beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir dəli sevdanın qurbanıyam mən
Bir dəli sevdanın qurbanıyam mən

Bir dəli sevdanın qurbanıyam mən,
Ürəyim həsrətdən od tutub yanır.
Üzümdə yalançı gülüşü görən,
Məni bu dünyanın xoşbəxti sanır.

Görəsən xəbəri varmı o kəsin,
Gecələr-gündüzlər nə çəkdiyimdən?
Təbəssüm olsa da dodaqlarımda,
İçimdə dərd biçib qəm əkdiyimdən...

Uçan durnalara bənzəyirəm mən,
Xəyalım yerləri, göyləri gəzir.
Gözlərim fikirdən hər gün yol çəkir,
Beynim xəyallardan nə yaman bezir...

Günahı kimsədə görməyirəm mən,
Olmuşam bir dəli sevdaya əsir.
Oturub xəyala dalarkən hərdən,
Bir isti yay günü əsirəm tir-tir.

Fikirlər, xəyallar üşüdür məni,
Deyəsən yetişib ömrün qış çağı.
Hələ də sinəmdə yeri qalıbdır,
Bağrımın başına çəkdiyin dağın...


Tarix: 29.04.2015 / 10:34 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Sevgi şerləri