, bu kaldır. Get, bizə başqa bir qarpız
gətir!.. – dedi.
Xanım bu qarpızı götürdü və yerinə başqa bir qarpız
gətirdi. Qoca onu da əli ilə yoxladı və yenə də:
- Xanım, sənə zəhmət olacaq ancaq, deyəsən, bu qarpız
da kaldır. Get, bizə başqa bir qarpız gətir!.. – dedi…
Və beləcə qoca bunu dörd dəfə təkrarladı. Nəhayət,
qoca beşinci qarpızı bəyəndi və kəsəndən sonra
qonaqlara payladı. Hamı qarpızını iştaha ilə yeyirdi ki,
bizim qoca dedi:
- Həəə qardaşlar, bax mənim gəncliyimin sirri budur!..
Hamı bir-birinin üzünə baxdı. Və təbii ki, heç kim heç
nə başa düşmədi. Və hamı bir ağızdan:
- Axı sirr bunun harasındadır?! – dedi.
Qoca güldü:
- Qardaşlar! – dedi. – O gördüyünüz qarpız anbarda bir
dənə idi. Mən xanıma “get başqa qarpız gətir” dedikcə o
da anbara gedir və yenə də o qarpızı gətirirdi. Bir dəfə
də olsun: “Anbarda bir qarpız olduğunu bilirsən, bəs
niyə mənə bu qarpızı daşıtdırırsan?” – demədi. Məni
sizin qarşınızda utandırmadı. Bax, mən bütün gəncliyimi
bu xanımıma borcluyam. Biz heç vaxt bir-birimizi
başqalarının yanında çətin vəziyyətə salmadıq. Biz heç
vaxt bir-birimizin sirlərini başqalarının yanında
açmadıq. Həmişə bir-birimizə kömək etdik. Həmişə bir-
birimizə dayaq olduq. Bir-birimizlə bağlı
problemlərimizi yenə bir-birimizə danışdıq. Yaxşı
günümüzü də, pis günümüzü də yenə bir-birimizlə
bölüşdük…
Mənbə: Ailəm jurnalı


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Sevgi varmı?