beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yagiw Yagir(((

Yenə həmən o söyüdün altındayıq...
Yağış yağır
narın-narın,
aram-aram...
Yadındamı, sənə o vaxt deyirdim ki,
"Yağışla heç yoxdur aram".
Qəribədir!
Sevmədiyim yağış indi
sənlə birgə olmağıma bəhanədir.
Bilirəm ki, gedəcəksən kəssə yağış.
Qoy kəsməsin!
Daniş, canım, yenə danış!
Unut umu-küsüləri,
tut əlimdən,
gözlərimdə qayna-qarış!
Mənlə barış!
Yağış yağır
narın-narın,
aram-aram...
Yarpaqlar da sırğa taxır
damcılardan.
Bu mehriban yağış üçün bulud
dolu səmalara,
Minnətdaram!
oğrun-oğrun
yanağıma damcılayan damlalara
minnətdaram -
Gizlədirlər "yağış" adlı göz yaşımı.
Qaldırmıram mən başımı,
hey boşalır-dolur gözüm...
İstəmirəm
əvvəlkitək səni üzüm...
İstəmirəm
əllərimi səndən üzüm...
Əbədilik heç nə olmur...
Bu yağış da necə olsa kəsəcəkdir...
Soyuq həsrət küləkləri əsəcəkdir...
Daha
yalnız xəyallarda
bu söyüdə daldalanıb duracağıq...
Ayrılığa səbəb olan "bəlkə"ləri
özümüzə dönə-dönə soracağıq.
Salxım söyüd dözməyəcək
dərdimizə,
çökəcəkdir.
Bizdən başqa bir kimsəyə
açmamaqçün
qucağını,
qollarını ta yerlərə əyəcəkdir,
bilə-bilə...
Amma hələ...
Yağış yağır
aram-aram...
narın-narın...
Hər damlası elə bil ki, göz yaşıdir
son görüşü olanlarin...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi şerləri