beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedirsən

Gedirsən yolundan etməyim səni,
Bəlkə də yolunu gözləyənin var.
Arxanca gəlmərəm, güdmərəm səni,
Bəlkə də hər addım izləyənin var...

Arxanca boylanar qəmgin baxışlar,
Qıraqdan göz altı baxıb ağlaram.
Arxanca yenə də, inan gəlmərəm,
Rəsmini bağrıma sıxıb ağlaram...

Tənha dolaşaram dar küçələri,
Kölgəm də arxamca sürünər mənim.
Sizin məhlənizə yaxınlaşanda,
Yanımda yerin də görünər sənin...

Səni evinizə mən ötürərdim,
Daha, özgə biri ötürər səni.
Evindən məktəbə, məktəbdən evə,
Özgəsi aparıb, gətirər səni…

Bu yollar nələrin şahidi oldu,
Nələrin şahidi olacaq hələ.
Neçə ki, bu yolda, yol üstündəyəm,
Məni də təşvişə salacaq hələ…

Yol boyu bitməyən xatirələr var,
Sənin gedişin də xatirə oldu.
Barı heç olmuya arxana baxma,
Onsuz da gedişin canımı aldı…


Tarix: 25.11.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Sevgi şerləri