Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görüş

Biz ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydı!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı!

Mən də bəxtiyaram,sən də bəxtiyar,
Bəs bu həsrət nədir, --bu məlal nədir?
Saxlama qoy gedim,
gözləyənim var,
Gedimmi?
Bir "hə" de, o sual nədir?

Dayanma qarşımda günahkar kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi
Sənin toyunu da alqışlamışam.

Bil ki, sevgilimdən sənə salam var,
İstəsən ərinlə qonaq gəl bizə.
Mənim ciyərparam bircə balam var,
Açar qapımızı əlbəəl sizə.

Niyə zilləmisən gözlərini sən?
Mənə əvvəlki tək baxma,amandır!
Mən ki, əl çəkmişəm məhəbbətimdən,
Qəlbimi odlara yaxma,amandır!

Peşiman olmağın nədir əlacı?
Yüz fikir bir borcu ödəməz indi.
Mən sənə qardaşam, sən mənə bacı,
İlk eşqə tapmısan bir əlac indi.
Yanmasın, ulduzum tez yanıb sönsə,
Vədəsiz şadlığı istəmərəm mən.
Özgənin eşqinə göz dikməkdənsə,
Həsrətin qoynunda can verərəm mən.
Sevcin, əziləyin, bir-birinizi,
Ayrılıq diləsəm dilim lal olsun.
Qolboyun, mehriban görəndə sizi
Mənim şair könlüm qoy xoşhal olsun.

Şirin söz eşitsəm dodağınızdan,
Bilin ki, sədası ürəyimdədir.
Gəlsə körpə səsi otağınızdan,
Hər xeyir-duası ürəyimdədir.

Pozmaram bir evin birliyini mən,
Görsəm ev yıxılır,gedib quraram.
Əl əldən soyusa, ürək ürəkdən,
Sizi eşqinizə qovuşduraram.

Gəl nə peşiman ol,nə qəlbini sıx,
Çətindir o günə qayıtmaq, çətin.
Əvvəli sevincdir, sonu ayrılıq, --
Taleyi gətirmir ilk məhəbbətin.

Qoy bu ürək sözüm getməsin hədər:
Məni sevirsənsə ismətini sev.
Mən öz sevgilimi sevdiyim qədər,
Sən də öz ərini qismətini sev!

ki,unutmuşduq ilk məhəbbəti,
Ah,bu qəfil görüş kaş olmayaydi!
Mənim gözlərimdə eşqin həsrəti,
Sənin gözlərində yaş olmayaydı..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Sevgi şerləri
loading...