beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızcığaz

...Azacıq sus... nə olar..
Kirpiklərin danışsın...
Qoy seçsin baxışların
gözümü hədəf kimi.
Gözlərinin işığı gözlərimə qarışsın-
Baxışın gözlərimi bəzəsin sədəf kimi.

...Özü böyük...
arzusu böyüməyən qızcığaz
Dünya boyda qəfəsdə
çırpınan quş kimisən.
İlk sevgi yuxusundan ayılmayan qızcığaz
Nisgilli gözlərindən naləsiz, hıçqırıqsız
süzülən yaş kimisən-
Sən - bəyaz yuxulara gümüş yağış kimsən...

Nə ola... payız gələ...
Yağışlar yuya səni,
Çırpınıb, əllərimdən
uçasan yarpaq kimi.
Qopa bir dəli külək – uçura göyə səni,
Mənsə yazı gözləyim...
Tənha bir budaq kimi...

Üşüyəm həsrətindən...
isidən kəs olmasın,
Gözləyim budağımdan yarpaq
tək qopan qızı.
Bütün səslər tükənsin...
dünyada səs olmasın -
Bir yağış səsi qalsın,
bir yarpaq pıçıltısı.

...Sən nağıl xoşlayırsan?
Elə mən də nağılam -
Həsrət qapılarımı kəsdirib qarı kimi.
Yığma məni ovcuna, qorxuram ki, dağılam,
Sonrasa tapmayasan - itən mirvari kimi.

...Azacıq sus... nə olar...
dəlisovum, küskünüm...
Daha ömrümüzə də payız gəldi... qızcığaz.
Sevgi yuxularından yorulanım,
üzgünüm-
Heyf ötən günlərə...
nə gözəldi... qızcığaz.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Sevgi şerləri