Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güvənc, Inam, Mübarizə Və ümid..

Ümid varkən ümidsüzcəsinə yaşamaq, yoxsa ümid yoxkən ümidlə yaşamaq? Bu sual ilə bir çox insana müraciət etdim və hər kəsdən də demək olar ki eyni cavabı aldım. Ümid yoxkən ümidlə yaşamaq. Axı ümid olmaya-olmaya necə ümidlə yaşaya bilərsiniz sualıma cavabları belə oldu ki, ümid olmadan insan yaşaya bilməz. Ümidin bitdiy an həyatının bitdiyi deməkdi. Bir nəfər isə Lev Tolustoyun ümid haqqında söylədiyi gözəl fikirlə sualıma cavab verdi. Lev Tolustoy belə söyləyib: “Ümidi öldürmək insanı öldürməkdən çətindir”. Dərindən düşündükdə görürsən ki, həqiqətən də ümidi öldürmək çox çətindir. Nəyinsə olmayacaqını bildiyin halda yenə də ürəyinin dərinliyində ümid işığı olur. Düşünürsən ki, bəlkə də nə zamansa düzələcək. Lakin bu istəyin imkansız olduğunu da bilirik. Ancaq yenə də bu düşüncələrdən əl çəkə bilmirik. Nə qədər çalışsaq da bu düşüncələri fikrimizdən, xəyallarımızdan çıxarıb ata bilmirik. Daha dəqiq desək özümüzlə bacarmırıq. Bəlkə də bu düşüncələr bizlərə bir növ yaşam sevinci, həyatla mübarizə aparmaq gücü verir, o düşüncədən əl çəkməyi özümüz istəmir və nə zamansa düzələcəyinə ümid edərək yaşamağa davam edirik.







Bəzən həqiqətən də istəyimizin, arzumuzun həyata keçməyəcəyini bilə-bilə yenə də ümid edirik. Sanırıq ki, nə zamansa həyat bizlərin də üzünə gülümsəyəcək və ümidimiz boşa çıxmayacaq. Lakin mən deyərdim ki, ümidlə yaşamaqla bərabər eyni zamanda mübarizə də aparmalıyıq ki, istəyimizi həyata keçirə bilək. Atalar yaxşı deyib ki, halva halva deməklə halva bişib qarşımıza gəlmir. Gərək əziyyət çəkib hazırlayasan ki, sonda halvanı yeyə biləsən. Yəni demək istəyirəm ki, yalnız ümid edib yaşamaqla heç bir istəyimizi həyata keçirə bilmərik. Ümid etməklə yanaşı eyni zamanda da mübarizə aparmalı, hər hansısa əziyyətə qatlanmalıyıq ki istəyimiz həyata keçsin. İçərimizdə elə insanlar var ki, özlərinə hədsiz dərəcədə inanırlar. İnanırlar ki, mübarizə aparsalar ümidləri boşa çıxmayacaq. Bunun üçün də o şəxslər ümid etdikləri işin qarşısını kəsən bütün maneələrlə mübarizə aparırlar. Var gücləri ilə çalışırlar ki, istəklərini həyata keçirsinlər. Çox zaman onlar apardıqları bu mübarizənin mükafatını alırlar. Mən deyərdim ki, o insanların istəklərinin həyata keçməsinin ən böyük səbəbi özlərinə inam və mübarizə aparmaq güclərinin olmasıdır. Əgər insanın ağlı, özünə güvəni olsa hər şey edə bilər. Lakin ağılla, güvənlə, ümidlə bərabər, ən ön cərgədə mən deyərdim ki, özünə inam olmalıdır. Bizim özümüzə inamımız olmasa apardığımız mübarizə də, bəslədiyimiz ümidlər də boşa çıxar. Çalışmalıyıq ki, özümüzə inamı heç zaman itirməyək. Necə ki, ümidin bitdiyi an həyatın bitdiyini düşündüyümüz kimi, özünə inamı itirməyi də həyatını itirmək kimi bilməliyik.







Özünə inamla hər şey etmək olar. Hətta ən ağır xəstəlikləri belə müalicə etmək olar. Ən dəhşətli xəstəliklərə tutulan insanlar müalicə almalarına baxmayaraq bəziləri yaşayacaqlarına nə ümid edir, nə də ki, inanırlar. Həqiqətən də onlar həyatlarını qısa bir zaman içərisində itirirlər. Ancaq elələri də olur ki, müalicə almaları ilə bərabər özlərinə inanır, ümid edir, yaşamaq uğrunda mübarizə aparırlar və nəticəsini də əldə edirlər. O insanlara sən necə oldu ki, bu xəstəliklə başa çıxdın sualı ilə müraciət etdikdə cavabları belə olur: “mən aldığım güclü müalicələrlə yanaşı eyni zamanda özümə hədsiz dərəcədə inamım var idi. İnanır və ümid edirdim ki, yaşamaq uğrunda mübarizə aparsam mükafatımı alacağam və aldım da. Gərək özünə inamı və ümidi itirməyəsən”. Gördüyümüz kimi, inam hər şey deməkdir. Həyatda ümidlə yaşamaqla bərabər həm də inamla yaşamaq lazımdır. Əgər o insanlar özlərinə inamı itirib həyatdan əllərini üzsəydilər onların da taleləri digərləri kimi olardı. Hər birimiz çalışmalıyıq ki, özümüzə güvəni, inamı, həm də ki, ümidimizi itirməyək. Güvənc, inam, mübarizə və ümid. Bu dördlük deyərdim ki, biz insanların həyatının ən dəyərli sözləri olmalı, bunu bir etalon kimi, pozulmaz qanun kimi qəbul etməli və bu sözlərsiz həyatımızı bir an olsun belə təsəvvür etmədən yaşamamalıyıq. O zaman istəklərimizin həyata keçməsinə nail ola bilərik. Çünki, insan hər şeyə qadirdir.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi varmı?
loading...