beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN BAYRAMI HANSI GÜNDÜR?

Hər il olduğu kimi bu il də, bu bayramqabağı günlərdə müsəlmanları narahat edən əsas sual “Ramazan bayramı hansı gündür?” sualıdır. Hər il olduğu kimi bu il də müxtəlif tarixlər söylənilir və insanların bəzisi hansı günü bayram etmək çaşqınlığı içində qalır.

Təəssüf ki, bu problem tək Azərbaycan üçün aktual deyil. Hər il Ramazan ayının başlanması və başa çatması ərəfəsində ayrı ayrı ölkələr, din alimləri, cərəyanlar arasında bu məsələ ətrafında fikir ayrılığı olur. Müxtəlif ölkələr Ramazan ayının başlanması və bitməsini müxtəlif günlərə elan edir, hətta bir ölkə, bir məzhəb daxilində belə bu məsələ barədə müxtəlif rəylər səsləndirilir. Bu il də Ramazan ayının başlanması ətrafında fikirlər haçalandığı üçün müsəlmanların bir hissəsi Ramazan ayını avqustun 1-dən, bir hissəsi isə ayın 2-dən hesablamağa başladılar. İndi isə Ramazan bayramı günü ilə bağlı diskussiyalar gedir.

Bəs nə etməli və nəyə görə hər il belə hal baş verir?

İslamın ilk dövrlərində müsəlmanlar belə problemlərlə qarşılaşmırdılar. Müsəlmanlar Ramazan ayının başlanmasını, bitməsini və müsəlman təqviminin digər tarixlərini Peyğəmbər söylədiyi və etdiyi kimi təyin edirdilər – yeni ayın hilalının çıxmasını gözləyir, yeni ayın görsəndiyi gecənin səhərini isə qəməri təqviminin yeni ayı kimi hesablayırdılar.

İslam peyğəmbəri Ramazan ayının girməsinə və ya çıxmasına əminlik olmadığı və yeni ayın görsəndiyi barədə dəlil olmadığı təqdirlərdə Ramazan ayı orucu tutmağı və ya bayram etməyi qadağan edərdi.

Hətta müxtəlif yarımkürələrdə yaşayan müsəlmanlar ayın hilalını bir gün fərqi ilə görəndə, bu, onlar üçün problem yaratmır və hər region özünə uyğun oruc tutardı.

Sonradan astronomiya elm kimi inkişaf etdi və insanlar Ayın fazaları və bu fazalar zamanı nə baş verdiyi barədə dəqiq məlumatlar əldə etdilər. Məlum oldu ki, Ay Yer kürəsinin ətrafına bir ay ərzində bir dövrə vurur. Ay Yer kürəsinin əks tərəfində, yəni Günəşə nisbətdə Yerin tam arxasında olduqda onun yalnız qaranlıq hissəsi Yerə tərəf olur və məhz bu zaman Ay iki-üç gün Yerdən görünmür. Sonrakı günlərdə Ay yavaş-yavaş Yerin arxasından çıxır və öz traektoriyası ilə hərəkət etməyə başlayanda onun Günəş işığı düşən tərəfi Yerə tərəf çönməyə başlayır və bu zaman biz Ayın hilalını görməyə başlayırıq. Ay Yerin arxasından çıxıb hərəkət etdikcə onun daha çox işıq düşən tərəfi Yerdən görünməyə başlayır və biz günbəgün Ayın tədricən böyüdüyünü görürük, Ay tamamilə Yerin arxasından çıxdıqda Ay bədrlənmiş halda olur, belə ki bu zaman onun görünən tərəfinə tam işıq düşür. Sonra Ay yenidən tədricən Yerin arxasına keçməyə başlayır və bu zaman biz Ayın yenidən kiçildiyini müşahidə edirik. Ay tamamilə Yer kürəsinin arxasına keçdikdə o görünməz olur, yalnız işıq düşməyən qaranlıq tərəfi üzü Yerı olur. Beləcə bir qəməri ayı tamam olur və ayın yenidən “doğması” ilə yenisi başlayır.

Bütün bunları bildikdən sonra astronomlar yeni Ayın başlanmasının təyini üzrə öz prinsiplərini formalaşdırdılar. Belə ki, Günəş, Yer və Ayın bir xətt üzrə durduğu an köhnə ayın bitməsi, Ayın bu düz xətdən keçdiyi və hərəkətinə davam etdiyi sonrakı an isə yeni astronomik ayın “doğması” elan olundu. Zaman keçdikcə bəzi ölkələrdə hicri qəməri aylarını da bu prinsiplə müəyyən etməyi qərara aldılar. Belə ki, astronomların Ayın hərəkətini dəqiqəsindək hesablaya bildiyini nəzərə alaraq, bu prinsipin hər ay göydə yeni hilal axtarmaqdan daha səmərəli olduğunu hesab etdilər.

Lakin hər şey belə sadədirmi? İş orasındadır ki, Ay qeyd etdiyimiz xətdən keçdiyi və astronomların yeni ayın başlanğıcı hesab etdikləri həmin anlar Ay hələ Yer üzərində görünmür. Ayın hələ də gölgədə olan hissəsi üzü Yerə tərəf qalmaqda davam edir. Ay, yalnız Yerin qabağından çəkildiyiı, onun Günəş şüalarının düşdüyü hissənin Yerə tərəf çöndüyü və əks olunan işığın Yerə çatdığı andan sonra Yerdə görsənməyə başlayır. Buna isə 14-16 saatlıq bir zaman lazımdır.

Bu səbəbdən müsəlman alimlərinin bir qismi yeni ayın başlanğıcının müəyyən edilməsi ilə bağlı bu yeni prinsiplərlə razılaşmadılar. Onların fikrincə bu, Ayın hilalını gördükdə oruc tutub, yeni hilalı gördükdə bayram etmək barədə göstəriş verən peyğəmbər sünnəsi ilə ziddir. (İstər əhli-sünnə, istərsə şiə mənbələrində Peyğəmbərdən gələn rəvayələrdə hətta yeni ayın hilalını görmədikcə Ramazan niyyəti ilə oruc tutmağı qadağan edən göstərişlər var. Bəzi mənbələr hətta ayın buludlar səbəbindən görsənmədiyi hallarda Ramazan ayı 30 gün olmadıqca bayram etməyi qadağan edir)

Beləliklə də uzun illərdir ki, müsəlmanlar Ramazan ayını müxtəlif günlərdə başlayır və müxtəlif günlərdə bitirirlər, bəziləri astronomik hesablamalarla, bəziləri isə yeni Ayın hilalının nə zaman görsənməsi ilə.

Bundan əlavə yeni Ayın məhz harada görünməli olması ilə də bağlı fikir ayrılığı vardır – bəziləri hesab edir ki, Ay məsələn Cənub yarımkürəsində görsənərsə, bu, Şimal yarımkürəsində yaşayanlar üçün yeni ayın dəlili hesab oluna bilməz, bəzilərinə görə isə dünyanın hansı nöqtəsində Ay görünərsə, bütün dünyada yaşayan müsəlmanar üçün yeni Ayın başlanmasını bildirir.

Onu da qeyd etmək lazımdır ki, son illər müsəlman ölkələrində Ramazan aylarının təyin olunmasında alimləri vahid fikrə gəlməyə dəvət edən çağırışlar tez tez eşidilməkdədir və tez tez yeni Ayı peyğəmbərin gstərişlərinə uyğun olaraq hilalın görünməsi ilə təyin etmək fikri səslənir. Ola bilər ki, yaxın gələcəkdə biz bütün müsəlman dünyasının qəməri təqvimi üzrə ayları, Ramazan, Qurban bayramlarını eyni gündə başladığının və bitirdiyinin şahidi olacağıq və bu, müasir müsəlman alimlərinin ümmət qarşısında ən böyük xidmətlərindən biri olardı. Amma hələlik reallıq bundan ibarətdir ki, Ramazan bayramı bütün dünyada iki ayrı gündə qeyd olunacaqdır – konkret bu il 30 və 31 avqust tarixlərində. Ayın hesablama ilə təyin olunması fikri tərəfdarları 30 avqustda, İslam ənənələrinin qorunması tərəfdarları 31 avqustda (əlbəttə Ay 30 avqust axşamı görünərsə). Bəlkə də bu halı müsəlmanların parçalanması və problemi deyil, İslamda fikir və rəy azadlığı, plüralizm nümunəsi kimi qəbul etməyə dəyər. Dövlətimiz də bu məsələyə anlayışla yanaşaraq hər iki günü bayram olaraq elan etmişdir.

Biz isə öz növbəmizdə, İslam əməllərinin İslam ənənələrinə uyğun icra olunması fikrinin tərəfdarı kimi, hörmətli müsəlmanlara yalnız yeni Ayın hilalının görünməsinə əmin olduqdan sonra oruclarını dayandırıb Mübarək Ramazan bayramını qeyd etməyə başlamağı məsləhət görürük.


Tarix: 21.11.2012 / 16:23 Müəllif: [Ram] Baxılıb: 1856 Bölmə: Ramazan