beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belə Yaxşıdır

Uzatsam əllərim çatarmı sənə,

Bəlkə uzatmayım belə yaxşıdır.

Kainat sevincin satarmı mənə,

Tökülsə qəm-qüssəm selə,yaxşıdır.

Kənan AY :

Sevən könüllərə çəpər çəkilməz

Uzat əllərini belə,yaxşıdır.

Sevənə bu qədər də zülm edilməz,

Uzat əllərini mənə yaxşıdır.

Sevinc Arzulu :

Mənim öz sevdiyim,sənin öz sevdan

Dalğalar qoynunda batar eşq adan.

İstəməm olasan ayrılıq dadan,

Qoşulma hər fitnə-felə,yaxşıdır.

Kənan AY :

Mənim sevdam da sən,sevdiyim də sən,

Çətin ki məni anlaya biləsən.

Qəlbimdə deyilsən necə biləsən,

Bəlkə bilməyəsən belə yaxşıdır.

Sevinc Arzulu :

De necə gizlənim gözündən sənin,

Baş aça bilmirəm sözündən sənin.

Xəbərin varmıdır özündən sənin,

Bəyaz dən düşməsin telə,yaxşıdır.

Kənan AY :

Ağarıb saçlarım hicrindən sənin,

Büküb qamətimi ayrılıq mənim.

Heç zaman düşmürəm yadına sənin,

Yaxşısı elə budur,belə yaxşıdır.

Sevinc Arzulu :

Sənin sevgin məni ayaz eyləyib,

Fərəhim səmada pərvaz eyləyib.

Demə ki sevdiyin min naz eyləyib,

Əbədi qonağam belə,yaxşıdır.

Kənan AY :

Niyə söyləməyim doğru olanı,

Hər zaman sevmişəm nazlı olanı.

Heç zaman sevməmişəm mən yalanı,

Qonaqsan qəlbimdə belə,yaxşıdır.

Sevinc Arzulu :

Bil ki bu dünyanı tutub durmarıq,

Kədərin üstündə saray qurmarıq.

Şad gündə,düyündə badə vurmarıq,

Sağ ol,ay əzizim,belə yaxşıdır.

Kənan AY :

Bizim tək insandı dünyanı tutan,

Sevincini kədərdən üstün sanan.

Qəm-qüssəli anında badə vuran,

İçsək günah olar belə,yaxşıdır.


Tarix: 26.12.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Sevgi şerləri