beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Furqan (Fərqləndirmə) surəsi

.25.
əl-Furqan (Fərqləndirmə) surəsi
(Məkkədə nazil olmuşdur, 77 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
2.O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
3.(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (bütləri) özlərinə tanrılar qəbul etdilər.
4.Kafir olanlar2: “Bu (Quran) onun (Muhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir!” -deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar.
5.Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları (yəhudilərə) yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, -dedilər.
6.(Ya Rəsulum!) De: “Onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir. Həqiqətən, O, (möminləri) bağışlayandır, rəhm edəndir!”
7.(Müşriklər) dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?
8.Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə) bir xəzinə endirməli və ya bir bağı olmalı deyildimi ki, ondan (onun meyvəsindən) yeyib dolansın?” Zalımlar (müşriklər möminlərə) dedilər: “Siz ancaq ovsunlanmış (buna görə də ağlını itirmiş) bir adama tabe olursunuz!”
9.(Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə bənzətdilər, peyğəmbərliyinin həqiqi olduğunu təsdiq etmək üçün göydən mələk endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa bilməzlər!
10.(Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını -(ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən Allah nə qədər (uca, nə qədər) uludur!
11.Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.
12.O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.
13.Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən (cəhənnəmdə) dar bir yerə atılacaqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.
14.(Onlara istehza ilə deyilər:) “Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!)
15.(Ya Rəsulum!) Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq vəd edilən Xüld cənnəti?”
16.Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, (bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir vəddir. (Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş, Allah da onlara bu barədə verdiyi vədi yerinə yetirmişdir).
17.(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri məhşərə) toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”
18.(Bütlər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Quranı) xatırlamağı belə unutdular və (buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!”
19.(Allah buyuracaqdır:) “(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər. Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz. Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq”.
20.(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbir edənləri və onlardan qorxanları) görəndir!
21.Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarından qorxmayanlar): “Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idik!” -dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar.
22.Mələkləri görəcəkləri gün -həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə olmaz. (Mələklər onlara:) “(Sizə şad xəbər eşitmək) haramdır!” -deyərlər.
23.Onların3 etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havada uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrəbaya, yoxsullara göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)
24.O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!
25.Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin bölük-bölük (yerə) endirələcəyi gün-
26.O gün həqiqi hökm (mütləq hökmranlıq, mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır.
27.O gün zalım4 (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım;
28.Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;
29.And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər).
30.Peyğəmbər də: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” -deyəcək.
31.(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) beləcə (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik, Rəbbinin sənə doğru yolu göstərən bir rəhbər, bir mədədkar olması kifayət edər!
32.Kafirlər: “Quran ona (Muhəmmədə) bütöv (birdəfəlik) endirilməli idi!” -dedilər. (Ya Rəsulum!) Sənin ürəyinə səbat (qətiyyət) vermək üçün Biz onu ayə-ayə (tədriclə) nazil etdik. (Quranın az-az endirilib, ağır-ağır oxunması onun əzbərlənməsini və mənalarının anlaşılmasını asanlaşdırır).
33.(Ya Rəsulum! Müşriklər) sənin yanına gəlib elə bir misal çəkməzlər ki, Biz sənə (onun) doğrusunu və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyək.
34.Onlar (qiyamət günü) Cəhənnəmə üzüstə sürüklənib gətiriləcək kəslərdir. Onlar ən pis yerdə olan, ən çox yoldan azan kimsələrdir.
35.Həqiqətən, Biz Musaya kitab (Tövrat) verdik və qardaşı Harunu da ona vəzir (köməkçi) etdik.
36.Və (onlara) dedik: “Ayələrimizi yalan hesab etmiş bir tayfanın (Firon əhlinin) yanına gedin!” Sonra Biz onları (suda batırmaqla) büsbütün məhv etdik.
37.Biz Nuh qövmünü də peyğəmbərlərimizi təkzib etdikləri vaxt suda boğduq və onları insanlar üçün bir ibrət dərsi etdik. Biz zalımlar üçün də şiddətli bir əzab hazırlamışıq.
38.Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini5 də, həmçinin onların arasında olan bir çox nəsilləri də (yerlə yeksan etdik).
39.Biz onların hər biri üçün cürbəcür misallar çəkdik, (amma öyüd-nəsihətlərimizə qulaq asmadıqlarına görə) onları yerli-dibli yox etdik.
40.(Qüreyş müşrikləri ticarət üçün Şama gedərkən) fəlakət yağışı yağmış şəhərə (vaxtilə Lut tayfasının yaşadığı Sədum şəhərinə) gəlib çatmışdılar. Məgər onu (o şəhərin başına nələr gəldiyini) görmədilərmi? Xeyr, onlar öldükdən sonra yenidən dirilməyə ümid etmirlər. (Özlərindən əvvəlki kafirlərin başlarına gətirdiyimiz müsibətlərdən ibrət almayan Məkkə müşrikləri hələ də qiyamət barəsində şəkk-şübhə içindədirlər).
41.(Ya Rəsulum!) Onlar səni gördükdə6 ancaq məsxərəyə qoyur (və belə deyirlər): “Allahın peyğəmbər göndərdiyi şəxs budurmu?
42.Əgər biz (bütpərəstliyimizdə) səbir (səbat) göstərməsəydik, az qala bizi tanrılarımıza tapınmaqdan sapdırmışdı”. Onlar əzabı (qiyamət əzabını) gördükdə haqq yoldan kimin daha çox azdığını biləcəklər.
43.(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona qail olmalıdır!)
44.Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).
45.Məgər Rəbbinin kölgəni (günçıxandan günbatanadək) necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Əgər günəş olmasaydı, kölgə bilinməzdi).
46.Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Əgər kölgəni Yerə birdən salıb, birdən çəksəydik, insanlar vahiməyə düşərdilər).
47.Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də (ruzi qazanmaqdan ötrü) həyat (iş, fəaliyyət vaxtı) edən Odur.
48.Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,
49.Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək!
50.(Zati-əqdəsimə) and olsun ki, (onlara verilən nemətləri) yada salsınlar deyə, Biz (həmin suyu) onların arasında paylaşdırdıq. Bununla belə, insanların əksəriyyəti nankorluqdan başqa bir şey etmədi (nankorluğunda dirənib qaldı).
51.Əgər istəsəydik, hər məmləkətə (insanları əzabımızla) qorxudan bir peyğəmbər göndərərdik. (Lakin səni, Ya Rəsulum, ən böyük şərəfə nail edib bütün bəşəriyyətə peyğəmbər göndərdik).
52.(Ya Rəsulum!) Kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et! (Var gücünlə vuruş!)
53.Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!
54.İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikincisi isə bacı, qız tərəfdən olan qohumluqdur).
55.(Belə olduğu təqdirdə müşriklər) Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilənlərə (bütlərə) ibadət edirlər. Kafir özünün haqq olan Rəbbinə arxa çevirər. (Və ya kafir öz Rəbbinə qarşı Şeytana kömək edər).
56.(Ya Rəsulum!) Biz səni yalnız (möminlərə Cənnətlə) müjdə verən və (kafirləri cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
57.De: “Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Mən öz peyğəmbərliyimə görə sizdən heç bir şey istəmirəm, lakin iman gətirmiş bir şəxs malını Allah yolunda sərf etsə, ona da mane olan deyiləm).
58.(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmdsəna ilə təqdis et (və ya Onun nemətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər.
59.O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edən, sonra ərşi yaradıb ona hakim olan Rəhmandır. Bunu bir biləndən (Allahın Özündən və ya Cəbraildən) xəbər al7!
60.Onlara (müşriklərə): “Rəhmana (rəhmli olan Allaha) səcdə edin!” -deyildiyi zaman, onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik8?” -deyə cavab verərlər. Bu (səcdə əmri) onların (imana olan) nifrətini daha da artırar.
61.Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər uludur (nə qədər böyükdür)!
62.(Allahın qüdrətini həmişə) yada salmaq və (nemətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!
63.Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.
64.Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirər,
65.Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir!
66.Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!”
67.Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.
68.Onlar9 Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
69.Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar.
70.Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!
71.Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər.
72.O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz),
73.O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara candildən qulaq asar),
74.Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et10!” deyərlər-
75.Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbir etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.
76.Onlar orada əbədi qalacaqlar. O, nə gözəl mənzil, nə yaxşı iqamətgahdır!
77.(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər duanız (ibadətiniz) olmasa, Rəbbim sizə nə qiymət verər? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”


Tarix: 21.11.2012 / 15:30 Müəllif: [Ram] Baxılıb: 1511 Bölmə: Qurani Kerim