beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyat Ve Olum

Nədir həyat?- bu suala ən yaxşı cavabı söz dühaları verə bilər. “Varlığım mənim üçün daim bir möcüzədir. Həyat da elə budur ki, var. (R.Taqor) Həqiqətən də öz mənini dərk edən, özü-özünü tanıyan insan ən böyük nəaliyyətə çatmışdır. Öz ruhunun dərinliklərinə baş vur, səni nələr qarşılayacaq, nələrlə rastlaşacaqsan..... və o zaman həyatının mənasını anlayacaqsan... Həyatın mənası? Bu nə anlayışdır? Həyatın mənası dedikdə nə başa düşürsən?Bir gün doktor Papaderosdan soruşurlar həyatın mənası nədədir? – Biz çox kasıb idik, uzaq bir qəsəbədə yaşayırdıq. Bir dəfə mən yolda qırılmış güzgü parçaları tapdım. Mən bütün parçaları yığıb birləşdirməık istəyirdim, amma bu mümkün deyildi, odur ki, ən böyük parçanı seçib özümə götürdüm. Mən onu daşa sürtə-sürtə dairəvi şəklə saldım. Sonra da onunla oynamağa başladım: bu güzgü parçasında məni özünə cəlbedən şey o idi ki, mən onun köməyi ilə heç vaxt işıq görməyən qaranlıq güşələrə-dərin oyuqlara, zülmət kahalara işıq sala bilirdim.Yaşa dolandan sonra anladım ki, bu sadəcə bir oyun deyilmiş, mənim həyatda edə biləcəyim işlərin timsalı imiş. Mən başa düşürdüm ki nə işığam nə də ki işıq mənbəyi. Amma işıq-həqiqət, idrak, bilik-mövcuddur və əgər mən onu əks etdirə bilsəm, bir çox qaranlıq güşələrə işıq saçmış olaram. Mən inanıram ki, malik olduğum şeylərlə bu dünyada nəyi isə dəyişdirə bilərəm. Bəlkə başqaları da bunu görüb bu cür hərəkət etməyə can atacaq. Bax, mən bunun üçün yaşayıram. Mənim həyatımım mənası budur”. Bəli həqiqətən də həyetın mənası kiminsə qəlbini işıqlandırmaq, həyatda xoş izlər buraxmaq, həyatı, özünü dərk etməkdi. Belə bir deyim də var: “Özünüz özünüzü dərk etmirsinizsə, tanımırsınızsa Allahı da tanıya bilməzsiniz”. Həyatı cahil və nadan yox şüurlu yaşamaq lazımdır. Ədaləti anlamaq, sevmək, gözəlliyi duymaq, daim irəliyə baxmaq, çalışmaq- budur həyatın məqsədi.

Nədir ədalət?- Ədalət olmayan yerdə azadlıq olmaz. Azadlıq olmadıqda isə həyat anlamını itirir. Bəs sevgi?- Sevgi bizim hislərimizdən biri kimi yox, bütün həyati mənafeyimizin özümüzdən başqasının ixtiyarına köçürülməsi, şəxsi həyatımızın mərkəzinin özünün yerdəyişməsi kimi əhəmiyyət kəsb edir. Sevgi ölümdən və ölüm qorxusundan daha güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir. Torpağın altına aparan yolda insanın əsəs əməli çalışmaqdır. Çalışmaq, irəliyə baxmaq, yaratmaq... Ən böyük həqiqət əməkdir. Yaratmaq ölümü öldürmək deməkdir. Əsil sevinc zəhmətdən sonrakı istirahətdir. Bəs bu vaxtı məlum olmayan yolculuqda insanın ən çox arzuladığı xoşbəxtlik nədir? Hər kəsin öz xoşbəxtlik qavramı var. Mənim fikrimcə xoşbəxtlik çətin, mübarizəli həyat yolunda arada dayanıb rahatca sinəyə çəkilən nəfəsdir. Bu barədə danışanda məşhur fransız filosofu Alber Kamyunun “Sizif” haqqında əsatiri yadıma düşür. “Allahlar Sizifi nəhəng bir daşı gecə-gündüz dağ başına qaldırmağa məhkum etdilər. Daş isə hər dəfə ordan təzdən aşağı diyirlənirdi. Allahlar əbəs yerə bu cəzanı seçməmkişdilər. Bilirdilər ki bu heç vaxt qurtarmayan və heç bir səmərəsi olmayan bir işdən ağır cəza olmaz. Gəlin Sizifi düşünək. Nəhəng daşı yerindən tərpətmək üçün son həddə qədər gərilmiş əzələlər, daşı yuxarı qaldırmaq və təzədən onunla birgə aşağı yuvarlanmaq və yüz dəfə dönə-dönə bu işi təkrar etmək..... Mən bu adamın ağır, nizamlı addımlarla öz bitib-tükənməyən əzablarına doğru necə addımladığını görürəm. Əgər o hər dəfə öz məqsədinə çatacağına ümid etməsəydi, onun əziyyəti də bu qədər sonsuz olmazdı. Elə zirvəyə hər dəfə çatmağın özü onu xoşbəxt etmək üçün kifayətdir. Və sonda.... Son elə son haqqındadır. Yəni...Ölüm. Dədə Qorqud onu bizə belə tanıtdı: “ Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya. Ondan qorxmaq lazım deyil. Yoxsa yaşamağa dəyməz. Amma... "Göydə ol, yerdə ol fərqi yox bunun Torpaqsan, yenə də torpaqdır sonun."


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 264 Bölmə: Sevgi varmı?