beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SSSR(Mütləq Oxuyun)

Sözün həqiqi mənasında sovet hökuməti mövzusunda mübahisə etmək mənim üçün din mövzusunda mübahisə etmək qədər əzablıdır. Əsəb korlanır, enerji tükənir, münasibətlər pozulur, ən pisi də odur ki, hər kəs öz fikrində qalır. Amma bəzən qəzet səhifələrində, televiziya ekranında sovet hökuməti haqda elə sözlər eşidib, elə sözlər oxuyursan... Adam daha özünü saxlaya bilmir. Əgər sovet hökuməti həmin adamların doğulduğu kəndlərdə məktəb tikməsəydi, hələ də qoyun otarırdılar. Özü də həyətlərinin qoyunlarını yox, başqasının qoyunlarını. Səhv etmirəmsə, Mehriban Vəzir "Bakı-Xəbər" qəzetinə verdiyi müsahibəsində maraqlı bir fakt açıqlamışdı. Sən demə, Mehriban xanımın nənəsi ərə gedəndə səkkiz kəndi ər evinə cehiz aparıb. Təsəvvür edin bir anlıq. Səni öz daxmanla bir yerdə bir qızcığaz ər evinə cehiz aparır. Biz yenə də həmin münasibətlər sisteminə qayıtmaqdayıq. Bu gün rayonlarda adamlar utanmadan, çox rahat şəkildə deyirlər ki, bu rayon filan nazirin nəzarətindədir. Hələ çox şeylər baş verəcək. Mən səbirsizliklə Bakı küçələrində bir harınlamış adamın bir köləni it əvəzinə, boynuna xalta taxıb gəzdirməsini gözləyirəm. Qapalı yerlərdə bu kimi əyləncələrlə məşğul olanlar var. Qalıb küçələrə çıxması. Sinfi düşmən, sinfi münasibət o qədər də boş söhbət deyil.

Nostalgiya, yoxsa həqiqət?

Azərbaycanda nostalgiyanı həqiqətdən, sözün düzünü natamamlıq kompleksindən ayırmaq çətindir. Sən həqiqəti deyirsən, gözünlə gördüyünü danışırsan adını nostalgiya qoyurlar. Yaxud hansısa çatışmazlığı qələmə alırsan, "sən natamamlıq kompleksindən əziyyət çəkirsən",- deyirlər. Mən orta məktəb şagirdi idim. Əyalət. Darvazanın zəngi çalınır. Çıxıram bayıra. Poçtalyondur. Qol çəkirəm hansısa qaiməyə. Adam mənə jurnal verir. Abunə yazıldığım "Göyərçin" jurnalını. Yaxud "Pioner" qəzetini. Yaşlı bir kişi mənə görə qapımıza gəlib. O, mənim adımı, soyadımı bilir. Mən sənədə qol çəkirəm. Mən fərdəm. Mən məktub yazıram. Mənə məktub gəlir. Bəli, indi elektron ünvanlar var. Sizə bu cümlələr gərəksiz görünə bilər. Amma, lütfən, zamanı unutmayın. Əlbəttə, əgər bir insan beton zavodunda mühəndis işlədiyi zaman oğurladığı sementdən, artmaturdan, daşdan, kəsəkdən danışıb sonra sovet hökumətini dağıdanları, konkret Qorbaçovu lənətləyirsə, hər şeydən əvvəl o adamın özü lənətə layiqdir. Daş, sement, armatur oğurlayıb indi Yesentuki, Kislovodsk xatirələrini danışanlara lənət olsun!

Üç əsas səhv

Sovet hökumətini tənqid edən adamlar üç əsas məsələni unudaraq üç böyük səhv buraxırlar; 1. Azərbaycan xalqının bugünkü vəziyyətini görüb, əsrin əvvəllərində baş vermiş hadisələr haqda danışmaq kökündən yalnışdır. Qara Qarayevlə fəxr edib sovet hökumətini söyən adamları başa düşə bilmirəm. Qara Qarayev sovet bəstəkarıdır. Nəhəng imperiyanın yetişdirdiyi nəhəng bəstəkardır. Yəni bir toplum olaraq Azərbaycan xalqı da bir sovet məhsuludur. Bu xalqın formalaşması sovet dövründə başlayıb. Bu xalqı hərə bir cür çağırırdı. Türk, tatar, monqol, müsəlman. Nəhayət, sovet hökuməti ortada adsız qalmış camaata bir ad qoyub onun tarixini yazdı, mədəniyyətini, pis-yaxşı musiqisini yaratdı. 70 il ərzində bu camaatın həyatında o qədər hadisələr baş verib ki, sovet düşmənləri əsrin əvvəlində bizim nə vəziyyətdə olduğumuzu təsəvvür edə bilmirlər. Bu adamlara Mirzə Cəlili, Haqverdiyevi oxumaq tövsiyyə olunur. Az sayda yaşayış məntəqələrini saymasaq, belə bir mənzərə alınır; biz sovet hökumətinə qədər qəbilə halında yaşayırdıq. Adamların əksəriyyəti yerin üstündə deyil, altında, qazmalarda yaşayırdı. Sovet hökuməti zamanı adamları yerin üstünə çıxartdılar. Kəndlər, qəsəbələr salındı, məktəblər, bağçalar və kitabxanalar tikildi. Təsəvvürlərini əsrin əvvəlinə kökləyə bilməyən adamlar, lütfən, Andrey Platonovun "Can" romanını, böyük bəstəkar D.Şostakoviçin xatirələrini oxusun. Bəli, məsələyə digər yandan yanaşsaq, sovet hökumətini qınamaq mümkündür. Belə ki, sovet hökuməti qəbilə halında yaşayan Orta Asiya, Qafqaz xalqlarının təbii halına müdaxilə etdi. Görünür, bu xalqlar üçün məktəb, konservatoriya, filarmoniya tikmək, kinostudiya yaratmaq böyük səhv imiş. Adamların təbii halına toxunan lənət qazanar. Və dəyişmək istəyəni sonra böyük bəlalar gözləyir. Yaradıcılıqda peyğəmbərlik çox önəmli faktordur. Platonovun peyğəmbərliyi çox dəhşətlidir. Heyran qalmamaq mümkün deyil. O, "Can" romanında bir Orta Asiya tayfasının tarixini yazıb. Can tayfası səhrada yaşayır. Qamış qabığı, çəyirtkə, böcək kimi şeylərlə qidalanır. Çoqotayev soyadlı bir kommunist tayfanın dağılmış nümayəndələrini bir yerə yığır. Halsız, gücsüz adamlara yemək bişirir. Onlara sabun, paltar paylayır. Yazıb oxumaq öyrədir. Tayfa üzvlərinin sifətinə qan gəlir. Yanaqları qızarır. Bir gün Çoqotayev yuxudan oyandığı zaman ətrafında heç kimi görmür. Bir təpənin üstünə çıxır. Görür ki, tayfa əhli bir-birinin əlindən tutub səhraya, çəyirtkə, böcək, qamış qabığı yeməyə gedirlər. Bu əsər əsrin əvvəllərində yazılıb. Məgər bu özbək xalqının tarixi deyil? Sovet hökuməti özbəklərə "pambıqçı" adı qoyub onların həyatına məna qatmışdı. Özbək cibində sovet pasportu Moskvada azad-asudə gəzirdi. Ən pis halda əli hər yerdən üzüləndə Moskvaya şikayət məktubu yazırdı. Sən demə, özbəyə İslam Kərimov lazım imiş. Ki, ürəyi istəyən adamı güllələsin, nəslini kəssin. Bu gün özbəklər Rusiyada yol süpürür, tualet təmizləyir. Ağacda, skamyalarda yatırlar. Onları dazbaşlar döyür, təhqir edir, öldürürlər. Onlar bu təhqirlərə dözməyə məcburdular ki, heç olmasa, müstəqil Özbəkistanda yaşayan uşaqlarına 50-100 dollar pul göndərə bilsinlər. Pambıq nə qədər qul əməyi sayılsa da, Rusiyada təhqiramiz formada tualet təmizləməkdən min dəfə yaxşıdır. 2. Sovet hökumətini tənqid edən adamlar çox böyük səhv buraxaraq, həmin hökuməti Avropa ölkələri ilə müqayisə edirlər. Kiçik bir müqayisə aparmaqla bu məsələyə aydınlıq gətirmək olar. "Araz" ali hazırlıq kursuna daxil olan adamın 80-90 faizinin universitetə daxil olmaq potensialı var. Yəni, bu adama bir az testin bicliklərini öyrətmək kifayətdir ki, imtahan zamanı özünü itirməsin, bilmədiyi suallara cavab yazmasın. Əgər "Araz" ali hazırlıq kursunu bitirən adamların 95-98 faizi universitetə qəbul olursa, bu, "Araz" hazırlıq kursunun göstəricisi, möcüzəsi deyil. Yəni, yuxarıda da qeyd etdiyimiz kimi, uşaqlar imtahan verib kursa daxil olurlar. Onların potensialı var. "Araz" ali hazırlıq kursunu şərti olaraq Avropa kimi qəbul edək. Deməli, Avropa məkanına daxil olan xalqlar müəyyən bir prosesi keçmiş xalqlardır. Biri də var ki, Natiq Güləhmədoğluna, biologiya müəlliminə, Bərdənin Soğanverdi, Sabirabadın Xəlfəli, Ağcəbədinin Muğanlı, Qəbələnin Mirzəbəyli, Tovuzun Köhnəqala kəndindən beş şagird veririk və deyirik ki, Natiq müəllim bu beş şagirdi universitetə hazırlasın. Diqqət edin. Bu tamam fərqli-fərqli situasiyalardır. Məsələ tam aydın olsun deyə təkrar edək. "Araz" ali təhsil kursunun universitetə hazırlaşdırdığı şagirdin özü universitetə 80-90 faiz qəbul olmağa hazırdır. Sadəcə, azacıq üstündə işləmək lazımdır. Və onun universitetə daxil olması "Araz" kursunun tam əzab-əziyyəti hesabına başa gəlmir. Natiq müəllim isə hər şeyi sıfırdan başlamalıdır. Yəni, universitetə hazırlaşdırdığı şagirdlər üçün hər şeydən əvvəl sinif, dəftər-qələm tapmalı, dərslik yazmalı, onlara oxumaq-yazmaq, diş yumaq, müəllimin, məktəbin, universitetin nə olduğunu öyrətməli, başa salmalıdır. Natiq müəllimi şərti olaraq, sovet hökuməti kimi qəbul edək. Deməli, Avropa məkanına daxil olan ölkələr müəyyən bir prosesi keçmişdi. Sovet hökuməti isə Orta Asiyanın, Qafqazın qəbilə halında yaşayan xalqlarına baş qoşmuşdu. Məhz bu baxımdan sovet hökumətini Avropa ölkələriylə müqayisə etmək kökündən yanlışdır, cığallıqdır. Ədalətsizlikdir. Kim bu şərhdən narazıdırsa, yenidən mövzuya qayıda bilərəm. 3. Sovet hökumətini tənqid edən adamlar çox yanlış olaraq ucqarlarda baş verən neqativ halları sovet hökumətinin ayağına yazırlar. Ucqarlarda baş verən neqativ hallar ucqarlarda yaşayan xalqların mentalitetindən doğurdu. Burda sovet hökumətinin heç bir günahı yox idi. Məsələnin bircə həlli yolu vardı. Qəbilələri tam qırmaq. Adam yoxdur, problem də yoxdur. Sovet hökuməti Azərbaycanda dörd min məktəb, on bir ali məktəb tikib. Bundan sonra "mənim ana dilimi sıxışdırıblar",- demək üçün adam ən azı həyasız olmalıdır. Nə Tiflisdə, nə Riqada, nə Vilnüsdə, nə də Tallində rus dilində danışmayan adamlara "çuşka" deməyiblər. Bu sırf Bakının, azərbaycanlıların problemi idi. Burda Azərbaycan dilində instituta daxil ola bilməyən adam, rus dilində kəkələyə-kəkələyə Rusiyada ən nüfuzlu institutlara daxil olurdu. Azərbaycan klassikləri yüz min tirajla çap olunaraq ən ucqar kənd məktəblərinə göndərilmişdi. Dil sıxışdırmaq istəyən hökumət "Səfillər", "Hərb və Sülh", "Sakit Don" kimi nəhəng əsərləri Azərbaycan dilinə çevirməzdi. "Səfillər" əsərinin Türkiyə kimi nəhəng ölkədə türk dilinə necə zülmlə çevrildiyi haqda qoy, Qan Turalı yazsın. Çox xahiş edirəm. Bəli, əgər sovet hökuməti olmasaydı, hələ də bir çox dünya klassikləri Azərbaycan dilinin yolunu həsrətlə gözləməkdə idi. Bunları görməmək üçün adam kor olmalıdır. Azərbaycan deyilən bir xalqın formalaşması rusların buraları fəth etməsiylə başladı. Azərbaycan deyilən bir xalqın fikir tarixi Axundovla başlayır. Axundovdan əvvəl nə olub, kim yaşayıb, şəxsən mənə bir qram da dəxli yoxdur. Deyilənə görə, Arazın o tayında canı canımızdan, qanı qanımızdan olan 24-30 milyon adam yaşayır. Hərə bir rəqəm deyir. Bəs, hanı onların Cəfər Cabbarlısı, Mirzə Cəlili, Haqverdiyevi, Hacıbəyovu, Qara Qarayevi... kinosu, teatrı... Yoxdu. Bu haqda heç düşündünüzmü? Düzdür, tarix "olardı", "olmazdı" sözünü sevmir. Amma rast ki, sovet hökumətini tənqid edən adamlar "ADR qalsaydı" notları üzərində nağıllar qurursa, mən də "olardı", "olmazdı" notları üzərində fikirlərimi yazmaq məcburiyyətində qalıram. Əgər ruslar Arazın bu tərəfini farsların caynağından qoparıb, bir mədəniyyətin yaranmasına şərait yaratmasaydılar, heç Azərbaycan Demokratik Respublikası da yaranmayacaqdı. Arazın o tərəfindəkilər isə hələ də ana dilində təhsil almaq uğrunda mübarizə aparırlar. Onlar hələ bizdən daha dirənişli, daha vuruşqandırlar.

Sovet senzurası

Sovet senzurasından danışan adamlar zəhmət çəkib o dövrdə çəkilmiş "Mozalan" kinojurnallarına baxsınlar. "Kirpi" jurnalın vərəqləsinlər. Nəhayət və nəhayət Şoloxovun "Sakit Don" əsərin oxusunlar. "Sakit Don" əsəri sovet senzurasından danışan adamlara ən layiqli cavabdır. Nəsə əlavə etmək artıqdır. "Sakit Don" əgər sovet hökumətinin ən güclü zamanında nəşr olunubsa, senzura söhbəti bitmiş hesab olunur. Yazmaq üçün böyük mövzulara böyük istedadla girişmək lazım idi. Kim yaza bilməyibsə, günahı özündə görsün. Hər halda müstəqillik illərində sandıqlardan heç nə çıxmadı. Sən demə, heç əvvəldən sandıq adlı bir şey olmayıbdır. Tam tərsinə, o zaman az-çox hörmət sahibi olanlar müstəqillik zamanı daha iyrənc, miskin duruma düşdülər. Onlardan o qədər iyrənirəm ki, heç adlarını belə yazmaq istəmirəm.

Ülgüc və saqqal

Dostum Hacı Zamin sovet hökumətinin necə əcaib bir hökumət olduğunu göstərmək üçün o dövrdə diş pastasının tapılmadığını, ülgücün qəhətə çıxdığını yazır. Bilmirəm. Mən ülgücdən 1995-96-cı illərdən bəri istifadə edirəm. O zaman artıq sovet hökuməti yox idi. Ona görə də dəqiq bir söz deyə bilmərəm. O zaman ülgüc tapılmasa da, (fərz edək ki, Zamin bəy yazan kimi olubdur) hər kəsin - müəllimin, həkimin, sürücünün, satıcının, balıqçının sifəti tərtəmiz idi. İndi müstəqil Azərbaycanın hər köşkündə, mağazasında ülgüc satıldığı halda, saqqallıların sayı günü-gündən artmaqdadır.

Müəllif: Seymur Baycan


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 398 Bölmə: Sevgi varmı?